TANIMAQ VƏ ANMAQ BORCU
Hər insana öz balası ən gözəl olan kimi, hər xalqın da özündən
ötrü bütün
dillərin ən şirini, ana südü kimi halalı olan doğma dili var. Amma hər dilin özünün içərisində də
neçə-neçə dillər
var. Hər xalqın musiqisinin öz dili var, rəqsinin öz dili, rəsminin
öz dili var, xalçasının öz
dili. Hər xalqın dilinin içərisindəki milli çöhrə
göstəricisi olan bu cür dillər
arasında ən vaciblərindən biri də naxış dilidir.
Naxış bəzən elə
gizlincləri, elə dərin mətləbləri,
elə sözləifadəedilməz
incəlikləri çatdırmağa
qadir olur ki, onları heç bir səs və
ahənglə, heç
bir rəng və çalarlarla ifadə etmək mümkün deyil. Naxışın dili bir ayrı dildir
və millətin dilinin içərisində
onun məxsusi mərtəbəsi var. O məşhur
"Baftaçı şah
Abbas" nağılı xatirinizdədir.
Günlərin birində
Şah Abbas vəziri ilə başmaq seyrinə çıxır.
Bir kəndin qırağında
göyçəkliyi ayaq
saxlamağa vadar edən qəşəng qızla rastlaşır. Görüncə də vurulur. Qayıdır saraya və elçi göndərir, qızı almaq istəyir. Atası çək-çevirsiz razılıq
versə də, qız müsbət cavab verməyə tələsmir. Və xəbər göndərir
ki, əgər şah
mənimlə izdivaca girmək istəyirsə, gərək bir peşə öyrənə.
Şah qeyzlənir, qızı bu dikbaşlığına görə
cəzalandırmaq istəyir.
Amma vəziri ağıllı
adammış, tədbirli
imiş. Şaha başa salır ki, o qız gələcəyi düşünəndir, elə
sənə gəlmək
istədiyi üçün
belə şərt qoyur. Sənə bundan yaxşı övrət tapılmaz - həm gözəl, həm dərrakəli. Qız demək istəyir ki, şahlıq,
taxt-tac gəldi-gedərdir.
Bir peşə öyrənin,
bunun nə zərəri var ki!
Və söz Şah Abbasın ağlına batır, qısa müddətdə baftaçılıq-toxuculuq
peşəsini öyrənir.
Əli işə lap yatandan sonra qızgilə xəbər
yollayır ki, bəs baftaçılıq sənətini
öyrənmişəm. İndi mənə gəlməyə
razıdırmı?
Qız
"hə"sini verir,
evlənirlər. Nağıl
dili yüyrək olar. Bu əhvalatdan xeyli vaxt sovuşur.
Günlərin birində
Şah Abbas yenə adətinə uyğun qiyafəsini dəyişərək,
təğyir-i libas olmuşdu, çıxmışdı
şəhərin seyrinə.
Ancaq başına qəza gəlir. Bir quldur onu tutub
atır zindana, şah olduğundan da xəbərsiz. Hətta öldürmək də istəyir. Belə olanda Şah Abbas qayıdır ki, mən yaxşı baftaçıyam.
Sizə bir yaxşı bafta toxuyub verəcəyəm. Biləsiniz
ki, Şah Abbasın
da baftadan çox xoşu gəlir. Mənim toxuduğumu aparın şah sarayına, vəzirə göstərin. Onlar sizə bunun əvəzində, yəqin
ki, böyük ənam
verəcəklər.
Dustaq şah baftanı toxuyub bitirir, təqdim edir onu əsir edənə.
O da həmin baftanı
götürüb gəlir
vəzirin hüsuruna.
Bafta əllərinə çatınca
vəzir də, qız da toxumaya diqqətlə baxırlar və dərhal da naxışların dili ilə Şah Abbasın onlara çatdırmaq istədiyi
mətləbi anlayırlar.
Şah Abbasın gənc xanımı vəziri bir qırağa çəkərək
pıçıldayır ki, baftanın naxışlarında
darlıq nişanı
var. Güman ki, Şah
Abbas haradasa zindandadır,
onu qurtarmaq lazımdır. Baftanı gətirən də, ehtimal ki, onun yerini bilir.
Əlqərəz, baftanın açdığı
izlə gedib şahı tapırlar, qazamatdan qurtarırlar.
Bu nağılın aşıladığı
hikmət odur ki, hər naxışa sadə bəzək kimi baxmayın. O naxışların içərisində
sözlər, çatdırılmalı
ismarışlar gizlənmiş
ola bilər. Elə həmin sayaq əski binaların divarlarındakı süsləmələrə,
xalçadakı çeşnilərə,
tikmələrdəki zərif
naxışlara rəmzli
məktublar kimi yanaşın - hərəsində
bir işarə, bir fikir, bir
dilək. Sadəcə,
həmin işarələri
anlamaq, o naxışları
duymaq, o ilmələri
oxuya bilməkçün
gərək naxış
dilinə vaqif olasan. Kim ki bu naxış dilindən halidir, o elə quş dili bilən
Süleyman kimidir.
...Bir var ustad, bir var usta. Ustad müəllimdir,
çoxbiləndir, öyrədəndir,
yolgöstərəndir. Usta
isə hansısa sənəti bacarıqla icra eləyən, əlləri qızıl olan şəxs. Ona bu sözlərin ikisi də yaraşır
- həm ustad, həm usta. Çünki o, ustadlar ustadı idi. Lap ixtiyar çağlarınadək
hətta şagirdi olmayanlar, bilavasitə ondan öyrənməyənlər
də yanına məsləhətə gəlirdilər,
ondan tövsiyə alırdılar, onun göstərdiyi yolla gedirdilər. Amma o ustad müəllim olmaqdan özgə həm də mahir usta
idi.
