Nəcib Fazil və ötəkilər
"Söz dünyası"nın
beşinci cildini çapa hazırlayıram.
Bu cildə Abaydan Çingiz Aytmatova, Abdulla Tükaydan Nəcib Fazil Qısakürəyə
qədər türk dünyasının, Türkiyənin məşhur
yazıçıları haqqında
otuza qədər yazım daxildir. Onların bir qismi əvvəllərdə
yazılıb, bir qismi özəlliklə bu cild üçün
qələmə alınıb.
Yeni yazılardan birini oxuculara təqdim edirəm.
Nəcib
Fazil Qısakürək
(1905 -1983) türk ədəbiyyatına
- şeirinə, dramaturgiyasına,
fikir aləminə dəyərli töhfələr
vermiş böyük
sənətkardır. İstanbulda
dünyaya gələn
Nəcib Fazil ilk və orta təhsilini
ingilis və fransız kolleclərində
almış, daha sonra Bəhriyyə məktəbində, Darülfünunun
fəlsəfə şöbəsində,
bir il Parisdə Sorbonna universitetində fəlsəfə fakültəsində
oxumuşdur. Vətənə
qayıtdıqda müxtəlif
banklarda işləmiş,
qəzetlərdə köşə
yazıları yazmışdır.
1936-cı ildə "Ağac",
1944-cü ildə "Böyük
doğu" dərgilərini
çıxarmışdır. 1928-ci ildə nəşr olunan "Qaldırımlar"
("Səkilər") şeir
kitabı Nəcib Fazili şair kimi geniş tanıdır. 1932-ci ildə
çıxan "Ben və
ötesi" ("Mən
və başqaları")
kitabı şairin şöhrətini daha da artırır. N.F.Qısakürəyi
çağdaş türk
ədəbiyyatının aparıcı
simalarından biri kimi təsdiq edir. O dövrün görkəmli ədəbi
simalarından Ziya
Osman Səba deyir:
"Nəcib Fazil bəlkə də ən böyük türk şairi deyildir, fəqət türk ədəbiyyatında
ən qüvvətli şeir kitabı hər halda "Ben və ötəsi"dir".
Onu da deyim ki, Nəcib Fazil siyasi baxışları
ucbatından 1946-cı ildən
1970-ci illərə qədər
çox dəfə həbs olunub, məhbəslərdə yatıb.
N.F.Qısakürəyə bir çox dəyərli yazılar həsr etmiş görkəmli türk ədəbiyyatşünası
Əhməd Kabaklı
qeyd edir ki, şair gənclik illərində bohema (rind)
həyatı yaşamışdır.
Mənəvi təkamülünün
sonrakı mərhələlərində
Nəcib Fazil yaradıcılığında və fəlsəfi baxışlarında daha çox dini mövqedən çıxış
edir. Yunis İmrə heyranı olan şairin yaradıcılığında
təsəffüv dünyagörüşünün
təsiri açıq
aydın görünür.
Bütün şeirlərini
ancaq heca vəznində yazan Nəcib Fazilin yaradıcılığı bədii
cəhətdən Yunis İmrə
poeziyasının XX əsrdə
davamı sayıla bilər. Fərq ondadır ki, Nəcib Fazil yeni dövrün, yeni
uyqarlığın (sivilizasiyanın)
evladıdır, yalnız
Şərq deyil, Qərb ədəbiyyatı
haqqında da ətraflı
bilgiləri var.
Şəhərli Nəcib Fazil şəhər şairidir,
amma İstanbulu dinləyən, doğma şəhərini gözləri
qarşısında səsləriylə
canlandıran Orxan Vəlidən fərqli olaraq, Nəcib Fazilin şəhəri mistik, sirli-sehirli bir aləmdir. Şairin şəhəri
Gündüz yox, Gecə şəhəridir.
Adamın ətini ürpərdən, kimsəsiz,
vahiməli bir məkan. Bu şəhərin
sokaklarına (küçələrinə),
qaldırımlarına (səkilərinə),
otel odalarına mistik bir ruh
hakimdir, İnsan bu çevrədə tənha və çarəsizdir. Yalqızlığını
yalnız qaldırımlarla,
sokaklarla bölüşə
bilir, çünki şairə görə səkilər, küçələr
canlı varlıqlardır.
