Aslanın erkəyi, dişisi olmaz
Qənirə xanım Paşayevaya
Aslanın erkəyi, dişisi
olmaz, deyib dədələrimiz. Özümü
bilən gündən
ailəmdə eşitdiyim
bu kəlam ən çətin anlarımda, həyatın
imtahanlı məqamlarında
təsəllim, ümidim
olub. Nə qədər doğrulda bilmişəm mənə
olan etibarı, bilmirəm, amma ömrüm boyu rastıma çıxan oğul qeyrətli, əsl kişi xislətli qadınlarımızı,
qızlarımızı gördükcə
bu kəlamın sehrinə, möcüzəsinə
valeh olmuşam.
İstiqlal şairi Əli
Tudə yazır ki:
İstedad nə baxtda, nə də yaşdadır,
Yox! Yox! Bir ürəkdə, bir də başdadır...
İstedadlı jurnalist, ürəyi
Vətən, millət
sevgisi ilə dolu Qənirə Paşayevanı ilk dəfə
2001-ci ilin noyabrında
Dünya Azərbaycanlılarının
Birinci Qurultayında gördüm. Arıq, uzun saçlı, efirdən sərrast nitqi ilə od püskürən, amma həyatda şirindil, xoş ünsiyyətli, xoş simalı bir qız, işinə ürəkdən bağlanmış
bir mütəxəssis
təsiri bağışladı
mənə. Uzun zamandan sonra bəzi tədbirlərdə
təsadüfən görəndə
həmin ilk təəssürat
hər dəfə özünü doğrultdu.
Qiyabi olaraq tanıdığım bu qadına heyranlığım
birə min artdı.
İndi Qənirə Paşayeva
millət vəkilidir,
sözün əsl mənasında millətin
vəkilidir. Onsuz da
ANS televiziya kanalında
işlədiyi müddətdə
bu missiyanı yerinə yetirirdi.
Cəmi
bir neçə dəqiqəlik ünsiyyətim
olub. Həmin qurultayda o, müsahibini gözləyən zaman arada
bir neçə dəqiqəlik fasilədə
mənə yaxınlaşdı,
həmkarı kimi işlədiyim televiziya kanalında vəziyyətlə
maraqlandı. Amma söhbətimiz
yarıda qaldı.
"Zəngləşərik" - deyib ayrıldı. Sonra bir neçə dəfə cəhd göstərib onu axtarsam da, tapa bilmədim.
Gah səfərlərdə, gah da çəkilişlərdə oldu.
O zaman onu arayıb axtarmağımın səbəbi
vardı. "Nəzər
nöqtəsi" proqramında
hansı yüksək
mənsəb sahibi olmasına baxmayaraq, işində buraxdığı
haqsızlığı, ədalətsizliyi,
nöqsanları
sərt, amansız
sözlərlə müsahibinin
üzünə söyləməsinə,
Amerikanın İraqı
bombardman edib dinc əhalini də qırdığı
zaman Qənirənin qrad
atəşinin, bombaların
qığılcımı fonunda, əlində mikrofon, qorxmaz baxışlarla gözünü
kameraya dikib birbaşa yayımda İraqdan Azərbaycanla canlı bağlantı qurmasının onun peşəsinə bəslədiyi
məhəbbətinə görə
Qənirəyə hörmətim
heyranlığa çevrildi.
Bəzən vəzifəli,
el içində deyirlər "qılıncının
dalı da, qabağı
da kəsən" sanballı,
dağ boyda kişilərin bu mərd, zərif qızcığazın qınayıcı
suallarından çəkinərək
efirə gəlməməsi
Qənirənin ironiyalı
gülüşünə səbəb
olurdu və haqqı tapdanan tamaşaçı bununla
təskinlik tapırdı.
Belə bir xanımla ünsiyyətə
girib həmyaşıdım
olsa da, bir mütəxəssis kimi ondan bəhrələnmək
istəyirdim.
