Bir həbsin doğurduğu yanğılar
Ömər
Faiq Nemanzadə-150
Qurucularından
biri olduğu "Molla Nəsrəddin" jurnalının səhifələrində
tək Rusiyanın imperiya ağalığı və milli
zülm siyasətinə deyil, Şərq istibdadına
qarşı da
barışmaz mübarizə aparan Ömər Faiq
Nemanzadəni 1907-ci ildə çar polisi həbs etmişdi. Həyatının çətin anlarında dostu və
məsləkdaşı Mirzə Ələkbər Sabir sərt
həqiqətləri yumor dilinə çevirib "Töhmət"
adlı şeirində sanki Ömər Faiqin başına
ağıl qoymağa, guya onu tutduğu yoldan çəkindirməyə
(əslində isə mübarizəsini daha çöyük əzmlə
davam etdirməyə!) "çalışaraq"
yazmışdı:
Söyləmədimmi sənə rahət otur heyfsən?
Çəkmə
bu millət qəmin, çək özünə keyf sən!
Xanə
deyildir sənin, getməlisən, zeyfsən!
Eyləmədin
etina qissə haman oldumu?
Şimdi sənə mən deyən mətləb əyan
oldumu?
Amma işin aqibətindən göründüyü kimi,
Faiq Əfəndi "özü üçün kef çəkməkdənsə,
millət qəmi çəkməyi" daha üstün
tutmuş və nəticədə şəxsini yox, xalqı
düşünənlərin daha tez-tez ürcah olduğu yerə
- məhbəsə düşmüşdü. "Nəsihətlərinin"
diqqətə alınmadığını görən Sabir
isə sanki xəfif yumordan sərt satiraya keçərək
dostunu bir az "qorxutmağa" cəhd
eləmişdi. Tutduğu yoldan çəkinməsə, səsinin
eşidilməyəcəyi, halına yandıqlarının
onu köməksiz burxacağı ilə bağlı kədərli
proqnozlar vermişdi:
Fayidə
verməz dedim etdiyin əfqan sənə,
Halına
yandıqların eyləməz ehsan sənə,
Məskən
olur aqibət, guşeyi-zindan sənə,
Guşeyi-zindan sənə iştə məkan oldumu?
Şimdi sənə mən deyən mətləb əyan
oldumu?
Sabir 1911-ci ildə haqq dərgahına qovuşdu. Mollanəsrəddinçilər
ailəsinin ünlü siması Ömər Faiq isə dostunun
ölümündən sonra daha 26 il
yaşadı və inandığı həqiqətlər
uğrunda savaşını davam etdirdi. Daha
dörd dəfə "guşeyi-zindanı" gördü.
Çar polisindən də amansız və qəddar
sovet opriçniklərinin əli ilə qətlə yetirildi.
Amma bir məsələ
var ki, qurbanlarına heç bir xilas yolu tanımayan
"böyük terror" dövründəki həbsi istisna
edilməklə Faiq Əfəndi "guşeyi-zindan sakini"
olduğu əvvəlki təsadüflərini hamısında
"halına yandıqlarının", dost və həmfikirlərinin,
millətinin qayğısını, diqqətini öz üzərində
hiss etmişdi.
Yaradıcılığının ilk tədqiqatçılarından
biri olan professor Şamil Qurbanovun yazdığına görə,
1907-ci ildə, ilk dəfə siyasi səbəblərlə həbs
edildiyi zaman "geniş xalq kütlələrinin tələbi
ilə 2 aydan sonra azadlığa buraxılmışdı".
1918-ci ilin dekabrından 1919-cu ilin aprelinə qədər
artıq dövrünün görkəmli ədəbi-ictimai
xadimlərindən və siyasi liderlərindən biri kimi
tanınan Faiq əfəndi daha üç dəfə məhbəs
həyatı yaşamışdı. Hər üç təsadüfdə
də onu gürcü hökuməti həbs etmişdi. Səbəb isə Ömər Faiqin milli məsələyə
münasibətdə dünənə qədər əlbir
işlədiyi gürcü siyasətçilərindən fərqli
mövqedə dayanması idi.
