Nurlar aləmində gəzən
oğlanın yer üzündəki bir neçə əhvalatı
...Vaqiflə - Vaqif Bayatlı Odərlə
tanışlığım 1978-ci il-dən başlayır. Bu
xatirəni bir dəfə danışmışdım.
İndi qısa yada salım. Küçədə mərhum
şairimiz, o zamanlar istedadlı gənc bir şair kimi
tanınmaqda olan Cavanşir Eloğluna rast gəl-dim. Onunla 4-5
il idi ki tanış idik. Arada bir yeni şeirlərini mənə
də oxuyurdu. Hal-əhval tutduq, yeni nə
yazdığını soruşdum. Rəhmətlik özünəməxsus
səmimi bir emosiya ilə danışmağa başladı:
"Mən daha şeiri atdım, Əhməd! Dünən
Axundov adına kitabxananın zirzəmisindəki çayxanada
bir oğlanın ifasında öz şeirlərinə qulaq
asdım və özümə söz verdim ki, daha şeir
yazmayacağam. Zalımın oğlu gözlərini yumub
öz şeirlərini elə gözəl avazla oxuyurdu ki,
camaat nəfəs də almağa qorxurdu. Vallah, mən ona qulaq
asdıqca, bilmirdim o gözlərini yumub şeir oxuyurdu, ya
Quran oxuyurdu... Amma nə idisə, Qurandakı kimi şeylər
oxuyurdu... Ona qulaq asandan sonra bildim ki, daha mən uzun müddət
şeir yaza bilməyəcəyəm". Allah Cavanşirə
rəhmət eləsin!
Düzü, onun belə səmimiliklə, həyəcanla,
duyğulu olaraq danışması məndə həmin
şeiri dua kimi oxuyan oğlanı görməyə çox
böyük maraq yaratdı. Onu tezliklə görmək,
gözlərini yumub şeir oxumasına qulaq asmaq arzusuna
düşdüm. Bir az keçmiş, o vaxtlar ölkədə
ədəbi prosesdə inqilabi dəyişikliklər etməyə
başlayan "Azərbaycan" jurnalı həmin
oğlanın - Vaqif Cəbrayılzadənin olduqca
böyük, yəni o zaman standartlarını
aşıb-dağıdan bir həcmdə şeirlərini dərc
etdi. Az qala bir kiçik kitab həcmində olan bu şeirlər
ədəbi prosesdə bir bomba effekti yaratdı. Ca-vanşirin
dediyi kimi, şeir haqda ənənəvi təsəvvürləri
alt-üst etdi. Ədəbiyyatımıza yeni, öz nəfəsi,
dəst-xətti, deyim tərzi, fəlsəfəsi ilə
seçilən böyük bir şairin gəldiyini əksəriyyət
dərhal qəbul etdi. Dərinliklərinə qədər
türk ruhuna köklənən, çoxqatlı məna məqamları
olan, kainatın avazına uyğun nizamlanan, müdrik,
poeziyamızın yeni, fərqli bir qolu olan bu şeirlər hər
kəsin diqqətini cəlb etdi. Ən maraqlısı o idi ki,
bu şeirlər indiyədək gördüyüm, oxuduğum
şeir nümunələrinə oxşamırdı. Tamamilə
milli ruha köklə-nən bu şeirlər yeni bir formada
yazılmışdı. Vaqifin şeirləri nə şərq
poeziyasının məlum qəliblərinə, nə də qərbin
hansısa formasına uyğun idi. Bu şeirlər tamamilə
yeni idi. Həm ruhu, həm forması, həm də məzmunu
ilə. Bu şeirlərdən sanki dünyanın, türk
dünyasının lap qədimlərinin nəfəsi gəlirdi.
