Amerikanın 21 günlük kəşfi
(1-ci yazı)
Amerika
Birləşmiş Ştatları hər zaman diqqət mərkəzindədir.
Fərqi
yoxdur, düşünülmüş şəkildə, yaxud
işin gedişi bunu tələb edir, əsas odur ki, bu ölkə
hər zaman aktual olmağı bacarır. Buna görə də, onun kəşfi
deyəndə müəyyən mənada rişxənd yarada
bilər: "Görünən dağa nə bələdçi?"
Ancaq məsələ burasındadır ki, bu
dağ görünmür, okeanın o tayındadır və kəşf
üçün bələdçi tələb olunur. Yoxsa elə Xristofor Kolumb kimi, "Qərbi
Hindistan" (Vest İndia), yaxud "Yeni Dünya" adı
ilə kifayətlənərdik. Düzdür,
bu gün o uzaqları yaxın edən faktlar, hallar çoxdur
- uşaqlarımız orada tələbədir, kiminsə
doğmaları orada yaşayır, kimsə tətilini orada
keçirməyə üstünlük verir. Bu mənada, bəlkə də mənim "kəşfim"
sonuncu yerlərdən birində durardı. Ancaq məqaləmin
məqsədi başqadır - hamının bildiyi həqiqətlərə
bir az fərqli bucaqdan işıq salmaq.
Birləşmiş Ştatlar həmişə getmək
istədiyim ən sonuncu ölkə olub. Həm
uzaqlığına, həm də məni ora bağlayan hər
hansı bir mənəvi xətt görmədiyimə görə.
İllər əvvəl baş vermiş kiçik
bir hadisə isə ümumiyyətlə məndə ora olan həvəsi
öldürmüşdü. Mənim Azərbaycan
fəlsəfəsi ilə bağlı layihəm Georgetovn
Universitetinin bir fəlsəfə professoru tərəfindən
qəbul edilmişdi. Donor təşkilat
müsahibə üçün görüş məkanı
Tiflisi seçmişdi. Görüşdə salamlamadan
sonra ilk sual təxminən belə oldu: "Azərbaycanda fəlsəfə
var ki, onun da bir layihəsi ola?!"
Cavabım o qədər də onların ürəyincə
olmadı: "Qarşınızda oturmuşamsa, deməli,
var. Nə qədər ki, bizim araşdırmaçılar
başqa millətin nümayəndələrinin diktəsi və
yardımı altında hərəkət edəcək, təbii
ki, olmayacaq. Məhz öz kökünü
tapıb onun fəlsəfəsini inkişaf etdirmək
lazımdır ki, belə suallarla qarşılaşmayasan.
Layihədə məqsədim də budur".
Sualın məqsədli verildiyi gün kimi
aydın idi. Həmin dövr
üçün bəlkə də haqlı sual idi. Layihəni qazanmaq üçün daha diplomatik, daha
siyasi cavab verə bilərdim, amma vermədim. Sualdakı rişxəndə dözmək istəmədim
və təbii ki, qrantı da qazanmadım.
Cavabımdakı rəyim isə hələ də qüvvədədir:
öz milli-mənəvi dəyərlərinin fəlsəfəsini
bilməyən millət başqa maraqların yeminə, quluna
çevrilməyə məhkumdur.
İllər sonra Bakı Amerika Mərkəzi ilə
uğurlu bir əməkdaşlığa başladıq. Ardınca
Amerikanın Azərbaycandakı səfirliyinin təşəbbüsü
ilə İVLP (Beynəlxalq Ziyarətçi Lider Proqramı) çərçivəsində
ora səfər etmək imkanı yarandı və 21
günlük okeanın o tayının qonağı oldum.
