Florensiya şəhəri və Mediçi
sülaləsi
(Əvvəli
ötən çərşənbə sayımızda)
Ərinin bir qəşəng
əmisi oğlu var idi. İzabellanın nəcib
keyfiyyətləri onu vəcdə gətirirdi və o, qıza
vurulmuşdu. Bu, onu İzabellanın məşuqu
etdi və qızın məhkum edilməsinə səbəb
oldu. Namus motivi adətinə müvafiq
olaraq qız öz qardaşı və əri tərəfindən
sanksiyaya məruz qaldı. Onların hər ikisi
arasında ambivalent saziş bağlandı və onun nəticəsi
kimi onlar bu gözəl qız barədə ölüm
hökmünün çıxarılmasına nail oldular.
İzabellanın ərinin öz arvadının ölüm
anını mütləq görəcəyini hiss edən
qızın qardaşı, bacısını nəzakətlə
Serrato Quldiyə məxsus olan villaya dəvət etdi və onu
məcbur etdi ki, gecəni villa sahibinin yatağında
keçirsin. Bu biabırçı və
qeyri-adi tələb İzabellanı çox şübhələndirdi
və qız yataq otağına girəndə öz ərinin
intiqam saçan əli ilə boğuldu və qətl nəticəsində
həyatı tərk etdi.
Françesko
hər iki cinayəti Eleanor və İzabellanın
zinakarlığına qarşı namusu qorumaq cinayətləri
kimi qiymətləndirərək, bu əsasda işin
mühakimə edilməsinə nail oldu.
Françesko həyatı sevirdi, bu, demək olar ki, həzzə
vurğunluğa bərabər idi. Onun başını
qeyri-adi gözəlliyə malik olan Blanka Kapello adlı
venetsiyalı kübar bir qadın elə gicəlləşdirmişdi
ki, Françesko onu sitayiş obyektinə, kumirə
çevirmişdi. Qız ata evindən
florensiyalı cavan bir kasıb oğlanla
qaçmışdı, hətta buna görə həmin
adamın öldürülməsi üçün qatilə
iki min florin məbləğində mükafat da vəd
edilmişdi. Bu diribaş oğlan isə hətta
saraya da daxil olmağı bacarmışdı və onu elə
sarayda da öldürmüşdülər.
Françesko hətta arvadının yanında da öz
məşuqəsi Blanka ilə eşq oyunlarına
girişirdi. İki ay sonra, 1579-cu ildə Hersoqun arvadı
öldü. Françesko yeni
nikahını tam gizli şəkildə bayram etdi və
sonrakı ilin oktyabrında bu nikah ictimai qaydada bağlandı.
Blanka Toskana Böyük Hersoginyasına çevrildi və bu
mövqeyini doqquz il ərzində
saxladı.
1587-ci ilin oktyabrında Blanka və Françesko birlikdə
Poccioya getdilər. Burada Böyük Hersoqu soyuqdəymə
ilə isitmə tutdu. O tələb etdi ki, onu yalnız
öz dərmanları ilə müalicə etsinlər. Onların isə səmərəli olmadığı,
hətta təhlükəli olduğu əvvəlcədən
bilinirdi və həmin dərmanlar onu ölümə
yaxınlaşdırdı.
Blanka da isitmə xəstəliyi keçirdi,
Françesko oktyabrda öləndə, bu qadın altı
gün idi ki, əzab çəkirdi. Ərinin başına
gələnləri öyrəndikdən sonra özü də
vur-tut 11 saat fasilə ilə ərinin arxasınca o dünyaya
yollandı.
Ferdinando bu vaxt onların olduğu Kajano villasına
göndərildi ki, bir sıra siyasi məsələlər
üzrə qardaşının razılığını
alsın. Qardaşlar arasında münasibətlər o qədər
də yaxşı deyildi və Françeskonun ölümü
Ferdinandoya taxt-tac təklifi ilə nəticələndi. Bir şayiə də gəzirdi ki, onu öz
qardaşı və qardaşının arvadı zəhərləmişdir.
Hadisənin sənədləri bu ittihamı
sübut etmir, Böyük Hersoqu və Böyük
Hersoginyanı təbii ölümə aparan bir xəstəliyin
olduğunu təsdiq edir.
