Muzey həm keçmişdir, həm də
gələcək
Hər şey bir kitabın axtarışı ilə
başladı.
Babamla bağlı məlumatların olduğu həmin
kitabın izi ilə Nəriman Nərimanovun Mənzil-Muzeyinə
üz tutdum. Ona görə ki, zamanında
babam və N.Nərimanov yaxın silahdaş oublar. Xırdalıqlara varmaq istəmirəm. Etiraf edim ki, hər dəfə bu muzeyin
qarşısından keçəndə, özümə
mütləq bu məkanı ziyarət edəcəyimə dair
söz versəm də, elə söz olaraq da qalırdı.
Amma onu da deməliyəm ki, muzeylərə getməyi
həmişə xoşlamışam. Və
nəhayətdə mənə bəlli səbəb
üzündən də olsa, söz verdiyim muzeyə üz
tutdum. İlk olaraq səliqəli otaqları gəzib
ekspozisiya ilə tanış oldum. Muzeyin
çox gənc direktoru Ləman Hüseynova ilə
tanış olanda isə söhbət əsnasında öyrəndim
ki, ondan əvvəl 16 il bura anası Kamilə Hüseynova rəhbərlik
edib və varis olaraq özündən sonra estafeti ona verib. Ən maraqlısı o oldu ki, heç demə, Kamilə
xanımla nəinki eyni məktəbi bitirmişik, hətta
eyni ilin məzunları olmuşuq. Muzeyə daxil olanda bu
məkan haqqında yazı hazırlamaq kimi bir fikir artıq məndə
yaranmışdı və bu təsadüf fikrimə bir qədər
də təkan verdi. Kamilə
xanımla ötən ilin sonlarına yaxın
görüşsək də, söhbətimiz yeni ilin ilk
günlərində işıq üzü gördü. Beləliklə, müsahibim N.Nərimanovun
böyük qardaşı Salman Nərimanovun nəticəsi,
muzeyin qurucusu Kamilə Hüseynovadır.
- Qocaman məbəd
olan 190 saylı məktəbin yetirmələriyik və bu,
özlüyündə çox şey deməkdir. Amma kifayət qədər yaxından
tanımırıq bir-birimizi. Ona görə də
söz səndə...
- Əsrin yarıdan
çoxunu yola salan mən, payız ətirli günlərin
birində Bakıda anadan olmuşam. Çox
şanslıyam ki, 190 saylı məktəbi bitirmişəm.
Elə bitirdiyim 1973-cü ildə Bakı
Əczaçılıq Texnikumuna daxil olmuşam. Təhsili başa vurduqdan sonra uzun müddət
ixtisasım üzrə çalışmışam. Əvvəl Mərkəzi Əczaçılıq
İdarəsində, daha sonra DİN-nin hospitalında əczaçı
kimi fəaliyyət göstərmişəm. Tale elə gətirib ki, 1996-cı ildən bir
müddət ailəmlə məşğul olmaq lazım gəlib.
1999-cu ildə isə aldığım bir xəbər
yolumu bu muzeyə gətirib çıxardı.
- Və həmin
xəbər fəaliyyət sahəni tamam dəyişdi...
-
Kökündən dəyişdi. Fəaliyyətə
başladığı vaxtdan, yəni 1977-ci ildən muzeyə
rəhbərlik edən Loğman Hacıyev 1999-cu ildə
dünyasını dəyişdi. Nərimanovlar
nəsli ilə bağlılığı olmayan rəhmətlik
Loğman müəllim sovet dövrünə uyğun muzeyi
inkişaf və təbliğ edib, qoruyub. O rəhmətə
gedəndən sonra mənə xəbər gəldi ki, muzey
baxımsız haldadı, sənin gəlməyin mütləqdi.
