Maya və İmran
Esse
O gecə bərk yağış yağırmış. Ata
heç bir israra məhəl qoymadan 20 günlük körpəsini
öz anası ilə görüşə aparır.
İlk və son görüş...
Nənə bələyin arasından
körpənin üzünə baxır, təbəssümlə
"göyçək qız olacaq" deyir.
Sonradan körpənin anası ona danışırdı ki, ilk baxışda
bunu dedi, sonra burnunu ehmalca sıxdı ki, "qoy böyüyəndə
burnu balaca olsun..."
Əlləri uşaqlıqdan qabarla
bərkimiş, yumruğu zəhmətdən
dəmirləşmiş atanın 26 yaşında ikinci dəfə
qızı doğulmuşdu. Sevinci sonsuz idi - ikinci qızı
da onun göy gözündən, sarışın bənizindən
zərrə qədər də özünə götürməsə
də... Qızlarının dünyaya gəlişi, sanki onun
soyuq həyatına hənirti gətirirdi.
Dəmirçi oğlu nənənin
5 oğlundan 4-cüsü, 9 övladından biridir. Göy
gözləri, sarışın görkəmi ilə eynilə
anasının özüdür. Dünya boyda sevgisi var
anasına, amma bir dəfə də dilinə gətirib
"anamı sevirəm" deməyib. Bunu səssiz göz
yaşında, cümlənin ortasında səsinin titrəyişindən
hiss etdirirdi zamanla. Bir də 52 yaşı olanda etiraf
etmişdi, demişdi ki, "hələ indi başa
düşürəm, mən anamı çox tez itirmişəm
- 52 yaşında. Gözəl qadın idi, qocalığı
da gözəl olardı. Yaraşardı ona qoca nənə
olmaq..."
Deyirdilər, elə adını
daşıdığı, İkinci
Dünya müharibəsində itkin düşən
babasına bənzəyir - Həsənov İmran Həsən
oğlu. Ötkəm xasiyyətli, dəli-dolu...
İmran kişi faşistlərlə
qarşı qəhrəmancasına
vuruşub, müharibədən sonra ondan xəbər-ətər
olmayıb. Kənddən müharibəyə yollanan
bütün cavanlar geri dönüb, amma onun nə
ölüsündən, nə də dirisindən xəbər
almaq mümkün olub. İllər boyu qadın "dul"
adına düşmən kəsilib, ərinin sağ-salamat
qayıdacağı günə inamını zərrə qədər
də itirməyib. Müharibənin bitməyindən illər
keçdikcə, İkinci Dünya müharibəsi dərsliklərə
düşdükcə, tarixə çevrildikcə
qadının sədaqəti, ərinə olan vəfası da
sərvətə dönüb.
İllərlə "İmran gələcək"
deyib, kənddə ikinci İmranın
doğulasına icazə verməmişdi Qadın! "O
adı hər kəs daşıya bilməz! Adı boş
qalmayıb ki! Qayıdacaq, öz adı ilə
ömrünü bitirəcək, sonra kimə istəyərsiniz
verərsiniz o adı!" - deyib. Həyat yoldaşının
adına duyduğu sədaqət beş övladına sevgisi qədər
olub.
Bənzətmə üçün xeyli
fikirləşirəm, əslində...
Ölçü meyarı tapa bilmirəm. Övlad sevgisindən
böyük sevgi tanımadığım üçün qoy
bu sədaqət onun övladlarına sevgisi qədər
hesablansın...
Səhərdən-axşama qədər kolxozda işləyib,
yetimlərinə çörək gətirib. Gecələr səksəkə
içində yuxuya gedər, hər tıqqıltıya
oyanar, səssizcə tənhalığına ağlayar,
yarım qalan gəncliyinə gözyaşı tökərmiş...
Amma el içində hər kəs onun mübarizliyindən,
gücündən, qeyrətindən
danışarmış...
Gecələr "geyindiyi tənha
qadın obrazı"na təkcə
solğun otağının divarları şahid
olarmış...
Qadın
həsrətlə şərik
yaşayır ömrünün
qalanını... Qara yaylıqlı, beş yetimli, namuslu, qeyrətli...