Sokakdayam
kimsəsiz bir sokak ortasında
Yürüyorum arxama baxmadan yürüyorum
Yolumun qaranlığa qarışan
nöqtəsində
Sanki məni bəkləyən
bir xəyal görüyorum.
Qara göylər kül rəngli buludlarla qapanıq
Evlərin baxçasını qollayır ildırımlar
Bu gecə yarısında iki kişi oyaqdır
Biri mənəm, o biri də uzanan qaldırımlar
İçimdə damla-damla bir qorxu birikiyor
Sanıyorum hər sokak başını kəsmiş
divlər
Simsiyah camlarını üzərimə
tikiyor
Gözləri çıxarılmış bir ana kimi evlər
Qaldırımlar iztirab çəkənlərin
annəsi
Qaldırımlar içimdə yaşamış
bir insandır
Nə işıqda gəzəyim,
nə gözə görünəyim
Gündüzlər sizə qalsın,
verin qaranlıqları
Nə qaldırımlar qədər
səni anlayan olur,
Nə sənin anladığın
qədər qaldırımları...
Nəcib
Fazilin mistik şeirlərinin zirvəsi
zənnimcə, "Otel
odalarında" şeiridir.
"Söz dünyası"nın
Birinci cildinə daxil etdiyim "Türkün sözü"
essemdə Nəcib Fazildən də geniş bəhs olunur və "Otel odalarında" şeiri bütünlüklə
gətirilir. Orda yazdıqdarımı təkrar
etmək istəmirəm,
amma bir məsələnin üsündə
dayanmalıyam.
Bu şeiri Azərbaycan türkcəsinə
hələ sovet dövründə Rəsul
Rza çevirib, daha doğrusu, dilimizə uyğunlaşdırıb.
"Otel odalarında"
Nəcib Fazilin Azərbaycan türk dilində çap olunmuş ilk və o vaxta qədər yeganə şeiridir.
O dövrdə SSRİ-də
Türkiyənin yalnız
sol əqidəli yazarlarını
tanıyır və təbliğ edirdilər. Yəni bu sayaq
yanaşma başqa xarici ölkələrin müasir ədəbiyyatlarına
da şamil edilirdi. Uzun zaman elə bilirdik ki, ABŞ-da ən böyük yazıçı
Hovard Fast, Fransada Andre
Stil, İngiltərədə
Jeyms Oldricdir, yəni sovet ölkəsinə dost münasibəti
bəsləyənlər. Sonralar
onlardan da bəziləri,
məsələn Hovard
Fast sol əqidələrindən və SSRİ təəssübkeşliyindən
vaz keçdi və ABŞ da olduğu kimi, SSRİ-də də unudulub getdi.
O illər Nəcib Fazil Qısakürəyin də adı tək-tük türkoloqlardan
başqa Azərbaycanda
kimsəyə tanış
deyildi. Sovet İttifaqında çağdaş
türk ədəbiyyatının
ən mötəbər
araşdırıcısı Əkbər Babayevin dediyi sözləri yaxşı xatırlayıram:
"Türkiyədə BÜTÜN görkəmli yazıçılar
solçulardır".
"Otel odalarında" şeiri atamın əlinə hardan keçmişdi? Yəqin
ki, Türkiyə səfərindən
gətirdiyi poeziya antologiyalarıyla tanış
olarkən bu şeir diqqətini xüsusi çəkmişdi.
Bu şeirdə Rəsul
Rzanın ən çox bəyəndiyi beytlər bunlardı:
Atıyor
sızıların çılpaq
divarda nəbzi
Çivi
yaralarında, çivi
yaralarında
(Atırlar sızıların
çılpaq divarda nəbzi
Mismar yaralarında, mismar yaralarında)
Duyuluyor
zamanın taxtanı gəmirdiyi
Tavan aralarında, tavan aralarında.
