Onuncu və sonuncu...
YAXUD "AZƏRBAYCANDA AZƏRBAYCAN
ƏDƏBİYYATI GÜNLƏRİ"
(Əvvəli qəzetimizin 2 sentyabr tarixli sayında)
Sonra Xalq şairi Sabir Rüstəmxanlı söz
aldı. Sirus Təbrizli kimi onun çıxışında
da giley-güzar motivləri yox deyildi və ilk baxışdan bəlkə
də Heydər Əliyevin natiqlərdən təkidlə tələb
etdiyi "ədəbiyyat söhbəti" adlanmaqdan müəyyən
qədər uzaq sayıla bilərdi.
Amma bu, ilk baxışdan belə görünə bilərdi.
Ədalət naminə danışsaq, Sabirin
"giley-güzarı" da necə deyərlər,
ümummilli səciyyə daşıyırdı.
Çünki həqiqi yazıçı ilk növbədə
toplumun bütün problemləri ilə məşğul olan
ictimai xadim kimi tanındığından onun dedikləri cəmiyyət
və mənəviyyat, ədəbiyyat və ictimai əxlaqla
sıx bağlı idi. Ona görə də Sabir bəy
söhbətinə müstəqilliyin mənəvi aspektləri
kimi həssas məsələdən başladı:
"Söhbət müstəqil dövlətin müstəqil
mənəviyyatından gedir. Yalnız mənəviyyat səviyyəsində
söhbət qurulanda onda bu görüşün mənası
daha aydın görünür. Çünki müstəqil
dövlətimiz var, müstəqil dövlətimizin müstəqil
ideologiyası var. Amma təəssüf ki, mənəviyyat məsələlərinin
tam formalaşması, köhnə, totalitar rejimdən,
imperiyadan qopub yeni müstəqil dövlətə keçiddə
bu sərbəstliyə, müstəqilliyə, bu müstəqilliyin
gətirdiyi əziyyətlərə dözmək və
bunların bədii ifadəsini ədəbiyyata gətirmək
çox çətin məsələdir. Halbuki bu, çox zəruridir. Bizim təzə cəmiyyətimiz
bunsuz formalaşa bilməz".
Sabir Rüstəmxanlı çıxışında
Heydər Əliyevlə bağlı əslində
bütün ədəbiyyat və mədəniyyət
adamlarının yekdil istəyi olan bir arzusunu da dilə gətirdi:
"Kaş siz Azərbaycana müharibə dövründə
rəhbərlik etməyəydiniz. Kaş dinc vaxt olaydı və
mən təsəvvür edirəm ki, onda mədəniyyətə,
ədəbiyyata Sizin nə qədər vaxtınız
qalardı və Azərbaycan mənəviyyatı Sizin rəhbərliyinizlə
nə qədər böyük uğurlar qazanardı.
Çünki doğrudan da Siz fikirlərinizin bütün
yönləri ilə yanaşı, əslində həm də
böyük mədəniyyət adamısınız. Azərbaycan
siyasi həyatında belə deyək, Sizin siyasi mübarizənizlə
son illər gözümüzün qabağında baş verən
irəliləyişlər xalqımızın hazırkı
münaqişədən çıxmasına real mühit
yaradır. Ona görə də hesab edirik ki, indi mədəniyyət
və mənəviyyat haqqın da düşünməyə
bir az daha çox vaxtınız qalacaqdır".
Sirus Təbrizlidən fərqli olaraq Sabir
yazıçı və şairlərin böyük əksəriyyətinin
çətin məqamlarda, ağır günlərdə ruhən
və qəlbən Heydər Əliyevlə birlikdə
olduqlarını, onu müdafiə etdiklərini dedi.
Böyük şəxsiyyət və millətin
ağsaqqalı kimi əslində kiminsə müdafiəyə
ehtiyacı olmayan Heydər Əliyevin simasında
çoxsaylı həmkarlarının
ziyalılığı, Azərbaycanın gələcəyini
müdafiə etdiklərini bildirdi. Yaradıcı
ziyalıların bu gün də həmin mövqedə
dayandıqlarını vurğuladı. Təbii ki, həqiqəti
ifadə edən bu sözlərlə razılaşmamaq
qeyri-mümkün idi.
