Millətin dərdini və dərmanını
bilən ziyalı - Ömər Faiq Nemanzadə
XX əsrin əvvəlində Azərbaycanda milli
şüurun oyanması və inkişafı, formalaşma
prosesi, təbii ki, dünyada, xüsusən də Rusiyada və
Qafqazda baş verən ictimai-siyasi, sosial hərəkat və
inqilablarla bağlı idi. Azərbaycanda da
liberalizm, sosial-demokrat ideyaların boy göstərməsi XIX əsrin
sonu XX əsrin ilk onilliklərinə təsadüf etdi.
Bu oyanma həm də Rusiyada, Qərbi Avropada və digər
böyük mədəniyyət, elm mərkəzlərində
təhsil alan ziyalılarımızın
hesabına baş verirdi (Məsələn, Əli bəy
Hüseynzadə Peterburq və İstanbulun ali məktəblərində,
Əhməd bəy Ağayev əvvəlcə Peterburqda, sonra
Fransada Parisin Sarbonna universitetində təhsil
almışdı və s.). Həsən bəy Zərdabi,
Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev,
Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli,
Yusif Vəzir Çəmənzəminli və başqa bu kimi
mütəfəkkir milli ziyalılar modern dünya və onun
siyasi, ictimai, sosial-mədəni həyatı ilə
tanışlıqdan sonra əsrlərlə müstəmləkə
zülmü altında dərin yuxuya getmiş xalqı cəhalət
faciəsindən xilas üçün fədakarlıqla
mücadiləyə başladılar.
Görüləcək işlərin sayı-hesabı
yox idi. Amma bu işləri kiminlə görmək sualı
böyük problemə çevrilmişdir. Qəzet oxumağı, məktəbə, teatra getməyi,
rəsm çəkməyi günah, yolunu azmışlıq
kimi qəbul edən topluma anladılacaq həqiqətlər
çox idi. Lakin ilk növbədə bu qədim
və özündən, kimliyindən, tarixindən xəbərsiz
xalqa milli mənsubiyyətini başa salmaq, dininin, dilinin, məmləkətinin
adını düzgün öyrətmək lazım idi.
Milli təəssüb,
dərin zəka və geniş erudisiya sahibləri olan
ziyalılarımız elmi-fəlsəfi, bədii, publisistik
yazıları ilə xalqa üz tutub, beşikdə uyuyan
körpə uşağın qulağına
pıçıldayırmış kimi elə hey
pıçıldayır, bəzən də
qışqırırdılar: "Sən türksən!",
"Sənin vətənin Azərbaycandır!", "Dilin
Azərbaycan türkcəsidir!", "Dinin İslam
dinidir!", "Sən böyüksən, ayağa qalx,
özünü tanı!"...
Ömər
Faiq Nemanzadə "Mən kiməm" (1917-ci il) məqalələsində
yazırdı: "Ey qafqazlı türk, sən çoxdan
İslam qeyrətini çəkirsən və bu qeyrətlə,
hətta öz adını da itirmişdin. Sən İslam
uğrunda o qədər çalışmış, əqidə
qovğalarında o qədər zərər çəkmiş,
o mərtəbə yorulmuşsan ki, axırda bu gün
onların adlarını çəkmək istəməyib təkcə
müsəlman olmaq xəyalına düşmüsən...
Zamanamızda, yəni din və əbədiyyətdən, cins
və millətlərin hökm sürdüyü böylə
bir çağda insan öz soy və millətini tanımamaq,
daha doğrusu, özünü bilməmək ən
böyük günahlardan, silinməz ləkələrdən
biridir... məhkum millətlərin öz varlıqları,
öz hüquqlarını saxlamaq iddiası ilə bu qədər
qan tökülən bir vaxtda bizim özümüzü
tanımazlıq bəlası, dərin düşünülürsə,
qarayaradan da, onun çibanından da daha acılı və
daha zəhərlidir... Mən iddia etmək deyil,
uca səslə bağırıram ki, biz
özümüzü tanımırız, biz öz millətimizin
boş adını belə bilmiyiriz".
