Ünvansız məktublar
(III məktub)
"Ünvansız
məktublar" traktatının müəllifi, əsərlərindən
öyrəndiyim böyük filosof və ideoloq G.V.Plexanovun
xatirəsinə
İnsan Tanrının şah əsəridir. Tanrı "Kitabi-Dədə Qorqud"
eposumuzda belə zikr olunur: "Ucalardan ucasan, kimsə bilməz necəsən!" İnsanın İlahi vergisi olan istedad vasitəsi
ilə Sənət yaranıb. Tanrının əsəri olan
Təbiət rəngarəng
çalarlardan, predmetlərdən,
ahəngdar səslərdən
(su səsi, külək səsi və s.) ibarətdir.
Onun əsas obrazı isə "təbiətin
tacı" (Nizami Gəncəvi) olan İnsandır. Bəşər elmi, bəşər övladı insanın sirrini hələlik öyrənə bilməyib.
İnsanın gözəlliyi sehri
də elə bundadır. O şey ki, sirdir - maraqlıdır.
İnsan haqqında bir çox dürlü kəlamlar söylənilib. Mən deyirəm
ki, hər yer adamla doludur,
mən insan axtarıram. Böyük
yazıçı Maksim
Qorki deyib: "İnsan - bu söz əzəmətlə
səslənir". Belə
də deyiblər:
"İnsanın taleyini
sevgi müəyyən
edir" (U.Şekspir).
Həm də belə deyiblər: "Qorxduğum yeganə heyvan insandır"
(Bernard Şou). Dahilərdən
biri də belə deyib: "İnsanı tanımaq üçün onu sevmək lazımdır"
(Lüdviq Feyerbax). İnsanı bütün varlıqlardan yüksəkdə
saxlayan iki şey var: ağıl
və qəlb - idrak və eşq.
Məncə, insanın ən
qiymətli qazancı onun şəxsiyyətidir.
Axtardığı hər
şeyi özündə
axtara bilən adam dahidir.
İnam şəxsiyyətə
məxsus ən ali keyfiyyətdir.
Fəqət böyük şəxsiyyətlər
- alimlər, mütəfəkkirlər,
yazıçılar - sənətkarlar
məhz inamlarının
qurbanı olurlar.
Mütəfəkkir şəxsiyyətlər öz bilik və
istedadlarına güvəndiklərinə
görə (sadə və sadəlövh!) uşaq kimi saf, səmimi olur, tez aldanırlar.
Şəxsən mən inamsızlığı
özüm üçün
təhqir hesab edirəm. Əksər insanlar, xüsusən
bizi əhatə edənlər bu inamdan sui-istifadə edirlər. Sokrat deyirdi: "İnsanı həyata bağlayan onun gözəl cəhətləridir". Belə gözəl
cəhətlərdən başlıcası
İnamdır. İnam
olmasa, ünsiyyət ola bilməz.
İnsan
bəşəri vəzifəsini
yerinə yetirə bilməz.
İnam və iman - insanda bir-birini tamamlayan, şəxsiyyətdə
təməl rolu oynayan iki oxşar
xüsusiyyətdir. İnsan Tanrıdan
gəlir, din vasitəsi
ilə həyata keçir. "Din Tanrının buyruqlarını
həyata keçirmək
üçün bir vasitədir" (İmmanuel
Kant).
Peyğəmbərlər, xüsusilə dörd səma kitabının - Zəbur,
Tovraq, İncil və Quranın sahibləri - Davud, Hz Musa,
Hz İsa və Hz Mühəmməd bu vasitəyə əsaslanıb
Tanrı buyruqlarını
həyata keçiriblər.
Bir qədər neqativ desək, bəşər övladını idarə
etmək üçün
onu bölüşdürüblər.
Mən
2015-ci ildə çap
üzü görmüş
"Müdriklər bunları
deməyib" kitabçasında
birinci kəlam kimi belə yazmışam: "Biz insanları
bir-birindən ayıran
adamları müqəddəsləşdirib
adını Peyğəmbər
qoymuşuq". Bu, mənim
ömrümün 60-cı dönəmində
gəldiyim qənaət
idi...
İnam saflıq və səmimiyyət tələb
edir. İnamda belədir:
iman möminlərin başlıca xüsusiyyətidir.
