Senail Özkan: "Şopenhauer: Paradokslar üzərində rəqs"  

 

Əvvəlcə onu deyim ki, bu yazını duyğularımı ovuda-ovuda yazmışam. Ona görə ki, Şopenhauerə həsr etdiyim poemadan sonra keçirdiyim hisslərin ağrısını təkrar olaraq Senail Özkanın "Schopenhauer Paradokslar üzerinde raks" ("Şopenhauer: Paradokslar üzərində rəqs") kitabının Ön sözünü oxuyarkən yaşadım, hətta ürək dərmanları qəbul etməyə məcbur oldum. Deməli, Senail bəy Şopenhauerin yaradıcılığını təhlil etmək fikrində olan sadə təfsirçi deyil: - Neyçün Şopenhauer? - deyə "bu çalışmasında bütün çətinlikləri, təhlükələri, riskləri göz altına alaraq onun düşüncə aləmində mistik bir üfüq tərzi yaratmaq istəyən" sənət fədaisidir. Hisslər çox doğmadır. İstənilən hadisənin, istənilən fərdin məni yalnız bir dəfə ağlada biləcəyinə rəğmən, Senail bəy təkrar ağlatdı. Qəribədir, insan xoşbəxt ruhlar arasında xoşbəxtlikdən ölürmüş...

S.Özkanın timsalında Şopenhaueri yenidən incələmək məndə indiyə qədər qüvvədə olan sevgi konsepsiyasına qarşı yeni fikir mənbəyi yaratdı. Səkkiz aydır bir cümlə belə əlavə edə bilmədiyim romanımı davam etdirmək istəyirkən, ilkin nəzəriyyə sevdasına düşdüm.

Senail Özkan Şopenhauer haqqında mənim heç vaxt heç yerdə oxumadığım yəqinliklə yazır: "Hardan başlayırsınızsa, başlayın, heç fərq etməyəcəyiniz gizli bir bələdçi sizi mütləq şəkildə onun fəlsəfəsinin mərkəzinə çəkəcək. İstər bilik fəlsəfəsi, istər estetika, istərsə də etika olsun, onun yazdıqlarının məhvərində məlum bir nöqtəyə yetişəcəksiniz: İRADƏYƏ".

Qəribədir, S.Özkanın "Schopenhauer Paradokslar üzerinde raks" kitabında, Şopenhauerin ziddinə olaraq, xoşbəxtlik insana təsadüfün nəticəsi kimi qeyri-müəyyən müddətə borc qismində verilmir. Ona görə ki, dünyanın, həm bər-bəzəyini, həm də uzun mübarizə və çətinliklərini arxada buraxmış xalis zəka oxucuda sevinc hissi oyatmağa qadirdir.

"Dünya məndən çox şeylər öyrənib" deyən Şopenhauerin müvafiq düşüncəsini Senail min bir fikir, min bir söz, min bir etibar və ehtiramla öz kitabında təsbit edib.

İnsan onu yaxalayacaq hər cür pislikdən, həyatını darmadağın edəcək qüvvələrdən mümkün qədər xilas olmağa çalışır. Lakin "Pəncərəmin güldanlarını / Ah! Gözyaşlarımla suladım, / Qopararkən sabah erkəndən, / Bu çiçəkləri sənin üçün mən" deyə səslənən Gretchen - Hötenin "Faust" əsərində həyatın özünü həvəs və sevinclə tərk etmiş obraz - misalı, hisslərin şirinliyinə aldanıb təhlükəni unudur. Nəticədə iki cəbhə yaranır: insan və özü, öz və özgə. Bir tərəfdə daxili və xarici sərhədləri almaz kimi bərraq və qayğılardan uzaq İNSAN, o biri tərəfdə qaranlıq stixiya. Birincisi büsbütün yalan, ikincisi doğrudan doğru.

