Güney Azərbaycanda vahid ədəbi dil məsələsi   

 

(Əvvəli ötən sayımızda)

 

"Yaşmaq" dərgisinin baş yazarı, şair və naşir Səid Muğanlı bu gün ədəbiyyatın inkişafının həm Güneydə, həm də Quzeydə qabarıq, bəzi hallarda isə bütün çılpaqlığı ilə özünü göstərən estetik toqquşmalardan daha çox asılı olduğunu söyləyir. S.Muğanlının həmin müsahibədə səsləndirdiyi fikirlər hazırda Güney Azərbaycanda gedən ədəbi prosesin qısa bir xülasəsıdır. Ədəbiyyatda yaşlı və gənc nəsillər arasında bir bəyənməməzlik, bir-birini qəbul etməmə məsələsinə münasibətini sərgiləyən S.Muğanlı bu tendensiyaya da açıqlama verir və bildirir ki, "Güneydə gənclər yaşlı ədəbi nəsildən Şəhriyar və Səhənddən başqa hamının üstünə gedirlər (yəni tənqid edirlər), amma Şəhriyar və Səhəndə bir rəğbət var. Bəzən Şəhriyarın da adını dilinə dolayanlar olur, o zaman deyirik ki, çox da dərinə getməyin, bizim danışdığımız, yazdığımız bu dilin formalaşması onun xidmətidir". Araşdırmaları və tərcümələrilə kifayət qədər oxucu auditoriyası qazanmış Güntay Gəncalp da "Bakıda ədəbiyatda yeni və yaşlı nəsil arasındakı dartışmalar üzərinə" adlı yazısında bugünkü savaş, mübarizə, kürəsəlləşmə dünyasında fikirlərin savaşını normal, təbii qəbul edir və Quzey Azərbaycanda yetişməkdə olan yeni ədəbi nəslin yaradıcılıq enerjisini, potensial imkanını göstərmək üçün özündən əvvəlki nəsilə meydan oxumaq istəyinə diqqəti yönəldir: "Gerçəkdən də bu yeni nəslin "duyum" və "duydurum" səliqələri, zövqləri fərqlidir. Fərqli deyil, təzadlıdır. Bu təzadların çarpışmasını da bəlkə təbii olaraq anlamaq mümkündür... Dünya savaş dünyasıdır. Fikirlərin də savaşı var. Nitşenin hayqırışını duyalım - Barışınız savaş, durğunluğunuz səfərlər olsun..."

İstedadlı şair Məlihə Əzizpurun isə gənc nəslin Şəhriyara münasibətinə, eyni zamanda ustad şairin Güney ədəbiyyatı qarşısındakı misilsiz xidmətləri məsələsinə daha həssas və içdən, həm də qlobal yanaşması düşündürücüdür: "İranda fars dili və ədəbiyyatı qarşısında türkcə uzun illər boyunca susarkən son dönəmdə çağdaş türk ədəbiyyatının ən böyük şairi Şəhriyar yetişdi. Şəhriyar, İranda farsca qarşısında yox olmağa üz tutan Türk dilini "Heydər Babaya salam" əsəri ilə əbədi olaraq ayağa qaldırıb başını göylərə çatdırdı".

Göründüyü kimi, bu gün çağdaş Güney Azərbaycan ədəbiyyatında işlədilən mövcud ədəbi dillə bağlı müxtəlif baxışlar ədəbi mübahisələrin mövzusuna çevrilməkdədir. Şair və yazıçıların bəziləri Türkiyədə daha geniş şəkildə yayılan Anadolu türkcəsini, bir qismi Quzey Azərbaycan türkcəsini, bir qismi isə Ortaq türkcəni məqbul sayır və məqbul saydığı türkcədə də yazmağa üstünlük verir. Beləliklə də, özünü ana dilinin xidmətçisi, qoruyucusu sanır. Onlardan bəzilərinin Ədəbi dil anlayışı ilə bağlı özəl fikir və qənaətlərinə qısaca nəzər yetirmək istəyirik. Çünki ədəbi prosesin inkişafında dil məsələsi ən vacib faktordur. Hadi Qaraçay "Ədəbi dil anlayışı"na özəl münasibətini eyniadlı yazısında sərgiləyir, Ortaq Azərbaycan dilinin, Ortaq Türkcənin gərəkliliyini hayqırır. Elə bir ortaq və aydın türkcənin ki, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir türk onu anlamaqda çətinlik, zorluq çəkməsin... Bu ortaq türkcəni Osmanlı türkü də, Azərbaycan türkü də, özbək, qırğız, qaraqalpaq, qazax, türkmən, qaqauz, tatar və sair qarındaşlarımız da anlasın, ilişgilərini həmin türkcədə sürdürə bilsinlər... Hadi Qaraçay yazır ki, "XX əsrdə elin, ulusun dilində olan sözcüklərlə yetinmək olmaz, biz bir də yeni sözcüklərin yaradılmasını sağlayacaq bir dil qurumu yaratmalıyıq. Dil qurumu dilimizin köklərinə, özəlliklərinə dayanaraq yeni anlamlara, yeni nəsnələrə uyqun ad qoymaqla ilgilənməlidir. Günümüzdə belə bir qurumun yaradılma olanağı olmadığı üçün dilimizdə gedən dəyişmələr olağanüstü çalışmalara, bir neçə aydının özəl çalışmalarına, başqa sözlə, örgütləndirilməmiş bir biçimdə gedir. Bunun da verdiyi sonuc olduqca azdır..." Məlihə xanım sonucun - nəticənin az olmasının əsas səbəbini Güney Azərbaycanda Quzeydən fərqli olaraq uzun illərdən bəri ana dilində milli təhsilin olmaması ilə əlaqələndirir. Yazar xanım söyləyir ki, "ədəbi dil quzeyli şairin əlində mum kimidir, bu dildə təhsili və hər növ azadlığı olduğuna görə onun üzərində arzu elədiyi kimi işləyib ona şəkil verə bilir, onu istədiyi kimi formalaşdıra bilir, güneydə (Cənubi Azərbaycan) isə bu, çətindir..."