Bu şeirlərdə dini kitabların cazibəsinə bənzər
bir cazibə vardı. Vaqifin ifadə tərzi də bir az qəribə
və çox gözəl idi. İndiyə qədər
şairlərin görmədiklərini Vaqif yalnız
özünə məxsus bir formada, yeni söz birləşmələri,
ye-ni ovqatla elə gözəl təqdim edirdi ki, bu qəribəliyin
arxasından yeni ruhlu bir poeziya aləmi yaranırdı. Eyni
şeirdə həm şaman ruhu, Qorqud tərzi, həm də
müasir dövrün ən gözəl poeziya ənənələri
bir yerdə yeni bir şeir aləmi yaradırdı. Bu şeirlər-də
nədən danışılırdısa, həmin şey
sanki dərhal canlanır, nəfəs alır, səni sirlə
dolu bir aləmə aparırdı. Məndə belə bir təsəvvür
yaranırdı ki, bu şeirlər sanki göy üzündən
əlvan işıq gilələri kimi yağır. Bu
şeirləri oxuduqca, Vaqiflə sonrakı yaxın ünsiyyətdə
olduğum dövrdə də inanmağa başladım ki, o hər
zaman öz qəlbi, ruhu ilə tamamilə başqa bir aləmdə
gəzib-dolaşır. O aləm sanki
yaşadığımız aləmlə paralel bir aləmdir.
Yer üzü ilə dalğa-dalğa birləşib,
ayrılan bir aləmdir. Yer üzünə, kainata nizam verən
nurların dolaşdığı bir aləmdir.
...Onunla məni 1978-ci ildə "Azərbaycan"
jurnalının redaksiyasında mərhum tərcüməçimiz
Natiq Səfərli tanış etdi. Hər ikimizin dostu olan
Natiq bəy o zaman ədəbiyyat aləmində olduqca
nüfuzlu, öz ayıq mülahizələri ilə
seçilən, geniş dünyagörüşünə
malik, olduqca çalışqan, çox istedadlı, məhsuldar
bir tərcüməçi, görkəmli
yazıçımız idi. Həm də mənim uzaq qohumum
idi. Mən o zaman Moskvada aspiranturada təhsil alıb yenicə
qayıtmışdım və ədəbiyyat aləmi ilə
elə bir tanışlığım yox idi. Bir il əvvəl
Xalq şairimiz Rəsul Rza uğurlu yol arzulayaraq mənim
şeirlərimi "Azərbaycan gəncləri" qəzetində
təqdim etmişdi və ondan sonra bir neçə şeirim də
ölkə mətbuatında dərc olunmuşdu. Yəni mən
də o dövrün gənc şairləri sırasında
idim. Natiq bəy, öz adəti ilə, bizi bir-birimizə
çox istiqanlılıqla təqdim etdi. Mən dərhal
Vaqifi qiyabi olaraq artıq tanıdığımı dedim.
Şeirlərini tərifləməyə başladım. Onun təmkini,
alicənablığı, ağıllı söhbəti,
gözlərini sanki sonsuzluğa zilləyərək
danışarkən üzünün ifadəsi çox
xoşuma gəldi. Mən insanların enerjisinə çox həssas
adamam. Qısa bir söhbətimizdə onun enerjisinin nə qədər
doğma, əlvan, qeyri-adi bir aləmə malik olması sanki məni
bir qədər sehrlədi. Onun fərqli bir insan olması barədə
fikir yaratdı. Mənə elə gəldi ki, Vaqiflə
söhbətimiz zamanı mənim qəlb aləmimdə
xoş bir dəyişikliklər baş verdi. Onun mənə nə
qədər doğma olduğunu hiss etdim. Çox maraqlı
olan o idi ki, biz dərhal dostlaşdıq. Yəqin ki, o da məndə
bir doğmalıq hiss etmişdi. Biz həmin vaxtdan olduqca
yaxın dostuq. Bir-birimizdən heç vaxt bir an da olsun inciməmişik.
Əksinə, hər görüşümüz bizi bir-birimizə
daha da doğmalaşdırıb, yaxınlaşdırıb. Mən
Vaqifin yanında olanda özümü sanki dənizin kənarında,
dənizin ab-havası içərisində hiss edirəm. Belə
bir aləmdə özümü kainata köklənmiş,
kai-nata doğru istiqamətlənən, kainatdan gələn
dalğaların axa-rında hiss edirəm. Vaqif danışanda
da sanki onun səsi həmin dalğaların axarından gəlir.