Gürcü hökumətinin ədalətsiz həbs qərarı
Azərbaycanda Ömər Faiqi tanıyanların heç birini
laqeyd buraxmamışdı. Dövrün görkəmli siyasi
xadimi Məhəmməd Əmin Rəsulzadə, şair
Əhməd Cavad, tanınmış pedaqoq Muxtar Əfəndizadə
və digər ziyalılar artıq "milli dəyərə"
çevirilən Ömər əfəndinin müdafiəsinə
qalxmışdılar. Hadisələri diqqətdə
saxlayan yarırəsmi "Azərbaycan" qəzeti bu
baxımdan daha çox fəallıq və prinsipiallıq
göstərirdi. M.Ə.Rəsulzadə əqidə
yoldaşının haqsız həbsi ilə əlaqədar qəzetin
27 qanuni-sani (yanvar) tarixli 99-cu sayında çap etdirdiyi
"Vicdan sızlayır" adlı məqaləsində
bütün milli düşüncəli, azadlıqsevər
Qafqaz ziyalılarının yaxşı
tanıdığı Ömər Faiqi bir daha əfkari-ümumiyyəyə
təqdim edərək yazırdı:
"Ömər
Faiq əfəndini kim bilməyir? O həssas,
o atəşli mühərriri kim
tanımayır? Qarsda dağılan
xanimanların, Ərdahanda hətk olunan (tapdalanan)
namusların, Batumda kəsilən qurbanların o yanıqlı
mərsiyənəvisini (mərsiyə oxuyanını),
"bir parça ətmək" (çörək) deyə
qəlbləri yaxan o həmiyyət məşəlini hangi azərbaycanlı
unuda bilər? Vaxt vardı, Faiq əfəndi
Cəlil Məmmədquluzadə ilə bərabər nəşr
elədiyi "Molla Nəsrəddin" məcmuəsi vasitəsilə
cəhalət pərdəsi ilə örtülü olan qara qəlbləri
yaxıcı qələmi ilə yaxırdı. O, binəzir
(görülməmiş) bir cəsarətlə müqəddəs
zənn olunan hər namüqəddəsə var qüvvəsilə
çarpır, bütün vicdanı ilə hər növ
vicdansızlıqlara qarşı protesto edirdi. O zaman Tiflis,
imdiki Tiflis deyildi. Nikolay istibdadının
zamanı idi. Faiq əfəndi Tiflisin
bugünkü sahibləri ilə birlikdə rus istibdadına
qarşı pəncələşir, "Metex" həbsinə
oturdulurdu. Bu, istibdad idi. Fəqət Faiq əfəndi yenə Tiflisdə, yenə
həbsdədir".
Artıq müstəqil Gürcüstanı idarə edən
gürcü demokratları dünənə qədər
çarizm zülmünə qarşı birgə mübarizə
apardıqları əqidə və əməl dostunu - Ömər
Faiqi nə üçün həbs etmişdilər? Təbii ki, bu
həbs ilk növbədə siyasi xarakter
daşıyırdı. Çünki o,
Gürcüstanın iddiaçı olduğu ərazilərdə
yaşayan türk toplumunun şəksiz siyasi lideri,
maraqlarının müdafiəçisi vəzifəsini
öz üzərinə götürmüşdü. Bu məsələdə yaxşı
tanıdığı gürcü rəsmiləri ilə
açıq savaşa girməkdən çəkinmirdi.
M.Ə.Rəsulzadənin də dəqiq
müşahidə etdiyi kimi, "Brest-Litovsk müahidəsi
(sazişi) nəticəsində türklər Batum, Qars və
Ərdahanı tutdular. Bunun üzərinə
Axısxa tək qaldı. O zaman kəndi müqəddəratını
digər üç vilayətlə birlikdə həll etməyi
halına müvafiq görən və gürcü hökumətinə
bir növ isinəmməyən Axısxa dəxi digər
üç uyezdlə birlikdə Türkiyəyə meyl etdi. Bu meyl üstündə vuruşdu. Əlində silah olaraq mübarizə etdi. Batumda əqd olunan müahidə mövcibincə
(imzalanan sazişə əsasən) Gürcüstandan
ayrıldı. Fəqət axırkı
hadisələrə görə türklər oralarını
tərk edib getdilər. Gürcülər
isə Axısxanı tutdular. Axısxanın bu hərəkətini
idarə edən, bu hərəkətə ruh verən, onu məfkurəvi
bir şəklə qoyan məşhur Ömər Faiq əfəndi
Nemanzadə idi..."
