Zibil qabı
Hekayə
Məlum
məsələdir, çox adam zibil
qabı görəndə iyrənir, üzünü
turşudur, oradan yan keçib getmək istəyir. Abdulla isə bilə-bilə ki, həmin zibil
qabının sahibi yaşadığı evi bu səbəbdən
satır, kişiyə minnətci düşdü ki,
mülkü ona satsın.
Mədət kişini də əslində elə daha
çox həyat yoldaşı Nuridə başdan çıxarmışdı. Gündə
bir bəhanə ilə kişiyə imkan verməzdi ki,
ev-eşiyə əl gəzdirsin. Ona bu müddətdə
nələr deməmişdi: "Pullu törəmisən?!",
"Əlinə bir az pul düşüb,
onu da ver ustalara", "Qara günün üçün
beş manat pul saxla da"...
Düzdü,
kişi onun dediklərini eşitsə də,
qəlbən peşman idi. Heç gözləməzdi
ki, qadın onu bir gün ittiham edərək deyəcək, bu
həyətə gəlməkdən, evə baxmaqdan utanır.
Onda da artıq əldə pul yox idi.
Pensiyaçı adam idi. Bir gün də
qadın dedi: "Burada nə işimiz var ey?! Evi
satıb gedək şəhərə. İki
qızımız var, onlar da orada ərdədirlər. Bəsdir bu zibilxananın yanında
yaşadığımız".
Bir sözlə, xoruzun quyruğu göründü,
özü də çox pis. Ancaq nə eləsin,
arvadla daha çəpləşmək istəmədi,
arıq, yaşlaşmış, xəstəhal qadın idi.
Onda kişi daha özünü saxlaya bilməyib
dedi: "Bax, ötən illəri, günləri bu sözlərlə
gözümdən saldın. Ev-eşiyi, həyət-bacanı
da üstəlik".
Abdulla bir
dəstə pulla kişinin yanına gəlib, bir qədər
borclu qalacağını deyəndə, qadın onu müdafiə
edəsi oldu: "A kişi, sat da, qalığını da
sonra verər. Bir başqası deyil ki,
tanıdığın adamdı da". Beləcə,
onların ev alqı-satqısı söhbəti
baş tutdu. Qeyri-rəsmi olsa da.
Həmin məhəllə böyük olsa da, orada cəmi
bir zibil qabı vardı. O da gündəlik zibilləri yığmaq
üçün bəs etmirdi. Abdulla adi fəhlə
olsa da, dilli-dilavər, fəal idi. Gündəlik
onun-bunun qapısında iş görməklə ailəsini
dolandırır, gününü keçirirdi. Təzə məhəlləyə keçəndən
sonra onun tez-tez səsi eşidilirdi. Bu gün də belə:
- Ay
bacı, ora zibil tökmə!...
- Ay
qardaş, zibil qabını görmürsən?-
...
- Belə
olmaz axı, ay əmi!.. Bunları zibil
qabı var, ora tök də!
Kişi qeyzlənən kimi oldu.
- Rəhmətliyin
oğlu, sən də... Xoruz yox idi, səhər
açılmırdı..
- Bax da,
zibil qabı dolub ki...
O gün əsəbi
halda Kommunal Müəssisələri kombinatına gedib,
şikayətçi oldu. Sözünə
baxmadılar. Düz
başçının qəbuluna kimi getdi. Gətirib həmin yerə bir də yox, düz
üç ədəd təzə zibil qabı qoydular.
Ancaq kimə deyirsən. Camaat belədi də.
Öyrəncəli olandan sonra düzəltmək
çətin olur. İndi onlar təzə zibil
qabılarını da sanki görmür, müxtəlif bəhanələr
gətirirdilər:
- Tələsirəm...
- Belə
olmaz axı.
- Görmədim...
- İndi
də zibil qabı yoxdur?!
-
Yaxşı...
- Görək
də...
- Bu
camaatla az dilləş, az söz güləşdir.
Elə həyasız arvadlar var ki, heç nədən
sənin gününü göy əskiyə bükərlər.
-
Büksünlər də... Nə itirəcəyik?
-
Çox şey...
