Sənətkar dostum üçün
doğum günü yazısı
VƏ
YAXUD XALQ ARTİSTİ İLHAM NAMİQ KAMALIN
BİTİB-TÜKƏNMƏYƏN SƏNƏT QAYĞILARI
Artıq neçə ildir ki, hər ilin əvvəli,
daha dəqiq desək, yanvar ayının 9-da yaxın dostum -
görkəmli sənətkar, Xalq artisti İlham Namiq
Kamalın doğum günü münasibəti ilə məqalə
yazıram. Bu, bir növ ənənə halını alıb.
Bu dəfə də ənənəyə sadiq
qaldım. İlham Namiq Kamal 73
yaşını adlayıb, 74 yaşına - müdrikliyin daha
yüksək mərhələsinə qədəm qoyur. Məqalə ilə bağlı İlhama zəng
edib, fikrimi ona bildirdim. Əvvəl etiraz
etsə də, sonra razılaşıb, məni teatra dəvət
etdi. Doğusu, mən də
düşündüm ki, sənətkarla çay içərək
söhbət etsək, daha yaxşı olar, ona görə də
teatrda görüşməyə mənuluqla
razılaşdım.
Vədələşdiyimiz
kimi görüşdük və mən, dostumun gətirtdiyi
çaya, təklif etdiyi növbənöv konfetlərə
qonaq olaraq, söhbətimizə körpü saldım:
- İlham, sənin necə insan, necə bir sənətkar
olduğunu ölkədə bilməyən yoxdur. Sən
gözütox, qismətinlə razılaşan, birinci növbədə
özünə, daha sonra ətrafına qarşı tələbkar
olan, düşündüklərini deyən və yeri gələndə
yazan insansan. Mən bilirəm ki, sən
teatr və kino haqqında dərin bilik və
bacarığını gənclərə öyrətməyə
həmişə hazırsan. Onu da bilirəm ki, sən də
çoxları kimi, son dövrlərdə teatr, kino və
ümumən mədəniyyət sahəsində baş verənlərdən
narahatsan...
İlham,
adəti üzrə konfet yemədən bir-iki qurtum çay
içəndən sonra, mənim başladığım
mövzunu davam etdirdi:
-
Çingiz, sən, yaxşı bilirsən ki, mən təbiət
etibarı ilə narahat adamam. Təbii ki, mədəniyyət
sahəsində baş verənlərdən narahat olmaya bilmərəm.
Bilirsən ki, mən bir neçə ay bundan əvvəl
teatr sahəsinin inkişafı ilə bağlı fikirlərimi
yazıb, mətbuatda çap etdirmişdim. Məqalə "Teatrı niyə sevmirik?"
adlanırdı. Yazımda sənətdə
struktur dəyişikliklərin və islahatların
aparılmasının, gənclərə dəstək verməyin
vacibliyini qeyd etməklə yanaşı, yaşlı sənətkarları
da unutmamağı tövsiyə edirdim. Biz
dünya təcrübəsindən istifadə etməliyik.
Səhnəyə çıxıb, rolunu
canlandırmağı bacaran, sağlamlığı buna imkan
verən, hər bir yaşlı sənətkar teatra və
kinoya lazımdır. Mən qəti bilirəm
ki, gənclər yaşlı sənət nümayəndələri
ilə birlikdə səhnəyə çıxanda, onlardan əyani
"dərs" ala bilərlər. Səhnədə
ekranda illərin təcrübəsini qazanmış sənətkarları
sənətdən uzaqlaşdırmaq olmaz...
Mən
onun sözlərini təsdiq etdim:
- Əlbəttə,
yaşlı sənət nümayəndələrini əsassız
yerə teatrdan və kinodan uzaqlaşdırmaq düz deyil...
- Elə
buna görə də, mən o yazıdan sonra sabiq mədəniyyət
naziri ilə görüşüb, düşüncələrimi
ona da çatdırmağı vacib hesab etdim. Bildirdim
ki, sənətdə ilk addımlarını atan hər bir gəncə
dəstək olmağa hazıram. Vaxtilə
yaşlı sənətkarlar mənə dəstək olublar.
Mən də bu estafeti davam və inkişaf
etdirmək istəyirəm. Gənclərimiz
müasir texnologiyaları, xarici dilləri gözəl bilirlər.
Mən bir ağsaqqal sənət nümayəndəsi
kimi bunu alqışlayıram. Dövr dəyişib,
müasirliyi və yeniliyi qəbul etməliyik. Amma biz keçmişi də unutmamalıyıq.
