Sağlığında klassikləşən fenomen
sənətkar
Onun oxumağından və səsinin şirinliyindən
heç vaxt doymadım. Məlahətli,
şirin və gur səsi hər
vaxt kaman kimi qəlbimi titrətdi. İllər öncə yazdığım
"Yoxluğunun və
səsinin xiffətini
çəkdiyim sənətkar"
adlı məqaləmdə
göstərdiyim kimi:
"Onun səsi sirri-xudadır".
Sanki qeybdən gələn bu möcüzə səs mənə indi də sirri-xuda
olaraq qalır. Aşığın təkrarolunmaz,
məlahətli, şirin
səsi qızıl səs idi. "Şirvan bülbülü"
adlandırılan Aşıq
Şakir Hacıyev görkəmli aşıq
olduğu kimi, görkəmli xanəndə
də ola bilərdi.
Lakin o, başqa yolla getdi. Akademik Ziyad Səmədzadənin qeyd etdiyi kimi, o, saz havalarını və muğamı məharətlə sintez edərək fərqli ifa tərzi yaratmağa nail oldu. Bununla da aşıq sənətinə yeni nəfəs
gətirdi.
Yaradan Aşıq Şakirə əvəzolunmaz səslə
bərabər, tükənməz
enerji də bəxş etmişdi. Aşıq Şakirin apardığı toylarda olmuş görkəmli şəxslər yazırlar
ki, Şakir heç vaxt mikrofondan istifadə etməzdi,
500-600 nəfər tutan
mağarda toyu mikrofonsuz aparardı.
Şakirin səsi imkan verirdi ki, rahatlıqla zil, bəm, orta pərdələrdə
hər aşığa
qismət olmayan şirin, məlahətli səslə oxusun. Onun bənzərsiz ifaları və zəngulələri başqa
aləm idi. O, aşıq sənətinin
zirvəsində qərar
tutan, misilsiz səs diapazonuna malik fenomen sənətkar idi.
Təəssüf ki, bu böyük
sənətkar yaradıcılığının
çiçəkləndiyi dövrdə, 57 yaşında
dünyasını dəyişdi.
Aşıq Şakir ölümü ilə təkcə şirvanlıların
deyil, bütün Azərbaycan xalqının
qəlbini göynətdi.
Təsəllini onda tapırıq ki, Aşıq
Şakir məktəb
yaradan qüdrətli sənətkar kimi, bizə hər biri bitmiş əsərə bənzər,
toylar yaraşığı
"Boylana-boylana", "Səhər-səhər", "Kəndimiz", "Bala Nərgiz", "Maral",
"Gəldi-qayıtdı", "Telli sazım", "Döymə Kərəmi",
"Kolxozun", "Nə
bağ bildi, nə də bağban", "Şakir
gözəlləməsi", "Şirvan şikəstəsi"
kimi bir-birindən gözəl, heyranedici mahnılar qoyub gedib.
Aşıq Şakirin mahnıları
indi də aşıqların və müğənnilərin dillər
əzbəridir. Gənc
müğənni Mirələm
Mirələmov aşığın
"Nə bağ bildi, nə də bağban" aşıq havasını
məlahətli səslə
oxuyur. Aşıq Şakirin şah əsəri "Şirvan
şikəstəsi"ni Aşıq
Vüqar, Aşıq Əli, Şakirin nəvəsi Aşıq Babək, müğənnilərdən
Nazpəri Dostəliyeva,
Abgül Mirzəliyev,
Mirələm Mirələmov
mikrofonla oxuduqlarına
baxmayaraq, zilə qalxanda Şakirin səsinin
şirinliyini və məlahətini ala bilmirlər.
Aşıq Şakirin gur səsinə az-çox yaxın oxuyan şəyirdi Əvəzxan
Xankişiyev və Aşıq Əli Tapdıqoğludur. Yeridir deyim ki, Aşıq Şakirin səsi, avazı, rəqsi də bənzərsiz idi. O, "Şakir gözəlləməsi"ni oxuyanda
adamın sümükləri
də oynayırdı.
Oynaq ritm sözlərə, sözlər
ritmə yaraşırdı:
Xub yaraşar nazlı yara,
Ağ üstündən geysə
xara.
Əsli
göyçək olanlara
Al da birdi, şal da birdi.
