Nəsillərə örnək ömür - Qulam Məmmədli-125

 

AZƏRBAYCAN ƏDƏBİ SALNAMƏSİNİN BANİSİ - QULAM MƏMMƏDLİ

 

Onu tanıyanlar yorulmaq bilmədən öz üzərində çalışan, ömrünü araşdırmalara həsr edən, milli salnaməçilik sahəsinin inkişafına misilsiz töhfələr vermiş əsl vətənpərvər ziyalı, ensiklopedik bilik sahibi kimi xatırlayırlar. Heç bir ali təhsili olmadan mətbuat və teatr tarximizi araşdıraraq mətnşünas, təzkirəçi, biblioqraf, publisist və daha neçə belə çoxşaxəli fəaliyyəti ilə həm də ustad müəllim kimi çoxlarının dərin məhəbbətini qazanmış milli mətbuatımızın görkəmli tədqiqatçısı Qulam Məmmədli hər birimizin sevimlisinə çevrilib. Zəhmətsevərliyi və əzmkarlığı sayəsində o, respublikanın Əməkdar mədəniyyət işçisi və Əməkdar jurnalisti fəxri adlarına layiq görülüb, müxtəlif mükafatlarla təltif olunub.

Yola salmaqda olduğumuz 2022-ci il ərzində Q.Məmmədlinin 125 illik yubileyi ölkəmizin bir sıra elm və təhsil ocaqlarında qeyd olunub. Onun həyat və fəaliyyəti, gənc nəslin nümayəndələrinə örnək ola biləcək şərəfli ömür yolu haqqında diqqət çəkən məqamlar təbliğ edilib.

Onun şəxsi arxiv materialları Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondunda qorunur. Çox zəngin yaradıcılıq yolu keçən Q.Məmmədli uzun illər məhz bu elm ocağının oxu zalından bəhrələnib, sonda ərsəyə gətirdiyi materialların əlyazmalarını, qeydlərini də Əlyazmalar İnstitutuna təhvil verib. İnstitutun Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva ilə söhbətimiz də Qulam Məmmədlinin zəngin yaradıcılığı haqqındadır.

- Aytən xanım, ədəbiyyat xadimlərinin epistolyar irsinin tədqiqi onların həyat və yaradıcılığına dair, ümumiyyətlə həmin dövrü əhatə edən ədəbi proseslərlə bağlı vacib məqamların üzə çıxarılması üçün olduqca əhəmiyyətlidir. Bu baxımdan milli mətbuatımızın görkəmli tədqiqatçısı Qulam Məmmədlinin Əlyazmalar İnstitutunda mühafizə olunan Şəxsi arxivində "Məktublar" bölməsində hansı maraqlı məlumatlara rast gəlmək olar?

- Əvvəla onu qeyd edim ki, həqiqətən də sözügedən arxiv materialları sənətkarların müasirləri ilə əlaqələrini araşdırmaq, ədəbiyyat tarixinin bəzi qaranlıq, mübahisəli məqamlarına aydınlıq gətirmək baxımından dəyərli mənbə olaraq geniş, çoxşaxəli araşdırma üçün böyük fürsət və imkanlar yaradır. Məktublar isə müəlliflərinin simasında aid olduqları dövrün adət-ənənələrini, tarixi şəraitini, cəmiyyət problemlərini əks etdirir. Buna görə də əsrlərdir hökmdarların, dövlət xadimlərinin, ədəbiyyat və incəsənət nümayəndələrinin, o cümlədən, cəmiyyətin həyatında əhəmiyyətli rola malik olan şəxsiyyətlərin məktubları mühafizə edilərək arxivləşdirilir. Q.Məmmədliyə aid olan məktublara gəlincə, onları tədqiq etdikdə görürük ki, yazışmalar məzmununa görə əsasən iki istiqamətə ayrılır. Onlardan bir qismi şəxsi münasibətlər zəminində, dostluq, yoldaşlıq məzmununda yazılmışdır. Belə məktubların mövzusunu yazışan tərəflərin bir-biri ilə hal-əhval tutması, ailə üzvləri, məişət məsələləri haqqında məlumatlar verməsi təşkil edir. Digərlərində isə prioritet mövzu ədəbiyyatdır. Təbii ki, bu tip məktublar daha çox maraq doğurur və tarixi əhəmiyyət daşıyır. İstər ədəbiyyat tariximiz, istərsə də ayrı-ayrı şəxsiyyətlərin həyat və fəaliyyətinə dair çox önəmli məlumatları özündə ehtiva edən bu məktublardan biz ədibin dövrünün yazarları, məşhur ədəbi simaları ilə dostluq münasibətlərini, mühit haqqında düşüncələrini öyrənmiş oluruq. Qulam müəllimin hansı zəhmətlər bahasına müxtəlif şəxslərlə ünsiyyət quraraq Azərbaycanın tarixi üçün dəyərli olan əlyazmaların, kitabların vətənimizə gətirilməsi prosesinin sanki canlı şahidinə çevrilirik.