Özü də siyasi təqiblərə məruz qalan Məhəmməd
Əmin gürcü hökumətinin Ömər Faiqi həbs
etməsindən heyrətlənməmişdi. Aydın məsələdir
ki, bütün hakimiyyətlər siyasi rəqibləri ilə
bu dildə "danışırlar". Onu
hiddətləndirən, "vicdanını sızladan"
başqa şey idi. Siyasi baxışlarına görə
zindana salınan Ömər Faiqlə "siyasi məhbus"
kimi rəftar edilməməsi, görkəmli ziyalının
qatı cinayətkarlar, başkəsən qatillər, oğru
və quldurlarla bir kamerada saxlanması idi. "Fəqət bu,
yalnız həbs deyildir, - deyə Məhəmməd Əmin
yazırdı. - Faiq əfəndi təhqir olunur. Faiq əfəndi canilərlə bərabər
oturdulub oğrular, qaçqınlar tərəfindən
döydürülür. Canilərə
anlatılmış olmalıdır ki, kəndisini "xainivətən"
(vətən xaini) deyə fəna surətdə
döymüşlər, ölüm halına gəldikdən
sonra kəndisindən əl çəkmişlərdir.
Əcəba, kəndisinin hürriyyətpərvərliyini hər
münasibət gəldikcə bar-bar bağıran
Gürcüstan hökuməti böylə şənaətə
(yamanlığa) nə cür yol vermiş?..
Adil bir adam (əslində istehza ilə işlənən bu
ifadə altında müəllif Ömər Faiqlə
düşmənçilik edən Gürcüstan daxili işlər
naziri Ramişvilini nəzərdə tuturdu - V.Q.) bir cani, bir
qatil, bir ədna (alçaq) haqqında rəva görülməsi
ən qatı müstəbid məmləkətlərdə belə
caiz olmayan bu cəzanı bütün Qafqaziya türkləri
arasında böyük bir mühərrir, xatiri sevilər bir
camaat xadimi olan həmiyyətmənd (vətən və millət
qeyrəti çəkən) bir zat haqqında nasıl
olmuş da Jordaniya hökuməti rəva
görmüşdür?!."
Məhəmməd Əminin fikrincə, azərbaycanlı
siyasət adamı ilə belə barbarcasına rəftar
Gürcüstanın dövlət imicinə və
gürcü-Azərbaycan münasibətlərinə ciddi zərbə
idi. Yalnız
siyasi düşüncə fərqinə görə
günahsız insana feodal üsul-idarəsinə xas fiziki və
mənəvi işgəncələr verilməsi gürcü
demokratlarının sözdə bəyan etdikləri ədalət,
humanizm, Azərbaycanla səmimi iş birliyi prinsiplərindən
uzaq olduqlarını göstərirdi:
"Faiq əfəndinin canilərlə bir otaqda məhbus
qalması, Faiqin işgəncə edilməsi, həm də
gürcülər əlində işgəncə edilməsi nə
qədər vicdan əzici bir xəbər! Əcəba,
bütün bunlar doğrumudur?! Məlumati-mövsuqə
(etibarlı məlumat) məəttəəssüf bunun
doğru olduğunu bildirməkdədir. Bu xəbər
bütün Azərbaycan məhafilində (dairələrində)
bir protesto tufanı qoparmaya bilməz! Azərbaycan, yalnız Azərbaycan
deyil, türk həyati-ədəbiyyə və ictimaiyyəsi
ilə aşina olan hər kəs, bu mənfur xəbəri
oxuduqda istəkli qələm arxadaşımıza
qarşı vaqe olan bu tövhinə (əziyyətə)
qarşı lənət şərarəsi
(qığılcımı) yağdırmaya bilməz! Faiq əfəndi cani olamaz. Siyasi
fikrindən ötrü bir şəxsi cəzalandırmaq bilməm
ki, Gürcüstan Cümhuriyyətinin şanına karmı?!
