"Melisa"
Bu günlərdə Azərbaycan
Dövlət Kukla Teatrı yeni mövsümünü
rejissor Saida Haqverdiyevanın
quruluşunda hazırlanmış
"Melisa" (əsərin səhnələşdirilməsi də rejissora aiddir) adlı yeni tamaşa ilə açdı. Daha çox film-tamaşa estetikasında qurulmuş
"Melisa" Sevinc Nuruqızının
eyniadlı nağıl-povestinin
motivlərinə əsaslanır.
Bu, Saida Haqverdiyevanın Kukla
Teatrında "Ağca
və yeddi Cırtdan", "Üç
donuz balası" nağıllarına verdiyi maraqlı səhnə həllərindən sonra növbəti işidir.
Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutunun
məzunu, "Na Liteynom"
teatrının bədii
rəhbəri və direktoru Sergey Morozovdan rejissorluq dərsləri almış, kulturologiya elmləri doktoru, professor
Eleonora Rıbakovanın kursunu
bitirmiş rejissorun yaradıcılıq konsepsiyasına
xas cəhətlər,
üstünlük verdiyi
metod artıq ilk işlərində özünü
göstərir: çoxlu
personaj və hadisələr, kinonun təbiətini xatırladan
çoxplanlılıq, obrazları
dolğunlaşdıran, xarakteri
açan incə intonasiya vurğuları və xırda vizual ştrixlər, ən müxtəlif musiqi janr və
kompozisiyalardan istifadə
və s. Bir qayda olaraq, Saida Haqverdiyeva vahid süjet xəttinin ətrafında
müxtəlif intonasiyalı,
məzmunlu xırda hekayələr qururaq onu əsərin başlıca qayəsinə
uyğunlaşdırır. Çoxqatlı təhkiyənin
nizamlı düzülüşü,
rəngarəng obrazlar
onun tamaşalarını
sabit dinamikada saxlayır. Sadaladığım
cəhətlər "Melisa" tamaşasından da yan ötməyib...
Klassik Azərbaycan və dünya nağıllarının
səhnə həllindən
fərqli olaraq,
"Melisa" rejissorun yozumunda
dramatik gücü, sərt həyat həqiqətlərinin, konfliktlərinin
daha dərin qatlarda təsviri ilə fərqləndiyi üçün 6 yaşdan
yuxarı uşaqlar və eyni zamanda
böyüklər üçün
nəzərdə tutulub.
Süjetə əsasən, Melisa adlı
gəlinciyini itirən
Zöhrə, onu illər sonra qızı Sevincin vasitəsilə tapır.
Bu müddət ərzində
Melisa uzun, əzablı
bir yolçuluğa çıxır, mərhəmətli
və qəddar insanlarla rastlaşır. Müəllif qəhrəmanını
çətin sınaqlardan
keçirir, o, həyatda
çox şeyi dərk edir, öyrənir, yetkinləşir,
amma həyata, insana inamını, sevgisini və ümidini itirmir. Süjet boyu iki paralel dünya
bir-birilə daimi konfliktdədir: Melisanın
təmiz, səmimi dünyası və onu heyrətləndirən,
kədərləndirən kobud
reallıq.
Tamaşanın annotasiyasında deyildiyi
kimi, "Melisa və onun "yaşadıqlarını"
fərqli formalarla tamaşaçıya təqdim
edən səhnə işinin əsas ideyası uşaqlara həyatın yalnız çəhrayı rəngdən
ibarət olmadığını
göstərməkdi". Saida Haqverdiyeva uzun illərdir ki, rəhbəri
olduğu "Oyuq"
teatr studiyasında uşaqlarla işləyir,
onların iştirakıyla
tamaşalar qurur; onun yetirmələri film və seriallara, reklam çarxlarına, dublyaja, tamaşalara dəvətlər alır
və studiya eyni zamanda İncəsənət
Universitetinə hazır
kadrlar verir. Bunu ona görə
deyirəm ki, rejissor-pedaqoq
uşaqların psixologiyasını,
reaksiyalarını, həssas
nöqtələrini bilir.
O səbəbdən "Melisa"da
kuklalar vasitəsilə
acı gerçəklikləri psixoloji
basqı etmədən,
yumşaq şəkildə,
bir qədər də əyləncəli və rəngli dildə göstərir. Ekspozisiyada kuklaçı
qadın, xeyirxah, müdrik Martanın idillik dünyasından tamaşaçını nağılçı
Leyləyin tədricən
təmkinli nəqli ayırır və o, Melisanın düşdüyü
gözlənilməz vəziyyətlərə
hazırlaşdırılır. Yaxud Melisanı oğurlayıb, təpikləyən
dəcəl uşaq tamamilə qəddar xarakterizə olunmur, mətnində və davranışındakı nəzərə
çarpan aqressiv komizm, həyata bu tərəfdən baxması onun özünün də bu dünyada yaxşını-pisi hələ
fərq eləmədiyini,
həm də "yaralı" uşaqlığını
göstərir.