Ömər Faiq Nemanzadənin "Ey
özündən xəbərsiz türk!" nidası İ.Nəsiminin
"Ey özündən bixəbər qafil oyan!" - nidasını xatırladır. Ömər Faiq
şiə, sünni, babı, şeyxi və s. onlarla təriqətlərə
bölünüb kiçilmiş millətinin
yaddaşını oyatmaq üçün onun tarixini, mədəniyyətini,
dünya tarixində iz qoymuş dövlətçilik siyasətini,
qəhrəmanlıq salnaməsini andırır. "Ey özündən xəbərsiz türk!
Mədəniyyət əsrləri, nizam, idarə və
asayiş üsulu "yasaq" qanunları hənuz Bağdad,
Şam, Paris və Londonda yox ikən, sənin yurdunda var idi. Sən öz dadlı dilini cığırından
çıxarıb bugünkü acınacaq hala salan ərəb
əlifba və yazısından əvvəl sənin
göyçək əlifba və yazın var idi. Ey
özünü itirir, unudur dərəcədə misafirpərvərlik,
özgələrə hörmət göstərən
türk, yaxşı yadına sal ki, sənin ruhun, sənin
qanın, sənin düşüncən, sənin
varlığın hənuz sənin özündə ikən sən
bugünkü kimi dilsiz, yazısız, yəni milli nişanəsiz
deyildin".
Bu səsləniş
bizə həm də dünyaca məşhur qırğız
yazarı Ç.Aytmatovun "Əsrə bərabər
gün" romanında manqurtlaşmış,
yaddaşını itirmiş oğula yalvararaq atasını,
qəbiləsini, ailəsini xatırlatmaq istəyən
ananın naləsini xatırladır. Övladı
tərəfindən ürəyindən oxlanan Ana həm də
unudulmuş vətən, millət anlamındadır. "Bu, ölümcül zərbə idi. Nayman-Ana dəvənin boynuna sinib ilişə-ilişə
yıxıldı. Ancaq ananın özündən əvvəl
başının yaylığı açılıb
düşdü, havada bir quş olub
çığıra-çığıra uçub getdi:
Yadına sal kimlərdənsən? Adın nədir?
Sənin atan Donenbaydır! Donenbay! Donenbay!
Deyilənə görə, o vaxtdan Sarı-Özəkdə
Donenbay quşu uçur. Donenbay quşu yolçuya rast gələndə onun
yaxınlığında uça-uça səslənir:
Yadına sal, kimlərdənsən? Kimin
oğlusan? Adın nədir? Adın? Donenbay, Donenbay!" (Ç.Aytmatov.
"Əsrə bərabər gün" romanından)
Ömər Faiq tarixin
həmin zamanında xalqının mütləq şəkildə
millətpərəst olmasını zəruri hesab edir və
tez-tez də digər xalqlarla (xüsusən rus və erməni,
gürcü) müqayisələr aparırdı. "Bu gün eyidən-eyiyə qanıram ki, dini əqidədən
sonra insanda doğan dünyəvi əqidələrin birincisi
millətpərvərlik əqidəsidir, ictimai fəlsəfənin
baş, özünü tanımaq fəlsəfəsidir, millətini
bilmək elmidir.
Millətpərəstlik əqidəsi özgə əqidə-lərin
mərhələsi, keçididir. Vaxta ki, insan batil və
xurafat əsirliyindən qurtulub özünü,
özünün hüququnu bilməyə başladı, ondan
mühit və ehtiyacın təsirilə hər nə qaydaya
girərsə girsin. Bu halda ki, mövqeyimizə,
mühitimizə, elmimizə, ehtiyacımıza bizim ən
birinci əqidəmiz isə azad millətpərəstlik əqidəsi
olmalıdır" ("Mən kiməm").
Çox qəribədir ki, "Molla Nəsrəddin"
jurnalı yaranmamışdan, nəşrə başlamadan,
1900-1905-ci illərdə Nemanzadənin yazdığı məqalələrin
dili gələcək "Molla Nəsrəddin" dili idi. "Son bir-iki söz" məqaləsində
oxuyuruq: "Əcaba, qəlbinizdəki nədir? Əcaba indiyə qədər qəzetə yazacaq bir
şey tapmadınızmı ki, heç münasibəti yox ikən
keçmiş bir bəhsi təzələndirərərk nə
olursa, olsun yazmaq üçün dediyiniz kimi, "mən də
varam" dərdi ilə ortaya atılıbsınız.