Təbii
ki, bu şeiri mən də çox bəyənirdim, amma məni əfsunlayan beytlər bunlardı:
Gizli bir əks qalmış
gəlib keçən
hər üzdən
Kifli aynalarında, kifli aynalarında
Ağlayın aşinasız, səssiz
can verənlərə
Otel odalarında, otel odalarında
Bir qəribə əhvalatdan
da söz açım.
Çox-çox illər
qabaq bir yuxu görmüşdüm.
Görmüşdüm ki, dar
bir otaqdayam, paltar dolabında isə kimlərinsə qoyub getdiyi çoxlu
köhnə əlbisələr
asılıb. Bu yuxunu
heç yerdə yazılı şəkildə qeyd etməmişdim. Yenə də bu yuxudan
çox-çox illər
sonra və indi yazdığım vaxtdan çox-çox əvvəl yeddi ay İstanbulda dərs dediyim zaman Türkiyə təəssüratlarımla bağlı
bir povest yazdım. Əvvəlcədən
əsla düşünməsəm
də, əsərin sonunda birdən ağlıma Nəcib Fazilin bu şeiri
və mənim az qala unutduğum
yuxu gəldi. Bu iki qaynaqdan povestin
finalı yarandı. Əsərin qəhrəmanı
Kərim Əsgəroğlu
İstanbulda ucuz bir otel odasında
"səssiz, aşinasız"
can verir və görür ki, odadakı paltar dolabında xeyli nimdaş əlbisələr asılıb.
Ağlına gəlir
ki, bu, həmin odada ömürləri bitənlərdən qalmış
soxalardır. Povestə
Nəcib Fazilin həmin şeirindən misraları epiqraf qoydum. Demək olar ki, povestin finalı tamamilə Nəcib Fazil poetikasının, özəlliklə
"Otel odalarında"
şeirinin mistik ruhundan doğulub.
Mistik ruhdan başqa, Nəcib Fazil poeziyasının başqa
bir özəlliyi - Bən (mən) - individ, fərd və ötəsi - başqaları (ümumiyyətlə
cəmiyyət, mühit)
qarşıdurmasının çiləsi - əzablarıdır.
J.P.Sartrın "Cəhənnəm - başqalarıdır"
qənaəti türk
şairinin də fəlsəfi düsturu sayıla bilər.
Nəcib Fazil dünyaduyumunun başqa bir disturu Yunis İmrənin məşhur beytindədir:
Məni
məndə demə məndə deyiləm
Bir mən vardır məndə məndən içəri
Şairin
"Yunis İmrə" pyesi
elə ilk replikalarndan
insanın beynini qurcalayır.
Çoban: Ölülər ağlar
imiş?
Dərviş: Həm də nasıl? Daşdan su qaynar kimi
ölü kəmiklərindən
(sümüklərindən) göz yaşı axar".
Əsərin qəhrəmanı Yunis İmrə
məzarlığı olmayan
(yəni ölüm bilməyən) bir kənd axtarır. Dərviş ona: "Məzarlığı olmayan
kəndi dışında
deyil, içində arayacaqsan" - deyir.
Bu pyesdə ifadə olunmuş fikir Nəcib Fazil dünyaduyumunun təməl cəhətlərindən
xəbər verir:
"Ölümsüzlük üçün ölüm
lazım".
Bu pyesdə mənə çox yaxın olan bir fikir
də diqqətimi çəkdi:
"Doğulmamışdan bir şey bilməyirdin ki, öldükdən sonra biləcəksən".
Nəcib Fazilin bu fikrindən
xəbərim olmadan
"Gecə düşüncələri"ndə
yazırdım ki, insan
ölümsüzlük haqqında
düşünərkən, "axı necə ola bilər - deyə öz-özünə təskinlik
verir, necə ola bilər ki, bütün yaşadıqlarım, gördüklərim,
duyduqlarm, görüşlərim
birdən-birə yoxluğa
çevrilsin?" Amma birdən
insanın ağlına
gəlir ki, "yaxşı,
sən dünyaya
gələnə qədər
də bütün bunlar yox idi
axı..." Deməli,
insan yoxluqdan, heçlikdən gəlib yoxluğa, heçliyə
gedir".
