Nizami Gəncəvi irsinin
yorulmaz tədqiqatçısı
GÖRKƏMLİ ALİM, PROFESSOR XƏLİL YUSİFLİNİN VƏFATINDAN BİR İL KEÇDİ
Professor Xəlil Yusifli 1998-ci ildə Bakı Dövlət Universitetində (BDU) nəşr edilən "Dil və ədəbiyyat" jurnalının 2-ci nömrəsində "Şeyx Nizaminin oğlu Məhəmmədin şairliyi və bir beyti" məqaləsində yazırdı: "Hələ otuz il bundan öncə, Bakıda işlədiyim vaxtlarda Tehran Universitetinin Mərkəzi Kitabxanasının kataloqlarını gözdən keçirdiyim zaman maraqlı bir qeydə rast gəlmişdim. Həmin kitabxanada saxlanılan bir cüngdə başqa şairlərlə yanaşı, Nizaminin oğlu Məhəmmədin də şeiri olduğu göstərilirdi. İran alimi Daneş Pejuh Tehran Universiteti Mərkəzi Kitabxanasının əlyazma kitablarının kataloqunun XIV cildində aydın şəkildə yazırdı ki, həmin kitabxananın əlyazmaları şöbəsində saxlanılan 4715 saylı cüngdə Ənvəri, Əmir Xosrov Dəhləvi, Əssar Təbrizi, Əbdürrəhman Cami, Sədi və başqa şairlərin şeirləri ilə yanaşı, Nizaminin oğlu Məhəmmədin də şeiri qorunmaqdadır. Düz otuz il bu cüngü görmək, bu qeydin nə dərəcədə doğru olduğunu müəyyənləşdirmək arzusunda olmuşam. Mən elə düşünmürəm ki, bu, qeyri-adi bir hadisədir. Ancaq Nizami kimi bir dühanın tərcümeyi-halı, onun övladı Məhəmmədin həyatı ilə bağlı bir dəlil kimi, məncə, qiymətlidir.
Nəhayət, 1998-ci ilin fevral ayında həmin cüngü görə bildim... Əlyazmaları şöbəsinin əməkdaşları məni gülərüzlə qarşıladılar və istədiyim əlyazmanı tezliklə mənə gətirdilər. Bu işdə mənə ehtiramla qulluq edən əlyazmaları şöbəsinin əməkdaşlarına öz dərin minnətdarlığımı bildirirəm!"
Xəlil müəllimin əldə etdiyi əsər - Məhəmmədin şeiri bu idi:
Pəs əz omri şəbi
baline xod an aşeyan didəm,
Məne-meskin beomre-xiş asayeş
həman didəm.
Tərcüməsi:
Ömür keçdi, gecə
balıncımı mən
o məkan gördüm,
Yazıq
mən ömrüm ərzində rahatlıq o
zaman gördüm.
Əməkdar elm xadimi, professor Xəlil
Yusiflinin elmi irsindən gətirdiyimiz bu nümunədə məqsəd, əlbəttə
ki, görkəmli alimin
Nizami Gəncəvi yaradıcılığına vurğunluğunu
göstərməklə yanaşı,
eyni zamanda örnək, nümunəvi
bir alim ömrünün
sözlə çəkilmiş
portretini təqdim etmək istədik.
Düz
30 il bu qədər istək və həyəcanla gözləmək!
Bu hadisə Xəlil müəllimin dahi Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvi şəxsiyyətinə, irsinə,
şəcərəsinə olan məhəbbətinin sadəcə bir anıdır. Hətta deyərdim ki, bizim görə və oxuya bildiyimiz bir an! Ancaq Xəlil
müəllimin Nizami Gəncəviyə olan və bizim görə,
duya bilmədiyimiz sevgi isə ölçüyəgəlməz idi! Onun Nizami
Gəncəvi ilə ruhi bağlantılarını
isə ancaq o özü bilirdi və yaşayırdı.
Professor Xəlil Yusiflinin Nizami Gəncəvi tədqiqatlarının, araşdırmalarının
sadəcə kiçik
bir məqamını,
damlasını özündə
əks etdirən bu hadisə özlüyündə bir
tədqiqatçının həm sağlığında,
həm də özündən sonra gələn nəsillər
üçün müəyyənləşdirdiyi
bir proqram, yol xəritəsidir. Bu yol xəritəsi eyni zamanda səmimi
əziyyəti, əzablı,
keşməkeşli yolları,
istiqamətləri göstərsə
də, bu işin müsbət nəticəsini, meyvəsini
də göstərən
bir fəaliyyətdir.
Bu istiqamət hər bir insanı potensial imkanlarından istifadə etməyə çağırır. Bu məqamda
dahi Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında
səsləndirdiyi və
Xəlil müəllimin
də tez-tez ifadə etdiyi bir beyti xatırlamaq
yerinə düşərdi:
Çox
iti zehinlər yatan oldular,
Axırda
saxsı qab satan oldular.