Qohumların xahişi, ziyalıların məsləhəti,
o zamankı mədəniyyət naziri P.Bülbüloğlunun
dəstəyi ilə mən muzeyə gəldim. Tamam
başqa ixtisas sahibi, muzey təcrübəsi olmayan bir adam kimi mənə yad olan bir mühitə
düşməli oldum. Təbii ki, məni dərhal
muzey direktoru təyin edə bilməzdilər və 1999-cu ilin
qışından burada elmi işçi kimi fəaliyyətə
başladım. Bizim ailədə hamı tarixə
bağlı idi və bu sahə həmişə mənim də maraq dairəmdə
olub. Vəziyyətin belə olduğunu
görüb mən artıq yeni sahəmə uyğun bilik və
məlumatları genişləndirmək üçün
qiyabi olaraq tarix fakültəsinə daxil oldum. 2005-ci ilə qədər zamanında muzeyin əməkdaşı
olmuş Qurban Məmmədov bura rəhbərlik etdi. Həmin ildən isə N.Nərimanovun Mənzil-Muzeyi
varislərin idarəçiliyinə verildi. 2021-ci ilin
noyabr ayına qədər həm bir direktor, həm nəslin nümayəndəsi
kimi, həm Salman Nərimanovun nəticəsi olaraq muzeyin
inkişafı, fondun zənginləşməsi istiqamətində
güc və bacarığımı əsirgəməmişəm.
Bəlli bir yaş həddi
çatdığından bu gün muzeyin rəhbəri N.Nərimanovun
qardaşının kötükcəsi Ləman
Hüseynovadır. Buna baxmayaraq, bir əlim
hələ də muzeyin üzərindədir.
-
Başlayaq 90-cı illərin əvvəllərindən...
- Həmin
illərdə N.Nərimanov şəxsiyyətinə
qarşı bir "hücum" dalğası gəldi. Yersiz ittihamlar, böhtanlar səslənməyə
başladı. Muzeyin bağlanması, heykəlinin
götürülməsi kimi tələblər qoyuldu. Həmin ərəfədə təsadüfən
özəl kanalların birində muzeylə bağlı
süjet gördüm. Jurnalist süjeti
muzeyin qapısı ağzında çəkmişdi. Deyirdi ki, Nərimanov unudulub, muzeyə gələn
yoxdur, baxımsız vəziyyətdədi və bu kimi iradlar.
Süjetdən o qədər təsirləndim
ki, ağlamaqdan özümü saxlaya bilmədim. Biz hər
il aprelin 14-ü Nərimanovun doğum
günündə mütləq muzeyə gəlirdik və son
vaxtlar görürdük ki, muzey həqiqətən
baxımsızdır. Nənəm İltifat
xanım sağlığında hər həftənin bazar
günü mütləq muzeyə gələrdi və deyərdi
ki, evimizə gəlmişəm, çünki onun
uşaqlığı burda keçib. İltifat
xanım dünyasını dəyişəndən sonra
muzeyin baxımsız günləri başladı. Televiziyada gördüyüm süjet də məhz həmin
ərəfədə çəkilmişdi və məni də
o süjetdən sonra muzeyə sahib çıxmağa dəvət
etdilər. Sağ olsun ki, Qurban Məmmədov mənim təyinatıma
qədər muzeyin rəhbərliyini öz üzərinə
götürdü və mən var gücümlə
böyük bir yükün altına girdim. Hissə-hissə
otaqların təmiri başlandı, müvəqqəti
ekspozisiya quruldu. Yalnız 2005-ci ildə
muzey əsaslı təmir edildi. Tam
ekspozisiya isə 2013-cü ildə quruldu. Və
beləcə tədbirlər, görüşlər
keçirməyə, təqdimatlar etməyə başladıq
ki Nərimanovu olduğu kimi tanıda bilək. Bundan başqa, 90-cı illərin senzurası
bütün tədqiqatçılarn əl-qolunu
bağlamışdı, arxivlərə giriş
qadağasını aşmaq mümkün deyildi.
- Yəni
zaman öz işini görməkdə idi...
