Amerikanın 21 günlük kəşfi

(2-ci yazı)

 

(əvvəli ötən sayımızda)

Amerikanın ruhu

Keçirdiyimiz görüşlərdə Amerikanın öz tarixində, siyasətində buraxdığı səhvlər, törətdiyi faciələr rahatlıqla etiraf edilirdi. Hindulara tutulmuş duvandan, İraqdakı müharibəyə qədər. Kimsə kiminsə günahını nə gizlətməyə, nə də bəhanə gətirib ona haqq qazandırmağa çalışırdı. Niyə də eləsin?! Hər kəs öz əməlinə, öz günahına cavabdehdir. İstənilən problemi səsləndirməkdən çəkinmirlər, onu həll etməsələr belə, ən azından onu gördüklərini bəyan edirlər. Səfərimiz müddətində bir-iki dəfə anket doldurmalı olduq. Orada belə irq haqında sual hamımızı düşündürdü. Yəni kağıza baxan artıq bilir ki, bunu yazan asiyalı, afrikalı, yoxsa avropalıdır. Pittsburq La Roche Universitetində OEDİ ofisinin icraçı direktoru Sarah White və direktor yardımçısı Steven Bensonla görüş zamanı soruşdum: "Siz bir tərəfdən ayrı-seçkilik problemlərini həll etməyə çalışırsınız, digər tərəfdən, hələ anketdə bu ayrı-seçkiliyi yaradırsınız. Tələbələri irqlərə bölmək, rənginə görə fərqləndirmək nə dərəcədə demokratik addımdır?" Qəribədir, sualıma çox təəccübləndilər, hətta bizim ölkədə eyni sualın olmamasına heyrət etdilər. Daha sonra Afrika mənşəli direktor müavini belə bir izah verdi: "Bu problem bizdə qanunlar səviyyəsində həll olunsa da, əslində, kəskin qalır. Qaradərili, asiyalı tələbələr ciddi təzyiq görürlər. Biz bu problemlə hər gün, hər yerdə rastlaşırıq. Buna görə də anketlərdə belə bir suala ehtiyacımız var". Bəlkə ölkəmizdə oxşar problemlə qarşılaşmadığımıza görə cavab bizi tam qane etmədi? Bəlkə burada əhali ilə məkan arasında doğmalıq yaranmadığına görə insanlar da öz aralarında doğmalaşa bilmirlər?!