Vaqifin şeirlərinə diqqət verən oxucu da hiss edər
ki, bu şeirlərin hər sözü, hər fikri sanki
qeyri-adi, insanlara o qədər də məlum olmayan bir aləmdən
gəlir. Elə ona görə də bu şeirlər
oxucuları hər zaman heyrətləndirir. Mən öz
müşahidələrimdə hiss etmişəm ki, hərdən
Vaqifin şeirini tərifləyənlərin bəziləri həmin
şeirləri heç o qədər aydın başa
düşmür. Amma onları valeh edən bu şeirlərin,
sətirlərin, kəlmələrin ahəngi, on-ların
daşıdığı sirli, sehrli mahiyyətini axıra
kimi ayırd edə bilmədikləri energetikadır.
Yarım əsrdir ki, yaxın ünsiyyətdə
olduğum dostum Vaqiflə bağlı, təbii ki, mənim xatirələrim
olduqca çoxdur. O xatirələrin hamısını bir
yazıda vermək mümkün deyil. Amma bəzilərini yenə
də yada salmaq istəyirəm.
Bir dəfə xarici ölkələrin birindən səfərdən
qayıtmışdım. O vaxtın adətlərinə
görə, yaxın, əziz insanların hər birinə bir
hədiyyə də almışdım. Hələ subay olan
Vaqifə də o zaman Bakıda gənclər arasında
çox dəbdə olan bir qollu köynək
almışdım. O zaman belə dəbdə olan geyimləri
ölkədə tapmaq çox müşkül məsələ
idi. Bəziləri belə paltarları ancaq alverçilərdən
alırdı. Amma mənim gətirdiyim köynəyi heç
alverçidən də tapmaq mümkün deyildi.
Çoxlarının həsəd aparacağı bir köynək
idi. Birini özümə, birini də Vaqifə
almışdım. Vaqiflə şəhərdə
görüşdük və köynəyi ona verdim. Köynək
Vaqifin də çox xoşuna gəldi. Təşəkkür
etdi. İki gün sonra həmin köynəyi ümumi dostumuz
Aqil Abbasın əynində görcək mat qaldım.
Düşündüm ki, yəqin, köynək Vaqifin
xoşuna gəlməyib, ya əyninə uyğun olmayıb.
Köynəyi Aqil Abbasa verməyinin səbəbini ondan
dolayısı yolla soruşdum. Vaqif köynəyi yenə də
xeyli təriflədikdən sonra danışdı ki,
"Əhməd, ba-ğışla, köynəyi Aqil o qədər
təriflədi ki, mən də gördüm çox xoşu
gəlir, zorla bağışladım ona". Mən bunu tam təbii
qəbul etdim. Bu, Vaqifin xarakteri, qəlbinin nə qədər
kövrək olduğunu göstərən bir hal idi.
...1980-ci ilin sentyabr ayının əvvəli idi.
Sentyabrın 15-dən 18-dək Sibirdə, Tuva Muxtar
Respublikasının paytaxtı Qızıl şəhərində
gənc yazıçıların Ümumittifaq Poeziya
Festivalı keçiriləcəkdi. Bizim respublikadan mən və
Vaqif də bu festivala dəvət almışdıq. Vaqif bu xəbəri
Azərbaycan Yazıçılar İttifaqından eşitcək
məni axtarıb tapmışdı. Sevincək halda məni
muştuluqladı. O zaman həmin festivalda iştirak etmək hər
bir gənc şair üçün çox böyük
uğur sayılırdı. Mən kədərlikədərli
dedim ki, mən gedə bilməyəcəyəm. Vaqif səbəbini
soruşdu. Dedim ki, sentyabr ayının 15-i mənim Babək
rayonunun Vayxır kəndində toyum olacaq. Vaqif özünəməxsus
bir coşqu ilə dərhal dedi: "Nə toy! Toyu bir ay
sonraya keçir. Belə bir festivalda iştirak etmək tarixi
bir hadisədir. Təcili zəng elə, toyu təxirə
salsınlar. Gələn aya keçirsinlər!" O dövrlər
bu, yolverilməz hadisə idi. Amma Vaqif öz
inadkarlığı ilə məni tamamilə
inandırdı. Evə zəng etdim. Aləm bir-birinə dəydi.