Heç
vaxt yadımdan çıxmaz, 1955-ci ildə
kəndimiz cərgəli
formalı kəndə
çevrildi. Küçələr
salındı, kəndə
işıq, evlərə
radio və telefon xətti çəkildi. Kənddə "Radio qovşağı"
yaradıldı. Filmlər
göstərilməyə, konsertlər
verilməyə başladı.
Əvvəllər gecələr
zülmətə qərq
olan kəndimiz şəhər kimi çıraqban oldu. O qədər yeniliklər baş verdi ki, nəyisə seçib
yadda saxlamaq çətin
idi. Yadımda iki hadisə qalıb. Birincisi, gündəlik proqramda göstərilirdi ki, axşam
saat 10-da (qışın oğlan çağı idi) Aşıq Şəmşirin
konserti olacaq. Onun adını birinci dəfə idi eşidirdik. O vaxt Aşıq Şəmşir hələ
Səməd Vurğunla
görüşməmişdi. O qədər də məşhur deyildi.
İkinci
isə Aşıq Şakirlə bağlı
idi. O vaxt kənd zəhmətkeşlərinin
xahişi ilə tərtib olunan günorta konserti olardı. Elə gün olmazdı ki, Aşıq Şakirin ifasında bir-iki mahnı verilməsin. Kənddə hamı Aşıq Şakirdən
danışırdı. Radioda
Aşıq Şakirin
ifasında ilk eşitdiyim
"Boylana-boylana" mahnısının
dadı indi də damağımdan getməyib. Sonralar öyrəndim ki, Şakir
Hacıyev aşıqlığa
cəmisi 6-7 il əvvəl,
1947-ci ildə başlayıbmış.
Hər dəfə Qarabağ müharibəsi zamanı Xudayar Yusifzadənin oxuduğu "Vətən
yaxşıdır" mahnısı
səslənəndə gözlərim
önünə Aşıq
Şakir gəlir. Dörd il İkinci Dünya müharibəsində
iştirak edən gənc Şakir, şübhəsiz, "Şirvan
şikəstəsi" ilə
əsgərləri qəmləndirib,
oynaq havaları ilə əyləndirib. Əsgərlikdən qayıdan
kimi aşıqlığa
başlayıb, qeyri-adi
istedadı sayəsində
tezliklə məşhurlaşıb.
Aşıq Şakir yeganə
aşıqdır ki, Azərbaycan
Ali Sovetinə deputat seçilib. Ali Sovetin deputatlıq vəsiqəsini
və döş nişanını Şakirə
aşıq sənətinin
vurğunu Səməd
Vurğun təqdim edib.
Aşıq Şakir bütün
aşıq mühitini
və aşıq yaradıcılığını izləyir və ondan bəhrələnirdi.
Şakirin "Gəldi-qayıtdı"
havasının sözləri
Aşıq Hüseyn Bozalqanlıya, "Boylana-boylana"
mahnısının sözləri
isə Aşıq Hüseyn Cavana məxsusdur.
Aşıq Şakiri ilk dəfə
1957-ci ildə Bakının
Dağlıq parkında
görmüşdüm. O vaxtlar
parklarda, xüsusən
də kinoteatrlarda filmləri göstərməzdən
əvvəl 15-20 dəqiqə
müğənnilər oxuyardılar.
Şakirin oxumağını
əvvəllər az-çox
eşitmişdim. Dağlıq
parkda məzəli bir mahnı oxudu. Əslində, bu, bir səhnəcik
idi. Aşıq rusca, gürcücə, özbəkcə, ermənicə,
ləzgicə mahnı
oxudu. Parkda yığışanların gülməkdən
gözlərindən yaş
gəlirdi. Sən demə, Şakir məclisi ələ almaq üçün bu məzəli səhnəciyi göstərirmiş.
Məclisi ələ aldıqdan sonra sevimli mahnılarını
oxumağa başladı.
Hər havadan sonra sürəkli alqışlar kəsilmək
bilmirdi. Az sonra meydança tamaşaçılarla
doldu. Şakir cavan idi, oxumaqdan
yorulmurdu.
O vaxtdan Aşıq Şakirin səsinin və sənətinin vurğunu olmuşam.
Şakirin vəfatından 50 ilə
yaxın vaxt keçməsinə baxmayaraq,
bu gün də səsinin və yoxluğunun xiffətini çəkirəm.