Müstəqil dövlətdə milli mündəricəli,
müstəqil istiqamətli yeni mənəvi mühit
formalaşdırılmasından danışarkən Sabir
Meydan hərəkatında iştirak edən ziyalıların
ucdantutma qaralanmasına etirazını bildirdi. Cəsarətlə
ziyalıları bu şəkildə bir-birinə qarşı
qoymağın, parçalamağın, yaradıcılıq təşkilatlarını
gözdən salmağın Azərbaycanın mənəviyyatına
ağır zərbələr vurduğunu, qarşısı
alınmazsa, bundan sonra daha ciddi zərbələr
vuracağını dilə gətirdi:
"Mən bu mənada məhz yaradıcı birliklərin
qorunub saxlanmasının tərəfdarıyam. O bir mənəviyyat
yuvasıdır və onun öz ab-havası var. Bu hava Azərbaycanın
gələcək böyük milli-mənəvi
havasının təməl daşlarını yaradır.
Əgər o birliklər dağılsa, onda Azərbaycanın
bütün ziyalıları yalquzağa dönər. Mən
demirəm ki, Yazıçılar Birliyi kimisə
yazıçı edir. Amma o ittifaqlar köhnə şəkildə
olmasa da, müəyyən dəyişikliklərlə Azərbaycanın
milli düşüncəsinin mərkəzi kimi həmişə
yaşamalıdır. Mənə elə gəlir ki, Sizin
bugünkü söhbətləriniz son dərəcə yerindədir
və bu məsələlərdə bizə düzgün
istiqamət verir".
Sabir özünəməxsus prinsipiallıqla mədəniyyət
siyasəti və milli-mədəni birliklə əlaqədar
yol verilən bəzi neqativ hallara da toxundu. Cənubi Azərbaycandakı
soydaşlarımızla böyük həssaslıq tələb
edən məsələlərdən danışıdı.
Onları müstəqil ölkəmizdən uzaqlaşdıra
biləcək mənəvi aşıntılara - laqeydliyə,
biganəliyə toxundu. Prezidentin xarici səfərlərdə
azərbaycançılıq ideyası ətrafında
topladığı soydaşlara münasibətdə göstərilən
ayrı-seçkiliyə etirazını bildirdi. Və təsadüfi
deyil ki, Heydər Əliyevin geniş şərh verdiyi
çıxışlardan biri də Sabir Rüstəmxanlının
dedikləri oldu.
Aşağıda sitat gətirdiyim sözləri
yalnız Heydər Əliyev kimi böyük ürəyə,
həqiqi ağsaqqallıq keyfiyyətlərinə malik olan,
millətin taleyində şair və
yazıçıların rolunu dəqiq qiymətləndirən
bir şəxs deyə bilərdi: "Sabir, mən hesab edirəm
ki, o vaxtlar həqiqətən xalqın oyanmasında,
inkişaf etməsində fəaliyyət göstərmiş
adamlara indi heç kəs mənfı münasibət göstərə
bilməz və göstərməməlidir. Məsələn,
şəxsən sənin özün haqqında
danışsaq, mən o vaxtlar sənin fəaliyyətini
çox heyranlıqla müşahidə edirdim. Mən Moskvada
yaşayırdım, bəzən meydandakı mitinqi Moskva
televiziyası göstərirdi. Səni orada tribunada görəndə
mən sevinirdim. Çünki yadımdadır, mən burada
işlədiyim zaman sən gənc yazıçı, şair
kimi, ümumiyyətlə, bizim cəmiyyətdə, o cümlədən,
mənim nəzərimdə çox hörmətli bir adam
idin. Görəndə ki, Sabir Rüstəmxanlı xalqın
qarşısında çıxış edir və ədalətsizliyi
ittiham edir, bu, məni sevindirirdi".
Bir daha təkrar edirəm: başqa bir ölkənin
dövlət başçısının ədəbiyyat
adamı haqda belə səmimi, ürəkdən gələn
sözlər deməsini, fəaliyyətini belə
böyük səxavətlə qiymətləndirməsini sadəcə
olaraq təsəvvürə gətirmək mümkün deyil.