Söhbət Gretchenin çiçəklərindən düşmüşkən, Şopenhauerin tarla çiçəyilə söhbətini Senail Özkanın tərcüməsində dinləyək:

Bir gün tarla çiçəyi tapdım, gözəlliyinə, bütün hissələrinin mükəmməlliyinə heyran olub səsləndim: "Nə yazıq ki, heç kim sənin və sənə bənzəyən minlərlə çiçəyin füsunkar açılışına əhəmiyyət vermir, - az imiş kimi, hərdən heç üzünə də baxan olmur".

Çiçək cavab verdi: - Səni axmaq! Görülmək üçünmü açdığımı zənn edirsən? Başqaları üçün deyil, öz zövqüm üçün açıram, çünki xoşuma gəlir. Mənim sevincim, mənim zövqüm açılmaq və var olmaqdan ibarətdir.

Məni düşündürən Şopenhauerin çəmən seyrindən adsız çiçəyin timsalında düşündükləri yox, dərin hisslərin pıçıltısından Senail Özkanın yan keçə bilməməsidir, necə ki, mən keçə bilmədim. Təəccüb edirəm, bu hisslər müəllifi - "Schopenhaer Paradokslar üzerinde raks" kitabının yaradıcısı necə oldu ki, Şopenhauerin fəlsəfi təzadlarını heç nəyə toxunmadan sadə oxucu düşüncəsinə uyğunlaşdıra bildi. Və bütün bu işləri, tarla çiçəyi kimi, xoşuna gəldiyinə görə yox, ayrılarına da zövq vermək, başqa sözlə, "fənər kimi təkcə öz yolunu deyil, günəş kimi dünyanı işıqlatmaq" üçün hasilə gətirdi.

"Gecənin gec vaxtı heç bitməyəcək həsrət kimi bu həyat bulvarında" Şopenhaueri dinləməyə davam edən Senail, bu arada birinciyə qibtə etmək olar, ondan öz varoluşunun sirlərini öyrənir, sanki böyük filosofun zəngin təcrübəsindən yararlanmağa çalışır. Eyni zamanda mövzu ilə bağlı olan müxtəlif şair və filosofları da söhbətə cəlb edir, daha doğrusu, sonuncuların timsalında Şopenhauerlə fikir, söz yarışına çıxır. Məsələn, qüvvə anlayışını iradə anlayışının alt çoxluğuna aid edən və təbiətdə olan hər hansı qüvvəni iradə kimi anlatmağa çalışan Şopenhauer öz fikirlərinin əks-sədasını Senail Özkanın kitabında Hörderlinin iki misralıq şeirində tapır:

 

 

 

Bir dəniz dalğası qədər hürr və güclü,

Xoşbəxtlik adasındakı axar su qədər parlaq.

 

Amma Son söz Senailindir, o, aranıb-arınmaq üçün türk filosofunun fikir lisanından keçməli, xüsusi zəhmət hesabına özlüyündə var olanın məna vəhdətinə qovuşmalıdır. Fövqəladə hünərdir!

Bibimin bir sözü vardı, bəlkə də bu, atalar məsəlidir, dəqiq bilmirəm. Uşaqlığımda xoşuna gəlməyən işlərlə məşğul olsam, deyərdi: "Nədir, yenə min dərənin suyunu qatmısan bir yerə?"

Bibimin sözünü Senail Özkanın da kitabına aid etmək olar, o mənada ki, toxunmadığı, bir-birinə qatmadığı məsələ yoxdur, hamısının da çözümündən ustadcasına çıxmağı bacarır; sözün ucundan yapışıb Məğribdən ta Məşriqə qədər uzadır, fərşdən ərşə yüksəldir.