Abdulla həyat
yoldaşının bu sözlərindən istilənən
kimi olub, arada sahə müvəkkilinə baş çəkib,
dərdini ona da dedi. Kapitan onu çox soyuq
qarşıladı:
-
İş tapmırsan da...
- Əslində bu kimi işlər elə sizin vəzifə
səlahiyyətinizə daxildi.
Yanındakı
serjant ona qabardı:
- Ə,
bu nə sözlərdi kapitana deyirsən?! O, zibil təmizləyəndi?!.
- Hər
halda elələrinə xəbərdarlıq edə bilər də.
Abdulla evə
gələndən sonra çox
düşünüb-daşınır, öz fikrini
arvadına da dedi:
- Düz
deyirsən, mən təkbaşına bu işə girişsəm,
heç nədən cəzalandırıla bilərəm.
- Hə də...
Çox şükür ki, başa
düşdün.
- Ancaq
geri çəkilən də deyiləm. Əsasnamə
hazırlayıb, aparıb bələdiyyədə təsdiq
etdirəcəyəm.
- Onlar
çətin bu işə razılıq verərlər.
- Razılıq
verməzlər, şikayətçi olaram.
Belə də oldu. Onun yazdığı əsasnamə ədliyyənin
regional şöbəsində təsdiq olunan kimi icra
işçilərinin də yersiz qınağına məruz
qaldı. Şəhər icra nümayəndəsi
haldan çıxan kimi idi. Hətta onu
arada bir bəhanəylə neçə sutkalıq həbsdə
də saxladılar.
Küçədə qoydurduğu lövhənin
şüşələrini bir neçə dəfə
sındırsalar, taxtalarını qırsalar da, yenə də
güzəştə gedənə, təslim olana
oxşamırdı. Rüsvayçılıq guşəsində
foto-aparatla çəkdiyi şəkilləri nümayiş
etdirməkdə idi.
Bir gün onu polisin rəis müavini yanına
çağırdı, bir gün də rəis şəxsən
özü. Hər ikisi onunla görüşəndə hirsli, qəzəbli
idi. Hətta rəis ona belə dedi:
- Məhəllə
qoçususan?!.
- Bu nə
sözdü?!
- Nə
lotuluq eləyirsən...
-
Heç yaxşı danışmırsız.
- Sənin
üzündən itin sözü deyilir axı bizə.
İnzibati
həbs sənədləri hazırlananda, prokuror da onu dindirəsi
oldu:
- Sakit
dura bilmirsən?
- Mən
nə etmişəm ki?
-
Yaşadığın küçədə
narahatçılıq var. Neçə adam toplaşıb. Etiraz edirlər sənin bu hərəkətlərinə
qarşı.
- Ona
görə ki, onlardan səliqə-sahman tələb edirəm?!
- Pul
alırsan...
-
Baxın, alınan pullar cəmlənib, rəsmiləşdirilib.
Bu da hesaba ödənilməsi barədə qəbzlər.
Prokuror
qımışdı:
-
Yaxşı... İndi alternativ təşkilat
yaratmısınız da?
Abdulla
ağrınırmış kimi sızıltı içində
dedi:
- Cənab
prokuror, yaxşı nə edək? Torbamız yoxdu deyə
bizim kimilərə iş tapşırmır, vəzifə
vermirlər...
- Bələdiyyə
üzvü seçiləydin...
- Deyirsiz
də. Nə qədər
çalışdımsa da, namizədlər siyahısına
düşə bilmədim. Son siyahı
icrada nəzərdən keçirilir. Kömək edəsiniz
bəlkə?..
Prokuror
yaxşı adam imiş. Onun
həbs olunmasına yol vermədi. Bələdiyyə
üzvlüyünə namizədlər siyahısına
düşməsinə də köməklik göstərdi.
Ancaq bu ərəfədə onun ünvanına hədyanlar
yağdırılmağa başlandı, nə
başlandı. Kimi onu arvadbazlıqda, kimi rüşvətxorluqda,
kimi də hərbi xidmət vaxtı silah qaçırtmaqda
qınadı.
Bələdiyyə seçkiləri
yaxınlaşdıqca onun həyəcanı artırdı. Nə qədər
işləsə, nə qədər çalışsa da, bədxahları
da öz işlərində idi. Məhəllələrində
əsl mənada təmizlik işləri gördürüb cənnətməkan
yaratmışdı. Komitə üzvləri
onun xətrini çox istəyirdilər. Hətta aralarındakı
Qadir adlı birisi dedi:
- Ə, vallah-billah səni küyləyirlər, o
yığılan pullardan ver xərcləyək.