Bunu yalnız Heydər Əliyev edə bilərdi. Həm də
yalnız Sabir Rüstəmxanlıya münasibətdə
deyil, hətta ədəbi-ictimai fikrin ondan daha az tanınan təmsilçilərinə
də belə yüksək diqqət göstərdiyi, yüksək
qiymət verdiyi hallar az olmamışdı.
Vaxtı ilə keçmiş Yazıçılar
İttifaqının rəhbərlərindən biri olmuş,
həmin dövrdə Baş nazirin müavini vəzifəsində
çalışan Xalq yazıçısı Elçinin səmimi
çıxışı daha çox Heydər Əliyevin Azərbaycan
ədəbiyyatı nümayəndələrinə yaxın,
doğma münasibəti ilə bağlı faktlar və xatirələr
üzərində qurulmuşdu. Çıxışda
Prezidentin ana dilinə böyük məhəbbətindən,
keçmiş Sovet İttifaqı şəraitində Cənubdakı
soydaşlarımızın tarixinin, ədəbiyyat və mədəniyyətinin
öyrənilməsi ilə bağlı atdığı cəsarətli
addımlardan bəhs edildi. Başqa qələm dostları ilə
müqayisədə dövlət başçısıyla
daha çox və sıx təmasda olan Elçin
yazıçı kimi maraqlı bir müşahidəsini də
bölüşdü: "Bir müşahidəmi də demək
istəyirəm, - hörmətli Prezidentlə bəzən
telefon danışıqlarında və yaxud bilavasitə
danışıqlarda açıq-aşkar müşahidə
etmişəm ki, dediyim geniş mənada mədəniyyətdən
söhbət düşdükdə, ədəbiyyatdan söhbət
düşdükdə məndə elə bir təəssürat
yaranır ki, cənab Prezident elə bil mənən bir az dincəlir.
Əgər bu iş-gücün, problemlərin
çoxluğu içində "dincəlmək"
sözü yerinə düşürsə. Həqiqətən
belədir və bir qələm əhli,
yazıçılıqla, yazı-pozu ilə məşğul
olan adam kimi, sözsüz ki, buna mən daxilən çox
sevinirəm, məndə daxilən böyük ruh yüksəkliyi
əmələ gəlir".
Fikrin dəqiqliyini və həqiqiliyini şəxsi təcrübəmdən
çıxış edərək bir daha təsdiq edə bilərəm.
Heydər Əliyevin birbaşa rəhbərliyi altında
işlədiyim dövrdə dəfələrlə elə
olmuşdu ki, iş günlərinin sonunda, xüsusən də
xarici səfərlər zamanı Prezident sanki məni imtahana
çəkirmiş kimi "Sən ədəbiyyatçısan,
dilçisən, bu barədə nə fikirləşirsən?"
- deyə oxuduğu bir əsər, yaxud bu və ya digər
yazıçının, şairin
yaradıcılığı haqqında fikirlərimlə
maraqlanırdı. Yaxud özü
yazıçılarımızın, musiqiçi və rəssamlarımızın
həyatından biri-birindən maraqlı hadisələr
danışırdı. Bunların arasında bəzən səmimi
və nəcib yumorla dolu səhnələr də olurdu. Və
bu zaman Prezidentin sifətindəki işıqlı ifadədən,
rahatlıqdan onun mənən dincəldiyini hiss etmək olurdu.
Aradan on illər keçsə də, Prezident
sarayında 1997-ci ilin 28 oktyabrında keçirilən
görüşün bir sıra təfərrüatları
indiyə qədər yaddaşımdan silinməyib. Həmin
axşam biz Heydər Əliyevi ən müxtəlif ipostaslarda
- tələbkar dövlət başçısı,
xalqının şəksiz lideri, milli ideoloq, ədəbiyyat
bilicisi və təəssübkeşi,
yazıçıların yaxın dostu, yaradıcılıq
qurumlarının hamisi kimi gördük.
