Güney Azərbaycanda ana dili məsələsinə
bir baxış
YAXUD ŞAİR HADİ QARAÇAYIN DİL VƏ
ƏLİFBA MÜCADİLƏSİ
I YAZI
Çağdaş Güney Azərbaycan poeziyasını
yaradanlardan, türk dünyasında tanınıb-sevilən, ədəbiyyatımızın
güclü şairlərindən biri olan Hadi Qaraçay
1966-cı ildə Güney Azərbaycanda, Suyarı (rəsmən
Siyəhrud) kəndində doğulub. 1990-cı illərədək
Arazın güney sahilində dayanıb həsrətlə
baxdığı Naxçıvanın Ordubad şəhəri
ilə üz-üzə olan Suyarı kəndində
yaşayıb. 1976-cı ildə ilk dəfə Suyarı məktəbində
I sinfə gedib. Tam orta təhsilini isə Ələmdar şəhərində
fars dilində alıb. Çox istəsə də, Hadiyə
ali təhsil almaq, hansısa bir sahənin kamil bir mütəxəssisi
kimi yetişmək nəsib olmayıb. Hüquqları əlindən
alınıb haqqı tapdalanan milyonlarla soydaşı kimi, ali
təhsil almaq istəyi onun da qəlbində əlçatmaz
arzuya, bütün ömrü boyunca heç əskilməyən
nisgilə dönüb və o, çox gənc
yaşlarından işləmək məcburiyyətində
qalıb. Öncə Təbrizdə, daha sonra Vətənin bu
tayında - Quzey Azərbaycanda fəaliyyət göstərməli
olub, burada ömrünün beş-altı ilini
Qızıldaş daş karxanasında fəhlə işləməklə
keçirib...
Bir çox soydaşları kimi, onun da taleyinə Vətəndən
didərginlik, mühacirlik həyatı
yazıldığından Hadi Qaraçay bu gün yurdundan
xeyli uzaqlarda, soyuq Skandinaviya ölkəsi Norveçin Sandnes
şəhərində yaşayır. O, Sandnes şəhərində
taksi sürücüsü işləyir, halal zəhməti
ilə dolanır. Ticarətlə uğraşan babası Cəfərqulu
bəy Şərqi Azərbaycanın Culfa mahalının
siyasi və mədəni həyatında fəal iştirak edən
şəxslərdən biri olub. Suyarı kəndinin, eləcə
də bütün mahalın ilk məktəbini məhz Cəfərqulu
bəy öz pulu ilə tikdirib. Sonralar bu məktəbin
adı dəyişdirilsə də, nə xoş ki, hələ
də fəaliyyətini davam etdirir. 21 Azər hərəkatının
öncüllərindən olan atası Səlim bəy isə
1945-ci ilin 9 aprelinə kimi hərbçi, ordu zabiti vəzifəsində
olub. Lakin Tehran Universitetində Nasir Mir Fəxrayı tərəfindən
Məhəmməd Rza Pəhləvi şaha qarşı terror
aktı törədiləndə onun da taleyi dəyişir.
Uğursuzluqla sonuclanan terror hadisəsindən sonra
keçmişdə müxalifətçi olan bütün
zabitlər işdən azad edilir. Hadinin atası Səlim bəy
də terrorla bağlı günahlandırılaraq ordu
sıralarından çıxarılır. O, düz on il
Suyarı kəndində işsiz-gücsüz yaşadıqdan
sonra, Culfa gömrüyünün arxiv idarəsində işə
götürülür və ömrünün sonunadək
burada çalışır. Anası Mədinə xanım isə
evdar qadın olub. "Öz dilimdə oxul görmədim, kino
görmədim, kitab görmədim. Öz dilimdə yalnız
anamın nağıllarını dinlədim bütün
uşaqlığım boyunca. Gəncliyimdə Ana dilinin
gözəlliklərinə vuruldum. Qoşuğun
axıcılığı, səslərin uyuşumu, ahəngi
məni özünə çəkdi və şeir yazmağa
başladım. Öz dilində yazmağın dadına
vardım. Bu dili, bu yazını, bu ədəbiyyatı sevdim,
sevdim, sevdim..." - deyən Hadi Qaraçay
qarşısına qoyduğu hədəfə çatmaq,
qutsal amaca yetmək istəyindən bircə anlıq da vaz
keçməyib... Ana dilini, Azərbaycan ədəbiyyatını
digər qələmdaşları kimi sərbəst şəkildə
öyrənib. Radio dalğalarında səsləndirilən
Quzey Azərbaycan ədəbiyyatı örnəklərini, ədəbi
dildə yayımlanan proqramları dinləyib, çətinliklə
əldə etdiyi kitabları oxuyub və dilini gəlişdirib...
