Xoşbəxtliyin yüksək riski altında...

(esse)

Dostumuz, əzizimiz Qənirə xanım Paşayevaya sayğılar dualarla...

 

Dünya, doğrudan da, Viktor Hüqonun dediyi kimi, həssas qəlblər üçün cəhənnəmdirsə, bunun əksi doğrudur demək. Həssas qəlblər dünya üçün cənnətdir.

Milyonlarla insan içində birini sevməyə var ki! Bu milyonların hər birini ayrılıqda, ya da hamısını birlikdə sev, görüm! Həm sevmək - geniş ürəyin dayanmadan çəkdiyi böyük zəhmətsə...

Yük demək istəmədim. Hərçənd bir zaman belə bir misram da varmış: "Çiynimdəkindən ağırdır, ürəyimə düşən yük..."

...Günlərin bir günündə ağrılarımın dostlaşdırdığı travmatoloq-cərrahın yanına getdim. Otaqda pasiyenti vardı. Yarıaçıq qapıdan dostum məni görən kimi içəri çağırdı. Pasiyenti Qarabağ savaşının keçmiş döyüşçüsüydü... Həm mənim ata yurdumdan (burda yanlışım var: döyüşçünün keçmişi olur, ancaq keçmiş döyüşçü olmur; torpaq üçün ölümünə döyüşən hər kəs ölənəcən elə həmişə döyüşçüdür ki var).

...Həkim müayinəni bitirdi. Masasının arxasına keçib döyüşçüyə resept yazmağa başladı. Eyni zamanda da mənimlə hal-əhval tutdu. Elə bizim yaşlarda olan qazi qardaş pərdənin arxasında geyimini qaydaya salıb, çıxdı. Salamlaşdıq. Həkim başını qaldırıb əvvəl döyüşçüyə, sonra da mənə baxdı, minnətdar bir təbəssümlə: "Tanış ol, igidimizdir" dedi.

Döyüşçü başını yerə dikib dayanmışdı. Birdən gözaltı məni süzə-süzə: "Həkim, az da olsa, çox hesab elə" deyib, masanın üstündəki sənədlərin arasına pul qoydu. Həkim ərkyana zarafatyana bir amiranəliklə pulu döyüşçüyə qaytardı: "Qardaş, sənin çiynində üç qəlpə olsa da, bu ölkə sənin çiyinlərindədir. Sənin bizə borcun yoxdur, bizim sənə borcumuz var", - dedi. Hər üçümüz kədərlə gülümsədik. Çünki onda hələ həkimin doğulub-böyüdüyü Kəlbəcər daxil olmaqla hər üçümüzün ata yurdlarımız işğaldaydı.

O əhvalatdan sonra beynimdən bir fikir kemişdi onu telefonumun qeyd dəftərinə yazmışdım: "Döyüşçünün çiynindəki yükün ağırlığı həkimin ürəyinə düşdü".

Bu yazını yazmağa başlayanda o qeydimi xatırladım. Axtarıb tapdım, oxudum. Oxudum bulud kimi dolmuşam.

Bəli, dünya öz ürəyində qat-qat ağır yük daşıyan insanların çiyinlərindədir. Çiynində qəlpə daşıyan məndən çox bu dünyada yaşamağa haqqı olan o döyüşçü, ümidvaram, yaşayır. Ancaq döyüşçünün çiynində daşıdığı yük başa çox yüklər kimi kəlbəcərli cərrahın ürəyinə düşmüşdü; 53 illik ömrün növbəti səhərinə oyanmadı: infarkt!

O zamandan hər zaman düşünürəm: həssas ürəkləri qorumaq o ürəklərə sığınıb-sığışıb yaşayanların boynunun borcudur. Sənin üçün döyünən, yeri gələndə sənin üçün döyüşən ürəklərin yükünü bir az da sən çəkəcəksən. O yükü yüngülləşdirməyin yollarını axtaracaqsan.

Axı sən həmişə söykənməyə təmiz ürəklər axtarırsan. Özünə ömür yoldaşı seçənlər həmişə deyir?! Deyir: "Özü qədər ürəyi gözəl olsun".

Bax, elə bu günlərdə çoxlu şəhidlərimiz var. Özünün yaraşığı qədər ürəyi gözəl olan: ürəyinin işığı üzünə düşmüş oğullar! Demək istədiyim: sənin üçün ( hamımızdan ötrü) döyüşən təkcə o iri cüssələr, uca qamətlər, sağlam bədənlər, möhkəm əzələlər deyil axı. Həm daha çox təmiz sevən ürəklərdir.