Yadımdadır ki, söhbət uzansa da,
danışmaq, söz demək istəyən çox idi. Amma
Prezident xəfif bir yumorla görüşə yekun vurdu:
"Söhbətimiz elə olsun ki, qurultayda da deməyə
söz qalsın. Yoxsa bunların hamısını burada desək,
qurultaya gələcəyik, deyəcəklər ki, hər
şeyi demişik. Ola bilər hələ kimsə məni
günahlandırsın ki, Heydər Əliyev bizi ora
yığdı, sözlərimizi dedik, qurultaya qalmadı. Buna
görə də gəlin sözlərimizi qurultaya da saxlayaq, əsas
söhbəti qurultaya saxlayaq ki, o, həqiqətən mənalı,
məzmunlu keçsin, dərin fikirlərlə dolu olsun".
Bu sözləri dediyi zaman adama elə gəlirdi ki,
qurultayın gedişi, öz işini uğurla başa
vurması bu işə birbaşa məsuliyyət
daşıyan yazıçı və şairlərdən,
Yazıçılar Birliyinin rəhbərlərindən daha
çox Heydər Əliyevi maraqlandırır,
düşündürür...
Bu, özünü Azərbaycan
yazıçılarının
forumu ilə bağlı dövlət
başçısının həm arzu və tələb, həm
də xeyir-dua kimi səslənən aşağıdakı
sözlərində də göstərdi: "Mən güman
edirəm ki, bu qurultay açıq-aydın, aşkar, sərbəst
şəraitdə keçməlidir. Mənim fikrim belədir.
Hərə öz sözünü deməlidir, öz fikrini
bildirməlidir. Fikir sərbəstliyi, azaldığı təmin
olunmalıdır. Güman edirəm ki, qurultay bizim
yazıçılarımızın, tək
yazıçılarımızın yox,
yazıçıların ətrafına toplaşan
yaradıcı qüvvələrin bundan sonra daha da sıx
olması və daha yaxşı fəaliyyət göstərməsi
üçün imkan yaradacaqdır".
"Qurultaya gələcəyik" kəlmələrindən
də göründüyü kimi, həmin məqamda o,
özünü yazıçılardan ayırmırdı,
qurultayı ümumi işimiz hesab edirdi...
Ağsaqqal yazıçılarla görüş belə
xoş bir əhval-ruhiyyədə başa çatdı.
İlk baxışdan elə təəssürat yarana
bilərdi ki, Azərbaycan ədəbiyyatının
aparıcı simalarının iştirakı ilə
keçirilən və üç saata yaxın davam edən
interaktiv söhbət qurultayqabağı əhval-ruhiyyəni,
problem və gözləntiləri aşkara çıxarmaq
baxımından kifayətləndiricidir. Birlik üzvlərinin
nə istədikləri, hansı əhval-ruhiyyədə
olduqları bilinir. Artıq əminliklə qurultaya getmək
olar. Amma Heydər Əliyev bununla kifayətlənmək istəmirdi.
Yaradıcılıqda nəsillər probleminin həssas, bəzən
də ağrılı məsələ olduğunu
yaxşı bilən Prezident gəncləri də dinləmək,
fikir və mövqelərini öyrənmək istəyirdi.
Onların qurultaya hansı əhval-ruhiyyə və ideyalarla gəldiklərini
bilmək istəyirdi. Bugünkü ağsaqqalların,
"korifeylərin" yerini sabah kimlərin
tutacağını öz gözü ilə görmək istəyirdi.
Necə deyərlər, "qablarında nə olduğunu"
şəxsi ünsiyyət və müşahidə zəminində
sınaqdan keçirib dəqiqləşdirmək istəyirdi.
Ona görə də vaxtını və enerjisini gənclərdən
əsirgəməmək qərarına gəlmişdi. Azərbaycanda
"Azərbaycan ədəbiyyatı günləri"nin
növbəti günü gənclərə həsr olunmuşdu.
Söhbətin əvvəlində dövlət
başçısı üzünü gənc nəslin
nümayəndələrinə tutaraq dedi: "Dünən
Yazıçılar Birliyinin rəhbərləri, üzvləri,
xalq şairləri ilə, yaşlı nəslə mənsub
şair və yazıçılarla
görüşümüz oldu. Xahiş etdim ki, gənclərlə
də görüşək. Bu, mənim keçmişdə
belə məsələlərə münasibətimlə
müəyyən dərəcədə bağlıdır.
Keçmiş zamanlarda da Yazıçılar İttifaqı
ilə çox sıx əlaqədə olmuşam".
