Kimdir döyən qapımı?!
...Hərdən-birdən
"şairlik azarına tutulanda" şeir yazıram... Elə bil şeir hansısa sıxılmış,
bir neçə misraya, beytə, bəndə
sığdırılmış müxtəlif hisslərin,
düşüncələrin əksidir. Bəlkə
hər misranı açsan, həll eləsən, daha ətraflı
danışmaq istəsən, başqa janrlarda nə isə də
alınar. Amma nədirsə, ilin sonu
yaxınlaşdıqca izahsız bir şeir ovqatı
yaranır. Yenisi yaranmasa da, nə zamansa
yazılmış müxtəlif misralar beynimi qurcalayır.
Həm öz yazdıqlarım, həm də atamın,
anamın və başqa sevdiyim şairlərin...
Zəngin
ilin axırında lap əvvələ, dünyanı təzə-təzə
öyrənməyə başladığım günlərə,
aylara, illərə gedirəm sanki... Balacayam,
indidən baxanda lap balaca; gənc, gözəl qadının,
anamın əlindən tutub gəzirəm bağın
içində, birdən sakitcə çağırıram
onu - mənim neçə yaşım var?! - soruşuram. Əynindəki
zövqlü geyimi də, üzündəki mehriban ifadə və
gözlərindən daşan işıq da indiki kimi
yadımdadı. Elə uzun gəzintilərimizdə bir yandan
suallarım, o biri tərəfdən də anam dediyi kimi -
"qart" uşaq ədalarımla, tələblərimlə
yorurdum da onu... Niyal, götür də məni
qucağına, axı balaca ayaqlarım yoruldu?! Bunu da mən
deyirəmmiş... Anamın mənə həsr
elədiyi şeirdəki - "Körpə ayaqların yaman
yorulmuş" - misrası bu ərköyünlüyümdən
gəlir. Nəslimizdə uzun illər
balaca uşaq olmadığından lap çox əzizləyərdilər
məni. Bağda cavan qızların -
anamın, bibilərimin əlinə balaca oyuncaq kimi
düşmüşdüm elə bil. Bir dəfə hətta
sözü bir yerə qoyublarmış ki, mən otağa girəndə
özlərin elə aparsınlar, sanki məni
tanımırlar... Mən də hər zaman bu
cavan xanımların - doğmalarımın mehriban, nəvazişli
münasibətinə alışmış balaca, "bu kimdi,
kimin uşağıdı, hardan gəlib bura?!" - kimi suallarını eşidəndə
dodağımı büzmüşəm. "Mənəm
də, öz Anarınızam da, tanımırsız məni?!"
- deyib ağlamsınmışam... Cavabıma necə ürəkdən gülmələri
də, məni bağırlarına basıb könlümü
almaları da yadımdadı. Əslində bu yaddaş məsələsini
hələ də özüm üçün tam həll etməmişəm;
beyin izahsız məntiqlə nələrisə silib atır,
nələrisə lap dünən olmuş kimi kino fraqmentinə
çevirir xatirimizdə; bəzən elə dünən
gördüyüm bir adamın, ən adi məişət əşyasının
adını yada salmaqda çətinlik çəkirəm,
amma əlli il əvvəl oxuduğum əsərin cümlələri
kitabın səhifəsində olduğu kimi gözümün
önünə gəlir... Uşaqlıq xatirələrim
də belədir. İlin son ayında gecə
yarısında uzaq illərin o tayına xəyalən səfərə
çıxanda qapqara buz soyuq da kəsir əl-ayağımı...
Xalqın soyuq haqqında "qara buz" ifadəsini
niyə işlətdiyini də dəqiq anlayıram.
Müharibə
yadıma düşür, 1418 gün, dörd il
davam edən dünya savaşı. Üç
yaşımdan üç ay keçmişdi. Müharibə iyunun 22-də, ilin ən uzun
günündə başlamışdı, amma mənim
yadımda müharibənin ilk dövrü nə isə
qaranlıq və çox soyuq bir dövr kimi qalıb. Yəqin ona görə ki, müharibənin
bütün qorxusu ailəmizə payız aylarında
atamın cəbhəyə getdiyi vaxtdan daha kəskin
duyulmağa başladı. Qış
aylarının soyuğunda qoşunlarımızın şəhər-şəhər
geri çəkilmələri, atamın yoxluğunun
sazağı qarışmışdılar, qaranlıq hissi də
tezliklə bütün pəncərələrimizin qara ilə
örtülməsi, küçəyə hardansa bir azacıq
işıq sızardısa, buna görə cəzalandırılmaq
xofu əlavə olunurdu. Küçələrdə
zülmət qaranlıq idi. Anamın
uzunsov cib fənəri yadımda qalıb. Hərdən
məni də özüylə axşamın gec saatlarında
radio komitəsinə aparırdı. Amma məni
verilişləri canlı səsləndirdiyi üçün,
studiyaya girməyə təbii ki, qoymurdurlar. Ora girmək inadımı,
şıltaqlığımı yenmək üçün
anam məni inandırardı ki, studiyanın içi
işıqsızdır, ora qapqaranlıq bir otaqdır.