İlk dəfə idi ki, içimdə neqativ
hisslərlə hara isə səfərə gedirdim. Bəlkə də bu, işin xeyrinə oldu - hər
şeyə obyektiv, emosiyasız, soyuq düşüncə ilə,
hətta tənqidi baxa bilirdim. Mən
düşünürdüm ki, heç nə yazmaram,
çünki ruhumu dindirəcək şeylərin
olmasından əmin deyildim. Ancaq bu dəfə
ruhum yox, ağlım danışmaq ehtiyacı duydu. Zatən Birləşmiş Ştatlar
duyğuların deyil, düşüncələrin ölkəsidir.
Səfərimiz ciddi bir məntiqi ardıcıllıqla təşkil
olunmuşdu və bir-birini tamamlayırdı. Təxminən
altı Ştata getdik. Təşkilatçılar
maksimum dərəcədə Amerikanın ümumi portretini
yaradacaq görüşlər təşkil etməyi
bacarmışdılar. Hər
görüşün bir məqsədi var idi. Hətta ən maraqsızının da bir
missiyası var idi. Buna əminəm və
həqiqətini dərk edirəm. Sanki
beyinləri hazırlayıb sağlam toxumlar səpdilər və
cücərəcəyini səbirlə gözləyəcəklər.
Rəsmi
Birləşmiş Ştatlar, yaxud ...üçayaqlı kətil
İlk məkanımız ölkənin paytaxtı
Vaşinqton oldu və müvafiq olaraq burada dövlətin rəsmi
siyasəti, idarəçiliyi haqqında məlumatlar verməyə
çalışırdılar. Dövlət Departamentində ölkəmizdə
dini durum, Ermənistanla münaqişədə qeyri-obyektiv
qiymətləndirmələrin, hesabatların
kökünü öyrənəndə və rəsmi şəxsə
bütün həqiqətlərimizi söyləyəndə
özümüzü qəhrəman hiss elədik, Meyson
Universitetinin professorunun bizim Konstitusiyanı öyrənməyinə
baxmayaraq, LGBT-nin rəsmi qəbul etmədiyimə təəccüblənməsinə
təəccübləndik, bizi qəbul edən təşkilatların
rəhbərlərinin, nümayəndələrinin Azərbaycana
gəlməyinə sevindik. Bir sözlə,
yalnız adını eşitdiyimiz şeylərə bilavasitə
şahid olmağımızın bütün
emosiyalarını yaşadıq. Məni həqiqətən
heyrətə gətirən isə Birləşmiş
Ştatların dövlət (federal) siyasəti oldu. Sən
demə, 233 il bundan qabaq cəmi 7 bənddən
ibarət Konstitusiyanı qəbul edən və onu heç
vaxt dəyişməyən Dövlətin cəmi 3 prinsipi
varmış: müdafiə, xarici siyasət və pul (dollar). Öz qanunları, prinsipləri ilə yaşayan,
öz demokratiyası-korrupsiyası, ədaləti-ədalətsizliyi
ilə var olan 51 Ştatı bu 3 prinsip birləşdirirmiş.
Mürəkkəbliyi ehtiva edən sadəlik.
Bir masanın möhkəm dayanması
üçün dörd ayağa ehtiyac olduğuna o qədər
inanırıq ki, bunun üç olduğunu görəndə
istər-istəməz heyrətlənirik. Eşitdiklərim
və oxuduqlarım arasında uyğunsuzluq yarandı, beynimdə
suallar aşıb-daşdı. Dövlət siyasətini,
idarəçilik prinsiplərini bizə izah edən Əkrəm
Eliasa - beynəlxalq əlaqələr üzrə 40 ilə
yaxşın təcrübəsi olan ekspert və "Capital
Communications Group"un Prezidentinə
yanız bu sualı verə buildim: "Birləşmiş
Ştatların İraqa, Vyetnama, Əfqanıstana daxil
olması hansı prinsipə aiddir?" Cavab: "Müdafiə!