Amerika bələdçilərimizin dediyinə görə, okean sahilində olan Ştatlar mərkəzdəkilərə nisbətdə daha imkanlıdırlar, inkişaf ediblər. Bunu nəzərə alaraq, bizi həm də Arkazanın (Arkanzas) Little Rock (Kiçik Qaya) şəhərinə apardılar. Təbiətin bütün rənglərini, gözəlliklərini özündə ehtiva edən, sakinlərinin asta danışığı, hərəkətləri ilə məşhurlaşan sevimli, sakit bir yer olan Little Rock Azərbaycanın Hacıkənd-Göygöl zonasını xatırlatdı mənə. Başqa yerdə heç cür hiss edə bilmədiyim Amerika ruhunu burada tapacağıma ümid edirdim. Gəzintilər sırasında həm də şəhər kənarındakı meşənin yüksək bir zirvədəki tamaşa meydançasında uzaqlara boylandıq. "Göz yaşı yolu"nu onda gördüm. Deyilənə görə, qitəyə gələn avropalılar yerli hinduları gəmiyə doldurub Arkanza çayı ilə başqa məkana sürgün edəndə yolboyu onlar qırılıb, son mənzilə çox az sayda çatırlar. Yadıma Orta Asiyaya sürgün edilən həmvətənlilərimiz düşdü. Çox kədərli, faciə dolu hadisədir. Yaxınlıqda şəhərin olmasına baxmayaraq, təbiətin əksər hissəsi toxunulmamış, bakirə təsiri bağışlayırdı. Bəlkə artıq qış ərəfəsi olduğuna, bəlkə də torpağa hopmuş göz yaşları idi ki, gözəlliyinə baxmayaraq, havada bir qüssə var idi. Sanki Amerikanın ruhu elə həmin qüssədə gizlənmişdi. Təqribən 10 gün sonra Pittsburq Universitetində Bərabərlik, Müxtəliflik və İnkluzivlik Ofisinin (OEDI) əməkdaşları doktor Clyde Pickett, doktor Randi Congleton və doktor Emiola Oriola ilə görüşümüz zamanı mən bütün suallarıma cavab tapdım. Hər üçü Afro-Amerika mənşəli idi. Ofisin əsas vəzifəsi tələbələr arasında ayrı-seçkilik hallarını ortadan qaldırmaq, çətin adaptasiya olunan tələbələrlə iş aparmaqdır. Qrupumuzu narahat edən suallar təqribən belə idi: "Amerikanın kökündə duran hansı dəyərlər indi prioritetdir? Amerikanın ruhunu qısa necə xarakterizə etmək olar?" Dr. Randinin cavabı qısa olsa da, bütün düyünləri açdı: "Bu gün burada yaşayan ispanlar, ingilislər, fransızlar Amerika dəyərinin daşıyıcıları deyillər. Onlar miqrantdırlar. Amerikanın ruhunun sahibləri hindulardır, onları isə qırıblar". Bəli, bu gün bir ovuc qalmış hindu tayfaları sanki paralel dünyada yaşayırlar, kölgədirlər. Maraqlıdır ki, hətta onların açdığı kazinolar da vergidən azaddır. Deyilənə görə, bundan istifadə edən hindular əməlli başlı varlanmaqdadır. Bir vaxtlar torpağını sancaq-muncuğa satan, qəhrəman ruhuna baxmayaraq, birlik yarada bilməyib, ümumiyyətlə varlığını itirən bu insanlar indi o varidatı neynəyəcək, görəsən?

Təəssüf ki, səfər zamanı hindu görmədim və qəti bir qərara gələ bilmədim. Yalnız muzeylərin birində onların əl işi olan "yuxututan" qolbaq ala bildim. Qəribə bir paradoksdur. Bütün həyatları qorxulu kabus olan hindular bu qolbaqlarla hansı yuxunu tutmağı düşünürlər?

Dünyanın "beyin bankı"

Amerikanın varlığının təminatı duyğunun deyil, düşüncənin üzərində bərqərar olmasıdır. Hisslər, yəqin ki, hindularla bərabər, "Göz yaşı yolunda" itib-batıb. İlk dəfə bu barədə amerikan şairi Ezra Paundun Nobel mükafatı alan Rabindranath Tagor haqqında sözlərini oxuyanda düşünmüşdüm: "Mükafat ona məhz Qərb həyatının xaosu içərisində unudulan müdrik həqiqətləri bir daha xatırlatdığına görə verilib". Rəyim bir vaxtlar öz kəşflərinə, elmi axtarışlarına məkan axtaran tanınmış fizik Nikola Teslanın gündəliyini oxuyandan sonra daha da möhkəmləndi: Birləşmiş Ştatlar ən parlaq ideyaların inkubatorudur. Mən bilərəkdən Vətən demirəm, çünki Amerika ideyaların doğulub böyüməsi üçün ideal bir məkandır, onun sahibi isə sıradan bir insandır. 

