Faiq Sücəddinov: "Mahnı bəstələmək  üçün əhval lazım deyil

KÖKÜNDƏ SEVGİ OLAN HƏR BİR İŞDƏ NƏSƏ VAR"

 

Bəlkə də, oxucularımız arasında mədəniyyət və incəsənət sahəsində çalışanlarla daha tez-tez görüşməyimizi irad tutanlar var. Öz növbəmizdə biz mütəmadi müxtəlif peşə sahiblərilə sizləri görüşdürməyə çalışırıq və bundan razı qaldığınızı da bilməmiş deyilik. Lakin bir məqamı unutmaq olmaz ki, bir millətin var olmasında vacib olan üç amildən biri mədəniyyətdir. Bir milləti yer üzündən silmək istədikdə, onun dilini, dinini, bir də mədəniyyətini əlindən alırlar. Bunu yeri düşdükcə həmişə xatırladıram, təkrar belə olsa da. Çünki bədxahlarımız da çoxdur, bizi sevməyib, paxıllıq edənlərimiz də.

Deyirlər, Tanrı Azərbaycanı əhvalının xoş ovqatında yaradıb. Yaxşı nə varsa bu torpağa bəxş edib - iqlim qurşaqlarını, bərəkətli torpaqları, gözəl, füsunkar təbiəti, zəngin sərvətləri - bir sözlə, gözəl nə varsa hər şeyi. Yəqin bu torpağın insanlarının zaman keçdikcə, dürüst, hər şeyin qədrini bilən, xeyirxah, özgəsində gözü olmayacağını Yaradan bilirdi. Amma buna rəğmən, bu xalq hər şeyi heç də asanlıqla əldə etmədi. Ona həsəd aparanlar, ona məxsus olan bütün yaxşılarda gözü olanlar, qonşuluğunda yaşaya-yaşaya əvvəl altdan-altdan, daha sonra həyasızcasına bütün mədəniyyətini - mətbəxini, musiqisini, ifa alətlərini, rəqslərini, milli musiqisindən tutmuş müasir mahnılarını mənimsəyənlər həmişə oldu. Sonda harınlamışlar torpaqlarımıza belə əl uzada bildilər. Müəyyən zaman kəsiyində nələrəsə "nail" olsalar da, sonunda Azərbaycan həqiqəti onları öz qınına qaytara bildi.

Bu gün bizim mədəniyyətimiz yer kürəsinin hər nöqtəsində təbliğ olunur. Və hər zaman alqışlara, mükafatlara, fəxri yerlərə layiq görülür. Buna sevinməyə əlbəttə ki, dəyər. Əgər uzaq qərinələrdən gələn mədəniyyətimizi bu günə qədər qoruya bilib nəsillərə çatdıra bilmişiksə, deməli, bu mədəniyyətlə öyünməyə dəyər.

Təqvimdə yenə də həftənin şənbə günüdür və ənənəvi olaraq görüşünüzə yeni bir qonaqla gəlmişik -  Xalq artisti, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü, bəstəkar Faiq Sücəddinovla.

Ənənəvi ilk sualımı: "Dünyamızın bu narahat vaxtında bəstəkar Faiq Sücəddinov necədir" sualını verib söhbətə başladıq.

- Vətənini, millətini sevən hər azərbaycanlı, hər bir vətəndaş kimi ölkəmdə narahatlıq varsa, mən də narahatam. 30 il idi hamı kimi Qarabağ deyə-deyə hər yerə səs salanlar arasında olmuşam. Haqqımızı tələb edənlərə qoşulmuşam, harda olmuşamsa, təbliğat aparmaqdan usanmamışam. Amma indi o qədər rahatam ki... Bilirsiz niyə? Çünki 30 illik torpaqlarını 44 günə alan igidlər, 2 günə Xankəndinə qədəm qoydu. Və deməli, rahat olmağa dəyər.

- Tiflisdə bir seyid Miri kişi vardı...