Nəcib
Fazilin şeirləriylə,
fəlsəfi, dini, ictimai və siyasi baxışlarıyla
daha ətraflı şəkildə tanış
olduqda istər-istəməz
onun antipodu sayılan Nazım Hikmətlə müqayisəyə
ehtiyac duyulur. Onları qarşı-qarşıya qoymaq
üçün yox, nəbadə, birini ucaltmaqçün digərini
alçaltmaq kimi mənasız bir məqsədlə də yox. Onları ayıran, fərqləndirən
cəhətləri anlamaq
üçün.
Nazım
Hikmətin "Yaşamaq
bir ağac kimi tək və
hür və bir orman kimi
qardaşcasına" arzusu
heç cür Nəcib Fazil poetik fəlsəfisinə
uyğun gələ bilməz.
Nazım də heç vədə Nəcil Fazilin bu beytindəki fikri paylaşa bilməzdi:
Həp nəfs çıxar qarşıma ölüb,
ölüb dirilsəm
İnsandan qaçmaq kolay, kəndimdən qaça bilsəm.
Nazımın insanlardan da, özündən
də qaçmasını
ağla sığışdırmaq
kolay (asan) deyil. Parodoksal hal odur ki, Nazım
ən işıqlı,
ən nikbin şeirlərini Türkiyə
məhbəslərində yatan
zaman, ən bədbin şeirlərini isə
Moskva "azadlığında" yazıb.
Bu gün bazar
Bu gün məni ilk dəfə günəşə
çıxardılar
Və mən ömrümdə
ilk dəfə göy
üzünün
Bu qədər məndən uzaq
Bu qədər mavi
Bu qədər geniş olduğuna şaşaraq
Qımıldanmadan durdum
Sonra sayqıyla torpağa oturdum
Dayadım sırtımı divara
Bu anda nə düşmək
dalğalara
Bu anda nə qovğa,
nə hürriyyət,
nə qarım
Torpaq, günəş və mən
Bəxtiyarım.
İki böyük türk şairinin aralarındakı
ziddiyyət, bəzən
araqarışdıranlar tərəfindən
daha da körükləndirilən
rəqabət, məncə,
Nəcib Fazilin dindar, Nazımın kommunist olmasında deyil. Onları ayıran, fərqləndirən
əsas cəhət Nazimin baqi dünyanı
ümidli, işıqlı,
Nəcib Fazilin fani dünyanı qaranlıq görməsidir.
Nazim Günəşi zəbt
etməyə çağırırdı,
Nəcib Fazil "Verin qaranlıqları, gündüzlər sizə
qalsın" - deyirdi.
Nazım həyatı
bütün acı reallığıyla dərk
edir, amma ən gözəl günlərin gələcəkdə
olacağına ümidini
itirmirdi, Nəcib Fazil dünyanı mistik dəhşətiylə
duyur və nicatı yalnız axirət sevdasında tapırdı.
Bir şeyi də xüsusi vurğulamaq istərdim. Atamla, ailəmizlə dəfələrlə söhbətlərində
Nazım bir çox klassik və müasir türk şairindən danışsa da, heç vaxt Nəcib Fazilin adını çəkmədi. Atamın
çevirdiyi "Otel
odalarında" şeiri
Asiya-Afrika yazıçılarının
Daşkənddə toplantısı
ərəfəsində bu
tədbir münasibətiylə
nəşr olunmuşdu.
Kitabda N.Hikmətin
də şeirləri vardı, şübhəsiz, Nazım
bu kitabla tanış idi və Rəsul Rzanın "Otel odalarında" tərcüməsini
də görmüşdü.
Amma bir dəfə belə olsun atama bu barədə
işarə vurmamışdı.
Yanılmıramsa, Nazim Hikmətin
ümumiyyətlə, Qısakürək
haqqında heç bir yazılı sözü, işarə, ya atmacası yoxdur. Amma uzun illər boyu Nəcib Fazil Nazim haqqında nələr deməyib, nələr yazmayıb? Onlardan bir qismini bu
cildə daxil olan "Nazımı öyənlər və söyənlər" yazısında
verdiyim üçün
burda təkrar etmirəm.