Biz Birləşmiş Ştatlarda iki orta məktəbi ziyarət etdik. Əslində, onlarda orta məktəb deyilmir, sadəcə mən bizim standartlara uyğunlaşdırıb belə yazıram. Little Rockun Müqəddəs Meri Katolik Məktəbində və siyasət təmayüllü Pulaski Akademiyasında yuxarı sinif şagirdləri ilə görüşdük. Öz-özümə sual verdim ki, görəsən, bizdə ayrıca qız və ya oğlan məktəbi açılsa, cəmiyyət buna necə baxar? Katolik qız məktəbi rahibə yetişdirmir, şagirdləri də rahibə olmağı yuxusunda belə görmür. Sadəcə dini təmayüllü məktəbdir: kifayət qədər müasir, açıq düşüncəli qızlar üçün həm də din rituallar, dualar öyrədilir. Pulaski Akademiyasında isə bizimlə Rusiya-Ukrayna münaqişəsini, İran böhranını, SSRİ-nin dağılma səbəblərini, Hantinqtonun sivilizasiyaların süqutu haqqında nəzəriyyələrini müzakirə edə biləcək qədər savadlı yuxarı sinif şagirdləri ilə görüşdük. Meri qızlar məktəbində bizi qarşılayan müəllimə şagirdlərini tərifləyəndə belə bir ifadə işlətdi: "Qızlarımız həyat doludur, yaxşı oxuyanlar da var, hətta gələcəkdə Kollecə də girmək istəyirlər".

Mən Amerika məktəblərində hansı sistemlə təhsil verildiyini bilmirəm, ancaq uşaqlarla ünsiyyətdən belə anladım ki, bura Sparta sistemi kimi, yalnız ələk funksiyası daşıyır: uşaqlara azadlıq, ədalət, şəxsi sərhəd və özünəhörmət, Amerika vətəndaşı olmaq kimi əhəmiyyətli anlayışlar öyrədilir, sanki beyinlərinə yeridilir. Bir mütəxəssis kimi yetişmək artıq növbəti mərhələdir. Məktəb beyin bankının hazırlığı deyil, vətəndaşın hazırlığıdır.

Amerikada ali təhsil olmaq, gurultulu diplomlara, elmi adlara sahib olmaq dəbi yoxdur! Burada öz potensialına uyğun yol seçmək, lazım gələrsə o istiqamətdə əlavə təhsil almaq ənənəsi var. Yəni ali təhsil almadan, lazımi peşəyə sahib olmaqla da cəmiyyətdə öz yerini tuta bilmək düşüncəsi burada sabitdir. Bundan daha çox məni təəccübləndirən Universitet, Kolleclərdə professorların heç də hamısının PhD - fəlsəfə doktoru olmaması xəbəri oldu. Öz sahəsi üzrə magistr pilləsini bitirən və Universitetdə dərs deyən hər bir şəxs Professor ola bilər. Yadıma düşdü ki, bir neçə il bundan əvvəl Türkiyədə yalançı diplomla, aşağı savadla bu adı qazananlara "Azərbaycansayağı professor" deyirdilər. O vaxtdan çox şey dəyişib, professor adına və imicinə çox "düzəlişlər" edilib və ümid edirəm, həmin ifadə çoxdan yaddan çıxıb. Amerikalı professor buna bənzəmir. Bunlar məhz öz sahəsi üzrə həqiqi mütəxəssislər, ciddi işlər görənlərdir. Məsələn, bizim qrup rəhbərinin oğlu magistr təhsilindən sonra caz musiqisi sahəsində nailiyyətlər qazanmışdı və universitetlərdən birində kafedra açmağı bacarmışdı. Hazırda Professor adını daşıyır. Yəni bu, məhz vəzifədir, bacarıq göstəricisidir, qazanılan elmi dərəcələr sırasında bir mərhələ deyil.

Birləşmiş Ştatların beyin bankına çevrilə bilməsinin başlıca səbəbi burada dinləməyi bacarmaqlarıdır. Hər kəs mütləq öz bildiyini ortaya qoyub sinəsinə döyməyə çalışmır. Dinləyir, tərəzinin gözünə qoyur, ideyanı dəyərləndirir, sərhədləri müəyyənləşdirir, yalnız bundan sonra atacağı addımı düşünür. Banka daim investisiya yatırılmalıdır ki, nəinki mövcud olsun, həm də hakimiyyətini qorusun. Amerika bunu bacarır. İnvestisiya yalnız öz ölkəsindən deyil, həm də xaricdən gəlir. Əslində, bu gəldiyim qənaət səfər zamanı formalaşmayıb. Nikola Teslanın gündəliyi bir növ muncuqları səpələmişdi, səfər isə sapa düzüb, ondan boyunbağı hazırladı.

