Tariximizin qaranlıq məqamlarına
işıq salan ədib
MƏMMƏD
SƏİD ORDUBADİNİN "QANLI SƏNƏLƏR"
ƏSƏRİ MİLLİ
FACİƏLƏRİMİZİN MAHİYYƏTİNİ
ANLATMAQ BAXIMINDAN CİDDİ ÖNƏM DAŞIYIR
Müstəqillik
dövründə erməni-azərbaycanlı münasibətləri,
soyqırım və milli ideologiya mövzusunda
yazılmış əsərlər, aparılan müqayisələr
ideoloji mahiyyət daşımaqla yanaşı, həm də
dövrün elmi-tədqiqat səviyyəsində obyektiv mənzərəsini
yaratmağa yönəldi, baş verənlərin tarixi faktlara
əsaslanan elmi yanaşma ilə daha dərindən
araşdırılmasına başlandı. Məmməd Səid
Ordubadinin "Qanlı sənələr" romanı da bu
baxımdan milli ideyaya malik təsirli, qüvvətli əsərlər
sırasındadır. Əsər, həmçinin, ümummilli
ideallara xidmət edən mübarizə ruhlu ədəbiyyatın
layiqli nümunələrindən biri kimi Azərbaycan ədəbiyyatı
tarixində özünəməxsus yer tutur.
XX əsrin
əvvəllərinin dövri mətbuatında Məmməd Səid
Ordubadinin az qala hər gün, hətta bəzən
bir gündə bir neçə məqaləsi, şeiri, ədəbi-tənqidi
məqalələri, felyetonu çap olunurdu. O, "Molla Nəsrəddin"
ədəbi məktəbində mükəmməl bədii
publisistika məşqləri keçdiyindən onun nəsr əsərlərindəki
publisistika əlamətləri bədiiliklə qaynayıb
qarışırdı. Və beləliklə də,
Məmməd Səid Ordubadi nəsrdə publisistikadan və ya
tərsinə, publisistikada bədiilikdən istifadə etməyin
qiymətli örnəklərini göstərmişdi. Ədibin "Qanlı sənələr" əsəri
(1911) publisistikanın "dili" vasitəsilə tarixi
prosesləri roman təfəkkürü səviyyəsində
əks etdirməyin nümunəsidir.
Qeyd edək ki, görkəmli yazıçı və
ictimai xadim Məmməd Səid Ordubadi çoxəsrlik tarixi
və davamlı ənənələri olan Azərbaycan ədəbiyyatının
nəhəng ədəbi simalarından biridir.
Keçmiş Sovetlər İttifaqının
dövründə M.S.Ordubadi və digər Azərbaycanın
böyük ədibləri haqqında araşdırmalar
aparılarkən ədəbi və milli meyarlardan daha çox
ideoloji tələblər ön plana çəkilirdi. Həmin
dövrdə araşdırmalar zamanı orijinal
yaradıcılığa malik olan elm və ədəbiyyat
xadimlərinin, yazıçı, yaxud alimin sənətinin və
ya elminin böyüklüyü, qüdrəti deyil, onların
əsasən Şekspir, Qoqol, Belinski kimi görkəmli Qərb,
yaxud rus ədəbiyyatı nümayəndələrindən
təsirlənməsi, faydalanması diqqətə
çatdırılırdı. Bu isə
öz növbəsində Azərbaycan
yazıçıları və alimlərinin
yaradıcılıq özünəməxsusluğunun, bənzərsiz
sənət aləminin arxa plana keçirilməsi, bəzən
hətta kölgədə saxlanılması ilə nəticələnirdi.
Halbuki elm və sənət adamlarının
bir-birlərindən öyrənmələri, birinin digərinə
istinad etməsi, qarşılıqlı təsir məsələləri
ədəbi mühitin təbii bir prosesi sayılmalı,
müqayisələr obyektiv aparılmalı idi.
Akademik İsa Həbibbəyli M.S.Ordubadi
yaradıcılığı ilə digər ölkələrin
böyük ədibləri arasında müqayisələr
apararkən onun əsərlərinin ədəbi meyarlardan daha
çox ieoloji mahiyyətini diqqətə
çatdırırdı. O, görkəmli Azərbaycan
yazıçısı M.S.Ordubadini bəzi cəhətlərinə
görə dahi rus ədibi Lev Nikolayeviç Tolstoyla
müqayisə edirdi. Akademik qeydlərində bildirirdi ki,
"Fikrimizcə, görkəmli Azərbaycan
yazıçısı Məmməd Səid Ordubadini bəzi
cəhətlərinə görə dahi rus ədibi Lev
Nikolayeviç Tolstoyla müqayisə etmək olar. Bizə görə, Məmməd Səid Ordubadi Azərbaycan
ədəbiyyatının Tolstoyudur". Lakin akademik
İsa Həbibbəyli Məmməd Səid Ordubadinin Lev
Tolstoyla müqayisəsində istinad etmək, təsirlənmək
motivlərinin nəzərə çarpmadığını
vurğulayaraq, müqayisədə
aşağıdakıları nəzərdə tutduğunu
belə diqqətə çatdırırdı: Böyük
Lev Tolstoy rus ədəbiyyatının tarixində malik
olduğu səviyyə etibarilə hansı yeri tutursa, Məmməd
Səid Ordubadi də Azərbaycan ədəbiyyatında həmin
mövqeyə sahibdir.