Ədəbiyyat tariximizin təəssübkeşi, böyük simalarından biri olan Əziz Şərifin Q.Məmmədliyə 25 mart 1973-cü il tarixində ünvanladığı cavab məktubunda özünün İngiltərə mətbuatında dərc olunmuş yazısından və Üzeyir Hacıbəyovun musiqimiz haqqında yazdığı məqalədən bəhs edir. Q.Məmmədlinin qəzetdə çıxan bütün məqalələrini diqqətlə oxuyub təqdir etdiyini vurğulayaraq qeyd edir ki, dahi bəstəkarın milli musiqimizlə bağlı sözügedən məqaləsi sovet ensiklopediyası üçün yazılsa da, heç bir yerdə çap olunmamışdır. O, həmçinin, bu məqalə haqqında ətraflı məlumat hazırlayacağına da söz verir.

- Təbriz mühitinin Qulam Məmmədli yaradıcılığına əhəmiyyətli təsiri olub. O, bu haqda öz xatirələrində yazır və həmin dövrün tanınmış kitab kolleksioneri Hacı Məhəmməd Naxçıvaninin adını çəkir. Bəs şəxsi arxivdə necə, onların məktublaşması varmı?

- Qulam Məmmədlinin məşhur kitabşünasın özü ilə deyil, qardaşı Hacı Hüseyn Naxçıvani ilə yazışmaları var. Onlar dünyanın müxtəlif yerlərinə aparılmış Azərbaycanla əlaqədar kitabları, məqalələri, dəyərli əlyazmaları toplayaraq Təbrizə gətirmişlər. Hacı Məhəmməd ağa Naxçıvani sonralar şəxsi kitab kolleksiyasını Təbriz Milli Kitabxanasına bağışlayıb. Qulam müəllim həmin zəngin kitabxana ilə tanışlığı və ondan səmərəli istifadə etməsi nəticəsində Mirzə Əli Möcüz, Heyran xanımın "Seçilmiş əsərlər"ini ilk dəfə nəşr etdirə bilir. Hacı Hüseyn Naxçıvaninin Q.Məmmədliyə göndərdiyi məktubu əhəmiyyətli məlumatları ehtiva edir: "Hacı Məhəmməd ağa Hacı Əliabbasın oğlu, o da Hacı Cəfər Naxçıvanlının oğludur. Təvəllüdü Təbrizdə 1297-ci ildə (qəməri) vaqe olub. 1381-ci (qəməri) ildə vəfat edib. Ədəbi fəaliyyəti ibarətdi: Qətran Təbrizi. Böyük Təbriz şairinin divanını təshih edərək çapa verdi. Sonra "Tərbiyət" kitabxanasının əlyazısı olan kitablarına çox müfəssəl bir fehrist yazdı və çap oldu. Bunlardan başqa, İran məcəllələrində hər mövzuda mənim və onun çox məqalələrimiz vardır. Hacı Məhəmməd ağa kitablarının hamısını Kitabxanayi-milliyi-Təbrizə vəqf etdi". O, həmin məktubun davamında Hacı Məhəmməd ağanın müxtəlif ölkələrə etdiyi səyahətlərdən, C.Məmmədquluzadə ilə görüşüb Təbrizdə "Molla Nəsrəddin" jurnalını nəşr etdiyindən bəhs edir.