 - Bəli, vardı, mənim atam olub, özü də Qori Seminariyasını bitirmiş və çox savadlı həkim, üstəlik, nəcib seyid kimi tanınırdı. Əslən Ordubaddan olan anam Qönçə xanım bağça müəlliməsi, daha sonra müdir vəzifəsində çalışıb. Ailəmiz Tiflisdən Gəncəyə, daha sonra Bakıya köçüb. İki yaşımdan Bakıdayam bu günə qədər və bu şəhərə, torpağıma olan sevgimin hüdudu yoxdur. Nizami metrosunun yaxınlığında yaşamışıq və o tərəflərin də fərqli bir abu-havası olub. Ailədə iki qardaş olmuşuq və fərqli sahələr üzrə getmişik - o, hüquqşünas oldu, mən musiqini seçdim. Valideynlərim o qədər mədəni insanlar idi ki, ağlım kəsəndən bir dəfə olsun evimizdə onların yüksək səslə bir-birilə danışdığını eşitmədim. Atam köhnə həkimlərdən idi. Onun bir fonendoskopu vardı, taxtadan idi. Həmişə elə bilirdim ki, bu, tütəkdir və onu çalardım. Onu bir yaddaş, tarixin yadigarı kimi indi də saxlayıram evimizdə. Bir nadir yadigar da vardı bizdə - dahi Bülbülün ilk qavalı. Üç il əvvəl onu Polad Bülbüloğluya verdim. İndi o qaval hazırda sənətkarın Şuşadakı ev-muzeyindədir.

- Hər bir başlanğıcın səbəbkarı olur...

- Bu səbəbkar mənim anam oldu. Mənim nə ailəmdə, nə qohumlarda, nə ətrafımda musiqilə məşğul olan kimsə yox idi. O vaxt Bakı bir renesans dövrü yaşayırdı və anam əlimdən tutub məni musiqi məktəbinə gətirməklə sanki bir bağlı sandığın qapağını açdı. Həyatımın hər anında anamı ehtiramla anmaqdan savayı, məni musiqiyə yönəltdiyinə görə ona dərin təşəkkürümü bildirirəm. Əgər insan həyatda yerini tapırsa, bu, onun xoşbəxtliyidir. Sevmədiyi bir peşə sahibi olan insan isə daima gərginlik, narahatlıq dolu bir həyat yaşamaq məcburiyyətində qalır. Bunun da nə dadı olur, nə də duzu.

- Bağlı sandıqda heç demə, bir istedad varmış...

- Musiqinin artıq həyat yolum olduğunu biləndən sonra 8 illik təhsili bitirib A.Zeynallı adına Musiqi Texnikumunun fortepiano şöbəsinə daxil oldum. O zaman texnikuma Azər Abdullayev rəhbərlik edirdi. Çox ziyalı və savadlı bir musiqişünas idi. Ölümündən 5-6 il əvvəl biz onunla bir parkda rastlaşdıq və o, mənə bir sirr açıb dedi ki, səni texnikuma qəbul etdiyim üçün müəllimlərdən çox təzyiq gördüm o zaman. Amma sonra hamı gördü ki, mən heç də yanılmamışam. Sonra Azərbaycan Dövlət Konservatoriyasına daxil oldum...

- Yox... Texnikumla konservatoriya arasında bir ali təhsiliniz də var axı...

- Çox düz dediz. Gəlin bunun da səbəbini açıq etiraf edim. Texnikumu bitirəndən sonra hərbi xidmətə getməli idim, çağırış vərəqəsi də gəlmişdi artıq. O zamanın qaydalarına görə ali təhsili olmayanlar iki il xidmət çəkməli idi, diplomu olanlar isə bir il. Mən də bu hal olmasın deyə, Rus dili və Ədəbiyyatı İnstitutuna daxil oldum. Niyə oranı seçdim, onu da deyim. Mən musiqiçi idim. O zaman mən Vaqif Mustafazadədən sonra estrada simfonik orkestrda pianoçu olmuşam. Musiqiçi bir yerdə oturub çalmaq deyil. Müxtəlif ölkələrə qastrollar, festivallarda, konsertlərdə çıxışlar var və dil həmişə lazım olur. Beləcə, oranı bitirdim, hərbi xidmətimi çəkib qayıtdım və konservatoriyaya daxil oldum.