Əlimlə onun əlindən
çıxmış rəhilləri
tuturam, barmaqlarımı
onun barmaqlarından həyat almış şəbəkə naxışlarının
üzərində gəzdirirəm.
Bu işləmələrin hər birinə onun usta və
ustad əllərinin hərarəti hopub. O cür hərarət heç vədə itib-getmir, ona görə ki, ağac heç vaxt soyuq olmur.
Əbdülhüseyn Babayev - belə bir ustadımız olub, belə bir ustamız olub. Ondan qalan
nişanələr bu
gün Azərbaycan boyuncadır. Heç birinin üstündə imza yox. Qabil
sənətkar idi. İstəsəydi, nə
şəkildəsə əl
işlərində imzasını
da gizlədərdi, arif
adamlar vaxt ötəndən sonra görüb bilərdilər
ki, bu əsər kimin yaratdığıdır.
Etməyib. Dürlü
el sözlərini, bayatıları qoşaraq
xalqın duyğu və düşüncə
xəzinəsinə hamının
malı kimi bağışlayanlar kimi
Əbdülhüseyn kişi
də taxtanı oyub naxışladığı
hər əsərinə
ürəyini qoyaraq millətinə ərməğan
edib. Vaxtında müasirləri, bələd
olanlar elə baxan dəqiqə hiss ediblər ki, bunlar Əbdülhüseyn Babayevin
işləridir. Vaxt həmin şahidləri də aparıb. Bəlkə elə təzə yarandığı
çağlarda hər
bayatını kimin qoşub-düzdüyünü də bilənlər az deyilmiş?!
Ortaq adla birləşmək hər ustanın qismətindədir. Bircə
bu "usta" kəlməsinin arxasında
Azərbaycanın dörd
bucağında əsrlər
boyu yaşayıb-yaratmış,
incilər doğurmuş
neçə sənətkarın
adı dayanmaqdadır
- ən müxtəlif
sənət və peşələrin qabilləri,
öz zəmanəsində
hər kəsə bəlli, barmaqla göstərilən, adla deyilən sənətkarlar.
Yaradıblar, amma doğurduqlarının altında
imza olaraq bircə usta kəlməsi qalıb. Bir
usta kəlməsi Azərbaycan dühasının,
Azərbaycanın qızıl
əllərinin ifadəçisinə
dönüb. Necə
ki, xalq mahnıları,
necə ki, ata sözləri, zərbülməsəllər,
nəsil-nəsil ötürülən
lətifələr. Təbii,
onların da hər birini haçansa məlum bir insan yaradıb. Lakin illər ötdükcə
onlar xalq xəzinəsinə qovuşublar.
Əbdülhüseyn Babayevin
irsi də həmin təhər. Onun doğurduqlarının
hansılarınınsa müəllifliyi
dəqiq bəllidir. Hansısa muzey, mədəniyyət ocağı
sifariş edib, müqavilə bağlayıb,
bu da yaradıb. Elə əsərləri
var ki, qohum-əqrəbasında, nəvə-nəticələrindədir. Şəksiz, onlar da yaxşı bilirlər bunlar kimdən qalan saxlanclardır. Hələ Əbdülhüseyn
usta sanki bizdən çox uzaqda deyil. Nəvə-nəticələri
yaşayır, hətta
onu görmüş ağsaqqallardan da həyatda
olanlar qalır. Bir çox əsərlərinin
yaranış hekayətini
bilənlərə, rəvayət
edənlərə də
şükür ki, hələ
əlimiz çatır.
Amma zaman ötəndən sonra
həmin tarixçələri
bəlli olan əsərlərin əksəri
də əgər haqqında yazılmayıbsa,
deyilməyibsə, onların
Əbdülhüseyn Babayevin
əllərindən çıxması
nişan verilməyibsə,
onlar da xalq xəzinəsi adlı, sahibinin hamımız olduğumuz əngin ümmana qovuşacaq. Onların da tamamının üstündə
tək imza qalacaq - "USTA".
Belə
bir ustamız olub, belə bir ustadımız olub - qızıl əlli Əbdülhüseyn
Babayev.
...Onun sözüdür. Deyirmiş ki, gərək
həmişə arabanın
səsi qulağımda
ola. Bunu səbəbsiz
demirmiş, çünki
yolunun başlanğıcında
o, araba təkərləri düzəldirmiş.
1860-cı
illərin sonları,
1870-ci illərin əvvəlləri
idi və Əbdülhüseyn mollaxanaya
gedirdi. Ovaxtkı Bakı bir ayrı
Bakı imiş. Qala divarlarının arasındakı İçəri
şəhərmiş, dışarıda
da təkəm-seyrək binalar.
İçəri şəhərdə
də, ondan çöldə - asta-asta
tkililəri artan Bayır şəhərdə
də arabalar gedib-gəlirmiş. Əbdülhüseynin
atası Kərbəlayı
Mikayıl arababənd
idi. Arabalar quraşdırırdı, əsas
da araba təkərləri qayırırdı.
Arabaları başqa ustalar da düzəldə
bilirdi, amma onun kimi yaxşı
təkərdüzəldən tək-tək ələ düşərdi. Əbdülhüseyn
mollaxanaya gedirdi, yaxşı da oxuyurdu, amma yazı-pozunu öyrənəndən sonra
təhsilini yarımçıq
qoymuşdu. Onu təkər cəzb edirdi. Gözü atasının əllərində
idi. Mollaxanayla vidalaşaraq o da başlayır
Kərbəlayı Mikayılın
yanında şəyirdlik
eləməyə. Kərbəlayı
Mikayılın oğlundan
başqa da şagirdləri
çox idi. Amma əlbəttə ki, oğluna
bildiklərini, bu sənətin ən xırda sirlərini də daha çox
başa salırdı.
