Bektaşi təkkələrində Hürufilik və ya Fəzlullah Nəiminin Anadoluya təsiri  

 

 

 

Anadolunun din ocağı adlandırılan Konyada, demək olar ki, hər küçədə orta əsr ortodoks İslamın və onun kölgəsində yaranan bir çox təriqətlərin izlərinə rast gəlmək olur. Zaman keçdikcə bu təriqətlərin bəziləri xüsusi radikallıq göstərdiyinə görə dövlət tərəfindən qadağan olunur. Bəzilərinin üzvləri kütləvi şəkildə edam etdirilir. Bəziləri isə saraya yaxınlığı ilə seçildiyinə görə siyasi müstəviyə ayaq basır. Günümüzün Türkiyəsində hələ də bu və başqa səbəbdən yaşayan təriqətlərin sayı kifayət qədərdir. Onlar bütün ideoloji, maddi və mədəni müstəvilərdə aktivdirlər. Mövlana ibadətgahında və Mövlana muzeyində dəfələrlə rast gəldiyim hürufi qaynaqlar və simvollar qədim Azərbaycan torpaqlarında yaranan və Orta və Mərkəzi Şərqə ayaq açan hürufiliyin Anadoludakı təriqətlərə təsirini araşdırmağa sövq etdi.

Əvvəlcə onu qeyd edim ki, Azərbaycan torpaqlarında doğulmuş bir çox sufi və övliyalar Anadolu və Mərkəzi Asiyaya irfanı daşıyan əsas kəslər olublar. Məsələn, mövləvilik Təbrizli Şəmsin Mövlananı tapmasından sonra quruluş tapdı. Ahilik Xoydan türkmən çöllərinə səyahət edən, daha sonra Anadoluya, daha dəqiq desək, Nevşehir, Akşehir və Konya torpaqlarına gələn Molla Nəsrəddinlə fars irfanından qurtuldu. Osmanlının ən güclü və ən böyük təsir dairəsinə malik Bektaşi təkkəsi Şamaxılı Seyid Nəsiminin Anadoluya səfəri ilə yenidən oyandı.

Hürufiliyin banisi, hürufilərin təbirincə desək, peyğəmbəri Fəzlullah Nəimi yaşadığı dövrdə Teymurilər üçün böyük bir təhdid yaratsa da, hürufiliyin qədim şumer (İraq, Suriya) və Anadolu torpaqlarına eyni təhlükə ilə yayılması onun ölümündən, təxminən on-on beş il sonra başladı. Hürufiliyin tənəzzülü isə Fatih Sultan Mehmetin vəziri Mahmud paşanın bir gündə on mindən çox hürufini edam etdirməsi ilə baş verdi. İmadəddin Nəsiminin edamından və Mahmud paşanın əmrilə törədilən qətliamdan sonra hürufilik bir də XVI-XVII əsrlərdə özünü bektaşilikdə göstərir və bektaşiliyin də təsir gücünün azalması ilə tamamilə yoxa çıxır.

Son hürufi simvollarını oxuyanlardan biri də əslən azərbaycanlı olan məşhur türkiyəli alim Abdülbaki Gölpınarlıdır. Ona yaxın olan şagirdlərinin bəziləri Gölpınarlının hürufilik haqqında araşdırmalarının yarısından çoxunu çap etdirmək niyyətinin olmadığını deyir. Gölpınarlı hürufilik haqqında bir neçə kitab və kataloq hazırlasa da, simvolistik araşdırmalarını heç vaxt yayımlamayıb. Ölümündən sonra alimin kitabxanası öz vəsiyyətinə uyğun olaraq Konya Mövlana Muzeyinə təhvil verilir. Həmin kitabxanada məşhur hürufi müridlərin əlyazmaları mövcuddur.

Hürufiliyin nə olduğu haqqında Azərbaycanda da, xüsusilə, "Nəsimi İli"ndə çoxlu araşdırmalar aparılıb və kitablar yazılıb. Hürufiliyin əsas kitabı olan "Cavidannamə"nin hələ də dilimizə tərcümə edilməməsi isə böyük nöqsandır. Təəssüflər olsun ki, "Nəsimi İli"ndə də heç kim bu daşın altına əlini uzatmadı.