- Elə bir zaman idi ki, Azərbaycan üçün, xalqı üçün çox çətinlikləri gözə alan bu insan milliyətçi və xalq düşməni kimi tanınırdı. Bu damğalara görə ailəmizin başı az müsibətlər çəkməyib. Anam Tibb İnstitutuna qəbul olsa da, onu tibb məktəbinə keçirirlər. Xarici Dillər İnstitutuna qəbul olan böyük xalamın Nərimanovun qardaşı nəvəsi olduğu üzə çıxanda institutdan xaric edilir, kiçik xalama isə ali məktəbə qəbul olmağa belə, imkan vermirlər. Kommunist Partiyasının tüğyan edən vaxtları idi və dövrün tələbləri vardı. Nənəm dəfələrlə partiya sıralarına daxil olmaq üçün ərizə versə də, onu qəbul etmirdilər. Yalnız Nərimanovun bəraətindən sonra nənəmi dönə-dönə dəvət etsələr də, bu dəfə o, kommunist olmaqdan imtina edib. İş tək bununla bitməyib. Sürgünə gedənlərin, repressiya qurbanlarının üstündə yalnız bir ad olub - Nərimanovun qohumu. Ona görə də N.Nərimanovun tədqiqatı 50-ci illərin sonunda üzə çıxıb. İlk araşdırmanı o zaman aspirant olan Vəli Məmmədov N.Nərimanovun yaradıcılığı mövzusunda aparmağa başlayıb. Hətta o zaman onu qorumaq üçün deyirlər ki, bu iş onun karyerasına zərər verə bilər. Lakin Vəli Axundov fikrindən daşınmır, Nərimanovun qohumlarını, nənəmi, bizləri taparaq işi başa çatdırır. Böyük senzura ilə üzləşsə də, xalq N.Nərimanovu həmin kitab sayəsində tanımağa başlayıb. Nərimanov daha yaxından müstəqillik dövründə tanınmağa başladı.
- Üç nəfərdən ibarət kiçik Nərimanovlar ailəsi...
- Nərimanov gec ailə qurub - 44 yaşında. Gülsüm xanımla olan bu izdivacdan onun bir oğlu dünyaya gəlib və ona atasının adını verib - Nəcəf. Atasını itirəndə Nəcəfin 6 yaşı olub. Nərimanovdan sonra onlar elə Moskvada da qalıb. Nərimanovun dəfnində iştirak edən qohumlar Gülsüm xanımı və Nəcəfi Bakıya gətirmək istəsələr də, Kalinin babam Qəzənfər Nərimanova bunu məsləhət görməyib və ailənin Bakıda məhv ediləcəyini söyləyib. Bundan ehtiyat edən qohumlar fikrindən daşınır. Lakin bir müddətdən sonra Nəcəfin Bakını görmək arzusundan keçə biməyən Gülsüm xanım onunla birlikdə Vətənə gəlir və günlərin birində dəvət olunduqları qonaqlıqdan qayıdanda, evlərinin qapısının sınıq və hər yerin dağıdıldığını görüblər. Nəcəfə görə çox qorxduğundan Gülsüm xanım gecə ilə Moskvaya qayıdıb və bir daha Bakıya dönməyib. Moskvada da onlara təzyiqlər olub. Gülsüm xanımı iş adı ilə Sibirə, biçinlə bağlı Orta Asiyaya göndəriblər. Həmin müddətdə balaca Nəcəf dayə himayəsində qalıb. Bütün bu ağırlıqlara, çətinliklərə baxmayaraq, Gülsüm xanım Nəcəfi atasına layiq bir övlad kimi böyütməyə nail olub. Nəcəf indiki Sankt-Peterburqda hərbi məktəbi bitirib, altı dil bilib. İkinci Dünya müharibəsi başlayanda cəbhəyə gedir, 1943-cü ildə 24 yaşında Ukraynanın Volnovaxa şəhərində həlak olub, elə orada da dəfn edilib. Oğlunun ölümündən sonra Gülsüm xanım yalnız xeyirxah işlərlə məşğul olmaqla özünə təsəlli verir və Nəcəfdən on il sonra dünyasını dəyişir. Hazırda onun məzarı Moskvanın Vaqankovskoye qəbiristanlığındadı. Kiçik ailənin sonu belə bitib.