Nəvələrinin mənə
söylədiyidir. Əbdülhüseyn
belə deyirmiş, bu sözlər onun da hafizəsinə atasının dilindən qonubmuş. Arababənd Kərbəlayı Mikayıl
öyüd verirmiş
ki, arabanı gərək
elə düzəldəsən,
onun zahirən kobud kimi görünən
təkərini elə
incəliklə, elə
zərif, elə dəqiqliklə işləyəsən
ki, hərəkət edəndə
təkərin səsi
sənə musiqi kimi gələ.
On il Əbdülhüseyn atası
Kərbəlayı Mikayılın
yanında arababəndlik
öyrənir. Amma bununla
ürəyi soyumur. Şəhərdə yaxşı
tanınan digər ustaların da yanına gedir, onların hərəsindən nəsə
götürməyə çalışır.
Qapı-pəncərə bağlamağın
yol-yolağasını mənimsəyir,
şüşəbənd yığmağı,
xonça-bağdatı bağlamağı
öyrənir və beləcə, yavaş-yavaş
səriştəsi artır.
XIX yüzilin sonlarına doğru artıq şəhərdə yaxşı
tanınan seçkin ustalardan birinə çevrilmişdi. "Qafqaz
və Merkuri" gəmiçilik şirkəti
onun sorağını
alır. Əbdülhüseyni
dəvət edirlər,
yaxşı məvacib
təklif edirlər.
On il sərasər "Qafqaz
və Merkuri" şirkətində çalışır,
orada gəmi təkərləri düzəltməyə
başlayır və bu işin də
ən qabil ustalarından birinə çevrilir.
Ölməz qəzəl şairimiz
Əliağa Vahid ədəbiyyata
ilk gənclik illərindən
bağlanıb. Şeirlərini
erkən yazmağa başlayıb, həmişə
məhsuldar olub, ömrünün axırınacan
qələm əlindən
düşməyib. Bu gün
ortada Əliağa Vahidin xeyli kitabı
var. Lakin bu "xeyli
kitab" heç də
Əliağa Vahidin doğurduqlarının hamısını
əhatə etmir. Onun yazdıqlarının
böyük hissəsi
dünənlərin axarında
əriyib yox olub. Bəziləri qayıdışsız qeybə
çəkilib. Əlbəttə,
bunda özünün
də günahı
var. Çünki Əliağa
Vahiddə ki ilham aşıb-daşırdı, düşünürdü
- sabah bundan da yaxşısını yazaram.
Bir xanəndə gəlib
ondan qəzəl istəyəndə dərhal
yazıb verirdi, pulunu alıb qoyurdu cibinə, heç şeirin nüsxəsini də özündə saxlamırdı.
Müəyyən zaman keçəndən
sonra isə o şeirlərin əksəri
yadından çıxırdı.
Amma müəyyən şeirləri
də var ki, Əliağa
Vahid onların altına
imza qoymaqdan elə könüllü olaraq, başlanğıcdan
- yazıldığı anındaca
imtina edib. Bakı məzarlıqlarına
Əliağa Vahidin bolluca epitafiyaları səpilib. Epitafiya - dilimizə çevirəcək
olsaq, vida ithaflarıdır, qəbir
daşları üzərində
yazılan ayrılıq
kəlmələri. Çox
olub ki, hansısa müğənni, hansısa
oxuyan gəlib Əliağa Vahidin yanına, ondan təzə qəzəl istəyib. Bəzən yazıb verib, bəzən də elə olub ki, vaxtı qıtmış,
ya həvəsi yoxmuş, yazmaqdan imtina edib. Ancaq
görənlər, bilənlər,
köhnə abşeronlular
mənə dəfələrlə
söyləyiblər ki, heç
vaxt olmayıb kimsə gəlsin Vahidin yanına, desin, hansısa məzar daşı üstünə yadigar söz yazmaq lazımdır, Əliağa
boyun qaçırsın.
Lap qazanı da daşsa,
yaxasını kənara
çəkməzmiş. Ağız
açıblar, o da oturub
yazıb, bəzənsə
elə ayaq üstəcə, papiros qutusunun qapağında sabah mərmərə köçəcək bir
neçə misranı
qələmə alıb.
İndi Abşeron məzarlıqlarında,
daşlar üzərində
oxunduqca dərhal yüksək poeziya nümunəsi olduğu anlaşılan və Əliağa Vahiddən miras qalan sıra-sıra
şeirlər yaşamaqdadır.
Əlbəttə ki, ölü
məkandakı o diri şeirlərin hamısı
imzasızdır. Şair
bu qoşqularında özü könüllü
olaraq, ehsan olaraq imzadan vaz keçib.
Vahid o cür edirmiş, amma imzadan imtinanın
başqa çeşidləri
də var. İçərişəhərdə,
Bayır şəhərdəki
köhnə Bakı mülklərində çox
cazibədar, bir-birindən
nəfis qapılar
var. Dayanırsan o qapıların
qarşısında, hərəsi
bir sənət əsəridir, ayrılmaq
olmur, baxdıqca baxmaq istəyirsən. Bəzən insan uzun dəqiqələr boyu həmin qapıları seyr edir, o qapılar ki, dünən yanından keçib, srağagün böyründən ötüb,
indiyədək onları
bəlkə əlli dəfə, yüz dəfə görüb, amma bu dəfə
baxarkən yenə əlavə bir incəlik, ayrı bir cizgi, qeyri
bir yaraşıq tapır. Ustaların bağladığı köhnə
Bakı qapılarının
hərəsi bir aləmdir. O qapıların
neçəsini XIX yüzilin
sonlarında, XX əsrin
ilk onilliklərində usta
Əbdülhüseyn Babayev bağlayıb. Və həmin əsərlərin
hər birinə sadəcə hər gün açılıb-örtülən
qapı kimi baxmayın. Onları şəbəkə sənətimizin
dünəninə açılan
qapılar sayın.
