Tariximizin qaranlıq məqamlarına işıq salan ədib

 

MƏMMƏD SƏİD ORDUBADİNİN "QANLI SƏNƏLƏR" ƏSƏRİ MİLLİ FACİƏLƏRİMİZİN MAHİYYƏTİNİ ANLATMAQ BAXIMINDAN CİDDİ ÖNƏM DAŞIYIR

(Əvvəli ötən sayımızda)

 

Məmməd Səid Ordubadinin "Qanlı sənələr" əsəri vasitəsilə biz erməni millətçilərinin öz məkrli hərəkət xəttini ardıcıl davam etdirdiyinin, fürsət düşdükcə yeni qəsbkarlıq planlarına əl atdığının şahidi oluruq. Ordubadi qeyd edir ki, 1905-1906-cı illərdə onların məqsədi "erməni və müsəlmanı müharibə səbəbinə bir-birindən ayırmaq niyyəti ilə Bakı quberniyasını və Gəncə quberniyasının aran yerlərini müsəlmanlara verib, İrəvan quberniyasını, Gəncə quberniyasının yaylaq və dağbasar ölkələrini ermənilərə verib, bunları da Qars sancağı ilə birləşdirib erməni səltənəti təşkil etmək idi... Hər təşəbbüsdən sonra Bakı faciəsinə girişdilər ki, Arsruninin vəsiyyətinə əməl edib, müsəlmanları təzyiqlə baba yurdlarından qovub yerlərində səltənət qursunlar".

Akademik Teymur Kərimli də "Hansı ilimiz qansız olub ki?.." başlıqlı məqaləsində də "Qanlı sənələr" əsəri vasitəsilə erməni xislətini bütün dövrlərdə həyasızlıq adlandıraraq əsərin hər iki əsr boyunca aktuallıq kəsb etdiyini oxucuların diqqətinə çatdırır.

"Qanlı illər" əsəri vasitəsilə biz öyrənirik ki, "küçələrdə qan tökən ermənilər ələ keçən əlsiz-ayaqsız müsəlmanları qırıb kəsməkdə idilər. Erməni vəhşilərinin bu qədər cəlladlıqlarına baxmayaraq, müsəlmanlar yenə də, erməniləri mühafizə edərək üç minə qədər erməninin qana qaltan olmasının qarşısını almışlar. Daşnaksütun döyüşçülərinin isə ən son zamankı hərbi silahla silahlandığının, müsəlmanların tüfənglərinin əksəriyyətinin ovçu tüfəngi olub, onların Nuh babasından yadigar qalmış antikvar silah olduğunun şahidi oluruq. Müharibə başlanan kimi erməni əsgərləri tüfəngləri ilə kazarmadan qaçaraq müsəlmanlara qarşı vuruşan ermənilərə köməyə gəlmişlər. Rus qoşunu ilə ermənilər birgə qəfil hücum edərək müsəlmanların tərəfinə mərmi atmağa və şrapnel tökməyə başlamışlar".

Ordubadi "Qanlı sənələr" əsərini yazmaqda əsas məqsədinin məzlumların maddi və mənəvi təsiri, müxbirlərinin milli qeyrət hissləri və ən əsası vicdan əzabı olduğunu diqqətə çatdırırdı. O, hadisələrin şərhindən əvvəl "Məqsədin ərzi" və "Məramın ifadəsi" başlıqlı tezislərində əsər barəsində öz fikirlərini belə əks etdirmişdi: "...iki millət arasında baş verən faciələri yazmaqla vətən övladlarına keçmiş müsibətlərdən bir ibrət yadigarı kimi bir parça vətən fəryadnaməsi vücuda gətirdim", - deyən müəllif bütün hadisələri obyektivliklə qələmə almaq məqsədi güddüyünü və həmin məqsədə nail olmaq üçün əlindən gələni əsirgəmədiyini göstərirdi: "Bütün Qafqaz millətlərinə, istər erməni, istər müsəlman, məlum ola ki, bu tarix hər cür şəxsi və milli qərəzdən uzaq olub hər nöqtədə üz vermiş faciə və hadisələri olduğu kimi yazıb oxuculara tam ehtiramla təqdim edəcəkdir".

Əsərinin oxucular tərəfindən "saf ürək, pak qəlb, səlim vicdanla" qəbul ediləcəyinə ümid bəslədiyini bildirən publisist bütün Qafqaz millətlərinə üz tutub deyirdi ki, "məqsədim müsəlman və ermənilərin iki il ərzində törətdikləri səhv və xətaları söyləməkdir... Bəlkə onların və bizim bu xətalardan ötrü təəssüfə layiq bir halda gələcək qarşısında xəcalət çəkəcəyimizi deyib durmaqdır. Burasını da oxucular düşünməlidir ki, mənim ümdə məqsədim müsəlmanların elmsizlik və anlamamazlıq səbəbindən bu bəlalara düşdüyünü deyib, ermənilərin də bir para yazıçıların xam xəyallarına qurban olduqlarını onlara bildirməkdir".

Böyük sənətkarımız əsrin əvvəllərindəki faciələrin tarixçəsini yaradarkən hələ də sadəlövhcəsinə ümid bəsləyirdi ki, "hər iki millət öz səhv və xətalarını düşünmək üçün hörmətli erməni yazıçıları bu bitərəfanə olan əsəri rus, yainki erməni dilinə tərcümə edib vətən övladlarına bir intibah gül dəstəsi olaraq əmanət qoyacaqlar. Bu yol ilə əsrlərində belə cinayətlərə meydan verəcək bir para kimsələr olarsa qarşısını almağa çalışacaqlar".