Bir dəfə maşında gedərkən Tovuzdan
olan Aşıq Xanlar Məhərrəmovun yaradıcılığına
həsr olunmuş verilişi dinləyən və sonradan verilişlə bağlı
fikirlərini mənimlə
bölüşən akademik
Vasim Məmmədəliyevin
aşıq sənətinə
dair heyrətamiz bələdliklə mülahizələr
yürütməsi məni
heyran etdi. "Vasim müəllim, bizim mayamız sazla-sözlə tutulub, sizinki isə tarla, muğamatla. Sizdə aşıq sənətinə belə
məhəbbət hardandır?"
- deyə soruşdum. Vasim müəllim: "Aşıq Şakirdəndir
- dedi, - Bakı toyları Zülfü Adıgözəlov, Yaqub Məmmədov və Aşıq Şakirsiz keçməzdi. Aşıq
Şakirin qəlbləri
titrədən muğam
oxumağı da vardı.
Hər dəfə Şakirin "Şirvan şikəstəsi"ni eşidəndə
kövrəlirəm, gözlərim
yaşarır".
Əlli
ilə yaxındır,
aşıq sənəti
ilə bağlı tədqiqatlar aparıram. Aşıq Mikayıl Azaflının həyat və yaradıcılığından
bəhs edən 760 səhifəlik "Qoca Azaflıyam" adlı
kitab nəşr etdirmişəm.
Aşıq Aydın Çobanoğlunun həyat
və yaradıcılığını
əhatə edən
448 səhifəlik "Ömrün
etməyəcək vəfa
dedilər" adlı
kitab buraxmışam. Başda
Dədə Ələsgər
olmaqla, görkəmli
sənətkarlara məqalələr
həsr etmişəm.
Demək olar ki, əksər aşıqlardan
bəhs edən tədqiqatlarla tanışam.
Odur ki, tam səmimiyyət
və ciddiyyətlə
deyirəm, Aşıq
Şakirin həyat və yaradıcılığına
həsr olunan əsərlər qədər
heç bir çağdaş və klassikləşmiş aşığa
əsərlər həsr
olunmayıb.
Professor Seyfəddin Qəniyev və Yaqut Bahadurqızı
Aşıq Şakirə
layiq monoqrafiyalar yazıblar. Səriştəli
və peşəkar jurnalist Tofiq Abdullayevin "Aşıq
Şakiri ürəklərdə
axtarın" adlı,
588 səhifəlik əsəri
isə sənətkara
ucaldılmış abidədir.
Müəllif uzun illər üzərində
işləyərək aşıq
yaradıcılığı ilə məşğul olan qələm sahiblərinə nümunə
və örnək olmaq baxımından qiymətli bir əsər ortaya qoyub.
Bu yaxınlarda Folklor İnstitutunun "Aşıq
sənəti" binasında
Aşıq Şakirin
anadan olmasının
100 illiyi və Tofiq Abdullayevin kitabının təqdimatına
həsr olunmuş yığıncaq keçirildi.
Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun rəhbərliyi ilə keçirilən məclisdə
Aşıq Ağamurad
Şirvanlı, Aşıq
Şakirin nəvəsi,
Aşıq Babək və başqaları böyük məhəbbətlə
ustadın mahnılarını
ifa etdilər. O ki qaldı Tofiq müəllimin kitabının
təqdimatına, yığıncaqda
Aşıq Şakiri şəxsən tanıyan,
apardığı toylarda
iştirak edən mötəbər şəxslər,
ağsaqqallar, o cümlədən,
mən çıxış
edərək göstərdik
ki, Tofiq Abdullayevin kitabı tarixdə qalan kitabdır, Aşıq Şakirə layiq töhfədir. Kitabda 165 görkəmli bəstəkarın, xanəndənin,
müğənninin, alimin
və başqa qələm sahiblərinin
məqalələri toplanıb.