...Bu tikilinin yaşı çoxdur. Əsr yarımdan da artıq. Zamanında burada XIX əsrin sonlarında, XX əsrin əvvəllərində
Metropol mehmanxanası yerləşirdi.
1918-ci ilin sentyabrında
Bakı azad ediləndən, Azərbaycan
hökuməti Gəncədən
bura köçəndən
sonra imarət Azərbaycan Xalq Cümhuriyyətinə qucaq
açdı. Sonra illər
boyu burada ayrı-ayrı müəssisələr,
idarələr yerləşdi.
1939-cu ilin noyabrında
Nizami Gəncəvi adına muzeyin yaradılması qət ediləndə paytaxtın
göbəyindəki həmin
binanı Nizami muzeyinə verməyi qət etdilər. Və o zaman ilkin yada düşərək dəvət
edilənlərdən biri
usta Əbdülhüseyn
Babayev oldu. Çağırdılar
ki, ən əvvəl
yaradılacaq muzeyə
yaraşan, Nizami adına layiq giriş qapısı düzəltsin. Oçağacan
binanın qapısı
olmağına olmuşdu,
ancaq başqa köhnə mülklərin
qapılarından fərqlənməyən
birovuz bir qapı. Amma bu, Əbdülhüseyn Babayev idi.
Əli dəyirdisə,
həm də bu qapını Nizami adını tutub işə başlayırdısa, gərək
Bakıda indiyəcən
olmuş qapıların
ən gözəlini yarada idi. Və
misilsiz bir qapı bağlayır. Bəs bu qapının
bənzərsizliyi, qeyri-adiliyi
nədən ibarət
idi? İş ondadır ki, Əbdülhüseyn
kişi qoşa laylı, başdan-başa
şəbəkəli bu
iri qapını düzəldib başa çatdırmışdı, bircə
yerinə qoymaq qalırdı, ancaq həmin qapıya bircə xırda mıx belə çalınmamışdı. Yalnız calaq, ayrı-ayrı hissələri
bir-birinə geydirərək
bənd etmək, bir də yapışqan.
Amma davamlılığı, etibarlılığı da yüzlərlə
mıx və mismar vurulmuş istənilən qapıdan daha yüksək.
1940-cı
illərin əvvəllərində
düzəldilmiş bu
qapıya ilk mıx, əvvəlinci mismar
1960-cı illərdən etibarən
vurulub. Əbdülhüseyn
Babayev vəfat edəndən
sonra. Nə qədər ki Əbdülhüseyn
Babayev sağ idi, ona müraciət edildi-edilmədi, hərdən
yolunu Nizami muzeyi tərəfdən salardı, giriş qapısına - öz sevimli əsərinə baxardı, təmirə ehtiyac duyanda əsərinə əl gəzdirərdi.
1961-ci ildə Əbdülhüseyn
o qapını da həmişəlik
qalmaqçün bu dünyada qoyaraq həyatdan getdi. Beş il ötdü, on il
sovuşdu. Qapı açılırdı, bağlanırdı,
harasısa yeyilirdi, harasısa boşalırdı
və təmir zərurəti yaranırdı.
Yeni günün ustalarını
dəvət edirdilər,
onlar da gəlib baxınca əvvəl heyrətlənirdilər ki, mıxsız-mismarsız
bu qapı necə dayanırmış,
sonra da hiss edirmişlər
ki, hər halda mıxsız-mismarsız keçinə
bilməyəcəklər. Başlayırdılar adi qaydada təmirə.
Nə qədər ki Əbdülhüseyn
Babayev sağ idi, qapı həmişə təzə idi, cavan idi. Əbdülhüseyn
kişi hətta bu qapı üçün
xüsusi ağac çəkiclər də
düzəltdiribmiş ki, işləyəndə
onlardan istifadə etsin, qapını incitməsin, zədələməsin.
Onillər ötüb, Əbdülhüseyn
Babayev çoxdandır ki, karvanını
çəkib gedib. Qapı isə yerindədir, hər gün o qapıdan insanlar girirlər, çıxırlar. Və
usta da istər-istəməz
hər gün anılır. Çünki
bu qapıdan keçən insanların
hər biri heyranlıqla maraqlanır
ki, nə gözəl
əsərdir, bu qapını kim yaradıb? Və qapı haqqında söz açıldıqca,
təbii ki, Əbdülhüseyn
Babayevin adı çəkilir, ruhuna rəhmət oxunur. Beləcə, başqaları
üçün qəlbinin
sevgisi və əllərinin hünəri
ilə yaratdığı
qapı daim onun özünün xatirə qapısını
açıq saxlayır...
...Əbdülhüseyn Babayevin
şəcərəsindən olanları arayarkən ilk tapdığım vaxtilə
anası elə Nizami muzeyində işləmiş Nadir Babayev oldu.
