Ədəbi düşüncədə bəşəri
mahiyyət və qlobal miqyas
AZƏR
TURANIN 60 İLLİK YUBİLEYİNƏ
"1900-cü
il. "Tanrı öldü!"
deyən Nitsşe ağlını itirdi, dəli oldu və öldü. XX yüzil Nitsşenin ölümü ilə başladı. "Mən
bir diriyəm, etdi məni dəfn təsadüf - Zində görünən
bir sürü mövtalər içində".
Bu, iyirmi doqquz yaşlı Dəlilər
mühibbinin - Dəlilər
dostunun - Məhəmməd
Hadinin fəryadıdır...
İyirmi doqquz yaşında isə Edvard
Munkun bir az embriona, bir
az mələyə, bir az insana,
bir az ruha,
bir az kabusa,
bir az da skeletə bənzəyən
qəhrəmanı körpünün
üstündə fəryad
qopartdı..." - Haqqında
söz açacağım
kitaba adı verilmiş "Fəryadın
metafizikası" essesi
bu sözlərlə başlayır. Mətni bilən, ahəngi duyan oxucu Azər
Turanın intonasiyasını
elə ilk notlardan tanıyır. Onun ədəbi ağrılardan
doğulan yazılarının
əksəriyyəti kimi,
bu məqalə də, kitab da əsrin estetik ağrısıdır.
Fəqət burada ağrı varsa da, nihilizmə yuvarlanma yoxdur. Azər Turanın bütün nəticələrin səbəblərini
açıqlayan mətnlərində
həmişə bir çıxış yolu
var - işıq gələn
tərəf...
"XX əsr - fəryadın metafizikası" yalnız
əsrin ədəbiyyatını
hərtərəfli tədqiq
etməklə deyil, həmçinin bütövlükdə
sənətə yanaşma
sərgiləməklə tamamilə
dövrün estetik dalğasına köklənir.
Azər Turanın düşüncə sistemində
mətnlər ədəbiyyat
sərhədini aşıb
fəlsəfi-psixoloji, tarixi-siyasi
və ictimai-mədəni
çalarlar qazanmaqla sonsuz üfüqlərə
qanad açır.
"Bəlkə də
modernizm aldanışlar
dövrünün yalnız
XX yüzildə tapılmış
adıdır" - deyən
müəllifə görə,
iyirminci əsr insan tarixində iztirabların ən çox üzdə olduğu, göyüzünün
qan rənginə boyandığı dönəmdir.
İntibah, xristian nihilizmi, dekadans - Azər Turanın ötən əsrə münasibətindəki məntiq
zəncirində ard-arda
düzülüb səbəb-nəticə
əlaqəsi ilə bağlanan halqalardır.
Onun fenomenal ədəbi-tarixi yaddaşı çağdaş
ictimai-mədəni şüura
universal baxış sərgiləməsinə
imkan verir. Zaman kontekstində müqayisəli
təhlilə əsaslanan
esse və tədqiqatlarında ədəbiyyatımızın
tarixinin sözdə tarix olaraq qaldığını
deyil, bu günün prizmasından
canlılığını, təsir gücünü faktlarda izləyə bilirik. Azər Turanın esse və tədqiqatları aktuallığı və
produktivliyi ilə seçdiyi mövzularla bağlı çoxillik stereotiplərə müxaliflikdir.
"XX əsr - fəryadın
metafizikası" kitabında
toplanmazdan öncə
əksəriyyətini "Ədəbiyyat qəzeti"
səhifələrində oxuduğumuz
bu mətnlər müəllifin konseptual düşüncə sistemindən
xəbər verir.
Kitabın adı bəzən
anlaşılmazlıq doğursa
da, onun adekvatlığını,
XX əsrin bütün
parametrləri ilə fəryada kökləndiyini
məzmundan izləmək
imkanımız olur.