Xalqımızın tarixində yaşanan faciəli dövrün yanğılı-acılı təsvirini təhlilini verən "Qanlı sənələr" əsəri yazıldığı tarixdən üç il sonra, yəni 1911-ci ildə Bakı kapitalisti Murtuza Muxtarovun maddi dəstəyi ilə Haşım bəy Vəzirovun "Səda" mətbəəsində böyük çətinliklər hesabına çap olundu. Uzun illər arxivlərdə toxunulmazlıq qrifi altında saxlandıqdan sonra nəhayət ki, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov tərəfindən ilk dəfə olaraq 1988-ci ildə ərəb əlifbasından müasir əlifbaya çevrildi sadələşdirilərək çapa hazırlandı. Əsər eyni çətinliklə, demək olar ki, üç ildən sonra - 1991-ci ildə yazıçı Sabir Rüstəmxanlının vasitəçiliyi ilə o dövrün Qarabağa Xalq Yardımı Komitəsi tərəfindən kütləvi tirajla nəşr olundu. Kitab həm ölkəmizdə, həm xaricdə böyük maraq doğurdu 1905-1906-cı il hadisələri ilə bağlı həm kütləvi, həm elmi ədəbiyyatda ən çox istinad edilən mötəbər mənbələrdən biri oldu.

Tofiq Rüstəmov sözügedən əsər barəsində "Qanlı illərin salnaməsi" adlı məqaləsində qeyd edirdi ki, Respublika Əlyazmalar İnstitutunun fondunda, M.S.Ordubadinin arxivində "Qanlı sənələr" romanının 20-ci illərdə "partiya təmizlənməsindən" keçmiş nüsxəsindən istifadə etdiyimi yaxşı xatırlayıram. O vaxtacan müvafiq ədəbiyyatdan yalnız Kommunist Partiyası üzvlərinin süzgəcdən keçirildiyini, saf-çürük edildiyini bilirdim. Bu əsərin üzərindəki möhürdə "partiya təmizlənməsindən keçmişdir" sözlərini oxuyandan sonra anladım ki, şübhə doğuran əsərlər belə "təmizlənməyə" məruz qalırmış.

Sovetlər dövründə "Qanlı sənələr" əsərinin kiril əlifbası ilə çap edilib oxuculara çatdırılması ilə böyük ədibi nəinki dünya miqyasına çıxarmaq, heç Azərbaycanda da layiq olduğu səviyyədə tanıtmaq mümkün deyildi. Azərbaycan müstəqilliyini elan etdikdən sonra, əsər 1991-ci il nəşri əsasında Azərbaycan dilindən başqa rus, ingilis, türk fars dillərinə tərcümə olunaraq çap edildi. bu da öz növbəsində mövcud soyqırım hadisələri haqqında təsəvvürlərin daha da geniş miqyas alması ilə nəticələndi.

Məmməd Səid Ordubadinin "Qanlı sənələr" romanı mübarizə ruhlu Azərbaycan xalqının çoxəsrlik tarixinin keşməkeşli taleyinin ədəbiyyatı olaraq ümummilli mənafelərin ədəbi yaddaşda həkk olunması ilə yanaşı, həm gələcəyə işıq salmaq missiyasına xidmətin ifadəsidir. Tarix təkrarlanır bizim millət olaraq öz sərhədlərimiz daxilində digər xalqların nümayəndələrinə layiq olduqlarından artıq dəyər verməyimiz, tezunutqanlılığımız, başımıza bu kimi faciəvi hadisələrin gəlməsi millətimizin mənəvi ruhuna çox pis təsir edir tarixi, siyasi əsərlərin yazılması labüdlüyünü ortaya qoydu.

İki il sürən erməni-müsəlman münaqişəsi ilə son dövrlər ermənilərin törətdikləri faciələri müqayisə edərkən bir tərəfdən eyni qəsbkarlıq strategiyasının, eyni cinayətkar metodların, eyni fitnəkar hərəkətlərin, hiyləgərliyin, ikiüzlülüyün, hərisliyin, digər tərəfdən isə xalqımızın, ordumuzun misilsiz qəhrəmanlıq nümunələrinin, yüksək insanpərvərliyin şahidi oluruq.

M.S.Ordubadinin "Qanlı sənələr" romanında da, faktlar əsasında qeyd edildiyi kimi, erməni-müsəlman davasının başlanğıcı 1905-ci il noyabr ayının 8-də daşnaksütunların müsəlmanları müharibəyə çağırmaq üçün Bəhmənli kənd sakinlərini təqsirsiz günahsız öldürmələri səbəbilə yaranmışdı. beləliklə , hələ XX əsrin əvvəllərində baş vermiş erməni-müsəlman müharibəsi öz gərginliyini bütöv bir əsrə yaxın davam etdirmişdi. XX əsrin sonlarında işğal edilmiş torpaqlarımız 44 günlük hərbi əməliyyatlar nəticəsində şanlı Azərbaycan Ordusu tərəfindən düşmənlərdən azad edilərək, 2020-ci ilin məhz 8 noyabrı Zəfər Günü kimi Azərbaycanın unudulmaz tarixində əbədiyyən yaddaşlara həkk edildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər günü kimi təntənəli şəkildə qeyd edilir.

Prezident İlham Əliyevin "Görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin anadan olmasının 140 illiyi haqqında" 10 aprel 2012-ci il tarixli Sərəncamı, həmçinin, 2022-ci ildə Ordubadinin 150 illik yubileyi münasibətilə respublikanın müxtəlif yerlərində silsilə tədbirlərin keçirilməsi şair, dramaturq, publisist ictimai xadimin tariximizdəki mövqeyini daha da möhkəmləndirmək onun yaradıcılığının daha geniş miqyasda təqdim etməyin bariz nümunəsidir.

 

Samirə KƏRİMOVA,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi

 

525-ci qəzet.- 2023.- 11 yanvar.- S.15.