Kitab içində kitab
O, həyatının ilk uzaq
səfərinə çörək
ardınca yola çıxmışdı. Əslində
heç çörək
yeyəcək halı
da yox idi, altı aylıq südəmər körpə
idi, anasının qucağındaydı. Valideynləri
Təbrizdən Aşqabada
üz tutmuşdular.
Ora gedirdilər ki, güzəran
qursunlar, dolanışıqlarını
təmin eləsinlər.
Və bu uşağın adını
Qulam qoymuşdular.
"Qulam" qul deməkdir, nökər deməkdir, kölə deməkdir. 1897-ci ildə
o uşaq dünyaya gələndə quldarlıq
tarixin dərin qatlarına çökmüşdü.
Amma indi XXI əsrdir, hətta bu təzə
minilliyin özündə
də dünyada 45 milyondan artıq qul var. Fəqət o körpəyə Qulam adını verəndə
valideynləri başqa
şey düşünürdülər.
Onlar körpəni Allahın qulu, Tanrının nökəri,
Pərvərdigarın köləsi
kimi düşünərək
bu adı seçmişdilər. Di gəl,
hansı tərəfə
çevirirsən çevir,
ha quruca söz kimi baxırsan bax, adlar insanların
taleyinə mütləq
təsir edir.
O uşaq yaşa doldu, ədəbiyyatı sevdi, şeirin heyranı oldu. Və ən çox məhəbbət
bəslədiyi şairlərdən
biri dahi Hüseyn Cavid idi. Hüseyn Cavidin "Azər dastanı"nda belə misralar var:
Hər qulun cahanda bir
pənahı var,
Hər əhl-i halın bir qibləgahı var,
Hər kəsin bir eşqi, bir ilahı var,
Mənim
tanrım gözəllikdir,
sevgidir.
Onun da tanrısı gözəllik
və sevgi oldu. Uzun ömrü
boyu xalqının yaratdığı gözəlliklərin,
dəyərlərin keşiyində
durdu. Onları göz bəbəyi kimi qorudu. Bu gözəlliklərin, bu dəyərlərin gələcək
içərisində yaşaması
üçün də
təməllər yaratdı.
Bir əsr ömür
yaşadı, amma sonrakı bütün əsrlər içərisində
yaşamaq haqqı da qazandı. Bu qiymətli azərbaycanlı düşüncə
və mədəniyyət
həyatımızda həmişə
yaşayacaq, həmişə
ucalacaq Qulam Məmmədlidir.
...Qulam Məmmədli lap uşaqlıq çağlarında,
Aşqabadda yaşadığı
vaxtlarda mollaxanaya gedərək dörd il təhsili almışdı.
Həmin dörd illik mollaxana təhsili ilə bu insan bir
akademiyanın işini
gördü. Həm də elə sanballı akademiyanın
ki, ora işləyənlərin
hər biri gərək Qulam Məmmədli qədər
çalışqan, səriştəli,
istedadlı olaydı.
Azərbaycan mədəniyyətində Qulam Məmmədli tamam yeni istiqamət, büsbütün yeni janr
yaratdı. "Salnamə"
anlayışı bizə
keçmişlərdən tanış idi. Bolluca tarixi salnamələr vardı.
Amma Qulam Məmmədlinin
yaratdığı salnamələr
onlardan fərqlənirdi.
O, insanların ömür
salnamələrini yaratmağa
başladı. Hansı
insanların? O insanların
ki, hər biri millətin, yurdun, içərisindən keçdikləri
dövrün rəmzidirlər.
Cəlil Məmmədquluzadənin
və onun ömrünü həsr etdiyi "Molla Nəsrəddin"in salnaməsini
yaratdı, Abbas Mirzə
Şərifzadənin, Hüseyn
Ərəblinskinin, Cahangir
Zeynalovun ömürnamələrini
ortaya qoydu. Nəriman Nərimanovun, Hüseyn Cavidin ömür kitablarını
bağışladı bu
millətə. Lakin Qulam
Məmmədlinin faydalı
işləri, yadigar qoyduğu kitablar bunlarla bitirmi ki?!
1940-cı illərdə qısa
bir müddətdə
İranda - Cənubi Azərbaycanda qalmışdı.
İki daşın arasında, dar macalda dövlət və millət üçün son dərəcə
vacib olan digər işlərini görə-görə, əslində
ona tapşırılan
başlıca vəzifəni
yerinə yetirə-yetirə
axtarıcılığını da davam etdirmişdi. Bu xalqın neçə böyük övladını
təzədən bizlərə
qaytarmışdı. "İkinci
Sabir" deyilən Mirzə
Əli Möcüzü
bu gün yaxşı tanıyırıqsa,
əsərləri qarşımızdadırsa,
oxuyuruqsa, feyziyab oluruqsa, bunun səbəbkarı Qulam Məmmədlidir. Heyran xanımı bu gün Azərbaycan tanıyırsa, oxuyursa, sevirsə, bunun da səbəbkarı yenə
həmin Qulam Məmmədlidir. XIII əsrdə
farsca yazılmış
"Bəxtiyarnamə" adlı bir əsər
olmuşdu. XIV-XV əsrlərdə
həmin "Bəxtiyarnamə"yə
cavab olaraq azərbaycanca "Bəxtiyarnamə"lər
də yarandı. Fədai adlı bir şairimiz varmış. Qulam Məmmədli olmasaydı,
Fədaini də tanımayacaqdıq, onun
"Bəxtiyarnamə"sindən də xəbərsiz olacaqdıq. XVI-XVII yüzillərdə
yaşamış və
ana dilində "Bəxtiyarnamə"
doğurmuş Fədaini
də, onun əsərini də bu xalqa qaytaran
yenə həmin Qulam Məmmədlidir.
