III Kalbalı
xanın ömrünün
son illəri və ölümü
GÖRKƏMLİ
ƏSİLZADƏ-SƏRKƏRDƏNİN
BİOQRAFİYASINA DAİR QEYDLƏR
1918-1920-ci
illərdə Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan Naxçıvan diyarının
erməni daşnaklarının
işğalçı hücumlarından
qəhrəmanlıqla müdafiəçisi
III Kalbalı xan ömrünün son 11 ilini
mühacirətdə keçirmişdi.
Bu cəsur zabitin hünəri haqqında Azərbaycan müstəqilliyini
bərpa edəndən
sonra, tədqiqatçılardan
Ş.Nəzirli, İ.Bağırov, A.Hacıyev,
F.Nağdəliyev, E.İsmayılov
və digərləri
yazmışlar. Amma qəhrəman
sərkərdə haqqında,
onun hərbi fəaliyyəti ilə açılmamış səhifələr
vardır. Ona görə
də biz 2002-ci ildən
başlayaraq bu cəsur hərbçi haqqında xeyli axtarışlar aparmışıq.
Axtarışların nəticəsi
olaraq publisistik və elmi məqalələr
yazılıb.
Bütün bunlara baxmayaraq,
haqqında əfsanələr
dolaşan qəhrəman
sərkərdənin həyatı
və fəaliyyəti
haqqında bilmədiklərimiz
çoxdur. Xüsusilə
onun 1920-ci ildən sonra mühacirətdə yaşadığı və
göstərdiyi hərbi
fəaliyyəti ilə
bağlı yenə də açılmamış
səhifələr vardır.
Qəhrəman sərkərdə haqqında
ya həqiqəti deməliyik, ya da heç yazmamalıyıq.
Çünki Azərbaycanda
yaşayan tədqiqatçılar
onun haqqında bir-birinə zidd fikirlər yazırlar. Bu yaxınlarda tariximizin, xüsusən Azərbaycan
Xalq Cümhutiyyətinin
tarixinin fəal, təəssübkeş və
zəhmətkeş alim-tədqiqatçılarından
olan Ədalət Tahirzadənin sosial mediada gənc tədqiqatçı Dilqəm
Əhmədin yeni bir tapıntısını paylaşması
isə o baxımdan fərqli bir addım oldu. Bu, Türkiyənin "Bildiriş"
qəzetinin vaxtilə
(İstanbul, ¹-55, 20 avqust 1931-ci il, s.3) çap etdiyi nekroloq idi. Qəzet
Kalbalı xanın döyüşdə həlak
olmasına görə
onun ailəsinə başsağlığı verməklə
bərabər, həm
də onun qəhrəman bir hərbçi olmasından
söhbət açıb.
Bu haqda bir az sonra.
III Kalbalı xanın uşaqlığı, təhsili
və hərbi fəaliyyəti ilə bağlı əvvəlki
yazılarımızda təfsilatı
ilə yazdığımızdan
bəzi məqamları
yada salaq. 20 oktyabr
1891-ci ildə Naxçıvanda
Cəfərqulu xan Naxçıvanskinin ailəsində
doğulan III Kalbalı
xan unudulmaz sərkərdə Cəmşid
xan Naxçıvanskinin
böyük qardaşıdır.
19 sentyabr 1909-cu ildə
o, Tiflis kadet korpusunda oxumağa başlayır.
6 avqust 1911-ci ildə oranı 1-ci dərəcəli
diplomla bitirir. Çarın saray qvardiyasının Varşavadakı
Ulan polkunda kornet kimi hərbi xidmətə başlayır.
Ulan polkunda Kalbalı xan Birinci Dünya
müharibəsində iştirak
edib. Demək olar ki, poruçikdən başlayaraq polkovnik hərbi rütbəsi də daxil olmaqla
digər rütbələri
də müharibə illərində almışdı.
O, 30 iyul 1915-ci ildə
poruçik, 5 avqust
1916-cı ildə ştabs-rotmistr
hərbi rütbələrini
qazanmışdı. Gənc
olsa da, bu illərdə aldığı
hərbi mükafatlar diqqəti cəlb edir. 1914-cü ildə Müqəddəs Stanislav (3-cü dərəcəli) qılınclarla
və bantlı,
1915-ci ildə həmin
döyüş ordeninin
2-ci dərəcəsini, 1914-cü ildə 4-cü dərəcəli
Müqəddəs Anna ordenini
(üzərində) "İgidliyə
görə" yazısı
olan, 1915-ci ildə isə həmin ordenin 3-cü və 2-ci dərəcələrini qılınclarla
və bantla almışdır. 15 avqust
1914-cü ildə göstərdiyi
qəhrəmanlığa görə
2 may 1915-ci ildə Georgi silahının
kavaleri olur.
