Mustafa Aşurovun uğur
formulu: tarzənlikdən
dirijorluğa
Müsahibimiz - gənc musiqiçi
Mustafa Aşurov istedadlı
tarzən və dirijor kimi musiqi
ictimaiyyətinə və
sənətsevərlərə yaxşı tanışdır.
Musiqi sahəsində mühüm uğurlara imza atmış M.Aşurovun fəaliyyəti dövlət
tərəfindən yüksək
qiymətləndirilib. Prezident
təqaüdünə layiq
görülüb və
ona musiqi sənətimizi ali tədbirlərdə təmsil
etmək imkanı yaradılıb. Bizimlə
söhbətdə M.Aşurov sənətə
gəlişi, tar ifaçılığı,
musiqi mədəniyyətimizin
hazırkı durumu və digər mövzuları əhatə
edən suallarımızı
cavablandırdı.
- Mustafa bəy, istərdim söhbətimizə musiqi
ilə tanışlığınızdan
başlayaq.
- Mən ilk dəfə musiqi məktəbinə
tar ixtisası üzrə
getmişəm. Yadıma
gələn və gəlməyən bütün
dövrlərimdə musiqi
ilə bir bağlılığım olduğunu
deyirlər. Ailəmdən
eşitdiklərinə görə,
hələ körpə
yaşlarımdan musiqiyə
meylim olub. Xüsusən, Cavanşir Quliyevin "Əsgər marşı" əsərini
hər dinləyəndə
emosiyalarımı saxlaya
bilmirmişəm. Təbii
ki, o dövrlər mənim
elə də yadımda qalmayıb. Məndəki bu musiqi həvəsini görəndən sonra ailəm məni Rostropoviçlər adına
21 saylı 11 illik musiqi məktəbinin
"Xalq çalğı
alətləri" şöbəsinin
tar ixtisasına yazdırdılar.
İlk günlərdən məktəb
rəhbərliyi tərəfindən
məndəki bu istedad görülüb və müəllimlərə
tapşırıq verilib
ki, məni qısa müddətdə müsabiqələrə
hazırlasınlar. Bir neçə
aydan sonra artıq konsertlərdə
ifa edirdim. İkinci sinifdə ilk dəfə böyük səhnəyə çıxdım,
"Kamera və orqan musiqisi zalı"nda Mosartın
"Rondo" əsəri ilə
çıxış etdim.
Sonra isə davamlı
olaraq Mədəniyyət
Nazirliyinin, Bakı şəhər Mədəniyyət
Baş İdarəsinin
tədbirlərində çıxış
etməyə başladım.
Musiqi məktəbində
oxuduğum dövrdə
məni müsabiqələrə
hazırlayan, üzərimdə
böyük zəhməti
olan virtuoz və novator tar ifaçısı, müəllimim
Ayaz İmranovun adını
xüsusi qeyd etməliyəm. Bu gün də onun ifalarını
izləyir, dinləyir,
öyrənir və bəhrələnirəm. 2005-ci ildə, IV sinifdə oxuyanda bir ildə
dörd müsabiqədə
iştirak etdim və hamısında birinci yerə layiq görüləndən
sonra artıq məni beynəlxalq müsabiqəyə göndərdilər.
Həmin ilin dekabr ayında Kiyev şəhərində
keçirilən Beynəlxalq
"Delfi" oyunlarında
"Milli musiqi alətləri"
nominasiyası üzrə
"Qızıl medal"a
layiq görüldüm.
Çaykovski adına
Kiyev Dövlət Musiqi Akademiyasında keçirilən qaliblərin
"Qala konserti"ndə
T.Quliyevin "Qaytağı" əsərini
ifa etdim və hətta orada qəzetlər yazdı ki, əgər qaliblər arasından da birincilik seçilsəydi,
şübhəsiz, Azərbaycan
qazanardı. Çünki
tamaşaçılar məni
orada dörd dəfə səhnəyə
qaytardılar, ifamı
təkrar-təkrar tələb
etdilər. Bu müsabiqə
mənim yaradıcılığımda
çox mühüm yerə malikdir. 2006-cı ildə Şotlandiyanın
Aberdin şəhərində
keçirilən "Dünya
Gənclərinin Musiqi
festivalı"nda da uğurla
çıxış etdim.