Qulam müəllim öz əsli-kökü haqda belə danışırdı:
"Mən elə bir ailədə böyümüşəm ki, o ailədə kitab adına,
kağız adına,
qələm adına bir şey yox
idi. Kasıb kişi idi atam,
anam da azərbaycanlı
qadınlardan idi. Onların işi namaz qılmaq, oruc tutmaq. Oxumuşam
mollaxanada. Bir gün atam dedi ki, bəsdir,
bala, səndən molla olmayacaq, mirzə olmayacaq. Gəl səni aparım bir işə, sənətin olsun, beş qəpik qazanıb dolanasan. Beləliklə, məni mollaxanadan çıxartdılar, apardılar
qoydular dəmirçi
yanına".
Tale onu dəmirçi körüyünün yanında
çox saxlamadısa
da, söz körüyü
ürəyində həmişə
şölələndi.
Onun uzun ömründən çox insanlar keçmişdi. O insanların
neçəsinin Qulam
Məmmədlinin yaddaşında
və ürəyində
yaşayan məhrəm
xatirələri vardı.
Amma bir şəxsiyyət
vardı ki, Qulam müəllim ona həmişə ən dərin məhəbbətlər
və sayğılar bəsləyirdi. O adı həmişə qəlbinin
bütün məhəbbəti
ilə dilə gətirirdi: Mirzə Cəlilin adını. Qulam Məmmədlinin həyatına və yaddaşına Cəlil Məmmədquluzadənin və
onun "Molla Nəsrəddin"inin adı
hələ kiçik
yaşlarından daxil
olmuşdu - 1906-cı ildən.
O vaxt Qulam mollaxanada oxuyurmuş. Günlərin birində atası gəlir ki, Qulamın mollasını jurnala vurublar və göstərir "Molla Nəsrəddin"i.
Və illər sonra özü də "Molla Nəsrəddin"çilərdən
birinə çevrilən
Qulam Məmmədli dərginin 1906-cı il avqustun
11-də çıxmış həmin sayındakı məqaləni tapmışdı.
"Aşqabaddan məktub"
- məqalə belə
adlanırmış və
altında da karikatura:
ortada molla əyləşib, ətrafında
bir neçə şagird. Onlardan biri də mollanın
kürəyini ovxalayır.
Altında da yazıblar:
"Aşqabadda bitli mollanın məktəbi".
İlk dəfə 1906-cı ilin yayında 9 yaşlı balaca Qulam "Molla Nəsrəddin"lə
bu cür tanış olmuşdu.
Amma 1916-cı ildə "Molla
Nəsrəddin"i yaradan
Mirzə Cəlillə
də ilk dəfə görüşüb tanış
olur. 1916-cı ilin əvvəllərində qəzetlərdə
xəbərlər dərc
edilir ki, Mirzə Cəlil Bakıya gələcək və
"Ölülər"i tamaşaya qoyacaqlar.
1916-cı ilin mayında
isə Mirzə Cəlil Aşqabada səfər edir və istəyir ki, orada da "Ölülər"i
göstərsinlər və
həvəskarları toplamağa
başlayırlar. Həmin
həvəskarlardan biri
də Qulam Məmmədli idi ki,
1916-cı ilin mayında
Aşqabadda tamaşaya
qoyulan "Ölülər"də
xırda bir rol almışdı.
Aşqabada bu gəlişində
Mirzə Cəlili qarşılayan biri yerli ziyalılar arasında xüsusi hörməti olan Salman Mümtaz idi.
Qulam Məmmədlinin bəxtindən
idi ki, yolunun başlanğıcında işıqla
dolu Salman Mümtazla təmasda olmuşdu. Qulam ustad xatırlayırdı
ki, mətbəədə mürəttib
işləyirmiş və
həmin mətbəənin
yaxınlığında da Salman Mümtaz yaşayırmış.
Mümtaz ara-sıra mətbəəyə gələr,
müəyyən blanklar
çap etdirərmiş.
Hər dəfə də gələndə ədəbiyyatdan söhbət
salardı. "Hərdən
mənə də deyirdi ki, sənin atan çox şey bilir, onu danışdır, söylədiyi el əhvalatlarını, ata
sözlərini, şeirləri
yaz gətir mənə. Hərdən mənə deyirdi ki, filan mövzuda şeir yaz və
şeirlərimi oxuyub
məni çox tərifləyərdi".
Qulam Məmmədlidəki işığı
görərək Salman Mümtaz
onu ədəbiyyata, elmə, təhsilə doğru səmtləndirirmiş.
Və
1916-cı ildə Aşqabadda
"Ölülər" tamaşaya
qoyulanda Qulam Məmmədlini də həmin dəstəyə
cəlb edənlərdən
ilki Salman Mümtaz olmuşdu. Mümtaz haqqında danışarkən
Qulam Məmmədli həmişə deyirdi ki,
onun son dərəcə
güclü hafizəsi
vardı. Bir şeiri bircə dəfə eşitdimi, yaddaşına
həkk olunurdu. Üstündən zaman keçəndən
sonra da elə şövqlə, elə rəvan söyləyirdi
ki, sanki dünən əzbərləyib.
Təsəvvür edin ki, özünün
də sadəcə güclü yox, həddindən ziyadə qüvvətli hafizəsi olan Qulam Məmmədli
Salman Mümtazın yaddaşına
həsəd aparırmış.
Görün, özünkü
bu cürdüsə, qibtə etdiyi Salman Mümtaz hafizəsi hansı qüvvətdəymiş!