Bəs Teymuriləri qorxudan, Fatih Mehmeti dərindən təsirləndirən hürufilik Mahmud paşanın "hürufi soyqırımı"ndan sonra ikinci dəfə necə Anadoluya ayaq basdı?

Bektaşilərin XVI əsrdən etibarən hürufi inanclarını mənimsədikləri bilinir. Fəzlullah Nəiminin "Cavidannamə" əsəri bu səbəblə 1648-ci ildə Dərviş Mürtəda adlı bir bektaşi tərəfindən türkcəyə tərcümə olunur. "Dürriyyatım" adını verdiyi bu tərcümə əsərində özünün də hürufiliyə aid təhlilləri və mühakimələri yer alıb. Əlyazma şəklində həmin qiymətli tərcümə Konya Mövlana Muzeyinin kitabxanasında saxlanılır. "Cavidannamə"nin orijinal nüsxəsi isə elə Mürtəda tərəfindən 1639-cu ildə kopyalanıb və hazırda fars dilində olan bu nüsxə İstanbul Universitetinin kitabxanasında saxlanılır (869 nömrəli qeydiyyatla).

Bu günə qədər kəşf edilən ən qədim "Cavidannamə" nüsxəsi isə Süleymaniyyə kitabxanasındakı "Fatih" bölməsində 3728 nömrəli qeydiyyatla qorunur. Bu nüsxənin kim tərəfindən və konkret hansı tarixdə köçürülməsi bilinməsə də, əlyazma XV əsrin sonlarına aid edilir. Qeyd edim ki, bektaşi Dərviş Mürtədanın farscadan kopyaladığı nüsxə məhz bu nüsxədir.

"Cavidannamə"nin Nəiminin ölümündən (1394) sonra şöhrət qazandığını müridi olan başqa bir hürufidən - Seyid İshaqın qeydlərindən öyrənirik. Bu nüsxə altı dəfə təkrarlanan "İbtida" kəliməsi ilə başlayır.

Xacə İshaq Əfəndi əsərlərindən birində Nəiminin ölümündən sonra mürşidlərdən birinin Anadoluya gəlməsini, Hacı Bektaş təkkəsində oturduğunu və bektaşilərə hürufiliyi təlqin etdiyi haqqında yazır. Xacə İshaqın nişan verdiyi hürufi İslam tarixi ensiklopediyasında "Əliyyən Əl-Ala həzrətləri"dir. Yəni Əli ül-Əla. Ancaq tarixçilər bu nişanla razılaşmırlar. Çünki İshaqın verdiyi tarixlər arasında (Nəiminin ölümü və mürşidin Anadoluya gəlməsi və öldürülməsi) 15-16 il var. Hürufiliyin bu qısa və narahat tarixdə bektaşilərə təlqin edilməsi ağlabatan deyil. Deməli, məlum tarix daha əvvələ gedib çıxır. Abdülbaki Gölpınarlının bir başqa əsərindən Nəsiminin də Anadoluya gəlməsini, bu torpaqları gəzməsini, Hacı Bayramla görüşmək istədiyini, lakin bu görüşün müəyyən siyasi səbəblərdən baş tutmamasını öyrənirik. Əgər Nəiminin ən yaxın və "ən təhlükəli" müridlərindən biri olan Nəsimi də bektaşilərə hürufilik haqqında danışmağa fürsət tapmayıbsa, bəs kim bu təriqəti bektaşilərə tanıdıb?

Bunlardan əlavə, Konya Mövlana Muzeyində başqa bir diqqətçəkən mənzumə də var. 358 beytdən ibarətdir və məsnəvi şəklində yazılıb. Məsnəvinin ilk dörd beyti belədir:

 

İbtidadır, ibtidadır, ibtida,

İbtidadan zahir oldu intiha,

İbtida geldi kəlami la yenam,

Fivu dadu lamı Haktan, vessalam!

 

"Cavidannamə"nin təfsirinə bənzəyən bu məsnəvi belə bitir:

 

Gel Nəsimi sözlerini guş qıl,

Zinde ol, abi-həyatı nuş qıl.