Qoy bu sualın cavabını Gürcüstan
siyasi məhfilləri versinlər. Azərbaycan məhafilinin
bu məsələ üzərindəki təsirini xülasə
edərsək, yalnız şunu söyləyə biləriz:
Vicdan sızlayır!"
M.Ə.Rəsulzadənin atəşin dillə
yazılmış məqaləsi Azərbaycan cəmiyyətində
böyük əks-səda doğurdu. Onun ardınca yanvarın 28-də
müəllim Muxtar Əfəndizadənin "Faiq Əfəndinin
həbsi" (¹ 99), 30-da isə Səmədəli İskəndərzadənin
(Kəmərli ) "Yanıqlı bir xəbər"
(¹ 101) adlı yazıları dərc edilmişdi. Özü də
bir maarif fədaisi olan M.Əfəndizadə "Qafqaziya
türkləri miyanında (arasında) maarifin intişarına
hər kəsdən əvvəl çalışan, Nuxuda,
Şamaxıda bir çox zəhəmat və məşaqqa
(zəhmətlərə və məşəqqətlərə)
köks gərərək zamanın o müzlim (qaranlıq) səhifələrində
yeni bir işıq çıxarmağa müvəffəq
olan, Axıska kimi Qafqaziyamızın ən hücra (uzaq)
guşəsində milli ruh oyanıqlığına səbəb
olan, ən nəhayət "Molla Nəsrəddin"
jurnalı kimi kimi bir məcmuə buraxan" pedaqoq, ədib,
maarifçi, ideoloq, siyasi xadim Ömər Faiqin namərdcəsinə
həbsini və zindanda təzyiqlərə məruz
qalmasını qonşu xalqın tarixində bir ləkə
kimi qiymətləndirirdi. Özləri hər yolla almanları
Qafqaza gətirməyə çalışan gürcülərin
Faiq Əfəndini məhz eyni irqdən və qandan olan Anadolu
türklərinə məhəbbətinə görə
sıxışdırdıqlarını yazırdı:
"Şimdi aldığımız xəbərlərə
görə, gürcü hökuməti məzkur siyasət
(Türkiyəyə rəğbət, Ahıskanı bu ölkənin
tərkibində görmək istəyi - V.Q.) dolayısı ilə
yenidən Faiq əfəndini yaxalamış, məhbus etmişdir. Məhbus etməklə
qənaət etməyib, vəhşiyanə bir surətdə o
zəif, o nəhif (incə) vücuda malik olan bir zatı hər
gün məhbusxanada hökumət məmurları
döyürmüş. Demək, Faiq əfəndiyə
dəlilli, sübutlu bir günah isnad və sübut etməkdən
aciz qalan gürcü hökuməti bu surətlə onu məhbusxanada
öldürmək istəyir. Binaənileyh, mən uca səslə
gürcü hökumətinə deyirəm ki, siz Faiq əfəndini
təhqir etməyir, bütün Qafqaziya islamlarını
döyür və təhqir edirsiniz! Sizin
Qafqaziya islamlarını təhqir etmənizə qarşı
var qüvvətimlə etiraz edir və bu kimi müstəbidanə
hərəkətlərinizdə bilaxirə yenə kəndiniz
peşman olacağınızı ixtar (xəbərdarlıq)
edirəm".
Həbs xəbərini M.Ə.Rəsulzadənin məqaləsindən
öyrənən S.İskəndərzadə də vaxt itirmədən
redaksiyaya göndərdiyi məktubda "Azərbaycan türkləri
arasında kəndi qələmi ilə ən məşhur və
möhtərəm bir ad qazanmış Ömər Faiq əfəndinin
həbsdə olmasını eşidən azəri və
ümum qafqazlılar bu işə atəşli protestolar etməzmi?" - deyə
etirazçıların səsinə səs vermiş,
"fikri açıq, ürəyi saf, duyğusu ən parlaq
bir millət, gözəl gürcü milləti, bunu, bu ədalət
və insafdan uzaq halı qəbul etməsə gərək.