1923-cü
ildə Qulam Məmmədli ilk növbədə
Salman Mümtazın və
oçağkı Aşqabad
ziyalılarının tövsiyəsi
ilə gəlir Bakıya. Ətrafındakı
canıyananlar görürlərmiş
ki, bu insanda oxumağa, yazmağa, cəmiyyət içərisində
parlamağa meyl də, imkan da var. Ona görə istəyirlər
qabağa çıxsın.
İrəli getməyin,
parlamağın, ziyalı
mühitində tanınmağın
yolu isə o zaman Bakıdan keçirdi.
Qulam gəlir Bakıya və söyləyirdi ki, tanışlarımdan biri
ilə getdik "Yeni yol" qəzetinə. Mirzə Cəlil o vaxt həmin qəzetə rəhbərlik
edirdi. Dostum məni təqdim elədi, mən də yada saldım ki, 1916-cı ildə
Mirzə Cəlilin
"Ölülər"ində Aşqabadda oynamışam.
Mirzə
Cəlil elə sözarası Qulam Məmmədlinin Aşqabadda
mürəttib işlədiyindən
xəbər tutunca qayıdır ki, sənin iş tapmağın çətin olmayacaq.
İndi belə peşə
sahiblərini əldə
çıraqla gəzirlər,
mürəttibə ehtiyac
lap çoxdur. Amma gəl
biz ən sərfəlisini
seçək, səni
göndərim "Kommunist"
qəzetinə.
Dəstəyi götürür, zəng
edir, deyir, Mirzə Qədir, indi sənin yanına cavan bir oğlan gələcək, Qulam Məmmədli adında. Yaxşı mürəttibdir,
sən ona iş ver.
Bu əhvalatı Qulam müəllim mənə müxtəlif illərdə
bir neçə dəfə danışmışdı
və hər dəfə də Mirzə Cəlilə rəhmət oxumuşdu, minnətdarlığını dilə gətirmişdi
ki, o zaman başqa qəzetdə,
başqa jurnalda da işləyə bilərdim.
Amma məni göndərdi
"Kommunist"ə. O zaman "Kommunist" Azərbaycan ziyalılığının toplaşdığı
bir mərkəz idi. Azərbaycanın ən üstün ziyalıları ilə, ən böyük şairləri, qələm
adamları, elm adamları
ilə orada tanış oldum və o tanışlıqlar
məni Qulam elədi, məni zənginləşdirdi, içəridən
böyütdü.
Qulam Məmmədli ömrünün
axırına qədər
özünü Mirzə
Cəlilə borclu saydı və o böyük ədibin naminə nə qədər çox iş görsə də, ürəyi soyumadı, "Mirzə bunlardan qat-qat artığına
layiqdir" dedi.
XX yüzil ədəbi-mədəni
həyatımızın qənirsiz
hadisəsi olan Qulam Məmmədlinin qismətinə tariximizdə
həmişəlik qalacaq
bir çox ilklərə imza atmaq şərəfi də yazılıbmış.
Azərbaycanın bütün
musiqi tarixinin həmişə yaşayacaq
ən uca zirvələrindən biri
Əbülhəsən xan
Azər İqbal Soltandır.
Bir əsri aşan ömrünün sonuna qədər məlahətli
avazı onu tərk etmədi. Əbülhəsən xan
Azər İqbal Soltanın
98 yaşında oxuduğu
"Bayatı-İsfahan" qalır. Dinləyirsən,
heyrətə düşürsən.
98 yaşlı insanın
oxusunda bir gənclik şövqü,
cavanlıq təpəri
yenə qalmaqdadır.
Əbülhəsən xan
İranda yaşayırdı.
Bu ölkənin son bir
neçə əsr ərzində çoxlu böyük xanəndələri
yaşayıb-yaradıb. Elə
XX əsrdə də İranda məşhur xanəndələr az deyildi. Əbülhəsən
xan bütün ömrünü İranda
sürdü və İranın ən böyük xanəndəsi
kimi etiraf edildi. Ən böyük xanəndələrindən
biri kimi yox, məhz ən böyük xanəndəsi kimi!
Məhəmməd Hüseyn Şəhriyar
ömrünün sonuna
doğru ana dilinə məhəbbətini, sədaqətini
ifadə edərək
"Heydərbabaya salam"
yazdısa, Əbülhəsən
xan Azər İqbal Soltan da ana dilində sıra-sıra nəğmələr
oxudu. O nəğmələr
də gələcək
içərisində həmişə
yaşayacaq və Əbülhəsən xana
bu xalqın qəlbindəki məhəbbəti
soyumağa qoymayacaq. Əbülhəsən xana
"İqbal Azər" təxəllüsünü
gəncliyində Səttarxan
vermişdi. 1905-1911-ci illər
İran inqilabında Səttarxanın
çağırışına qoşulanların ilklərindən
biri elə Əbülhəsən xan
olmuşdu.
Və Əbülhəsən xan
Azər İqbal Soltan
haqqında mətbuatda
ilk məqaləni yazan
Qulam Məmmədli oldu. Bu baş vermişdi 1944-cü ildə
- İkinci Dünya müharibəsi zamanı.
O vaxt Sovet İttifaqından - Azərbaycandan
böyük bir hərbçi dəstəsi
Cənubi Azərbaycana
getmişdi. Onların
əksəriyyəti zabit
poqonu daşısa da,
ziyalılar idi. Həmin ziyalılardan biri də kapitan
rütbəli Qulam Məmmədli.