Nazım haqqında yalnız bir yanlış fikrini xatırlatmaq istərdim. Nəcib Fazil "kommunist şairlərdən Nazım
Hikmət isimli hərarətli bir təklidçidən - Mayakovski ilə Yesenin təqlidçisindən"
söz açır.
Çox haqsız iddiadır. Əvvəla ona görə ki, Nazım Türkiyədə ilk sərbəst
şeirlərini yaradanda
nə Mayakovskidən,
nə Yesenindən xəbəri var idi, heç rus dilini də bilmirdi. İkincisi, rus ədəbiyyatına bələd olanlar Mayakovskiylə Yesenini bir-birinə daban-dabana zidd olan şairlər
kimi tanıyırlar. Eyni zamanda həm
Mayakovskini, həm Yesenini təqlid etmək ağlasığmaz
bir məsələdir.
Üçüncüsü, bu bir şairin
başqa şair haqqında - onu rəqib saysa belə, deyiləsi söz deyil. Nəcib Fazilin Nazıma nifrəti o qədər böyükdür
ki, onun "təqlid etdiyi Mayakovski" kimi intiharını istəməkdən
belə çəkinmir.
Kim bilməsə də,
Nəcib Fazil yaxşı bilir ki, Qısakürəyin özünün
da bədxahları onu
fransız şairləri
Bodleri, Rembonu, Verleni təqlid etməkdə suçlayırdılar.
Ümumiyyətlə, bu
- ədəbi dedi-qodularda
tez-tez istifadə olunan üsuldur - kimisə kiməsə - əcnəbi bir şairə təqlidçilikdə
suçlamaq uğursuzların
qisasıdır. Amma axı
bu sayaq sözlər Nəcib Fazil kimi şəksiz
həqiqi və böyük şairə yaraşmır. Mayakovski, Yesenin nə
qədər böyük
şair olsalar da, Nazım Hikmət heç də onlardan aşağı şair deyil. Fransız ədəbiyyatında
Bodlerin, Verlenin, Rembonun şərəfli yeri olduğu kimi, Nəcib Fazil Qısakürəyin də türk ədəbiyyatında çox
uca yeri var.
Şairlər nə qədər
yüksək istedada
malik olsalar da, müəyyən
mənada bütün
başqa insanlara xas olan cəhətlərə,
özəlliklə qısqanclıq,
rəqabət hisslərinə malikdirlər.
Bu cəhət Nəcib Fazilin bəzi məşhur türk şairlərinə, özəlliklə
Tofik Fikrətə və Nazım Hikmətə münasibətində
aydın sezilir. Nəcib Fazil özü "sultanuşşüəra"
("şairlər sultanı")
adına layiq görülsə də və bu adı
məmnuniyyətlə qəbul
edib daşısa da, başqa məşhur şairlərə müəyyən
qısqanclıqla yanaşması
acı həqiqətdir.
Nazımın çılğın gənclik
illərində ədəbi
bütləri yıxmasını
bağışlanmayanlar Nəcib
Fazilin klassik və çağdaş türk şairlərinə
- Məhməd Akifə,
Tofiq Fikrətə, Yəhya Kamala qurduğu amansız ədəbi
"məhkəmələrin" üstünü vurmurlar.
Bu "məhkəmlərdə" tək türk şeirinə deyil, XX əsrin əvvəllərində
Azərbaycan şeirinə
də güclü təsir göstərmiş
böyük Tofiq Fikrət haqqında çıxarılan hökmlə
tanış olmaq yetər:
"Şeir dilini nəsr dili halına soxmaq və adi bir təbliğ
vasitəsi halına gətirmək, şeir və fikirdə heç bir dərinliyə ulaşmamaq
və ən cücə (cılız) Qərb şairlərinin təsiri altında qalmaq (tanış ittihamlardır, deyilmi? -
A.), sadələşən dili ən yaxası
açılmamış lüğət
canbazlıqları altında
boğmaq, misilsiz bir xudbinliyi əxlaq və fədakarlıq şəklində
göstərmək və
üstəlik, məmləkət
içində bəlli
başlı bir propoqanda çatısı
altında sığınıb
həqiqi cəmiyyət
səflərindəki mücadilə
şərtlərindən fərar
etmək və bütün bunlardan sonra yetişdirdiyi oğlu və meydana gətirdiyi son əsəriylə mənsub
olduğu millətin iman qaynağına mütləq bir xəyanətdə qərar
qılmaq suçlarından
dolayı Tofiq Fikrəti başıboş
və sahibsiz ədəbiyyat tarixində
acgözlüklə işğal
etməkdə olduğu
mövqedən yendirilməsinə
qərar verildi".