1917-ci ildə məlum hadisələrə görə
Rusiyadan Naxçıvana
qayıdır. Naxçıvanın
müdafiəsində qəhrəmanlıq
göstərir. Onun qəhrəmanlığı Türkiyə
tərəfindən yüksək
qimətləndirilir, 1919-cu ildə Türkiyənin Məcidiyyə ordeni ilə təltif olunur. 1918-1920-ci illərdə
Kalbalı xan Naxçıvanı qəhrəmancasına
müdafiə etmişdi.
Kalbalı xan Naxçıvan diyarı ərazisində təşkil
olunan Araz Türk Respublikasının
hərbi naziri olmuşdu. Yüksək vəzifə
tutmasına baxmayaraq,
o, həmişə ön
cəbhədə cəsur
bir döyüşçü
kimi vuruşmuş və düşmənə
ağır zərbələr
endirmişdi.
1919-cu ildə onun belə döyüş hünərlərindən xəbəri
olan Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri ona general-mayor hərbi rütbəsini verir. Birinci Vünya müharibəsində aldığı
yaradan başqa, o, Naxçıvanın müdafiəsində
də yaralanmışdı.
Şahidlərin dediyinə
görə, o, Naxçıvanı
tərk edib gedərkən də ayağından yaralı imiş. Döyüş zamanı, səngərlərdə
3 dəfə yara almışdı.
1920-ci ilin iyulun 20-dən sonra Naxçıvanda qurulan bolşevik hökumətini qəbul etməmiş və Şahtaxtı yolu ilə İrana mühacirət etmişdi.
Sonuncu dəfə o,
general İsmayıl xanın
mülkünün bağına
tərəf olan artırmasında naxçıvanlılarla
vidalaşıb. Axırıncı
dəfə doğma vətəni Naxçıvanda
vida çıxışını
edib. Tarix müəllimimiz M.Fərzəliyev
(Fərzəlibəyov) onun
çıxışını əzbər söyləyirdi.
Çünki Kalbalı
xan xalqın ürəkdən sevdiyi və inandığı sərkərdə idi.
Onun İranda harada hərbi xidmətdə olduğu və işlədiyi yerlər haqqında ilk dəfə Kalbalı xanın qohumu Əkbər xan Naxçıvanskinin istintaq işlərində
tanış olmuşuq.
Orada yazılardan məlum olur ki, Kalbalı xan 1920-ci ildən sonra 11 il Rza şah Pəhləvinin
ordusunda xidmət etmişdi. Kalbalı xan əsasən Ərdəbil və Qaradağda olan hərbi birliklərə komandirlik edib. Rza şah Pəhləvinin
əmri ilə o, şaha qarşı olan üsyanların qarşısını almağa
göndərilirmiş. Onun
kiçik qardaşı
Cəmşid xan da sovet hökuməti tərəfindən Naxçıvanda
qaçaqlara qarşı
vuruşmağa göndərilib.
Hər iki qardaşın taleyində
1920-31-ci illər çox
əziyyətli illər
olmuşdu. Onların hər ikisi də yaşadıqları
dövlətlərin başçıları
tərəfindən təqib
olunub. Kalbalı xanı İran şahı
Rza Pəhləvi və ətrafı, Cəmşid xanı isə Stalin, Beriya və M.C.Bağırov
amansızcasına təqib
etmişlər.
Kalbalı xanın ölüm
tarixi də müxtəlifdir. Bəzi
arxiv sənədlərində
1930-1934, bəzilərində isə 1934-cü il göstərilib. Amma dəqiq tarix İran arxivlərindədir. Çünki
o, Ağrıdağ ətrafında
gedən döyüşlərdə
həlak olub. Onun Makuda yaşayan
ana qohumu İsmayıl xan (Maku sərdarının nəvəsi) Makulu Bayat bu sətirlərin
müəllifi ilə
görüşəndə nəql edirdi ki, onu Maku
ilə Ağrı dağın arasında kürd üsyançıları
ilə gedən döyüşlərdə arxadan
vurmuşdular. Onun dediyinə görə, Kalbalı xanın cənazəsi Maku sərdarının sarayına
gətirilmiş və
sonra harayasa aparılmışdı. Türkiyədə
Dilqəm Əhmədin
tapdığı "Bildiriş"
qəzeti çox mübahisələrə son
qoyur.
İndi gələk
mətləb üstünə.
Yaxşı olar ki, nekroloqda yazılanları, cüzi ixtisarla təqdim edək:
"Kalbalı xan Naxçıvanlı İranda bir Azəri miralay (polkovnik-red.) şəhid oldu və cənazəsi
Təbrizdə mərasimlə
qaldırıldı. 2 avqust
tarixli Tehran qəzetləri qısa bir xəbərlə "sərhəng Kalbalı xan Naxçıvanlının
şəhadətini və
Təbrizə gətirələrək
mərasimlə dəfn
olunduğunu, bu münasibətlə Tehranın
hərbçilərə məxsus
məsciddə Rza şah Pəhləvi sarayının baş iqtisadçı rəisi ağayı Diba tərəfindən bir yas məclisi tərtib olunduğunu xəbər verdilər.