Qulam Məmmədli o zaman Təbrizdə
çıxan "Vətən
uğrunda" qəzetində
çalışırdı. Həmin qəzet fasilələrlə - 1941-42, bir
də 1944-46-cı illərdə
nəşr edilib.
İndi illər ayrılığından
sonra o saralmış qəzetləri qaldırarkən,
ay-ay vərəqləyərkən istər-istəməz o qaynar
dövrün hadisələri
axarına düşürsən.
Amma eyni zamanda bu qəzetləri oxuduqca mədəniyyət
tariximizin bir çox naməlum hadisələri haqqında
da elə yolüstü
xeyli faydalı bilgilər əldə edirsən.
1944-cü
ildə Təbrizdə
Qulam Məmmədli o cağacan haqqında çox eşitdiyi Əbülhəsən xanı
birinci dəfə görür, onun füsunkar avazını
ilk dəfə eşidir.
Tanış olurlar, sənətkara xeyli suallar verir, məlumatlar toplayır və bir neçə
gün sonra "Vətən uğrunda"
qəzetində Qulam Məmmədlinin məqaləsi
çıxır.
Küçədə rastlaşırlar,
Əbülhəsən xan
məqaləyə görə
Qulam Məmmədliyə
təşəkkür edir,
amma təəccüb
içərisində soruşur
ki, yazını sən
yazmısan, bəs niyə altında başqa imzadır? Orada imza qoyulub
ki, guya yazının müəllifi "Şeşgilani"dir.
Qulam Məmmədli gülümsəyib deyir
ki, elə Şeşgilani
mənəm. Bu sözü
Əbülhəsən xanı
daha da təəccübləndirir.
Qayıdır ki, cənab
kapitan, olmaya siz təbrizlisiniz? Deyir, əlbəttə təbrizliyəm, özü
də Şeşgilan məhəlləsində doğulmuşam.
Həmin
andan dostluqları, ülfətləri bir az da dərinləşir. Əbülhəsən xan
söyləyir ki, birinci
dəfədir İran mətbuatında
mənim şəklim
dərc edilir. Onu da əlavə edir ki, siz mənim
oxumağımı indi
eşitdiniz, amma 30 il əvvəl eşitməli
idiniz mənim oxumağımı.
30 il əvvəl - 1914-cü ildə
Əbülhəsən xan
Azər İqbal Soltan
gəlibmiş Tiflisə.
Orada səsini vala yazacaqlarmış. Təbrizdə Azərbaycanın
gənc, amma parlayan ulduzu böyük xanəndə
Seyid Şuşinski ilə tanış olur. Hətta vallarından birini Seyid Şuşinskiyə həsr edir. Qulam Məmmədli həmişə bunu da xatırlayırdı ki, Azərbaycandan
gələn nümayəndələri
görən kimi Əbülhəsən xanın
birinci soruşduğu
Seyid Şuşinski olmuşdu.
Həmin
1940-cı illərdə Qulam
Məmmədlinin də
İranda - Cənubi Azərbaycanda olduğu vaxtlarda Təbrizdə yetərincə zəngin, həm də atəşin kitab maraqlısı
olan söz xiridarı bir insan yaşayırmış.
Hacı
Məhəmmədəli Naxçıvaninin
zənginliyi ilə heyrət doğuran böyük kitabxanası varmış. Qulam müəllim xatırlayırdı
ki, birinci dəfə
o kitabxanaya daxil olanda, oradakı əlyazmaları görəndə
mat qaldım - bir insan balaca ömür
içərisində bu
qədər qiymətli
xəzinəni necə
toplaya bilərmiş?
Hacı
Məhəmmədəli Naxçıvani
yalnız yaxşı
kitabtanıyan deyilmiş,
həm də insan sərrafı imiş. Qulam Məmmədlini birinci dəfə görəndə
anlayır ki, elə onun axtardığı adamlardandır. O, bu sərvəti toplamışdı
ki, təzədən xalqa
qaytarsın, toplamışdı
ki, bu sərvətlər
itib-batmasın.
Və Qulam Məmmədli Hacı Məhəmmədəli
Naxçıvani ilə
tanışlıq əsnasında
onun xəzinəsinə
bilavasitə sirayət
edəndən sonra Heyran xanımı da, Fədaini də, el ədəbiyyatımızın
bir sıra unudulmuş nümayəndələrini
də köçürərək
nəşr etdirdi. Həm ərəb əlifbası ilə orada, İranda buraxdı, ardınca da burada - Azərbaycan Respublikasında işıq
üzünə çıxartdı.
Və indi o adlara ədəbiyyat,
mədəniyyət, düşüncə
tariximizdə elə adət etmişik ki, sanki daim bizimləymişlər.
Amma adət elədiyimiz,
hər dəfə misralarını mütaliə
edərkən valeh olduğumuz həmin şəxsiyyətləri düşünərkən
bunu da yada salın ki,
onları bizə qaytaran Qulam Məmmədlidir.
Şeyx
Məhəmməd Xiyabani
haqqında ilk və bu günə qədər yazılanların
arasında ən qiymətli kitabı da elə 40-cı illərin ortalarında Qulam Məmmədli doğurdu.
Qulam Məmmədli harada olubsa, harada çalışıbsa, bu
millətin yalnız indisi, içərisində
yaşadığı günləri
üçün yox, uzaq gələcəklərindən
ötrü lazım olan işləri görməyi bacarıb.
...Qulam müəllimlə mən ilk dəfə tanış olanda hələ 1975-ci il idi, tələbə idim, radioda ilk verilişlərimi
hazırlayırdım. Həmin
il Üzeyir Hacıbəyli
və Müslüm Maqomayevin yuvarlaq ildönümləri - 90 yaşları
qeyd ediləcəkdi.