-
Hazırda Mənzil-Muzeyi olan bu ev və Nərimanov...
- Nənəmin söhbətlərindən bu ev haqqında çox şey bilirəm, çünki İltifat xanım demək olar ki, bu evdə böyüyüb. Bu evdə Nərimanovla Gülsüm xanımın toyu olub. Həmin məclisdə dövrün görkəmli, tanınmış ziyalıları - Müslüm Maqomayev, Üzeyir Hacıbəyli, Abdulla Şaiq, Ömər Faiq Nemanzadə, Yusif Vəzir Çəmənzəminli, həkim Əbülfəz Qarayev, daha bir həkim dostu Bəhram Axundov, Əzim Əzimzadə, Hüseynqulu Sarabski, Əbdürrəhim bəy Haqverdiyev, Səməd Mənsur, Ərəblinski, Cahangir Zeynaov kimi şəxsiyyətlər iştirak edib. Ondan sonra bu evdə belə bir ənənə yaranıb. Hər həftənin cümə günü bu insanlar çay süfrəsinə yığışarmış. Gülsüm xanımın masaya sərdiyi ağ süfrənin üstünü mürəbbə, müxtəlif şirniyyatlarla bəzəyərmiş və maraqlı axşam keçirərlərmiş. Nənəmin 1918-ci illə bağlı bir xatirəsini heç unuda bilmirəm. Mart qırğınları ərəfəsi olub. Bir neçə nəfər Nərimanovla görüşməyə gəlib. Onlar iş otağına keçib. Bir xeyli söhbətdən sonra Nərimanov otaqdan çox əsəbi və gərgin halda çıxıb. Bir neçə gündən sonra isə nahar vaxtı Şaumyan Nərimanova zəng vurub. Nənəm danışırdı ki, əmim çox əsəbi halda: - bu, milli qırğındır, qarşısını almaq lazımdır deyə, qışqırırdı. Ondan sonra Nərimanov evdən çıxıb. O gedəndən sonra bir dəstə əli silahlı evə gəlib axtarış aparacaqlarını bildirib. O zaman Nərimanovdan böyük qardaşı Rizvan onların qarşısına çıxaraq axtarışa imkan verməyib. Amma sakitləşmək istəməyən silahlılar belə olan halda Nərimanovu aparacaqlarını bildirib. Silahlıların erməni olduğu artıq bəlli idi və qardaşı özünü Nərimanov kimi qələmə verərək onlarla gedir. Yalnız bir neçə gündən sonra hər iki qardaşdan xəbər çıxır. Bütün bu olanları İltifat xanım öz xatirələrində yazıb, ondan eşitdiklərim də yaddaşımda möhkəm yer tutub.
- Bir az da muzeydən danışaq...
- Muzey həm
keçmiş, həm də gələcəkdir. Bu Mənil-Muzeyindən danışarkən Ulu
öndərin zəhmətini vurğulamamaq mümkün deyil.
O dahi şəxsiyyət N.Nərimanovun adının
qaytarılması üçün çox mübarizə
aparıb. 1970-ci ildə onun 100 illik yubileyinin
keçirilməsi üçün Moskvaya müraciət edəndə
H.Əliyevə cavab verirlər ki, bir millətçi
üçünmü yubiley keçirmək istəyirsiz?
Ulu öndər iki il bu yubileyin
keçirilməsi uğrunda çalışıb və
sonda 1972-ci ildə həm yubileyin, həm də heykəlinin
açılışına nail olub. Və sonda
1977-ci ildə N.Nərimanovun Mənzil-Muzeyinin
açılışı ilə isə xalqına, millətinə
xidmət edən bir dövlət xadiminə layiq olduğu qiyməti
verə bilib. Biz də bu muzeyi layiqincə
yaşatmağa və gələcək nəsillərə
çatdırmağa borcluyuq.
Tamilla M-zadə
525-ci qəzet.- 2023.- 7 yanvar.- S.20.