Əfəndim! İstəsəniz daha o yanə
tullanınız, bundan daha şiddətli və həqarətli
sözlər yazınız, mənim şəxsiyyətlə
işim yoxdur. Çünki böylə dəqiqəsi
belə ən qiymətli olan bir vaxtda, xüsusilə bu
günlərdə - ümumi, milli işləri buraxıb da
yalnız şəxsiyyətlərlə və fayidəsız
cavablara cavab yazmaqla ömrü fötə verməyin
özü də cahilliyin bir növüdür" (1904.
"Şərqi-Rus" qəzeti).
Ömər Faiq həm də bir psixoloq idi. Milli
psixologiyanın böyük problemlər yaradan ən incə məqamlarını
həssaslıqla müşahidə etmiş və həlledici
zamanlarda artıq adət, ənənə halını
almış mütilik, qədərə boyun əyərək
dözmək, susmaq, ətalət halında ömrü
başa vurmaq mənzərələrinin portretini publisist qələmi
ilə rəsm etmişdir. Müəllif ürək ağrısı
ilə təəccübünü bildirirdi ki, nədən
bizim ulu babalarımızdan qalan yaxşı məsəllər,
hikmətli fikirlər deyil, cəmiyyəti xurafata, cəhalətə
səsləyən "aforizmlər", ifadələr dəyişməyən
qanunlar kimi yaddaşlarda ilişib qalıb? O inanırdı ki,
tənbəlliyimizin, avamlığımızın və
"yerimizdə mıxlanıb qalmağımızın" əsas
səbəblərindən biri də bu cür inanclarla
yaşamağımızdır.
"Heyif
ki, zəmanəyə görə
çalışmağımız üçün bunca
gözəl misallar, asanlıqlar ola-ola bizlər yalnız
hansı məqam və hansı hal üçün deyildiyindən
bixəbər olduğumuz: Allah kərimdir. Sənin
çalışman ilə olmaz. Allahın
təqdiri lazım. Allah rizqi yetirər.
Ölüm var, çalışmaq nəyə
gərək. Tədbir təqdiri pozar.
Olacağa çarə olmaz. Sən nə işlərsən, işlə, Allah
bildiyini eləyər. Allaha sığınan məhrum
qalmaz kimi cümlələri əzbərləyib, öz təqsirimizi
örtmək üçün haman
bunların birinə yapışırız" (1904. "Şərqi-rus". "Biz
də vaxta görə çalışaq").
Ömər Faiq cəmiyyətindən israrla dəyişiklik,
yenilik, təzələnmə və dünya ilə
ayaqlaşma, zamanın ritmini, sürətini hiss etmək
üçün ayıq-sayıq davranış tələb
edirdi. Zəmanəyə
uymamağı tənbəllik və hətta qeyrətsizlik
hesab edən Ömər Faiq Şəki, Şamaxı, İrəvan,
Naxçıvan və başqa şəhərlərdə
xarabaya çevrilmiş tarixi abidələri, məzar günbəzlərini
misal çəkərək bildirirdi ki, bu ürəkparçalayan
tarix nişanələri nədən bizə dərs olmur? Maarifli, mədəniyyətli, yaradıcı
babalarımızın qüdrət və əzəmətini
andıran o miras gözlərimizə niyə tikan kimi
batmır? "Maarifpərvər əcdadımızın
dərəceyi-maariflərinə dəlalət edən o asari-əzimənin
bugünkü xarab halları o yadigarların lisan halları
ürəyimizi neçün parçalamıyor? Neçün bunlara baxıb zəmanə görə
dəyişmək, istiqbal üçün hazırlanmaq istəmiyoruz?"
Müəllif tarixi mükəmməl bilən və
müxtəlif zamanlar, dünya tarixinin oxşar və fərqli
hadisələrini yerli-yerində analiz edib səciyyələndirə
bilən maarifpərvər kimi çıxış edib,
oxucusuna ibrətamiz örnəklər göstərir. Xatırladaraq
soruşur ki, vaxtilə abbasilər, ərəblər,
türklər zamana, əsrə görə ayıq-sayıq və
fərasətlə, əzmlə hərəkət etməsəydi,
o boyda iz qoya bilərdilərmi tarixdə?