Ona görədir ki, bu gün, yarın möhtərəm və
sevgili ədibimiz Ömər Faiq Nemanzadə cənablarını
gürcü milləti, gürcü demokratiyası azad edəcəyini
Azərbaycan kəndçi və fəhlələri dörd
gözlə bəkləyir və ümidvardır ki, Azərbaycan
və Qafqaziya türkləri ədəb
bağçalarının ən qiymətdar bir qönçəsi
sayılan Faiq əfəndi həbsdən əlbəttə
azad olar" - sözləri ilə gürcülərin tez bir
zamanda səhvlərini başa düşəcəklərinə
ümidini ifadə etmişdi. Eyni zamanda "fəqət
acınacaq bir hal varsa, o da gürcü milləti, gürcü
demokrat və hökuməti şu mükərrəm (möhtərəm)
şəxsi qatil və quldurlarla bir yerdə həbsxana
kameralarına soxmağı öz şan və şövkətinə
rəva görməyidir" - deyə vurğulamaqla əslində
Tiflis hakimiyyətinin heç də isnad edilən sifətlərə
malik olmadığını diqqətə
çatdırmışdı.
1918-ci ilin dekabrında Faiq əfəndi gürcü
hökumətinin qərarı ilə ilk dəfə həbs
olunanda həmin dövrdə Tiflisdə olan Əhməd Cavad
vaxt itirmədən hərbi komendaturada soydaşına baş
çəkmişdi. Vəziyyəti, saxlanma şəraiti ilə
maraqlanmışdı. Eyni zamanda etiraf etmişdi ki,
"bütün safdil millətimlə bərabər, mən də
gürcüləri dost olaraq tanıdığımdan, Azərbaycan
mətbuatına bu xüsusda bir şey yazmadım. O
dostluğun xatirəsi üçün bu məsələyə
o qədər də əhəmiyyət verməyib, Batuma
getdim. Bir də möhtərəm
yoldaşım araya pozğunluq düşməsinə bizzat
(şəxsən) razı olmadı". Bu sətirlər
Əhməd Cavadın 1919-cu il fevralın
3-də "Azərbaycan" qəzetində (¹ 103) dərc
olunan "Ömər Faiqin başına gələnlər"
adlı məqaləsindən
götürülmüşdür.
Gürcülərin
Ömər Faiqi "Tiflisdən çıxmamaq qeydi ilə sərbəst
buraxdıqlarını" öyrənən Əhməd
Cavad 1919-cu il yanvarın 22-də dostuna
baş çəkmək üçün Tiflisə gedir. Amma onun yenidən həbsə
atıldığını eşidib çox çətinliklə
görüş ala bilir. Yenə hərbi komendaturada
görüşsələr də, öyrənir ki, Ömər
Faiq üç nəfər axıskalı dostu ilə bura gətirilənə
qədər "Tiflis mərkəzi həbsxanasında"
bir cəhənnəm həyatı yaşayıb.
"Zəmanə yazıçıları
vüquatı kəndi duyğularına uydurub meydana çıxarırlar. Fəqət mən bunu, bu məlumatı
Ömər Faiqdən eşitdiyim kimi yazdım" - deyə
bilgilərinin səhihliyini vurğulayan Əhməd Cavad daha
sonra yazmışdı: "Bu həbsxana qatillərin, canilərin
yatağıdır. Bu həbsxananın daxili,
Allah göstərməsin, nə qədər murdar hərəkətlərin
yuvası imiş. Buraya Gürcüstan
hökuməti caniləri bıçaqları, ilanları
dişləri ilə bərabər olaraq toplamışdır.
Bu həbsxananın içərisində
Gürcüstan hökumətindən başqa bir hökumət
var imiş. Buraya yeni daxil olan bir məhbus
təbəəlik vergisi verməli imiş. Bu yeni
hökumətin buyurduğuna əməl etməyənlərin
vay halına! Pekin və Tehran həbsxanalarında olmayan
işgəncələr altında can verənlərin həddü-hesabı
yoxdur. İştə bu dəfə Qafqaz
türklərinin sevgili yazıçısı böylə
bir məhbəsdə müsafir olaraq günlərcə qalmışdır.