Ona görə həm
radioda, həm də televiziyada verilişlər hazırlanırdı,
mətbuatda yazılar
dərc edilirdi. Mən Üzeyir bəy haqqında onu görmüş ayrı-ayrı insanlardan aldığım müsahibələr
əsasında veriliş
hazırlamışdım. Növbəti veriliş də Müslüm Maqomayev haqqında olacaqdı. Ancaq müşkülə düşmüşdüm.
Üzeyir bəylə
müqayisədə Müslüm
Maqomayev haqqında danışa biləcək
adamlar az idi. Ancaq hər
halda bir neçə nəfəri
tapdım. Müslüm
bəy haqdakı verilişdə Maestro Niyazi,
diktor Soltan Nəcəfov, tarzən Bəhram Mansurov xatirələrini
söylədilər və
bir də Qulam müəllim. Hamısı bilgin, qiymətli insanlar idilər. Amma Qulam müəllimin çıxışı
o çıxışların hamısından fərqlənirdi
və daha cəlbedici idi. Şəxsi xatirələri
öz yerində, amma 1920-1930-cu illərin mətbuatından elə qaranlıq səhifələri
açırdı, o illərin
qəzet-jurnallarından elə
dəlilləri ortaya çıxarırdı ki, müasir
insan Müslüm Maqomayevin parlaq surətini bir az da aydın, bir az da yaxından
görürdü.
Beləcə, 1975-ci ildə Qulam
Məmmədli ilə
ilk dəfə görüşdüm,
elə ilk görüşdəncə
onun bənzərsizliyini
anladım və o vaxtdan ta ömrünün
sonunacan daha bu əziz insandan
ayrılmadım.
Tale elə gətirdi ki, 1992-ci
ildə, ölümündən
iki il qabaq onunla görüntülü
son müsahibəni də
mən yazası oldum. Əslində bu, onunla son söhbət deyildi. Axır günlərinəcən
ona, ailəsinə baş çəkirdim. Hər dəfə gedəndə də dərhal səsyazarın düyməsini basırdım.
Nə qədər orada olurdum, maqnitofon işləyirdi. Ömrünün lap son parçasında
yazdığım o söhbətləri
efir üçün deyildi. Səsyazarı açıq saxlayırdım
ki, birdən yadına
hansısa maraqlı epizod düşər, kağıza köçürməyə
macal tapmaram. Həmin 1992-ci ildəki
"son müsahibə" dediyim söhbətsə o
vaxt Hüseyn Cavid haqqında "Telefilm"də çəkdiyimiz
"Qayıdış" filmi üçün lentə alınmışdı. Nasaz
olduğunu bilirdimsə
də, çox istədim ki, əsl kinolentdə çəkilən
və həmişəlik
qalacaq o filmdən Turan Cavid, Mehdi Məmmədov, Tağı
Tağıyev, Cəfər
Rəmzi, Həbibə
Məmmədxanlı, Sevda
Pepinova və digər canlı klassiklərlə yanaşı,
Qulam müəllimin də səsi gəlsin. Orası da vardı ki, elə Qulam müəllimin özü də Caviddən son müsahibəni
alan müxbir olmuşdu. 1937-ci ildə Üzeyir Hacıbəylinin
"Koroğlu"su səhnəyə
gəlmişdi və
o zaman Qulam Məmmədlinin
də çalışdığı
qəzet səyyar redaksiya düzəldərək
gəliblərmiş Opera Teatrına.
Müxtəlif tamaşaçılardan,
insanlardan ilk təəssüratları
öyrənərək yazıya
alırlarmış ki, gecə
ilə mətbəəyə
göndərsinlər, səhər
qəzetlərdə dərc
edilsin. Hüseyn Cavidin də son müsahibəsi, Üzeyir
Hacıbəylinin "Koroğlu"sunun
premyerası ilə bağlı düşüncələrini
Qulam müəllim qələmə almışdı,
şairin həmin rəyi ertəsi gün qəzetdə dərc edilmişdi. Qulam müəllim Cavid haqqındakı həmin filmdə elə bu əhvalatı
söylədi: "37-ci ildə
"Koroğlu" oynanıldığı
zaman teatrda təşkil
elədiyimiz səyyar
redaksiya tərəfindən
"Koroğlu"ya verilmiş
qiymətlər adlı
xüsusi buraxılış
hazırlayırdıq. Mən
Cavidə müraciət
edib ondan əsər haqqında fikirlərini yazmasını
xahiş elədim. Bu materialı biz gətirib
"Yeni yol" qəzetində
bütöv səhifə
verdik, başda Cavidin sözləri. Bu, Cavidin həyatında sonuncu yazısı oldu. Ondan sonra
Cavidin əsərləri,
yazısı mətbuatda
görünmədi".
Hüseyn
Cavid və onun məsləkdaşlarının
burulğanlarını adladığı
təlatümlü vaxt.
Film boyu da biz həmin
vaxtı bir obraz olaraq göstərirdik.
Qulam müəllimin vəfatından bir neçə gün sonra onun vəfalı
ömür-gün yoldaşı
Lida Andreyevna məni evlərinə dəvət etdi. Görüşdük, ötən
illəri andıq, Qulam müəllimli günləri xatırladıq.
Lida Andreyevna dedi ki, o film çəkiləndə
gördüm ki, bu saatdan çox xoşun gəlib. İstəyirəm ki, Qulam
müəllimdən xatirə
olaraq bu saatı sənə hədiyyə edim.
