Tamaşaçının dostu olmaq

 

Hazırda ARB kanalında yayımlanan, buna qədər isə bir neçə il yutub platformasında yer alan "Kasıb oğlan, varlı qız" serialının ideya müəllifi aktyor və ssenarist Kənan Yusifovdur (o, həm də baş rollardan birinin - Fazilin ifaçısıdır). Peşəkar aktyor və ssenarist təhsili olmayan Kənan Yusifov tibb üzrə təhsil alıb. Türkiyədə ssenari kurslarına qatılıb, aktyor və ssenarist kimi daha çox praktikada yetişib; KVN-də fəaliyyət göstərib, seriallarda, komediyalarda oynayıb. Həmçinin "Bir ailəm var", "Aramızda qalsın" və digər serialların, "Hoqqa", "Qızqaçırtma" bədii filmlərinin ssenarilərinin həmmüəlliflərindən olub.

"Kasıb oğlan, varlı qız" sosial məzmun daşıyır. Seriallarda, kütləviliyə hesablanmış filmlərdə kasıb-zəngin münasibəti üzərində qurulmuş əhvalatlarda əsas ideya gənclərin sevgisinin sosial fərqlilik və statusların yaratdığı çətinliklərə qalib gəlməsi, insan faktorunun, mənəvi dəyərlərin önə çəkilməsidir. Yeri gəlmişkən, sözügedən layihə 2012-ci ildə Türkiyə istehsalı olan "Zəngin qız, fəqir oğlan" serialı ilə ad baxımından oxşar assosiasiya doğursa da, mövzuya yanaşmalar fərqlidir. Türk serialındakı kasıb qəhrəman sadəlövhdür, mülayimdir, əksər hallarda işi yarıtmır və tez-tez narahat vəziyyətlərə düşür. Azərbaycan versiyasında isə Fazil kobud, köntöydür, obrazının öhdəsinə düşən vəzifə, əsasən, yumoristik-satirik dildə aktual sosial mesajlar ötürmək, sosial və bəzən milli kimlik kontekstində snobluğu, qlamurluğu, ifrat istehlakçılığı tənqid etməkdir.

Yayımlanandan bəri layihənin trendə çevrilməsinin başlıca səbəbi sıravi tamaşaçının gündəlik həyatda üzləşdiyi problemlərin təbii, real situasiyalarla əks olunmasıdır. Seriala şərh yazan tamaşaçı rəylərindən belə anlaşılır ki, onlar da oxşar vəziyyətlər yaşadığından Fazili özlərinə doğma, simsar, dost hesab edirlər. Bu mənada Fazili cəmiyyətin ümumiləşmiş obrazlarından biri kimi də qəbul etmək mümkündür.

"Kasıb oğlan, varlı qız" ilk dəfə "Fazil və Nüşabə" adı ilə yayımlanıb. Yaranma tarixçəsi ilə bağlı Kənan Yusifov söhbətimizdə bildirdi ki, hər şey kiçik bir sketçlə başladı: "Sadəcə bir video çəkmişdim. Anasının köhnə gəlinliyini varlı sevgilisinə retro gəlinlik adı ilə əvvəldən razılaşdığı mağazadan alan kasıb bir oğlan haqqında video idi. Sonra gördüm ki, bu çarxdakı personajlar maraqla qarşılandı, ikincisini, üçüncüsünü çəkdim. Fazil və Nüşabə adları da əslində video çəkiləndə improvizə olunmuşdu. Gördük ki, belə yadda qaldı, adları da elə saxladıq. Serial yutub kanalında ayrı-ayrı adlarla yayımlanıb. Televiziyada da ikinci adı - "Kasıb oğlan, varlı qız" adı ilə yayımlanır. Bu adı seçməyimin səbəbi də çox sadədir. Seriala baxmayan insan elə serialın adından artıq təxmini sujet barədə məlumat almış olur. Konflikt artıq addan da aydındır".

Bu yazıda serialın təkcə ARB kanalında yayımlanan versiyasından yox, indiyədək yayımlanmış bölümlərin ümumi cəhətlərindən, aktyor oyunlarından bəhs etməyə çalışacağam.

