Gecəsi gərdanlıq, gündüzü seyranlıq...  

 

 

Bura orta xətti olmayan, varla yox, azla çox, hər şey ilə heç nə arasında bir yerdir. Təyyarə uçuş üçün 5 saat sonra hərəkət edəndə hiss etmişdim başlayan macəranı. Günorta eniş edəcəyim hava limanına axşamın qaranlığında çatmışdım. Ona görə də, hansı yoldan keçdiyimi, sağda, solda nələrin olduğunu dəqiq görə bilməmişdim. Sağa boylanıb uzaqdan par-par parıldayan yeri görəndə hiss etdim ki, gecəsi gərdanlıq, gündüzü seyranlıq olan o əfsanəvi yerdəyəm. Mardində!

Halbuki yerli əhali buranı "gecəsi gərdanlıq, gündüzü məzarlıq" deyə anır.

Qarmaqarışıq şəhər

Orta xətt fikrinə gəldikdə yanılmamışdım, çünki şəhər iki hissədən ibarətdir - Köhnə Mardin və Yeni Mardin. Yeni Mardin Ticarət mərkəzlərinin, göydələnlərin, avanqard, modern binaların, villaların, hamar yolların, markaların və retoranların olduğu ərazidir.

Köhnə Mardin isə 12 min illik tarixi olan şəhərdir. Cənub-şərqi Anadoluda yerləşən Mardinin şimalı Diyarbakır və Batman, şərqi Şırnak və Siirt, qərbi Şanlıurfa, cənubu isə Suriya ilə əhatələnib. Dünyanın Venedik və Qüds kimi xarici görkəmi heç pozulmamış üç yerindən biridir. Tarixi İpək Yolu və Mesopatomiyanın ərazisində yerləşməklə müxtəlif xalqlara qucaq açıb, həmçinin, ayrı-ayrı etnik qruplar və ənənələrə ev sahibliyi edib. Hazırda özünün açıq səma altındakı muzey görünüşü ilə UNESCO-nun "Dünya miras siyahısı"na üzvdür.

Mardinin quruluş tarixi ilə bağlı aparılan arxeoloji qazıntılar nəticəsində miladdan əvvəl 4500-3500-cü illərdə Mesopatomiyanın tərkibində olan Subarilər tərəfindən qoyulduğu ehtimal edilir. Miladdan əvvəl 2850-ci ildə Şumerlərin hökmranlığı altında olub. 2500-ci ildə Akkad-Şumer dövlətinin, miladdan əvvəl 2200-1925-ci illərdə Babil dövlətinin hökmranlığı altına keçən Mardin və ətrafı daha sonralar da 500 il Midillər tərəfindən əsarətdə saxlanılır. Miladdan əvvəl 1367-ci ildə Assurlar ərazini öz torpaqlarına qatır. Miladdan əvvəl 800-cü ildə bu ərazilərin hamısı Urartu krallığına keçib, miladdan əvvəl VI yüzilliyin ortalarında farslar xüsusi dillə öz tərkiblərinə qatıblar. Miladdan əvvəl 335-ci ildə Makedoniyalı İskəndər Anadolunu ələ keçirir və 250-ci ildə Roma imperatorluğunun tərkibinə qatılan Mardin bu dövrdə xristianlığın yayılması ilə mədəniyyət baxımdan dəyişikliklərə məruz qalır. Bizans dövründə də təsirə ən çox məruz qalan yerlərdən biri yenə Mardin olur. VII yüzillikdə ərəblərin əraziyə gəlməsi ilə islam yayılır, XII yüzillikdə Səlcuq hakimiyyəti ilə türkmənlər buraların hakimə çevrilir. Həmçinin, Ağqoyunlu və Səfəvi dövrləri də Mardinə təsir edir. Yavuz Sultan Səlimin dövründə - 1517-ci ildə Mardin Osmanlının tərkibinə qatılır.

Təsəvvür edirsiniz, şəhər sayı-hesabı bilinməyəcək qədər əldən-ələ keçir və hər birinin mədəniyyətlərini, adətlərini, dillərini yığıb bu vaxta qədər gəlib çıxmağı bacarır. Bütün bu dəyişikliklər şəhərin adından da yan keçmir - Erdobe, Tidu, Merdin, Merdö, Merdi, Merda, Merde, Qartal yuvası, Quşlar yuvası ilə dəyişə-dəyişə Mardində qərar tutur.