Dünyəvi həyata meyl edən Françesko öz
maraqlarını izləməyə qadir olmamaqla, Vekkio
sarayında yeni kiçik otaq sifariş vermişdi. Kiçik
kabinetlər nadir və maraqlı obyektlərlə dolu idi.
Otağın dizaynı dörd elementi - yeri,
suyu, havanı və odu təsvir edirdi. Rəssamlar
içərisində Vazari də var idi. Françesko
sonralar 1583-cü ildə flamand heykəltaraşının
"Sabinli qadınların oğurlanması" heykəl
qrupunu burada qoydurmuşdu. O, büllur əşyaları
və qiymətli daşları çox sevirdi. Şərq
farforunun (çini qablarının) istehsal texnologiyası onun
himayəsi altında tətbiq və inkişaf etdirilirdi.
Nəticədə, Mikelancelonun "Dustaqlar"
heykəlinin Boboli bağlarının mağarasında
qoydurdu. Burada qaya qəlpələri,
balıqqulağılar və salaktitlər təəssürat
bolluğu ilə bir səhnə effekti yaradırdı.
Böyük
Hersoq Ferdinando
I Ferdinando 1583-cü ildə 14 yaşında olarkən
kardinal edilmişdi, 1587-ci ildə qardaşı öldükdə
özünə varis qoymadığından, yenidən
kardinallıqda qalmaqla Böyük Hersoqa çevrilmişdi.
Ferdinando Romadakı papa sarayında keçirdiyi illər
ərzində siyasətçi və diplomat istedadına
yüksək dərəcədə yiyələnmək
instinktlərini nümayiş etdirirdi.
Kilsəyə xidməti onda böyük inam
yaratmışdı, o, dövrün xronikalarında lazım
olanları istifadə etmək üçün
araşdırırdı. İstəyirdi ki,
papanın gələcəyi barədə, demək olar ki, daha
dəqiq düşüncələrə malik olsun.
Nəhayət, 1587-ci ildə Böyük Hersoq taxtına
qalxanda, o, Florensiyanın müttəfiqlərini dəyişməyi
qərara aldı, İspaniya ilə əlaqəni zəiflədib,
Fransa ilə əlaqələri gücləndirdi. O, həmçinin,
fransız kralının kraliçası Katerina Mediçi ilə
əlaqəni qoruyub saxladı və onun nəvəsi Kristina
Lotaringiyalıya evləndi. Razılaşdırıldığı
kimi, nikah bayram edildi. Nişanlanmadan iki il
sonra da daxili münaqişələr və Avropa müharibələri
öz yolu ilə getdiyindən, toyun baş tutması
müşkül bir işə çevrildi.
Ferdinandonun
hökmranlığı 22 il çəkdi.
Böyük Hersoqun şüarı: "Yalnız ləyaqətlə!"
idi, o, vətəndaşlarla sülh şəraitində
yaşamaq istəyirdi. Vətəndaşların
inancına uyğun olaraq mülki institutları bərpa etdi.
O, özündən başlayaraq, Avropanın hökmdar evləri
ilə uğurlu nikahlar təşkil etməklə, ailənin
qüvvəsini möhkəmləndirmək niyyəti yolunda fəal
iş aparırdı. Beləliklə, Qədim
Roma dövlət xadimlərinin ənənəsi bərpa
olunmaqla, öz ölməzliyini göstərirdi.
Bu imkandan istifadə edilməklə, 1605-ci ildə
Alessandro de Mediçi pontifik taxt-tacına seçildi. Alessandro XI Leo
adını daşıdı. Ferdinando ailənin
üzvünü bir daha papa taxt-tacına seçdirməyi
bacarmışdı. Ona həsr olunmuş bir yazıda
deyilirdi: "Ürək düzgün istiqamətə yönəlmişdir".
Gözlənilmədən 1609-cu ildə öldü, bu
vaxt o, hakimiyyətin yüksəkliyində idi.
Ferdinando canlı mədəni maraqlara malik idi. Romada
olduğu erkən vaxtlarda o, mühüm himayəçiyə
çevrilmişdi, öz villasına qədim heykəlləri
yığmışdı və digərlərini Florensiyaya,
qardaşı Françeskoya göndərmişdi.