Bu fəryadı doğuran
böhranın kökündə
nə dayandığı
araşdırılır, milli ədəbiyyat və mədəniyyətin dünyaya
nisbətən təxminən
yarım əsr yubanma ilə yaranmasına əsas səbəb olaraq sovet dönəmi görülür. Halbuki daha öncə Norveçdə Munk "Haray"
çəkəndə burada
çığırtısını Hadi eşidir, eyni ağrı və əzabı əsərinə yansıda
bilirdi. Bu gün isə ədəbiyyat sanki dünyadan qopmuş və onun arxasınca kölgə kimi sürünməkdədir.
Bütün fəaliyyəti boyu
mədəniyyətin cəmiyyət
həyatındakı roluna
diqqət çəkən
Azər Turan öz fəlsəfi konsepsiyasında mədəni
yaddaş mövzusuna mühüm yer ayırır. Onun esselərində düşüncə
seli bir zaman plastından digərinə
keçid edib yenidən geri qayıtmaqla yaddaş məkanında rahatlıqla
rəqs edir. "XX əsr - fəryadın metafizikası" kitabında
da ədəbiyyatşünasın müxtəlif tarixi epoxalarda rahatlıqla dolaşan miqyaslı düşüncə arealı
aydın görünməkdədir.
Ən yığcam esselərində
belə, Azər Turan mütləq şəkildə bəhs etdiyi mətn və ya bütövlükdə
müəllif yaradıcılığının
ideya-estetik dəyərini
vermək, fəlsəfə
və mədəniyyətlər
sistemində, tipoloji təsnifatda yerini müəyyələşdirməyi prioritetə çevirməklə
ədəbiyyata universal baxış
sərgiləyir. "XX əsr
- fəryadın metafizikası"
sübut edir ki, mədəniyyət və
ədəbiyyatın güzgüsündən
boylanan sənət tarix və siyasət
müstəvisində yalnız
vahid estetik prinsiplərə söykənərsə,
böyüklüyə iddia
edə bilər. Filologiya elmləri doktoru Elnarə Akimova giriş sözündə kitabın
dəqiq qiymətini verir: "Əslində, Azər Turanın yaradıcılığının bütün qatlarından keçən estetik qayə - modern dünya savaşı bu kitabda bir daha
hüdudlarına yetir.
Zəmini eyni mövqedən - millət və yurd sevdası,
əzəmətinə heyran
qılınan türklük
ruhu, kökünə
və bütövlüyünə
boylanan yaddaş işığı üzərində
gəlsə də, bütünlükdə modern düşüncə
xətti, dünya mədəniyyəti və
sənəti kontekstində
davam tapır".
Azər
Turanın yaradıcılığı
çağdaş ədəbiyyatımızı
bəşəri kontekstdən
qopmağa qoymayan,
milli əyalətçiliyə meyillənmə ilə sənət mübarizəsidir.
Bizdə çox vaxt yersiz və
gərəksiz səsləndirilən
"dünyaya çıxa
bilmirik" ah-zarına
mükəmməl cavablardan
biri də onun dünya ədəbi fikrinə inteqrasiya edən esseləridir. Dünyaya çıxa bilməmək
yanlış qurulmuş
mexanizmin nəticəsi
olsa da, "dünya səviyyəli" mətnlərimiz
də var, qlobal düşünən söz,
sənət adamlarımız
da. Azər Turanın yalnız sözügedən
kitabında deyil, ayrı-ayrı müəlliflərin
yaradıcılığına həsr olunmuş monoqrafiyaları daxil, bütün ədəbi mətnləri dünya ədəbiyyatı kontekstində
yaranır. Dolayısı
ilə, hər esseni oxuyarkən mövzu ilə bağlı "dünya haradadır, biz haradayıq"
sualına bu və ya digər
dərəcədə cavab
tapa bilirik. Haqqında
bəhs etdiyi mətnin şərhi zamanı Azər Turan həmin müəllifin, əsərin
dünyaya nə verdiyinin dəqiq konturlarını cızır.
Bu baxımdan "XX əsr
- fəryadın metafizikası"
kitabında ən çox diqqəti cəlb edən, fikrimcə, "Ceyms Coys və Əli
bəy Hüeynzadə"
məqaləsidir. Bu iki
nəhəng imzanı
bir müstəviyə
gətirməklə Azər
Turan "ən gərəkli kitablarımızdan
biri olan "Siyasəti-fürusət" üçün
heç bir əyar müəyyənləşdirmədiyimizi,
belə demək olarsa, bizim olanı
dünyaya təqdim edə bilmədiyimizi vurğulamağa çalışır.
