"Mən bu yolları cırmaq-cırmaq keçib gəlmişəm"

XALQ ARTİSTİ ƏLİXAN SƏMƏDOV: "DALĞA OLMAQ İSTƏMİRƏM, DƏNİZ OLMAQ İSTƏYİRƏM - DƏNİZ QALICIDIR, DALĞALAR İSƏ KÜLƏYƏ GÖRƏ DƏYİŞƏR"

 

Müsahibimiz Xalq artisti, virtuoz balaban ifaçısı Əlixan Səmədovdur.

- Əlixan bəy, Bakıda günləriniz necə keçir?

- Bakıda da işimizin bir adı var - sənət. Dünyanın harasında oluramsa olum, işim budur. Ümumilikdə isə, nə vaxt Bakıya gəlsəm, çalışıram Sumqayıta gedəm. Mən Sumqayıtda doğulmuşam, ata-anamın məzarı ordadır. Gedib valideynlərimin məzarını ziyarət edirəm. Ondan sonra da getmişkən qardaş-bacıdan kiminlə vaxtım olursa, görüşəm. Bakıda isə əsasən layihələrlə məşğul oluram, dostlar, sənətsevərlərlə vaxt keçirməyə çalışıram.

- Bu gün Azərbaycanda balabana olan maraq sizi qane edirmi?

- Əlbəttə, qane edir. İyirmi beş il öncə ilə müqayisə etsək, o vaxt balaban solist aləti deyildi, daha çox müşayiətçi idi. İki mininci illərdə mənim ilk diskimdən sonra balabansevənlər çoxaldı. Rəhmətlik Xanəli Əkbərov deyirdi ki, bu kişi bütün balaban ifaçılarını "xodladı".

- Əlixan bəy, niyə məhz balaban?

- Deməli, doxsanıncı illərdə Türkiyəyə getmişdim. Bütün nəfəsli musiqi aləti ifa edənlər kimi, mən də çantamda müxtəlif musiqi alətləri daşıyırdım. Çantamdakı alətlərdən biri də balaban idi. Orda balabanı görəndə başqa ad dedilər. Həmin vaxt sanki mən ayıldım. Özüm özümə söz verdim ki, Əlixan, sən balabanı tanıdacaqsan. İstər albomlarımda, istərsə də konsertlərimdə digər musiqi alətləri ilə də ifalarım var. Amma həmişə əsas balaban olub. Hətta mənə "Balaban bəy" deyən də var (gülümsəyir). Çünki balabanı böyük, öz adımı kiçik hərflə yazırdım.

- Kim idi sizə bu cür xitab edən?

- Türkiyədə olanda bir marketə girmişdim. Satıcı məni görən kimi dedi ki, "A, Balaban bəy". Dedim, hə, deməli, hədəfimə çatmışam. Deyirlər, Əlixan Səmədov deyəndə balaban, balaban deyəndə Əlixan Səmədov yada düşür. Əlbəttə, bu, məni sevindirir. Ancaq bundan sonra da görüləcək işlər çoxdur.

- Əlixan Səmədov deyəndə bir də yada "Sən gəlməz oldun" düşür. Bu mahnı ilə yollarınız harda kəsişdi?

- Əvvəlcə "Sən gəlməz oldun"un introsunu hazırladım, çox bəyənildi. Sonra isə bütünlüklə ifa etdim. Üç-dörd il Taksimdəki mağazalarda bu ifa səsləndi. Orda turistlər çox olurdu, onlar da diskləri alıb aparırdı. Beləcə, bu ifa xaricdə də yayıldı. "Sən gəlməz oldun" balabanı dünyaya tanıdan əsər idi. Çünki bu musiqidə sözə ehtiyac yoxdur, o mahnının ağrısını sözlərsiz də hiss edirlər.

- Övladlarınızdan sizin yolunuzu davam etdirən varmı?

- Yox. Oğlum maliyyə ixtisası üzrə təhsil alır, qızım hüquq fakültəsini bitirib. Mən özüm o vaxt səhv etdim. On il-on beş il musiqi təhsili aldım, sonra getdim Pedaqojiyə. Müəllimlər tez-tez mənə deyirdilər ki, sənin burda nə işin var, sən musiqi fakültəsinə getməli idin. Bir səhv idi elədim.