Saatı verdi
mənə. Əlbəttə
ki, Qulam müəllimin yadigarı
olan həmin saat mənim üçün çox qiymətli idi. Amma həmin dövrdə biz Hüseyn Cavidin ev-muzeyini qururduq. Hüseyn Cavidi isə 1937-ci ilin məşum 4 iyun gecəsində həbs edərkən evindəki ələ gələn bütün əmlakı müsadirə etmiş, yalnız ən zəruri ehtiyac duyulan tək-tük əşyaya dəyməmişdilər.
Bu saat mənimçün
lap göydəndüşmə
oldu. Aparıb ekspozisiyasını qurmaqda
olduğum Cavid muzeyində divardan asdım. Fikirləşdim
ki, Cavidə məndən də artıq bağlı olan Qulam Məmmədlinin
yadigarı gərək
elə Cavid muzeyində ola və bu gün
də həmin saat oradadır. O otaqda ki, 1920-30-cu illərdə Cavid orada oturarmış, işləyərmiş və
yaşayacaq, əbədi
qalacaq əsərlərini
yaradarmış: "Cavidlə
tanışlığımız - əgər bu, tanışlıqsa - 1913-cü ildə olub. "Ana" əsəri ilk dəfə çapdan çıxanda,
bu kitabı alıb oxuduğum zaman. Ondan sonra
"Şeyda" gəldi,
"Maral" gəldi,
"Bahar şəbnəmləri",
"Keçmiş günlər"
və başqaları.
Beləliklə, yavaş-yavaş,
oxuduqca Cavidlə daha yaxından tanış olduq. Onun əsərlərindən
birinci dəfə
"İblis"i biz
Aşqabadda oynadıq.
Mən də orada Elxanı oynamışam. Sonra "Maral"ı oynadıq. Bunlar birinci dəfə Aşqabadda oynanılıb, sonra Daşkənddə, 20-ci illərin
axırında isə
Bakıda "İblis"
oynanılıb, sonra
"Şeyx Sənan".
Beləliklə, mən
1923-cü ildə Bakıya
gələndən sonra
Cavidi artıq mətbuat səhifələrindən
yox, şəxsən özünü görməklə
tanış oldum. Çox alicənab, çox gözəl bir insan, sakit.
Baxırsan, nur yağırdı. Biz onu küçədə görəndə həmişə
salam verərdik hörmətlə, qabağa
keçməzdik dünyasında.
Gənclik sevirdi Cavidi, ürəkdən sevirdi".
Qulam Məmmədlidən
Azərbaycan insanına
qalan ən dəyərli əsərlərdən
biri onun hazırladığı "Cavid
ömrü boyu" salnaməsidir. Bircə kitabdır. Amma Caviddən bugünəcən
yazanlar, bundan sonra da yazacaqlar
heç vaxt Qulam Məmmədlinin o kitabından yan keçə bilməyəcək.
Bu əsərdən indiyədək çoxları
çox bəhrələniblər.
Bundan sonra da yeni-yeni nəsillər
dəfə-dəfə fayda
götürəcək. Bu
bircə kitab Cavid haqqında yazılacaq hələ neçə-neçə yeni
kitab üçün
təkan nöqtəsinə
dönəcək.
1987-ci ildə mənim Hüseyn Cavidin həyatına, yaradıcılığına həsr
edilmiş "Vaxtdan uca" kitabım nəşr edildi. Və həmin kitabda cəmiyyətimizin oçağacan eşitmədiyi
çox mətləblərdən
ilk dəfə bəhs edilirdi.
Xeyli naməlum
sənəd birinci dəfə geniş kütlələrçün aşkarlanırdı.
Qulam müəllimə
də kitabın ilk nüsxələrindən
birini bağışlamışdım.
Bir neçə gündən sonra zəng etdi ki, gərək Cavid salnaməsini bir də nəşr
etdirim. Çünki özümdə də xeyli materiallar var, amma sənin
kitabından da çoxlu təzə məlumatlar əldə elədim. Bunların hamısını əlavə
edərək Cavid salnaməsini təzədən
buraxmaq lazımdır.
1987-ci ilin payızında
Azərbaycan Televiziyası
"Vaxtdan uca" kitabına həsr edilmiş ayrıca veriliş hazırlayırdı.
Verilişdə danışmaq,
kitab haqqında təəssüratlarını bölüşmək üçün
bir-birindən dəyərli
şəxsiyyətlər dəvət
edilmişdi: böyük
alimimiz Xudu Məmmədov, unudulmaz ədəbiyyatşünas-dilçi Aydın Məmmədov və Qulam Məmmədli.
Hər biri özlərinə yaraşan
səviyyədə gözəl
danışdı, amma
Qulam müəllimin söylədikləri riqqət
oyadırdı. Dedi ki, Hüseyn Cavid ailəsinin dörd üzvü olub, dörd Cavid: Hüseyn Cavid, həyat yoldaşı, vəfalı
ömür-gün dostu
Mişkinaz Cavid, istedadlı oğlu Ərtoğrol Cavid və son yadigarı,
Cavid ocağını
sönməyə qoymayan
Turan Cavid. Əlavə etdi ki, indi mən
bu kitabı oxuyandan sonra tam cəsarətlə deyə bilərəm ki, beşinci Cavid var. Rafael
Cavidlər ailəsinin
beşinci üzvüdür".
O kitab vaxtında
əl-əl gəzirdi.
Haqqında çoxlu məqalələr də yazılıb, tərifli sözlər də söylənilib. Amma Qulam müəllimin, Cavidi bütün çalarları ilə duyan, görən o misilsiz xiridarın qiyməti mənə bütün yazılmış
məqalələrdən, bütün
söylənmiş təriflərdən
daha üstün idi. Dediklərini sözbəsöz verirəm:
"Rafael Hüseynov yoldaşın yeni nəşrdən çıxmış
kitabını mən
dönə-dönə oxumuşam.