Beləliklə də, şeirlərini dünyada hər
şeydən çox sevdiyi, ən yüksək dəyər
verdiyi ana dilində - Azərbaycan türkcəsində
yazmağa başlayıb. Ana dilinin şirinliyini dada-dada
zaman-zaman qələmə aldığı şeirlərini
iyirmi dörd yaşında ikən bir araya gətirmək qərarına
gəlib və "Beçələr banlayanda" adlı
ilk şeirlər kitabı 1990-cı ildə Tərbizdə əlyazma
şəklində basılaraq yoldaşları və yaxın
dostları tərəfindən xalq arasında yayılıb.
1995-ci ildə həmin kitabı bir sıra yeni şeirlərini
də əlavə edərək eyni adla Almaniyanın Kempler
şəhərində təkrar çap etdirib.
"Badamlıqlar" adını verdiyi ikinci
kitabı 2005-ci ildə yenə də Almaniyanın Köln
şəhərində nəşr olunub. Ulusal savaşın
sevimli adı olan milli fəal Səid Mətinpura sunduğu
şeirlərinin də yer aldığı "Tamudan gələn
səslər" adlı üçüncü kitabı isə
bütün çap işlərini üstlənən yetənəkli
şair-publisist Ramin Cabbarlının köməyi ilə Təbrizdə
gizli şəkildə basılaraq yayılıb.
Təəssüflər olsun ki, Güney Azərbaycanda
ana dilinin - türkcənin uzun illər boyu yasaqlanması, məktəblərdə
təhsilin fars dilində olması öz fəsadlarını
verib, ədəbi dilin inkişafını büsbütün
ləngitmişdir. Rza şah Pəhləvi hakimiyyətə gəldikdən,
yəni 1925-ci ildən sonra Azərbaycan türkcəsinin rəsmi
şəkildə qadağan olunmasının, xalqın milli
haqq və hüquqlarının əlindən
alınmasının əsas səbəbi hakim rejimin və tərəfdarlarının
başlatdıqları iranlılaşma - farslaşdırma
siyasətində idi. Bu antibəşəri siyasət Hadi Qaraçayın
da ana dilində təhsil almaq arzusunu gözündə qoyub və
könlündə heç vaxt sönməyən, alovu
bütün varlığını qarsalayan bir həsrət
ocağı çatıb. Gəldiyi haqlı qənaətə
görə, İranda türkcə yazmaq və ədəbi əsərlər
yaratmaq özü-özlüyündə siyasi fəaliyyətdir.
Eyni zamanda siyasi görüş və düşüncələrin
ədəbi əsərlərin məzmununa daxil edilməsinin
Güneydə bir problem olmadığını da vurğulayan
şair əsərlərində siyasi mövzulara
toxunmağı pis və ya yaxşı bir hal kimi qabartmır,
ancaq siyasi motivi necə işləməyin, ədəbi
müstəviyə hansı səviyyədə gətirməyin,
hansı söz və kəlmələrlə ifadə etməyin
önəmli olduğuna özəlliklə diqqət çəkir.
Yaranmış vəziyyətdən çıxış
yolunu isə dünyanın harasında yaşamasından
asılı olmayaraq hər bir türkün anlamaqda çətinlik
çəkməyəcəyi ortaq türkcənin
yaradılmasında görür.
Vətənpərvər şair: "XX əsrdə
elin, ulusun dilində olan sözlərlə yetinmək olmaz, ona
görə də yeni sözlərin yaradılmasını
sağlayacaq bir dil qurumu yaratmalıyıq. Dil qurumu dilimizin
köklərinə, özəlliklərinə dayanaraq yeni anlamlara,
yeni nəsnələrə uyğun ad qoymaqla ilgilənməlidir.