Biz artıq etitaf etmişik ki, İraqa
müdaxilə Amerika Dövlətinin səhvi idi". Yalnız bumu?! Sən demə, hansısa Şərq
ölkəsində qadınların hüquqlarının müdafiəsi
üçün küllü miqdarda pul ayıran ölkənin
əksər (bəlkə də bütün) Ştatlarında
qadınların maaşı kişilərə nisbətdə
aşağı imiş; bir Şərq ölkəsində
jurnalistin hüquqlarının pozulmasını
qloballaşdıran, dini hüquqların pozulması
haqqında hesabatlar yazan məmurların öz ölkəsinin
hansı isə Ştatında qaraların ağlarla eyni məktəbə
getməməsi üçün dövlət məktəblərinin
sayı az imiş, ağ və qaralar fərqli kilsələrə
gedirmiş. Yaxşı ki, bu suallar ilk günlər
yarandı, çünki sonralar cavablar tədricən
öz-özünə yaranırdı. Vaşinqtondan
başlayıb Nyu Yorkda bitən səfər müddətində
dinlədiyim mühazirələr, iştirak etdiyim polemikalar,
getdiyim qonaqlıqlar, hətta küçə gəzintiləri
nəticəsində anlaya bildim ki, Birləşmiş
Ştatlar daxildə bütünlüklə əhalinin öz
ixtiyarına buraxılmış bir ölkədir - "necə
xoşdur, elə də var olun", yetər ki, bir-birinizə
zərər verməyin. Xaricdə isə o,
... "bizə necə xoşdur, elə var olun"
prinsipi işləyir. İlk baxışda bir ədalətsizliyin
olduğunu düşünürsən, sonra görürsən
ki, kifayət qədər uğur qazanmış bir ölkə
başqalarının da eyni yolla getməyini istəyir.
Birləşmiş Ştatları nisbətən daha
yaxından tanıdıqca, orda nə qədər fərqli
millətin əmin-aman şəkildə yanaşı
yaşadığının şahidi olduqca, belə qənaətə
gəldim ki, Amerika Dövləti bütün dünyaya elə
öz Ştatları kimi baxır, onları da elə eyni
prinsiplərlə birləşdirmək istəyir.
Bəli, ilk tanışlıq zamanı məhz
üçayaqlı kətil təsəvvürü
yaranmışdı. Daha sonra diqqətli müşahidə
göstərdi ki, kətilin dördüncü ayağı
onun üzərində oturan hər amerikalının öz
ayağıdır. Hər şəxs həm
öz hüquqlarını, həm də öhdəliklərini
bilir, işindən, vəzifəsindən asılı olmadan
ölkənin həyatında özünün haqlı olaraq əhəmiyyətli
rol oynadığını düşünür, qanunlara riayət
etməyi özünün yüksək
yaşayışının təminatı bilir. Bir sözlə, hər şəxs özünü
oturduğu kətilin "dördüncü ayağı"
olduğunun məsuliyyətini dərk edir.
Sonsuz
azadlıq və ...maskasız üzlər
Amerika deyəndə ilk növbədə yada demokratiya,
azadlıq düşür. Ən yüksək
azadlıq heykəli təsadüfən Nyu Yorkda deyilmi?! Həmin heykəli görməsəm də,
azadlığın iki üzünü görə bildim.
Avropada təqribən
12-13-cü əsrlərdə qəbul edilmiş və sonradan
insan hüquqları deklarasiyasında da əksini tapmış
aksiomlara görə "sənin azadlığın
başqasının azadlığının
başladığı yerdə bitir" və "sən
başqasına zərər vurmadan hər şey (!) edə bilərsən". Dəqiqləşdirim:
söhbət fiziki zərərdən gedir. Birləşmiş
Ştatlarda bunun real təcəssümünü
gördüm. Bu azadlığın verdiyi imkandır ki,
Şükran bayramında (elə başqa günlərdə də)
Ağ evin qarşısında bir evsiz, yaxud bir təşkilat
rahat-rahat, hətta musiqi sədaları altında Prezidenti
söyür, şüarlar səsləndirir, keşiş kilsənin
tribunasından istədiyi çağırışları
edir, ürəyi istəyən, imkanı çatan kilsə, məbəd
açır, 2-3 günə biznes qurur. Bütün bunlarla bərabər,
sabit bir prinsip hakimdir: hər kəs şəxsi "sərhədlərini"
yaxşı tanıyır və hətta baxışlarla da bu
sərhədin pozulmamasına diqqət edir. Buna görə də,
göz-gözə gələndə, bir az
artıq tamaşa edəndə gülümsəmək, salam
vermək, üzr istəmək, öz xoş niyyətini
bildirmək yazılmamış qanunlar silsiləsinə aiddir.