Vergi istənildiyi vaxt verməkdən aciz qalan
mühərririmiz dəhşətli bir yumruq və təkmə
tufanı altında qalmışdır. Dışarıdan
dostların göndərdiyi yeməklər verilmədiyi kimi,
içəridəki "qanlı lokanta" hökuməti də
dustaqxananın yeməyini verməmişdir. Onu müşayiət
edən qaraqol (polis) əsgərlərin anlatmış
olması ilə "vətən xaini" (?) Ömər
Faiq sabahdan axşama qədər ölümə müntəzir
olmuşdur".
Milllətçilik,
milli eqoizm hisslərindən uzaq olan incə ruhlu Əhməd
Cavad da digər azərbaycanlı qələm dostları kimi
Faiq Əfəndi ilə qeyri-insani rəftarı, onun şərəf
və ləyaqətinin alçaldılmasını, şəxsiyyətinin
təhqir edilməsini "gürcü milləti ilə"
deyil, gürcü "hökuməti ilə" əlaqələndirirdi.
Əlbəttə, o, istənilən hökuməti
də millət təmsilçilərinin
formalaşdırmasından xəbərsiz deyildi. Lakin körpüləri sonadək yandırmaq istəməmişdi. Amma sözünü də
demiş, Tiflis həbsxanasında yaşanan rəzalət nəticəsində
tək Ömər Faiqin deyil, onun şəxsində Azərbaycan
türklərinin təhqir olunduğunu Gürcüstan rəsmilərinə,
gürcü ictimai fikrinə çatdırmağı zəruri
saymışdı: "Burada göstərdiyim, olunan həqarətin
bir cüzisidir. Mən bu həqarəti Ömər
Faiqə deyil, millətimə edilmiş hesab etdiyim
üçün gürcü millətinin dostluğunu ürəyimdə
saxlamaqla bərabər, gürcü hökumətinə qələm
arxadaşlarım naminə etiraz edirəm. Ömər Faiq Axısxanın deyildir, bütün
millətin malıdır. Bununla izzəti-nəfsi təhqir
edilən millətim dostluğunun sui-istemal (sui-istifadə)
edildiyini hiss etməz deyildir".
1919-cu il
aprelin 2-də Faiq Əfəndi son dörd ay ərzində
üçüncü dəfə həbs edilib Metex qalasına salınanda "Azərbaycan" qəzeti
17 aprel tarixli 159-cu sayında "Tiflisli" təxəllüsü
ilə yazan naməlum müəllifin geniş məqaləsinə
yer vermişdi. Yerli-yataqlı təsvirlərindən
də göründüyü kimi, "Tiflisli" çox
güman Ahıskanın özündən idi və biri-birindən
dəhşətli haqsızlıqlar onun gözləri
önündə cərəyan etmişdi.
Yazdıqlarından
bəlli olur ki, "Tiflisli" bir neçə dəfə həbsxanada
Ömər Faiqə baş çəkmiş, ətraflı
söhbət etmiş və hər dəfə onun qeyri-adi əzm
və səbatının şahidi olmuşdu: "Ramişvili
(daxili işlər naziri - V.Q.) əlindəki hökumət
ixtiyarı və gücü ilə Faiqi əzmək, məsləkindən
çevirmək istəyir. O isə ürəyindəki
böyük əqidə və ümidlə ruhlanıb, hər
dürlü bəlalara təhəmmül edir (dözür), xəstəliyinə
baxmayaraq, fövqəladə bir səbat, həm də qayət
ənudanə (inadkar) bir səbat göstərirdi. Faiq əfəndi, həbsxananın müstəkrəh
(ikrah doğuran) və qəmli həyatı ilə əsla kəndini
üzməyir, bütün vaxtını kitab mütaliəsi əyləncəsi
ilə keçirir, məyusiyyətdən uzaq, daima uzaq
bulunurdu".