Milli Azərbaycan
Ordusunun qəhrəman
zabitlərindən olan
Kalbalı xan bolşevik işğalı
nəticəsində İrana
mühacirət etməyə
məcbur olmuş və on bir
ildir ki, İran Azərbaycanında, İranın
şimali-qərb ordusunda
Bahadiranda hərbi xidmətdə imiş. Mərhum Azərbaycan istiqlalına çatdığı
illərdə vətəni
olan Naxçıvanı
erməni hücumlarından
qəhrəmancasına müdafiə
etməsi Bakı cəbhəsinin istiqlal savaşının uğurla
nəticələnməsinə və Milli Azərbaycan
Cümhuriyətinin gözəl
Naxçıvanın-Nəqşicahanın
ana vətənə ilhaqına səbəb olmuş və tanınmış bir qəhrəmandır. Kalbalı
xan İranın ən zəif və hərc-mərc zamanında gəlmiş,
İran Azərbaycanında yarım şah olan feodalların aradan qaldırılmasında,
yeni İran ordusunun təşkilində onun böyük xidmətləri
olmuşdur.
Onun ailəsinə
dərin hüznlə
başsağlığı veririk".
Burada adıçəkilən
Diba azərbaycanlı
qızı Fərəh
xanım Pəhləvinin
atası, yaxud əmisidir. Bir vaxtlar Qacar şahlığında
xidmət edən Dibalar, sonralar Pəhləvilərin də
şahlığında sarayda
xidmət etmişlər.
Diba familiyasını
Təbrizə və Tehrana köçəndən
sonra qəbul etmişlər. Fərəh
xanımın ata tərəfi, yəni atası Söhrab və babası Mehdi Naxçıvan kəngərlisidir. Naxçıvan
şəhərində və
Sirab kəndində mülkləri olub.
"Bildiriş" qəzeti Kalbalı xan Naxçıvanskinin ailəsinə başsağlığı
verməklə bərabər,
yuxarıdakı nekqoloqdan
göründüyü kimi,
onun igidliyindən və vətən sevgisindən ürəkdolusu
söhbət açır.
Dəfələrlə yazdığımız
kimi, Kalbalı xan Naxçıvanın və Vedinin müdafiəsində böyük
hünərlər göstərib.
Bu qəzetdə yazılanlar unudulmaz sərkərdənin dəqiq
olaraq 1931-ci ilin avqustun əvvəlində
döyüş cəbhəsində
həlak olduğunu öyrənirik. Həmçinin
onun Təbrizdə təntənəli dəfn
mərasiminin də şahidi oluruq. Xeyli illərdir ki, böyük sərkərdə Kalbalı
xanın harada dəfn olunmasını axtarırdıq. Deməli,
o, vətəni Naxçıvanın
yaxınlığında Təbrizdə
əbədiyyətə qovuşub.
Ondan sonra atası Cəfərqulu xan, anası Fəxrəntac xanım, keçən əsrin
70-ci illərində isə
polkovnik qardaşı
Davud xan da Təbrizdə vəfat ediblər. Yəqin ki, onun yanında dəfn ediliblər.
Təbrizli soydaşlarımıza
üzümüzü tuturuq:
bu igid, qəhrəman döyüşçünün
məzarının tapılmasında
sizlərdən kömək
gözləyirik.
Azərbaycan xalqının Ümummilli
lideri Heydər Əliyev III Kalbalı xanın igidliklərindən
həmişə ürəkdolusu
danışırdı: "1918-1920-ci illərdə Kəngərli
nəslinin yetirməsi
olan Kalbalı xanın... müdafiə dəstələrinə başçılıq
edərək azğın
düşmənləri müqəddəs
Naxçıvan torpağından
qovduğunu xatırlamaq
kifayətdir. ("Naxçıvan"
qəzeti, 7-12 oktyabr
1993)".
Bir məsələni isə açıqlığı ilə demək lazımdır. İgid sərkərdə Kalbalı xanın adının vətəni Naxçıvanda əbədiləşdirilməsi üçün heç bir iş görülməyib desək, səhv etmərik. Amma III Kalbalı xanın buna çox böyük mənəvi haqqı var.
Musa RƏHİMOĞLU-QULİYEV
AMEA Naxçıvan Bölməsi Tarix, Arxeologiya və
Etnoqrafiya
İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə
fəlsəfə doktoru
525-ci
qəzet.- 2023.- 26 sentyabr.- S.14.