Ümumiyyətlə, Qulam müəllimin Cənubi Azərbaycan yazarlarının ədəbi irsinin toplanmasında rolu əvəzsizdir. Mirzə Əli Möcüz ədəbi irsinin toplanması, nəşri işində böyük əmək sərf etmişdir. Məhəmməd ağa Naxçıvani onun çox çətinliklə əldə etdiyi, uzun müddət öz kitabxanasında qoruyub saxladığı əlyazmalarını məhz Q.Məmmədliyə etibar etmişdir. O isə öz növbəsində dövrün qadağalarına baxmayaraq, həmin əsərlərin Təbrizdə nəşrinə nail olmuşdur. Onun Məmmədəli Niqabi ilə məktublaşmalarının məzmununu da Mirzə Əli Möcüzün həyat və yaradıcılığının tədqiqi, yeni faktların ortaya çıxarılması və onların dəqiqləşdirilməsi təşkil edir.

- Şəxsi arxivdə qorunan məktubların içərisində yəqin ki, Qulam müəllimin xarici əlaqələri ilə bağlı da faktlar mövcuddur.

- Bəli, haqlısınız ədibin İngiltərə, Fransa və Finlandiya ilə ədəbiyyatımıza dair çoxşaxəli məktublaşmaları olub. Məsələn, 1967-ci ildə Fransadan ona göndərilmiş bir məktubda "Molla Nəsrəddin" salnaməsinin orada necə böyük maraqla qarşılandığı məlum olur. Burada qeyd olunur ki, Molla Nəsrəddin salnaməsi XIX əsr Zaqafqaziya mühitini tədqiq edən tarixçilər üçün dəyərli mənbə rolunu oynaya bilər: "Sizin bu işiniz XIX əsr Zaqafqaziya tarixini araşdıran bütün tarixçilər, eləcə də, Oktyabr inqilabından öncə müsəlman dünyasında baş vermiş reformist hərəkatlar tarixi üzərində iş aparan tədqiqatçılar üçün əvəzsiz baza olmalıdır. XIX əsr müsəlman Zaqafqaziyasında ideya tarixi bu qədər maraqlı olduğu halda, ondan örnək götürməli çox şeyin olduğu halda, təəssüf ki, Fransa bu barədə çox az məlumata malikdir". Məktublardan bəlli olur ki, o, "Molla Nəsrəddin" jurnalıyla bağlı İngiltərə, Fransa və Finlandiya ziyalıları ilə yazışmışdır.

Mirzə Səmədov tərəfindən yazılan digər bir məktubda isə Q.Məmmədlinin Aşqabad peçatnikləri haqqında məqaləsinin Rusiya  ədəbi mühitində çox bəyənildiyi və bu məqalənin rus dilinə tərcümə edilərək mətbuatda dərcinin mühüm əhəmiyyət daşıyacağından bəhs edilir.

Maksim Qorki ilə məktublaşması isə Ruhulla Axundovun dəvəti ilə "Kəndli" qəzetində redaktor müavini vəzifəsində çalışdığı vaxtlara təsadüf edir. M.Qorki məktubunda onları xalq ədəbiyyatı toplamağa, folkloru təbliğ etməyə ruhlandırır. Qəzetin hər yeni nömrəsində redaksiyaya göndərilən el ədəbiyyatı nümunələri dərc olunur. Ümumiyyətlə, ömrünü milli ədəbi irsimizin toplanmasına, tədqiqinə sərf edərək bir çox sənətkarın çap olunmayan küliyyatını, əsərlərini itmək təhlükəsindən xilas edib, gələcək nəsillərə ötürmüş, xalqımızın ədəbi-mədəni sərvətinin keşikçisi olmuş Q.Məmmədlinin arxivində yer alan məktubların hər biri özündə maraqlı faktları, məqamları əks etdirir.

 

Xatirə CABBARZADƏ

525-ci qəzet.- 2023.- 6 yanvar.- S.12.