Vaxtilə anası burada zal baxıcısı
imiş, Nadir də hələ məktəbli
illərində şagird
yoldaşlarının yanında
öyünərmiş ki, bax
bu şəbəkələri
mənim babam düzəldib: "190 nömrəli
məktəbdə 3-cü sinifdə
oxuyurdum. Gəldik muzeyə, bilirdim ki, babamın əl işləri çoxdur burada, bunu atam-anam
demişdi mənə.
Yaxınlaşdım ekskursiya
aparan xanıma, soruşdum ki, bunların müəllifi kimdir? O da qayıtdı ki, bunları
müxtəlif ustalar düzəldib. 3-4 dəfə
soruşdum. Dedim, bəlkə deyər ki, Əbdülhüseyn Babayev, onda
mən deyə bilərəm ki, o, mənim
babamdır. O da qismət
olmadı".
Nadir müəllim bir az gileyli uşaqlıq
xatirəsini dilə gətirəndə demişdim
ki, o vaxt məktəbli
yoldaşlarınızın yanında qürrələnməyinizə
imkan olmamışdısa
da, hər halda ad çəkildi-çəkilmədi,
siz bilirdiniz ki, muzeydəki şəbəkələr
Əbdülhüseyn Babayevin
işləridir və
həqiqətən iftixar
etməli babanız
var.
Nadir Babayevin tarixlə bir yerdə fotosu var. Babasının qucağındadır. Deyir
ki, babamın doğum
tarixi Azərbaycan ensiklopediyasında düz göstərilməyib. Yazıblar
1877-ci ildə doğulub,
1961-ci ildə rəhmətə
gedib. Bu hesabla götürəndə 84 yaş
edir. Ancaq mən bilirəm ki, babam 100 yaşına çathaçatda həyatdan
gedib. Onun doğru təvəllüd
tarixi 1862-ci ildir. Həmin il Bakıda xarrat ailəsində dünyaya gəlib. Qəbir daşının
üstündə də
təvəllüd tarixi
1862 göstərilib.
...Əbdülhüseyn Babayevin
doğru yaşını,
dəqiq doğum tarixini müəyyənləşdirmək
çətin deyilsə
də, onun vurğunu olduğu şəbəkə sənətinin
sinnini bilən yoxdur və bu, zamanın uzaqlarında əriyib itən yoldur. Daha uzaq tarixçələrdən
xəbər-ətər yoxsa
da, Səfəvilər dönəmində
şəbəkə sənətinin
inkişafı haqqında
qaynaqlarda soraqlar əks olunmaqdadır.
XVII-XVIII əsrlərdə bu sənət ömrünü davam etdirirdisə də, şəbəkəçiliyin tarixində XIX əsrin sonlarından etibarən sanki intibah başlanır.
Köhnə ənənələr,
üslublar dirçəldilir,
bir-birindən qüvvətli
sənətkarlar yetişməyə
başlayır - həm
Güneydə, həm
Quzeydə. XX əsrin
əvvəllərinə doğru
bu sənətin Quzey Azərbaycanda yeni dirçəlişi bilavasitə
Əbdülhüseyn Babayevin
adı ilə bağlıdır. Başqa
sözlə, Əbdülhüseyn
Babayev tariximizdə yalnız
bir üstün sənətkar kimi deyil,
həm də bu məktəbi, bu ənənəni davam etdirən, ona rövnəq verən, şəbəkəçiliyi
yeni inkişaf mərhələsinə
qaldıran ustad, məktəb-şəxsiyyət kimi qalır.
Ustadın yanına gəlib
ondan öyrənən,
şəyirdlik edənlər
öz yerində, vaxtilə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində
Əbdülhüseyn Babayevə
emalatxana da ayırıbmışlar
ki, orada şəbəkə
sənətindən dərs
desin, davamçılar
yetişdirsin.
Nadir
Babayev ailə xatirələrinə
söykənərək nağıl
edir ki, şəhərin
varlı adamları qapılar, pəncərələr,
arakəsmələr düzəltdirmək
istəyəndə babama
müraciət edirmişlər.
Əinin altında işçiləri də
vardı, böyük
əmim Ağababa da həmişə onunla gedərdi. Şors küçəsində babamın
öz dükanı da
vardı. Sonradan onu elədilər şüşə-güzgü sexi. İndiki Süleyman Tağızadə,
keçmiş Ostrovski
küçəsində musiqi
məktəbi olan yerdə onun xarrat dükanları varmış.
...XX əsrin birinci onilliyinin sonlarına doğru axşamlardan birində Əbdülhüseyn
Babayevin qapısı döyülür, iki nəfər keçir içəri. Bir vərəq
çıxarırlar. Üstündə
əllə çəkilmiş
şəbəkəli miz
şəkli. Deyirlər,
təxminən bu cür düzəldin, amma bacarsanız, daha yaxşısını
etmək lazımdır.
Vaxtımız azdır,
bir həftəyə-on
günə bunu etmək lazımdır.
Əbdülhüseyn kişi qayıdır ki, düzəltməyinə
düzəldərəm, bundan
da yaxşı olacaq, amma bu, beş-on
günlük məsələ
deyil. Üç-dörd
aydan tez bu sifarişə yaxın dura bilmərəm.
Çünki bu saat əlimdə işim çoxdur.
Həqiqətən də, o dövrdə
işi başdan aşırmış. Bakı
milyonçularından biri
təzə mülkünü
tikdirib qurtarıbmış
və Əbdülhüseyn
Babayevin də yanına adamını yollayıbmış ki, başının
dəstəsini yığıb
gəlsin, mülkün
bütün xarrat, dülgər işlərini,
qapı-pəncərə, şüşəbənd,
şəbəkə məsələlərini
həll eləsin. Bu
da elə Əbdülhüseyn
Babayev deyən kimi,
lap sürətlə, ləngimədən
gecə-gündüz çalışsalar,
aşağısı üç-dörd
ay vaxt istəyirdi.
