"Persefonanın
qaçırılması"
Piter Paul Rubens 1577-ci ildə Almaniyada anadan olub. Rubenslər ailəsi
1568-ci ildə Köln şəhərinə
köçüb. Bu müddət ərzində
Yan Rubens (atası) protestantlığa
meyl etməyə başladığı üçün
katolik cəmiyyəti
tərəfindən qəbul
edilmir və Yan Rubens ailəsi ilə İspaniyaya köçməli
olur. Yanın vəfatından sonra
isə həyat yoldaşı Mariya uşaqları ilə birlikdə Antverpenə qayıdır.
1591-ci ildən başlayaraq
Rubens rəssamlıq sənətini
öyrənməyə başlayır. Bir müddət
o, Tobias Verxaxtın yanında
işləyir. 1598-ci ildə Piter Müqəddəs Luki rəssamlar Gildiyasına qoşulur.
Yaradıcılığının ilkin illərində Rubens müxtəlif italyan rəssamlarından öyrəndiklərini
ümumiləşdirərək öz yaradıcılığının
sonrakı illərində
həmin üsul və keyfiyyətlərdən
istifadə edir.
Dahi rəssam 30 may 1640-cı ildə
səhər saatlarında
dünyasını dəyişib.
Mənbələrdə qeyd olunur ki, rəssam 2 iyun 1640-cı ildə böyük təntənə
ilə dəfn olunub.
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
sənətşünas Fatimə
Əlizadədir. Onunla məşhur rəssam
Piter Paul Rubensin "Persefonanın qaçırılması"
əsərindən danışacağıq.
- Fatimə xanım, bilirik ki, Piter
Paul Rubensin "Persefonanın
qaçırılması" əsərinin
yaranması rəssamın
həyatının mürəkkəb
dövrünə təsadüf
edir. Söhbətimizə elə burdan
başlayaq.
- Bəli. 1623-cü ildə Piter Paul Rubensin yeganə qızı olan on iki yaşlı Klara Serena vəfat edir. 1626-cı ilin yayında isə 17 illik xoşbəxt ailə həyatından sonra Rubensin həyat yoldaşı İzabella
Rubens dünyasını dəyişir.
Onun ölümünün səbəbi
məlum deyildi, lakin güman edilir ki, İzabella
həmin dövrdə
Antverperndə vüsət
almış vəba xəstəliyindən dünyasını
dəyişib.
1630-1635-ci illər istər
Rubensin yaradıcılığında,
istərsə də şəxsi həyatında
ən gözəl dövr hesab olunur. Ailəsində olan itkiləri
yeni həyat yoldaşı qismən unutdurmuşdu. Cəmiyyətdə, insanlar arasında böyük nüfuz sahibi olan Rubens ömrünün son illərində
yaradıcılığını Antverpendə şəhərdən
kənarda yerləşən
evində davam etdirirdi.
- Rəsmin mifologiyaya söykəndiyi məlumdur.
Rəssamın bəhrələndiyi hekayə necədir?
- "Persefonanın qaçırılması"
əsəri mifoloji hekayə əsasında ərsəyə gəlib. Bu mövzu ilə bağlı bir çox rəsm əsəri və heykəllər var. Deməli,
Hades adlı qəhrəmanımız
Persefonaya (Zevs və Demetranın qızı) aşiq olur. Persefona isə onu sevmir. Bir gün Persefona
meşədə gəzərkən
bir gül görür və onu qoparmağa çalışır. Lakin onun
xəbəri yox idi ki, bu
gül Hadesin onu qaranlıq dünyaya aparmaq üçün orada yerləşdirdiyi vasitədir.
Persefona gülü qopardığı an qaranlıq dünyaya həbs edilir. Yeraltı dünyada isə belə bir qayda var
idi ki, kim orada bir şey yesə,
həmişəlik o dünyaya
aid olur. Hades isə
Persefonaya nar verir və Persefona
bu narı yediyi üçün əbədi qaranlıq dünyaya həbs olunur. Bu müddət
ərzində onların
Melinoe adlı bir qızları dünyaya gəlir. Anası isə Persefonanı hər yerdə axtarmağa başlayır.
Onu tapa bilmədiyinə görə hər yerdə quraqlıq başlayır, hər tərəf solub məhv olur. Zevs belə qərara gəlir ki, ilin müəyyən vaxtlarını Persefona yeraltı dünyada, müəyyən vaxtlarını
isə anası Demetra ilə keçirsin. Beləliklə, fəsillər yaranmağa
başlayır. Demetra qızı
ilə olanda bütün dünyada bolluq olur, təbiət
oyanırdı. Persefona
qaranlıq dünyaya gedəndə isə hər şey solub məhv olmağa başlayırdı...
- Əsərin rənglərinə
diqqət yetirsək, görərik ki, bütün personajlar açıq dəri rəngində işlənib. Hadesdən başqa.
Rəssam bununla nə
demək istəyir?
- Bəli, Hades daha tünd dərili təsvir edilib. Bizə məlumdur ki, o dövrə xas olan xüsusiyyətlərdən
bir də əsas obrazları fərqləndirmək, yaxşı
və ya pis obrazı, günahkarları və saf olanları göstərmək üçün
dəri rəngi ilə fərqləndirirdilər.
Bu əsərdə də biz açıq şəkildə bunu görə bilirik. Ümumən
rəsmdə daha çox bir-birinə yaxın monoxrom rənglərdən istifadə
edilsə də, Persefonanın üzərindəki
qırmızı ipək
və Hadesin üzərindəki mavi ipək parça bir-birinə zidd obrazlar olduğunu göstərir və rəsmə hərəkətlilik
qatır.
- Əsərin texnikası
haqqında nə deyə bilərsiniz?
- Əsər yağlı
boya texnikası ilə işlənib və Barokko dövrünə aiddir. Rəssam əsərin
eskizlərini 1932-ci ildən
hazırlamağa başlayıb.
- Tablo harda saxlanılır?
- Hazırda əsər İspaniyanın paytaxtı
Madriddə yerləşən
Prado muzeyində (Museo
Nacional del Prado) sərgilənir.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Persefonanın taleyi fəsillərin yaranmasının hekayəsidir. Bu əsərdə rəssam həmin hekayəni bizə rənglərin dili ilə danışır.
Aytac SAHƏD
525-ci qəzet.- 2022.- 11 yanvar.- S.13.