Necə
deyərlər, "yorum
yox". Amma var. Tofiq Fikrətin suçlarından
biri də oğlunun xristianlığı
qəbul edib rahib olmasıdır. Başqa vaxtlarda eynən Nazımı də ulu babalarından birinin, İslamı qəbul etmiş polyak Bojenski olmasına görə günahkar sayıblar.
Amma məsələ ondadır
ki, bütün bu mübahisələr və
mücadilələr, dartışmalar
və didişmlər
keçib gedir, unudulur, ədəbiyyat tarixində Tofiq Fikrətin "Millət şərqisi", Nazım
Hikmətin "Qurtuluş
savaşı dastanı",
Nəcib Fazilin "Sakarya"sı qalır.
Türkiyənin, Anadolunun yenilməzlik
rəmzi saydığı
Sakarya çayına Nəcib Fazil parlaq misralar həsr etmişdir.
Sakarya, saf çocuğu məsum Anadolunun
Vicdan əzabına eş, qayna, qayna Sakarya
Öz yurdunda qəribsən, öz vətənində parya
İnsan
bu su misalı
qıvrım-qıvrım axar
ya
Bir yanda axan mənəm,
o bir yanda Sakarya
Nəcib
Fazilin yaradıcılığı
və həyat yoluyla daha ətraflı
tanış olarkən
bir məsələyə
də təəccüb
qaldım. Onun dostları arasında solçu kimi tandığımız adamların
olması mənimçün
gözlənilməz yenilik
idi. Axı biz uzun zaman elə bilirdik ki, Türkiyədə
amansız sağ-sol qütbləşməsi var, sağlar
və sollar bir-birinə qənim kəsilmiş adamlardır.
Elə Nəcib Fazilin qısa şeiri bu fikri
bir daha təsdiq edirdi:
Qəlbimi və ağlımı həp sağ əlimə verdim
Görəvi olmasaydı sol əlimi kəsərdim
Mən bu misralara hətta
poetik cavab da yazmışdım:
Başımdan atammıram heç
cür bu fikri
Sağa-sola
gedib gəlir saat kəfkiri
Sağda,
ya solda dayansa bir an
dayanar
zaman.
Türkiyəyə səfərlər zamanı
dəfələrlə bunun
şahidi oldum ki, sağların təşkil
etdikləri tədbirlərdə
solçular, solçuların
tədbirlərində sağlar
iştirak etmirlər.
Bir dəfə gördüm
ki, sağçıların ədəbi tədbirində
türk dünyasının
hər tərəfindən
gələn qonaqlar olsa da, İstanbulun özündə yaşayıb-yaradan
bir nəfər də sol yazıçı
yoxdu. Bununla bağlı təəccübümü
gizlətmədim və
açıq dedim, əgər bu sırf ədəbi tədbirdisə kimin sağ, kimin sol olmasının nə önəmi var? Deyəsən,
sözümü eşitdilər,
gələn toplantılardan
birində eyni ədəbi məclisdə
sollar da, sağlar da iştirak edirdi. Toplantı bitəndən sonra bütün iştirakçılar solların
rəhbərlik etdikləri
Yazarlar Sindikatına dəvət olundular. Yəqin ki, bu məkanı ilk dəfə
görən sağçı
yazarlar bu sol təşkilatın divarlarında
başqa məşhur
türk şairləriylə
birlikdə Nəcib Fazil Qısakürəyin də şəklini görüb mat qalmışdılar.
Axı bizim də çox
şeydən xəbərimiz
yoxdu. Tutalım, mən bilmirdim ki, otuzuncu illərdə kommunist Nazım Hikmət pantürkist Əhməd Ağaoğlunun
evində dəfələrlə
qonaq olub. Yeri gəlmişkən, onu da bildim ki, Nəcib Fazil pantürküst rəmzlərini
qəbul etmirmiş.