İkinci bir ölkədə ədəbiyyata, onun
yaşlı və gənc nümayəndələrinə, sənətin
yaradıcılıq uğurlarına və problemlərinə
bu cür diqqəti təsəvvürə gətirmək
özü belə çətindir. Bunun üçün
yalnız ədəbiyyatı sevmək yox, izləmək və
bilmək lazımdır. Fərqli fikir və düşüncə
sahibləri ilə danışmağı bacarmaq
lazımdır. Mübaliğəsiz demək olar ki, Heydər Əliyev bunu geniş məlumat
dairəsi, təmkin, maraq və ustalıqla bacarırdı.
Bir neçə il ərzində müxtəlif ölkələrin
dövlət başçılarını yaxından
müşahidə etmək imkanına malik olduğumdan əminliklə
deyə bilərəm ki, Heydər Əliyev ədəbiyyata, qələm
adamına münasibət baxımından onların
arasında tam bir istisna təşkil edirdi.
Dövlət başçısı rəsmi
toplantılarda çıxış edənlərə bir
qayda olaraq dəqiqlik və tələbkarlıqla
yanaşırdı. Müzakirə edilən məsələlərlə
bağlı olunan konkret məlumat və münasibət tələb
edirdi. Mövzudan kənara çıxanları dərhal
dayandırırdı. Yaradıcılıq sahələrinin
nümayəndələri ilə görüşlərdə
isə onlara tam sərbəstlik verirdi, mövzu ətrafında
"gəzişmələrinə", hətta dəxli
olmayan məsələlərdən bəhs etmələrinə
imkan yaradırdı. Bəzi hallarda belə görüşlərdə
ədəbiyyat və sənət söhbətlərini ən
çox ortaya atan, yeni təklif və mülahizələrlə
çıxış edən Heydər Əliyev özü
olurdu.
Prezidentlə ikinci görüş də bu cəhətdən
istisna təşkil etmədi.
Beləliklə, qurultaya bir gün qalmış -
oktyabrın 29-da Prezident sarayında bu dəfə "gənc
nəsildən olan şair və yazıçılarla"
Heydər Əliyevin görüşü keçirildi. Əlbəttə,
burada "gənc" təyini kifayət qədər şərti
xarakter daşıyırdı. Çünki o dövrdə də
"gənc yazıçı və şair" kimi təqdim
olunanların arasında kifayət qədər
tanınmış, elmi-ədəbi dairələrdə
nüfuz qazanmış müəlliflər (Nizami Cəfərov,
Rafael Hüseynov, Ələkbər Salahzadə, Saday
Budaqlı, Vaqif Bəhmənli, Rüstəm Behrudi və b.)
vardı. Yeri gəlmişkən bu "gənc" məsələsi
Heydər Əliyevin həssas diqqətindən də
yayınmadı. Yeni Azərbaycan Partiyasının işləri
ilə əlaqədar müəyyən qədər
tanıdığı Səyyad Aran təqdim olunanda
gülümsəyərək "O, yaşına görə
gənc sayılır, yoxsa yaradıcılığına
görə?" - deyə sərrast və yerinə
düşən bir sual da verdi.
Yazıçılar Birliyi üzvlərinin
sayının çoxluğu bəzən narazılıq
doğurur. Xüsusən, hələ ədəbiyyatda öz
sözünü deyə bilməmiş gənc qələm
sahiblərinin birlik üzvü olmağa can atmalarına
ağız büzənlər də tapılır. Uzun illərdir
ki, kəmiyyət və keyfiyyət ətrafında mübahisələr,
"yazıçı və şair bolluğu" məsələsi gündəlikdən
düşmür. Lakin Heydər Əliyev bu məsələyə
də özünəməxsus nikbinliklə
yanaşırdı. Hətta indiki şəraitdə gənclər
arasında Birliyə göstərilən marağı müəyyən
mənada ədəbi fədakarlıq hesab edirdi: "Dünən
mənə dedilər ki, Yazıçılar Birliyinə
üzv qəbul olunmaq üçün 100-dən artıq
müraciət var. Bu, sevindirici haldır. Çünki indi
yazıçıların sosial vəziyyətinə
qayğı və yaxud maddi imkanlar keçmişə nisbətən
çətinləşib, yaxud da yox dərəcəsinə gəlib
çatıbdır. Amma belə bir vəziyyətdə
yazıçı və şair olmaq, özünü bu sənətə
həsr etmək, yazıçılar ittifaqlarının bəzi
yerlərdə hətta dağıldığı halda bu
ittifaqa qəbul olunmaq, ona üzv olmaq istəyən gənclər
Azərbaycanda çoxdursa, bu, mədəniyyətimiz və ədəbiyyatımız
üçün olduqca sevindirici haldır".