Burada incə, amma çox vacib bir məqam var: öz sərhədini
bilməyən, tanımayan, qorumayan şəxsin "ərazisi",
təbii ki, işğal olunur və bunda kimi isə
günahlandırmaq olmaz. Düşünürəm
bu, məişətdə yox, elə siyasətdə də belədir.
Öz sərhədinin varlığı ikinci azadlıq
hissini də "açıb buraxır". Birləşmiş
Ştatlarda kimsə kiminsə gözündən pərdə
asmaq, cəmiyyətə ağıllı, yaxşı, ideal təsir
bağışlamaq yükü daşımır. Buna görə də, ətrafında sözün hərfi
mənasında hər cür insan görmək
mümkündür. Bu azadlıqdır ki, adi vətəndaş
özünü Prezidentdən daha şanslı hesab edir:
çünki maskasız gəzmək, özü olmaq
şansı var! Maneəsiz olaraq içi tamamilə
üzdə olan insanların zahirinin bir əhəmiyyəti
qalmır. Əlbəttə, kiçik cəmiyyətlərdə,
müəyyən maraqların hökm sürdüyü şəraitdə
lazımi maskalar, vacib təbəssümlər taxılır.
İlk baxışda düşünmək olar
ki, emosiyalar düşüncələrdən daha azaddır,
ancaq deyil, çünki hər emosiya bir fikrin üz
qabığıdır. Amerikalıların
coşqun emosiyaları, mimikaları, enerjili hərəkətləri
məhz həmin maraqların "reklam" hissəsidir.
Təkrar edim: amerikalılar duyğu insanı deyil. Bir
satıcı qız səndən hal-əhval tutursa, ona cavab
verməyə həvəslənmək lazım deyil: onu sənin
həyatında yox, pul qabında olanlar maraqlandırır - o,
biznes siyasətinə uyğun olaraq müştəri ilə
dil tapıb ona mal satmaq istəyir. Ancaq bir şeyə çox
təəccüb elədim: heç bir yerdə Avropada tez-tez
eşitdiyim "sənə necə kömək edə bilərəm?"
sualını eşitmədim. Bəlkə
arxasında dura bilməyəcəkləri sualı vermək
istəmirlər?!
Bəli, amerikalılar həm öz şəxsi sərhədini,
həm də Amerikanın sərhədlərini yaxşı
bilirlər. Ancaq bu, özünü bütün dünyanın vətəndaşı
(bəlkə də sahibi) hiss etməyə mane olmur. O,
çox gözəl anlayır ki, dünyada əksəriyyətin
arzusu, xəyalı olduğu ölkədə yaşayır və
bunu bütün halı ilə bəlli edir. Vaşinqtonun
küçələrindəki evsizlərin belə
simasında həmin mimikanı gördüm. Hiss edirsən
ki, onun vəziyyətinə kömək edə biləcək
biri ilə rastlaşanda bu üz ifadəsi başqa ola bilər. Səninlə - onun
bu vəziyyətinə heç bir şəkildə aidiyyəti
olmayan bir vətəndaşla isə tam bərabərhüquqlu,
hətta yuxarıdan aşağı baxmağı bacarır.
Məsələn, San Marinoda bizə xəbərdarlıq
elədilər ki, qətiyyən evsizlərə yemək vermək
həvəsinə düşməyək, çünki onlar sənin
yemədiyini yeməz və səni təhqir edə bilər.