Dünyanın 18 aparıcı
dövlətlərinin 1000-ə qədər gənclərinin
iştirak etdiyi festivalın finalında çıxış etmək
hüququ qazanan yeganə solist ifaçı oldum. Ondan sonra da dövlətlərin səfirlərinin,
xarici ölkə başçılarının iştirak
etdiyi tədbirlərdə,
cənab Prezidentin onlar üçün verdiyi ziyafətlərdə,
xarici ölkələrdə
baş tutan Azərbaycan mədəniyyəti
günlərində, Heydər
Əliyev fondunun təşkilatçılığı və dəstəyi ilə keçirilən tədbirlərdə ifa etdim. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin
14 iyun 2007-ci il tarixli Sərəncamı ilə
Prezident Təqaüdünə
layiq görüldüm
və adım Azərbaycan Respublikası,
Gənc istedadların
"Qızıl Kitab"ına
yazıldı. Ondan öncə Ümummilli lider Heydər Əliyev bir qrup gənci bu təqaüdə layiq görüb və adları "Qızıl Kitab"a yazılıb. Ancaq cənab İlham Əliyevin
hakimiyyəti dövründə
bu, ilk belə sərəncam idi və maraqlıdır ki, sərəncamdakı ilk ad da mənim
adım oldu. Buna görə mən həmişə bunu fəxrlə xatırlayıram
ki, cənab Prezident
İlham Əliyevin dövründə
"Qızıl Kitab"a adı yazılan ilk gənc mənəm.
- Bilirik ki, siz Qazaxda, sazın-söz diyarında doğulmusunuz.
Bəs necə bir ailədə dünyaya göz açmısınız?
- Həqiqətən elədir.
Atam özü uşaq vaxtı 5 illik tar məktəbini bitirib, ancaq sonradan bu sənəti
davam etdirməyib. Uşaq vaxtı musiqiyə maraq göstərəndə mənə
bir saz aldılar
və atam sazda tar havalarını çalmağı öyrətdi.
Artıq mən musiqi məktəbinə imtahan verəndə demək olar ki, tarın birinci sinif materialını sazda ifa etməyi
bacarırdım. Ona görə
mənə bir az da rahat oldu
ki, bir neçə aydan sonra artıq
mən tarda sərbəst ifa edirdim. Müsabiqələrdə
də ifa edəndə komissiya üzvləri məni çağırıb sorğu-sual
edirdilər və Qazaxdan olduğumu biləndə deyirdilər,
nə əcəb sazda yox, tarda
ifa edirsən? Bu sual məni o qədər maraqlandırdı
ki, başladım araşdırmağa
və atam dedi ki, əslində, Qazaxın çox məşhur tar ifaçıları
var. Məsələn, "Şur" muğamının
mahir ifaçısı
Zərif Qayıbov, məşhur tarzən Həmid Vəkilov, mənim müəllimim Xalq artisti Malik Mansurov və başqalarını
misal göstərə
bilərəm. Əgər
qonşu olan millətlər də bizim mədəniyyətimizdən
istifadə edirlərsə,
ola bilməz ki, bir ölkənin içərisində
bölgələr bir-birindən
bəhrələnməsin. Fikrimcə, Azərbaycanımızın
hər bölgəsinin
özünəməxsus xüsusiyyətləri
və daha çox tanındığı
sahələri var, istər
incəsənət, istərsə
də digər istiqamətlərdə.
- İlkin təhsiliniz tar olsa da, indi sənətinizə
dirijor kimi davam edirsiniz. Bu qərarı necə verdiniz?
- Milli Konservatoriyanın bakalavr pilləsini tar ixtisası üzrə bitirmişəm.