Şakiri
tanıyan və sənətinə valeh olan bu qədər
ziyalıya müraciət
edərək məqalə
yazmağı xahiş
etmək, məqalələri
toplayıb müəlliflərin
şəkilləri ilə
kitaba daxil etmək çox böyük vaxt və zəhmət tələb edən bir işdir. Aşıq Şakirin səsini, sənətini və ifalarını çox sevən ziyalıların şəkillərini
toplayıb "Aşıq
Şakirə pərəstiş
etmiş məşhurlar"
bölümündə ayrıca
verməsi müəllifin
Şakir sənətinə
vurğunluğundan irəli
gəlir. Burada Bülbül, Zülfü
Adıgözəlov, Mirzə
İbrahimov, Əliağa Vahid, Süleyman Rüstəm,
Nazim Hikmət, Məmməd
Rahim, Tofiq Bayram, Mirmehdi
Seyidzadə, Əzizə
Cəfərzadə, Hacıbaba
Hüseynov, Cəmşid
Əmirov, Sadıq Hüseynov, Aşıq Ədalət Nəsibov, Hacı Mail, Əliabbas Qədirov, Azad Talışoğlu,
Əlibala Hacızadə,
Məmmədbağır Bağırzadə
və xalq tərəfindən sevilən
başqa ziyalılar daxildir. Elə buradaca deyək ki, Aşıq Şakirin saysız-hesabsız pərəstişkarları
bütün ölkəni
əhatə edir. Onun toy apardığı şəhər, rayon və
kəndlərin coğrafiyası
çox geniş olub. Buraya Bakı,
Abşeron kəndləri,
Şamaxı, Ağsu,
Kürdəmir, İsmayıllı,
Ucar, Hacıqabul, Salyan, Əlibayramlı (indiki Şirvan), Gəncə, Şəki, Quba kimi şəhər,
rayon və kəndlər
daxildirlər.
Elə aşıqlar var ki, bir kəndə toya bir dəfə dəvət olunur. Camaat bəyənmədiyinə
görə bir daha o kəndə toya çağırılmır.
Lakin elə olub ki, Aşıq Şakir bir kəndə 5-10 dəfə toya dəvət edilib. Aşıq Ağamurad Şirvanlı yazır ki,
Aşıq Şakir onun doğma kəndi Mirzəngəlidə
1975-ci ildə dörd
nəfərin toyunu edib. Aşıq onların adlarını
da, toy olan tarixi də göstərib.
Professor Sifariz Səbzəliyev qeyd edir ki, bizim
Ağsu rayonunun Qaraqoyunlu kəndində Aşıq Şakir 11 toy aparıb. Əməkdar müəllim Səbzəliyev
evlənənlərin adlarını,
toyların olduğu tarixi də göstərib. Elə bu faktın özü Aşıq Şakirin yaddaşlarda və könüllərdə
yaşadığından xəbər
verir.
Aşıq Şakirə həsr
edilmiş bir çox məqalələrdə
onun toy məclislərində
olmuş məşhurlar
yazırlar ki, o, 500-600 adam
tutan mağarda toyu mikrofonsuz aparardı. Doğrusu, bu, mənə, bəlkə başqalarına
da bir az mübaliğəli görünürdü.
Lakin Aşıq Şakirin
şəyirdi Əvəzxan
Xankişiyevin məqaləsi
bütün şübhələri
aradan götürür.
Əvəzxan yazır:
"Aşıq Şakirin
çox gözəl,
dolu səsi vardı. Bu səs mikrofon-filan tanıyan səs deyildi. O, ömrü boyu mikrofon görmədi, mikrofon nə olduğu ilə maraqlanmadı. Mənim bir mikrofonum vardı. Şakirlə toylara gedəndə həmin mikrofonu özümlə götürərdim.
Axı, Şakirin səsindən sonra mənim səsim, mənim oxumağım camaata necə çatardı? Bir dəfə
rəhmətlik mikrofonumu
görüb maraqlandı.
Mən mikrofondan 15-20 santimetr aralı durmuşdum, o isə azı bir metr.
Mənim səsim çətinliklə çatırdı.
Şakirin səsi isə az qala
mikrofonu dağıdacaqdı.
Çox gur səsi vardı. Toydan sonra mikrofona
diqqətlə baxdı
və yarızarafat-yarıciddi
başını bulayaraq
dedi: "Ayə, Əvəzxan, ayə, biz indiyəcən əməlli-başlı
zülm çəkmişik
ki".
Mərhum
qələm dostumuz İntiqam Mehdizadənin məqaləsində maraqlı
fakta rast gəlirik. O göstərir
ki, Aşıq Şakirin
apardığı toylarda
vaxt həddi, ölçüsü yox idi. Adətən axşam saat 10-11-ə qədər məclisi xanəndə aparardı. Məclisdə zurna-balaban səslənərdi, rəqs
havaları çalınardı.