Azərbaycan teatr və kinosunun mürəkkəb
inkişaf tarixi olub. Saysız-hesabsız sənətkarlar
ordusu milli teatr və kino sənətinin inkişafı naminə,
artıq tarixə çevrilmiş sənət nümunələri
yaradıblar. Müasir texnologiyalar əsrində
onların bir qismi bəzilərimizə köhnəlmiş
kimi görünə bilər. Amma bu
günə qədər biz həmin nümunələri hələ
də maraqla izləyiriksə, deməli, bu barədə
düşünməyə dəyər. Əvvəllər
teatr üçün ilkin olaraq, yüksək peşəkar səviyyəli
dram əsəri, kino üçün isə, peşəkar
ssenari seçilirdi. Bütün bunlardan
sonra sənətdə sözünü demiş sənətkarlar,
istedadlarına inandıqları yaradıcı qruplarla sənət
nümunələri yaradırdılar.
Mən İlhamın təklif etdiyi "Əyripəncə
ayı" konfetini yeyib, çay içə-içə
maraqla ona baxırdım. O isə söhbətini davam etdirirdi:
- Qismətdən
artıq yemək olmaz. Mən qismətindən
artıq yemək istəyənlərə, düzü, əhəmiyyət
vermirəm. Bəzən görürsən
ki, həyatda hər şeyi əldə etmiş biri,
sağlamlığı və həyatı hesabına daha nələri
isə əldə etməyə can atır. Mən belə sənət adamlarını anlaya
bilmirəm. Axı heç kim bu
dünyada əbədi deyil. Heç kim də
bu dünyadan istəsə belə, heç nə apara bilməyəcək.
Məsələn, mən heç vaxt, heç nəyə can
atmamışam. Xalqın sevgisi, ad-san və
şöhrət özü gəlib məni tapıb. Mən
"Xalq artisti" fəxri adına,
"Şöhrət" ordeninə, Teatr Xadimləri
İttifaqının "Sənətkar" medalına,
Prezident təqaüdünə, Professor adına layiq
görülmüşəm. Buna görə də
həmişə sənətimə çox yüksək dəyər
verən xalqıma və dövlətimə minnətdaram.
Amma bu yaşımda aktyor olaraq səhnədə
və ekranda canlandırmaq istədiyim obrazlar, rejissor kimi yozum
vermək istədiyim dram əsərləri var. Allah
ömür versə, bunları hayata keçirəcəyəm.
Mən sənətkara Musiqili Teatrda hazırlanmalı
olan "Əliqulu evlənir" tamaşası və rəhmətlik
bəstəkar Oqtay Rəcəbovla bağlı sual vermək
istəyirdim.
İlham sanki bunu hiss edib, mənim təəccübümə
rəğmən, söhbəti məhz, həmin məcrada
davam etdirdi:
- Sabit Rəhmanın "Əliqulu evlənir"
komediyası əsasında libretto yazdım. Tamaşa
üçün mahnıların mətnini isə yaxın
dostum Baba Vəziroğlu yazdı. Adlarını
çəkmək istəmədiyim iki bəstəkar librettoya
musiqi yazmaqdan boyun qaçırdılar. Amma gözəl
sənətkarımız Oqtay Rəcəbov çox qısa
bir müddətə librettoya musiqini yazıb, təhvil verdi. Təəssüf ki, maliyyə
vəsaitinin yoxluğu səbəbindən bu tamaşanı
reallaşdıra bilmədik. Oqtay müəllim
arzusunda olduğu tamaşanı səhnədə görmədən
bu dünyadan köçdü. Mən bu əsərin
tamamlanıb, nəhayət səhnə üzü görməyini
çox istəyirəm. O zaman rəhmətlik Oqtay Rəcəbovun
da ruhunu sevindirmiş olaram.