Günümüzdə belə bir qurumun yaradılma
olanağı olmadığı üçün dilimizdə
gedən dəyişmələr olağanüstü
çalışmalara, bir neçə aydının özəl
çalışmalarına, başqa sözlə,
örgütləndirilməmiş bir biçimdə gedir. Bunun
da verdiyi sonuc çox azdır" - deyir və V.Humboldtun
"Dil xalqın ruhunun təzahürüdür; dil onun ruhu,
ruh isə onun dilidir" tezisinə önəm verir.
Əlbəttə, danılmaz bir gerçəkdir ki,
dil bir xalqın, millətin varoluşunun əsasıdır.
Bir milləti məhv etmək üçün onun dilini əlindən
almaq kifayətdir. Tarix bu acı gerçəyi çoxdan
sübuta yetirib. Söz yox ki, bu gün Güney Azərbaycanda
yaşayan soydaşlarımızın üzləşdikləri
çətinliklərin bir çoxu, o cümlədən, ana
dilindən istifadə hüququnun məhdudlaşdırılması
ilə bağlı reallıqlar siyasi motivlidir. Ümumiyyətlə,
İran dövlətinin dil siyasətinə uyğun gəlməyən
kitabların bu ölkədə nəşri qadağandır və
latın əlifbası da Güneydə yasaq əlifbadır.
Odur ki, burada latın əlifbasında yazıb-oxumağı
bacaranları barmaqla saymaq olar. Toplumda nüfuz sahibi olan bir
sıra adamların ərəb əlifbasına məlum səbəblərdən
rəğbəti də bu işə öz təsirini göstərir.
Bu baxımdan ədəbi ictimaiyyət
çaşqınlıq içərisindədir. Latın əlifbasına
keçilsinmi, keçilməsinmi? Bu suala cavab tapmaq onlar
üçün müşgülə çevrilib, Hadi
Qaraçay kimi qəti fikir söyləyənlər isə
demək olar ki, azdır. Onun üçün ən önəmlisi
ana dilində düşünmək, bu dildə danışmaq
və yazmaqdır. Ana dilinə, latın əlifbasına bu qədər
önəm verib üstündə əsməsi, bəlkə də
dilin bir xalq kimi varolmanın, millət-ləşmənin
çox mühüm amili olduğunu dərindən
anladığına görədir: "Tarix boyunca yalnız Azərbaycan
türkləri deyil, əksər türk xalqları eyni taleyi
yaşayıblar. Bir müddət farsın, rusun əsarəti
altında olublar. Özəlliklə də Rusiyanın tərkibində
yaşayan xalqların dil və əlifba tarixlərinə nəzər
salsaq, onlarda əlifbanın bir neçə dəfə dəyişildiyinin
şahidi olarıq. Mən çox böyük cəsarətlə
deyərdim ki, həmin xalqların əlifbalarının belə
dəyişməsi, şübhəsiz, siyasi bir məsələdir.
Və biz bu gün əlifbamızın dəyişməsindən
danışırıqsa, latın əlifbasına keçmək
istəyiriksə, bunun da mahiyyətində siyasi motiv
dayanır. Yəni buna belə rəng verirlər, bunu bizi
İrandan ayıran əsas, önəmli amil hesab edirlər.
Ərəb əlifbası bizi İrana ictimai-siyasi bağlarla
bağlayır, bizi o çapın içində saxlayır,
latın əlifbasına keçməklə böyük
türk dünyasına qovuşmuş olarıq..."
İctimai sabitliyin, milli birliyin, türk xalqları ilə
siyasi, ədəbi-mədəni ilişgilərin
qurulmasında əlifbanın rolunu xüsusi olaraq qeyd edən
H.Qaraçay İran dövlətinin məhz bu səbəbdən
də öz ərazisində latın əlifbasında kitab
çapına qadağa qoymasını bunun siyasi nəticələrini
daha öncədən görə bilməsi ilə
bağlayır. Digər tərəfdən
soydaşlarının "Belə yazmağa
alışmışıq, öyrəşmişik!" deyərək
hələ də ərəb əlifbasında yazmalarına da
laqeyd qala bilmir və: "Latın əlifbasında
yazmağın siyasi mahiyyətini anlamalı, bunu dərk etməli
və ona əməl etməliyik!" - deyə
hayqırır...