Professor Xəlil Yusifli hər zaman gəncləri
çalışqan olmağa,
həvəslə, ardıcıl,
davamlı elmi fəaliyyətlə məşğul
olmağa çağıraraq
yenə də Nizami Gəncəvinin sözləri ilə bizə yüksək elmi istiqamət verir və deyirdi:
"Nizami Gəncəvi
yazır ki, elə bir gün olmayıbdır,
yeni bir şey öyrənmədən başımı
yastığa qoyum".
Və bu örnəklərlə o, bizi
gerçək elmə,
yaradıcı zəhmətə
çağırırdı.
Professor Xəlil Yusifli bir Nizami aşiqi
idi. Xatirimdədir,
15-18 iyul 2022-ci il tarixində
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
təşkilatçılığı ilə keçirilmiş
"Azərbaycan-Pakistan elmi-ədəbi
əlaqələri" mövzulu
konfransda iştirak etmək üçün Bakı şəhərinə
gələn Pakistan İslam Respublikasının Lahor Dövlət Kollec Universitetinin alimləri - həmin universitetin Urdu dili kafedrasının müdiri, professor Saima İram,
kafedranın dosenti Almaz Xanum, Ərəbşünaslıq
və İslamşünaslıq
kafedrasının müdiri
Dr. Hafiz Məhəmməd Nayem,
Fars dili kafedrasının
dosenti Dr. Babar Naseem Assi,
Urdu dili kafedrasının
dəvət olunmuş
məruzəçisi Məhəmməd
Hammad Niyazi və başqaları Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti,
akademik İsa Həbibbəylinin
təşəbbüsü ilə 17 iyul 2022-ci ildə Gəncə şəhərinə - Nizami
Gəncəvi məqbərəsini
ziyarətə gəldilər.
Əlbəttə, burada
məqsəd həm dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami
Gəncəvinin məqbərəsini
ziyarət edib onun bu torpağın
yetirməsi olduğunu
əyani olaraq göstərmək, həm
də qardaş dövlətin alimlərinə
Azərbaycanın ikinci
böyük şəhəri
olan Gəncəni, onun tarixini, ədəbiyyatını, tarixi
abidələrini, mühitini,
44 günlük Vətən
müharibəsində düşmənin
xain təxribatları
nəticəsində şəhərin
və şəhər
əhalisinin məruz qaldığı qırğınları,
dağıntıları göstərməklə
Müzəffər Ali Baş
Komandanımızın rəhbərliyi
ilə rəşadətli
Azərbaycan Ordusunun və mərd xalqımızın əldə
etdiyi tarixi qələbəni qonaqlara
çatdırmaq idi. Həmin gün Xəlil müəllim ilə birlikdə gün boyunca qonaqlarla birlikdə olduq. Baxmayaraq ki, həmin ərəfələrdə
havalar olduqca isti, eyni zamanda
Xəlil müəllimin
səhhətində bəzi
narahatlıqlar var idi,
ancaq o, bu qarşılamada, qonaqlara tarixi mənbələrə
əsaslanmaqla sevgi ilə, həvəslə məlumat verdi. Bu hadisə də öz növbəsində
biz gənclər üçün
Vətənimizə, klassik
irsimizə, milli-mənəvi
dəyərlərimizə olan
məhəbbətin bir
örnəyi idi.
Xəlil
müəllim öz
nadir hafizəsi və
qədim əlyazmalara
olan vaqifliyi ilə dünyanın hər yerində Nizami Gəncəvinin milli
mənsubiyyətini, Azərbaycan
mütəfəkkiri olmasına
kölgə salmağa
çalışanlara qarşı
mübarizə apararaq
şairin xatirəsini
qoruduğu kimi, Nizami ruhu da daim onu qoruyar
və hifz edərdi. Bir gün maraqlı bir söhbət etdi:
"1968-ci ildə yazdığım
"Nizaminin lirikası"
kitabında yazmışam
ki, Nizami özü deyir, biz türkük, biz Əfrasiyab nəsliyik. Nizami Gəncəvi hər zaman türklüyü
uğrunda, bu ərazinin qədim türk ərazisi olması olması uğrunda mübarizə aparıb. Nizami deyirdi ki, biz Türk Midiyanın davamıyıq.
Ərəb coğrafiyaçıları
yazırlar ki, Qafqaz dağları Bərdənindir.
Yəni bütün bu dağlararası Alban dövləti, Türk dövləti olub. Nizami də məhz bunları əsərlərində əks
etdirib". Mən soruşdum ki, Xəlil müəllim, sovetlər dönəmində bunları
demək mümkün
idi?! Cavab verdi ki, mümkün deyildi, sadəcə mən hər zaman hiss etmişəm ki, Nizaminin ruhu məni çox böyük bəlalardan hifz edibdir.