Axşam saat 10-11 olanda Aşıq Şakir gələrdi mağara və toyxanada şahlıq edərdi.
Təəssüf ki, məqalədə Aşıq Şakirin nə qədər oxuduğu bilinmir.
Bunu biz Vətən Kərimovun yazısından görürük.
O yazır: "Yadımdadır,
Aşıq Şakir
toy məclisində səhərə
qədər oxuyardı".
Fəxrəddin Veysəllinin yazısında
isə Aşıq Şakirin məclisi gecə aparmağına işarə var: "Məlumdur
ki, aşıqlar dastanı
axşam düşəndən
sonra danışarlar.
Aşıq Şakirin
apardığı məclislərdən
doymaq olmurdu. Başladığı dastanın
müəyyən bir hissəsini deyəndən
sonra, keçirdi onun gözəlləməsinə.
Rəqslə həmin
hissəni başa çatdırardı. Özü
də ayaq barmaqlarının üstündə
dayanaraq çevik hərəkət edirdi.
Sonra da səsini həddən
artıq ucaldıb oxuduğu mahnının
yeni hissəsinə keçirdi.
Bu da məclis əhlinin
hədsiz marağına
səbəb olurdu".
Beləliklə, məlum olur
ki, o, XX əsrin ikinci
yarısında dastançılıq
ənənələrini yaşadan
azsaylı aşıqlardan
biri olub. Aşıq Şakirin repertuarı zəngin və rəngarəng olduğundan sənətini
Azərbaycanın əksər
bölgələrində, Bakı
və Bakı kəndlərində sevirdilər.
Tofiq Abdullayevin "Aşıq
Şakiri ürəklərdə
axtarın" adlı
çox maraqlı kitabında yer alan məqalələrdən
seçib verdiyimiz hissələr də deyilənləri təsdiqləyir.
Əminəm ki, şakirsevərlər görkəmli şəxsiyyətlərin
səxavətlə yazdıqları
məqalələrindən seçib təqdim etdiyimiz, Şakir sənətinə verilən
qiymətli fikirləri
böyük maraq və məmnunluqla oxuyacaqlar.
Vasif Adıgözəlov: "Atam
Aşıq Şakirin
vurğunu idi. Onun səsindən ötrü olürdü. Hər dəfə Şakirin mahnılarını
eşidəndə deyərdi:
"Adə, nə şirin oxuyur. Bu nə gözəl oxuyur".
Aşıq Şakirin o qədər
gözəl, məlahətli
səsi vardı ki, mən onu dinləməkdən
doymurdum".
Bülbülün həyat yoldaşı
Adilə xanım:
"Bülbül Aşıq
Şakirin sənətinə
pərəstiş edirdi.
Şakirin səsini, avazını çox bəyənirdi".
Aşıq Şakirin balabançısı
Araz Şıxəliyev:
"Əliağa Vahid Aşıq
Şakirin vurğunu idi. Bakı kəndlərində Şakirin
apardığı əksər
toylara gedirdi...
...Şakirin "Şirvan şikəstəsi" Xan əmini
kövrəltdi".
Oktay Rəcəbov: "Səsdəki
məlahət, şirinlik,
boğaz xırdalıqları,
sözlərin aydın
və rəvan tələffüzü, eləcə
də zil, bəm, orta səs imkanları - bunların hamısı Aşıq Şakirə xas idi. Aşıq
Şakirin gözəl
zəngulələri vardı.
Səsin səsdən
fərqi var. Səs
var ki, güclüdür, amma
şirinliyi yoxdur. Səs də var ki, nisbətən zəifdir, amma şirindir, məlahətldir. Aşıq
Şakirdə isə səs həm güclü idi, həm də şirin və məlahətli. Odur ki, bu səs, bu
ifa dinləyiciləri
valeh edirdi".
Təvəkkül Səlimov: "Musiqidən,
xüsusən də aşıq musiqisindən başı çıxan hər kəs bilir ki, Şakir aşıq sənətində
bir epoxa idi".
Şəfiqə Axundova: "Aşıq
Şakirin ifa etdiyi mahnıların hamısı bir-birindən
gözəl, heyranedici
idi. Şakirdə gözəl, məlahətli
səs vardı".