Hələ xeyli əvvəl yaranmış müəyyən gerçəklikləri vulqar tərzdə, fizioloji leksikonla çatdıran "Bozbash Pictures"in küt, dələduz, cahil obrazları - Şöşü, Fəlakət, Ağsaqqal, Şəmidən Fazil kimi personaj konsepsiyalarına keçid komediya serialı sahəsində keyfiyyət dəyişikliyidir. Fazil obrazının özünəxas cəhətlərindən biri aktual sosial, məişət məsələlərini, dəyişən dəyərləri, cəmiyyətdəki münasibətləri bir növ Brextin özgələşmə texnikasına xas manerada şərh etməsidir. Fazilin Nüşabə ilə bahalı restoranda steyk yemək səhnəsində, onun ofisiantla təamın nədən bahalı olması mövzusunda yumoristik-realistik dialoqu istər-istəməz Nikolay Berdyayevin bu fikrini yada salır: "Kapitalizm ən allahsız sivilizasiyadır". Fazil ara-sıra ifrat istehlakçılıq əleyhinə solçu bəyanatlar verir, anidən dramatik intonasiyada insanlıq, bəşəri dəyərlər haqqında təsirli monoloqlar deyir və yenidən öz komik ampluasına qayıdır. O, həm tənqidçi maarifçidir, həm həyatını dəyişməyə tənbəllik edən, ətalətə meyilli, sosial statusunda sabit qalmağı seçən orta statistik adamdır. Sevgilisinin təklif elədiyi zəngin həyat tərzini qəbul etməkdə, ona uyğunlaşmaqda çətinlik çəkən Fazil hətta ona kasıb ailələrdə tez-tez işlənən ifadələri öyrətməklə ("bazar da od tutub yanır", "gələn il də geyinərsən", "ayağını yerdən götürür də") bu mühitə alışdırmağa çalışır. Fazil təkcə iqtisadi, sosial dəyişikliklərin nəticəsində formalaşmış yeni dəyərlərə, tendensiyalara ironiya eləmir, eyni zamanda özünə, həyat tərzinə sarkastik yanaşmağı bacarır. Kənan Yusifov öz obrazını çətin sezilən tragizmlə oynayır və aktyorun oyununda qazandığı həyat təcrübəsinin, müşahidələrinin təsiri duyulur.

Fazilin naqolay vəziyyətlərə düşməsi, şərhləri digər personaj - sevgilisi, zəngin iş adamı fındıq Qəzənfərin qızı Nüşabə (Sanura Cəfərova) ilə münasibətləri, dialoqları zamanı ortaya çıxır. Nüşabə qlamur həyat tərzini sevsə də, komfort həyata düşkün olsa da, vulqar deyil, öz dəyərləri var, inandığı həqiqətlərə bəraət verməyə çalışır. Əslində bu obrazın özü də müəyyən mənada informasiya ötürücüsüdür; o, lüks həyatın trendləri, sağlam həyat tərzi haqda bilgilər verir. Bütün bunlar üçün ssenaristlər dramaturji zəmin yaratmağı bacarır və zəngin qızla kasıb oğlanın qarşılıqlı sevgisini daha çox onların bir-birinə səmimilik, dürüstlük kimi cəhətlərlə əsaslandırırlar. Bir qayda olaraq, müasir komediya film və seriallarında zəngin qızları kütbeyin, dəyərləri olmayan obraz kimi yaratsalar da, Nüşabə bu mənada fərqlidir. Ümumiyyətlə, Sanura Cəfərovanın milli kino üçün yeni, fərqli siması var. Aktrisa rejissor Valeh Əhmədovun bu il prokata çıxmış "Evdə qalmış" filmində də vulqarlıqla ciddiliyin sərhədində oynayan maraqlı obraz yaratmışdı.

Ədabazlığımız, özümüzü başqa bir obrazda təqdimatımız, yad sözlərə meyillilik müxtəlif situasiyalarda uğurlu həll olunur. Varlıların məclisində - mohito, nakazava sifariş ediləndə Fazil əks sifarişi ilə atmosferi dəyişərək "okroşka" sifariş edir. Nüşabə ilə yeni mənzil alması səhnəsində şirkətin əməkdaşı onlara evin üstünlükləri haqda məlumat verir. Əməkdaş "sanuzellə tanış olaq" deyəndə Fazilin reaksiyası gerçəkliyi əks etdirir: "Varlı evində sanuzel, kasıb evində tualet olur".

