"Ömrümü ölümə borc verib getdim..."

 

DÜNYASINI ERKƏN DƏYİŞMİŞ ŞAİR İLQAR QULUSOYUN YARADICILIĞI HAQQINDA DÜŞÜNCƏLƏR

Ədəbiyyat tariximizdə istər poeziya, istər nəsr, istərsə də dramaturgiya sahəsində yazıb-yaradan elə qələm sahibləri var ki, onların yaradıcılığı ya dərindən araşdırılmayıb, ya da sağlığında, yaxud vəfatından sonra lazımca təbliğ olunmayıb. Bu da onların və yaratdıqları əsərlərin zaman keçdikcə üstü tozlanıb unudulmasına gətirib çıxarır. Həmin yaradıcı şəxslərdən biri kimi mərhum şair və jurnalist İlqar Qulusoyun da adını çəkə bilərik. Bir neçə həftə bundan əvvəl istedadlı şair Elxan Yurdoğlunun: "İlqarın şeirlərini bir oxu. Görək, onlar haqqında nə düşünəcəksən", - deyərək verdiyi şeirlər kitabından bir neçə nümunəni elə oradaca oxudum. Eyni zamanda, yolboyu şeirlərdən bir neçəsi barədə qeydlər etdim və gənc şairin yaradıcılığı ilə bağlı ətraflı məlumat toplamağı qərara aldım. Yaradıcılığında Naxçıvan və Qazax ədəbi mühitinin izlərini daşıyan İ.Qulusoyu gəlin daha yaxından tanıyaq:

Jurnalist kimliyi ilə yanaşı, bir şair kimi də tanınan İlqar Qulusoy 1980-ci ildə Naxçıvan şəhərində dünyaya göz açmış, ali təhsil həyatına Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialının filologiya fakültəsində başlamışdı. 1999-cu ildən - 2-ci kursdan təhsilini Naxçıvan Dövlət Universitetində davam etdirən gənc İlqar məktəbli vaxtlarından şeirlər yazmağa başlayır. Sağlığında nəşr olunan ilk və tək şeirlər kitabını "Ölüm şairlərin əyləncəsidir" adı altında 2002-ci ildə çap etdirir.

Hərbi xidmətdən geri qayıtdıqdan sonra, - 2003-cü ildən İlqar Qulusoy bir jurnalist kimi əvvəlcə Naxçıvan Dövlət Televiziyasında, sonra isə "Lider" Televiziyasında çalışır. Vəfatına - 2016-cı ilə qədər o, daha çox jurnalist olaraq fəaliyyət göstərsə də, yazıb yaratmaqdan da qalmırdı. Vəfatından sonra, 2017-ci ildə ailəsinin və dostlarının səyi ilə şairin "Son ümid" adlı ikinci şeirlər kitabı nəşr olunur.

"Son ümid", son kitab, son misralar... Kiçik bir ömrə sığan böyük ümidlər və dərin duyğular. Həyat ilə erkən vidalaşan şair sanki ölümü əvvəldən hiss etmiş və şeirlərində də dönə-dönə bu mövzunu dilə gətirmişdi:

 

Yaşamadıq, sağ öldük,

Şükür, üzüağ öldük.

Ömürdən qabaq öldük,

Yolumuz kəsə düşdü.

 

 

 

Gənc yaşlarından söz aşiqi olan şair qələmi, vərəqi əlindən bir an olsun buraxmadan şeirlər yazır, dünyanın dərd-qəmini də, sevincini də nəzmə çəkir, onun öz sözləri ilə desək, "sözü əkib becərir". Bəzən nakam sevgilərdən, bəzən doğma yurddan, ona olan bağlılığından, həsrətindən, bəzən də bu şirin həyatın acı sonundan - ölümdən yazaraq şeirləri ilə onu duyan qəlblərə yol tapırdı. Bəlkə də, dünyada övladlarına və onu sevənlərə miras olaraq qoyub gedəcəyi ən dəyərli şeyin məhz şeirləri olduğunu düşünürdü. İlk kitabı hələ yenicə çap olunan gənc şairi çoxları "Ölüm şairlərin əyləncəsidir" misrası ilə tanımağa başlayır.