Əlibaba Məmmədov: "Mən
Aşıq Şakirin
sənətinə, sözün
əsl mənasında
aşiq idim".
Habil Əliyev: "Musiqi aləmində iki səs xoşuma gəlib. Biri Xan Şuşinskinin,
biri də Aşıq Şakirin. Aşıq Şakir xanların məclisinə
layiq sənətkar idi. Şakirin sənəti yarımçıq
qaldı. Bir onu bilirəm ki, xalq Aşıq Şakirdən
doymadı".
Arif
Babayev: "Aşıq Şakir
oxuyanda adam ona qulaq asmaqdan
doymurdu, yorulmurdu. Mən onun sənətini
çox sevirdim. Aşıq Şakiri xalq sevirdi. O, öz sənəti ilə xalqın qəlbinə hopmuşdu".
Alim Qasımov: "Bir sənətkar
kimi mənim qidalandığım ilk mənbə
Aşıq Şakir olub. Aşıq Şakirin səsi Allah vergisi idi. O, elə bir sənət
qoyub gedib ki, dünya durduqca duracaq".
Aşıq Ədalət: "Mən
Aşıq Şakirin
böyük sənəti
qarşısında səcdə
qılıram. O, XX əsrə
öz sənətilə
gözəl naxış
vurdu".
Aydın
Kazımzadə: "Elə
aşıq var ki, müəyyən
bir bölgədə,
bəlkə də məhdud bir çərçivədə tanınır.
Aşıq Şakir isə Azərbaycanın bütün bölgələrində,
rayonlarında, Bakıda,
Abşeronda eyni dərəcədə tanınan
və sevilən sənətkar idi".
Ağaxan
Abdullayev: "Aşıq Şakir
kimi sənətkarlar həyatda tək-tək olur. Abşeron kəndlərində onun sənətinə vurğun
idilər. Şakirin oxuduğu toylar uzun illərdir yaddaşlarda qalıb. O oxuyanda adam donub
qalır. Pərvərdigarə,
necə şirinlik, necə gözəllik olarmış səsdə.
500-600 adam tutan toyxananı Şakirin gur, şaqraq səsi necə də doldururdu. Mən bunların şahidi olmuşam. Mən Aşıq Şakir sənətinin vurğunuyam".
Kamil Cəlilov: "Mən Aşıq Şakiri lap cavan yaşlarımdan görmüşəm. O, bizim
Buzovna kəndində çox toylarda olub. Elə o vaxtdan vurulmuşdum onun "Şirvan şikəstəsi"nə. "Şirvan şikəstəsi"nə
o qədər valeh olmuşdum ki, onu qaboyda da səsləndirmək
istədim və başladım çalmağa.
Çaldım, amma çox çətin oldu. Nəticə uğurlu oldu. Camaat mənim çaldığımı bəyəndi.
Qaboyda çaldığım
"Şirvan şikəstəsi"ni
lentə yazdırdım
və diskin üstündə belə bir cümlə yazdırdım: "Mən
bu ifamı Aşıq Şakir Hacıyevə həsr edirəm".
İlqar
Fəhmi: "Aşıq
Şakirin sənəti,
ifaları həmişə
böyük hörmətlə
qarşılanıb. Çünki
o, fitri istedad sahibi idi. Aşıq
Şakirin adı bu gün də
dillərdən düşmür".
Oktay Şamil: "Aşıq Şakirin sənəti o qədər güclü idi ki, hətta Şirvan aşıq məktəbinin sayılıb-seçilən
simaları Pənah Pənahov, Məmmədağa
Babayev də Şakirin
cazibəsindən qopub
ayrıla bilmirdi. Aşıq Pənah Şakirin "Boylana-boylana"sına
nəzirə kimi "Dolana-dolana" mahnısını,
Məmmədağa isə
"Nə bağ bildi, nə də bağban" havacatında "Beş də birdi, üç də birdi" aşıq havasını lentə aldırdı".
Məhərrəm Qasımlı: "Aşıq
Şakirin təkcə
gözəl ifaçılığı,
aşıqlıq istedadı
bir məktəb deyildi, onun insanlığı
da, ürəyi də,
duyğuları da bir məktəb olaraq qalmaqdadır".