Məqalə boyunca aparılan müqayisəli
təhlillər müəllif
niyyətini açıq
bəyan edir: XX əsrdə müxtəlif
ölkələrdə fərqli
ədəbi-estetik ənənələr
əsasında yaranmış
bu iki əsəri
parallel təhlil etməklə
Azərbaycan modernizminin
düşüncə arealını
dəqiqləşdirmək cəhdi.
Onun istisnasız olaraq bütün əsərləri
digər mətnlər,
sənətlər və
dövrlərlə daim
inteqrasiyada olaraq yazı müstəvisində
böyük bir tor əmələ gətirir.
Azər Turan ədəbi-bədii təhlil
və şərhlərində
mətnə interdisiplinar
və intermedial yanaşma tətbiq etməyin tərəfdarı
olan ədəbiyyatşünaslardandır.
Bu anlayış və terminlərin adını çəkməsə
də, esselərinin əhəmiyyətli bir qismini müxtəlif elm və sənətlərin
sintezi, simbiozu üzərində düşünərək
yazır.
"Fəryadın metafizikası" essesində
Azər Turan norveçli ekspresionist rəssam Edvard Munkun 1893-1910-cu illər arasında çəkdiyi
"Fəryad" (başqa
variantlarda "Qışqırtı",
"Çığırtı",
"Haray" və
s.) rəsmini Məhəmməd
Hadinin 1917-ci ildə Bakıda çap olunmuş "Əlvahi-intibah"
poemasının dili ilə şərh edir: "Sevdiyim və etiraf edim ki, həm
də içindəki
ağrıya dözmədiyim
hər iki əsər barədə birdən yazmağımın
səbəbi Munkun qışqıran insanını,
bu qışqırtının
metafizik mənalarını
və sirlərini Hadinin "Əlvahi-intibah"ı
qədər dəqiq yorumlayacaq başqa bir poetik örnəyin
varlığını xəyalıma
belə gətirə bilməməyimdir". Müəllifin
düşüncəsincə, hər iki sənətkarın
birinin söz, digərinin fırça ilə rəsmini çəkdiyi fəryad heyrətdən boğulmaq
həddinə çatdırılmış,
tənha, ağrıları
ilə baş-başa
buraxılmış insanın
qışqırığıdır. Sənətdə modernizmin
başlanğıcının xəbərçisi olan bu əsərlərin təhlilindən görə
bilirik ki, təsviri sənət yalnız öz kateqoriyasından olana deyil, söz sənətinə də əhəmiyyətli təsir
göstərə biləcək
gücdədir (yaxud da əksinə). Eynisini musiqi haqqında da söyləmək olar. Elmlə incəsənətin
sintezində intellektual-analitik
prinsip üstünlük
təşkil edirsə,
ədəbi tənqidi
incəsənətə yaxınlaşdıran
cəhət özünüifadədir.
Bu baxımdan Azər Turanın ədəbi tənqidi mətnləri həm də ideoloji dəyərləndirmə ilə
diqqət çəkir.
Əvvəllər tez-tez deyilirdi ki, tənqid ədəbi prosesə yön verməli, onu arxasınca aparmaq gücündə olmalıdır. Çağdaş
proses üçün
aktuallığını itirmiş
bu məsələ üzərində digər
yazılarımda geniş
dayandığımdan, sadəcə,
qeyd edim ki, Azər Turanın
ədəbi tənqidi
və xüsusən problematik ədəbiyyatşünaslıq
mətnləri əksər
hallarda ədəbi-ictimai
fikrə təsir göstərməklə yanaşı,
perspektivləri proqnozlaşdırma
gücünə də
malikdir. Təbii ki, təsir gücü əsasən mexanizmin ümumi fəaliyyətindən asılı
olduğu üçün
sonrakı mərhələləri
idarə etmək heç də hər zaman ədəbiyyatşünasdan asılı
olmur. Bununla belə, Azər Turanın yaradıcılığında
konkret produktiv təkliflərin seçilib
irəli sürüldüyünü,
həyata keçirilməsi
üçün mümkün
ilk addımları özünün atdığını
izləyə bilirik. Məsələn, kitabdakı
"Xalid Səid Xocayev" adlı əhatəli araşdırmasında
Azər Turan yazır: "Zəngin elmi fəaliyyətinin bəhrəsi olan əlyazmaları üzə
çıxarılmadıqca, Xalid Səidin tərcüməsində "Divan-luğat-it
türk" nəşr
olunmadıqca o böyük
ruh aram ola bilərmi? Olmaz, olmayacaq..." 2022-ci
ilin sentyabrında isə ədəbiyyatşünas
"Sirli" seyfin tilsimini kim qıracaq,
yaxud "Divanü Lüğat-it-Türk"ün Azərbaycanda ilk tərcüməsi niyə
üzə çıxarılmır?"
