Tədris xarici dillərdə aparılan məktəblərdə
bilinqval təlimə keçid zamanın tələbidir
Tədris xarici dillərdə aparılan məktəblərdə
bilinqval təlimə keçid zamanın tələbidir.
Dünyanın qabaqcıl ölkələrində
bilinqval və polilinqval təlim modellərinin
aktuallığı və geniş tətbiqi, eləcə də
hazırki dil situasiyasında ölkəmizdə də bu təlim
modellərinin və müvafiq tədris standartlarının
reallaşdırılmasının səmərəliliyi barədə
dəfələrlə mətbuatda, respublikamızda və
xaricdə keçirilən elmi konfranslarda təqdimatlar
etmişik. Təkliflərimizi Elm və Təhsil Nazirliyinə
(ETN) bildirmişik.
Hamıya gün kimi aydındır ki, Azərbaycanda
yüz minədək şagird orta təhsili əcnəbi dillərdə
alır. Bu da ölkə Konstitusiyasınının, Təhsil
və Ümumi təhsil haqqında qanunların vətəndaşlara
verdiyi imkan daxilində mümkün olmuşdur. Yəni Azərbaycanının sivil, tolerant və
multikultural ölkə olaraq, öz vətəndaşlarına,
həm də müxtəlif səbəblərdən burada
yaşayan və işləyən insanlara dövlət dili ilə
yanaşı digər tədris dili seçmək imkanı
verilməsi cəmiyyətimizdə normal hal kimi
qarşılanır. Eyni dil və tədris situasiyası
məktəbəqədər təhsil pilləsi, ali təhsilin müxtəlif səviyyələri
üçün də səciyyəvidir. Hətta
son tədris illərində müxtəlif təhsil pillə və
səviyyələrdə əcnəbi dillərdə təhsilin
həcmi bariz şəkildə artmaqdadır. İctimai qınaq və kadr
çatışmazlığı ümumi təhsildə bu
situasiyanı nəzarətdə saxlamağa və
hamını məsələyə ayıq yanaşmağa məcbur
etsə də, digər pillə və səviyyələrdə
hələ ki, vəziyyət narahatçılıq
doğurmur. Lakin yaranmış dil və təhsil
situasiyası istər milli-dövlətçilik maraqları,
istərsə də müvafiq qanunvericilik aktları ilə
ziddiyyət təşkil etdiyindən məsələ gündəmdən
çıxarıla bilməz.
Hazırda
Elm və Təhsil Nazirliyinin status və fəaliyyət dairəsinin
genişlənməsi, ölkə prezidentinin sərəncamları
ilə ali məktəblərin nəzdində tədqiqat
institutlarının yaradılması, eləcə də
ETN-nin tabeliyində Ali təhsil, Məktəbəqədər
və ümumi təhsil agentliklərinin
formalaşdırılması, bir tərəfdən, Ali təhsil
haqqında qanun layihəsi ətrafinda müzakirələr,
bununla paralel olaraq Milli Elmlər Akademiyasının dəqiq,
texniki, təbiət, informasiya texnoligiyaları sahələrini
əhatə edən institutların ETN-nə inteqrasiya
olunması planları, digər tərəfdən, cəmiyyətimizi,
xüsusən də pedaqoji ictimaiyyəti ciddi şəkildə
düşündürür və narahat edir. Təhsil
və elm məsələləri təkcə qanunvericilik və
icra strukturlarında, ictimai qurumlarda deyil, həm də sosial
şəbəkələrdə ən çox müzakirə
olunan məsələlərdəndir. Ümid
edirik ki, ciddi və uzunmüddətli transformasiya və
inteqrasiya elmi potensialımızı, elm və təhsil
strukturlarımızı yeni relslər üzərinə
daşımalıdır. Yuxarıda
göstərdiyimiz məsələlərin həllində də
düşünülmüş və xaosdan uzaq
yanaşmanın tərəfdarıyıq. Şəxsən biz "Zaman hər şeyi yerinə
qoyacaq" prinsipi ilə hərəkət etməyi mövcuq
zamana şamil etməkdən çəkinirik. Yəni
problemlərin başımızın üzərini
almasını gözləməməliyik...
Sevindirici haldlr ki, dövlət dilinin və əcnəbi
dillərin ən müasir yanaşmalara uyğun tədrisinin təhsilimizdə
prioritet istiqamətlərdən biri kimi elan olunması ilə
bağlı yazılarımızdan və müraciətlərimizdən
sonra bu istiqamətdə müəyyən addımlar
atılmışdır. Ötən dərs ilindən etibarən tədris
əcnəbi dillərdə aparılan bütün ümumtəhsil
ocaqlarında iki fənnin dövlət dilində
aparılmasına başlanılmışdı. Bu tədris
ilində pilot layihə ilə 20 məktəbdə "Azərbaycan
tarixi" fənninin dövlət dilində tədrisinə
yer verməsi ilə ETN tərəfindən ümumi təhsil
pilləsində bilinqval təlimin
başlanğıcının qoyulduğu qanaətindəyik.