Ötən əsrin əvvəllərində sovet
strukturlarındakı yüksək rütbəli erməni
lobbisi 1905-ci ildən etibarən artıq söz və saxta sənəd
əməlindən real işə keçərək
xalqımıza qarşı soyqırımı həyata
keçirməyi qərara almışdılar. Cənubi Qafqaz
torpaqlarını yerli müsəlman xalqlarından təmizləyərək
yerində "Böyük Ermənistan" yaratmaq
xülyalarını reallaşdırmaq yolunda erməni millətçilərinin
atdıqları ilk ən böyük addım da məhz 1905-ci
ildə baş verdi. İki il
ərzində tarixi Azərbaycan torpaqlarını bürüyən
od-alov minlərlə azərbaycanlı ailəsinin faciəsinə
səbəb oldu. Bu qanlı-qadalı illərdə
Azərbaycanın elə bir nöqtəsi olmamışdı
ki, erməni qəsbkarlarının fitnə-fəsadları,
hiyləgər siyasətləri nəticəsində orada
qanlar tökülməmiş, ocaqlar sönməmiş olsun.
Həmin dövrdəki toqquşmalarla əlaqədar
xeyli sənəd və material toplanmasına baxmayaraq, Məmməd
Səid Ordubadinin hadisələrin izi ilə
yaratdığı "Qanlı sənələr"
("Qanlı illər") əsəri və bunun kimi digər
əsərlər Sovetlər dövründə həm tədqiqatdan,
həm də geniş oxucu auditoriyasından, demək olar ki, kənarda
qalmışdı. Bunun səbəbini isə "Xalqlar
dostluğu" prinsipi əsasında yeni təfəkkürlü
cəmiyyətin yaradılması, xalqlar arasında gərgin
münasibətlərin aradan qaldırılmasına təkan
kimi əsaslandırırdılar. Lakin
kinli ermənilər gizli şəkildə öz məkrli
siyasətini davam etdirmiş, Azərbaycan xalqı isə sidq
ürəkdən əsl dostluq və mehriban qonşuluq
münasibətlərinin davam edəcəyinə
inanmışdı.
Həmin
dövrdəki ictimai-siyasi mühitin dərk olunmuş
gerçək mahiyyətini dərindən öyrənmək
baxımından hadisələrlə bağlı son illərdə
müxtəlif sənəd və materiallar, yazılı mənbələr
üzə çıxarılıb arxivlər açılsa
da, qüdrətli Azərbaycan publisisti və
yazıçısı M.S.Ordubadinin (1872-1950) 1908-ci ildə
protokol dəqiqliyi ilə qələmə aldığı və
yalnız 1911-ci ildə nəşr etdirə bildiyi
"Qanlı sənələr" adlı əsəri
xüsusi çəkiyə malikdir.
Həmin qanlı illərin salnaməsi olan
bu əsərdə biz o dövrün real mənzərəsini
görür, yazıçının onlara verdiyi
düzgün qiymətin və gəldiyi doğru nəticələrin
şahidi oluruq.
"Qanlı sənələr" əsəri Azərbaycan
ədəbiyyatında ilk və mükəmməl publisistik
romandır və həmin əsər Məmməd Səid
Ordubadi tərəfindən "1905-1906-cı illərdə
Qafqazda baş verən erməni-müsəlman davasının
tarixi" kimi təqdim edilir.
"Qanlı
sənələr" əsəri müəllif tərəfindən
o dövrdə çap olunan "İrşad" və
"Tazə həyat" qəzetləri vasitəsilə xalqa
etdiyi müraciətlərdən sonra aldığı 245 məktub
və erməni vəhşiliklərinin ideoloqlarından olan
Daşnaksütun partiyasının mənfur əməlləri
haqqında dörd yüzdən artıq yazılı məlumat
əsasında artırıb azaltmadan, qərəzsiz qələmə
alınmış və özünəməxsus salnamə
yaradılmışdı.