Saida Haqverdiyeva uşaqlarla iş və həyat təcrübəsi,
iti müşahidəsi
sayəsində cəlbedici
xarakterlər yaradır:
Melisanın köhnə,
eybəcər olduğunu
deyib təzə kuklası ilə ona acıq verən
ərköyün qızcığaz,
şirin dili, sevgisi ilə özünü sevdirməyi
bacaran şıltaq Sevinc, dünyanın ədalətsizliyindən gileylənən,
narazı, amma xeyirxah çəkməçi
qoca obrazı və digərləri.
Tamaşanın diqqətçəkən cəhətlərindən biri
səhnənin ifadəli
vizual tərtibatı,
hadisələrin məqsədini,
əhvalını vurğulayan
rəng həllidir.
Bunun üçün dörd
fərqli tərtibatdan
(burda rejissorla rəssam Əfşan Əsədovanın uğurlu
iş birliyini mütləq qeyd etməliyəm), insan hisslərinin - sevincin, ağrının, xiffətin,
itkinin ifadəsinə
çevrilən çeşidli
rəng çalarlarına
malik konstruksiyalı məkandan
istifadə olunur. Küçəyə atılan
Melisanı tapan balaca itin sahibəsi
təkəbbürlü, snob, dözülməz zəngin
bir qadındır. Qadının evinin nəfəsdaraldan tünd
qırmızı boyalarla
rənglənməsi, otağın
mühafizəkarlığı, ətaləti ifadə edən klassik üslubu, Zöhrənin evinin isə əksinə, çəhrayı-ağ
tonlarla, işıqlı
rənglərlə həlli
personajların daxili dünyası, mənəvi
dəyərləri ilə
uyğunlaşır, dekorasiyalar
vasitəsilə səhnədə
baş verən hər hadisənin emosiyası, energetikası
ötürülür və
məna tutumu genişlənir.
Bayaq
"Melisa"nın "film-tamaşa" olduğunu təsadüfi demədim.
Melisa adlı gəlinciyin
itdiyini elan edən carçı obrazı, onun səhnənin kənarına qoyulmuş tumbaya itkin düşməsi
haqda elanı yapışdırması, jurnalistin
bu haqda informasiya toplaması, bütün obrazların pafossuz, təsirli oyunu, uşaqları diləndirən dəstənin
həbsinin səs effektləri ilə işlənməsi, naturada
radiodan yayılan, Səxavət Məmmədovun
ifasındakı "Ay çiçək"
mahnısı, qarışıq
radio səsləri, çəkməçinin
canlı plandan kukla planına orqanik keçidi, Melisanın itidiyi gün qaranlıqlaşan məkanda, kinonuar estetikasındakı aramsız,
qorxulu yağış
səsi bəyaz pərdədə əks olunan filmə bənzəyir. Bu qədər
hadisə bolluğunun
içində rejissor
balaca tamaşaçılara
təhsilin əhəmiyyətini
də aşılayır;
bunu bacısını
vaxtsız itirmiş, xəstə anasının
qayğısına qalan
oğlanın hekayəsində
vurğulayır və
sözügedən xətti
əsərin əsas ideyasına tabe edir.
Bu tamaşada rejissor minimalist
tərzdə yazılmış
musiqidən istifadə
edir. Final səhnələrinə
yaxın səslənən
azan, kilsə zəngi
və yəhudi azanının bir kompozisiyada bütünləşməsi
mərhəmətin, sevginin
dininin olmadığını,
ideyanın bəşəriliyini
bəyan edir.
Saida Haqverdiyeva Melisanın hekayəsini, əsərin
ideya-problematikasını kəskin
xarakter və hadisələrin kontrastında
göstərir.
Rejissor bədii niyyətini kiçik ölçülü, sadə
kuklalar vasitəsilə
və aktyorlara doğru mizanlar verməklə də çatır. Estetik zövqlə hazırlanan tamaşa diktə eləmir, o göstərir,
düşünmək üçün
imkanlar verir və katarsisə çağırır.
Aktyorlar
Səriyyə Mansurova,
Ülviyyə Əliyeva,
Aygül Ağayeva, Cavid Telman, Elgün
Həmidov eyni zamanda bir neçə
obrazı canlandırırlar
və aktyorların çevik plastikası, rejissor tapşırığını
düzgün mənimsəmələri
tamaşanın uğurunu
təmin edən əsas faktorlardan birinə çevrilir.
Tamaşada eyni zamanda teatrın nəzdindəki
"Oyuq" teatr-studiyası
istedadlı yetirmələri
Selcan Xatun (jurnalist obrazı) və İbrahim Laçın
(carçı) yer alıb. "Melisa"nın
daha bir maraqlı tərəfi onun dörd qadın müəllifin (rəssam Əfşan Əsədova, bəstəkar
Röya Hüseynova, yazıçı Sevinc Nuruqızı və rejissor Saida Haqverdiyeva) birgə əməkdaşlığının
məhsulu olmasıdır.
Sevda SULTANOVA
525-ci
qəzet.- 2023.- 21 sentyabr.- S.10.