Köhnə Mardin Mardin Qalasının aşağısındakı geniş ovada yerləşən qədim bir şəhərdir. Əsrarəngiz memarlığa sahibdir. Təpədən ovaya baxanda bir-birinə kapilyar damarlar kimi bağlı olan, iç-içə keçən qarmaqarışıq yerə bənzəyir. Ancaq yaxınlaşanda görürüsən ki, tərtib edilən təmələ xüsusi diqqət yetirilib, qonşuluq haqları incəliklə qorunub, heç birinin bir-birinə qarışmasına imkan verilməyib. Heç bir ev digərinin mənzərəsini qapatmır. Evlərin hamısı Mardin daşı ilə inşa edilib. Mardin daşı asan yonulan, hava dəydiyi vaxt dəqiqələr içində sərtləşən çox özəl daşdır. Elə şəhərdə də daş oyma sənəti çox məşhurdur. Bu sənəti baxışlarını çevirdiyin hər yerdə görmək mümkündür. Şəhərdə min illərdir istifadə edilən xüsusi su şəbəkəsi mövcuddur. Qaladan aşağıya doğru bütün evlərin su ehtiyacını bu sistem təmin edir.

Məsciddən mədrəsəyə, kilsədən monastra...

Mardinin bir özəlliyi də inancların çeşidli olmasıdır. Bir-birindən fərqli inanc və mədəniyyətlərin nümayəndələri yüzillərdir birlik, bərabərlik içində yaşayıblar. Şəhərin ən müxtəlif yerlərində məscidlər və mədrəsələrlə bərabər, kilsələr, monastırlar, türbələr də görmək mümkündür. Məsələn, bir tərəfdə azan səslənərkən, digər tərəfdən kilsə zənginin səsi gəlir. O an barış, dostluq, qardaşlıq içində yaşamağın nə qədər əhəmiyyətli və ali olduğunu iliklərinə qədər hiss edirsən.

Hər kəsin öz dinini istədiyi kimi yaşadığı yerdir Mardin. Ulu Camidə nə qədər növbə olursa, Mor Qabriel Monastırında da o qədər ziyarətçi olur. Yeri gəlmişkən, Ulu Camidə Məhəmməd Peyğəmbərin saqqalı saxlanır. Deyəsən, ən çox buna görə idi məscidin qapısı önündə uzanıb gedən növbələr. Ziyarətə açıq olan kilsə və monastırlar Deyrüzzaffaran ilə Mor Qabriel Monastırı, şəhər mərkəzində yerləşən Kırklar kilsəsi çox məşhurdur.

Qasimiyyə, Hatuniyyə də mütləq ziyarət edilən məkanlar siyahısında olmalıdır. Bunların ən birincisi isə Zinciriyyə Mədrəsəsidir. Xalq arasında Zinciriyyə Mədrəsəsi adı ilə tanınan, həqiqi adı Sultan İsa Mədrəsəsi olan bu məbəd Mardində hökmranlıq edən son artuklu Sultanı Məlik Nəcməddin İsa tərəfindən 1385-ci ildə inşa edilib. Hətta Əmir Teymurla savaşan Sultan bir müddət bu mədrəsədə həbsdə saxlanılıb. Mədrəsənin tikintisi zamanı istifadə edilən daşlardakı naxışlar, işləmələr, yazılar, oymaqlar sanki danışır, nəfəs alır. Mədrəsənin üstündən Mardin bütün möhtəşəmliyi ilə önünə sərilir. Mardində görülməsi ən vacib yerlərdəndir.

Mardin Qalasının ən başında Mustafa Kamal Atatürkün işıqla yanan görüntüsü var. Hava qaralan kimi həmin işıqlar yanır və Atatürk gecəni aydınladır. Mardinin Atatürk üçün önəmi böyükdür. Buraya "Paşa olduğum diyar" deyərdi. Çünki general olduğuna dair müjdəni burada almışdı.

Bir adın izi ilə...

Əslində, Mardinə səfər etməyi çoxdan fikirləşirdim. Elə ki araşdırmalarımdan birində Antik şəhər Dara ilə qarşılaşdım, "tezliklə getməliyəm" deyib bir neçə günə yola çıxdım. Mənim üçün Mardin ən çox Dara ilə yadda qaldı. Ruhum bu qədim, sınıq-sökük kənddə pərvazlandı. Düşündüm, aydınlandım, ürəyimin necə sevindiyinə şahid oldum. Özümü buradan keçən hər dindən, irqdən, dildən olan o qədim insanlarla əl-ələ hiss etdim. Bir gün hər kəsin gedəcəyini düşündüm...