Bütöv bir sistemə qarşı təkbaşına
mübarizə aparmaq və bu zaman əsla ruhdan düşməmək,
qorxmamaq - Ömər Faiqi hətta zindan künclərində də
ayaqda saxlayan bu məğrurluq və yenilməzlik idi.
Müəllifin
yerli-yataqlı qeydlərindən o da aydın olur ki,
Ramişvilinin qoçuları yalnız Faiq əfəndinin
özünə deyil, qohum-qardaşına, övladlarına da
düşmən kəsilmiş, mal-mülkünü, ailəsinin
olub-qalanını acgözlüklə
yağmalamışdılar: "Biçarə həbsxanada
belə yalnız öz dərdi ilə qalmayırdı, - deyə
"Tiflisli" yazırdı. - Xəbər alırdı ki,
Axısxada qardaşlarını, yegənlərini, yaxın
qohumlarını, fikirdaşlarının həpsini həbs
eyləmişlər. Hətta bir gecə on-on beş
gürcü, Faiq əfəndinin ailəsi bulunduğu evə
hücum edib oranı dağıtmaq, talan etmək,
çocuqlarını doğramaq istəmişlər..."
Yaxud:
"Gürcü əsgərləri Faiq əfəndinin Aqara kəndində
bir milyon qiymətindəki makinalı dəyirmanlarını,
taxta zavodunu, taxta ilə dolu skladını, taxıl
anbarını, iki mərtəbəli evlərini, kantorunu
tamamilə yandırıb kül eyləmişlər. Bütün Axıska köylülərinə ibrət
olmaq üçün öz əli ilə yetişdirdiyi
müntəzəm və qiymətli meyvə
bağçasını qismən kəsib və qismən
çıxarıb məhv eyləmişlər. Bunlarla kifayət eyləməyib, Axısxadakı
evinin əşyasını, hətta çocuqlarının
yeyəcəklərini talan edib bütün ailəsini ac və
biəlac buraxmışlar və hətta kiçik
çocuqlarına baxacaq qardaşlarını da pərişan
və fərara (qaçmağa) məcbur eyləmişlər".
Bu biri-birindən acı xəbərlər həbsxanada
Ömər Faiqə çatdırılanda "Təki Qars
hökuməti dağılmasın, təki hüquqi-milliyyəmiz
talan edilməsin, öylə xüsusi xırda sərvətlərin
məhvinin əhəmiyyəti yox" - demişdi.
"Tiflisli"nin
yazdığına görə, gah həbsxanada, gah da polis nəzarəti
altında azadlıqda keçirdiyi beş aya yaxın müddət
ərzində (dekabr, 1918 - aprel, 1919) Ömər Faiq
Gürcüstan hökumətinin başçısı
Jordaniyaya, xarici işlər naziri Gegeçkoriyə, hərbi
nazirin müavini Gedeonova onlarla məktub, müraciət,
teleqram göndərərək ahıskalılara qarşı
terror və özbaşınalıqlara son
qoymağı tələb etmişdi. Həm də daha
böyük sayda insanların tanış
ola bilmələri üçün məktublarının
çoxunu rus dilində çıxan qəzetlərin də
redaksiyalarına göndərmişdi. Yüksək
rütbəli gürcü məmurlarının onu məhbəs
divarları arasında gizlətmək istəyi də məhz
bu qətiyyət dolu etirazların, qınaq və tələblərin
qarşısını almaq məqsədi
daşıyırdı.
Faiq əfəndinin
rəsmi dairələrdə geniş əlaqələrə
malik olmasına baxmayaraq, necə deyərlər, özünə
bir gün ağlamaması "Tiflisli"ni
xeyli heyrətləndirmişdi: "Heç yadımdan
çıxmaz, bir gün: "Madam ki, bəzi nazirlər
xatirini sayır, ricanı qəbul edirlər, neyçün kəndin
üçün də bir ricada bulunmayırsan?" - deyə soruşmağım üzərinə
Faiq əfəndi sərt bir səslə: "Mərhəmət
dilənçisi deyiləm. Biləks (əksinə) işimin ən
şiddətli əsgəri məhkəməsinə verilməsini
tələb etmişəm" cavabı ilə məni adəta
utandırdı"
(Ömər Faiqin bu sözləri millət olmaq
uğrunda mübarizə tariximizin başqa bir böyük
ismini yadıma saldı. 1919-cu ildə saxta erməni
soyqırımının ideoloqlarından biri kimi
suçlanaraq əsirliyə bərabər Malta
sürgününə göndərilən Əhməd
Ağaoğlu Böyük Britaniya Lordlar palatasının sədrinə
məktubunda eyni mövqedən çıxış edərək
yazmışdı: "Sizdən lütf və ya əfv diləmək
səviyyəsinə enmərəm. Sadəcə, ədalət istəyirəm!