"Lakin heç fikir
etmiyoruz ki, əgər əsrə, vaxta görə dəyişmək
lazım gəlməsəydi, nə abbasilərin o şəşəli
tərəqqiləri, nə Əndəlis ərəblərinin
əqlə heyrət verən o mədəniyyətləri, nə
də türklərin aləmi vəlvələyə salan
fütuhati-cahangiranələri meydana gəlirdi. Bunların cümləsi nədən? Təqazaya görə çalışmaqdan".
Ömər Faiqin bir publisist kimi dili, üslubu da çox
maraqlı, təsirli və maarifləndirici
funksiyalıdır. Emosional dillə, ritorika, pafos və kəskinliklə
dərin məna, fəlsəfi ideyalar təlqin edə bilir.
Oxucu onun tarixi əsası olan fakt və
müqayisələrini, məntiqi dərinliyi olan mühakimələrini,
ibrətamiz misallarını, cəsarətli etiraz və
çağırışlarını səmimi, doğma
haray kimi qəbul edir. Onun bütün məqalə
və çıxışlarında millətin
yarasını açıqca görən, dərdini və dərmanını
bilən həkim, loğman xislətinin xüsusiyyətləri
görünür.
Ömər Faiqin 1900-1906-cı illər arasında müxtəlif
mətbu orqanlarda çap olunan məqalələrindəki
üslub, dil estetikası, ifadə tərzi müasirlərinin əsərləri
ilə müqayisə olunarsa, onun bir çox ədəbi-bədii
və publisistik yeniliklərdə sələf rolu etiraf edilər. Məsələn,
1904-cü ildə yazdığı "Biz də vaxta görə
çalışaq" məqaləsində gələcək
tənqidi realistlərin, satiriklərin yaradıcılıq
estetikası özünü ilkinliyi ilə şərtləndirir.
1904-cü ildə hələ M.Ə.Sabir satirik
məzmunlu qəzəlləri ilə məşhurlaşmamışdır.
Haqverdiyev, C.Məmmədquluzadə və
başqa "Mollanəsrəddinçilər" də
Ömər Faiq qədər mütəmadi və məhsuldar
şəkildə bu üslubda, bu dildə silsilə məqalələr
yazmamışdır. Bir çox ideyalarda,
məqalə tezislərində Ömər Faiq ideyaverici beyin
rolu oynayırdı. Məsələn,
aşağıdakı parçada ifadə olunan həqiqəti
biz daha sonra digər tənqidi realistlərin, satiriklərin,
xüsusən "Mollanəsrəddinçilər"in nəsr
və nəzm əsərlərində görəcəyik.
Oxucuya ayna tutmaq, onu öz mənfi xarakterli,
müti, xəstə təfəkkürlü, cəhalət
içərisində mürgüləyən obrazından,
portretindən iyrəndirərək maarifləndirmək metodu
daha çox onun qələmində inikas olunurdu.
1904-cü ildə yazırdı: "Aman yarəbbi! Bizlərin bu dərəcə qafilanə, meymunca təqlidimizin
bir misli daha bir millətdə tapılarmı? Ev əşyamızı
avropalılarınkına oxşadıb tez-tez dəyişdirdiyimiz,
hər gün köhnələrinin yerinə təzələrini
qoymağa çalışdığımız halda, bizlərin
əsl həyatına, milli bəqamıza səbəb olacaq
çürük qafamızı, kifli beynimizi,
yaşlanmış fikrimizi, zəhərli adətlərimizi,
meymunca təqlidimizi əsla dəyişdirmək, islah etmək
istəmirik. Avropa əşyasına olan meylimizə,
firəng malına olan məftuniyyətimizə, arzumuza baxsalar
- tamam bir avropalıyız. Amma maarif, mədəniyyət,
cəmiyyət xüsusunda fikirlərimizi, əməllərimizi
diqqətə alsalar - küfli bir fanatik, ən cahil mütəəssib
bir türküstanlı, buxaralıyız. Bunlarla bərabər, ortada yad-əcnəbi surətində
bir müsəlmanlıq sözü gəzib duruyor. Amma inanılsın ki, cümlənin sözü,
iddiası həp bəhanə, yalançı sufilik, özgələri
aldadıcılıq, cib doldurmaqlıq, qərəz və mənfəətə
xidmətdir" ("Biz də vaxta görə
çalışaq").