Onun haqqında deyilənləri, yazılanları
dinləmişəm, oxumuşam.
Və demək istəyirəm ki, bu yazılarla, bu sözlərlə, bu fikirlərlə kitabın məziyyəti haqqında tamamilə şərikəm. Bu yazıların altında mən də imza ataram. Mən
Cavidə çox yaxın olmuşam, çox. Ona görə də bu kitabı oxuyan zaman burada
yazılanların tamamilə
doğru olduğunu görmüşəm, inanmışam.
Ancaq bunlardan ziyadə belə qənaətə gəlmişəm
ki, kitabın müəllifi (mənim ərkim çatar ki, ona ancaq
Rafael deyəm) Rafael Cavid ailəsinə
yaxın adam olub. Cavidin indiyə
kimi ailəsində Hüseyn Cavid, Mişkinaz xanım, Ərtoğrol, Turan xanım - dörd ailə üzvü var idisə, bunların ailəsinin beşinci üzvü Rafaeldir".
...Son min
ildən artıq zaman içərisində
ədəbiyyatımızın, mədəniyyətimizin, ziyalılığımızın
tarixini bilməkçün
üz tutacağımız
ən etibarlı söykənəcəklər təzkirələrdir.
Məhəmməd Oufinin
yazdığı "Lübab
ul-əlbab"dan tutmuş
ta XX yüzilin sonlarına qədər
800-dən artıq təzkirə
yaranıb. O sırada
Azərbaycan müəlliflərinin
yeri məxsusidir.
Və Azərbaycanın,
Yaxın-Orta Şərqin
təzkirələri sırasında
bir təzkirə də var ki,
o da bizə Qulam Məmmədlidən saxlancdır. Qulam Məmmədli özündən
əvvəl yaranmış
təzkirələrin əksəri
ilə tanış idi. Həmin məxəzlərin bir çoxundan da yeri düşdükcə
istifadə etmişdi.
Ona görə də elə təzkirə yaratmalı idi ki, bunların
hamısından seçilsin
və ömrünün
bitəcəyinədək yazısında
da, nitqində də, düşüncəsinin
tərzində də orijinallığı əskilməyən
Qulam müəllim təzkirəsi ilə oxşarsız olmağı
bacardı, seçilən
təzkirə də yaratdı. Onun təzkirəsində qovuşanlar
yalnız azərbaycanlılardır.
Başqa təzkirələrdə
ədiblər, alimlər,
irfan əhli cəmlənibsə, Qulam Məmmədli Azərbaycanın
NURlarının təzkirəsini
yaratdı. Millətimizin
işıqlı insanlarını,
böyük şəxsiyyətlərini,
duyğu, düşüncə
adamlarını həmin
kitabda görüşdürdü.
Hər birinin haqqında məlumat verməkdən əlavə
onlara özünün
qiymətverici münasibətini
də ortaya qoyub. 700-ə yaxın şəxsiyyət haqqında
tutarlı məlumatları,
onların əsərlərindən
seçmələri əhatə
edən bu təzkirəni Qulam Məmmədli 1954-cü ildə
yazıb tamamlamışdı.
Amma ümidsizləşibmiş
ki, yəqin, bunu nəşr etdirmək çətin başa gələ. Əslində tək həmin əsər deyil, bu cür
hərəsi bir abidə olan başqa əlyazmalarını
da kitaba döndərmək üçün
Qulam Məmmədli illər boyu o nəşriyyata, bu nəşriyyata üz tutmuş, nəticə hasil etmədən kor-peşman geri qayıtmışdı. Görünür,
Allahın ona uzun ömür verməsinin bir lütfü və hikməti də bu imiş ki,
yaratdığı əsərlərinin
bir çoxunu (hələ hamısını
demirəm) nəşr
etdirməyə müvəffəq
olsun. Burada da yenə xeyirxah
adamlar arxa durdular. Yoxsa yenə mümkün olmayacaqdı. Qulam Məmmədlinin 1954-cü ildə
tamamlayaraq və çapına da ümid bəsləməyərək
"bəlkə, zaman
gələr, bu əsər də işıq üzü görər" gümanı
ilə. Əlyazmaları
fonduna təhvil verdiyi həmin təzkirənin nəşr
bəxti 2012-ci ildə
açıldı, artıq
Qulam müəllim həyatda yox idi. Ömür möhləti bitmişdi, ancaq işıq üzünə onsuz çıxan əsəri
yenə ruhuna rəhmətlər oxutdu, yenə ona əhsənlər
söylətdi.
Millətə xeyir olan hər
nəcib işin nəsibi budur. Yerin təkində gizli qalmış xəzinələr kimi haçan üzə çıxsa, qiymətlidir,
onu yaradanı həyata yenidən qaytarmaq iqtidarındadır.
...Qulam Məmmədli
nə yazıbsa, hansı kitabı tərtib edibsə, hansı əsərləri
doğurubsa, hamısı
təbərrükdür. İrisi
də, xırdası da. Amma onun
şah əsəri sayıla biləcək kitab ikicildlik "Azərbaycan teatrının
salnaməsi"dir. Azərbaycan
teatrının salnaməsini
bu səviyyədə
yarada biləcək, tərtib edə biləcək ikinci bir insanı təsəvvür etməyin.
Qulam Məmmədli teatr tarixinin içərisindən keçmiş
bir insan idi - mötəbər şahid idi. Ancaq həm də dəmir yaddaş! Həm də misilsiz arxivşünaslıq qabiliyyəti!