Bu sözlərdə hər şeydən əvvəl ədəbi-mədəni
həyatın, mənəvi təkamülün gələcəyi
ilə bağlı düşüncə və gözləntilər
əks olunmuşdu. Təbii ki, Yazıçılar Birliyi
sıralarındakı yüzlərlə şəxsin
hamısının yüksək ədəbi istedada malik
olmamasından Heydər Əliyev xəbərsiz deyildi. Sadəcə,
birlik üzvlüyünə ədəbi məsuliyyət və
təcrübə məktəbi, ədəbi yarış və
sınaq meydanı kimi baxdığından say çoxluğu
onu narahat etmirdi. Bilirdi ki,
böyük Sabir demişkən "çalxalandıqca,
bulandıqca zaman nehrə kimi, yağı yağ üstə
çıxıb ayranı ayranlıq" olacaq. Sonda həqiqi
istedadlar öz yerlərini tutacaqlar.
Gənclərlə görüşün ssenarisi bir qədər
fərqli düşünülmüşdü.
Yazıçılar Birliyinin sədri Anarın qısa
çıxışından sonra tənqidçi Vaqif Yusifli
şərti olaraq gənc adlandırdığımız qələm
dostlarını bir-bir təqdim etdi, onların hər birinin
şəxsiyyət və yaradıcılığının
qısa xarakteristikasını verməyə
çalışdı. Heydər Əliyevin
çıxışa çox diqqətlə qulaq
asmasından, yerinə düşən replika və düzəlişlərindən
bugünkü görüşün mövzu və predmetinin də
ona yad olmadığı aydın görünürdü.
Həm yaşlılar, həm də gənclərlə
görüşdə dövlət başçısı sadəcə
deyilənləri dinləməklə kifayətlənmirdi. Həm
də operativ qərarlar qəbul edirdi. Sanki
yazıçıların ortaya atdıqları problemlərin
hamısını həll edə bilməməyindən bir qədər
sıxılaraq danışsa da, bir sıra əməli tədbirlər
də gördü. Məsələn,
"yaşlılarla" görüşdə xalq şairləri
Bəxtiyar Vahabzadə və Məmməd Arazın mənzil məsələləri
həll edildi. "Gənclər"lə görüş isə
ildə bir sayı
çıxan "Ulduz" jurnalının saylarının
artrılması üçün lazımi maliyyə vəsaitinin
ayrılması ilə nəticələndi (Yeri gəlmişkən,
müharibə aparan, yüz minlərlə
qaçqın-köçkünü olan ölkədə
Yazıçılar Birliyinin digər ədəbi-bədii
orqanları - "Ədəbiyyat qəzeti", "Azərbaycan",
"Literaturnı Azerbaydjan" və "Qobustan"
jurnalları üçün daha əvvəl eyni xarakterli
yardım göstərilmişdi).
Jurnalların tirajının az olması da onun diqqətindən
yayınmadı. "Ədəbi sexin" nümayəndələrindən
təklif almaq əvəzinə Heydər Əliyev özü
onlara yol göstərdi - jurnalların daha geniş
yayılması üçün hər bir sayın televiziya
vasitəsi ilə təbliğinə diqqəti
artırmağı, bu yolla da oxucu dairəsini genişləndirməyi
tövsiyə etdi: "Mən belə bir fikrə gəlirəm
ki, bəlkə də biz bu jurnalları, bu əsərləri
televiziya vasitəsilə yaxşı təbliğ etmirik. Bir
var ki, ayrı-ayrı əsərlər barədə ədəbi
verilişlər hazırlansın, bir də var ki, jurnalın hər
bir nömrəsi təbliğ olunsun, orada dərc edilən əsərlərin
məzmunu haqqında məlumat verilsin. Yəni insanlarda
marağı artırmaq üçün. Televiziyada deyilsə
ki, "Ulduz" jurnalı çıxıbdır, orada bu
hekayə, şeir dərc olunubdur, - onda oxucuların da
marağı artacaqdır. Həyat keçən dövrə
nisbətən çətindir. İnsanları da qınamaq
olmaz, bəziləri necə yaşamaq haqqında fikirləşir.