Sonra magistraturaya sənədlərimi
verərkən düşündüm
ki, musiqiyə daha geniş pəncərədən
baxmaq, bəlkə mənim yaradıcılığıma
daha müsbət təsir edər. Bu da bəstəkarlıq və
ya dirijorluq ola bilərdi. Yəni "sırf dirijor olmalıyam" planı ilə bu sahəyə
gəlməmişəm. Fikirləşmişəm
ki, orkestrləşməni bilsəm,
musiqini çoxsəsli
təsəvvür etməyi
bacarsam, aranjımanı
bilsəm, bu, mənim fərdi musiqi fəaliyyətimə,
tar ifaçılığıma təsir edəcək. Beləcə Milli Konservatoriyada
dirijorluq üzrə magistratura təhsili aldım. Burada ixtisas müəllimim Xalq artisti Fəxrəddin
Kərimov olub. Eyni zamanda, orkestrləşdirmə
müəllimim dahi bəstəkarımız Ramiz Mirişli
olub. Əldə etdiyim bütün uğurlarıma görə
müəllimlərimə borcluyam.
- Musiqi sizin sənətiniz
olmaqdan başqa, sizinçün nədir?
- Musiqidən kənar sahənin adamları bəzən istirahət etmək üçün musiqi dinləyirlər.
Amma biz bəzən musiqiyə
qulaq asarkən yoruluruq. Hətta avtomobil idarə edərkən musiqi dinləsəm, fikrim yayınır. Çünki
onu adi musiqi
kimi dinləyə bilmirəm, mütləq təhlil edirəm. Bu gün musiqi yaradıcılığımı fərqli istiqamətlərdə
davam etdirirəm. Hətta dünyada çox az sayda
dirijorlar var ki, özləri
hansısa alətdə
ifa edə-edə dirijorluqla məşğul
olurlar. Bu da mənim arzum olub ki, bunu Xalq Çalğı
Alətləri Orkestrində
tətbiq edim və bunu öz
obrazım olaraq ortaya qoyum. Bu gün istər Mədəniyyət və
İncəsənət Universitetinin
Xalq Çalğı
Alətləri Orkestrində,
istərsə də, Azərbaycan Dövlət Televiziya və Radiosunun Əməkdar kollektivi Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində
bəzi əsərlərin
ifasında, xüsusən
öz orkestrləşmələrimdə
özüm tar çala-çala
dirijorluq edirəm. Ona
görə də əvvəl mən tarla məşğul olandan sonra onu
kənara qoyub özümçün istirahət
edirdimsə, indi tarı kənara qoyanda orkestrləşdirmə
ilə dincəlirəm,
ondan yorulanda dirijorluq məşqləri
edirəm və sair. Yəni işlər şaxəli olanda daha az
yoruluruq.
- Gənc yaşınızda
bu qədər uğurlar qazanmış biri olaraq, sizcə,
sizin əsas fərqiniz nədir?
- Mən bu diqqəti,
dəstəyi görəndə,
Prezident təqaüdünə
layiq görüləndə
heç zaman düşünməmişəm
ki, mən buna layiq idim, verdilər. Düşünmüşəm ki, bu, mənə göstərilən bir etimaddır və mən bundan sonra daha çox
çalışmalıyam ki, layiq olum. Fikrimcə,
özümdəki fərqliliyi
axtarmaq hələ tezdir. Amma təbii ki, hər zaman öz üzərimdə çalışıb,
yeniliklər etməyə
cəhd göstərirəm.
Kənardan eşitdiyim
xoş sözlər və diqqət də məni sevindirir.
- Tar sizin üçün nəyi ifadə edir?
- Musiqi musiqiçilərin ruhundadır və onların hərəsi bir cür öz
içindəki hissləri
insanlara ötürürlər.
