Güney Azərbaycanda vahid ədəbi dil
məsələsi
(Əvvəli
ötən sayımızda)
Şairliyində
işıq saçan istedadı ədəbi-tənqidi
yazılarında da boy verən Əziz Səlami uzun illər
Almaniyada yaşayıb alman dilində danışsa da, ana
dilini bircə anlıq da olsa unutmayıb, yazılarını,
şeir və öykülərini də məhz
anasının laylay dilində, doğma türkcədə qələmə
alıb. Fars məktəbində öyrətmənlik edən,
tədris etdiyi "fars dili ilə ruhunun da dili
bağlanan", hətta "qarğa", "bulud" kimi
məfhumları xalis türkcə anlamından başqa
türlü düşünə bilməyən Əziz Səlami
gəncəcik bir öyrətmən olduğu dönəmlərdə
öyrəncilərinə məhz bu nədənlərlə
fars dili əvəzinə Ana dilini, milli ədəbiyyatı
öyrədib. Güney Azərbaycanda söz və ana dilinin
azadlığı, xalqın haqsızlıq və ədalətsizliklərlə
üzləşməsi, hüquqlarının pozulması məsələsi
Ə.Səlamini daim düşündürüb: "Ta
uşaqlıq çağlarından şeir və ədəbiyyatla
dərindən maraqlandığım üçün dil məsələsi
baş məsələmə çevrilmişdir. Bir Azərbaycan türkü olaraq dilim də Azərbaycan
türkcəsi olmuşdur. Məktəbdə mənə
öyrətdikləri fars dili mənim
ruhumun dilinə qarşı çıxırdı. Mənim üçün "bulud" sözünü
buludun özündən ayırmaq mümkün deyildi. Bağçamızda ucalan qovaq ağaclarında
qarıldayan qarğaları adlarından ayrı görə
bilmirdim. Məktəbdə öyrəndiyim fars dili ilə ruhumun dili bağlanmış
olurdu. Hələ beş-altı yaşlarımda
bayatılarımızı şirin-şirin öyrənən
mən, sözlərinin bir çoxunu anlaya bilmədiyim yad bir
dildə şeir əzbərləməli idim! Bu
haqsızlıqla barışmazlığım ildən-ilə
dərinləşir və ömür yoluma çevrilirdi.
Şah dönəmində, ölkəmizin uzaq
bir kəndində müəllim olaraq
çalışmağım da bundan idi. Dərs kitabları
fars dilində olsa da, şagirdlərimə
fars dili deyil, öz dillərini öyrədirdim. Mənim onlara öyrətdiyim xalq mahnıları
Savakın qulağına çatmadan dağların, dərələrin
qoynuna yayılırdı. Şahdan sonra
qopan fırtınaya atılmağımın da səbəbi
xalqımıza qarşı bu kimi ədalətsizlikləri
aradan qaldırmaq idi. Mənim və minlərlə
mənim kimi düşünənlərin haqlı
röyası gerçəkləşə bilmədi.
Qurşunlanan, qana boyanan nə qədər
döyüşdaşlarım vardı! Onların
çoxu dilimizdə bir kitab belə görmədən,
günəşə, azad yaşamağa mahnılar yazırdılar!"
Ana dilində
heç bir təhsil almayan, türkcə kitablar oxumayan,
yalnız anasının laylalarından, atasının,
aşıqların söylədiklərindən bəhrələnib
"günəşə, azad yaşamağa mahnılar
yazan" Güney yazarları, əgər bu şərtlər
altında olmasaydılar, nələr yarada bilərdilər!..
Ə.Səlami,
Ə.Daşqın, M.Haray, H.Şahbazi, E.Taha, H.Qaraçay,
M.Əzizpur və başqa aydınların, eləcə də
Hindistanın görkəmli ictimai-siyasi xadimi M.Qandinin və
Nazim Hikmətin də söylədiklərindən
görünür ki, deməli, dünyanın imperiya əsarətində
olan bütün xalqları eyni hisslərlə yaşayır,
eyni amacla da savaşırlar...