Cari dərs ili ərzində təlim rus dilində aparılan
məktəblərdə rusdilli pedaqoji kadrlar
çatışmadığı təqdirdə musiqi, təsviri
incəsənət, bədən tərbiyəsi fənlərinin
dövlət dilində tədrisinin mümkünlüyü
barədə göstərişin verilməsi isə təkcə
vəziyyətdən çıxış yolu yox, həm də
faktiki olaraq, bütün təhsil ocaqlarına bilinqval təlimi
reallaşdırmaq fürsəti verib...
Hazırda
dünyada məşhur olan və ölkəmiz
üçün xarakterik olabilmə təzahürləri
aydın şəkildə sezilən bi(poli)linqval
təlim modelinin tam şəkildə reallaşması üçün hansı reseptlər
təklif olunmalıdır?
Birincisi, tədris əcnəbi dillərdə aparılan
məktəb və siniflərdə bilinqval təlimə
keçidlə bağlı layihə və tədbirlər
davam etdirilməli və bu tipli bütün məktəblərə
aid olunmalıdır.
İkincisi,
növbəti tədris ilində respublikamızın təlim
xarici dillərdə aparılan məktəbəqədər və
ümumi təhsil müəssisələrində, onların tərkibindəki
qrup və siniflərdə bilinqval təhsil modelinə
keçid məqsədilə "Ümumi təhsil
haqqında" Qanunun 6.2 və 6.4 bəndlərinə istinad
edərək, tədris standartlarına (planlarına) əlavələrdə
"tədrisdə dövlət dilinin
üstünlüyünün təmin edilməsi
üçün Azərbaycan
dili, ədəbiyyatı, tarixi və coğrafiyası, musiqi,
təsviri incəsənət, gənclərin
çağırışaqədərki
hazırlığı, fiziki tərbiyə və s. fənlərin
dövlət dilində tədrisi" ifadəsinin qeyd
olunmasını, digər fənlər üzrə tədris
dilinin seçilməsini isə məktəbin pedaqoji kadr
potensialına uyğun aparılmasını təklif
edirik. Qeyd edək
ki, bu, həm də "Azərbaycan Respublikasının
ömürboyu təhsil üzrə Milli Kvalifikasiya Çərçivəsi"ndə
(MKÇ) 1, 2, 4-cü səviyyələr üzrə
bacarıqlara da müvafiqdir. Məktəbəqədər
və ümumi orta təhsil müəssisələrində təlim
prosesinin iki (üç) dildə təşkil olunacağı
təqdirdə, müvafiq qanunvericilik aktlarından, tədris
standartlarından, planlarından, tədris vəsaitlərindən
təlimin bu və ya digər xarici dildə
aparılmasını göstərən ifadələrin
çıxarılması, tədris planlarında iki dilin (Azərbaycan-ingilis
və ya Azərbaycan-rus dillərinin) təlim dilləri kimi
göstərilməsi məqsədəuyğundur.
Üçüncüsü,
müasir linqvodidaktika, linqvopsixologiya, linqvokulturologiya,
metalinqvistika və sair əlaqəli elm sahələri üzrə
mütəxəssislərin yekdil rəyi, uşaq bilinqvizmi və
polilinqvizmi üzrə çoxsaylı pedaqoji-psixoloji
müşahidə və eksperimentlər əsas
götürülməklə, erkən inkişaf və məktəbəhazırlıq
dövrlərinin iki və ya üç dildə təlimə
başlamaq üçün ən optimal yaş dövrü
(2-7 yaş) kimi qiymətləndirilməsi (bəzi mütəxəssislər
bu dövru 6 yaşla məhdudlaşdırırlar), 8-12
yaş dövrünün isə dillərin mənimsənilməsi
baxımından nisbətən
münbit yaş mərhələsi hesab edilməsi və
göstərilən yaş dövrlərində umumi təhsil
səviyyəsində dillərin intensiv şəkildə tədrisinə
geniş yer verilməsi məqsədəuyğundur. Bunu isə məhz bilinqval və polilinqval təlimi
şərtləndirən cəhətlər kimi
vurğulamalıyıq.