- Bu səhvdə kiminsə rolu vardı?

- Yeznəmin xahişi ilə o sahəyə üz tutdum. Yeznəm dedi ki, mən o fakültəyə girə bilmədim, sən gir.

- Birinci dəfədir ki, yeznəsinin xahişi ilə peşə seçən adam görürəm.

- Yeznəm idman müəllimi idi. O vaxt fakültə açıldı - Hərbi hazırlıq və bədən tərbiyəsi. Bu fakültəyə yalnız 25 yaşına qədər girə bilərdin. Yeznəmin də yaşı uyğun gəlmirdi. O fakültəni o qədər sevmişdi ki, deyirdi mən girə bilmədim, heç olmasa, bizdən biri girsin. Mən hələ uşaqlıqdan musiqi ilə məşğul olurdum. Hamı bilirdi ki, musiqiçi olacağam. On il musiqi təhsili aldım, konservatoriyaya gedəcəkdim ki, yeznəm dedi, onsuz musiqini bilirsən, bir də başqa sənətin olsun. Həmin fakültədə təhsil aldığım müddətdə də musiqi ilə məşğul olmuşam. Orda 600 oğlan vardı, qız yox idi. Onların içindən musiqi alətlərini kim ifa edə bilirsə, onları topladım. Öz ansamblımı yaratdım. Konsertlər verməyə başladıq.

- Müəllimlik demişkən, deyəsən, siz Türkiyədə pedaqoji fəaliyyətlə məşğul olursunuz.

- Əvvəl məğul idim, özəl dərslər verirdim. Bilirsiniz, müəllim eyni yerdə qalır. Bir mərhələ öyrədirsən, onlar gedir, yerinə yeniləri gəlir və sən sıfırdan başlayırsan.

- Eyni zamanda müəllimlik insanda səbr istəyir. Səbrlisiniz?

- Mən üç yaşında uşağa da dərs demişəm. Ümumiyyətlə, pedaqoq səbrli olmalıdır. Səbrliyəm. Qarşımdakı insan qırılmasın deyə çox şeyi içimdə çəkərəm. Mənə deyirlər ki, elə bil əsəb sistemini kəsib atmısan (gülümsəyir).

- Balabanın tədrisi ilə bağlı yazdığınız "Balaban metodu" kitabında da yəqin, bu təcrübənin rolu olub.

- Kitab üç dildə var - ingiliscə, türkcə, rusca. O vaxt həmin kitabdan 200-300 dənə Azərbaycana göndərdim ki, musiqi məktəblərinə, musiqiçilərə paylansın. Musiqiçilərdən biri mənə irad tutdu ki, niyə kitabın azərbaycancası yoxdur? Dedim, mən dünyada tanıdıram, sən Azərbaycanda tanıt, əgər istəyirsənsə, götür, tərcümə elə.

Mənim tanıtmam bir yerə qədərdir. Öz xalqımıza çatdırmaq üçün birinci sinifdən başlanılmalıdır, nəğmə dərsində balabanı uşaqlara ətraflı izah etmək lazımdır. Tədrisdə əvvəlcə milli musiqi alətlərimizdən başlanılmalıdır. Uşaq bilsin, bu kamançadır, bu tardır, bunun neçə simi var. Əgər bunlar bir uşağın beyninə yazılırsa, o, neçə yaşında olursa-olsun xatırlayacaq. İnanın, bu gün əlimizə mikrofon alıb sorğu aparsaq, çoxu balabanın nə olduğunu bilməyəcək.

- Düzü, bu mövzuda sizin qədər pessimist deyiləm.

- Yox, bəlkə də sizə elə gələ bilər ki, biləcəklər, amma inanın, çox adam bilmir. Bunun da günahı təkcə onlarda yox, həm də bizdədir ki, tanıda bilməmişik. Uşaqları milli ruhda böyütmək lazımdır. Bu gün uşaqlar xarici multfilmlərlə böyüyür. Maşa, Mişa ilə böyüyən uşaq Azərbaycan mədəniyyətinin daşıyıcısı olmayacaq.