Miz sifarişinə gələnlər
vəziyyəti başa
düşüb pərt
halda çıxıb
gedirlər. Amma iki-üç
saat keçməmiş
Əbdülhüseynin qapısı
təzədən döyülür.
Usta qalxıb qapını açır,
baxır ki, bayaqkılardır,
qayıdıb gəliblər.
Deyirlər, getdik danışdıq, başqa
yol yoxdur, bunu mütləq siz düzəltməlisiniz,
özü də bizə lazım olan vaxtda. Geyinin,
sizi bir nəfərlə görüşə
aparacağıq. Əbdülhüseyn
Babayev bu gələnlərin
hökmlü danışığından,
qırımından görür
ki, etiraz etmək mümkün olmayacaq, geyinib qoşulur onlara. Gətirirlər bunu cavan bir
oğlanın yanına.
Həmin adam deyir ki, narahat olmayın, mən sadəcə sizdən xahiş edirəm. Çünki o adam ki mən bu mizi
onun üçün düzəltdirmək istəyirəm,
mənə böyük
yaxşılığı keçib, çox işlərimizdə kömək
edib bizə. İndi təzə ev tikdirib. Mən də istəyirəm ki, onun yaxşılıqlarının
əvəzindən cüzi
də olsa çıxmaqdan ötrü
nəsə bir hədiyyə edim. O miz ki təxminən şəklini çəkmişəm,
onu vaxtilə mən bir gürcü
knyazının evində
görmüşəm. İstəyirəm
ona bənzərini, bəlkə elə ondan da sifayısını
düzəldəsən. Əbdülhüseyn
qayıdır ki, vallah,
eləməyinə eləyərdim,
amma həqiqətən
vaxtım yoxdur. Elə sizin kimi hörmətli adam, Bakı zənginlərindən biri
təzə mülkünü
tikdirib başa çatdırıb, təcili
ora köçmək
istəyir, bütün
xarrat, dülgər, şəbəkə, qapı-pəncərə
işlərini tapşırıb
mənə, artıqlaması
ilə behini də ödəyib. İş danışıqdan
keçər, kişiyə
söz vermişəm.
Əbdülhüseyni gətizdirmiş
adam dübarə soruşur ki, evində işlədiyiniz adam kimdir? Bəlkə onun özü ilə görüşək,
danışaq, bir həftə bizə möhlət versin ki, bunu düzəldəsiniz.
Əbdülhüseyn adı
çəkən kimi
onu gətizdirmiş cavan gülümsünür,
deyir, mən də bunu bax
elə həmin adam üçün sovqat olaraq hazırlatdırıram.
Günü sabahdan işə başla, amma məbadə özü bilə.
Əbdülhüseyn ertəsi gün başlayır mizi düzəltməyə,
tez də təhvil verir. Sonradan dosta-tanışa söhbət edərmiş
ki, məni çağırtdıran
Koba idi, yəni Stalin.
Üstündən illər keçir,
1940-cı illərin ortaları,
artıq sovet ordusunun İkinci Dünya müharibəsində
irəliləməyə başladığı,
qələbələr qazandığı
əyyamlarmış. Hər
gün emalatxanasındakı
balaca divar radiosundan xoş cəbhə xəbərlərini
eşitdikcə Əbdülhüseyn
kişi şövqə
gəlirmiş və elə həmin ruh yüksəkliyi ilə də üstü naxışlı
nəfis bir tüfəng qundağı
düzəldir, gəlir
poçta, yaxşıca
bükdürdüyü həmin
qundağa bir məktub da əlavə edərək sifarişli bağlama kimi Moskvaya, Kremlə, Stalinə göndərir.
Həftələr keçir, aylar
ötür, Moskvadan səs-soraq çıxmır.
Bir müddət sonra isə Əbdülhüseyn
Babayev medalla təltif
olunur və bundan da bir xeyli
ötüncə günlərin
birində Mircəfər
Bağırov onu çağırtdırır: "Yadındadırmı, sən
Rəhbərə bir hədiyyə göndərmişdin?"
Əbdülhüseyn Babayev heyrətlənir ki, onu haradan bildiniz? Hədiyyəni Moskvaya, Stalinə göndərməyimi
heç evdə də deməmişəm.
Mircəfər Bağırov
gülür: "Elə
bizim işimiz belə-belə şeyləri
bilməkdir də".
Soruşur ki, o tüfəng qundağından
birini də düzəldə bilərsənmi?
Əbdülhüseyn "hə"
deyir, tezliklə düzəltməyinə düzəldir
də.
Yenə
ustanın nəvəsi
Nadir danışır ki, nəsə
araya işlər girir, baş qarışır, sonra Mircəfər həmin tüfənglə maraqlanmır:
"Qalmışdı evimizdə,
Mircəfər Bağırova
qismət olmadı. Mən şəxsən o karabinlə oyuncaq kimi oynayırdım. Uşaq idik, qədrini bilmədik, sındı, dağıldı
getdi".
...Yalnız yaratdıqları
ilə deyil, ömrü, taleyi ilə də möcüzə olan misilsiz bir sənətkarımız
vardı. Fırçasından
qopmuş rəsm incilərinin boyaları heç vaxt solmayacaq Mikayıl
Abdullayev. Onun rənglər
sehrkarı, bütün
rəssamlıq tariximizin
ən misilsiz zirvələrindən olduğunu
elə bir neçə əsərinə
baxınca hər kəs təsdiqləyər.