Şair bir çox şeirlərində ona ilham verən vətən torpağını onun tarixini, gücünü, qüdrətini böyük qürurla mədh edir, xüsusilə doğulub boya-başa çatdığı Naxçıvanı bütün dünyanın "İrəmi-cənnət"i adlandıraraq payızı ayrı, yazı ayrı cür göz oxşayan qədim və gül-çiçəkli bölgələrinin gözəlliyini vurğulayır.

Vətəncanlı olan şair doğma torpağın ətrini, havasını özgə yerlərə dəyişmir: "Qürbətdə yediyin ən əziz yemək, Vətəndə bir yavan çörəyə dəyməz" - deyərək oxucuya vətən sevgisinin nə qədər ali hiss olduğunu çatdırmaq istəyir. İ.Qulusoy "Bütöv Azərbaycan köçüb içimə" şeirində vahid vətən arzusunu bir daha dilə gətirir.

Ümumiyyətlə, o, vətən mövzulu şeirlərində doğma torpağın hər qarışına bağlılığını vurğulayır, onu canından əziz sayır, özü kimi vətən sevdalılarını da "haqq ədalət yolunda çarpışan Bozqurd"a bənzədir.

Yazıb yaratmaq hissi bu qədər güclü olan gənc bir şairin yolunun "şairlər vətəni, şairlər yurdu" Qazaxa düşməsi onun həm bədii yaradıcılığında, həm dünyagörüşündə yeni bir cığır açır. Şairin özü də "Qazaxa gəlməyim əbəs deyilmiş" adlı şeirində Qazax mühitinin onun yaradıcılığındakı rolunu və bu torpaqların ona ilham verdiyini qeyd edir:

 

Gəldim ki, güc alam Səməd irsindən,

Ədalət sazının sirli səsindən -

Özüm də, özümə deyirəm hərdən,

Qazaxa gəlməyim əbəs deyilmiş.

 

M.P.Vaqif, M.V.Vidadi, S.Vurğun, M.Hüseyn, İ.Şıxlı və başqaları kimi şair və yazıçılar yetirən Qazax yaradıcı ruhlu naxçıvanlı bir gəncə, hətta deyə bilərik ki, iki gəncə qucaq açır: İlqar Qulusoy və Elxan Yurdoğlu. Naxçıvandan gəlib Qazaxda tanış olan bu iki gənc gələcəyin iki yaxın dostu, iki şairi olacaq və 18 il boyunca birlikdə saysız-hesabsız xatirələr toplayacaq, nailiyyətlər əldə edəcəkdilər. İlqarın vəfatından sonra onunla bağlı yazdığı xatirələrində E.Yurdoğlu Qazaxda bərabər keçirdikləri zamanı belə xatırlayır: "...Yeni ev tapmalıydım. İki-üç günlük İlqargilə pənah gətirdim. Ev tapıb köçəndə isə İlqar məni tək qoymadı. "İkimiz birlikdə qalacağıq" - dedi və biz o ilin sonunadək Qazax rayon mərkəzinə yaxın olan Qarapapaq kəndindəki Novruz kişinin evinin ikinci mərtəbəsinin divarlarını şeir guşəsinə çevirdik. Hər səhər çarpayılarımızın yanındakı divara baxıb axşam yazdığımız şeirləri müzakirə etməyə başlayardıq. İlk şeirlərinin də eyni vaxtda "Dəli Kür" qəzetində yan-yana nəşr olundu".

İ.Qulusoy bir qisim şeirlərində həyatla ölümün qarşılıqlı vəhdətini verir. Hətta digər mövzulara nisbətən belə şeirlər sayca çoxluq təşkil edir. Maraqlıdır, ömrünün baharında - gənclik çağında olan bir şair niyə bu qədər ölümdən yazırdı? Axı o qədər erkən yaşlardan eşitmək olmazdı ölümün ayaq səslərini, duya bilməzdi onun gəlişini. Bəlkə də, özü dediyi kimi ölüm şairin əyləncəsi idi. Onsuz da bir gün həyatın sona çatacağını düşünərək ölümlə əylənib, bəzən də ona gülürdü:

 

Bu dağları qış ağardıb,

Hicran çəkib, baş ağardıb.