Amerikadakı azadlığı bənzərini yalnız
okeanın sahilinə gedəndə anladım. Böyük ərazisi,
əhalisini müxtəlif millətlərdən olması,
ştatlarında fərqli qanunların işləməsi,
bütün dünyanın bura ilə hesablaşması ilə
Birləşmiş Ştatlar Sakit okeanı xatırlatdı mənə.
Sanki məkan özü azaddır, sonsuzdur.
Bir amerikalının həvəslə dediyi kimi, hələ
200 milyon adam da gəlsə, burda hamıya
yer çatar. Bəlkə ona görə hamı bura -
genişliyə can atır? Ancaq bu böyük
çöllərə, nəhəng meşələrə,
insanlardan qorxmadan qaçan sincablara, ceyranlara baxdım və
hiss elədim ki, burada əhali ilə məkanın ruhu fərqlidir.
Bəli, burada süni, ancaq sabit bir amerikalı ruhu
var, ancaq o, təbiətin ruhu ilə doğma deyil. Təbiətlə eyni ruhu daşıyan insanları
görmədim deyə, düşüncələrimi dəqiqləşdirə
bilmədim. Duyduqlarım irrasional səviyyədə
ilişdi qaldı.
"Sənin
dinin səndə, mənim dinim məndə" (Quran 109/6)
Bir dəfə Vatikan Universitetinin professoru mənimlə
söhbət zamanı demişdi ki, "Siz müsəlman
olsanız da, İslam prinsiplərini biz sizdən çox tətbiq
edirik". Birləşmiş Ştatlarda həmin cümlə
təkrar yadıma düşdü və anladım ki,
buradakı dini icmalar bilavasitə Quran surəsinə istinad etməsələr
də, ilahi ədaləti qəbul edirlər. Bunu car çəkməyə ehtiyac yoxdur, bir-birlərinə
olan münasibətə, başqasının dininə olan
tolerantlığa baxmaq kifayət edir.
Amerikada fərqli
şəhərlədə müxtəlif dini icmalarda olduq:
mormonların, baptistlərin, katoliklərin kilsələrində,
hind məbədində, islam və yəhudi
icmalarında. Hər biri bu dünyaya baxışımıza
bir rəng qatdı, hər biri öz inancını əminliklə
bizə təbliğ elədi, kitablarını hədiyyə
etdi, müqəddəs dəyərlərini anlatdı,
suallarımıza cavab verdi. Baptistlərin
çoşqulu, musiqili, az qala tavana yüksələn
emosiyalarla dolu ibadətlərindən sonra hind məbədi
sakit, dünyanın boş gurultusundan uzaq bir hücrə təsiri
bağışladı; mormonlar bizə öz peyğəmbərlərinə
gələn vəhylərdən danışıb bu dinin bəşəriyyət
üçün yeganə çıxış yolu
olduğunu izah elədikləri halda, yəhudi icmalarında
dinlərinin mahiyyətini şərh eləməyə ehtiyac
duymadan öz dəyərləri ilə cəmiyyət
üçün necə xeyir verdiklərini rəqəmlərlə
göstərirdilər. Bütün bunların
fövqündə isə bir həqiqət durur - insanın həqiqi
inanc sahibi olmağı onun cəmiyyətə, xüsusilə
evsiz, kimsəsizlərə etdiyi xidməti - verdiyi ianələri
ilə ölçülür. Doğrusu,
burada mənim anlamadığım, daha dəqiq desəm,
dolaşıb qaldığım bir məqam yarandı. Rəqəmləri dəqiqləşdirmədən
bildirim ki, əldə etdiyi gəlirdən xeyriyyə
fondlarına, ianələrə müəyyən məbləğ
ayıran şəxslər vergidən azad olunurmuş. Belə olan halda, verilən ianələr inancın,
yoxsa qazancın, bəlkə də qazanca inancın göstəricisidir?
