"Arif Məlikov:
tarix və müasirlik" kitabı təqdim olunub
Bu günlərdə Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev-Muzeyində
18 sentyabr Milli Musiqi Gününə həsr olunmuş tədbirlər
çərçivəsində "Arif Məlikov: tarix və
müasirlik" kitabının təqdimatı keçirilib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının
elmi-metodiki işlər üzrə direktor müavini, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Aytən
Baxşiyeva-İbrahimovanın müəllifi olduğu
kitabın baş redaktoru professor Fərhad Bədəlbəyli,
elmi redaktoru professor Zemfira Qafarovadır.
Kitabda bəstəkarın kamera-instrumental, kamera-vokal əsərlərin
kompleksli təhlili və obrazlı-emosional icmalı verilir.
Burada fortepiano prelüdləri, pyesləri, "Ötəri
anlar" silsiləsi, "Təzadlar" fortepiano pyesi, iki
royal üçün skerso, solo violin üçün sonata,
violin və fortepiano üçün skerso, Nazim Hikmətin sözlərinə
bəstələnmiş üç romans silsiləsi, Almas
İldırımın sözlərinə yazılmış
"Azəbaycan" balladası nəzərdən
keçirilir.
Xalq artisti, Dövlət mükafatları laureatı,
professor, akademik Arif Məlikovun 90 illik yubileyi ərəfəsində
keçirilən bu təqdimat musiqi həyatımızda əlamətdar
hadisəyə çevrilib. Tədbirdə tanınmış
elm, mədəniyyət və incəsənət xadimləri
çıxış ediblər.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin direktoru, sənətşünaslıq üzrə elmlər
doktoru, Əməkdar mədəniyyət işçisi Alla
Bayramova, direktor müavini Təranə Zeynalova, Qara Qarayevin
Ev-Muzeyinin müdiri Züleyxa Qarayeva-Bağırova
iştirakçıları salamlayaraq tədbirin anlam və
önəmi barədə qısa məlumat veriblər.
Kitabın müəllifi Aytən İbrahimova
çıxış edərək Arif Məlikovun
yaradıcılığının müxtəlif istiqamətlərindən
- bəstəkarlıq, pedaqoji, ictimai fəaliyyətindən,
Azərbaycan musiqi mədəniyyətinin
inkişafındakı rolundan danışmaqla yanaşı,
onunla birgə çalışdığı zamanın
xoş, əziz xatirələrini dinləyicilərlə
bölüşüb. O cümlədən, tədbirdə
"Arif Məlikov: tarix və müasirlik" kitabının
elmi redaktoru professor Zemfira Qafarova, professor Zümrüd
Dadaşzadə, sənətşünaslıq üzrə fəlsəfə
doktoru Minaxanım Babayeva, pianoçu-bəstəkar Nuranə
Zeynalova, "Şərq-Qərb" nəşriyyatının
direktoru Sevil İsmayılova çıxış ediblər.
Bədii hissədə Əməkdar artist Nərgiz Kərimova
(vokal), Svetlana Əhmədova (fortepiano), Q.Qarayev adına Mərkəzi
İncəsənət Məktəbinin müəllimi,
Respublika və Beynəlxalq müsabiqələr laureatı Mətanət
Nurullayeva (fortepiano), Respublika və Beynəlxalq müsabiqələr
laureatı Humay Hacızadə (violin), Tomris Hüseynova
(fortepiano), Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının
müəllimi, pianoçu-bəstəkar Nuranə Zeynalova, Azərbaycan
Dövlət Simfonik Orkestrinin solisti Nərgiz Əliyeva
(fleyta), Bakı Musiqi Akademiyasının müəllimi Zərif
Kərimova (fortepiano) Arif Məlikovun əsərlərini səsləndiriblər.
Tədbirdə "Məhəbbət əfsanəsi"
baletindən, "Əbədiyyət" simfoniyasından
videoyazılar, Ümummili lider Heydər Əliyevin Arif Məlikova
"İstiqlal" ordeni təqdim etməsi ilə
bağlı kadrlar nümayiş olunub.
Tutu HÜSEYNOVA
Musiqişünas
525-ci
qəzet.- 2023.- 26 sentyabr.- S.11.