Ancaq mən hesab edirəm ki, biz bu təbliğatı da
gücləndirsək, yaxşı olar. Yaxşı, bu problemi
mən həll edərəm".
Heydər Əliyev "yaşlılara" olduğu
kimi "gənclərə" də səxavətlə vaxt
və diqqət ayırmışdı. Söz demək, fikir
bildirmək istəyənlərin hamısını səbrlə
dinləmişdi. Görüş iştirakçıları
ilə maraqlı dialoqa girmiş, bəzi təklif və təşəbbüsləri
yerində dəyərləndirib icrası ilə bağlı
tapşırıqlar vermişdi. Qurultayqabağı
görüşdə şairə Mahirə Abdullayeva, şair
Əjdər Ol, yazıçı-jurnalist Səyyad Aran,
filologiya elmləri doktoru, professor Nizami Cəfərov, tənqidçi
Şəlalə Həsənova, yazıçı, filologiya
elmləri doktoru, professor Rafael Hüseynov, şair Musa Urud,
şairlərdən İlqar İlkin, Dəyanət
Osmanlı, Salam Sarvan çıxış etmişdilər.
Fikir mübadiləsinə qatılanların sayı, toxunulan məsələlərin
genişliyi və müxtəlifliyi baxımından gənc ədəbi
qüvvələrin dövlət başçısı ilə
görüşünü müəyyən mənada həm də
"gənc yazıçıların qurultayı" səciyyələndirmək
olardı.
Yeri gəlmişkən "yaşlılarla"
görüşdə Sirus Təbrizlinin oynadığı
detonator rolunu Prezidentin "gənclərlə" söhbətində
şair Rüstəm Behrudi öz üzərinə
götürmüşdü. Sirus kimi o da ərklə
danışırdı. Öz nəslinin mənafeyini
müdafiə etməyə çalışırdı. Bəzən
mübaliğəyə varsa da, inanıram ki, sözlərində
və inancında səmimi idi: "Qələm
dostlarımın məişət məsələlərinə
toxunaraq demək istəyirəm ki, burada oturan cavanların
çoxunun evi-eşiyi yoxdur. Burada əyləşənlər
Azərbaycanın milli sərvətidir. O adamlar hamısı
küçədədir. Mən bunlarla bir yerdə oturub-duran,
onların halına yanan adamam. Bu adamlara kömək etmək
lazımdır. Azərbaycanın gələcəyi bir sərhəddə
keşik çəkən döyüşçüdən,
bir də bu adamlardan asılıdır".
Sirus Təbrizli kimi Rüstəm Behrudi də əxsi təcrübəsindən
danışmağı unutmadı. İndiyə qədər əlində
avtomat cəbhə bölgələrində erməni
işğalçılarına qarşı
döyüşdüyünü, amma həmkarlarının
demək olar ki, heç birinin bu fədakarlığı təkrarlamadığını
xüsusi vurğuladı. Əslində Rüstəm ciddi bir məsələyə
toxunmuşdu. Əslində bizə o qədər də aidiyyəti
olmayan müharibənin başlandığı gün Azərbaycanın
ən ünlü şairi "Bilsin ana torpaq, eşitsin vətən!
Müsəlləh əsgərəm mən də bu gündən"
deməyi özünə borc saymışdı. Amma
"öz müharibəmizdə" nədənsə
"silahlı" (məcazi mənada) şair və
yazıçılarımız o qədər də gözə
dəyməmişdi. Sanki Azərbaycan əsgəri də
onların sözünə, çağırışına
ehtiyac duymamışdı.