Qənirə Paşayeva öz
bacarığı, işgüzarlığı,
səriştəsi sayəsində
bu gün yüksək məqamlarda əyləşib. Amma iş
qabiliyyətinə və
istedadına görə
Azərbaycanda o, daha layiqli vəzifələrdə
işləyərək, xalqının,
dövlətçiliyinin şərəfini
həm Azərbaycanda,
həm də Azərbaycandan kənarda layiqincə qoruya bilən kadrlardan biridir desəm, yanılmaram.
Gürcüstanda Azərbaycan türklərinin
halına acıyıb,
Axıska türklərinə
qarşı ədalətsizliyə
haqq səsini qaldırdı. Bəzi vəzifə sahiblərindən,
millət vəkillərindən
fərqli olaraq bahalı salonlarda, beşulduz otellərdə,
hər cür şəraitlə təchiz
olunmuş kabinetlərdə
deyil, soyuq, şəraitsiz salonlarda, ayağı gilə-palçığa
yapışa-yapışa kənd
evlərini gəzərək
millətinin durumuna ürəkdən yanmağını,
şaxtadan avazımış
rəngini, gömgöy
kəsilmiş dodaqlarını
görəndə Qənirənin
heç dəyişmədiyinin
şahidi oldum.
Qənirə Paşayeva türklüyü
ilə qürur duyan bir vətəndaşdır.
Milli Televiziya və
Radio Şurasının böyük
əks-səda doğuran
Türkiyədə istehsal
olunan serialların dublyaj edilməsi ilə bağlı qərarın əleyhinə
çıxaraq, etirazını
kəskin şəkildə
bildirib söylədi:
"Azərbaycan bu gün türk xalqlarının qurultayına
evsahibliyi edir. Azərbaycan xaricdəki Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə
fəaliyyətini önə
sürən və bunun üçün addımlar atan bir ölkədir. Belə olan halda bu cür
qərarların qəbul
edilməsi anlaşılmazdır...
Bir millətin yalnız
bir dili ola bilər".
Avropa Şurasının Parlament
Assambleyasında Azərbaycan
nümayəndə heyətinin
üzvü kimi çıxışlarında yenə
millətinin haqqının
müdafiəsinə qalxaraq
bu illər ərzində ona verilən imtiyazlardan istifadə edib var qüvvəsi ilə bu xalqın mənafeyi üçün
çalışmaqdadır. Heç zaman itirmədiyi sadəliyi ilə bu xalqın içində olub, çəkinmədən xalqın
etirazlarını müəyyən
instansiyalara bildirməkdən
usanmır. Nəinki Avropada, bütün dünyada bir diaspora komitəsinin bütövlükdə
görə biləcəyi
işlərin öhdəsindən
bəzən təkbaşına
gəlir.
Mən,
xalqımı və məni həm Azərbaycanda, həm də Azərbaycandan xaricdə haqqımızı
və hüququmuzu müdafiə etmək iqtidarında olan millət vəkili kimi Qənirə Paşayevaya böyük ümidlər bəsləyirəm.
Qənirə Paşayevanın
qeyrəti, şərəfi
və namusu ilə yüksək postlarda oturub şəxsi mənafeyini güdən bir çoxlarından üstünlüyünə
görə daha məsuliyyətli işlərə
cəlb olunmasına ümid edirəm. Ümidlərimin doğrulacağına
inanıram. Həmkarım
olaraq onu bütün uğurlarında,
işlərində dəstəkləyirəm.
Azərbaycanın hər
yerdə belə gənc, səriştəli,
layiqli mütəxəssisə
ehtiyacı var. Ağır
məsuliyyətləri zərif
çiyinlərində daşıdığına
görə atalarımızın
necə də haqlı olaraq söylədiyi kəlamın
böyüklüyünə, qüdrətinə bir daha heyrət edirəm.
Bu zəhmətkeş və mərd bacımız üçün ağır günlərdir. Amma əminəm ki, o, bu ağır günlərdən də keçəcək və o gülər üzlə bizə qayıdacaq. Bütün dualarımız onunladır.
Afaq
MUSTAFA
525-ci qəzet.- 2023.- 27 sentyabr.- S.11.