Şair, dilçi alim-türkoloq Həmid Nitqi isə
imperiya əsarətində olan bir xalqın övladı olaraq
bu acı gerçəyi lap vaxtında görürdü. Vətənsevər alim
çıxış yolunu "Dildə, fikirdə, əməldə
birlik" şüarını gerçəkləşdirmək
uğruna çabalar göstərmiş, bütün dünya
boyu sakinləşmiş böyük Türk millətinin
bir-birini ortaq bir dildə danışıb anlaması naminə
ömrünü fəda etmiş İsmayıl bəy
Qaspıralının hələ XIX əsrin ikinci
yarısında irəli sürdüyü "Vahid ədəbi
dil sistemi"ni yaratmaqda görür və bu işin vacibliyini
dərk edirdi. Hətta bu məqsədlə 80-ci
illərdə "İmla qaydaları" adlı məqalə
yazaraq "Varlıq" dərgisinin əlavəsi kimi nəşr
də etdirmişdi. Şəhriyarın Azərbaycan
türkcəsində qələmə aldığı
"Heydərbabaya salam" əsərinin xalq
danışıq dilinə son dərəcə
yaxınlığını xüsusi vurğulayan dilçi
alim Quzey Azərbaycanda illərdən bəri mövcud olan və
geniş şəkildə tətbiq edilən imla prinsiplərini
gözləməklə ərəb əlifbası əsasında
Azərbaycan dilinin fonetik quruluşuna
uyğunlaşdırılmış vahid bir ədəbi dil
sistemi, yazı üsulu da yaratmışdı. Həmin
yazı üsulu - "İmla qaydaları" Güneydə və
onun dışında yayımlanan "Varlıq",
"Xudafərin", "Yaşmaq", "Bayquş",
"Yarpaq", "Güneyin səsi", "Ban" kimi mətbu
orqanlarda işlənməkdədir.
Bu məqamda
təəssüflə vurğulamaq yerinə düşər
ki, böyük Şəhriyar, Səhənd, Sahir, S.Behrəngi,
Sönməz, Savalan, H.Nitqi, Ə.N.Oxtay və digər klassik
söz ustadlarımızın, H.R.Səhər, N.Mənzuri,
Ə.Daşqın, S.Muğanlı, Ə.S.Alov, C.Bozorgəmin,
N.Əzhəri, Ə.Səlami, H.Qaraçay, M.Haray,
H.Şahbazi, M.Əzizpur, Ü.Ucqar, E.Böyükvənd, Q.Cəfəri,
A.Əhmədoğlu, H.Babakişizadə və başqa
çağdaş şair və
araşdırmaçıların səylərinə, bu
yöndə xidmətlərinə baxmayaraq, Güneydə bu
gün vahid ədəbi dil tam şəkildə formalaşa
bilməyib. Söz ustalarının əksəriyyəti
danışıq dili ilə ədəbi dilin fərqləndirilməsini
gərəksiz sayır və əsərlərini
danışdıqları tərzdə, yaxud şivə və
dialektə uyğun yazmaqda davam edirlər.
Aydın insanlar xalqı irəli aparmaq üçün
qarşıda duran vəzifələri yaxşı anlayır
və bütün imkanlarını bu vəzifələrin həllinə
yönəldirlər. Cəmiyyətdə baş verən
iqtisadi, ictimai-siyasi prosesləri, eləcə də baş verə
biləcək digər halları əvvəlcədən dərk
edə bilir və bunları mənsub oldugu auditoriya vasitəsi
ilə cəmiyyətə çatdırır, xalqı uyarırlar.