Ancaq onun həyatının da möcüzəli
eniş-yoxuşları olmasından
az adam xəbərdardır.
Allahın istedad bağışladığı bir rəssam üçün ən vacib olan nədir?
Deməyin ki, fırça
tutan əllər. Yerli-dibli qolları olmayan, ayaq barmaqları
ilə fırça tutaraq rəsmlər, həm də gözəl rəsmlər
çəkənlərə də rast gəlinib.
Hər iki əlindən məhrum, dirsəkləri ilə fırçadan yapışaraq
füsunkar lövhələr
yaradan bir rəssamı isə uşaqlıq illərimdə
mən şəxsən
görmüşəm. Yəni
əlsiz-qolsuz da rəssamlıq
etmək mümkündür.
Fəqət görmədən
necə çəkə
bilərsən? Və
Mikayıl Abdullayev yaş
yarımlıq olanda hər iki gözünün
işığını itirmişdi.
Lakin günlərin birində
Allahın möcüzəsi
baş verir. İllərlə kor olan uşaq bir gün sevincək
qışqırır: "O parıldayan nədir elə?"
Bir gözü açılmışdı.
Və həmin bircə gözlə, həm də görməyi xeyli zəif olan təkcə gözlə ömrü boyu Mikayıl Abdullayev nə qədər parlaq rəsmlər çəkdi,
bir-birindən cazibəli
lövhələr doğurdu.
Heyrətli deyilmi?
Və ondan yadigar qalan
əsərlərdən biri
də şəbəkə
ustası Əbdülhüseyn
Babayevin portretidir. O portret indi Bakıda
deyil, Moskvadadır - Tretyakov qalereyasında saxlanılır. Həmin əsəri Mikayıl
Abdullayev o vaxt çəkib
ki, məşhur şəbəkə
ustasının yaşı
bir əsri haqlamışdı, 99-un içindəydi.
Mikayıl müəllim danışırdı
ki, mən o portreti çəkməyi qət
edəndə Əbdülhüseyn
usta artıq qocalmışdı, daha işləmirdi. Hərçənd
qolunun gücü hələ də qalırdı. Görüşəndə
əlimi elə möhkəm sıxırdı
ki, sanki əlim bir cavan adamın
əlində idi. Mikayıl müəllim əlavə edirdi ki, mənim də əllərim balaca əllər deyil, amma Əbdülhüseyn kişinin əlləri elə iri idi
ki, əlim onun ovcunda qalırdı. Ona görə də portretin adını qoydum "100 yaşlı şəbəkə ustası".
Əbdülhüseyn ustanı
iş başında çəkdim. Qoy baxan elə düşünsün ki, elə
100-ündə də işləyirmiş.
Məgər düz demirdimi böyük rəssamımız?
Əlbəttə ki, haqlı
idi. Cansız taxta parçasına dirilik vermiş qüvvətli barmaqlarının
bəhrəsi olan şəbəkələr özü
həyatdan gedəndən
onillər sonra da zövq oxşayan sənətkara ruhən canlı deyilməzmi?
Məgər bizə təzə
görünən hər
köhnə əsəri
ilə usta Əbdülhüseyn Babayev yenə
hər gün iş başında deyilmi?
Nadir
Babayev bir maraqlı əhvalatı da söyləyir.
Deyir, 1986-cı ilin avqust ayı idi. Oğlum beş aylıqdı, anasının qucağında
idi. Gördük ki, 2
nömrəli şəhər
poliklinikasının qapısının
ağzında rəssam
Mikayıl Abdullayev dayanıb.
O mənim yadımda hələ bizə gəlib-getdiyi, babamın portretini çəkdiyi vaxtlardan qalmışdı.
Aldım uşağı
anasının qucağından,
yaxınlaşdım Mikayıl
müəllimə, salam
verdim. Dedim, Mikayıl müəllim, siz məni tanımırsız,
mən Əbdülhüseyn
Babayevin nəvəsiyəm.
Məni diqqətlə
süzdü, süzdü.
Dedi, dayan görüm, siz Bazarnı küçədə
olurduz (o vaxt Hüsü Hacıyevə
(indi - Azərbaycan prospekti) "Bazarnı"
deyirdilər), elə deyilmi? Qayıtdım ki, bəli. Dedi, sən Əjdərin oğlusan, bu da sənin oğlundur. Dedim, bəli, bu da mənim oğlumdur. "Buna bax e. Mən deyirəm, bəziləri mənimlə
razılaşmır. Deyirəm,
insan köçür
bu dünyadan, ölmür və müəyyən vaxtdan sonra qayıdır. Budu, bax, bu
körpənin bütün
cizgiləri sənin babanınkıdır. Bu uşağın
simasında Əbdülhüseyn
təzədən qayıdıb".
...Babayevlər ailəsi həmişə sənətlə,
quruculuqla bağlı
olub. Əbdülhüseyn
Babayevin böyük oğlunun qızı, nəvələrindən biri
Validə xanım da
40 ilə yaxın mədəniyyət müəssisələrində
çalışıb. Babasını
anır, dönüb olur yenə uşaq. Söyləyir ki,
babamla bir yerdə Ostrovski küçəsi 69 ünvanında
yaşamışıq. Sonra yayı da bağda, Pirşağıda keçirərdik.
Ostrovskidə olduğumuz
vaxtlarda bir gün Leninqraddan bir kişi, bir qadın gəldi. Onlar babamın evdə olan bütün əl işlərinin şəklini çəkdilər.
Gözəl bir şəbəkəsi vardı,
çox istədilər
ki, onu alsınlar, vermədi. Başqa işlərdən verdi, onu yox. Dedilər,
onda icazə verin, bunun da şəklini çəkək.