- Tələsməyin,
sizin üçün də yaxşı olacaq.
- Çətin.
Cibində, qovluğunda xeyli pul cəmləşsə də,
onlara əl vurmur, vaxtlı-vaxtında hesabları ödətdirirdi. Bir gün bankın
işçisi də ona dedi:
- Ödəmək
asandı, hesabdan pul çıxarmaq çətin.
- Niyə
ki?
-
Razılıq lazımdı.
- Kimin?
-
Yuxarının...
Evə gələndə
də həyat yoldaşı qanını qaraltdı:
- Bazara
getmək lazımdı.
- Nə
tez...
-
Kartofumuz yoxdur.
-
Çörək ki var.
- O da
quru, daş kimi.
Sahə
müvəkkili əvvəlki adam deyildi elə
bil, dəyişilmişdi. Ona münasibəti
çox yaxşı idi. Bir gün də dedi:
- Sən
icazə ver, bu şəklini çəkdiklərini bir
sıxım.
- Cəriməni
ödəməyənləri...
- Bölərik
də... Dədə malı kimi.
Doğrusu, müvəkkilin bu sözləri ona xoş gəlmədi. Bir söz deməsə
də, pərt oldu. Kapitanla münasibəti
pozmaq istəmədi. Ağır günlərində
bir o qədər ona köməyi dəyməsə də, təsəlli
olmuşdu.
Abdulla yenicə küçəyə
çıxmışdı ki, axşamın
alatoranlığında birisinin selofan torba ilə zibil
qabına yaxınlaşdığını gördü. Ancaq qadın
onu görmədi. Zibili elə ora
çatmamış atanda selofan torba zibil qabına yox, yerə
düşdü.
Səsləndi:
- Belə,
yox da!.....
-
Götürün onu!.
- Axı
belə olmaz!
Qadın istilənən kimi olub, sonradan, axşam onlara gəlib. Dil-ağız edə-edə
arvadına iyirmi manat pul verərək deyib:
-
İnan, bacı... Qorxdum, əlim titrədi... Mən
nə bilim ki, o, arxadan gəlir.
- Belə
getməyin də.
- İndi
olub da... Deyəsən, şəklimi çəkdi.
Deyin ki, bir də təkrar olunmaz. Mən elə adam
deyiləm. Abır-ismətimi gözləyənəm.
Səhər də Vəli onun obyektivinə tuş gəldi. Qaçıb
aradan çıxmaq istəsə də, mümkün
olmadı. Səhər şəklini
"Rüsvayçılıq guşəsi"ndə görəndə,
ona əlli manat verdi ki, şəklini oradan
çıxartsın.
Cavabında
dedi ki:
- Bu mənlik
deyil axı. Məhəllə komitəsinin
iclasının qərarı ilə ora vurulub.
-
Axırı bir iş gör də. Əmioğlu
deyilik?
-
Yaxşı, baxaram... Bu qəbzə qol çək.
- Ə, sən şəkli çıxartdır, əlavəsini
də ödəyərəm.
Məhəllə komitəsi yamanca fəallaşmışdı. Onlar qəbul
etdikləri qərarı məlumat üçün İcra
Hakimiyyətinə göndərdilər. Başçı
xeyli razılıq edibmiş.
Di gəl
ki, idarə müdirlərindən biri obyektivə tuş gələndə
işlər bir ara korlandı. Buna da səbəb elə həmin idarə rəisinin
yersiz hərəkətləri oldu. Zibili zibil qabına
yox, yan tərəfə atmış, deyilən
sözlərə, iradlara da əməl etməmişdi:
- Sizinləyəm!..
-
Yaxşı görək...
-
Götürün!..
- Ağ
eləmə də...
- Belə
oldu?! Sən kimsən e?!
- Məhəllə
komitəsinin sədri!
- Pay
atonnan!
Üzləşmə,
mübahisələr... İş gedib məhkəməyə
çıxdı. Hətta hakim yerindən qalxıb dedi:
- Bala, sən
nə istəyirsən?! Yaxşı, gəl əyləş
burada, yerimi verirəm sənə!
