Nəsrimizdəki silinməz imza - Salam Qədirzadə
BU
İLİN APRELİNDƏ 100 İLLİYİ TAMAM OLACAQ
UNUDULMAZ YAZIÇININ YARADICILIĞINA DAHA BİR BAXIŞ
"Bol-bol kitab oxuyun, dərdi olan kitab oxuyar,
dərdiniz yoxdursa, kitab oxuyun ki,
dərdiniz olsun. Önəmli olan insanın bir dərdinin-davasının
olmasıdır". Mənim
olmayan bu fikirlə razılaşmaq
da olar, razılaşmamaq da... Söhbət
bu barədə deyil. Yox, elə bu barədədir,
ədəbiyyata verilən
böyük dəyər
barədə! Qısası, nə qədər ki, bəşəriyyəti
insan övladı idarə edir, ədəbiyyat da olacaq.
Zamanının klassikası sayılan,
adı dövrünün
ədəbiyyatı ilə
qoşa çəkilən,
bu gündən baxanda epoxasının simvolu kimi düşünülən,
ən başlıcası
"tarix kimi hörmətlə yanaşılan"
əsərlərdən, daha
doğrusu, belə əsərləri yaradan müəlliflərdən biri
haqqındadır bu yazı.
Salam Qədirzadə xoşbəxt
taleli yazıçı
idi. Hamının yazıçılıq istedadı olmadığı
kimi, hər əlinə kitab götürənin də oxuculuq istedadı yoxdur. Hətta, yazıçılar arasında
belə fikir də səslənir ki, yaxşı oxucuya daha az təsadüf edilir, nəinki yaxşı yazıçıya.
S.Qədirzadə bütün yaradıcılığı
boyu nəinki bu cəhətdən korluq çəkmişdi,
əksinə, hər yeni əsəri həvəslə qarşılanaraq
fanatları tərəfindən
dərhal alınıb
qurtarırdı. Kitabsevərlər yazıçıdan yeni əsərlər gözləyirdilər.
S.Qədirzadənin oxucuları da
özü kimi zövqlü, yaradıcı,
müasir, mənəvi
dəyərlərlə yaşayan,
onu uca tutan
insanlar idi. Əsl ədəbiyyatın gücü
də elə bunda - oxucu-müəllif həmrəyliyində, hüsn-rəğbətindədir.
Fəaliyyət göstərdiyi
41 il (1946-1987) ərzində 35 kitab yadigar qoyan yazıçı-dramaturq
Salam Qədirzadə 10 aprel
1923-cü ildə Bakıda
sadə, zəhmətkeş
bir ailədə anadan olmuşdu. Gənc Salamın məktəbi bitirdiyi il müharibə
başlayır. Uşaqlıqla gəncliyi birləşdirən
yollar ayrılır və o, könüllü
cəbhəyə yola
düşür. 1941-45-ci
illərdə bir çox Avropa ölkələrinin, eləcə
də Almaniyanın faşistlərdən təmizlənməsində
rabitəçi-döyüşçü
kimi iştirak edir. Göstərdiyi şücaətə görə orden və 12 medalla təltif olunur. Əvvəlindən-sonuna qədər keçdiyi
qanlı apokalipsis, cəbhə xatirələri,
canlı müşahidələri,
müharibənin gətirdiyi
aclıq, səfalət,
gördükləri, eşitdikləri
1963-cü ildə yazdığı
"Burada insan yaşamışdır" povestində
öz əksini tapıb. Yəni bir azacıq
ədəbiyyatın əmələ
gəlməsi üçün
nə qədər çiy material - əhvalat,
hadisə lazımdır
ki, bunları da cəbhəçi Salam
döyüşə-döyüşə
4 ilə toplamışdı.
Özü də, bu mövzu yazıçını
uzun zaman məşğul etmiş,
onu illərlə içində daşıyaraq
qələminin püxtələşdiyi
dövrdə kağıza
köçürmüşdü. Burada əsas "obraz" müharibədir. Başqa bir
cəbhəçi-yazıçının
dediyi kimi, "yanan insan bədəninin
iyi, nə qədər uzun yaşasan da, heç vaxt burnundan tam gedə bilməz".