Sözlerinden ger tevarih istesen,

Görübən tarihini kanı desen,

Bil, sekiz yüz yılı altmış yıl idi,

Bir tamam olmaqlığa tehvil idi.

Saatı, vakti Zühalde Müşteri,

Alup indirdi elinden defteri.

 

Buradan məlum olur ki, İmadəddin Nəsiminin ölümündən əlli il sonra hürufi inanclarını şeirlər vasitəsilə tərtib edib yayan başqa bir Nəsimi də var. Bu şair təxəllüsünü hər halda Nəsiminin şöhrətindən dolayı götürmüşdü.

Türkiyəli araşdırmaçılara görə, Anadoluda hürufiliyi yayan şəxs İmadəddin Nəsimi və onun müridləridir. Bu müridlərdən biri də yuxarıdakı beytlərin müəllifi olan başqa bir Nəsimidir. Məşhur "Nəsimi" filmimizdən bir replikanı yadınıza salmaq istəyirəm. Hürufi bir müridin edamını izləyən Nəsimi yanındakından edam olunanın kim olduğunu soruşur. Həmin kəs onun da Nəsimi olduğunu deyəndə Seyid astaca pıçıldayır: "Görəsən, bu yazıq neçənci Nəsimidir?" Yəni Fəzlullahın ölümündən sonra Nəsimini qorumaq istəyən çoxlu müridlər var idi ki, onlar öz təxəllüslərini Nəsimi olaraq bildirirdilər. Məhz bu səbəbdən ədəbiyyatımızda bir neçə fərqli Nəsimi imzasına rast gəlirik.

Professor İren Məlikova özünün "Fəzlullah Nəimi və Hürufiliyin Azərbaycan, Anadolu və Rumelidə inkişafı" məqaləsində (məqaləni Azərbaycan dilinə Amin Namazlı uyğunlaşdırıb) Nəiminin irfanı ismaili bir şiə şeyxindən öyrəndiyini, daha sonra Məkkəyə getdiyini, daha sonra da ekstaz vəziyyətdə üç gün, üç gecə hərflərin və rəqəmlərin sirlərini oxuduğunu yazır. Mağarada keçirdiyi günlərdə isə Allahın təcəllası haqqında düşünür və "Cavidannamə" əsərini qələmə alır. Bu əsər hürufilər üçün müqəddəs kitab hesab olunur. Bəzi tarixçilər məhz buradan yola çıxaraq Nəiminin yeni bir din yaratmaq istədiyini düşünürlər. Yəni bəzi tarixçilərə görə, hürufilik təriqət yox, dindir.Əli ül-Əlanın məşhur "İstivanamə" əsərindən məlum olur ki, Nəiminin ölümündən sonra Nəsimi ilə bərabər, Anadoluda bektaşi təkkələrinə sığınan hürufiliyin ikinci böyük dövrü başlayır. Qeyd edim ki, Əli ül-Əla da Nəimi kimi Əlincə qalasında öldürülüb və elə müəlliminin yanında dəfn edilib.

Məlikova eyni məqalədə başqa bir nüansa da toxunur. Mahmud paşadan sonra Sultan Süleyman Qanuni də hürufiliyi öz imperatorluğu sərhədlərindən qovmaq istəyirdi. Lakin gec idi. Çünki hürufilik bektaşiliklə bütünlənmiş halda idi. Bu bütünləşmədən İşıqlar, Abdal və Qələndər kimi bektaşi qolları törəmişdi və hazırda da bəzi yerlərdə müəyyən təsir gücünə malikdirlər.

Vəhdəti-vücudla, kabalistik təfsirlə, əbcəd hesabıyla, metafizik ayin və ibadətlə öz varlığını daim diri tutmağa çalışan dini təriqətlərin, məzhəblərin, qolların hər birinə, şübhəsiz, hürufilik ciddi təsir edib və onları formalaşdırıb. Və şübhəsizdir ki, bunlara ələvilər, bektaşilər, mövləvilər, şiələr, qədirilər və başqaları da aiddir.

 

 

Rəvan Cavid

525-ci qəzet.- 2023.- 30 sentyabr.- S.23.