Kənd camaatı ilə tanış olduq, söhbətləşdik, çay içdik, onların təmiz qəlblərinə boylandım. Daranın hüzurunu onların ruhunda hiss etdim. Dara bir az yavan, yalın yerdir. Daxmaya bənzər kiçik evlər daha çoxdur. Səbəb isə ərazinin tarixi yer olması və buna görə toxunulmaz elan edilməsidir. Mərkəzə qırx dəqiqəlik məsafədə yerləşən bu qədim şəhər romalılar və farslar arasındakı münaqişələrə görə, tez-tez hakimiyyət dəyişikliklərinə məruz qalsa da, antik Roma şəhəri kimi günümüzədək gəlib çata bilib. Bura süryalının, xristian və ərələrin daha çox olduğu yerdir.

Əslində antik şəhərin üstü 2008-ci ilə qədər qapalı olub, yəni torpaq altında kəşf edilməmiş qalıb. Bu tarixə qədər terror hadisələrindən dolayı ərazi tur siyahılarına əlavə edilməyib, turistlər bu yerlərə addım atmayıb, heç bir sərmayə yatırılmayan yer olaraq qalıb. Lakin 2008-ci ildə Mardin Turizm Müdürlüyünün hərəkətə keçməsi ilə arxeoloji qazıntılara başlanıb. Hazırda torpaq üzərində görünən Dara Antik şəhərin 20 faizi gün üzünə çıxarılıb. Geri qalan 80 faiz ərazidə Yeni Dara Kəndi salınıb. Bu isə o deməkdir ki, kənd camaatının yaşadığı evlərin altında böyük tarix yatır. Yeri gəlmişkən, bölgəni bir bələdçi ilə gəzmək daha məqbuldur. Mənim bələdçim Darada doğulub böyüyən, sadəcə buranın deyil, bütün Mardinin, Mesopatomiyanın tarixini bilən, bu işi sırf torpaq sevgisi üçün görən Sinan Dara oldu. Çünki həddən artıq ayrıntısı olan bölgəni bir neçə məlumat lövhəsini oxumaqla tanımaq mümkün deyil.

Dara eradan əvvəl 300-cü ildə farslar tərəfindən qurulan şəhərdir. Adını fars hökmdarı Darisudan alıb. Bura əvvəllər qala divarlarının əhatəsində olub. Ərazinin gözoxşayan yerlərindən biri Agoradır. Yerli əhali buraya saray yolu deyirlər. Agora isə antik bir bazardır.

On bir gözdən ibarət su sarnıcı və eyni zamanda dünyanın ilk sel barajı burada yerləşir. Bu sarnıclardan biri İstanbulda yerləşir, bir müddət əvvəl Yerəbatan Sarnıcı adı altında muzey kimi ziyarətə açılıb. Digəri isə Misirdədir. O dönəmlər dağda əriyən qar, yağış suları bu sarnıclara dolur, təmizlənir və istifadə üçün yeraltı kanallarla əhaliyə ötürülərək su ehtiyacı təmin edilirdi. Ancaq hazırda biz həmin sistemin sadəcə iyirmi faizini görə bilirik.

Darada yerləşən Nekropol insanı heyrətləndirir. Bütün sivilizasiyalar Nekropolu ərsəyə gətirmək üçün qayaları oyublar. İçərisində gümbəz tərzində olan abidəni mərzarlıq olaraq istifadə ediblər. Gümbəzin içində belə məzarlar çoxdur, amma əksəriyyətinin haqqında səhih məlumat yoxdur. Məzarın ətrafında yunanca, aramicə və fars dillərinə aid hərflər və adlar yazılıb. Digər tərəfdə yan-yana üç məzar var. Qısa, ancaq geniş və dərin məzarlardır. Bunların din adamlarına aid olduqları təxmin edilir. Çünki Ortodoks Süryaniləri din adamlarını oturulu və üzü Şərq istiqamətinə doğru dəfn edirmişlər. İnanca görə, Şərqdən Həzrəti İsa gələcək və həmin an onu hörmətlə qarşılaya bilsinlər deyə bu addımı atıblar. Bu günün özündə belə Mardin və ətrafında süryani din adamları bu qayda ilə dəfn olunurlar.

Ölü üçün ən dəyərli hədiyyə...