Sənətkar
bu arada stəkanlarımıza çay süzərək onu
narahat edən başqa bir problemdən də söz
açdı:
- Son vaxtlar sənətdə olan müasir qruplaşmalar da məni narahat edir... Məsələn, bir qrup teatrşünas bir yerə toplaşıb, orta və ya daha çox hallarda zəif bir tamaşanı tərifləyə-tərifləyə göyün yeddinci qatına qaldırır. Bunu çoxlarımız görsək də, nədənsə susuruq. Amma belə təriflər müəyyən bir qrupda, xüsusən gənclərdə, hansısa səhv bir fikir də yarada bilir. Teatrda da, kinoda da, televiziya məkanlarında da belədir. Bundan isə, sənət heç vaxt, heç nə uda bilməz. Teatrlarla bağlı mən dəfələrlə dediklərimi və yazdıqlarımı bir daha təkrar edirəm. Teatrın yaradıcılığına bir nəfər cavabdeh olmalıdır, o da baş rejissordur. Teatrın düşünən beyni rejissordur. Buna görə də teatrları təcili olaraq, məmur teatrından rejissor teatrına çevirmək lazımdır. Teatrlarda baş rejissorla birlikdə bir neçə rejissor fəaliyyət göstərib, müxtəlif səpkili tamaşalar hazırlamalıdır. Yaşlı aktyorlar - söhbət işləməyə qadir sağlam aktyorlardan gedir - ortayaşlı və cavan aktyorlarla yanaşı, çiyin-çiyinə çalışmalıdırlar. Ölkənin paytaxtında və digər iri şəhərlərdə ildə ən azı bir-iki teatr festivalı keçirilməlidir. Festivalların münsiflər heyəti hər il dəyişilməlidir. Münsiflər heyətinin tərkibi dost-tanış qruplarına çevrilməməli və bir nəfərin iradəsinə tabe olmamalıdır. Ölkə teatrlarının tamaşaları xarici ölkə festivallarına qatılmalı, xarici ölkə teatrlarının ən yaxşı nümunələrinin bir neçəsi ölkədə nümayiş etdirilməlidir. Teatrlara zəif dram əsərlərinin ayaq açmaması üçün müxtəlif mövzular üzrə yazılmış pyeslərin müsabiqələri keçirilməlidir. Filmlər üçün də müsabiqələr keçirilib, ən peşəkar ssenarilər seçilib, alınmalıdır. Mütləq mənada, teatrların bədii şuraları işlək vəziyyətə gətirilməlidir. Teatr sahəsində olduğu kimi, kino sahəsində də köklü dəyişikliklər və islahatlar aparılmalıdır. Teatrda və kinoda dünya təcrübəsindən istifadə edilməlidir. Bu sahədə peşəkar kadrlar yetişdirmək üçün gəncləri xarici ölkələrə təhsil almağa göndərməli və ölkəyə qayıtmaları üçün şərait yaradılmalıdır. Sənət ölkə daxilində, dar çarçivədə inkişaf edə bilməz.
Mən çayımı içə-içə maraqla sənətkar dostuma baxıram. O, dərhal mənim baxışlarımla nə demək istədiyimi anlayır və gülə-gülə deyir:
- Bilirəm, deyəcəksən ki, bu, heç doğum günü münasibəti ilə yazılan məqalə olmadı. Qoy belə olsun. Etiraf etməliyəm ki, mən əsl sənət və əsl rejissor görmüşəm. Məni, tanınmayan bir gənci istedadıma inanaraq, korifey sənətkar Hüseyn Seyidzadə "Qayınana" filmində İlqar, Əjdər İbrahimov isə "Qəribə adam" filmində Əbdülrəhman rollarına çəkib. Məni və o dövrün bir qrup istedadlı gəncini Tofiq Kazımov Akademik Milli Dram Teatrına dəvət edərək, hazırladığı tamaşalarda əsas rollar tapşırıb. Bu gün baş verənləri isə nə qədər anlamaq istəsəm də, anlaya bimirəm. Ona görə də düşündüklərimi deyirəm və imkan olanda yazıram... Doğum günü ilə bağlı yazıya qalanda, məncə, elə bu cür olsa yaxşıdır. Mirzə Ələkbər Sabir demişkən, düzü düz, əyrini əyri...
Göründüyü kimi, doğum günü ilə bağlı yazmaq istədiyim yazının əksər hissəsini İlham Namiq Kamalın sənət qayğıları, mədəniyyətimizin bugünü və sabahı barədə düşüncələri təşkil etdi. Mənə isə sonda yalnız bir neçə cümləlik təbrik və arzularımı qələmə almaq qaldı:
- İlham, səni - xalqın sevimlisinə çevrilmiş sənətkarı doğum günün münasibəti ilə ürəkdən təbrik edirəm. Sənə - sənətkar dostuma, uzun ömür, möhkəm cansağlığı və daha böyük uğurlar arzu edirəm. Arzularıma sənət yoldaşlarının və çoxsaylı tamaşaçıların da qoşulacağına tam əminəm.
Ömrü boyu ləyaqətini, mənliyini qoruyub saxlamağı bacaran Xalq artisti İlham Namiq Kamalı daha neçə-neçə illər səhnədə və ekranda görməyi arzulayıram.
Çingiz
ƏLƏSGƏRLİ
Teatrşünas, dramaturq
525-ci qəzet.- 2023.- 7 yanvar.- S.15.