Mənim üçün
də tar bir vasitədir ki, içimdəki
hissi onunla ifadə edirəm. Hətta orkestrləşməni
də tarla edirəm, öncə musiqini tarda çalıb, tarla hiss edib yazıram. Əvvəl tar mənim üçün məşğul
olduğum musiqi aləti idisə, indi bütün musiqi alətlərini hiss etdiyim, təsəvvürümdə
canlandırdığım ifadə vasitəsidir
2008-ci ilin may ayının 17-dən
27-dək ölkəmizin Birinci
xanımı Mehriban xanım
Əliyevanın təşkilatçılığı
ilə Fransanın
Paris (YUNESKO-nun mənzil qərargahında)
və Strasburq şəhərlərində, Belçikanın
Brüssel şəhərində
möhtəşəm konsert
salonlarında çox
uğurlu keçən
konsertlərdə solist
və trio üzvü
kimi çıxış
edirdim. Həmin konsertdə mənim üçün tarixi bir an oldu, dedilər,
Mehriban xanım bildirib
ki, mən orada tarı ayaq üstə ifa edim. Təbii ki, mən də böyük məmnuniyyətlə
o cür ifa etdim. Mənimçün çox böyük şərəfdir ki, belə
bir etimad göstərildi və mən həmin səhnədəki ən xoşbəxt gənclərdən
biri oldum.
- Tar olmasaydı, hansı aləti seçərdiniz?
- Deyim ki, mütləq şəkildə tar çalmaq
istəyim olmayıb. Mən sadəcə musiqiyə getmək istəyirdim. Hansı alət olmasının fərqi yox idi. Sinif yoldaşlarımın
da çoxu musiqi ilə məşğul idilər və bu da məni həvəsləndirirdi. Musiqi
ilə məşğul
olmaq istədiyimi deyəndə saz aldılar ki, bəlkə bir az məşğul
olaram, həvəsim bitər. Amma elə olmadı. Növbəti ildə soruşdular ki, sən yenə də musiqiyə getmək istəyirsən,
dedim, bəli. Çünki görürdülər,
hər gün musiqi ilə məşğulam. Hətta
məktəbdə ən
yaxşı oxuduğum,
ən səliqəli dəftərim musiqi fənnindən idi. Onda atam dedi
ki, mən də tarda oxumuşam, sən də tara get, gözəl alətdir, Azərbaycan xalq çalğı alətlərinin şahı
hesab olunur. Nə yaxşı ki, bu alət tar olub və ailəmə,
atama təşəkkür
edirəm ki, məni tara yönləndirib. Sonradan sinifdə hamı mənə
"maestro" deyirdi, halbuki
onda dirijor deyildim, tara görə belə deyirdilər və qismət elə gətirdi ki, həqiqətən
də sonradan dirijor oldum, uşaq vaxtı mənə qoyulan
"maestro" adı real oldu
- Dirijor kimi orkestri
idarə edərkən
tarı fərqləndirdiyiniz
olurmu?
- Xeyr, heç zaman olmur. Mən həm gənclərlə
işləyirəm, həm
də peşəkarlarla.
Hər iki orkestr üçün əsəri orkestrləşdirərkən
hansı səsi hansı alətdə eşitmək istəyirəmsə,
həmin partiyanı ona da verirəm. Bu, tar da
ola bilər, kamança
da, qanun da. Məqsəd
sonda bütün alətlərlə birgə
musiqiyə xidmət etməkdir.
- Müasir Azərbaycan musiqisinin durumu sizi qane edirmi?
- Hər dövrdə olduğu kimi, bu gün də
musiqinin bütün sahələrində peşəkarlar
da var, qeyri-peşəkarlar da. Mən düşünmürəm
ki, peşəkar adlanmaq
üçün hamı
klassik musiqi ifa etməlidir, yox, klassik musiqidə
də qeyri-peşəkarlar
var. Hansı sahədə
ki, peşəkar yanaşma
var, o, Azərbaycan musiqisinə
xidmət edir. Dövlətimiz tərəfindən
musiqimizə çox böyük qayğı, diqqət göstərilir,
festivallar, musiqi günləri, Beynəlxalq
Muğam Müsabiqəsi,
Qəbələ Musiqi
Festivalı, Xarıbülbül
Festivalı keçirilir.
Bunlar həm musiqimizi inkişaf etdirməyə, həm də musiqimizin çatdığı o səviyyəni
qorumağa xidmət edir. Çalışmaq
lazımdır ki, peşəkar musiqi qeyri-peşəkara uduzmasın.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.- 26 sentyabr.- S.12.