Əlizadə Nuri:
"Şair ədəbiyyata və əbədiyyətə
iddialı olmalıdır"
Müsahibimiz Azərbaycan Yazıçılar
Birliyinin üzvü, Prezident təqaüdçüsü,
şair Əlizadə
Nuridir.
Bu günlərdə 60 illik yubileyini qeyd edən şairlə həyat, ədəbiyyat, söz, sənət, şəxsi yaradıcılığı və
başqa bu kimi mövzularda həmsöhbət olduq.
- Əlizadə bəy,
geridə qoyduğumuz
ilin son günlərində
60 yaşınızı qeyd
etdiniz. Necə keçdi bu 60 il?
- Öncə mənə göstərdiyiniz bu diqqətə görə "525-ci
qəzet"ə, əziz
dostum Rəşad Məcidə və sizə öz təşəkkürümü bildirirəm. 60 ilin
necə keçdiyini soruşursunuz. Heç
mən də hiss etmədim ki, bu 60 haçan gəlib yaxamdan yapışdı. Hərçənd, mən onu hələ
də qəbul edə bilmirəm. Lap keçib yuxarı
başda otursa belə. Deyilənə görə, yaşımı
göstərmirəm. Bəlkə də idman kömək
edir. Bu yerdə siyasətçi olub ədəbiyyat üzrə
"Nobel" mükafatı alan məşhur
Çörçilin bu
fikrimə qarşı
çıxan, təbəssüm
doğuran sözləri
yadıma düşür:
"Uzun ömür sürdüyümə görə
idmana borcluyam. Çünki onunla heç
vaxt məşğul olmadım".
Amma yaşımı
yadıma salan nəsnələr də
var. Emosional və həssasam. Bunlar da qocalmağa
kömək edən faktorlardır. Həm də
məşhur nəğmədə
deyildiyi kimi, yaşın nə fərqi var ki?
- Şair ömrünüzdə
nə çatışmır?
- Nə çatır ki? Sanki Tanrı
şairlərə qismət
yazanda xəsislik edir. Arzuların boynubükük qalır.
Bax, əsasən bu çatmır. Arzularla imkanlar
üst-üstə düşmür.
Mən heç maddi mahiyyəti qabartmıram ki. Qlobal, mənəvi, psixoloji
faktorlar da insan həyatında bir boşluq yaradır. Mən bütövlüyün tərəfindəyəm:
bütöv şəxsiyyətin,
bütöv mahiyyətin.
Amma metamarfozalar, deqradasiyalar baş alıb gedir. Dik dura bilmir adamlar. Bilmirəm, bəlkə də
adamlar ona görə yıxılırlar
ki, ayaqlarını etibar etmirlər. Ancaq göy üzü çox hündürdür
axı. Başı dik
saxlayıb yerimək olar. Ömür qısaldıqca adamlar,
elə şairlər də sanki bu
çatışmazlıqların yerini doldurmaq üçün çox danışan, mahiyyətcə
xırdaçı olublar.
Söz bir az urvatdan
düşüb sanki.
Bu arada polyak
şairi Letsin bir fikri yadıma
düşür. O deyirdi:
"Yığcam danış,
yoxsa bir də görərsən ki, sözün ağzındaykən zaman dəyişdi". Bax, bu sadaladıqlarım insan ömründə nələrinsə,
həm də elə kimlərinsə çatışmamasına gətirib
çıxarır. Baxıb görürsən
ki, şair demişkən, nəsə
çatmır bu Yer üzündə.
- Yenəmi "pəncərənizdə
yağış ağlayır?"
- O vaxt yağışa şeir yazandan sonra sanki bir
az ovundu
yağış. Sözümü yerə salmadı, pəncərəmdə çiçəkləyib
qaldı. Amma indiki
yağışlar sözə
baxan deyil. Bir az dəcəldirlər sanki.
Sənin
çətirsiz olmağını
da vecinə almırlar. Neynək, qoy olsun.
Yağış mənim sevgili
obrazımdır. Amma bir şeirimdə dediyim kimi, "məni yağışlar da yuya bilmədi. Məndə əzablardı, məndə
kir deyil".
- Şairlik qismətdir,
ya seçim?
- Fitrətən şairlər
üçün qismətdir,
yəqin. Şairlik iddiasına sonradan hansısa merkantil maraqlarına görə düşənlər üçünsə
seçim də ola bilir.
Nakam Müşfiqin məşhur
misraları yada düşür. Fatalist nəzəriyyəyə görə,
şairlik qismətdən
başqa bir şey deyil. Şeir sözə sevdalanmaqdır,
sözün nazını
çəkməkdir. Şeir ruhun ehtiyacı olmalıdır, məşğuliyyət
yox. Puşkin "şair gərək
Allah qədər gözəl
olsun bu dünyada" deyirdi.
Allah yox, heç
insan kateqoriyasına uyğun olmayanların şairlik iddiasına düşməsi mənə
qəribə gəlir.
Şair ədəbiyyata və əbədiyyətə iddialı
olmalı, dünyanı
qələminin ucunda
hiss etməyi bacarmalıdır.
Hüqo əbəs yerə demirdi ki, Fransa
inqilabını Volterin
əsərləri törədib.
Əsl şairliyin mahiyyətini Moralisin
bu fikri dəqiq ifadə edir: "Yazdığın
şeir sənə yox, sən yazdığın
şeirə məxsus
olmalısan". Şairlikdə birinci şərt istedad olmalı, amma zəhmət də gərəkdir.
Necə deyərlər, zəhmət
istedadın lampasına
neft tökür.
Zəhmət deyəndə ilk növbədə mütaliə
yada düşür.