"İşləməyən dişləmir"

Amerikalılar gələcək üçün yox, elə bu gün üçün qazanmağı həyatın ilk şərti hesab edirlər. Keçmiş də gözəl olub, gələcək də firavan ola bilər, ancaq indi daha vacibdi. Bu günün sabit olması sabaha da bir əminlik yaradır. Birləşmiş Ştatlarda hər addım puldur, bu pula sahib olmaq üçün isə işləmək lazımdır. Buna görə də işsizlik faizi burada həddindən artıq aşağıdır, az qala 0-a yaxındır. Çünki yaşamaq üçün istənilən işə hazırdırlar. Maraqlıdır ki, öz ölkəsində özünü müdir vəzifəsindən aşağıda görmək istəməyənlər orada kafedə qabyuyandan tutmuş, sığınacaqlarda, qocalar evində xidmətçi olmağa qədər hər sahədə məmnuniyyətlə işçi kimi çalışır. Əmək haqqı çoxdur? Bəli, çünki orada qiymətlər çox yüksəkdir. Tibbi sığorta var? Bəli, ancaq tibbi sığorta yalnız işə başlayandan sonra qazanılan xəstəliklərə şamil edilir, əvvəlkilər isə öz hesabına olmalıdır. Üstəlik, tibbi xidmət həddindən artıq bahadır. Öz əməyi ilə dolanmaq yalnız başucalığı gətirir. Güman ki, Birləşmiş Ştatlarda bunu daha yaxşı dərk edirlər. Ona görə də istənilən iş sahibi öz işini böyük qürurla görür. Bir dəfə ömrü boyu Birləşmiş Ştatlarda çalışan və 23 yaşında ən gənc professor adını qazanmış türk alimi Oqtay Sinanoğlunun kitabında oxumuşdum ki, Amerikanı idarə edən banklardır. Başqa gizli mənaları kənara qoyub yalnız bunu bildirim ki, bəli, elədir, çünki burada hər kəsin banka kredit borcu var. Paradoks kimi görünsə də, belə bir borcun olması ona dəlalət edir ki, sənin stabil iş yerin və normal həyat şəraitin var.

Amerikada, öz sözləri ilə desək, əli iş tutandan ölənə qədər işləyirlər. Bir neçə yerə qaçır, daha çox pul verilən yer axtarır, iş yeri çox olduğuna görə, qane etməyəndə istefa verib, təzə iş tapırlar. Kiminsə hesabına "dolanmaq" anlayışı yoxdur, bunu edənlərə virus kimi baxırlar, hətta öz övladı, həyat yoldaşı olsa belə. Hər işdə çalışmaq olar, ancaq həmin işin təhsilini alsan, yaxşı mütəxəssis olsan işində irəli getmək, daha çox pul qazanmaq imkanın artar. Ancaq təhsil almaq üçün də pulun olmalıdır, bunun üçün yenə də işləməlisən. Ona görə də, burada hər yaşda oxumaq normal sayılır. Bunu bildiyimə görə, öz peşəsinin daha yüksək gəlir gətirən yeni bir sahəsini öyrənmək üçün əlavə kursa gedən 50-55 yaşlı həkimlə tanış olanda, demək olar ki, təəccüblənmədim. Təqaüd yaşına çatanlar evdə oturmur, ya əvvəlki iş yerində davam edir (əgər şərtlər buna yol verirsə), ya fəaliyyət sahəsini dəyişir, ya da könüllü kimi hansı isə bir təşkilatda çalışır.