Rasim Balayev: "Aşıq Şakirin Filarmoniyada konserti olduğu gün burada insan sıxlığını,
üzlərdəki sevinci,
fərəhi görəndə
insanların Şakirə
olan məhəbbətini,
marağını bir
daha yaxından hiss etdim. Düşündüm
ki, doğrudan da əsl
sənət, əsl istedad bax, bu
cür cəlbedici olur, sevilir".
Elxan Məmmədli: "Aşıq
Şakirin böyüklüyü
ondadır ki, o, oxuyanda
ən qeyri-adi istedada malik olan sənətkarları belə
unudursan, yalnız Aşıq Şakirin sənət dünyasına
qərq olursan, bir növ ətrafdan
təcrid olursan".
İslam Rzayev: "Aşıq Şakir sənətinin pərəstişkarlarından biri
də mənəm.
Bir gün eşitdim
ki, Filarmoniyada Aşıq
Şakirin konserti var. Sevincək getdim. Şakir oxuduğu mahnını sona yetirər-yetirməz zal ayağa durdu. Onu da deyim ki, konsertdə hər aşığa, hər xanəndəyə ayağa
durmurlar. Şakir bir saatdan çox
idi ki, oxuyurdu, alqışların bu yerində Şakir səhnə arxasına keçdi. Beş dəqiqə ləngidi. Beş dəqiqə idi ki, zalda fasiləsiz
əl çalırdılar.
Şakir təkrar-təkrar
səhnəyə qayıtmalı
oldu. Şakir gördü ki, tamaşaçılar
yenə də əl çəkmirlər,
yorulsa da, təzədən
çıxdı səhnəyə.
Bayaqdan bəri kəsilməyən alqışlara
cavab vermək xatirinə bir neçə ağız oxudu və xüsusi
hörmətlə, ehtiramla
təkrar-təkrar baş
əyib getdi. Alqış sədaları
yenə də kəsilmək bilmirdi. Bu məqamda aparıcı səhnəyə çıxıb
yalvarıcı səslə
dedi: "Ay camaat, siz Allah, insafınız olsun, yeddinci dəfədir çağırırsınız,
axı, o da yorulub".
Aşıq Şakir belə
sevilən sənətkar
idi və onun konsertləri həmişə belə gur keçirdi".
Xalq rəssamı Altay Hacıyev:
"Vaxtilə biz Bakının
mərkəzində - Pyotr
Montin küçəsində
yaşayırdıq. Bizim
yaşadığımız məhəllədə tez-tez
toy olardı. Çadırlar
qurulardı. Mən Aşıq Şakiri ilk dəfə yaşadığımız
Montin küçəsində
toy aparan görmüşəm.
Aşıq Şakirin
sənəti də şəxsiyyəti də
çox cəlbedici idi".
Canəli
Əkbərov: "Aşıq
Şakir heç vaxt unudulmayan, gözəl səsi, təkrarolunmaz havaları ilə sənətin zirvəsində dayanan sənətkarlardan idi. Qartal dağa, dağ da qartala yaraşdığı kimi,
Şakir də öz sənətinə, sənəti də Şakirə, eləcə
yaraşırdı".
Tahir Cəfərli: "Aşıq
Şakir bizim Baskal kəndində çox toylar aparıb. Babam Məşədi Fazil və atam Əliəşrəflə
dostluq edirdi. Babam görəmli türk şairi Nazim Hikmətlə də dost idi. Moskvaya gedəndə
Nazim Hikmətlə "Bakı"
restoranına gedirdilər.
Həmin gün yenə də "Bakı" restoranında
idilər. Gözlənilmədən
aparıcı səhnəyə
çıxaraq dedi:
"Bu gün qonaqlarımız
"VDXN-ya (Ümumittifaq
Xalq Təsərrüfatı
Nailiyyətləri) çıxış
etməyə gələn
Şirvan aşıqlarıdır.
Xoş təsadüf nəticəsində
babam Aşıq Şakiri Nazim Hikmətlə
tanış edir. Şakir Nazim Hikmətlə
tanışlığa çox
şad olur və xoş əhval-ruhiyyə ilə
"Bala Nərgiz"
mahnısını oxumağa
başlayır. Mahnı
Nazim Hikmətin çox
xoşuna gəlir. Nə ləzzətli şərqidir - deyir. Babam deyir: "Nərgiz də, Tahir də, Zöhrə də mənim nəvələrimdir. Aşıq
Şakir bu nəğməni onlara həsr edib".
