Şuşanın gerbi

 

Dövlətçilik rəmzləri arasında gerbin özünəməxsus yeri var: o, mənsub olduğu dövlətin, xalqın maddi-mənəvi dəyərlərini, xarakterik cəhətlərini, məram və məqsədlərini ifadə edir. Gerbin təsvirindən istifadə qaydaları müvafiq qanunla tənzimlənir, ona qarşı hər hansı hörmətsizlik məsuliyyətə səbəb olur və səbəbkar cəzalandırılır.

Bu barədə Qarabağ tarixinin tanınmış tədqiqatçısı Vasif Quliyevin "Şuşanın gerbi" məqaləsində bəhs olunur. 525.az həmin məqaləni təqdim edir.

Gerblərdə doğma torpağın, onun təbiətinin sərvətləri, adamlarının əməyi, rəşadətli qəhrəmanlığı əks olunur. XIX əsrin axırlarında Rusiyada 700-dən çox şəhər və onların hər birinin öz gerbi var idi. Gerbdə həmin şəhər üçün xarakterik olan şeylər geraldik rəmzlərlə təsvir olunurdu. Vaxtilə I Pyotr tərəfindən "Şəhərlərin gerblərinin tərtibi haqqında" fərman verilmişgeraldmeyster kontoru təşkil edilmişdi. 1785-ci ildə isə "Şəhər əsasnaməsi" qəbul olundu. Əsasnamənin 28-ci maddəsində deyilirdi: "Şəhərin öz gerbi olmalı və ondan bütün şəhər işlərində istifadə edilməlidir".

Elə o zaman müəyyənləşdirildi ki, geraldik qalxanın yuxarı hissəsində quberniyanın, aşağı hissəsində isə qəza şəhərinin gerbi yerləşdirilsin. Öz gerbi olan qədim şəhərlər istisnalıq təşkil edirdi.

Şuşa qala şəhəri kimi Kaspi vilayəti Yelizavetpol quberniyası Şuşa qəzasının mərkəzi statusuna malik idi. Bütün qəza şəhərləri kimi Şuşanın da öz gerbi var idi. Bu gerb 1843-cü il mayın 21-də təsdiq edilmişdi. Rusiya imperiyasının qanunlar məcəlləsində gerb belə təsvir edilir: "Qalxanın yuxarı yarısında qızılı fonda Kaspi vilayətinin gerbinin bir hissəsi, aşağıda, yaşıl fonda Asiya yəhər-cilovu olan at təsvir edilir".

Yeri gəlmişkən Kaspi vilayətinin gerbinin təsviri belə idi: qızılı fon dörd yerə bölünmüşdür: yuxarıdakı iki hissədən birində-sağ tərəfdə ayaq üstə durmuş pələng, solda isə yerdən püskürən qaz alovu, aşağı hissələrdə sağda - Xəzər dənizini bildirən mavi zolaq, solda qarlı dağ zirvələri.

Qarabağ xanlığının dövlət bayrağı xanlığın əsas dövlət atributlarından biridir və xanlığın banisi Pənahəli xan Cavanşir tərəfindən təsis edilmişdir, 275 illik tarixə malikdir. Bayraq müəyyən ölçüdə və rəngdə köndələn və uzununa qumaş parçadan düzəldilmişdir. Bəzən üzərində gerb, emblem təsvirləri də olurdu. Bayraqda cəngavərlik dövrünə xas olan məğrur qartal şəkli var idi. Xanlığın bayrağı Qarabağın xüsusiyyətlərini və tarixi cəhətlərini əks etdirirdi. Sonralar bayraq dövlətin nişanına, ölkənin rəmzinə çevrilmişdi.

Qarabağ ordusu onun fəxri olan həmin döyüş bayrağı altında dəfələrlə hərbi yürüşlərə çıxmış və apardığı döyüşlərdə qələbə qazanmışdı. İlk dəfə Bayat qalası uğrundakı döyüşlərdə Qarabağ qoşunları həmin döyüş bayrağı altında birləşərək düşmən üzərində qələbə çalmışdı.

Qarabağın şərəfini qorumaq üçün Vətən uğrunda canlarını fəda edən qəhrəmanların canəzələri bir qayda olaraq, həmin bayraqlarla örtülürdü. Qarabağ xanlığının dövlət bayrağı daim xan sarayının üzərində dalğalanır, milli bayramlarda küçələrin və məhəllələrin ən hündür və baxımlı yerlərindən asılırdı.

Qarabağ florasının nadir incisi, Şuşanın təbiət simvolu sayılan xarıbülbül gülünün vətəni, əsasən, Şuşa ərazisidir. Onun gövdəsinin uzunluğu altmış-yetmiş santimetrə çatır, kökü kartof bitkisinin kökünə oxşayır, üstündə beş-yeddi çiçəyi olur. Çiçəklərinin açılması da gülün özü kimi qəribədir. Hər gün alt hissədən başlayaraq onun bir çiçəyi açılır. Hamısı açılandan sonra həmin ardıcıllıqla gündə biri solur. Çiçəyin üstündə xarbülbül var. El arasında onun haqqında geniş yayılmış rəvayət və əfsanələr mövcuddur. Xarıbülbül öz doğma vətənindən, torpağından başqa heç yerdə bitmir. Ona görə də adına neçə-neçə mahnılar qoşulan bu nadir təbiət incisi Şuşanın təbiət simvolu adlandırılır, onun adı ilə musiqi festivalları keçirilir.

 

525-ci qəzet.- 2022.- 11 yanvar.- S.11.