Sonra, "əhəmiyyətli olan bir evsizin
qarnının doymasıdır", - deyib iqtisadiyyata baş
qoşmadım.
Amerikada kimsə səndən hansı inanc
sahibi olmağın haqqında sual verməz, çünki
qeyri-etik sayılır. Ancaq öz dini inancını da rahat-rahat
söyləyə bilərsən, məbədini yarada bilərsən,
kimsə səni qınamaz. Bizi maraqlandıran, təbii ki,
İslama münasibət oldu. Məlumata görə,
1935-ci ildə qanunun və asayişin bərqərar edilməsində
rol oynamış 18 ən böyük tarixi liderinin Amerika Birləşmiş
Ştatları Ali Məhkəməsinin binasının
içindəki mərmər üzərində verilən təsvirləri
arasında Məhəmməd peyğəmbərin də rəsmi varmış. Yaxud Los Ancelesdə Ulduzlar
Xiyabanında məşhur boksçu Məhəmməd
Əlinin ulduzunu yerləşdirmək istəyəndə o,
İslam peyğəmbərinin adının ayaqlar altında
olmasına etiraz etmiş və istisna olaraq onun ulduzunu divara
yerləşdirmişlər. İstənilən şəhərdə
Meksika, Yaponiya, Tailand və daha haranın isə mətbəxi
ilə yanaşı, üstündə "Halal"
yazılmış bir kafe də görmək
mümkündür və bu, kimi isə təəccübləndirmir.
Gördüklərimizlə öyrəndiklərimiz bir az fərqləndi.
Vaşinqton şəhərində dini icmalarla,
qaçqınlarla işləyən bir QHT sədri öz təşkilatının
uğurlarını sadalayanda mənim: "Bəs müsəlman
qaçqınlarla necə,
çalışırsınızmı?" sualımdan
çaşdı, sonra: "Xeyr, onlar digərləri kimi
deyil", - cavabını verdi. Orange şəhərində
"Bəyan" İslam İnstitutunun qurucusu və prezidenti
Cihad Türklə görüşəndə ona bu
sual-cavabımızı danışdım və səbəbini
soruşdum. Cavab təqribən belə oldu: "Biz müsəlmanlar
heç öz aramızda birlik yarada bilmirik. Burada da cəmiyyətdə
ən çətin inteqrasiya olunan toplu məhz müsəlmanlardır".
Həmin İnstitutda öyrəndiyim daha bir fakt isə məni
ümumiyyətlə təəssüfləndirdi. Dövlət məktəblərində 7-ci sinifin
"Dinlər haqqında məlumat" kitabında hər din
haqqında qısa məlumat verilir və onu təmsil edən
bir görkəmli şəxsiyyətin rəsmi verilir. 1991-ci
ildə İslam haqqında məlumat olan səhifədə
yalnız dəvə rəsmi var imiş. Müsəlman
İcmalarının 8 illik mübarizəsindən sonra
İslam aləmini təmsil edən heyvan rəsmi mücərrəd
islam aliminin rəsmi ilə əvəz edilib. Ürəkağrıdan
məlumatdır. Bu qarşılıqlı
barışmazlığın səbəbi nədir? Müsəlmanın
üçayaqlı kətilin dördüncü ayağı
olmaq istəməməsi nədən qaynaqlanır? Yaşamaq
üçün seçdiyi ölkənin həyatından
uzaq qalmasının alt qatında nələr var? Bildiyi
müsbət şeyləri paylaşmaq, olduğu cəmiyyətin
xeyirli təcrübələrini mənimsəməkdə zərərli
nə ola bilər? Prinsipləri tolerantlıq, barış
üzərində olan bir dinin nümayəndələri cəmiyyətdə
niyə bu qədər təcrid olunur?
Könül
BÜNYADZADƏ
AMEA-nın
fəxri üzvü
525-ci qəzet.- 2023.-
10 yanvar.- S.10;11.