Çağımızın ünlü şairləri Ə.Daşqın, M.Haray, H.Qaraçay, M.Əzizpur, H.Şahbazi, N.Əzhəri, N.Merqati və başqalarının bir ziyalı kimi narahatlığı, türkcənin gələcəyi ilə bağlı əndişəsi başadüşüləndir. Millətin, xalqın ziyalısı bu cür düşünməli, ana dilinin azadlığı, tərəqqisi naminə, təbii ki, çabalar göstərməli, var gücü ilə savaşmalıdı... Bu savaşın gərəkliliyini anlayan türk ruhlu, milli düşüncəli şair, nasir və dilçi alim Əli Daşqın müxtəlif lüğət kitabları və Azərbaycan türkcəsini öyrədən eyitim görəvlilərinə və tələbələrə türkcəni - ana dilimizi sərbəst şəkildə öyrənmək istəyənlərə yardımçı olmaq məqsədi ilə dilçilik məsələlərinə, gündəlik danışıq dilinə, eyni zamanda, dialektologiyaya aid kitablar da hazırlayaraq nəşr etdirib. Vətənpərvər yazar "Türkcə-Türkcə sözlük" (Təbriz, Yaran yayınevi, 1991, 530 s), "Sadə xəritələr (elmi araşdırmalar)", (Təbriz: İranvic yayınevi, 1992, 128 s.), "Farsca-Türkcə sözlük" (1c.,Təbriz, Talaş yayınevi, 1994, 800 s.), "Dil və dilçilik" (Təbriz, Əxtər yayınevi, 1998), "Gündəlik Türk dili" (1 və 2 cildlər., Təbriz, Danyal yayınevi, 1998, hər ikisi 208 s. olmaqla), "İngiliscə-Türkcə-Farsca sözlük 1 və 2 cildlər" (Təbriz, Aşina yayın evi, 2000, hər ikisi 800s. olmaqla), "Azərbaycan dilinin qrammatikası" (Təbriz, 2002, 136s.)", "Dilin iç üzü" (dil-təfəkkür-şüur), (Təbriz, Əxtər yayınevi, 2000, 152 s.), "Ədəbi səbkilər", (Təbriz, Sərçeşmə yayınevi, 2001, 96 s.), "Türkcə rahat dil öyrənimi" (1c., Təbriz, Vəfacu yayınevi, 2002, 192s.), "Türkcə rahat dil öyrənimi" (II c., Təbriz, Vəfacu yayınevi, 2002, 192 s.), "İngiliscə-Türkcə-Farsca dil bilimi", (Təbriz, Əzəm yayınevi, 2002, 160s.), "Türkcə-Farsca danışıq" (Təbriz, Əxtər yayınevi, 2001, 160 s.), "Dədə Qorqud və yeni toplum" (tenologiya), (Təbriz, Əxtər yayınevi, 2003, 160 s.), "Farsca-Türkcə sözlük" (2 c., Təbriz, Əxtər yayınevi, 2006, 1200s.), "Türkcə-Farsca sözlük" (Təbriz, Əxtər yayınevi, 2006, 1040 s.), "Çağdaş Azərbaycan Türkcəsi, Fiziologiya" (Təbriz, 2006, 64 s.), "Ümumi dilçilik" (Təbriz, Nikuyi yayınevi, 2009, 104 s.), "Təbriz dialekti" (Təbriz, Əxtər yayınevi, 2012, 176 s.) kimi monumental əsərlərini məhz bu məqsədlə araya-ərsəyə gətirib. Təsadüfi deyil ki, Türkiyənin Tarsus bələdiyyəsi Kültür və sənət danışmanı Qüdrət Ünal bütün türk dünyasının şair, yazar və alimlərinə bu böyük qaynaqdan - Ə.Daşqının lüğət və sözlüklərindən istifadə etməyi, yararlanmağı tövsiyə edib: "...Ömrünün on yedi sənəsini vermiş və xalqının varlıq, habelə gələcəyini düşünərək 12000 səhifəlik, həm də üç dilli sözlük yaratmışdır, bu işi böyük bir institut öz bilim adamları ilə birlikdə və uzun illər boyunca yerinə yetirə bilmir. Daha nə istəyirsiniz? Alın, kullanın bu böyük qaynağı siz - Türk ölkələrinin öncül yazar, şair və araşdırmaçıları!"