Dinə inanmaq inamlı adam
üçün başlıca
şərtdir. İnam təkcə
dini bilmək, onun şərtlərinə
əməl etmək deyil, əsas odur ki, insan
daxilən gözəl
olsun. Daxili, mənəvi gözəllik,
əxlaqi saflıq, mərhəmət, xeyirxahlıq
mənəvi kamillik ifadəsi olan İmanın başlıca
əlamətləridir. Qədim türklər imana insan gözəlliyinin təsdiqi kimi baxır, heç bir işi imansız
və inamsız görmürdülər. Lakin islamın
qəbul edildiyi dövrdən - X əsrdən
başlayaraq bu iki müqəddəs duyğudan istifadə edənlər - türkün
və islamın düşmənləri müqəddəs
dinimizdə - "Quran"ımızda
deyilənləri öz
bildikləri kimi təhrif və təftiş edərək
məzhəb ayrılığı
saldılar. Böyük sərkərdə
Nadir Şah bu ziddiyyəti aradan qaldırmaq üçün
xüsusi islahatlar apardı, müsəlmançılığın
düşmənlərinə xüsusən Hilal və Xaç arasındakı tarixi təfriqəyə rəvac
verən Avropanın xristian dünyası bu gün də
bu ayrılığı
bəsləyib cücərtməkdədirlər.
Müasir dünyada yaşayan böyük türk oğlu Murad Ayqu özünün
XX əsrin 80-ci illərində
Moskvada çap olunmuş "Polınğ
Poloveükoqo polə"
("Qıpçaq çölünün
yavşanı") kitabında
sübut etdi ki, Slavyan dünyasına
xaçı və ikonanı qədim türklər gətirmişlər.
Qədim
türk inanclarına görə fırlanan xaç Günəşin
simvolu idi.
1064-cü
ildə Sultan Toğrulun
ölümündən sonra
36 yaşında taxta çıxan Alp Arslan
1071-ci ilin avqustunda tarixi Malazgird döyüşündə 54 min türklə Bizans İmperatoru Roman Dioenin 200
minlik ordusunu məğlub edib özünü əsir aldı. Qızıl Xaçın əvəzinə
Anadoluya türk bayrağı sancdı, xaçı isə islam dünyasının
baş qərargahına
- Bağdada Xəlifəyə
göndərdi. Odu-budu öz
xaçımız özümüzə
düşmənçilik rəmzinə
çevrilib.
İnsanın böyüklüyü, "yaranmışların
əşrəfi" (Nizami
Gəncəvi) olması
ondadır ki, böyük şəxsiyyətlər
həmişə öz
yanında onun Ruhunu idarə edən fövqəl qüvvəni görə bilir. Bu baxımdan böyük
türk sufi
şairi və mütəfəkkiri Mövlanə
Cəlaləddin Ruminin
(1207-1273) görüşləri xüsusilə maraq doğurur. İnsanın varlığı yaradanın ruhu ilə qidalanır. İnsanda Allahın varlığından
bir qərrə var, Nəsimi demişkən, o bir dünyada yaşasa da, onda iki
dünya yaşayır.
Mövhumat, xurafat, fanatizm!
Son zamanlar xüsusilə
dəbə keçmiş,
fəallaş-mış bu
anlayışların İslam
dininə, ümumiyyətlə,
dinə dəxli yoxdur. Bu, süni,
fəqət cazibədar
anlayışlar maarifdən
uzaq, savadsız adamları yetərincə
qidalandırır.
Bu məfhumlar Zaman,
Məkan və İnsan tanımır, həmişə gərəkli
anlayışlar kimi zahiri formasından asılı olmayaraq nadanlığı qidalandırır. Mövhumat,
Xurafat, Fanatizm eyni sindromun tərkib hissələridir,
məzmunu dini şəxsiyyətləri, xüsusilə
şiə imamlarını
şişirtməkdən ibarətdir.
Avam kütləyə hiyləgər
və bisavad din xadimləri tərəfindən
müxtəlif (fantastik!)
hədislər, qissələr
şəklində çatdırılır,
cazibədar olduğu üçün inandırıcı
təsir bağışlayır.
Necə deyərlər, yalan ayaq tutur və
yeriyir. Bütün bu proseslər
Azərbaycanda da hələlik mövcud olmaqdadır.