Gerçək İslam... yeni vəcd, yeni
nizam, yeni yurt
Gerçək İslam... Nə yobaz,
nə but adam, nə boz qurd.
Nəcib
Fazil haqqında kitablardan öyrəndim
ki, Nazımın ən
yaxın dostlarından
biri rəssam Abidin
Dino Nəcib Fazilin də yaxın dostuymuş. Atilla İlhan, Oqtay
Akbal, Fəxri Erdinç kimi sol yazarlar Nəcib Fazillə sıx ünsiyyətdə olublar,
onun evində ədəbi "məhkəmələrdə"
iştirak ediblər (Oqtay Akbal bəzi
"məhkəmə" hökmləriylə razılaşmasa
da).
Solların solu Əziz Nesin Nəcib Fazilə məktub yazıbmış.
"Ustad, çoxdandır ziyarətinizə gəlmək
istəyirəm" sözləriylə
başlanan məktubda
Əziz "Nesin Ədəbiyyat illiyi" adlı məcmuə çıxardığını və bu məcmuədə
Nəcib Fazilin yetmiş beş illiyiylə bağlı yazı verəcəyini bildirir, şairin fotosunu istəyir və xahiş edir ki, ustad özü də bir yazı yazsın.
"Sizə daha kolay (asan) olursa
bu yazını əsgi türkcə yaza bilərsiniz. Ziyarətinizə gələcəyəm,
hər zaman dostluqla Əziz Nesin".
Ə.Nesin
N.F.Qısakürəyə Kültür bakanlığı
tərəfindən verilən
mükafat haqqında deyir ki, sizə verilən bu ödül Kültür bakanlığını onurlandırmalıdır
(şərəfləndirməlidir).
Türkiyənin
ən görkəmli tənqidçilərindən biri
- Nurulla Atac yazır:
"Yarına (gələcəyə)
qalacaq tək şair - Nəcib Fazil. Məncə, indiyə qədər gələn şairlərin
ən böyüyüdür
o"
Çox gözəl! Amma Nurulla Atacın başqa zamanda söylədiyi başqa bir fikri də var:
"Türkiyədə
gəlib keçən
şairlərin ən
böyüyü Nazım
Hikmətdir".
Bu da belə. İş ondadır ki, Nurulla Atacın özü də Nəcib Fazilin qurduğu ədəbi
"məhkəmələrin" qurbanlarından biridir. Bu ədəbi "məhkəmədə"
Nurulla Atac haqqında belə qərar çıxarılmışdır:
"Nurulla Atacda heç tənqid anlayışı
yoxdur. Nurulla Atac isimli bir
münəqqid yoxdur".
Bu, əlbəttə,
ədalətsiz hökmdür.
Görkəmli tənqidçi
Nurulla Atacın türk ədəbiyyatı
tarixində layiqli yeri var.
Lakin şairləri nömrələmək,
"bu ən böyük, bu ondan da böyük" deyə təsnifat aparmaq da boş işdir. Bu üsul özəlliklə sovet dönəmində bir qayda olaraq rəsmiləşdirilirdi.
Milli ədəbiyyatlarda kimsə
Birinci şair ya Birinci nasir,
Birinci dramaturq kimi təsdiq olunurdu.
Bununla bağlı ibrətamiz bir söhbət yadıma düşür.
Məşhur sənətkarlardan
biri özü haqqında "mən ölkəmin ikinci böyük sənətkarıyam"
deyərkən təəccüblə:
- bəs birinci kimdir? - deyə soruşurlar.
- Ooo... Birinci çoxdur - deyə cavab verir.
Şairləri sıralamadan onu
deyə bilərik ki, ədəbiyyat tarixində
Nazım Hikmətin öz yeri, Nəcib
Fazilin öz yeri var.
Avqust-sentyabr 2023
Yazıçı Anar
Xalq yazıçısı,
Azərbaycan Yazıçılar Birliyinin sədri
525-ci
qəzet.- 2023.- 16 sentyabr.- S.14-15.