Ana dili, ədəbi dil, şeirin gözəllik fəlsəfəsinin açılışı məsələsi Güneydə çox dartışılan aktual nəsnə olduğundan filosof yazar Eyvaz Tahanın "Şeir varlığın evidir" (Şeirin gözəllik fəlsəfəsi və Azərbaycan şeirinin problemləri. Ərəb əlibasında, birinci çap, Bakı, 2006; ikinci çap, Təbriz, 2008, üçüncü çap, Zəncan, Pinar nəşriyyatı, 2011) kitabı, göründüyü kimi, üç dəfə çap olunub və 2007-ci ildə Güney Azərbaycanda ilin kitabı seçilib...

Hər bir fəlsəfi axtarışında "dil vəsvəsəsi" və ya "dil duyarlılığı" gözə çarpan Eyvaz Tahanın "Dil" fenomenini beləcə qabartması, vaxtaşırı bu məsələyə qayıtması, fikrimcə, Azərbaycan türkcəsinin Güneydəki tarixi durumu ilə bağlıdır. Bəzən belə nəzərə çarpır ki, düşüncə gedişini və təfəkkürün gerçəkləşmə şərtini dildən asılı sanır. Çünki yazarın öz sözləri ilə desək, "insanın düşüncəsi dildə baş verir. Habelə, insanın varlığı dildə gerçəkləşdiyi zamandan etibarən başqa canlılardan seçilməyə başlayır. İnsanın heyvanlardan üstünlüyünün başlıca səbəbini nitqdə görən Aristotel yanılmır..."

Haydegerin məşhur kəlamından ilham alaraq gəldiyi "dil nəinki insan düşüncəsinin, bəlkə varlığının da evidir" qənaətini kitab boyu əsaslandırmağa çalışan E.Taha hətta ədəbi-bədii yaradıcılığında belə, bu vəsvəsədən yaxa qurtara bilmir. Örnəyin, kiçik həcmli roman janrında qələmə aldığı "Qurşun hardan açıldı" əsərində texniki və bədii özəlliklərə riayət etməklə yanaşı, sağlam və axıcı bir dil sərgiləməyə qurşanması nəzərdən qaçmır. Güney Azərbaycan bədii nəsrinin qıtlığında belə bir kitab nəsr mədəniyyətinin gəlişməsinə etkisiz ola bilməzdi. Gözəllik fəlsəfəsinə köklənmiş E.Taha "Şeir varlığın evidir" kitabında bir çox məsələlərlə yanaşı, yenə də Ana dili məsələsini mərkəz nöqtədə saxlayır. Həmin kitabdakı kiçik bir cümləsindəki: "Mən Azərbaycan türkcəsini təfəkkür sahəsində dilləndirmək istəyirəm", - fikri sanki filosof yazarın bir ömür boyunca fəaliyyətinin başlıca amacını əks etdirir. Üstəlik, fəlsəfi nəzəriyyələr işığında Güneydə şeir mədəniyyətinin yayğın olmasının sirrini açmaq üçün nəzəri səbəblər axtarır. Kitabda həm də şerimizin nəsrdən üstünlüyü, şeirlə nəsr dilinin köklü fərqləri, şeirin amac və ya arac olması və şeirlə fəlsəfənin ilişkiləri geniş araşdırılır.

Uzun illər Hindistanın Baş naziri olmuş böyük hind mütəfəkkiri və ictimai xadimi Mahatma Qandi də məhz ana dilinin və ölkəsinin istiqlala qovuşması uğrunda savaşıb: "Hindistanda orta oxulda və universitetdə yabancı dildə oxuma yayılmışdır. Bu, əxlaqi və ruhi baxımdan millətimizə və ölkəmizə çox zərər verməkdədir. Hindistanın istiqlal savaşı həm də öz dilinə sahib çıxması üçündür. Öz dilimizə hələ çox yaxın olduğumuzdan yabancı dildə oxumanın bizə nə qədər zərər verdiyinin fərqində deyilik. Özümüz yabancı dildə təhsil aldığımız üçün bunun zərərlərini anlayıb önləmlər almalıyıq..."

Əfsuslar olsun ki, bu tendensiya dünyanın inkişaf etmiş ölkələri ilə ayaqlaşmaq üçün gecə-gündüz çabalar göstərən bir sıra ölkələrə də xasdır. Son nəticədə itirən, uduzan yabançı dilləri ana dilindən üstün sayanlar olur.

 

(Ardı var)

Esmira FUAD

525-ci qəzet.- 2023.- 7 yanvar.- S.21.