Şopenhauer Platonun "ideya", Kantın "özlüyündə var olan" kimi tanıtdırdığı termini "iradə" adlandırır, lakin "iradə" əvvəlki iki nəzəriyyə ilə üst-üstə düşmür. Filosofun "iradə" fəlsəfəsinin əsasını "iradə"dən "ideya"ya, "ideya"dan təzahürə aparan və a priori dərk olunan mexanizm təşkil edir ki, onun təbirincə, bu prosesi aydınlıqla dərk edən hər kəs, ya dahi, ya da dahilik həddinə qədər ilhamlanmış olur. Şopenhauerin dahi hesab etdiyi şəxs, bu dəfə Senailin kitabına istinad etməklə, "təbiətin nə demək istədiyini anında anlayır". Görək Senailin bu barədə fikri nədir: "Bəli, gerçək düha, həqiqi rəssam, memar, heykəltaraş, şair təbiəti olduğu kimi təlqin edən kəs deyil, əksinə, təbiətin söyləmək istəyib də, söyləyə bilmədiyini anlayandır. O, qədimilərin təbirincə desək, "qeyb"in dilidir, o təbiətin sirlərinə vaqif olan, o "lisani-hafi"ini öyrədən zəkanın dilidir".

Heç şübhəsiz, Senail "qeyb"in dilini bilməsəydi, "lisani-hafi"dən agah olmasaydı, onlar haqqında aşkar olanın mümkün, qeyri-mümkün xassələrindən bəhs etməzdi. Elə bu səbəbdəndir ki, onun "Schopenhauer Paradokslar üzerinde raks" kitabı dünyanın sonuna doğru irəliləyən düha sahibinin əbədi başlanğıc çağırışlarına bənzəyir. Senail Özkan istənilən hadisəni o qədər sadə izah edir ki... həm də yüksək mədəniyyət, təvəzökar əxlaq, milli və mədəni dəyərlər çərçivəsindən kənara çıxmadan. İnsana belə gəlir ki, heykəltaraşın yarı çılpaq, yaxud çılpaq şəkildə ərsəyə gətirdiyi heykələ Senail söz incilərilə bəzək vurub müdrikcəsinə bəyaz çiçəyin tül pərdəsi arxasında öz ideyasına qovuşdurur. Axı ideyanın materiyası olmur.

Şopenhauer yazır: "İdeyalar xalis seyr yolu ilə dərk olunurlar, bu xalis seyr obyektdə tamamilə yox olur və dahinin mahiyyəti məhz belə bir üstün seyri-qabiliyyətinə görədir".

Füzuli deyir:

Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,

Surəti-halım görən surət xəyal eylər məni.

"Şopenhauer dünyanı, iradəni, acını şərh etmək üçün bir ktab yazar, gərək olsa, bu məzmunda sistem də yaradar, amma Yunus Əmrə adında bir Anadolu şairi gəlib bunları iki kəlmə ilə daha uzunömürlü, daha təsirli ifadə edər", deyə Senail şeir ilə fəlsəfəni müqayisə edir:

 

Ah ilə göz yaşı, Yunusun yoldaşı,

Zəhr ilə bişən aşı yeməyə kim gələr.

 

Senail uyğun müqayisəni aparmaqla fəlsəfi şeir ilə fəlsəfi təfsiri eyniləşdirmək, yaxud birini o birindən yuxarı hesab etmək fikrində deyil, sadəcə Şopenhauerə istinad edərək, plastik sənətdən fərqli olaraq, möhtəşəm bir şeirin dünyanı əldən-ələ, dildən-dilə dolaşmaq xüsusiyyətini ön plana çəkir. Onu da etiraf edim ki, mən Şopenhaueri oxuyandan sonra yuxarıda qeyd edilən beytdə Füzulinin nələri qəsd etdiyini anlamışam.