Qapqara otaqdan çıxan səslər qara boşqab
reproduktorlara ötürülürdü, ordan hamıya
çatırdı. Həm rus, həm də Azərbaycan dilində
xəbərlər verilirdi. Bunu
böyüklərin köks ötürmələrindən
anlayırdıq - filan yer, filan şəhər də
faşistlərin əlinə keçdi. Qara
boşqabdan gələn xəbərlər sanki dəhşətli,
qorxunc bir zülmət dünyasından gəlirdi, nənəmin
danışdığı nağıllardakı zülmət
dünyasından, Məlik Məmmədin
düşdüyü dərin quyunun dibindən.
Kinoxronikalarda xəritə göstərilirdi və bu xəritələrdə
qara bir sel kağıza yayılmış mürəkkəb ləkəsi
kimi ağ ərazilərin
üstünü qarış-qarış tuturdu. Odur ki, qaranlıq, zülmət - müharibə
dövründən indiyəcən şüuraltı
varlığımda qalıqları yaşayan bir vahimədir.
Hərdən anam məni də özüylə
evimizin damına qaldırırdı. Yaşadığımız
evin sakinləri damda sırayla növbə çəkməli
idilər. Nəyin növbəsini çəkirdilər,
hələ mənə tam aydın deyil. Əgər
təxribatdan qorxurdularsa, belə bir təxribatın
qarşısını zərif qadın və üç
yaşında uşaq necə ala bilərdi, düşmən təyyarələrinin
hücumu nəzərdə tutulurdusa, yenə bu növbələrin
nə əhəmiyyəti vardı?!
Bu soyuğun və qaranlıq xatirələrin içində
atamın müharibədən qayıtmağı,
küçədə durub onun gəlişini gözləməyimiz
və məhz mənim onu birinci görməyimin fərəhi
gur işıq kimi gözlərimi qamaşdırır, ipisti məlhəm
kimi canıma yayılır. İndi atamın müharibədən
mənə yazdığı şeirləri də ayrı
cür oxuyuram..
Beş yaşımda böyük bacım Fidan, on
yaşım olanda Təranə dünyaya gəliblər. Yəqin mənim
uşaqlıq "monopoliyam" da elə bununla bitib.
Bacılarımla Buzovna bağımızdakı
qayğısız uşaqlığımızın min bir
oyunları, zarafatları, şıltaqlıqları
yaxşı yadımdadı... Yəqin o xatirələrin
bəziləri yazılarıma da hopub, onlara da təsir edib.
Yaşca Fidandan böyük olduğumdan sui-istifadə edərək:
belə geyinmə, elə geyin, ora getmə, bura get - deyə
bacımı yersiz incitdiyim məqamlar da yadıma gəlir. Hələ
bağda bir axşam işığı yandırarkən
elektrikin Fidanı yüngülvarı gizildətməyi və
dərhal: Anar di sağ ol, mən öldüm - deyə tam
ciddiliklə mənimlə "vidalaşmağı..."
Yaş fərqimiz
elə çox olmasa da, bacılarıma övladım kimi
baxırdım sanki... Mən orta məktəbin son sinfində oxuyanda Təranə
birinci sinfə daxil olmuşdu. Çox vaxt
onu məktəbə mən aparırdım. Bəzən mənim yeyin addımlarımla
ayaqlaşa bilməyib geri qalırdı. Olurdu
ki, hövsələsizlik edərək onu qucağıma
alıb aparırdım. Təxminən on ildən bir az artıq zaman keçəcəkdi və mən
elə məktəb illərimdən, daha doğrusu, 7
yaşımda sevib seçdiyim ömür-gün
yoldaşım Zemfira ilə birgə ilk balamızı -
Turalı böyütməyə başlayacaqdıq. Və mən
leysan yağışlı günlərin birində balaca Tural
qucağımda sel suyun içiylə Ənvər Məmədxanlının
evinə tələsəndə çətinliklə,
üst-başımız da, ayaqlarımız da islana-islana
getdiyimiz məqamda oğlum gözləmədiyim bir söz
deyir: Yuka (uşaqlar Ənvəri belə
çağırırdılar) da elə bilir biz kefdəyik...