Şeyx
Əbdül Mahmudbəyov:
"Ozan-aşıq sənətimizdə,
şifahi, folklor aşıq yaradıcılığında
aşıq Şakir fenomeni əzəli və əbədi bir klassik irsimizdir".
Aşıq Əhliman Şirvanlı:
"Aşıq Şakir
birinci dəfə bizim kəndə toya gələndə ayağının altında
qurban kəsildi. Sonralar da belə oldu. Mən onda 3-cü sinifdə oxuyurdum. Toyxananın ucu-bucağı görünmürdü.
Mağardan bir az aralıda təxminən 300-ə qədər
at boylanmışdı. Aşıq
Şakirin tamaşasına
ətraf kənlərdən
xeyli adam axışıb gəlmişdi.
Şakir toyxanaya girəndə hamı ayağa qalxdı".
Nizaməddin Şəmsizadə: "Aşıq Şakir aşıq sənətinin
Şirvannaməsidir. Yadımdadır,
atam və anam həmişə Aşıq Şakirin vallarını oxudub xüsusi maraqla qulaq asardılar. Hələ mən orta məktəbdə oxuduğum vaxtlarda kiçik bacı-qardaşlarıma
anam bəzən layla əvəzinə Aşıq Şakirin vallarını oxudardı.
Mən Aşıq Şakirin sənətini uşaqlıqdan sevmişəm.
Aşığın gözəl
səsi qəlbimə
hakim kəsilib".
Tələt Qasımov: "Mən
çox aşıqlar
görmüşəm, amma
deyərdim ki, Aşıq
Şakir bir dənə idi. Mən inanmıram ki, zəmanə bir də belə bir aşıq yetirə".
Ofelya Sənani: "Xalqın dilində "Ölməz
sənətkar" ifadəsi
var. Mən qəti əminliklə deyə bilərəm ki, Aşıq
Şakir ustad sənətkar olaraq bu "ölməzlər"dən
biridir".
Professor Məhəbbət Mirzəliyeva:
"Şamaxının Məlhəm
kəndində Aşıq
Şakir çox toy aparıb. Onun apardığı toylar bugünkü toy anlamında
deyil, rəqsin, musiqinin, şaqraq gur səsin bir yerdə yaratdığı möhtəşəm
bir konsert proqramı idi".
Aşıq Şakirin nəvəsi
Qətibə Mahmudova:
"Babam çox az bir ömür
sürüb. Ürəyində
nə qədər deyilməmiş, yazılmamış
qoşmalar, dastanlar yaşayırdı. Ancaq ölüm də qoy sevinməsin. Aramızdan getməsindən
illər keçsə
də, Aşıq Şakir bu gün
də hər bir azərbaycanlının
qəlbindədir".
Tofiq Abdulleyevin "Aşıq
Şakiri ürəklərdə
axtarın" kitabında
yer alan müxtəlif sənət
sahiblərinin, görkəmli
şəxsiyyətlərin Aşıq Şakirə həsr etdikləri məqalələrin ən
dəyərlilərindən seçib oxuculara təqdim etdiyimiz bu parçalarda Aşıq Şakirin həyatı, sənəti,
şəxsiyyəti ilə
bərabər, keçən
əsrin 50-70-ci illərində
baş verən real həyat hadisələri, adət-ənənələrimiz, insanların həyat tərzi, musiqimiz, aşıq sənəti, muğamlarımız və
sairə ilə bağlı zəngin
material toplanıb.
Bu, o illərə güzgü tutduğundan xüsusi əhəmiyyət kəsb
edir. Kitab cəmisi beş yüz ədəd tirajla çap olunduğundan, şakirsevərlərin çoxunun
bu abidə kitabı əldə etmək imkanı olmadığından məşhurların
Aşıq Şakiri yaddaşlarda yaşadan kəlamlarını oxuculara
təqdim etməkdən
məmnunluq duyuram.
Qəzənfər PAŞAYEV
Respublika Ağsaqqallar Şurası
İdarə Heyətinin
üzvü, Əməkdar
elm xadimi, professor
525-ci
qəzet.- 2023.- 29 sentyabr.- S.12-13.