- "Bəstəkar olmalıyam" qərarı...

- Çevrəmdə yaxınlarım, dostlarım, mənə bələd olanlar çox idi. Hər dəfə də onlardan eşidirdim ki, musiqi ilə məşğulsan, yazırsan, niyə bəstəkarlığa daxil olmusan? Düşündüm ki, deyilənlərdə həqiqət var. O zaman dövlət televiziyasında, mədəniyyət nazirliyində Bədii Şura vardı və hamı əsərlərini ora təqdim edirdi. Lakin konservatoriya diplomun olmasa idi, əks halda bu, müşkül məsələyə çevrilirdi. Artıq üçüncü kurs tələbəsi idim, yaxınlaşıb bəstələrimi təqdim etdim və beləcə fəaliyyətə başladım.

- Və bu qərarın ardınca başlayan yaradıcılıq...

- İlk bəstələdiyim fortepiano üçün əsər idi. Sonra ardınca mahnılar gəldi. İlk mahnımı Gülağa Məmmədov ifa edib. Hər dəfə məni görəndə bunu mütləq xatırladardı. Musiqinin bütün janrlarını sevirəm. İllər keçsə də, xalq mahnıları da, folklor da, simfonik əsərlər də, caz musiqisi də, mahnılar da, instrumental musiqilər də həmişə mənimlə olacaq. Musiqinin insana təzyiqi çox böyükdür. Minilliklər boyu bu, belə də davam edəcək. Bu arada bir iradımı bildirmək istərdim. Bu gün xalq musiqisinə çox az yer verilir. Televiziyalarda xüsusi bir proqram olmalıdır bu istiqamətdə. Yeni nəsil xalq mahnılarının ifaçılarını mütləq tanımalıdır. Bu, zəngin bir irsdir. Dahi sənətkarlartımız bu irsin üzərində böyük əsərlər yazıb-yaradıblar. Xalq mahnıları bizim ulularımızın ürək sözləri, sevgi etirafı, kədəri, sevincidir. Bunlar bizə çatıbsa, beləcə də davam etməlidir. Ona görə də xalq musiqisinin təbliği güclənməlidir. Unutmayaq ki, mədəniyyətimiz, incəsənətimiz, milli musiqimiz oğurlanmamalıdır, çünki bu, milli faciədir. Bilirik ki, bədnam qonşularımız üçün heç bir sədd yoxdur. Əgər dahi Üzeyir bəylə Əhməd Cavadın "Çırpınırdın Qara dəniz" mahnısının adını kamança qoyub oxuyurlarsa, deməli, təbliğatımız çox güclənməlidir. Biz bunu etməyə borcluyuq.

- Bəstəkar və əhval-ruhiyyə...

- Mahnı bəstələmək üçün əhval lazım deyil. Yalnız sənətə sevgi olmalıdır. Mənim tez-tez söylədiyim bir fikir var: insanın qəlbində sevgi olmalıdır. Kökündə sevgi olan hər bir işdə nəsə var. Burda söhbət mədəniyyətdən, incəsənətdən getmir. İstənilən peşənin içində sevgi yuvası yoxdursa, o yol ilə getməyə dəyməz. Mən əhvalımın istənilən halında işimlə məşğul ola bilirəm və inanıram ki, sənətinə sevgisi olan hər bir kəs də mənim kimi düşünür də, yaradır da. Sevə-sevə yaşamaq lazımdır. Bəzən pianonun arxasında əyləşəndən sonra ayılıram ki, artıq 3 saat keçib, amma mən bunu hiss etməmişəm. Yazıb-yaratdığım nə varsa, hamısı sevgidən doğub. B.Vahabzadə deyirdi ki, əvvəl səs olub, sonra söz. Dünya musiqidən başlayıb. Musiqi də bütövlükdə bir sevgidir.