adlı məqaləsi
ilə problemi yenidən aktuallaşdırır.
Yazı çap olunandan sonra Dilçilik İnstitutunun
direktoru, professor Nadir Məmmədli məsələni dərindən
araşdıracağını, əgər "Divan" tərcüməsinin əlyazması,
deyildiyi kimi, Dilçilik İnstitunun seyfindədirsə, mütləq
tapılıb tədqiq
olunacağını söz
verir. Nəhayət, bu istiqamətdə Azər Turanın 2008-ci ildən başlayan davamlı fəaliyyəti
sirli seyfin 86 il davam edən
tilsiminin qırılmasına
səbəb olur. Bu il aprelin
15-də Azər Turan bu sahədəki yorulmaz fəaliyyətini geniş işıqlandıran
məqalə (br növ, hesabat) yazaraq Xalid Səid
Xocayevin tərcümə
etdiyi "Divanü lüğət-it-türk"ün tapıldığı, nəşrə
hazırlandığı xəbərini
ictimaiyyətə çatdırmaqla
yanaşı, yeni bir təklif verir: "İndi Ümummilli liderin 100 illiyidir. "Heydər Əliyev İli"dir. Divan tərcüməsinin
nəşri bu tarixi zamana - "Heydər Əliyev İli"nə Milli Elmlər Akademiyasının
ən mükəmməl
töhfəsi olardı".
60 illiyi ərəfəsində
yaradıcılığından söz açmaq üçün "XX əsr
- fəryadın metafizikası"
toplusunu seçməyimin
səbəbi Azər Turanın irsindən ana xətt kimi
keçən bütün
mütərəqqi cəhətlərin
bu kitabda ideal şəkildə cəm olmasıdır. 400
səhifəlik əhatəli
kitabda yuxarıda qeyd edilən məqalələrdən başqa,
"Çarmıxa çəkilmiş
Ruhun Məryəm Anası (A.Axmatova)",
"Ədəbiyyatın ilk
daş yuxusu",
"Rəqs edən dilin şairi - Yahya Kamal Bayatlı",
"Sürüşür qəlbimdə
soyuq bir kədər", "Çingiz
Aytmatovun ağ buludu" və s. kimi məqalə və esselər söylənənlərin bariz
nümunəsidir. Baş
redaktor kimi "Ədəbiyyat qəzeti"nə
modern dünyanı gətirən Azər Turan bu yolçuluğa
öz mətnlərindən
başlayır, mayak olub arxasınca aparır. Kimin qəbul edib-etməməsindən
asılı olmayaraq onun bəlli sütunlara dayanan "modern savaş"ı məktəb formalaşdırmaqdadır.
Kitabın Fuad Köprülü və Zəki Vəlidi Toğandan bəhs edən bölməsini Azər Turan "Tarix yazanlar" adlandırır. Təvazökar
sələfləri kimi,
bu gün adların, titulların dalınca qaçmayan, amma sözün əsl mənasında, fundamental yaradıcılığa
malik nəhəng ədəbiyyatşünas Azər
Turan çağımızın
ədəbiyyat tarixini
yazanların öndə
gedənlərindəndir.
Mətanət VAHİD
525-ci
qəzet.- 2023.- 16 sentyabr.- S.17.