Mən də balaca qız idim. Tutdum şəbəkəni,
şəklini çəkdilər,
apardılar. Sonra bizim
qohumlardan Leninqrada gedən olmuşdu, Ermitajda babamın əl işlərini də, öz şəklini də görmüşdülər.
Validə
xanım danışır
ki, bazarlıq eləməyə
Əbdülhüseyn kişi
həmişə özü
gedər, ev üçün alınacaqları
özü seçərmiş.
"Mən də yanında olardım. Qoz alanda yoxlamaqçün
birini götürüb
ovcunda sındırardı.
Deyərdim, ay baba, ikisini
götür ki, bir-birini
sıxsın, rahat sındırasan. Gülərdi
ki, yox, qızım, birini götürmək lazımdır. Sınsa, demək yaxşıdır,
qabığı nazikdir,
sınmasa, almayacağıq".
Bu nəvə xatirəsini səbəbsiz bölüşmürəm.
Ovcunda tək qozu sındırdığı
vaxtlarda Əbdülhüseyn
Babayevin yaşı
90-ı keçmişdi, 100-ə yaxınlaşırdı. Dizinin
taqəti, qolunun gücü isə yerində idi.
...Əbdülhüseyn gec evlənmişdi. Yaşı
40-a yetişəndə qohum-əqrəba
baxır ki, vadar eləməsələr, bu,
daşı ətəyindən
tökən, subaylığa
son qoyan deyil. Elə öz əmisi qızını ona gəlin gətirirlər. Minaxanımla
izdivaclarından on bir
uşaq dünyaya gəlir: doqquz oğlan, iki qız.
Qızıl barmaqlı sənətkarın
ailə həyatının
belə xırdalıqlarına
enməyim səbəbsiz
deyil. Çünki balalarının aqibəti
baxımından da usta
Əbdülhüseyn kimsəyə
bənzəməyən, bəlkə
də yeganə olan ata idi.
Oğlanlarından birini
erkən itirmişdi -
22 yaşında. Vaxtsız
vəfat etmiş balasına görə ata da, ana da çox xiffət çəkirdi. Haradan biləydilər ki, müsibətlərin böyüyü
və daha sarsıdıcısı hələ
qarşıdadır. 1941-ci ildə dava başlananda Əbdülhüseynin
bütün oğlanları
əsgərlik yaşında
idi. Ən kiçiyi Əjdər idi ki, o da artıq keçmişdi 18-ə. Səkkis
qardaşın səkkizi
də də cəbhəyə yollanır.
Müharibə Əbdülhüseynin
əlindən səkkiz
oğlundan yeddisini alır. Davadan sağ qayıdan təkcə balaca oğlu olur. Onun da döyüşlərdə
güllə dəymiş
əli şikəst. Müharibə başa çatanda - 1945-ci ildə
Əbdülhüseyn kişi
artıq yaşlanmışdı.
Əslində dincələn
vaxtı idi. Əvvəlkindən də
çox işləyirmiş.
Səhər alatorandan
emalatxanasına girər,
yemədən, içmədən,
dayanmadan əlləşərmiş.
Dostlarından, yaxınlarından
irad tutan da olur ki, ay Əbdülhüseyn,
özünü niyə
həlak edirsən, maşallah, varın, dövlətin bəsincədir.
Heç bir ehtiyacın yoxdur. Daha istirahət elə. Emalatxananı da ver, başqaları işlətsin. Bu da sənə
əlavə gəlir gətirər. Ona belə söyləyənlərə Əbdülhüseyn
kişi deyərmiş
ki, ay qardaş, bəyəm
mən mala-pula görə
işləyirəm? Çalışıram
ki, başım qarışsın.
Şəbəkə diqqət
tələb eləyən,
zehin istəyən işdir. Gərək fikrin daim isgənədə,
yegədə, bıçaqda
ola. Mən də obaşdandan başlayıram
işə, gün ərzində saatlarım dolur. Bu minvalla ağır fikirləri özümdən kənara
qovuram. Bu yolla sinəmdəki bala dağı bir az səngiyən kimi olur. Bu iş
olmasa, ürəyim partlayar.
Beləcə, ömrünün son parçasında gözəl
sənəti həm də usta Əbdülhüseyn
Babayevin xilaskarına çevrilmişdi...
...Hərdən ağlımdan
keçir ki, Bakının,
İçərişəhərin o köhnə qapıları
ki hərəsi bir gözəllik nümunəsidir,
hərəsi bir ustanın yadigarıdır,
hərəsi bir qənirsiz sənət nümunəsidir, onların
harasındasa - hansısa
bir küncündə,
bucağında müəllifinin
adı yazılsın,
nabələdlər də
o sənətkarı tanısın.
Bu arzu ürəyimdən
keçməyinə keçir,
lakin dərhal ardınca bunu da fikirləşirəm ki, ay rəhmətliyin
oğlu, nə qoyub, nə axtarırsan? Bakıda sıra-sıra heykəllər
var, hərəsi möhtəşəm,
yaşadıqca yaşayası
əsər. Heç onların üstündə
bunu kimin yaratdığından əsər-əlamət
gözə dəymir.
Şəhərimizə kənardan gələnlər öz yerində, amma camaatımız da bilməlidir
axı! Bilməlidir
ki, bu gözəlliyi yaratdığına görə
"sağ ol"u kimə desin, rəhməti kimə oxusun. Axı yurddaşlarına gözəllik
yadigar qoyub getmişləri yurddaşların
da tanıması və
sayğıyla anması
borcdur.
27 sentyabr 2023
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2023.- 30 sentyabr.- S.16-17.