Artıq
21 il idi ki, müharibə insanların
"o vaxtlar" deyib danışdığı mövzuya
dönmüşdü. Azərbaycan oğullarının
faşizmə qarşı göstərdiyi şücaət
silsilə verilişlərə, bədii filmlərə
mövzu olmuşdu. Gözləri parıldayan gənc, xoşbəxt
qadın ağsaçlı, nəvəli-nəticəli nənə
olmuşdu.
Nəhayət, müharibə bitəndən
21 il sonra - 20 yanvar 1966-cı ildə nənə illərdir
ruhunun ən incə, ən toxunulmaz yerində
qoruyub-saxladığı İmran adını yenicə
doğulan nəvəsinə bağışlayır.
Daha bir "İmran ömrü"
başlayır həyata - Həsənov İmran Həsən
oğlu...
Qəhrəman qadının istəyi
ilə "İmran ömrü"
yenidən başlayır...
Kiçik İmranın doğulması
qadının solmuş ümidlərinə
yeni həyat vermişdi, sanki... Hələ də həyat
yoldaşının bir gün illərin yükü ilə
ağır-ağır, beli bir az bükülmüş,
saç-saqqalı ağarmış halda qapıdan girəcəyi
günü gözləyirdi. Əllərində,
üz-gözündə müharibənin izi-tozu, kürəyində
bir qərinənin həsrəti, çiyinlərində bir
ömrün yorğunluğu... Bir az təklikdən şikayət
edəcək, bir az qəriblikdən gileylənəcək,
amma vüsal gününə sonsuz şükürlər edəcək...
Bu, tənha qadının uzun-uzun ağlayıb yatdığı gecələrdə
gördüyü ən gözəl yuxusu idi... Sonra tər
içində yuxudan oyanar, otağın üstünə gələn
qaranlıqda yuxusunun sevinci də itib-batardı...
Sağ tərəfində üç
oğlu, sol tərəfində iki
qızı mışıl-mışıl yatırdı...
Qadın üçün əri bir ömürlük həsrət
olduğu halda, balaları üçün ata az
yaşanmış, gözəl xatirə idi təkcə...
İllərdir, qadın "İmranın
qurbanı" adlı ənənə
yaşadırdı bu həsrət qoxulu evdə. Hər il
qurbanlıq bir heyvanı bəsləyər, il bitincə,
İmranı gəlməyincə, heyvanı kəsib kəndin
kasıb-kusubuna paylayarmış. Bu ənənəni 33 il
davam etdirib - İmrandan xəbər alana qədər...
1978-ci ildə onun Şimali Osetiyada, Mozdokda
"Qardaşlıq" qəbiristanlığında dəfn
olunması barədə "Krasnaya zvezda" qəzetində
məlumat dərc olunub. Amma görünür, tale onun dönəcəyi
ümidinin müddətini bir az da uzadır - ölkə
üzrə paylanan qəzetin biri də illərdir həsrət
içində solan bu evə gəlib çatmır.
Ardınca eyni məlumat "Təşəbbüs" qəzetində
yer alır. Babanın qız nəvəsi əlində qəzetin
bu səhifəsini tutaraq qaça-qaça kəndin bu
başından o biri başına nənəyə
"muştuluğa" gəlir.
- Nənə, "baba tapıldı"...
Şimali
Osetiyada, Mozdok şəhərində
"qardaşlıq" qəbiristanlığında 35 ildir
yarını gözləyən fotosuz bir məzar var. Üzərində,
sadəcə, bu sözlər qeyd olunub: "Həsənov
İmran Həsən oğlu, ölüm tarixi - 1943..."
Gözləməkdən yorulmayan ailə üzvləri
yığışıb Mozdoka gedib. Mövsümə
uyğun meyvələr, sevdiyi şirniyyatlardan aparıblar məzarı
üstünə... İllərdən sonra baş tutan
görüş kimi qucaqlaşıb, foto çəkdiriblər...
Bu illərin
ağırlığını, intizarını
üzünün qırışlarında daşıyan
qadın - həyat yoldaşı, başını qəbirə
söykəyib dayanıb şəkildə... Çiynini
başdaşına söykəyib, gözlərini məzara
dikib, çarəsiz, həm də qovuşmağın verdiyi
rahatlıq kimi bir duruş...