- Tez-tez sizin həmkarlarınızla ortaq işlərinizi görürük. Səhnə bölüşəcəyiniz insanları seçərkən diqqət etdiyiniz xüsusi məqamlar varmı?

- Sənətimizin, xalqımızın adına ləkə olacaq bir şeydirsə, dünyanın pulunu da versələr, getmirəm. Amma mədəniyyətimizə faydalıdırsa, o işə pulsuz da gedirəm. Əlimdən tutub qabağa çəkən dayım olmayıb, mən bu yolları cırmaq-cırmaq keçib gəlmişəm. İndi niyə yanlış işlərə görə o yola ləkə düşsün ki?

- Əlixan bəy, o musiqilər necə yazılır?

- Yetmişə yaxın musiqi yazmışam. Baxanda görürsən ki, birini sevincdən yazmısan, birini kədərdən. Məsələn, bir dəfə yolla gedirdim, gördüm ki, televizorda Türkiyənin futbol üzrə milli komandasının hansısa oyunda əldə etdiyi qalibiyyəti göstərirlər. Həmin materialda azərbaycanlı azarkeşlər də vardı. Hamısı sevinirdi. Gördüyüm mənzərənin təsiri ilə "Bu gün tarixi bir gündür" mahnısını yazdım. Yaxud da bir dəfə televizorda Fələstin savaşından görüntülərə baxırdım. Deməli, ata-oğul divarın küncündə dayanıb. Ata oğlunu qorumaq istəyir, mərmi dəyir oğluna. O səhnələrin təsiri ilə "Sızı" bəstəsi yarandı. Ailə üçün ölüm acıdır, amma biz həmin adamları tanımırıq, ona görə də bizim üçün sızıdır. Əgər bir kəs başqasının ağrısını hiss edə bilirsə, deməli, insandır.

Bəzən anam yuxuma girirdi. Anamı gördüyüm yuxuların birindən sonra "Ötən gecə yenə yuxumda, qarşımda gördüm səni" sözləri dilimə gəldi. O sözlərə mahnı yazdım. Amma mahnıda ana kəlməsindən istifadə etmədim. Düşündüm ki, hər kəsin arzuladığı, yuxusuna girən bir insan var. Mahnını da onlara ithaf etdim. Bir sözlə, mahnını yuxuda da yaza bilərəm, yolda da, televizora baxanda da.

- Sizə elə gəlmir ki, adınız simanızdan çox tanınır?

- Simam ona görə tanınmır ki, mən maqazin verilişlərini sevmirəm. Bakıda gəzəndə on nəfər salam verirsə, on nəfər də salam vermir. Mən televiziyalara dava ilə çıxmaq istəmirəm. O vaxt elə proqramların birindən təklif gəlmişdi ki, bir modelə pul verib hansısa kafedə oturun, sonra çəkiliş gəlsin, hərə bir tərəfə qaçsın, guya biz sizi yaxalamışıq. Dedim, mən müəlliməm, siz yalandan burda ssenari yaradırsınız, bəs mən tələbələrimə nə deyəcəyəm? Belə məşhurluq mənə lazım deyil. Qoy, mənə sənətimə görə qiymət versinlər. Musiqi cameəsinə gəldikdə isə, məni orada tanıyırlar. Ümumiyyətlə, kim balabanı tanımırsa, vəzifəsindən asılı olmayaraq üzünə qarşı deyirəm ki, sən azərbaycanlı deyilsən. Sən Rəşid Behbudovu tanımırsansa, azərbaycanlı deyilsən. Sən onu tanımırsansa, məni heç tanımarsan. Onlar bizim mədəniyyətimizdir. Yaxud da bu gün səni hansısa qalmaqalla tanısınlar, iki ay sonra unutsunlar. Həmişə deyirəm, mən dalğa olmaq istəmirəm, dəniz olmaq istəyirəm. Dəniz qalıcıdır, dalğalar isə küləyə görə dəyişər.

 

Aytac SAHƏD

525-ci qəzet.- 2023.- 30 sentyabr.- S.21.