İndi ən müxtəlif vəziyyətlərdə bu
replika elə yerinə düşür ki... Hə, bir də
Turalın yəqin beş yaşı
olardı, ona söz vermişdim ki, səhər Bir may
nümayişinə aparacam. Amma gecə gec
yatdığımdan səhər yuxuya qalmışdım,
heç cür yerimdən durmaq istəmirdim. Turaşa elə hey gəlib məni dümsükləyirdi.
- Dur, dur - bir may qurtarır axı...
Tural Rəsul babasının, Nigar nənəsinin ilk nəvəsiydi. Atam
ensiklopediyada işləyəndə hər fasilədə nəvəsin
yanına gətizdirir, ya da Bulvara gedib orda
görüşürdü onunla. Səkkiz il sonra Günel dünyaya gələndə də
Nigar Rəfibəylinin yazdığı kimi "Məhəbbətləri
bölünmədi"...
Görünür, xarakter elə lap erkən
uşaqlıqdan özünü büruzə verir. İki
yaş, ya iki yaş yarımındaydı Günel, təzəcə
dil açmışdı. Turalla Zemfira məndən
danışıb gileylənirmişlər: yaman çox
işləyir, dincəlmək nədir bilmir, səhhətinə,
yeyib-içməyinə, geyinib-keçinməsinə
heç fikir vermir... Bu söhbətə fikir verməmiş
kimi dinib-danışmayan Günel birdən dözə bilmir: -
Ataşka bir az yaxşıdır - deyir. Bu, qızımın həyatda məni ilk müdafiəsi
idi.
1981-ci il ailəmizin ən ağır iliydi. Yüz günün içində atamı və
anamı itirmişdik. Təxirə
salınması mümkün olmayan bir məcburiyyətlə
Şuşada "Üzeyir ömrü" filmini çəkirdim.
Hər cümə axşamı Bakıya
uçur, ehsanı verir, yenə çəkilişə
qayıdırdıq. Mən filmlə məşğul
olduğum saatlarda Zemfira Güneli şəhərdə gəzdirir,
Cıdır düzünə, Üzeyir bəyin, Natəvanın
evlərinə aparırdı, Zemfira o vaxt Mir Möhsün Nəvvabın
tədqiqatıyla məşğul idi. Hər dəfə
yollarını Nəvvabın evinin yanından salanda Günel:
Yenə Nəvvabdan danışacaqsan? - deyə
soruşurmuş. Balaca Günel "Üzeyir
ömrü" filmində bəstəkarın ailə
üzvləri sırasında çəkilib. Bəzən axşam gəzintilərinə mən də
qoşulurdum. Məni fikirli görən Günel
böyrümə qısılıb: - "Nədi ata, babayla nənə
yadına düşdü?" - deyirdi. Doqquz yaşlı qızcığazın bu həssaslığını
heç vaxt unutmuram. Yeni il ərəfəsində
bu adda-budda işıqlı xatirələr həm də
ömür yolunda düzülmüş fənərlər təsiri
bağışlayır. Turalın və
Günelin uşaqlığını dünənki kimi
xatırlayıram. Və yaddaşımda
onların da balalarının Rəsulun, Anarın, Dənizin,
Sezenin balacalığını valideynlərinin
uşaqlığı ilə yanaşı görürəm
sanki. Mənim düşüncəmdə
onlar yaşıddılar elə bil, uşaqlıqları da
yanaşı, birgə keçib.
Yadımdadı günlərin birində balaca Anarı
böyük marketlərdən birinə aparıb, nə istəyirsən
seç alaq - demişdim. Gözütox
adaşım, bəlkə mənə qıymadığı
üçün, bəlkə utandığından nəsə
götürmək istəməyəndə, onu ürəkləndirməkdən
ötrü - mən Turalın atasıyam axı, ona
aldırırsan nə istəsən, məndən də
çəkinmə - demişdim. Uşağın
üzündəki təəccüb yadımdan
çıxmır. Sonralar valideynlərinə
irad tuturdu - bəs mənə niyə deməmisiz Anar baba
Turalın atasıdı?! - deyə. İndi Anar ingiliscə roman yazır, özü bəstələdiyi
musiqilərə rep qoşur, mənimlə bərabər imza
günündə oxucularla görüşür. Baxıb düşünürəm bu uşaqlar nə
tez böyüdülər belə?!