Məişət söhbətlərinin içərisinə daxil olan intellektual fikirlər saxta görünmür. Əksinə, məişət dili ilə intellektual dil Fazil və Nüşabənin leksikonunda uyğunlaşır. Çünki Nüşabə kimi Fazil də alitəhsillidir, amma səbəb təkcə bu deyil. Əvvəlcədən ssenaristlər xarakterləri, onların həyata münasibətini, dünyagörüşünü, konflikti, dialoqları və s. düzgün qurublar. Ona görə Fazilin "Zibil klyoku" ailənin sosial rifah halının göstəricisidir. "Ölkələrin iqtisadi vəziyyəti ümumdaxili məhsulun nisbətiylə ölçülür. Ailənin iqtisadi vəziyyəti zibil kloku ilə" deməsini də, Nüşabənin "mənə elə gəlir ki, siz yaşamaq uğrunda mübarizədə uduzursuz. Təkamül nəticəsində ağzınız öz funksiyasını itirəcək" söylənməsini də təbii qəbul edirik.

Hərçənd serialda bəzi hallarda izafi söz yığını gözə dəyir, yaxud Nüşabənin qarğışlarında emosionallıq ifrata çatır və təkrarlanır. Hər halda Kənan Yusifovun "Düzdür, bəzən sadəcə gülməli olması üçün konseptə xəyanət etmişik" səmimiyyətini də yüksək qiymətləndirirəm:

"Əslində, bir çox şeyi bəzəməmiş, sadəcə olduğu kimi qələmə alanda da bəs edir. Daha çox da təsbit yumorundan istifadə edirik. Həm də çalışırıq insanlar öz məişət həyatlarında rast gəldikləri məqamları serialda görsünlər. Serialı maraqlı və kütləvi edən əsas məqamlardan biri də elə budur".

"Kasıb oğlan, varlı qız" serialı fəaliyyətdən, maraqlı, ifadəli mizanlardan, kompozisiyalardan çox mətnə, dialoqa əsaslanır, məkanlar da bir-birinin təkrarıdır (restoran, kafe, park və s.). Bütün hallarda ifadəli aktyor oyunları, tərəf müqabillərin ahəngdar tərəfdaşlığı, məzmunlu dialoq və həyati vəziyyətlər, savadlı, səliqəli satira-yumor bu çatışmazlıqları arxa plana atır.

Bəs serial televiziyada yayımlanandan bəri hansısa məhdudiyyətlələr üzləşibmi? Bütün hallarda yutub platformasında fəaliyyət, yaradıcı imkanlar daha geniş, sərbəstdir, televiziyanın isə öz çərçivələri var. Kənan Yusifov bildirdi ki, bəzi qaydalara riayət etməyə məcburdurlar: "Televiziya tamaşaçısını da nəzərə almalı oluruq. Sosial mediada bir çox mövzuda daha rahat yazırdıq. Hətta bəzi zarafatları, eyhamları daha rahat edirdik. Bəzən həm ssenaridə, həm rejissor işində eksperimentlər edə bilirdik. Təbii ki, bunun uğurlu nəticələri olduğu kimi, uğursuz tərəfləri də olurdu. Amma istənilən halda serial yenə sosial mediada daha çox izlənilir. Tez-tez serialdan müəyyən qısa hissələr instaqram, yutub, Tiktok kimi sosial şəbəkələrdə qarşıma çıxır. Tamaşaçılar hətta bəzən öz montaj həllərini belə digər tamaşaçılara təqdim edirlər. Bu da mənim üçün maraqlı olur".

Serialın internet versiyasının ssenarisini əsasən Kənan Yusifov (o, həm də rejissorluğunu edib) yazıb. Daha sonra ssenarinin yazılma prosesinə Elvin Paşa, Rəşad Nağı Mustafa, Pərviz Arif də qoşulublar.

Televiziya versiyasında isə ilk dörd bölümü Azər Səlimli, Elsəvər Mehdizadə, Kənan Yusifov birgə işləyiblər. Hazırda serialın ssenarisini yenə Elnur Paşa, Rəşad Nağı Mustafa və Pərviz Arif yazırlar. Son versiya isə prodüserlər (Azər Səlimli, Kənan Yusifov, Elsevər Mehdizadə) tərəfindən nəzərdən keçirilir. Serialın televiziya versiyasının rejissoru Vüsal Məmmədovdur.

 

Sevda SULTANOVA

 

525-ci qəzet.- 2023.- 16 sentyabr.- S.9.