Professor Xəlil Yusiflini ömrünün son dövrlərində
ən çox fərəhləndirən, sevindirən
hadisələrdən biri
də Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin
2021-ci ili "Nizami Gəncəvi İli" elan etməsi
ilə bağlı imzaladığı Sərəncam
oldu. Hədsiz dərəcədə sevinirdi
bu hadisəyə. 24 dekabr 2021-ci ildə
"Respublika" qəzetinə verdiyi "Nizami Gəncəvi İli" dahi
şairin ölməz
irsinə yaradıcı
münasibətdə yeni mərhələdir"
başlıqlı müsahibəsində
deyirdi: "Nizami Gəncəvi yaradıcılığına
xüsusi diqqətin, dahi şairin ölməz ədəbi irsinə qayğının
təməli Ulu öndər
Heydər Əliyev tərəfindən qoyulmuşdur.
O, hakimiyyətə gəldiyi
ilk günlərdən bütün
ədəbi tədbirlərdə,
ədəbiyyat, incəsənətlə
bağlı bütün
mərasim və yubileylərdə Nizami Gəncəvini təkcə
Şərqin deyil, dünya ədəbiyyatının
görkəmli nümayəndəsi
kimi dəyərləndirmiş,
dahi şairin yaradıcılığına xüsusi
qiymət vermişdir.
Nizami Gəncəvinin
Gəncə şəhərindəki
möhtəşəm məqbərəsi
də Ulu öndərin
Nizami irsinə ehtiramının ifadəsidir...
Azərbaycan Respublikasında
2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi
haqqında Azərbaycan
Respublikasının Prezidentinin
Sərəncamı Nizami
Gəncəvi irsinə
ehtiramın təcəssümü
və müstəqillik
dövrü Azərbaycan
nizamişünaslığının inkişafına yönəlmiş
qiymətli bir tarixi sənəddir".
Professor Xəlil Yusifli XX və XXI əsrlərin Azərbaycan və dünya nizamişünaslarının
ən tanınmış
isimlərindən biridir.
Onun adına, yaradıcılığına, elmi irsinə Avropa, Asiya eləcə
də Amerika qitəsində
Şərq fəlsəfəsi
ilə, ədəbiyyatı
ilə məşğul
olan görkəmli elm
adamları, ictimai-siyasi
xadimlər hər
zaman yüksək dəyər
vermis və böyük
hörmətlə xatırlamışlar.
Xüsusilə vurğulamaq
lazımdır ki, dahi
mütəfəkkirin 870 illik
yubileyi ərəfəsində
professor Xəlil Yusiflinin
təkcə nizamişünas
alim deyil, eyni zamanda klassik ədəbi irsimizin görkəmli tədqiqatçısı
kimi fəaliyyəti yalnız azərbaycanlı
alimlərin deyil, həm də xarici ölkələrin görkəmli alimləri və dövlət adamları tərəfindən
də yüksək qiymətləndirilmişdi. Beynəlxalq
Nizami Gəncəvi Mərkəzinin həmsədri,
Misirin "İsgəndəriyyə"
kitabxanasının sabiq
direktoru İsmayıl
Seragəldin, İngiltərənin
Oksford Univeritetinin
professor Syuzan Qrinfild kimi alimlər Xəlil Yusiflinin tədqiqatlarının, araşdırmalarının
olduqca əhəmiyyətli
olduğunu vurğulamışdılar.
AMEA prezidenti akademik İsa Həbibbəyli də X.Yusifli haqqında
yüksək fikirlər
söyləyib: "Professor Xəlil Yusifli Azərbaycan nizamişünaslarının
və klassik ədəbiyyatımızın tədqiqatçılarının bir neçə nəslini formalaşdıran
alim idi".
Nizami Gəncəvi adına
Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun fikrincə isə, "İkiqat, üçqat əziz Xəlil müəllim varlığı ilə Gəncənin elm mühitinə
sanbal gətirən qiymətli bir alim idi".
AMEA Gəncə Bölməsinin
sədri, akademik Fuad Əliyevə görə,
professor Xəlil Yusifli
o nizamişünas alimlərdən
idi ki, onun tədqiqatları, əsərləri
Nizami Gəncəvinin
ən qədim əlyazmalarına əsaslanırdı,
onların əsasında
qururdu işlərini".
Ruhu şad, məqamı uca olsun unudulmaz
Xəlil müəllimin!
Əlimuxtar MUXTAROV
AMEA Gəncə Bölməsi
Nizami Gəncəvi
Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.-
2023.- 21 sentyabr.- S.12.