Rəhmətlik atam məni başa salmağa başladı ki,
on gündən sonra toydur. Bizi el içində biabır etmə.
Deyəcək-lər, görəsən, bəy niyə toydan
qaçır? Məktəb direktoru, Əməkdar müəllim
olan atamın Naxçıvanda böyük hörməti
vardı. Belə bir hadisənin baş verməsini özünə
sığışdırmırdı. Nə isə, atam
gördü ki, mən nəsə müəmmalı
danışdım. Ertəsi gün səhər saat 7-də
kirayədə qaldığım mənzilin qapısı
döyüldü. Atam gecə ilə qatarla rayondan Bakıya gəlmişdi
ki, məni "başa salsın". Mən "başa
düşdükdən" sonra elə həmin gün rayona
qayıtdı ki, toy hazırlığını davam etdirsin.
Amma elə həmin gün Vaqif məni daha dərindən
"başa saldı". Mən onu "başa
düşdükdən" sonra Va-qif böyük həvəslə
danışmağa başladı: "Əlimizə çox
gözəl bir fürsət düşüb. Gəl yola bir həftə
əvvəl çıxaq. Qızıla birbaşa yox, türk
torpaqlarını gəzə-gəzə gedək. Bakıdan bərə
ilə keçək Türkmənistana, Xəzərin o tərəfindən
qatarla gedək Aşqabada, orada bir gün gəzək. Sonra
Özbəkistana, Daşkəndə, oradan Qazaxıstana,
Alma-ataya... sonra isə daha bir türk torpağına -
Hakasiyaya gedək. Hər getdiyimiz yerdə bir gün qalaq.
Hakasiyadan isə gedək Qızıla". Düzü, mən
bu təklifə heyran qaldım və dərhal Vaqiflə
birlikdə Türkmənistana getmək üçün bərəyə
bilet aldıq. Sentyabrın 8-i yola çıxdıq. Yola
düşəndə mən evə teleqram vurdum ki, toyu təxirə
salın. Mən getdim!
Həqiqətən də, səfər çox
maraqlı və hər ikimiz üçün çox
uğurlu oldu. Hər ikimizin şeirləri çox maraqla
qarşılandı. Ona görə də kitablarımız
Moskvada nəşr olundu. SSRİ-nin bir çox ərazilərinə
(əsasən, özümüzün seçdiyimiz türk
torpaqlarına) səfər etdik. Tədbirlərə dəvət
aldıq. Festival çərçivəsində Tuvanı -
Orxon-Yenisey abidələri olan çox qədim türk
torpaqlarını, şamanların hələ də fəaliyyətdə
olduğu məskənləri, tayqanı xeyli gəzdik. Onu da
qeyd edim ki, bu səfərdə Vaqif həm də məni
türkçülüklə bağlı xeyli maarifləndirdi.
Başqa sözlə desək, müəllimlik etdi. Səfər
başaı çatdıqdan sonra mən Vaqifə zarafatla
dedim: "Bakıdan çıxanda mən bir sovet gənci
idim, geri qa-yıdanda türk gənci!
Çox şükür ki, Vaqifin evində indi,
maşallah olsun, gözəl bir oğlan - Odər bəy
böyüyür. Qaşı, gözü, ədaları,
xarakteri ilə eynən Vaqif bəy olan, yenə də
maşallah, istedadlı Odər bəy... Vaqif bəyin genlərinin,
qanının, ruhunun layiqli təmsilçisi,
daşıyıcısı olan Odər bəy. İnşallah
ki, Odər bəy Vaqifin adına layiq bir insan kimi, türk
dünyasının çox tanınmış bir insanı
olar. Türk dünyası, eləcə də bütün yer
üzü üçün Vaqif qəlbinin, poeziyasının
qüdrəti ilə möhtəşəm işlər
görər. Xalqımızın fəxri olar, qardaşım
Vaqifin oğlu, bacım Tamam xanımın oğlu, mənim
dostum, kirvəm Odər bəy! Allah onu qorusun və kömək
olsun!
Əhməd QƏŞƏMOĞLU
525-ci
qəzet.- 2023.- 30 sentyabr.- S.18.