Nəhayət,
o, taxt-taca yiyələndikdə şəhərin gözəlləşdirilməsinə
xüsusi fikir verdi. I Kozimonun
heykəlinin pyedestalını freskalarla bəzətdirmişdi.
Ferdinandonun şərəfinə üç
şəhərdə heykəllər qoyuldu. O, əsərlərin
Böyük Hersoqun razılığı olmadan şəhərdən
çıxarılmasını qadağan edən qanunun qəbul
edilməsini təklif etdi.
Belveder Forta malik olmaqla yanaşı, onun daha böyük
planları var idi. Braziliyanı işğal etmək
üçün ekspedisiya maliyyələşdirmişdi ki,
Yeni Dünyada da Florensiya üçün dayaq nöqtəsi
yaratsın.
O, Piza
universitetinin inkişaf etdirilməsinə maraq göstərirdi,
Qalileo Qalileyi matematiklərin başçısı təyin
etmişdi.
Kraliça
Katerina Mediçi
Fransa dini müharibələr hesabına hissələrə
parçalananda, "İtalyanlar ağıllı qaydada və
müdrikcəsinə işləyirdilər ki, qeyri-sabit olan
monarxiyanı tarazlıqda saxlasınlar". Katerina
Mediçi Fransa kralının kraliçası kimi bu sahədə
xüsusi fəallıq nümayiş etdirirdi.
Katerina 1519-cu ildə Florensiyada anadan olmuşdu. Onun xaç
suyuna çəkilməsində müxtəlif kübarlar
iştirak etmişdilər. Lakin bu
böyük tədbirdə onun valideynləri yox idi. Atası, Urbino hersoqu Lorentso və anası Madelena bu
vaxt ümidsiz vəziyyətdə idilər və hər ikisi
çox keçməmiş öldü. Atası
vərəmdən, lakin həm də çoxlarının
iddiasına görə, əslində, bu ölümdə
sifilis səbəbi də var idi, anası isə isitmədən
ölmüşdü. Lorentsonun oğlu yox
idi, varisi yeganə qızı Katerina idi.
Yetim qalan körpə, Alfonsina Orsinin qayğısına
sığınmaqla, Romadakı nəsil sarayında
sığınacaq tapmışdı. Lakin bədbəxtlikdən,
bu qoca qadın da tezliklə öldü. Bu
vaxt körpənin hələ bir yaşı da tamam
olmamışdı. Praktiki olaraq balaca
Katerinanı Filippo Strottsinin arvadı Klarisa de Mediçi
qızlığa götürdü. Ona
görə də uşaq Strottsi sarayına köçdü.
Klarisa Katerinaya öz qızı kimi münasibət
bəsləyirdi, baxmayaraq ki, öz uşaqları da var idi və
onlar analarının ömrünün qalan hissəsində
ona çox yaxın olaraq qaldılar. 1525-ci
ildə Katerinanın 6 yaşı olanda, Florensiyaya
qayıtdı.
VII Klement Katerinanın anasının vaxtilə Fransada tərk
etdiyi yerdə olan əmlaklarının müəyyən edilməsi
üçün, oraya bacarıqlı diplomat və bank eksperti
olan Roberto Aksianuolini göndərdi ki, nəvəsinin
maraqlarını müdafiə etsin. Nəticədə
razılıq əldə edildi ki, onun ana tərəfdən
dayısı olan Albani hersoqundan əmlaklar alınsın.
Çünki o, bu vaxta qədər ailənin
heç bir nəzarəti olmadan onlardan istifadə etmişdi.
Lakin təhlükə törədən buludlar
gənc qızın üfüqündə yenidən
toplaşırdı.
Qorxulu illər, elə
bil ki, onu pusquda gözləyirdi. 1527-ci illə 1530-cu il arasında qız Romanın qarət edilməsindən
birbaşa olmasa da, əzab çəkməli olmuşdu. Klementin təzyiqi ilə onun üzərinə
müstəsna dərəcədə sərt şərtlər
qoyulmuşdu. Nəticədə, papanın
hakimiyyətini nüfuzu zəiflədikdə, antimediçi
ruhlu florensiyalılar qeyri-real qaydada hərəkət etməyə
başladılar. Lakin bu, respublikanın
geri dönməsi üçün heç də faydalı
deyildi. 1529-1530-cu illərdə şəhər imperiya
ordusunun mühasirəsində olanda, onlar həm ədalətə,
həm də şərəf hissinə malik
olmadıqlarından Katerinanı qiymətli əsir kimi
götürmək istədilər və bildirdilər ki,
xalası Klarisa Strottsidən başqa onun heç bir himayə
edəni yoxdur.