Bunların hamısı
bir insanda birləşdiyindən elə
bir əsər yaratmışdı ki, həmin kitab heç vaxt köhnəlməyəcək. Bu
sənət və elm incisini zənginləşdirmək,
əlavələrlə bir
az da cazibədar
etmək, dərinləşdirmək
mümkündür. Amma
bu cür qurmaq, bu imarəti
məhz bu biçimdə tikmək Qulam Məmmədlinin müstəsna xidmətidir.
1980-ci illərin lap əvvəllərində
Türkiyədən - Ərzurum
Universitetindən gəlmiş
qonağımız, indi
türk dünyasındakı
ən ünlü ədəbiyyatşünas, mənbəşünas
alimlərdən olan Əli Yavuz Akpınarla getmişdik Qulam müəllimgilə.
Qulam müəllimlə
xeyli söhbətdən
sonra ikicildliyi çıxarıb qoydu qarşımıza ki, yazın. Dedik axı nə yazaq? Burada yazılası
yer yoxdur. Kitabın haşiyələrini
göstərdi ki, görmürsünüz ağdır,
orada bu kitab haqda ürək
sözlərinizi yazın.
Vərəqləyəndə gördük ki, eyni işi artıq
bizdən əvvəl
neçə adama gördürüb. Haşiyələr
fərqli qələmlər
və xətlərlə
yazılmış sözlərlə
dolu idi. Yavuz da ürək
sözlərini yazdı,
mən də. Başladım haşiyələrdəki
avtoqrafları oxumağa.
Baxdım ki, bu qeyri-adi adam
- böyük Qulam müəllim başqa ağla gəlməsi müşkül olan bir hünərə də imza atıb.
Kitabın içində
öz kitabı haqda bir kitaba
çevrilə biləcək
qədər rəyləri
toplamağa nail olub. Hamısı məşhur insanlar - görkəmli alimlər, tanınmış ədiblər,
rəssamlar, aktyorlar, rejissorlar, elm xadimləri. Hamısından
eyni xahişi etmişdi.
Artıq Qulam
müəllimin həyatda
olmadığı çağlarda
o kitab da buraxıldı.
Və mən
buna bir rəmz kimi baxıram. Qulam Məmmədli - o böyük
araşdırıcı, o böyük
alim elə kitablar yadigar qoyub, özündən sonra elə altun səhifələri miras buraxıb ki, bunların haşiyələrində gərək
həmişə qeydlər
edək, həmin mükəmməl əsərlərə
zamanında Qulam müəllimin əlinin çatmadığı mənbələrdəki
məlumatları da artıraq, sonra yeni nəsillərdən ötrü həmin kitabları təkrar-təkrar
nəşr etdirək.
Çünki Qulam müəllimdən bizə
qalan əsərlərin
hər biri "millət dərsliyi" adlanmalı kitablar silsiləsindəndir.
...Qulam müəllimin
həyatının son
ayları, axır həftələri idi. Artıq danışmağı
da çətinləşmişdi.
Bəzən bir söz, bir cümlə
deyirdi, sonra xeyli susurdu. Sanki yaddaş dolanbaclarında azırdı,
o sözün yanına
qoyacağı sözü,
o cümləni davam etdirəcək cümləni
tapa bilmirdi. Amma mən hamısını
lentə alırdım
- o sükutu da!
Günlərin birində yenə oturmuşdum yanında, sanki yatmışdı, qəfilcə ayıldı
və danışdı:
"Bir yuxunu adam neçə dəfə görər? Mən indi yalnız
gecələr deyil, elə gündüz də neçə dəfə yatıram. Elə ki gözümə
yuxu gedir, nəzərlərimdə ucu-bucağı
görünməyən bir
düz canlanır. Başdan-başa şumlanmış,
insansız, bomboş bir düz. Hər
dəfə bu yuxunu görürəm, bəzən bir gündə beş dəfə görürəm".
Və cavabını
Qulam müəllimin özünün də tapmadığı o sual, yozumunu bilmədiyi o yuxu, görən, nə imiş?
Mənə elə
gəlir həmin bomboş, üfüqə
qovuşan, sonsuzluğa
qədər uzanan şumlanmış sahə,
Qulam müəllimin təkrarlanan son yuxularının əsas surəti gələcək
zaman imiş. Qulam Məmmədli XX əsri, demək olar ki, başdan-sonacan
yaşadı. Qarşıdan
XXI əsr gəlirdi.
O vaxt hələ qarşıda olan, necəliyini heç vəchlə təsəvvür
edə bilməyəcəyimiz
XXI əsr Qulam Məmmədliyə o cür
görünürmüş, elə əslində də o cür imiş.
Üfüqə qədər uzanan, sonsuzluğa çatan bomboş sahə - şumlanmış sahə.
Qulam Məmmədli
və onun kimi millətsevər, vətənsevər insanlar
yeni əsri bir əkin yeri,
bir tikinti sahəsi kimi əkib-becərmək, qurub-yaratmaqdan
ötrü bizimçün
hazırladılar.
Təzə minilin
nabələd yolları
ilə büdrəmədən
irəliləyə biliriksə,
Qulam Məmmədlilər,
o cür azərbaycanlılara
borcluyuq. Onların etdikləri olmasaydı, biz bu gün
XXI əsrin çətin
yolları ilə belə rəvan gedə bilərdikmi? Yurdun sabahı naminə bu təmənnasız xidmətləri
müqabilində Tarixin
onlara mükafatı daim millətin bağrının başında
yaşamaq haqqıdır!
24 sentyabr 2023
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2023.- 27 sentyabr.- S.12-13.