Mən
o fotoya neçə dəfə
baxmışam, bilmirəm, amma hər dəfə baxanda hiss
etdiklərim eynidir: sədaqət, vəfa bütün əsrlərin
ən dəyərli hissidir. Bəlkə də, əsrlər
sonra bu hisslər barədə yalnız oxuya biləcəyik,
yaşamayacağıq.
İllərlə "dul" adı
ilə yetim böyüdən,
ölümünü səbirsizliklə gözləyən
qadınlar o zamanların "həyat yolu", bu zamanların
keçmişi, tarixidir. Toz basmış həyatları
kitablardan-romanlardan oxuyuruq indi. Bəzən də film kimi...
Bu, film deyil. Ucqar bir kənddə yaşanan həyat
hekayəsidir. Sadə, köhnə evdə beş uşaq
anasının yaşadığı sönük, amma sədaqətli,
vəfalı qadın taleyidir. O vaxtlar qadın qədərinə
boyun əyirdi. Azadlığını sevdiyinin şərəfindən
daha üstün hesab etmirdi. O vaxtlar Qadın Kişini, Kişi
də Qadını sevirdi. Əgər sevirdisə, onun bəxş
etdiyi qara taleyi də sevirdi. Əgər sevirdisə, hər
telini sevirdi, ömürlük sevirdi. Qalası kimi, adına da
sığınıb yaşamağı bacarırdı
qadın. O vaxt hisslər aşınmamışdı. Sevgi
türfə kimi idi. Baxışlarda, barmaq ucunda,
toxunuşda... Sevgi həssas mövzu idi o vaxtlar. Ötəri həvəslə,
bir günlük "sevgilər"lə qarışıq
düşməmişdi. O vaxtların sevgi əmanəti bu
vaxtların şəhid qadınlarına miras qalıb...
1992-ci ildə o dəmirçi nəvənin
- babasının adını daşıyan İmranın
ikinci qız övladı dünyaya gələndə 26
yaşı var idi. Baba İmranın ölümündən isə
49 il keçmişdi - yarım əsr.
Yarım
əsr idi Qadın ərinə qovuşacağı - bu dəfə
öləcəyi günü gözləyirdi.
Bədbəxtliyinin yarım əsrlik
yaşı var idi. Roman kimi ömür
yaşayan qadın sevgisinin adını daşıyan nəvəsini
təkliyə çəkib, ona vəsiyyət edir:
- Qızına mənim adımı qoy. İmranla mənim
adımın qoşa çəkilməyi o dünyaya
qaldı, qoy sənin ailəndə mənimlə İmran
adı bu dünyada bir yerdə yaşasın. Dünya durduqca
yaşasın!
İmranın evinə, ailəsinə
hədsiz bağlılığını
başa dükdükcə, babasının qürbətdə
nələr çəkməsini və əzizlərindən
uzaqda ölməsinin necə ağır olduğunu daha dərindən
dərk edirdim.
Qürbətdə bitən bir ömürün işığı Vətəndə
bir nəsilə çıraqdır. Vəfa, sədaqət
ölümdən sonra torpağa hopur, o torpaqda yeriyən,
yüyürənlərin qəlbinə cığır
açır. Heçə dönmür...
Qəlbdir sevginin evi. O qəlb
öləndə, sevgi o qəlbi sevənlərin qəlblərində
yurd salır özünə. Beləcə, qəlbdən-qəlbə
sevgi körpüsü salır sonsuzluğa doğru.
Ərin
dirisinə xəyanət
edilən bir dövrdə,
ölüsünə sədaqət göstərən bir
qadın barədə danışmaq möcüzəvi
göründüyü qədər, əfsanəvidir!
O qadının adını
daşımaq isə sonsuz şərəfdir..!
Yazdığım hekayədir, essedir,
memuardır, tam olaraq, bilmirəm..
Amma yazan Maya İmrandır -
Maya ilə İmranın sevgisinin davamı...
Maya
İMRAN
525-ci qəzet.-
2023.- 16 sentyabr.- S.21.