Klarisa Mediçi ailəsinin düşmənlərinin pis niyyətindən agah olduqda Katerinanın Dominikan qadın monastırında saxlanmasına nail oldu. Mühasirənin ötən hər günündə gənc qız təhlükədə idi, çünki şəhəri mühasirə edən düşmənlərin nifrəti həm də birbaşa ona yönəlmişdi. Çünki ona Mediçi ailəsinin varisi kimi baxırdılar, onu dəyişdirə və ya ona şantaj edə bilərdilər.
Düşmənlərinin belə bir planı da var idi ki, onu şəhərin divarlarından assınlar, çünki mühasirə edən ordunun artilleriyası bu divarlara atəş açırdı.
Alternativ olaraq nəzərdə tutulurdu ki, onun yeniyetmə qız bədəni əsgərlər tərəfindən təhqir ediləcəkdir, bu əsgərlər isə qoşunlara Florensiyanın özündən yığılmışdı.
1530-cu ildə şəhər papaya təslim olanda, Katerina bir aylığa San Qallo monastırına köçdü, sonra VII Klement, nəhayət, onun yenidən Romaya qayıtmasını istədi. Bu vaxt qızın 12 yaşı var idi.
14 yaşında ona ilk elçilik edilməsi halı meydana çıxdı. Ona evlənmək istəyən namizədlərin arasında Şotlandiya kralı, Mantuya hersoqu və Milan hersoqu da var idi. Lakin 1532-ci ildə papa VII Klement və Fransa kralı I Fransisk artıq razılaşmışdılar ki, onu kralın ikinci oğlu Henri Orleanlıya ərə versinlər.
Katerinaya doğma şəhərinə qayıtmağa da icazə verildi, sonra o, təzə gəlin kimi gəmi ilə Marsel limanına üzdü, orada onu 70 gəmi limanda dayanıb gözləyirdi. Göyərtəsində olduğu gəminin yelkənləri qırmızı rəngdə idi, göyərtənin özü isə al qırmızı satindən olan çadırla örtülmüşdü. 1533-cü ilin oktyabrında Katerina Marsel kafedral kilsəsində Henriyə ərə getdi. Papa VII Klement təntənədə rəsmən iştirak edirdi.
Katerina 100 min qızıl skudo məbləğində cehiz gətirmişdi. 50 mini nağd şəkildə idi, qalan hissə isə əmlak vasitəsilə ödəniləcəkdi. Müstəsna dərəcədə varlı bankir olan Filippo Strottsi VII Klementə söz vermişdi ki, cehizin məbləğini yuxarı qaldıracaqdır. Strottsi sonralar şikayətlənirdi ki, onun borc verdiyi pullar heç vaxt bütöv şəkildə geri qayıtmadı və o deyirdi ki, faktiki olaraq Katerinanın cehizinin bir hissəsini şəxsən onun özü ödəmişdir.
Katerinanın Fransada debütü, əlbəttə, o qədər də yaxşı deyildi, heç də əlverişli hesab edilə bilməzdi. O, əcnəbi bir qız kimi, monarx nəslindən olmadığına və tacirlərin törəməsi olduğuna görə populyar ola bilməzdi. Ona şübhə ilə baxırdılar, çünki o, Florensiyadan özü ilə bir neçə qadın gətirmişdi, onlar da özlərini saray əhlinə alternativ kimi göstərmək istəyirdilər. Qulluqçu qızlar ancaq özlərini ona həsr edirdilər. O, özünün yenilməz xarakterini göstərməkdən qalmırdı və əlbəttə ki, həqiqətən də, belə xarakterə malik idi. Üstəlik, o, klassik Renessans qadını kimi davranırdı, ruhi və dini problemlərlə fəal məşğul olurdu. Yəqin ki, monastır tərbiyəsi də özünü büruzə verirdi. Vaxtının xeyli hissəsini kral I Fransiskin bacısı ilə keçirirdi. Lakin adamların çoxu Katerinanın iti ağlını başa düşmürdü.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2022.- 11 yanvar.- S.14.