Qazıntılar zamanı məzarların içindəki cəsədlərin yanında göz yaşı şüşələri, pul və kandil tapılıb. Qədim inanca görə, bir ölü üçün ən dəyərli hədiyyə göz yaşıdır. Ona görə də, ölənin yaxınları şüşəyə axıtdıqları gözyaşlarını məzarın yanına yığırmışlar. Ölümdən sonra təkrar diriliş olacağına inanan insanlar göz yaşlarını şüşələrdə ona görə saxlayırmışlar ki, dirilən şəxsə ən çox kimin üzüldüyünü isbat edə bilsinlər. Pulun mənası isə öldükdən sonra qarşılarına bir çay və ya kiçik bir dəniz çıxacağı və həmin sudan qarşı tərəfə keçərkən qayıqdan istifadə etdikləri vaxt qayıqçıya pul vermələri üçün imiş. Kandil isə su hövzəsini keçdikdən sonra önlərinə qaranlıq bir yol çıxacağına, ölü o biri dünyaya gedənə qədər qaranlıq yolunu aydınlatmaq üçün nəzərdə tutulubmuş.

Darada bir çox sivilizasiya yaşadığı üçün və şəhər mütəmadi olaraq əl dəyişdirdiyindən məzarlar da bir-birindən fərqlənir. Bəzi məzarlara baxanda üstündə tovuz quşu və alov şəkilli günəş işarələri görmək olur. Bunlar zərdüştlüyün simvoludur. Bəzilərində isə xaç işarəsi və süryanicə yazılar mövcuddur. Qeyd edim ki, dini inancı olmayan şəxslər adi qaydada məzara uzadılaraq dəfn ediliblər.

Maraqlı görüntülərdən biri isə ailə məzarıdır. Arxeoloji qazıntılar zamanı məlum olub ki, üç planda qazılan bu məzarlarda eyni ailənin 13 üzvü üst-üstə basdırılıb.

Ləzzətin diyarı

Bir az da bu yerlərin mətbəxtinə boylanaq. Əvvəlcədən deyim ki, mənim kimi ət yeməyənlərin deyil, ət sevənlərin yeridir buralar. Qaldığım otel daxil bir çox yer səhər yeməyi vermirdi. Səhər yeməyinin mövcud olduğu yerlərə isə böyük gözləntilərlə getməməyimi tövsiyə elədilər. Çünki burada səhər yeməyi vacib hesab edilmir. Günortadan gecəyə qədər davam edən yeməklər daha çox tərcih edilir. Ətsiz yemək tapmaq isə çox müşkül məsələdir. Danılmaz olan budur ki, təkcə Mardin mətbəxi Mardinə gəlmək üçün ən böyük səbəbdir. Qabırğa dolması, ətli sarmalar, sembuseklər, qızardılmış, qaynadılmış içli köftələr, kabab çeşidləri və bənzər onlarla çeşid yeməkləri var. Hətta soyuq qəlyanaltılar masaya ən az 6 çeşid gəlir. Mətbəxtinin bu qədər zəngin və ləzzətli olmasının səbəbi isə çox irqli və müxtəlif mədəniyyətlərin buradan gəlib keçdiyinə və ya gəlib qaldığına görədir.

Mardin həm də süryani şərabları ilə məşhurdur. Köhnə Mardinin mərkəzi küçələri şərab mağazaları ilə doludur. Mardin ləbləbisi, dibek qəhvəsi isə unudulmayacaq ləzzətlərdəndir.

Varla yox arasında

İndi isə ilk yazdığım cümləyə gələk. Mardin orta xətti olmayan, varla yox, azla çox, hər şey ilə heç nə arasında bir yerdir.

Müşahidələrim belə deməyə əsas verdi ki, burada insanlar ya çox varlıdır, ya da çox kasıb. Məsələn, Qədim Mardinin əsas küçəsində yolboyu qızıl mağazaları yerləşir. Vitrinlər sözün əsl mənasında göz qamaşdırır. Daha əvvəl heç yerdə görünməyən qalın qızıl kəmərləri, kiloluq gərdanlıqları burada görmək mümkündür. Di gəl, önündə oturub dilənən azyaşlı uşaqlar insanda "bu nə təzaddır" sualı yaradır. Küçələr dilənən uşaqlarla doludur. Dilənməyənlər isə toxunma aksessuar, şal və yaylıqları satanlardır. Kimdən soruşursan ya iki övladı var, ya da on bir, on iki. İnsanları da belədir; bir qismi dünyanın ən mehribanı, digər qismi ən sərtidir. Məsələn, saat on ikiyə qədər sanki şəhər əhalisi qeybə çəkilir, axşamdan səhər saat dördə, beşə qədər isə sıra gecələri, oxuyub-oynamaqlar davam edir. Yolun sağına baxırsan dini sözlərdir, soluna baxırsan şəraba yazılan tərifnamələdir. Mardini Mardin edən də elə budur: ziddiyyət, natarazlıq!..

 

Türkan TURAN

525-ci qəzet.- 2023.- 7 yanvar.- S.18:19.