Heç vaxt inanmayacağım vida
Esse
Son illərdə sizin adınızla tez-tez
keçirdim kompüterin arxasına: yazdığınız
kitabları redaktə etmək, göndərdiyiniz mətnlərə
baxmaq, sizə elektron məktub göndərmək, müəllifi
olduğunuz kitablar haqqında məqalə, ya da
keçirdiyiniz saysız-hesabsız tədbirlər haqqında
qəzetə xəbər yazmaq üçün... Amma
heç vaxt, heç vaxt ağlıma gəlməzdi ki, bir
gün adınıza ayrıca içi dolu olan fayl
açılmış kompüterin arxasına göz
yaşlarımla sizə vida yazısı yazmaq
üçün keçəcəyəm. İçim doludur
"kaşlarla", "bəlkələrlə"...
Heyhat, indi heç biri köməyə çatmır, daha siz
bu dünyada yoxsunuz! Eləmi?!
lll
Həyatıma "Qənirə Paşayeva"
adı nə vaxt, necə daxil olub bilmirəm, amma bir vaxt ANS
Televiziyasının ən tanınmış müxbirlərindən
olan Qənirə Paşayevanın İraq-Amerika müharibəsində
İraqa gedib oradan saatbaşı
çatdırdığı xəbərlər məni necə
təsirləndirmişdisə, içimdə bu gənc
xanıma heyranlıqla bərabər, gördüyü işə
müdhiş sayğı və sevginin necə
yarandığını yaxşı bilirəm. O gündən
sonra "böyüyəndə kim olacaqsan?" sualına
"Qənirə Paşayeva kimi jurnalist olacağam"
deyirdim. Bu, təkcə bir uşağın arzusu, istəyi
deyildi, körpə ağlı ilə özünə bir nəfəri
kumir, onun kimi olmağı isə həyat amalı etmək
idi...
Sonra televiziyada hər Qənirə Paşayevanın səsi
gələndə, harda olsam da, qaçıb televizorun
önünü kəsdirər, heyranlıqla dinlərdim. Hətta
əgər mən eşitməmişəmsə, evdəkilər
"sənin Qənirən danışır" deyə
çağırardılar məni...
Mənim Qənirəm idi o artıq...
Jurnalistliyinə heyran olduğum xanım sonra cəmiyyət
üçün daha çox yararlı ola biləcəyi bir məqama
gəldi: millətinin vəkili seçildi. O gündən də
bu adı bir vəzifə kimi yox, borc, öhdəlik, yaşam
səbəbi kimi daşıdı. İkinci dəfə heyran
oldum ona! Əzminə, yorulmazlığına, Vətən və
xalq sevgisinə!
Sonra özümə verdiyim sözə əməl
etdim, jurnalistika sahəsində çalışmağa
başladım və bəlkə Tanrının lütfü,
bəlkə illərlə kainata göndərdiyim
mesajlarımın xoş cavabı idi ki, elə bu sahədəki
ilk illərimdən uşaqlıq kumirimlə, idealımla - Qənirə
Paşayeva ilə tanış olmaq, çox az zamanda isə
gözəl münasibət yaratmaq şansını əldə
etdim. Düzü, bu şansı da özü verdi mənə,
səmimiyyəti, mehribanlığı, gənclərə
inamı ilə...
Artıq uşaqlığım kimi
yaradıcılığımda da, şəxsi həyatımda
da bir Qənirə Paşayeva imzası var ki, mənimlə əbədiyyətə
qədər bərabər olacaq, şübhəsiz...
Bu il isə onunla çox ciddi, məsuliyyətli
işlər üzərində çalışırdıq.
Ən qısa zamanda sevənlərini, bütün Türk
dünyasını sevindirəcəkdi. Amma ömür vəfa
etmədi. "Xocalını alaq, həmin gün Allah
canımı alsın" deyən böyük insan ən
böyük dərdi olan Xocalının, Xankəndinin
azadlığı günlərində aramızdan
ayrıldı. Bəlkə o torpaqları elə çox
sevirdi ki, hamımızdan öncə mələk olub
qanadlandı oralara sarı?!
Nə zamansa gedişinizə inanarammı, öyrəşərəmmi,
bilmirəm, amma heç bir zaman kimsə məni "Qənirə
Paşayeva daha yoxdur" sözünə inandıra bilməz!
Çünki Qənirə xanım gənc yaşında
böyük işlərə imza atmış,
saysız-hesabsız yaxşılıqlara vəsilə
olmuş, toxunduğu həyatlarla əbədiyyəti
qazanmış şəxsiyyətdir. Və daha yaxından
tanıdıqca anladım ki, nəinki mən, heç kimsə
Qənirə Paşayeva kimi ola bilməz, olmayacaq.
Bu gün haqqında keçmiş zamanda
danışmaq nə qədər ağır, nə qədər
çətin olsa da, tək təsəllimiz özündən
sonrası üçün qoyub getdiyi xoş,
işıqlı xatirələr, ölçüsüz insan
sevgisidir. Özünün də dediyi kimi: "Hamımız
bilmirik 10 gün sonra nə olacaq. 10 gün sonra bəlkə də
hər hansı birimiz bu həyatda olmayacağıq. Bəlkə
bir il sonra... Biz bu dünyadan gedəndə nə
aparacağıq? Hər şeyi burada qoyub gedəcəyik.
Ən sevdiklərimiz belə bizi torpağa tapşırıb
geri dönəcək. Onlar da bizi tərk edəcək. Bizdə
nə qalacaq? Bir şey - bir il, iki il, üç il sonra kimsə
xatırlayanda, deyəcək, adam kimi adam idi. Allahın mənə
nə qədər ömür verdiyini bilmirəm. Bəlkə
50 yaşa çatmadım. Sufilərin bu düşüncəsini
qəbul etmiş insanam: mənim üçün bu gün və
bu an var. Mən onun dəyərini bilərək yaşamaq istəyirəm.
Çünki bilmədiyim şey mənim deyil".
Çox sevdiyiniz, əməlinizdə, şeirlərinizdə,
yazılarınızda, söhbətlərinizdə bir an belə
olsun unutmadığınız Rəbbinizlə
görüşünüz mübarək, Qənirə
xanım! Yaxşı ki, ömrümə adınız
yazıldı!
Şahanə MÜŞFİQ
525-ci
qəzet.- 2023.- 30 sentyabr.- S.14.