Rəsul Qədiri də belə
aydınlardandır. Onun bir aydın kimi,
xalqın taleyüklü məsələlərinin həlli
yollarının tapılması, o cümlədən, Azərbaycan
türkcəsinin gəlişməsi və Güneydə ədəbi
dilin formalaşması üçün göstərdiyi
çabalar da diqqətəlayiqdir. Şairin bu önəmli
məsələyə yanaşması, Arazın hər iki
sahilində yetişən yazarların bir-birini tanıması,
gəlişməkdə olan ədəbiyyatın
yaxınlaşması üçün ədəbi
körpülərin qurulmasının zəruriliyini
yansıdan izahı çox ilgincdir: "Güneydə
yaşayan azərbaycanlılar, nüfus baxımından ən
azı dörd qat Quzeydəkilərdən çoxdur. Əminəm ki, Arazın o tayından gələn dəstəklər,
Güneydəki qırx milyon Azərbaycan türkünün
içindən yeni Şəhriyarlar doğurmağa
yardımcı olacaqdır. Dolayısı
ilə hər iki tərəfin dilinin özləşməsinə,
zənginləşməsinə olumlu etkilər buraxacaqdır.
Quzey ədəbiyyatına qarışan rus sözləri bizə,
Güney ədəbiyyatına, türkcəmizə
qarışan fars sözləri isə
Quzey Azərbaycan türklərinə anlaşılmaz gəlir.
Ədəbi körpülərin qurulması isə
vahid, zəngin, yalxı, ortaq bir dilin qəbul olunmasında
böyük rol oynaya bilər".
R.Qədirinin başqa bir açıqlaması da çox etkiləyicidir: "Güneydə yaşamayınca, yaxud Güneydə keçənlərlə sıx əlaqə qurmayınca, kimsə Arazın bu tayında nələr keçdiyini, çeşidli sahələrdə bu taylılar nə sıxıntılarla qarşı-qarşıya durduğunu bəlkə başa düşə bilməz. İdeologiya-siyasal mövzuları bir qırağa qoysaq, mən bildiyim qədərincə quzeyli vətəndaşlarımız heç bir zaman mədəni-kültürəl sahələr kimi mövzularda sıxıntı ilə üzbəüz olmayıblar. Öz doğma ana dilimizdə məktəbləri olub, rəqslərini canlandırıb, musiqilərini səsləndiriblər. Ancaq Arazın bu tayında durum tam fərqlidir. 71 il öncə, bir illik milli hökumətin iqtidarda olduğu zamandan başqa, güneylilərin heç bir zaman ana dilində məktəbləri olmayıb, onların ana dilini öyrənməsi belə yasaqlanıb. Türkləri fars olmayan başqa millətləri azlıqda olan fars etnikinin içində əritməyə cəhd etmişlər. Ayrıntılara keçmək istəmirəm, amma bu ağır durumda dünyadan heç bir maddiyyat gözləmədən, gənclik yaşlarından ötə yaşlarda məktəbsiz-müəllimsiz zəngin ana dilimizi öyrənməyə həvəsli olmağa, öyrənib dəyərli əsərlər yaratmağa, ancaq sevgi ilə, yüksək həyat ruhuyla çatmaq olar. Təzyiq çəkənlər bilirlər ki, madam vəsfində çarəsizsən, sevmədiyin qəddar hakimi belə ana dilində tərif etməyin də azacıq dadı ola bilər". Bu düşüncə ilə yazıb-yaradan R.Qədirinin "Təbrizlə mən", "Azərbaycan türkcəsi və mən", "Quzey Azərbaycan və mən" qoşalaşması, heç şübhəsiz, təbii görünür və anlaşılır.
"Dil olmasa, millət də olmaz. Milləti
meydana gətirən kültür göstəriciləri
arasında ilk sırada məhz dil gəlir. Dil olmasa, din olmaz (B.Vahabzadə)" - bu, danılmaz
gerçəkdir. Tarixi mərhələr
boyunca müşahidə etmişik ki, siyasi
üstünlüklərini, hətta müstəqilliklərini
itirən millətlər ana dilini qoruyub saxlamağı
bacarıblarsa, yüz illər keçdikdən sonra belə,
yenidən ayağa qalxıb siyasi azadlıqlarını
qazanıblar. Amma dillərini itirən millətlərin,
xalqların tarix səhnəsinə yenidən
çıxmasına dair bircə örnək belə yoxdur...