Bizdə belə bir təsəvvür var ki, Amerikada təqaüdə çıxandan sonra onlar dünya səyahətinə çıxır, keflə qocalığını yaşayırlar. Əslində, belə xoşbəxtlik yalnız yüksək gəlirli, müəyyən yatırımı olan nadir ailələrə qismət olur. Hətta qonşu Ştata belə getməyə pulu çatmayan, heç vaxt paytaxtı görməyən yaşlılar var ki, sevincini, xoşbəxtliyini elə öz şəhərində tapıb yaşayır. Rəfiqələri ilə kazinoya gedən, həftə ərzində yalnız bir dəfə təcili yardım çağırdığına və yaxşı qurtardığına görə sevinən 85 yaşlı xanımlar kimdə isə təəccüb doğurmur. Məsələn, Little Rockda evində qonaq olduğumuz ailənin başçısının sevimli məşğuliyyəti kiçik bir otaqda xəyalındakı şəhər modelini qurmaqdır. O, gecə-gündüz bununla məşğuldur, gələn qonaqlarına da böyük qürurla təqdim edir. Evin xanımı isə bizi qarşılayan, şəhəri gəzdirən, tanış edən, görüşlərdə müşayiət edən, sonda isə yola salan könüllü idi.

Bəli, Birləşmiş Ştatlarda hər kəs şəxsi xoşbəxtliyinin qayğısını çəkir, istər maliyyə, istərsə də mənəvi baxımdan. Bilmirəm buna görə, ailə bağları zəif, hətta yox dərəcəsindədir, yoxsa əksinə. Yəni bayram axşamı yaşlı ata-ana gözü qapıda nəvələrin gəlişini gözləmir, öz büdcəsinə, bacarığına görə öz şənliyini, sevincini təşkil edir, yaxud evdə darıxmamaq, cəmiyyətdən kənarda qalmamaq üçün mütləq nə isə düşünüb tapır.

Amerikalı qəhrəman

Birləşmiş Ştatları filmlərdən daha çox tanıyırıq deyə, bəzən elə bilirik orada hər şey kino kimi cərəyan edir: gözümüz çevik kovboy, qızıldərili qəbilənin qəlyan tüstülədən başılələkli müdrik başçısını axtarır, düşünürük ki, qəzaya tam bir saniyə qalmış qəhrəman gəlib bombanı zərərsizləşdirəcək, selin ağzını başqa yerə yönəldəcək. Bir sözlə, uşaq təsəvvürümüzdə bir Amerika qəhrəmanı obrazı var. Həmin xəyalları yaşamaq üçün Los Ancelesdə Universal Studiyaları bütün imkanları yaradıb. O sehirli qapılardan içəri girən bilir ki, burada filmlərdə yaşadığı bütün möcüzələrin şahidi, hətta iştirakçısı olmaq şansı var. Gerçək qəhrəman isə bir az fərqlidir: Amerikanın həqiqi qəhrəmanı oranın Prezidentidir. Bütün mənfisi, müsbəti, yanlış qərarları, uğurları ilə millətin qəhrəmanıdır.

Mən Amerika Prezidentinin bütün dünyada ən nüfuzlu şəxsiyyət kimi qəbul edildiyini bilirdim, ancaq qəhrəman olaraq görüldüyünün burada şahidi oldum. Əvvəlcə bu, mənə qəribə görünsə də, sonra Amerikaya gələndən özünü lider hesab edən məntiqim məsələyə aydınlıq gətirdi. Millət hər seçki zamanı Prezidentə öz taleyini etibar edir və bunun üçün onun həyatını, sirlərini, təhsilini, gəlirini-xərclərini, siyasətini diqqətlə öyrənir, dörd il ərzində onun hər addımını, xərclədiyi hər sentini izləyə bilir və xoşuna gəlməyən bir şey olanda gedib Ağ evin, Konqress binasının qarşısında etirazını səsləndirə bilir. Belə düşünmək olur ki, xalq səs verdiyi Prezidentin nümunəsində özünü: öz səsini, öz tələblərini Lider görür, onun atdığı hər addımda özünün də məsuliyyət payı olduğunu düşünür. Xalq inanır ki, o, kətilin üstünə qalxan həmin qəhrəmanın orada durmasının dayaqlarından biridir. Buna görə, Birləşmiş Ştatlarda seçkilər bu qədər böyük əhəmiyyət daşıyır. Əslində, Prezidentini qəhrəman edən xalq onun yerində özünü görür.