...Yayda Zuğulbada bağda Əhməd bəy
Ağaoğlunun "Mən kiməm" adlı essesini
oxuyurdum.
Füzulinin və Əhməd bəyin "Mən kiməm"
sualıyla rastlaşdığım gündə bu sualı elə
tez-tez eşidirdim ki... Bap-balaca, təzə-təzə
dil açan bir qızcığazın, Dənizin dilindən.
İki yaş dörd aylıq qız nəvəm Dəniz mənə
yanaşır və birdən soruşurdu:
- Mən
kiməm?
- Sən
mənim ceyranımsan - deyirdim, - maralımsan, qəşəngimsən,
gözəl-göyçək nəvəmsən - deyirdim.
Dediklərimin
mənasını dərk edərək məmnun-məmnun dinləyir
və mən onu sınamaq üçün səsimi dəyişmədən,
eyni tonda, eyni intonasiyayla:
- Meymunumsan - deyən kimi dərhal:
- Omaz - deyir. "Omaz" - olmaz onun dilində ən qəti, ən ötkəm, təkzibolunmaz "yox" idi. Yamanca hikkəli qız idi. Anası ona laylay çalır, yatızdırırdı - "laylay dedim yatasan, qızıl gülə batasan". Heç də yatmaq fikrində olmayan Dəniz başını qaldırıb qeyzlə: - yatmıram, qızıl gülə də batmıram - deyirdi. İndi Dənizin oğlu, mənim ilk nəticəm Murad da eyni cür xarakter göstərir... Günel nənəsiylə birgə çəkildiyi reklam çarxının rejissoruna irad tutur: bir, iki, üç demə, motor de - biləcəm də çəkilişə başladığını. İşdən bağa gələndə görürəm ki, heç kəs yoxdu, harasa gediblər... Bir azdan gələndə Murada onun yaşına uyğun küskünlüklə - bəs məni qoyub hara getmisən? - deyirəm. Ay Anar baba, guya mən evdə olanda neynirsən ki, elə otağında oturub işləyirsən də - deyə cavab verir. Bir azdan otağıma gəlib ağ vərəqlərdən götürür, öz aləmində əsər yazır. Bakı Kitab Mərkəzinin çap etdiyi "Muradın nağılları"ndan parçaları oxuyanda da yaman tələbkarlıqla qarşılayır... Yer üzündə yeganə çəkindiyi adam Rəsulun qızı Sevincdir. Sevinc gələn kimi onu elə bağrına basır ki, Muradın təslim olmaqdan savayı əlacı qalmır. Amma Sevinc də indiki uşaqların dediyi kimi - yaman özgüvənlidi, əllərin açıb Allaha şükür edir - Ay Allah, nə yaxşı sən bizə Sevuşu verdin! Uşaqlara aid xatirələrimin hər birinin sonunda - düz deyir - ifadəsi gəlir dilimə. Min-min illərdir insanlığın axtardığı bütün həqiqətlər elə uşaqların dilindən səslənir ömrümüz boyu...
Bir vaxt müsahibələrimdən birində - uzun ömrün bir kədərli tərəfi var ki, dostlarını, doğmalarını itirə-itirə gedirsən - demişdim. İndi öz uşaqlığımdan başlayıb ta ki ailəmizin ən balacası Sevincə qədər xatirələrlə keçib getdiyim yol uzun ömrün ən böyük məziyyətini anladır mənə; bu uşaqları tanımaq, onları dinləmək, müşahidə etmək və onlar üçün yaşamaq, yazmaq...
XX əsrin son bədbin şeirini sualla başlamışdım - Kimdir döyən qapmı?! İndi isə "Qobustan"ın Uşaqlar sayı üçün yazdığım essenin sonunda bu sualın ardı kimi arzumu dilə gətirirəm, təki qapılarımızı döyən balalar olsun!
09 dekabr 2022
"Qobustan"ın Uşaqlar Özəl
sayı üçün
ANAR
Xalq
yazıçısı, Azərbaycan Yazıçılar
Birliyinin sədri
525-ci qəzet.- 2023.- 7 yanvar.- S.12;13.