Şopenhaueri təmsil edən bir cümlə də Senailin fikir lisanından yan keçməyib. Əvvəlindən axırına qədər onun külliyyatını əldən-ayaqdan salan türk filosofu nəhayətdə yorulur, resursların təbii tükənmə prosesinə məruz qalır: "Hətta bu yüksək gərginlik, tale ironiyası da olsa, sağlığıma təsir etdi... Ancaq etiraf etməliyəm ki, Şopenhauerin düşüncə dünyası, fəsəfi tərzi və metafizikası ilə mistisizm, Şərq hikməti, özəlliklə də təsəvvüf arasındakı koordinatları təsbit, bənzərlikləri heyrətlər içində kəsb etdiyimdə duyduğum həyəcan və aldığım həzz hər nəyə dəyərdi".

İstənilən əsərin ərsəyə gəlməsi üçün ideyanın dərk olunması mənbə rolunu oynayır, məqsəd isə onun ötürülməsidir. Nə xoş təsadüf ki, Senail Şopenhauer külliyatının yaranması üçün hakim olan ideyanı onun özündən də yaxşı ötürür. Heyran olmaya bilmirsən.

2022-ci ilin 22 dekabr gecəsi - bu gecə mən və Senail "iradə"dən arınmış halımızla Füzulinin "Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir, / Mən kiməm, saqi olan kimdir, meyü səhba nədir" misralarından duyduğumuz həzzin Şopenhauerin səmasız yüksəklərdən duyduğu həzzlə eyniliyindən bəhs edirdik ki, alman filosofu özünüyanımıza çatdırdı və dedi:

"...Zəhmətimin bəhrəsi saydığım bu kitabı, - "Dünya iradə və təsəvvür kimi" Dünyaya yollayıram. Çoxlu mübahisələrə səbəblər doğuracaq, Bayağı adlanacaq sayğısızlıq üzündən, ancaq uzun illərin arasında çox az-az qələbələri bayrametmələr də olacaq".

Şopenhauer 1818-ci ilin avqust ayı Drezden şəhərində "Dünya iradə və təsəvvür kimi" kitabının birinci hissəsinə həsr etdiyi ön sözdə yazır: "...O zaman ki, kitabımı sayğısızlıq üzündən bayağı və paradoksial adlandıracaqlar, uzun zaman fasiləsilə qələbəni qısa bayrametmələr də olacaq, çünki həyat qısa da olsa, həqiqət uzaqlara təsir edir və uzun ömür sürür".

Məqaləni yazmaqda məqsədim S.Özkanın alfadan başlayıb omeqaya qədər davam edən  fikirlərinə münasibət bildirmək deyil. Belə olsaydı, "Schopenhauer Paradokslar üzerinde raks" kitabının iki misli həcmində təfsir yazmalı idim. Məqsədim Türk dünyası üçün son dərəcə mühüm və əhəmiyyətli olan bu kitabın bir oxucunun da olsa diqqətinə mənim vasitəmlə yetişməsidir.

Adama belə gəlir ki, əgər uyğun ifadəni işlətmək caizsə, Şopenhauerin fəlsəfəsi yeni-yeni məkanlarda məhz bayramedənlərinin timsalında öz qiymət və şöhrətinə qovuşur. Bu şöhrətin birini də "Schopenhauer Paradokslar üzerinde raks" kitabının mütaliəsindən duyulan sonsuz zövq hissi həyata keçirir.

Senail Özkan son görüşündə onun durumunun yaxşı olmadığını görüb filosofdan ölüm haqqındakı fikirlərini sora bilmir, amma özü ölümün fövqündə olduğu üçün heyranlarının qulağına mühafizəkarcasına pıçıldayır: "Ölüm! Daha zamanı deyil. Yaxud zamanın harasında olduğu bəlli deyil".

Senail Özkana (Amin!) söyləyib uzun ömürlər diləyirik. Hələ Türk ədəbiyyatı və fəlsəfəsi onun mühakimələrinə, zəngin fikirlərinə, mükəmməl tərcümələrinə çox ehtiyac duyacaq.

 

Göyərçin KƏRİMİ

AYB-nin üzvü, şair, yazıçı-publisist

525-ci qəzet.- 2023.- 10 yanvar.- S.13.