Ölkədən "beyin axını" haqqında həmişə çox yazırıq, çox danışırıq. "Beyin axını" üzücü bir meyldir. Düşünə bilən hər adamı itirmək çox ağırdır; yerini doldurmaq asan gəlməsin. Həm bu aralar bizim coğrafiyada, deyəsən, süni intellekt dəbə minəndən, təbii intellekt dibə çökür. Hətta həbsə düşür. Hərçənd təbii intellekt ən qiymətli təbii sərvətimizdir. Döyüş qələbələrindəki süni inttelektə necə ehtiyacımız vardısa, dinc uğurlar üçün təbii intellekt o qədər dəyərli olacaq. Süni intellekt özü təbii intelektin məhsuludur, elə deyilmi?! "Ağıllı müharibə" qələbəmizlə bitir, bizə irəlidə ağıllı sülh çox lazım olacaq. Anladığınız kimi, sülh ağlı!

Müharibədə süni intellektin dağıtmaq zorunda qaldıqlarını təbii intellekt qaytarıb yenidən quracaq. Həm əvvəlkindən yaxşı. Elə deyilmi?!  

Odur ki, ölkədən gedən ağıllı, talantlı insanlara çox üzülürük. Amma lakin... Məgər gedən təkcə düşünən beyinlərdirmi?! Ən ağrılısı: bizi, ölkəsini sevən ürəklər gedir. Dünyanın cənnətini - həssas qəlbləri qoruya bilmirik, bu, göz qabağındadır. Söykəndiyimiz hər divar uçub töküldükcə, biz daha dərinə yıxılırıq, fərqindəyikmi?! Yəqin ki, fərqindəyik.

Doğmaların, yaxınların hamının dərdlərini "öz çiynində" daşıyan ürəklər həmişə yüksək infarkt, insult... riski ilə döyünür. daşıdığı hər yük gözəl ürəklərin gücünü, sağlam ritmini alıb aparır. Obrazlı deyəcəm: bəlkə bir gün xəbər lentlərində oxuyacağıq: "Dünyada ürəklərin gözəllik yarışı keçirildi. Yarışın qalibi üç damarına stend qazandı"...

Ürəyi ölkəsinin ritmi ilə döyünən insanlar - sözün bütün bütöv mənasında şəxsiyyətlər hər zaman şəxsi hesabların fövqündədirlər. Xırda maraqların çox üstündə ictimai xoşbəxtliyin yüksək risqi altlında yaşayarlar. Onların fərdi kimlyi kollektiv bioqrafiyanın önəmli bir parçası olur. Belə insanların xoşbəxtliyi həm kollektiv ağrının inikasıdır. Bəlkə filosof Yunq elə bu cür insanlar haqda deyib: "Ən xoşbəxt həyatın belə, az da olsa, qaranlıq tərəfi vardır. Bu qaranlıq tərəf olmazsa, xoşbəxtlik kədərlə tarazlanmazsa, "xoşbəxtlik" kəlməsi öz mənasını itirər".

İllah da bu günlərdə qələbələrimizin sevincini itkilərimizin kədəri "tarazlaşdırıb". Əgər filosof düz deyirsə, bizə xoşbəxtliyin əsl dəyərini anladan o dərin amma qürurlu kədərimizdir. Biz bu gerçəyi dərindən qürurla anladıq artıq. Bu üzdən yeni itkilərlə sınanmaq bizə ağır gələr. Ancaq həyat!

Dediyim kimi: Vətən uğrunda döyüşüb şəhid olmaq böyük şərəfdir. Ancaq Vətən uğrunda şərəflə yaşamaq da diriykən şəhidlikdir. Hər ikisi filosofun dediyi xoşbəxtlikdir. Gözəl ürəklərin xoşbəxtliyi!

Müəllifdən: Bu esseni əziz dostumuz, məsləkdaşımız, millət vəkili Qənirə xanım Paşayevanın dünya üçün cənnət olan həssas qəlbinə hədiyyə edirəm. Bu, həm uzun, çox uzun bir duadır.

Qənirə xanım, gözləyirəm ki, tezliklə sağalıb, bu yazını oxuyub, mənə zəng edəcəksiniz hər zamankı mehribanlıqla: "Çox sağ ol, qardaş!" deyəcəksiniz. O tərifi, ya da təşəkkürü Sizin dilinizdən  eşitməyi çox arzulayıram. Tezliklə sağalın! Sağalın ki, ürəyinizin genişliyinə sığınıb yaşayan dərdlilərə dərman olmaqda davam edəsiniz. Siz bizə hələ çox lazımsınız. Həmişə həmişəlik lazımsınız!

 

Bizimyol.info

Bahəddin HƏZİ

525-ci qəzet.- 2023.- 26 sentyabr.- S.11.