Bir məhkəmə qarşısına
çıxarılmağımı, mühakimə
olunmağımı istəyirəm! Məhkəmənin
verəcəyi qərara boyun əyməyi əvvəlcədən
qəbul edirəm!").
Heç
şübhəsiz, fərqli məhbəslərdə eyni milli
ləyaqət və şərəf hissi ilə yaşayan,
ölüm-dirim məsələlərinin həll olunduğu
bir məqamda mərhəmət, yaxud lütf deyil, ədalət
istəyən və bu yolda heç bir fədakarlıqdan
çəkinməyən Ömər Faiq əfəndi ilə
Əhməd Ağaoğlu milli mücadilə tariximizin iki
parlaq simasıdır.
Maraqlıdır
ki, Əhməd bəyi ingilislərin cəngindən xilas etmək
üçün Mustafa Kamal Paşa və Nəriman Nərimanov
kimi görkəmli şəxsiyyətlər meydana
atılmışdılarsa, Ömər Faiqə də dar
ayaqda Məhəmməd Əmin Rəsulzadə və Əhməd
Cavad kimi türk dünyasında tanınan siyasət və sənət
adamları sahib çıxmışdılar.
Sual edilə
bilər: Azərbaycan ictimai fikrinin, Azərbaycan mətbuatının
(çox güman ki, açıq şəkildə bildirilməsə
də, rəsmi hökumət dairələrinin!) Ömər Faiqin məhbəs taleyinə hər
hansı müsbət təsiri olmuşdumu?
Şübhəsiz, yuxarıda da qeyd edildiyi kimi,
olmuşdu. Gürcü hökuməti onu üç dəfə
həbs etsə də, məhz ictimai fikrin (çox güman,
qismən də gürcü tərəfin) təzyiqləri
altında heç vaxt zindanda uzun müddət saxlaya bilməmişdi.
Həbsin arxasındakı intiqam motivləri, ttihamların
saxta xarakteri və nəhayət "günahsız müttəhimin"
mübariz, döyüşkən keyfiyyətləri
"işi" məhkəmə səviyyəsinə
çıxarmağa imkan verməmişdi.
1919-cu ilin aprelində üçüncü dəfə həbs olunanda Ömər Faiq Metex qalasında cəmisi dörd gün saxlanmışdı. Gürcü hökuməti "həkim müayinəsinin nəticəsinə əsasən səhhətindəki problemlərlə əlaqədar" onu sərbəst buraxmış və çox güman, Gürcüstandan mümkün qədər tez çıxıb getməsini "xahiş etmişdi".
Görünür, gürcü həbsxanalarında "necə polis olmamaq" həqiqətini dərindən anlayan Ömər Faiq Bakıya gələndən sonra Cümhuriyyətin polis sistemində çalışmış, eyni zamanda, siyasi publisist kimi fəaliyyət göstərmişdi.
Gürcüstana isə 1921-ci ilin yazında, gürcü menşevik hökumətinin süqutundan sonra Hərbi İnqilab Komitəsinin üzvü kimi qayıtmışdı...
P.S. Mehdi Gəncəli və Azad
Ağaoğlunun böyük əməyinin, ADA universitetinin qədirşünaslığının
bəhrəsi kimi meydana çıxan "Azərbaycan" qəzetinin
20 cildlik transliterasiya nəşri olmasaydı, belə
araşdırmalar da asanlıqla ortaya
qoyulmazdı.
Vilayət
QULİYEV
525-ci qəzet.- 2023.- 7 yanvar.- S.16-17.