Burada bir
haşiyə çıxıb vurğulayaq ki, hələ təxminən
bir əsr əvvəl, bilinqvizmin təklif olunduğu ilk
dövrlərdə iki dilin
paralel şəkildə öyrədilməsinin və bu dillərdə
tədrisin təşkilinin uşaqların idraki
inkişafını ləngitməsi barədə fərziyyə
və iddialar elmi əsasını tapmadığından
ABŞ, Kanada, Almaniya, Finlandiya və digər qabaqcıl
ölkələrdə bu gün bilinqval və ya polilinqval təlim modellərinə
üstünlük verilməkdədir. Yəni
bilinqval və ya polilinqval təlimə xas elmi-metodiki
yanaşmalara əməl olunarsa, göstərilən yaş
dövrlərində uşaqların paralel olaraq iki,
üç və daha artıq dilləri mənimsəməsi
onlar üçün problem yaratmır. Problem
göstərilən yaş dövlərindən xaric tədris
pillə və səviyyələrində tədris
proqramlarının intensiv dil dərsləri ilə yüklənməsində
və sonrakı mərhələlər üçün vacib
olan təlim hədəflərindən yayınmaqdadır.
Dördüncüsü, ümumitəhsil müəssisələrinin
ibtidai siniflərində hazırda tədris dili kimi işlədilən
əcnəbi dilin tədrisi səviyyəsini və keyfiyyətini
qorumaq şərti ilə tədris standartları və
planlarına dövlət dilini ikinci təlim dili kimi daxil etmək. Bu məqsədlə
tədris dilinə ayrılan həftəlik 8/9 saatın
üstünə dövlət dilinə ayrılan 2 saatı
(sinif yarımqruplara bölündüyü təqdirdə 4
saatı) gəlməklə 10/11 və ya 12/13 saat dərsi iki
təlim dili arasında tam bərabər bölməklə hər
ikisini eyni standartlar üzrə tədris etmək (yəni
şagirdlərə oxu, yazı, şifahı nitq və
qrammatik minimum bilik və bacarıqları aşılamaq).
İbtidai siniflərin tədris planlarında ən
azı daha üç-dörd fənnin (musiqi, rəsm, fiziki tərbiyə
və informatika) dövlət dilində tədrisini təşkil
etmək. Nəzərə almaq
lazımdır ki, tədris əcnəbi dillərdə
aparılan siniflərdə şagirdlərin 95 faizindən
çoxu dövlət dilini bu və ya başqa səviyyədə
anladığından yuxarıda göstərilən tədris
fənlərinin mənimsənilməsi onlar üçün
çətinlik yaratmayacaq. İndiki halda tədris
dilindən asılı olmayaraq, məktəbəqədər
təhsil müəssisələrində Azərbaycan dilinin
öyrədilməsi tələbi də müsbət nəticəyə
yardım edəcək. Digər tərəfdən,
bu, məktəbəqədər təhsil müəssisələrinin
bilinqval təlimə keçidi üçün gözəl
motivasiya yaradacaq. Göstərilən tədbirin
başqa bir cəhəti - tədris resursları məsələsi
də təşkilati və maliyyə istiqamətində də
təhsil sistemimiz üçün problem yaratmayacaq. Təhlil və müşahidələrimiz göstərir
ki, hazırda dövlət dilində təlim aparılan məktəb
və siniflərin tədris resursları bilinqval təlimdə
adekvat şəkildə qavranıla bilər. Təbii ki, növbəti illərdə tədris
resurslarının yenilənməsi prosesində onların məzmun
və struktur məsələsi gündəmdə olacaq.
Kadr məsələsinə
gəlincə, hər bir məktəbdə kifayət qədər
ibtidai sinif və Azərbaycan dili müəllimlərimiz, həm
də Müəllimlərin işə qəbulu
imtahanlarında yüksək bal toplayıb
iş növbəsi gözləyən pedaqoji
kadrlarımız çoxdur. İstənilən
halda bu zaman bilinqval və ya polilinqval təlimin əsas şərtlərindən
biri - tədris dillərini (Azərbaycan və rus, ingilis) aparan
şəxslərin ayrı-ayrı pedaqoqlar olmasıdır.
Nəzərə almaq lazımdır ki, göstərdiyimiz
dillərin artikulyasiya, yazı və oxu vərdişləri,
leksik və qrammatik bazası bir-birindən fərqlənir.
Bu vərdiş və bacarıqların tədris
dilləri üzrə ardıcıllıqla
aşılanmasını da məqsədəuyğun hesab
edirik. Bu ardıcıllıq tədris
planlarına (standartlarına) əlavələrlə müəyyən
olunmalı, xüsusi metodiki tövsiyələr
hazırlanmalıdır.