Cəhənnəmə diş ağardıb,

Gülüb cənnətə gedirəm.

 

Bəlkə də, onu ölümlə bağlayan zaman-zaman duyduğu mənəvi tənhalığı idi. Şair "Ömrümü daradım" şeirində də bəzən gəncliyindən usanıb küçələr kimi tənha və kimsəsiz olduğunu dilə gətirir ki, bu da şairi ölümlə dərdləşməyə sövq edir. Ölümü erkən qarşılayan şair ömrünün gənclik hasarını adlayıb ölümə doğru gedir və ömrünü ona borc verir:

 

Haqqıma, səsimə güc verib getdim,

Mən öz qiymətini "üç" verib, getdim.

Ömrümü ölümə borc verib getdim,

Bildim, qiyamətdə alacağım var.

 

Şairin lirik duyğuların hakim olduğu bir qisim şeirləri də vardır ki, burada aşiqin mənəvi yaşantılarının, könül çırpıntılarının poetik ifadəsini görürük. O, aşiqin dilindən gözəli təsvir edir, həzin sevgi duyğularını dilə gətirir.

İ.Qulusoyun yaratdığı aşiq gözəli nə gül-çiçəyə, nə səmaya, nə də günəşə bənzədir. Çünki çiçəklər solar, səmalar tutular, günəşin önünü buludlar kəsər. Onu həyata bənzədir. Həyat kimi bəzən iztirablı, eyni zamanda dəyərli və şirin olduğunu vurğulayır və onu həyatın əsl mənası adlandırır. Şair insanın sevmək, sevilmək üçün yarandığını, sevgi olmadan yaşamağın da mənasız olduğunu söyləyir:

 

Sevib-sevilməkçün yaranıb insan,

Sevən ürəklərdə tapılmaz nöqsan.

Ürək məhəbbətdən alışan zaman,

Alovsuz laləzar nəyə gərəkdir?

 

O, sevgi kimi, onu daşıyan ürəyin də pak, təmiz olduğuna inanır. İçində sevgi olan qəlbin də nöqsansız olduğunu qeyd edir, məhəbbətin odunda yanmayanları da əsl aşiq hesab eləmir. Aşiq sevdiyinin gözlərində qeyb olur, gözlərində öz qəmini, kədərini tapır, onun tökdüyü göz yaşlarını leysana bənzədir. Şair özünü isə "məhəbbət sazında kövrək nəğmə" adlandırır:

 

Bir yarın qəlbində bəstələnmişəm.

Nə qədər ağlasın kamanım, tarım,

Axı yar oduna xəstələnmişəm,

İstədim sazımı bir də kökləyəm,

Məhəbbət sazında kövrək nəğməyəm.

 

Rüstəm Behrudi onun sonuncu kitabına yazdığı ön sözdə şairin yaradıcılığını, şeirlərini bədii məziyyətini bu cür dəyərləndirir: "Belə bir ifadə var ki, "ölümün olduğu dünyada ciddi heç nədən danışmaq mümkün deyil". Ancaq İlqarın şeirlərini oxuduqca, ölümün belə, sözün ucalığından aşağıda olduğunun şahidi olursan".

Şeirtək qısa ömür yolu keçməyinə baxmayaraq, İ.Qulusoy çox sayda dəyərli bədii nümunələr qoyub getdi. O, şeir yazmağı ölümə bənzədənlərdən fərqli olaraq ölümü şairlərin qalxdığı ali bir pillə olaraq dəyərləndirir və ölümə gülərək də əbədiyyətə üz tutur:

 

Əcəl tez göründüsə,

Qəm mənə büründüsə,

Şeir yazmaq ölümdüsə,

Ölümə güləcəyəm.

 

Ölümü əyləncə hesab edən və "şairlər ölməsə, yaşaya bilməz" deyən İ.Qulusoyu şeirləri, fikirləri və xatirələri yaşadacaq onu sevənlərinin qəlbində. Ruhu şad olsun!

 

Nuray MƏMMƏDOVA

Naxçıvan Dövlət Universitetinin "Azərbaycan ədəbiyyatı" ixtisası üzrə magistri

525-ci qəzet.- 2022.- 12 yanvar.- S.12.