Birləşmiş Ştatlarda hava limanları, müəyyən mərkəzlər, mədəniyyət evləri, bəzi böyük küçələr əsasən Prezidentlərin adınadır. Doğma şəhərlərində onların ev-muzeyləri (sağ olanların da!) var, heykəlləri ucaldılıb. Əlbəttə, müəyyən istisnalar var. Məsələn, milyonçular muzey, binalar, universitetlər tikdirirsə, onların öz adını daşıyır: Tramp qülləsi, Rokfeller meydanı, Griffith Rəsədxanası.

Amerikalılar öz Prezidentini təqdim etdikcə, məndə qəribə bir assosiasiya yarandı. Bəzən muzeylərdə, atraksionlarda şəkil çəkdirmək üçün şablonlar qoyulur: insanlar sadəcə yaxınlaşıb başını həmin şablondakı boş yerə qoyur. Ağ Ev həmin şablondur. Amerika Prezidenti seçilir, müəyyən müddət orada oturur, artıq əsrlərin müəyyənləşdirdiyi sistemi idarə edir və vaxtı çatanda hər şeyi olduğu kimi qoyub gedir. Necə deyərlər, dərzi kimi iynəsini yaxasına sancıb gedir Prezidentlik müddətində qazanılan kiçik qələmdən tutmuş, ən bahalı hədiyyəyə qədər qalır müzeydə. Əlbəttə, hər Prezident müəyyən bir qərarı ilə yaddaşlarda qalmağa çalışır, amma o qərar olmasa belə, ən azı 4 il öz seçicilərinin qəhrəmanı olmaq xoşbəxtliyini yaşamalı olur.

Bunlar yalnız 21 günün müşahidəsinin nəticəsidir. Bu müddət nə hər şeyi dərindən öyrənmək üçün uzundur, nə də səthi təsəvvürlə yetinmək üçün qısa. Bu, hər şey haqqında ilkin məlumat almaq üçün kifayət edəcək qədərdir. Son olaraq onu da əlavə edim ki, Birləşmiş Ştatlarda olduğum müddətdə anladım ki, praqmatizmin burada təşəkkül çıxması çox təbiidir. Eyni zamanda, XX əsrin 80-ci illərində Almaniyada yaranmış fəlsəfi məsləhətləşmə cərəyanının da məhz Amerikada populyarlıq qazanması məntiqlidir. Gəlir gətirməyən istənilən təlim böhrana uğramalıdır. Hər şeyin həlli var, yetər ki, praqmatik, pozitiv, ağıllı ol. Amerikada bir daha əmin oldum ki, mən iliyimə qədər Şərq adamıyam. Ağlımı mat qoyub ruhumla söhbətləşib onun istəyini eləməsəm, gəliri qoyub mənəvi dəyərlərin təbliğini düşünməsəm, yüksək materiyanı yerə endirmək yerinə özüm onun yanına uçmaq həvəsinə düşməsəm, özümü yarımçıq hesab edərəm.

Səfərimizin məqsədi Birləşmiş Ştatları bir vahid bayraq altında cəmləşmiş müxtəlifliyi göstərmək idi. Düşünürəm təşkilatçılar buna nail oldular. Amerika haqqında öyrəndiklərim ümumiyyətlə dünyagörüşümdə yeni bir səhifə açdı. Azadlıq, iman, din, Vətən, dəyər, fəlsəfə kimi anlayışların tamamilə yeni mənasını öyrənmiş oldum. Düşüncəmi dərindən çalışdıran, onun inkişafı üçün yeni üfüq açan, onu yeni bir mərhələyə qaldıran hər şeyi sevirəm. Buna görə Amerikanı da sevdim.

 

Könül BÜNYADZADƏ

525-ci qəzet.- 2022.- 11 yanvar.- S.12;13.