- Azərbaycan mədəniyyəti bu gün...

- Bu gün Azərbaycan mədəniyyətini dünya tanıyır. Bu gün Azərbaycan musiqisinin sədası planetin hər nöqtəsindən gəlir. Bu gün Heydər Əliyev Fondu mədəniyyətimizin həm mayakı, həm dayağı, həm də güclü təbliğatçısıdır. Buna görə ölkənin Birinci vitse-prezidentinə biz mədəniyyət insanları dərin təşəkkürümüzü bildiririk. Bu gün Mədəniyyət Nazirliyində yeni layihələr ətrafında peşəkarların fikrinə, məsləhətinə diqqət yetirilir. Müxtəlif səpkili müsabiqələr, festivallar keçirilir. Azərbaycan bu gün mədəni-kütləvi tədbirlərə evsahibliyi edir. Bu, bilirsiniz, nə qədər qürurvericidir? Bütün bunlar uzun illər müharibə şəraitində yaşayan, bu gün Qarabağda bərpa işləri ilə məşğul olan bir ölkədə baş verir. Elə buna görə də dünya bizə həsəd aparır.

- Qürbətdən görünən Vətən...

- 7 il mən Kiprdə yaşadım və orada dərs dedim. Vətəndən kənarda insan özünə qapanmış olur, öz-özü ilə çox danışır. Azərbaycanlı Vətənsiz yaşaya bilmir, qürbətdə olanda bu hiss çox güclü olur. Ən yüksək səviyyədə şəraitin, maddi təminatın olsa belə, içində bir Vətən daşıyırsan, Azərbayan haqqında, Bakı haqqında bir söz eşitmək həsrətilə qovrulursan... Bu, yalnız bizə məxsus xüsusiyyətdir. Məndən savayı, orda 2-3 nəfər müəllim və bəstəkarlarımız da vardı ki, hamısı Vətən üçün darıxırdı. Aralarında yeganə mən oldum ki, universitetin rektorunun yanına gedib dedim ki, xocam, mən Vətənə qayıdıram. Çox israr etdi ki, siz bizə lazımsız, lakin mən qayıtdım. 2016-cı ildə mənə  təkrar dəvət gəldi, təbii ki, qəbul etmədim. Mənim yeganə arzum odur ki, Azərbayan dünyada qüdrətli bir dövlət olsun. Və hara gedirəmsə, mən öz ifamla, musiqinin dili ilə deyirəm ki, baxın, bu, bizik.

- Yaradıcılığınızda 44 günün motivləri...

- Bu 44 gün kimliyindən asılı olmayaraq hər birimizin həyatından keçdi. Bir bəstəkar sözünü yalnız öz musiqisilə deyə bilər, mən də dedim. Qələbəmizin ildönümünə "Zəfər" simfonik poemasını bəstələdim. Şuşa mədəniyyətimizin beşiyidir, Qarabağ Üzeyir bəy kimi Azərbaycan musiqisinin banisini bizə bəxş edib. Daha sonra "Şuşa" aratoriyasını yazdım. Ardınca xor kopellası üçün "Azərbaycan Qarabağ inciləri" əsərini və bir sıra mahnılar bəstələdim. Qarabağ adlı bir layihəm də var, orada da əsgərlərimizin şücaətinin əks olunmasını istəyirəm. Bu, mənim Vətənimə, xalqıma olan xidmətimdir. Ən başlıcası isə bu məsələnin uydurma bir oyun olduğunu dünyaya sübut edə bildik. Son əməliyyatlar bir daha sübut etdi ki, Ali Baş Komandan tezliklə Xankəndidə Azərbaycan bayrağını qaldıracaq.

 

Tamilla M-zadə

525-ci qəzet.- 2023.- 30 sentyabr.- S.20.