Beşincisi, perspektivdə respublikamızın göstərilən
tipdən olan ümumitəhsil müəssisələrini orta təhsil səviyyəsində
(V-IX siniflərdə) tədris dilləri arasında nisbi
paritet gözlənilməklə bilinqval təlimin, yuxarı
siniflərdə (X-XI) isə təmayül fənləri nəzərə
alınmaqla polilinqval təlim modelinin tətbiqi gözləməlidir. Göstərilən
praktika Türk Dövlətləri Birliyinə daxil olan
Qazaxıstanda uğurla sınaqdan keçirilərək,
artıq öz faydasını verməkdədir.
Bilinqval və
polilinval təlim modelinin ümumi təhsil pilləsində, təlim
əcnəbi dillərdə aparılan tədris müəssisələrində
tam reallaşdırılması perspektivini xüsusi olaraq iki cəhətdən
faydalı hesab edirik: 1) bu praktikanın gələcəkdə
təlim dövlət dilində aparılan məktəblərimizdə
tətbiqi və yayılması təcrübəsi də istisna
olunmur. Belə ki, müasir zamanda əcnəbi dillərin
intensiv şəkildə mənimsədilməsi
üçün bəzi tədris fənlərinin bu dillərdə
aparılması tövsiyə olunur (ilkin olaraq kadr
potensialı,
şagirdlərin arzusu və siniflərin təmayülü
əsas götürülməklə məktəbin Pedaqoji
Şurasının qərarı ilə). Bu, həm də məktəblərdə
inteqrativ təlimin reallaşmasına şərait yaradacaq
amillərdən ola bilər. Əcnəbi dillərdə mükəmməl
elektron-tədris resurslarının bolluğu şəraitində
məktəb şagirdləri üçün tədris
prosesini maraqlı məcraya yönəltməklə
yanaşı, onların qarşısında aydın perspektivlər
də açıla bilər. Yuxarıda qeyd etdiyimiz kimi,
artıq bir sıra ali məktəblərimiz
Azərbaycan və rus bölmələri ilə yanaşı,
ingilis dilində mütəxəssis hazırlığı tədris
proqramlarına üstünlük verməyə başlayıblar.
Aydındır
ki, məktəbəqədər və ümumi təhsil pillələrində
bilinqval və polilinqval təlim modellərinin tətbiqi təkcə
insanlarımızın fərdi və karyera inkişafına
deyil, həm də bütövlükdə vətəndaş
cəmiyyətinin tərəqqisi, ölkəmizin dünyaya
inteqrasiyası, əmək resurslarımızın beynəlxalq
əmək bazalarında layiqincə təmsil olunması, milli
maraqlarımızın və mədəniyyətimizin daha fəal
şəkildə təbliği üçün geniş
perspektivlər açacaq. Bu layihələrdən
ən böyük qazancı isə respublikamızın təhsil
sistemi - dövlət dili ilə yanaşı, xarici dilləri
yaxşı biləcək abituriyentlərin üz
tutacaqları universitetlərimiz əldə edəcək.
Birincisi, universitetlərimiz, dövlət və əcnəbi
dillərdə mütəxəssis hazırlığında
hazırda malik olduqları dil problemindən qurtulacaq (bu isə
tədris proqramlarının icrası və keyfiyyətin təminatında
ən ciddi problemlərdən biri olaraq qalmaqdadır), ikincisi,
xarici universitetlərlə qarşılıqlı tələbə-müəllim
mübadiləsi, müştərək layihələrin
icrası prosesləri intensivləşəcək,
üçüncüsü, universitetlərimizə əcnəbi
tələbə axını reallaşacaq,
dördüncüsü, ali məktəblərimizdə
dövlət və əcnəbi dillərdə yaradılan
elmi və tədris ədəbiyyatların elmi-metrik mənbələrə,
dünya elm və tədris məkanına yolu asanlaşacaq,
beşincisi, universitetlərimizin ən ciddi problemlərindən
biri - buraxılış kurs tələbələrinin
istehsalat təcrübəsi və məzunların işədüzəlmə
imkanları genişlənəcək, sonuncusu, universitetlərimizin
beynəlxalq reytinqlərdə təmsilolunma perspektivləri
artacaq.
Bu məqalədə
və əvvəlki çıxışlarımızda
bilinqval və polilinqval təlimin zərurəti ilə
bağlı gətirilən arqument və faktlar, bütün təhsil
pillələri və səviyyələrində müvafiq tədris
standartları və planlarının tətbiqindən əldə
oluna biləcək nəticələr ilə əlaqədar
mülahizələrin diqqətdə saxlanılacağına
və nəzərə alınacağına ümid edirik.
Telman
CƏFƏROV
BSU-nun tədris
işləri üzrə prorektoru, filologiya üzrə elmlər
doktoru, professor, Əməkdar müəllim
525-ci qəzet.- 2022.- 11 yanvar.- S.10;11.