Bir çox
qələm adamları
kimi yaradıcılığa
şeirlə başlamış,
Sadiq təxəllüsü
ilə qəzəllər
yazmışdı. Sonradan istiqaməti
dəqiq müəyyənləşdi.
İlk böyük əsəri olan "Gənclik" povestini Sumqayıtın salınmasında iştirak
etdiyi illərə həsr etmişdi. Gənc Salam
"Sumqayıtın daş-daş,
küçə-küçə, bina-bina tikilməsini, genişlənməsini görüb".
"Azərbaycan" jurnalı
yazırdı: "Gənclik"
povestinin dili aydın və səmimidir. Müəllif qələmə aldığı səhnəni
asanlıqla oxucunun gözləri qarşısında
canlandıra bilir.
Əlbəttə, bu, yazıçı
üçün nailiyyətdir".
Yazıçının ikinci kitabı
"Sarmaşıqlı aynabənd"
adlanır və belə-belə kitabları
çoxalır, populyarlığı
artırdı. S.Qədirzadə 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə
daxil olsa da, əlahəzrət Tale
işə qarışıb
öz yerdəyişməsini
edir. 1949-cu ildə
Azərbaycan Yazıçılar
İttifaqı təhsilini
davam etdirmək üçün onu Moskvaya - M.Qorki adına Ədəbiyyat
İnstitutuna göndərir
və gənc Salamın qaynar paytaxt həyatı başlayır. "Coğrafiya taledir", - deyən nə qədər haqlıymış.
S.Qədirzadə öz şəxsi
xoşbəxtliyini də
bu macəra dolu şəhərdə tapır.
S.Qədirzadənin "Qış gecəsi",
"46 bənövşə", "Su pərisi Marianna", "Kəndimizdə
bir gözəl var" və başqa əsərləri
1960-70-ci illərin bestsellerlərinə
çevrildi. Bu romanlar "nəğmə
olub oxucuların qəlbinə dolurdu", oxucu hər bir qəhrəmanın ağrı-acısını, sevinc-kədərini
canında, qəlbində
yaşayırdı. Bütün
bunlara bu gün inanmaq bəlkə də çətindir... Çünki
daha o cür romanlar əl-əl gəzmir, bir-birinə ötürülmür, oxunmaqdan
səhifələri tökülmür...
S.Qədirzadənin 50-60-cı illərdə qazandığı uğuru
70-80-ci illər zirvəyə
qaldırır. O, əsasən
gənclərin yazıçısı
sayılsa da, seçdiyi mövzular bəşəri, həmişəyaşar
olduğundan 7-dən 77-yə - hamı tərəfindən
oxunurdu. Onun qəhrəmanları və bundan dolayısı oxucu auditoriyası əsasən
gənc qızlar, cavan oğlanlar, tələbələr, ziyalı
gənclik idi. Onlar bir-birinə bənzəmirlər,
bir-birindən daha yaxşıdırlar, həyat
dolu olub arzularına doğru gedirlər, xəyallarından
vaz keçmirlər.
Dünya
ədəbiyyatında "universitet nəsri" deyilən istilah formalaşıb. Ədəbiyyat öz zəmanəsinin güzgüsüdür. Əgər Y.V.Çəmənzəminlinin
"Studentlər" romanı
əsrin əvvəllərinin
mürəkkəb tələbə
həyatını əks
etdirirdisə, S.Qədirzadənin
"Sevdasız aylar"
povesti sovet gənclərinin qayğısız
tələbəlik illərindən
danışır. "Universitet nəsri" deyilən ədəbiyyat adından da göründüyü kimi,
gənclərə ünvanlanır.
Bundan başqa, "Qış gecəsi", "46 bənövşə",
"Su pərisi Marianna" əsərlərinin qəhrəmanları
da tələbələrdir.