Gənclərlə görüşdə söylədiyi
əhatəli yekun sözündə Prezident onları yersiz
inkarçılıqdan qaçmağa, keçmişi
öyrənib gələcəyə baxmağa
çağırdı: "Mən gənc nəsil
üçün bir məsələni də demək istəyirəm.
Sizin üstünlüyünüz nədir? Siz artıq
müstəqil Azərbaycanın yazıçıları,
şairlərisiniz və sərbəst, azad, müstəqil bir
dövlətdə yaşayırsınız. Mən
keçmişimizi heç vaxt pisləməmişəm və
heç vaxt pisləməyəcəyəm. Tarixdə həmişə
böyük nailiyyətlərlə itkilər, müsbət və
mənfi hadisələr yan-yana olubdur. Hər şey heç
vaxt tam gül-çiçək içində
olmayıbdır. Biz keçmişdə hansı itkilər
vermişik, amma hansı nailiyyətlər də əldə
etmişik - hamısı məlumdur. Ona görə də
keçmişi pisləmək lazım deyil. Keçmişdə
pis olana pis, yaxşı olana yaxşı demək
lazımdır. Mən belə fikirdəyəm. Ancaq bununla
yanaşı, bizim keçmişimizdə nə qədər
yaxşı nailiyyətlərimiz, ədəbiyyat, mədəniyyət
sahəsində əsərlərimiz olsa da, hesab edirəm ki, gələcəyimiz
onlardan qat-qat üstün olacaqdır. Çünki biz
artıq müstəqil dövlətik, xalqımız
azaddır. Bu, hər şeydən üstündür".
Heydər Əliyev dərin təhlil və ümumilədirmələrə
əsaslanan yekun sözünü ilhamverici
çağırışla bitirdi: "Mən gənclərə
üzümü tutub deyirəm, - sizin qarşınızda
çox gözəl imkanlar, perspektivlər var. Şübhə
etmirəm ki, siz böyük uğurlar qazanacaqsınız, ədəbiyyatımızı
inkişaf etdirəcəksiniz. Şübhə etmirəm ki,
sizin içinizdən Azərbaycan xalqının ədəbiyyatını,
mədəniyyətini daha da yüksəklərə
qaldıran böyük şairlər, yazıçılar, ədəbiyyatçılar,
ədəbiyyatşünaslar çıxacaqdır. Mən
buna heç şübhə etmirəm. Çünki indiyədək
yaşadığımız dövr və əldə
etdiyımiz nailiyyətlər buna belə deməyə tam əsas
verir. Şərait daha da sərbəst olanda, insan daha müstəqil,
azad olanda, şübhəsiz ki, onun daxilində olan imkanlar daha
çox açılır və öz bəhrəsini
verir".
Azərbaycanda "Azərbaycan ədəbiyyatı
günlərinin" ibrətamiz və maraqlı keçən
iki günü arxada qalmışdı. Oktyabrın 30-da
yazıçıların növbəti - X qurultayı öz
işinə başlayırdı. Hamıda maraq
yaranmışdı - işi başından aşan,
yazıçılarla ünsiyyətə görə neçə
vacib görüşünü təxirə salan dövlət
başçısı altı saata yaxın vaxtını
itirdiyi iki "mini qurultaydan" sonra əsas foruma
qatılacaqmı? Buna lüzum görəcəkmi?
Amma Heydər Əliyev gəldi.
Tək özü gəlməklə kifayətlənmədi.
Komandasının "yaradıcılıq təsərrüfatı"
ilə bu və ya digər şəkildə bağlı olan, əməli
iş görən, qərar verə bilən bütün
üzvlərini də özü ilə gətirdi.
Qurultayın işində əvvəldən axıra qədər
iştirak etdi. Məruzələrə və
çıxışlara çox diqqətlə qulaq asdı.
Fasilədə yazıçılarla sərbəst ünsiyyət
qurdu.
Eyni zamanda təkcə dinləyici, seyrçi kimi
qalmadı. Əvvəlki qurultaylarda olduğu kimi, bu dəfə
də yazıçıların qarşısında geniş,
əhatəli bir nitq söylədi...
Bu nitqin incələnməsi artıq başqa bir
söhbətin mövzusudur.
(Davamı olacaq)
Vilayət Quliyev
525-ci
qəzet.- 2023.- 30 sentyabr.- S.12-13.