Hakim bu sözlərlə onu pərt eləsə də,
sonradan bələdiyyə seçkilərində işi
düz gətirməyib seçilməyəndə Abdulla
şikayətçi oldu, məhkəmə də onun xeyrinə
qərar çıxartdı. Axır ki, Abdulla bələdiyyə
sədri seçildi.
Birinci dəfə
işə gedəndə yolda qonşuları Nağı onu təbrik
edərək dedi:
- İlk qəbuluna düşən mənəm. Ərizəmi
də qoyuram cibinə, işdə oxuyarsan.
- Şikayətin nədi?
- Torpaq
istəyirəm. Uşaqlar böyüyüb,
onlara bir gün ağlamalıyam.
-
Çalışaram, sənə kömək edim. Bəs əvvəllər ərizə verməmisən?
-
Vermişəm, nəticəsi olmayıb.
- Onda belə
yox da. Rəsmi göndər. Baxarıq.
- Əvvəlki
bələdiyyə sədri tanış
olsa da, kara gələn deyildi. Nə vaxt
yanına, qəbuluna gedirdim, gileylənirdi. Deyirdi ki, bir manatın yiyəsi deyilik, papirosa pul
tapmırıq. Allah var adamın
başının üstə, mənə pis olmayıb ey.
Hətta özü də həmişə məndən
razılıq edib deyərdi: "Səni görəndə xəcalət
çəkirəm. Əmək fəaliyyətinə
sənin yanında başlamışam, mənə qələm
tutmağı sən öyrətmisən axı".
Abdulla işə gəlib, hamı ilə
görüşdü. Onu ürəkdən təbrik etdilər.
Müavini Zəkini yanına çağıraraq dedi:
- Bir ərizə
var, onu qeydiyyata saldırarsan.
Əlini cibinə salıb qonşusunun ərizəsini
çıxartmaq istəyəndə lap pərt oldu. Bu, təzə,
şax bir yüzlük idi. Müavin gülümsədi:
- Bu ki
puldu...
- Ərizə olmalıdır, - deyə hey ciblərini
axtarmağa başladı.
- Olan
şeydi...
Həyəcanlı
halda evlərinə zəng çalası oldu:
- Bizim o
qonşu Nağının telefonunu bilmirsiz ki?
- Yox...
Nolub ki?.. Niyə belə həyəcanlısan?
Müavin
o an dilləndi:
- Məndəki
məlumat kitabında olmalıdı.
-
Yaxşı... Elə bir şey yoxdur. -
Sonra müavinə tərəf döndü: - Təcili
özünü çağırın bura!
- Elə
bu yüz manata görə?..
- Bu, balaca işdirmi bəyəm?!.
Müavin daha onun sözlərini çevirməyib, otaqdan çıxa-çıxa öz-özünə gileyləndi: "Qara günə qaldıq da. Görəcəkli günlərimiz varmış. Hələ çətinliklərimiz qabaqdadır".
Müavin zəng çalıb Nağı ilə danışanda lap ağ elədi:
- Ə, eyib deyilmi?! İndidən təzə bələdiyyə sədrini rüşvətlə ələ almaq istəyirsən?!.
- Nağı onun yanına gələndə çox pərt idi. Pörtüb qızarmışdı. Təzə sədri də bu gündə görüb, and-aman, üzrxahlıq elədi:
- Sən Allah, bağışlayın... Mən nə bilim ki... Təzə qaydalar belə imiş...
- Yaxşı, götür pulunu...
- Ayıb deyil?!.
- Götür pulunu. Torpaq veriləndə banka
ödəyərsən. İndi
isə get ərizəni yaz...
Bu an Nağı sevincək halda dedi:
-
Yaxşı... Bu işlər öz yerində.
Ancaq bir xahişim odur ki, məni məhəllə
komitəsinə üzv qəbul etdirəsiniz. Sizin o
zibilxanada ideal qayda-qanun yaradar, oranı gündəlik zibil
qablarını da silib-təmizləyər, lap rəngləyərəm
də...
Əlisəfa
AZAYEV
525-ci qəzet.- 2022.- 12 yanvar.- S.14.