HƏMİŞƏ
VƏTƏNDƏ
Azərbaycanın Millət Təqvimində
2023-cü il "Heydər Əliyev
İLİ" kimi başlandı.
Unudulmaz Heydər Əliyevin bu il 100 yaşı
tamam olacaq. Və mənim də bu ilə və
yuvarlaq ildönümünə
töhfəm onun haqqındakı təzə
kitabım olacaq.
Heydər Əliyev haqqında mən indi yox,
hələ 1990-cı illərin
ortalarında yazmağı
düşünürdüm və özünə də demişdim.
Allah şahidi Heydər
Əliyevin yetirməsi
və məsləkdaşı,
görkəmli dövlət
adamı Həsən Həsənov.
O da mənim xahişimi
Heydər Əliyevə
ayrıca çatdırmışdı
və Ulu öndər demişdi ki, verim arxivi,
işləsin.
Məni isə yalnız arxiv qane etmirdi,
istəyirdim ki, çox suallarımı verim, öz dilindən cavablarımı
alım.
Tarixinsə elə dönəmi idi ki, yeni
Azərbaycan qurulurdu, Heydər Əliyevin hər gününün hər saatı iş-güclə dolu idi, vaxt, sözün
birbaşa mənasında,
yox idi.
Ancaq görüşlərinin,
səfərlərinin əksərində
iştirak edirdim, dinləyirdim, müşahidələrimi
aparırdım, ayrı-ayrı
anlar hafizəmə də, qeyd dəftərlərimə
də köçürdü.
Arxada qalan illərdə ara-sıra Heydər Əliyev haqqında xeyli yazılarım da olub. Ancaq onu bütövlüyü
ilə göstərə
biləcək ayrıca
kitabın yeri başqadır.
Odur ki, başlayıram!
Hansısa bəlli bir aya, günədək yazıb-tamamlamağı nəzərdə
tutmuram. Sadəcə, bu il
"Heydər Əliyev
İli" olduğundan
mən də içərimdəki il və iş cədvəlinə yeni bir kitabımı da əlavə edirəm. İl boyu və hər
gün, fasilə vermədən, kökləndiyim
ahəngi qırmadan hökmən yazmalı!
Bu kitab maydamı bitəcək, sentyabrdamı,
ya il
sonunda - fərq etməz.
Bu kitab mənim kiminsə qarşısında,
ya bir nəşriyyatla
əlaqədar deyil, öz ürəyim qarşısında öhdəliyimdir.
Əsas odur ki, bu
parlaq şəxsiyyət
haqqında müşahidələrimi,
düşüncələrimi, hisslərimi qalası bir kitab çərçivəsində
dolğunluğu ilə
əhatə edim.
Əvvəllər yazdıqlarımdan da nələrisə, söz
yox, bu kitabın
ümumi axarına qoşacağam və bu müstəsna şəxsiyyəti araşdırdığım,
gördüyüm, duyduğum
biçimdə təqdim
etməyə çalışacağam.
Bəlkə, həmin yazılar
bizim günlərdə
və sabah
kimlərəsə də
bu böyük azərbaycanlını daha
yaxşı görməyə,
duymağa və dərk etməyə körpüyə döndü.
Beləcə, elə bu gündən
- 2023-ün ilk ayının 1-dən Heydər Əliyev haqda aylar boyunca
hər gün azı 2-3 vərəq yazacağım kitabı başlayıram.
Ömrünün sonlarında arxayın bir müdriklik və əmin uzaqgörənliklə "Mən
həmişə Azərbaycanda
olacağam" demişdi.
Təbii, o qüdrətli insan da, hər kəs
kimi, bir gün dünyadan köçəcəyindən agahdı.
Nə qədər uzun yaşasan da, heyhat, insan həyatı
sonludur və bir az gec, bir az
tez hamı gedəsidir.
Gəlimli dünyanın həm
də gedimli, bütün sevinc və işrətləriylə
bərabər, son ucu ölümlü olduğunu
bir neçə yüz il
ömür sürmüş
Qorqud Dədəmiz də kədərlə dilə gətirmişdi.
Allahın şah əsəri,
ali xilqət
olan insançün
80, 90, 100 il ömür
nədir ki! Amma neyləməli ki, qismətimiz belədir.
Ən yetkin, ən təcrübəli, dünyanı
bütün yaxşı-yamanı
ilə dərk etdiyin ən püxtə çağında
taqət başlayır
azalmağa və qayıdışsız labüd
səfərinə çıxırsan.
Di gəl, tarixə
möhürünü vuranlar
da olur axı. Onlardan ötrü
dünyanın son ucu,
hamınınkı kimi,
ölümlü olsa da, gedimli olmur.
Əməlləriylə, əsərləriylə, pozulmaz izləriylə hansısa seçilmişlər,
nadirlər qalımlı
olmağı bacarırlar.
Və böyük Heydər Əliyev artıq ömrün ixtiyar çağında tarixə,
olmuşlara, Vətəninə
və xalqına xeyli yüksəklərdən
baxaraq başqalarının
tuta bilmədiyi çox həqiqətləri
gördüyü kimi,
öz ömrünü
və taleyini, bir parçası olduğu tarixin içərisindəki öz
surətini də ucalardan seyr edirdi, aydınca görürdü ki, ömür bitsə də, yol bitməyəcək,
daha heç bir qüvvə onu bu yurdun
və millətin nə tarixindən, nə yaddaşından silə biləcək.