Mütaliə beynin gübrəsidir
axı. Çin
xalq sözü var: "Heç bir gəmi adamı
kitab qədər uzağa apara bilməz". Bax, istedadı və mütaliəsi olmayanlar üçün şairlik
seçim də ola bilir.
Bir misra gözəl şeir oxuyub bütün günü həzz içində keçirmək olar.
Şeir canişünun tapıntıdır.
Aqutakava
"heç bir insanın ömrü Bodlerin bir misrasına
dəyməz" deyəndə
nə qədər haqlı imiş. Təəssüf ki, ədəbiyyat
parazitləri o qədər
çoxalıb ki, vızıltıdan qulaq tutulur.
- Haqqınız çoxmu yeyilib?
- Yeyilib və hələ də yeyilir. Amma bizim də haqqımız kal armuddur ha. Mən üç ali
təhsil almışam,
amma kollec bitirənlər çox vaxt məndən daha böyük postlar tutub. Məşhur
frazada deyildiyi kimi, cəmiyyət də, mən də bu ədalətsizliyə
elə qəşəng
dözmüşük ki.
Şöhrət azarına heç
vaxt tutulmadım, şikayət etməyi də sevmirəm. Amma hər halda ədalət prinsipi də pozulmamalıdır.
İştirak etdiyim bütün
gizli keçirilən
müsabiqələrin qalibi
olmuşam. "Dəfnə yarpağı",
"Hüseyn Cavid",
"Məmməd Araz"
mükafatlarına layiq
görülmüşəm. Təbii ki, xeyirxahlarım da olub, İsmayıl
Şıxlı, Məmməd
Araz, Anar kimi. Şəxsən
hörmətli Anar müəllimin təşəbbüsü,
mərhum Heydər Əliyevin sərəncamı
ilə ilk Prezident təqaüdü alan 10 nəfərdən
biri olmuşam. Nə yaxşı ki, haqqı üzülməyə
qoymayan belə şəxsiyyətlər olub.
Atalar sözündə
deyildiyi kimi, sən işığa doğru get, kölgə arxanca gəlsə də, gəlməsə də.
- Özünüzə nəyi
bağışlamırsınız?
- Belə bir beytim
var: "Mən sənə min dəfə
bağışla dedim,
Sən elə bildin ki, min günahım var". Min günahım olmasa
da, hər halda səhvlərim olub. Çox gözəl deyimdir,
sözün keçməyən
yerdə sözünü
deyil, yerini dəyiş. Amma mən
də bəzən sözünü dəyişməyə
məhkum olanlardan olmuşam. Bax, bunu özümə
bağışlaya bilmirəm.
Ən yaxşı qisas unutmaqdır deyirlər.
Başqalarının mənə etdiyi
pislikləri unuda, bağışlaya bilirəm,
özümə gəldikdə
isə tam əksinə.
- Bir müsahibənizdə
"şeir zamanı"
ifadəsini işlədirsiniz.
Şeirin zamanı olur?
- Olur, əlbəttə, olur. Həm də bir neçə kontekstdə.
Birincisi,
elə o müsahibədə
dediyim kimi, şeir zamanı deyil sanki. Bambılı bir müğənnicik
istedadlı şairdən
yaxşı yaşayır.
Təbii
ki, maddi, sosial baxımdan. Belə bir təzadlı cəmiyyətdə şeir
zamanı olmayan vaxtda sən zəmanənin şeirini yaratmaq istəyirsən, nə qədər məşəqqətlər, əzablar
hesabına başa gəlsə də. Şeirin zamanı həm də ona görə
olur ki, əsl şeir hər vaxt yaranmır.
- Sosial şəbəkədən aktiv istifadə edirsiniz. Ora haqqında fikirləriniz, təəssüratlarınız necədir? Lazımdırmı sosial şəbəkə?
- Aktiv deyəndə ki, mən yalnız feysbukdan istifadə edirəm. Mətbuata əlim çatmayanda sosial şəbəkə köməyə çatır. Şeirlərimi, bədii-fəlsəfi düşüncələrimi paylaşıram. Öyrəndiklərim də olur. Təsadüfi adamlara, primitiv yazılara da rast gəlirsən. Hərdən qaçmaq istəyirsən və sanki bir əl tutub səni saxlayır. Hə, bir də darıxanda da feysbuk bir az köməyə çatır. Sosial şəbəkə, necə deyərlər, bir az nəbz yoxlamaq üçün də işə yarayır. Ədəbiyyatımızın bugünkü mənzərəsini görmək mənasında. Heyhat ki, çox vaxt sarsılıb çıxırsan.
- Kimləri oxuyursunuz?
- Mütaliə haqqında əvvəlki sualınızda bəhs etmişdik. Əlimin altındakı müəlliflər əsasən bunlardır: Bulqakov, Bunin, Markes, Kafka, Folkner. Azərbaycan ədəbiyyatından Vaqif Səmədoğlu, Vaqif Bayatlı, Ramiz Rövşən. Çexovu da bəyənirəm. "Altı nömrəli palata"sı mükəmməldir. Hüqonun, Dostoyevskinin üslubu ağırdır. Renar "aydın üslub ədəbiyyatın nəzakətidir" deyirdi axı.
- İndi nə yazırsınız? Yaradıcılığınızdakı son vəziyyət necədir?
- Pafoslu çıxmasın, yazmaya bilməyəndə yazıram. Əvvəlki kimi məhsuldar deyiləm. Çox yazmaq sənətin şərti deyilmiş. Deyəsən, Markes deyib: "Əsas məsələ əlində yaxşı kartların olması deyil, pis kartlarla yaxşı oynamağı bacarmaqdır". Hərçənd, bu fikir də ehkam deyil. Hər halda, az yazanda daha yaxşı yaza bilirsən. Axı Şeyx Nizami demişkən, sözün də su kimi lətafəti var.
Şahanə MÜŞFİQ