Anlamaq heç də zor deyil ki, ana dili insanı var edən,
ona "varlığının evində olduğunu" hiss
etdirən, bir insan kimi formalaşdıran ən ümdə nəsnə,
qutsallıqdır. "Söz"ü insanın canı
kimi dəyərləndirən Eyvaz Taha bəyin fikrincə,
"Ana dili çox önəmli fenomendir, hətta qorxunc bir
fenomendir. 20-ci əsrdə, xüsusilə
analitik fəlsəfə dilə çox diqqət yetirdi və
dili düşüncə səviyyəsinə qədər
yüksəltdi. Bunun mənası budur ki,
dil yalnız düşüncənin ifadə aracı və
passiv bir fenomen deyil, dil özü çox aktiv fenomendir və
bəzilərinə görə, hətta düşüncə
dilin məhsuludur".
Əlini vicdanının üstünə qoyub insanların ifadə vasitəsi kimi istifadə etdikləri ölkənin rəsmi dilində öz varlıqlarını hiss edə bilməyəcəklərini söyləyən filosof yazarın: "Dilə sadəcə bir ünsiyyət vasitəsi kimi baxılmamalıdır. İranda bəzən belə fikirlər səslənir ki, nə istəyirsiniz? Bir rəsmi dil var, bununla da insanlar istədiklərini ifadə edir. Amma mənim baxışımda bu, düzgün deyil. Çünki dil tamamı ilə bizim varlığımıza təsir buraxır və Haydeger demişkən, varlığımızın evidir. Biz başqa bir dildə kainatda olduğumuzu, varlığımızın evində olduğumuzu hiss edə bilmərik. Bu, yalnız ana dilində baş verə bilər", - sözlərindəki gerçəklər düşündürücüdür. Eyvaz Taha İranda türk dilinin indiki durumu və rəsmi dil mövqeyi statusuna təkcə fars dilinin sahib olmasını məqsədyönlü şəkildə yürüdülən siyasətin sonucu kimi açıqlayır və İran Azərbaycanında yaşayan türklərin kimliyinin əsas faktorunun məhz ana dili olduğunu önə çəkir "dövlət-millət anlayışı gündəmə gəlməmişdən öncə, İİR-də türk ədəbiyyatının parlaq dönəmləri olduğunu vurğulayır mövcud durumun təbii bir prosesin sonucu olmadığını bildirir: "Əsasən, İranda fars dilinin yazı dili olması dövlət-millət qavramından qaynaqlanır. Yəni bu, Rza şah zamanında rəsmiləşdirilib. Ondan öncə bizim dilimiz sıradan çıxmış bir dil deyildi... Biz bunu bir proses deyil, bir layihə hesab edirik. O layihənin içində hər halda fransız modeli seçildi, fransız modelində bütün dillərin, bütün etniklərin sıradan çıxarılması, digər dillərin bir dilin xeyrinə tapdalanması bir ilkə, bir prinsipdir. Amma Amerika modelində belə bir şey yoxdur, digər dillərin də varlığı qəbul edilir... İranda fars dilinin yazı dili olması dövlət-millət qavramından qaynaqlanır. Ondan öncə bizim dilimiz sıradan çıxmış bir dil deyildi... İranda türkcə ərəbcə və farsca ilə paralel bir şəkildə tarixi proseslərdən keçirdi. ...Biz bunun başqa dillər, misal üçün farscaya təhlükə oluşduracağını da düşünmürük, amma bunu da haqsızlıq bilirik ki, İranda bu qədər imkanlar yalnız bir dilin xeyrinə toplanıb", - deyən E.Taha sözlərinin istiqamətində iki və ya daha çox dili rəsmi dövlət dili kimi qəbul edən bəzi ölkələrdəki modelə işarə edir".
Bu gün Güney yazarları, aydınlar yenə
də Azərbaycan türkcəsinin haqlarını, öncəki
statusunu geri almaq, qazanmaq amacı ilə savaşırlar.
Esmira FUAD
525-ci qəzet.- 2023.-
10 yanvar.- S.15.