Onun həyatı
XX yüzilə sığdı. Amma XXI əsri,
üçüncü minilliyi
də görmək onun qismətindəymiş.
Təzə əsrin də
3 ilini onunla birgə olduq.
Dünyanın da, Azərbaycanın da taleyindəki ən həlledici zaman parçalarından olan həmin əsrdə yurdumuzun və millətimizin həyatına onun qədər uzunmüddətli,
onun qədər geniş və dərin təsir göstərən dövlət
başçısı olmayıb.
Ona görə
də inamla həmişə Azərbaycanda
qalacağını, Azərbaycanla
olacağını bəyan
edirdi.
Sağkən, hələ həyatdaykən
öz iqbalını sadəcə təsəvvür
etmək yox, inamla və tərəddüdsüz görə
bilmək də bir ayrı xoşbəxtlikdir.
Bu, olmuş əhvalatdır.
1846-cı
il idi
və Abbasqulu ağa Bakıxanov həyatının son səfərinə
çıxmışdı, Məkkə ziyarətinə
gedirdi.
Və yol üstündə onun başına gəlmiş
bir ibrətli əhvalatı bizə polyak Mateuş Qralevski 1877-ci ildə Lvovda çapdan çıxmış "Qafqaz. 12 illik əsirliyin xatirələri" adlı
kitabında çatdırır.
Yazır
ki, Abbasqulu ağa Ərdəbildə
məscidə girir və axundun onun haqqında danışdığını eşidir: "İndi isə sizə cənnətməkan Abbasqulu
ağanın məşhur
sözlərini oxuyacağam".
Və sonra axund kitabı açıb şövqlə
oradan parçaları
qiraət etməyə
başlayır. Oxunanlar dinləyənləri məftun edir və onları həyəcana gətirir.
Bunları görən şair
ağlayır və onun ağlaması məsciddəkilərin diqqətini
cəlb edir. Axund soruşur: "Ey müsafir, sən bizimlə birgə bu kitabdakı
bilik qidası və nitq şəhdini
dadmaq əvəzinə
niyə ağlayırsan?
- Mən sevincdən ağlayıram. Siz bu kitabı
tərif edirsiniz.
Onu yazan mənəm..."
Hər bir insan üçün
həyatda olmayacağı
günlərdə necə
xatırlanacağını, özündən sonrakıların
ona necə qiymət verəcəklərini
hansısa sehrlə görməkdən böyük
nə səadət ola bilər!..
Amma belə bir qisməti
hətta möcüzə
şəklində belə
ağla gətirmək
çətindir. Tale Qüdsiyə bu səadəti nəsib etmişdi. Əkdiyi xeyirxahlıq toxumlarının,
bütün böyük
və savab işlərinin müqabilində
Ulu Tanrı ona elə sağkən
sağ olmayacağı
çağlardakı şərəfli
qismətini, istiqbalını
da əyan etdi.
Ərdəbildə baş verən
hadisə sanki qaibdən nazil olan güzgüdə görünən gələcək
idi...
Heydər Əliyev də elə bu cür
- həyatdaykən həyatda
olmayacağı günlərdə
ürəklərdə və
yaddaşlarda hansı
yerin sahibi olacağını bildi.
Yaxşılıqlar etdiyi, taleyini dəyişdiyi, qarşısında üfüqlər
açdığı, ona
daim minnətdar olacaq sıra-sıra insanlar öz yerində, bu məmləkətin ən
əziz sərvəti
olan müstəqilliyi,
istiqlalı qorumaq yolundakı əvəzsiz xidmətləri də öz yerində, lakin Heydər Əliyev həm də tarixi incəlikləriylə bilirdi
axı.
Yaxşını fikirləşəndə mümkün bəd gedişatı da nəzərdə saxlayırdı. Tarixçi təhsili almış bir insan kimi tarixin həm zahirinə, axarına, həm də onillərcə Dövlət Təhlükəsizliyi şəbəkəsində çalışmış mütəxəssis kimi tarixin batininə, alt qatlarına mükəmməl bələd idi. Bilirdi ki, tarixdə imzası olanları, iz qoymuşları heç bir hökmlə, fərmanla, təzyiqlərlə tarixdən silmək, unutdurmaq mümkün deyil.
O isə yarım əsrə sığan bir zaman boyunca öndə olmuşdu, Azərbaycanın rəmzlərindən sayılmışdı, adı və imzası Azərbaycanın və azərbaycanlıların neçə nəslinin taleyinə, düşüncəsinə həkk olunmuşdu.
Tarixə münasibətlər çağa görə başqalaşa bilər, yaşanmış, dünəndə qalmış tarixin özünüsə daha heç vəchlə pozub təzədən yazmaq, dəyişdirmək mümkün deyil.
Heydər Əliyev illərin hündürlüyündən arxada qalan keçmişə baxdıqca bütün bunları görürdü və ona görə də sabahlardan nigaranlığı yoxdu.
Əmin idi ki, bu ölkədə gələcəkdə hansı siyasi küləklər əsdi-əsmədi, başlar üzərində onun portretləri asıldı-asılmadı, meydanlardakı abidələri oldu-olmadı, ürək və yaddaşlardakı surəti daha heç vaxt silinən, solan, itən deyil, tarixə qayıdıldıqca hər səhifədə o görünəcək.
Bütün bunlara əmin olduğu üçün də bəxtiyar idi, o səbəbdən də könül rahatlığıyla və qətiyyətlə "Mən Azərbaycanda həmişə olacağam" söyləyirdi!
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2023.- 7 yanvar.-
S.10-11.