Dövrün həyəcanları, yeni nəslin mənəvi-əxlaqi keyfiyyətləri,
gənclik duyğuları
yazıçının özəl
yanaşmasında təqdim
edilir. Onun əsərlərinin xüsusi bir aurası var. S.Qədirzadə
oxucunu maraqlandıra, ardınca apara bilirdi. Romançı S.Qədirzadənin prozası, demək olar, məhəbbət mövzusu üzərində
qurulmuşdu. S.Qədirzadə
yaradıcılığında şəhər ədəbiyyatı
məişət ədəbiyyatı
deyil, burada şəhər şərti
fon kimi
götürülür, mərkəzində
isə insanın gündəlik həyatı,
qayğıları dayanır.
Bəzək-düzəksiz, necə varsa.
"Şəhərin küçələrini
dolaşarkən o elə
də cəzbedici təsir bağışlamır...
Ancaq yüksəklikdən baxsan"
orada yaşamaq rahat, insan isə
daha azad görünür.
"Qış gecəsi" stalinizmin böhranı, "buzların" ərimə dövründə yazılmışdı. Müharibədən sonra gənclərin şəxsi və sosial həyatı, çətinlikləri fonunda müəllifin nəql etdiyi nakam sevgi romanıdır. "Qış gecəsi" "güllü-çiçəkli, təravətli bahar ovqatı ilə başlayıb "soyuq adamın iliklərinə işləyən" çovğunlu qış axşamında başa çatır, adını doğruldur. "Qış gecəsi" - merkantil, var-dövlət hərisi, hər şeyi pulla ölçən analığı Diləfruza görə utanıb natamamlıq kompleksləri keçirən, bu səbəbdən sevdiyi Ceyranı atıb bir günün içərisində yoxa çıxan, Moskvada təhsilini başa vurub prokuror kimi Bakıya dönən Adilin həyat hekayəsidir. Əslində, gəncliyindən, gücsüzlüyündən doğan dramı demək daha düzgün olardı, çünki burada sevgisindən, sevgilisindən vaz keçəcək əsaslı bir səbəb görünmür. Romanda daha bir "personaj" var: "Qırmızı kirəmidli ev"... Hadisələr onun divarları arasında başlayıb, orada da bitir. Oxucu evin cal-cəlallı günlərinə də şahidlik edir, orada cərəyan edən hadisələrə də üzülür. İflasını da görür, yenidən dirçəlişinə də sevinir. "Şəhərin əl-ayaqdan uzaq, sakit və xəlvət məhəlləsində "qırmızı kirəmidli ev" kimi tanınan bu ikimərtəbəli əlahiddə bina" özü bir obrazdır, hər şey gedib-gəlib ona dönür, onun ətrafında fırlanır, onunla uzlaşır, sakinlərinə görə evin şəkli də dəyişir. "O qarlı qış gecəsindən sonra qırmızı kirəmidli evdə həyat tamam başqa cür başlamışdı".
Xalq yazıçısı İsmayıl Şıxlı haqlı olaraq özünün "Ayrılan yollar" romanını sonradan yazılacaq bəzi əsərlərin yaxşı mənada örnəyi, sələfi hesab etsə də, bu romandakı İmran, ondan daha əvvəl yazılmış S.Qədirzadənin "Qış gecəsi" əsərinin Adili, S.Rəhimovun Mehmanı ilə də ideya-qəhrəman baxımından səsləşir. Hər 3 əsər gənc qəhrəmanların mənəvi aləmini açıb göstərməklə bərabər, onların həqiqət axtarışlarını da üzə çıxarır. Həqiqət isə hər zaman olduğu kimi mərkəzdədir: ədalət prinsipləri, sovet obyektivliyi, məslək amalı, vətəndaşlıq borcu...