Bu gün Azərbaycan cəmiyyətinin güclü maarifçilik işinə ehtiyacı var. Bu vacib iş uşaq bağçalarında, orta məktəblərdə, ali məktəb - universitet və akademiyalarda sistemli şəkildə aparılmalı, bunun üçün gecikmədən Dövlət proqramı hazırlanmalıdır. Bununla yanaşı, cəmiyyətimizə həqiqi ziyalı sözünün çəkisi artırılmalı, ziyalılar kasıbçılıq həddindən xilas edilməlidir. Yazıçılar Birliyində, Rəssamlar İttifaqında, Bəstəkarlar İttifaqında, Milli Elmlər Akademiyasında istedadlı müəlliflərə, bədii-fəlsəfi cəhətdən dəyərli əsərlərə qonorar təyin etmək imkanı olan Elm və Yaradıcılıq fondları yaradılmalı, bədii-fəlsəfi və elmi-nəzəri cəhətdən qiymətli əsərlər Dövlət hesabına nəşr olunmalıdır. Bütün bu işlər Türkçülük və Azərbaycançılığın vəhdətinə əsaslanan, sivil dünya dəyərlərinin ehtiva edən vahid milli ideologiyaya uyğun görülməlidir. Müəllim sinfində Vətən, Zəfər, Millət, Dövlət, Xalq haqqında istədiyi kimi danışmamalı, gənclərə Bütöv Azərbaycanın tarixi və taleyi haqqında obyektiv bilgilər verilməli, Azərbaycanın tarixi sərhədləri haqqında Əbu Cəfər Təbərinin Dərbənddən, Borçalıdan, Göyçədən Zəncana, Həmədana qədər ərazini əhatə edən xəritəsi təqdim olunmalıdır. Biz bu xəritəni "Azərbaycançılıq" (2006) kitabında vermişik. Yalnız bu zaman gənc nəsildə Azərbaycan haqqında tam təsəvvür yarada bilərik. Dediyimiz ərazilərdə Azərbaycanda yerin altı qiymətli sərvətlərlə doludur, yerin üstündə isə ən qiymətli sərvətimiz insanlardır. Hər ikisinin zamanında qədrini bilməliyik.
Mənim doğulduğum Quba rayonunun qədim türk obası İspik (yəqin ki, İskim!) çoxlu Pirlərlə əhatə olunub. Fikrimcə, onların bir çoxu qədim türk inancları ilə, bəziləri də Səfəvi zamanı ilə bağlıdır. Qızılbaşlar "şahım", "hökmdarım" demirdi, "mürşüdüm", "pirim" deyirdi. Pir - müdrik qoca mənasındadır, mənsub olduğu əhalinin içərisində nüfuz və hörmətə malik düşüncəli adamları vəfat edəndə onun məzarı müqəddəsləşdirilib ziyarətgaha çevrilirdi. Bu gün də bizim kənddə müəyyən günlərdə Hacı Mahmud ziyarətgahına, Bayrambək babaya, Kolaq dağa (rəvayətə görə, burada 66 övliya dəfn olunub!), Dücəl pirinə, Nəlbəki pirinə ziyarətə gedirlər. Bununla yanaşı, qədim Alban-türk dövlətindən qalan dağ kəndlərinin - Buduqun, Zeydin, Hamutun, Cekin, Əlinin, Xınalığın öz pirləri - ocaqları var. Mənim nəslim övliyə nəslidir, ulu babam Pirəqələmin məzarı İspik kəndində, Hacı Mahmud pirinin ərazisində yerləşir, ziyarətgah yeridir. Hələ orta məktəbdə oxuyanda yaşlı kənd arvadlarının dilindən bir deyim eşitmişdim: "Qürtümüşkə". Bu ifadəni bir fikrə inam yaratmaq üçün, doğruluğunu təsdiq üçün and kimi işlədirdilər. Sən demə, bu söz "Türk demişkən" ifadəsinin ləhcəvi deyim tərzidir. Deməli, türk demişcə haqdır, həqiqətdir. Bir neçə il öncə böyük alimimiz akademik Nizami Cəfərovla Ankarada hotelin qarşısında dayanmışdıq. Lap yaxınlıqda iki türk söhbət edirdi, onların danışığının doğmalığı diqqətimi çəkdi, hətta bir az kövrəldim: bu türklər eyzən İspik ləhcəsində danışırdılar. Kövrəlməyimin səbəbini soruşanda bunu Nizamiyə dedim...
Sonra məqalələrimdə belə yazdım: Dünya ona görə gözəldir ki, orada türklər yaşayır. Harada türkcə danışıq eşidirəm, dönüb ora salavat çəkirəm, türkün səsi gələn tərəf mənim kəbəmdir.
Bu gün
dünyada 40 adla yaşayan türk milləti
idealdan həqiqətə - Turana doğru hərəkət
edir.
Nizaməddin
ŞƏMSİZADƏ
Dövlət
mükafatı laureatı, Əməkdar elm xadimi
525-ci qəzet.- 2023.- 10 yanvar.- S.12.