Hadi Qaraçaya görə, doğma dili
qorumağın, yaşatmağın öz yolları vardır
və bu işdə sadə insandan tutmuş, dil mütəxəssislərinədək
hamı eyni nöqtəyə vurmağı bacarmalıdır.
Xüsusən də ədəbi ictimaiyyətin üzərinə
bununla bağlı böyük iş
düşdüyünün, ədəbi dil normaları haqda
yanlış anlayışların da narahatlıq
doğurduğunun fərqindədir.
Etiraf edək ki, bu gün Azərbaycan türkcəsinin
problemləri də az deyil. Başlıcası, Hadi
Qaraçayın də qeyd etdiyi kimi, insanların çoxunun
gəlmə sözlərə üstünlük verməsi,
daha doğrusu, yad sözlərə, özgə dilə
vurğunluğudur. Bu məsələyə nəzarət
mexanizmini yaratmaq isə daha çətindir: "Amma
yazılı ədəbiyyat başqadır. Bizim əli qələm
tutan insanlarımızın gəlmə sözlərə
vurğunluğu dilimizə yaramazlıqlar gətirir. Dilimizə
güvən, inam itirildiyi üçün bir də
görürsən deyirlər ki, türk dili elm dili deyil,
türk dilində məsələn, tibb, riyaziyyat, həndəsə...
yoxdur. Var. Onların hamısı var. Sadəcə, onlara
çıxış şansı yoxdur. Biz dilimizi qəzet, dərgi,
kitab oxuyaraq öyrənir, ürək sözümüzü nə
bilim, şeir, qoşma... yazaraq ifadə edirik. Bu isə dil
öyrənmə metodu deyil. Dili uşağa məktəbdə
öyrədərlər, bəlli bir sistem, metodla... Dilimizdə
söz və terminlərin yaradılması ilə də
bağlı problem var, yenilərini yaratmağa
gücümüz çatmır, yaradılanı qəbul etməyənlərsə
çoxdur. Dil modernləşməlidir, bu, elə cəmiyyətin
modernləşməsidir. Bu, çox önəmlidir..."
Məhəmməd Tağı Zehtabi də
"İran türklərinin əski tarixi" kitabında
yazır ki, dilimizə qarşı yürüdülən
siyasətin içində dilimizin tarixini təhrif edərək
türk yazılı ədəbiyyatını XIII əsrin əvvəllərinə
qaytarmaqla bizə çox böyük zərbə vurdular, bu,
daha öncəki türk mədəniyyətinin
varlığını inkar etmək deməkdir.
Azərbaycan türkcəsinin təmizlənməyə,
durulmağa-arınmağa böyük ehtiyacı olduğunu
söyləyən H.Qaraçay yeni sözlərlə
yanaşı, əski sözlərin dilimizə
qaytarıl-ması yolu ilə onun söz ehtiyatının zənginləşməsinə
nail olmağı da məqbul hesab edir. Dilə söz gətirməyi
hər bir vətəndaşın mənəvi haqqı
sayır, gətirilən sözün xalq tərəfindən
qəbul edilib-edilməməsinin isə zaman məsələsi
olduğunu vurğulayır. Bu deyimlər bir şairin, bir yurd,
ana dili təəssübkeşinin doğma dilə
yanğısının bəlirtiləridir. Artıq bir
sıra Güney yazarlarının təmiz türkcədə
yazdıqlarını çağdaş dövrün gənc
yazarlarının da gördüklərini bildirən Hadi
Qaraçay dilin təmizliyini dil yaratmaq amili kimi qəbul edir.
Əlbəttə, anadilli ədəbiyyat da məhz bu dilin
qanadlarında yaranıb pərvazlanır.
Esmira FUAD
525-ci
qəzet.- 2023.- 29 sentyabr.- S.14.