Yazıçı sözügedən əsər vasitəsilə
insanların ictimai təfəkkür sərxoşluğunu
aradan qaldırmaq, onları ayıltmaq məqsədi
üçün yazıldığını diqqətə
çatdırır. Müəllif kitabın ilk sətirlərində
bildirir: "Mən çox fəxr edirəm ki, hər cür
fitnəkar məqsədlərdən uzaq, hər növ şəxsi
qərəzdən kənar olan məktublar alıb bu məcmuədə
dərc etdim (Allah hamısından razı olsun). Ümidvaram, bitərəfanə yazılmış
bu sadə və mükəmməl tarixinə müsəlman və
ermənilərin hörmətli yazıçıları islah
nəzəri ilə yanaşıb, saf ürək, pak qəlb,
salim vicdanı ilə qəbul edib, onu başıuca edəcəklər.
Əslində, mən yazıçı deyiləm.
Fəqət, zərrənin dünyanı
işıqlandıran günəşə olan nisbəti qəbilindən
möhtərəm yazıçıların arxasınca
sürünürəm. Bunu da bütün Qafqaz millətləri
bilməlidir: mənim bu əsəri yazmaqdan məqsədim
millətimizi məsuliyyətdən qurtarmaq, insanpərvər
kimi tanıtmaq, həmçinin, erməni qonşuları məsul
tutmaq, vəhşi və insaniyyətdən uzaq bir varlıq
kimi nişan vermək də deyil. Bəs nədir? Mənim məqsədim müsəlman
və ermənilərin iki il ərzində
törətdikləri səhv və xətalarını
söyləməkdir... Bəlkə onların və
bizim bu xətalardan ötrü təəssüfə layiq bir
halda gələcək qarşısında xəcalət
çəkəcəyimizi deyib durmaqdır". Və bu fikirlərlə də yazıçı
özünün qərəzsiz məramına əsərin
son cümləsinə qədər sadiq qalır.
Erməni-müsəlman
hadisələrinin səbəbləri barədə Qafqaz,
Rusiya, Avropa və Amerika mətbuatında bir-birinə zidd məqalələr
dərc olunduğundan bəhs edən Ordubadi "Qanlı sənələr"
romanının yazılmasının dörd əsas səbəbini
oxucuların nəzərinə aşağıdakı kimi
çatdırırdı:
1.
Daşnaksütun partiyasının dinc azərbaycanlılara
qarşı Gəncə, Naxçıvan, Şuşa,
Bakı, Cəbrayıl, Cavanşir və Zəngəzur uyezdlərində
törətdiyi vəhşiliklər barədə, dinc sakinlərin
qətlə yetirilməsi, gülləbaran edilməsinə
dair çoxlu dəlil-sübut gətirilir.
2. Məhəlli hökumət məmurlarının müharibə zamanlarında etinasızlığı, ermənilərin terrorları qorxusundan bir tərəfi əldə saxlayıb, digər tərəfə növbənöv vicdansızlıqlar etməsi ilə izah olunur. Böyük Rusiya inqilabına görə mərkəzi hökumətin başı özünə qarışdığından xırda məmurlar özbaşınalığa üz qoyub erməni-müsəlman iğtişalarının sakitləşməsi üçün bir tədbirdə bulunmadılar.
3. Ordubadi müsəlmanların elmsizliyi, siyasətdən baş açmamaları, silahsızlığı və müasir işlərdən xəbərsiz olmalarını ön plana çəkir, haqlı olaraq belə bir nəticəyə gəlir ki, o vaxt müsəlman camaatı hazırlıq görüb ayıq tərpənsəydilər, erməniləri bir tənbehə uğratsaydılar, Qafqaz faciələrinə büsbütün son qoyular, müsəlmanların da təbii şücaət və rəşadəti onlara məlum olardı.
4. Ermənilərin qanlı əməllərinin səbəbini həm də onların avtonomiya - idarə muxtariyyəti həvəsində olmalarında görürdü.
M.S.Ordubadi XIX əsrin ikinci yarısında Türkiyədə baş vermiş Sasun, Zeytun və Van faciələrinin davamının Qafqaza, xüsusilə Azərbaycana ayaq açması prosesini izləyirdi. Ermənilərin Türkiyədə "münəzzəm bir Daşnaksütun partiyası təşkil və tənzim etdiklərini", onların liderlərinin öz fitnələrini həyata keçirmək üçün Amerika və Avropadan olan himayədarlarının da bu işdə az rol oynamadığını xüsusi vurğulayırdı. O qeyd edirdi ki, bunların banisi və göstəriş verəni erməni yazıçısı Arsruni idi. "Bu cənab Türkiyə şəraitinə baxıb, işin çətinə düşdüyünü görüb erməniləri Qafqaza daşımağı məsləhət görmüşdü".
Hadisələrə bu cür yanaşma erməni qələm əhlinin tarixən ara vurmaqla, xalqlar arasına nifaq salmaqla məşğul olduğuna daha bir nümunədir.
(Ardı var)
Samirə KƏRİMOVA,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi
525-ci qəzet.- 2023.- 10 yanvar.- S.14.