Yazıçının ən çox oxunan əsərlərindən biri də "Su pərisi Marianna"dır. Bu kədərli eşq hekayətini S.Qədirzadə 1958-ci ildə qələmə almışdır. 10 il sonra isə "Xəzan yarpaqları" povestini yazır. "Su pərisi..." birnəfəsə oxunur. S.Qədirzadə hadisələri Fransaya, Parisə aparır. Və gözlərimiz qarşısında hər şeyi pulun həll etdiyi iyrənc bir cəmiyyət açılır. Marianna ehtiyac üzündən, anasına dərman almağa pul tapmayanda aldadılıb pozğun mühitə düşür. Sarbonna Universitetinin keçmiş tələbəsi su atraksionunun "pəri"sinə çevrilir və beləliklə də "bu yuvanın quşu" olmayan gənc qızın faciəsi başlayır. Davamlı kədər, apatiya, ruhi gərginlik, ümidsizlik, taleyin ardıcıl zərbələri Mariannanı intihara sürükləyir. O, bununla çəkdiyi fiziki-psixoloji sitəmlərdən qurtulmaq, həm də çox sevdiyi Leandrı xilas etmək istəyir. Bunlardan başqa nasirin "Mahnı dağları aşdı", "Ömrün təzə illəri", "Sevdasız aylar","Ulduzlar sayrışanda", "Ülkər-Aytəkin" kimi sevilən povestləri də vardır ki, bu gün də öz aktuallığını qoruyub saxlayır. S.Qədirzadənin əsərlərinə verdiyi adlar da orijinal, janra görədir. Lirik əsərlərinə "Qar üstdə qızılgül", "Bir gecənin novellası" kimi romantik adlar seçdiyi kimi, satira nümunələrinə heç də geri qalmayan "Başabəla-Paşabala", "Lirika, yumor, Züleyxa", "Manqo, 33, Şekspir", "İki müavin, bir qadası" tək maraqlı, mündəricəsini məlum edən başlıqlar qoyur, elə sərlövhədən oxucu ilə söhbətə başlayırdı. "Xəzan yarpaqları"nda olduğu kimi... Povest ömrün ahıl çağında tənhalığa məhkum olmuş, uşaqlaşmış, gözləri arxalarında buraxdıqları keçmişdə qalan iki talesiz insan haqqındadır. Qocalıqdan, kimsəsizlikdən, diqqətdən uzaq düşməkdən özləri də ağacdan asılan son yarpaq kimi titrəyən, təsadüfən tanış olub bir-birinə sığınan, həyan olan iki qəlbi qırıq insan - qoca və qarı adamsız bağlarda ömürlərinin xəzanını sürdürürlər. "Payızın axırları idi. Bağlarda ins-cins qalmamışdı... Günlərin birində yenə qəsəbəni gəzirdim. 20 ildir ki, mən bu bağların, pioner düşərgələrinin qarovulunu çəkirəm... Deyəsən, o, məndən kibrit istədi, səsi də özü kimi qoca idi. Dili ağzında xəzəl kimi titrəyirdi". Qocalıq da qar kimi qəfildən gəlirmiş... Xəbərdarlıq etmədən. Necə deyərlər, səhər durub görürsən ki, hər tərəf ağappaqdır. Onlar ölümün özündən yox, onları ayıracağından qorxurlar. Əsəri oxuyanda burnuna gün düşməyən meşənin xəzəl qoxusu gəlir. Bir də... köhnə paltar dolabına hopmuş kəsif nəm, zəif naftalin iyi, nostalji hisslər oyadan ağırlaşmış ətirlərin qoxusu toxunur. Bu kimi əsərlər tək "müəllifin fərdi yaradıcılığını xarakterizə etmir, bütövlükdə Azərbaycan nəsri haqqında bədii-estetik təsəvvür yaradır". Bu povesti rejissor Eldar Quliyev "Biri vardı, biri yoxdu"adı ilə ekranlaşdırıb.
(Ardı var)
Dilarə
ADİLGİL
525-ci qəzet.- 2022.- 12 yanvar.- S.15.