Və yaxud, "Ağacı qurd içindən yeyər"
("Həyat" qəzeti, 7 avqust 1905, ¹65) adlı məqaləsində
(1906-cı ildə bu adda başqa bir məqaləsi də
çap edilib) Rusiya müsəlmanları məsələsini,
yenə birləşməmək, böyük dərdləri
prinsipiallıqla, konseptual şəkildə həll edə bilməmək
bəlasını ortaya qoyur. Onun publisistikasında xüsusi cizgiləri
ilə gözlərimiz önündə canlanan yatmış,
tənbəl və dünyadan xəbərsiz müti
"müsəlman obrazı" var. Bu obrazın millət adına ümumiləşmiş xarakterik cizgiləri,
mahiyyəti hər məqaləsində qarşımıza
çıxır. Bu "müsəlman"
milliyyətini, tarixini, keçmiş və gələcəyini,
hətta dinini də doğru-dürüst anlamır. Bu "müsəlmanı" buradan durquzursan, gedib
o tərəfdə yatır. Bu "müsəlman"
bütün işlərini yarımçıq qoyur, o, öz
ruhi-mənəvi aləmindən qopub və ancaq gündəlik
dolanışlıq dərdi ilə uğraşan həşərat
miqyasında kiçilib. Halbuki onun
çox böyük keçmişi olub.
Həmin məqalədə də bir "müsəlman"
"əmması" ortaya çıxır. Məlum olur
ki, bir neçə ay əvvəl Rusiya müsəlmanları
qəflətdən qəflətən
ayıldıqlarını nümayiş etdirmək
üçün canlanma yaratmış və hay-küylə
müsəlmanların dərdinə dəva
axtardıqlarını göstərmək istəmişlər.
Onlar Peterburqadək getmiş, müraciətlər
hazırlayıb problemlərini dövlət şurasına,
onun rəhbərlərinə təqdim etmişlər. Hətta onlarla üzbəüz görüşürlər
də. Daha sonra isə bu barədə məlumatları
paytaxt mətbuatında çap da etdirirlər.
Müəllif ironik
dillə yazır ki, o qədər sevindik, o qədər
ümidləndik ki, elə bildik zəif vücudumuza qüvvət
gəldi, hər tərəfdən qulaqlarımıza
"islah-reforma" kəlmələri dolurdu. İnanırdıq ki, yaralarımız sağalacaq.
Qəlbimiz fərəhdən, ümiddən
genişlənmişdi və s.
Bir qığılcım, Rusiya müsəlmanlarının
ayağa qalxaraq haqlarını, hüquqlarını tələb
etməsi hadisəsi çox böyük
başlanğıclar üçün vəsilə olmaqda idi. Hətta digər
bilikli müsəlmanlar da bir araya gələrək millətin,
din qardaşlarının halından xəbər tutmaq, dərdlərinə
şərik olmaq mücadiləsinə qalxdı. Müsəlmanlar arasında həmrəylik, dostluq,
ülfət yaranmağa başladı. Millətin
vəziyyətini analiz edən vəkillər, ziyalılar
"millətin ehtiyaclarını, qara dərdlərini ağ
kağızlara köçürdülər".
Müəllif ilk addımın möhtəşəmliyini
təkcə publisist kimi deyil, həm də yazıçı
kimi bədiiləşdirir. Süjetin
başlanğıcı çox fərəhləndiricidir.
Lakin milli psixologiya, siyasi, ictimai amillər, fərdlərin
sonrakı addımlarına əngəl ola
biləcək obyektiv səbəblər finalı uğursuz edə
bilər. Bu uğursuz finala qalib gəlmək
üçün prinsipiallıq, mübarizlik, israr, sonadək
mücadilə qəhrəmanlığı mütləqdir.
Təkcə müraciət qəbul edib, söz
sahiblərinin qəbuluna düşmək və bu barədə
mətbuatda məlumat yaymaq yetərli deyil. Ona görə
də hadisələri həssaslıqla izləyən Ömər
Faiq elə həmin məqaləsində sual edir: "Sonra? Sonra nə olacaq?"
"Bəli, hamımız gözləyirik. Abrazovannımız,
alimimiz, ruhanimiz, hamımız gözləyirik. Heç kəsdə ciddi hərəkət,
işinin dalına, peşinə getmək yox. Guya
Peterburqa, Tiflisə vəkillər göndərib ərzi-hallar
verməklə hamı borcumuzu, işimizi qurtarmış hesab
edirik. Aman, nə yaman xəsiyyətimiz var. Bir
işin, bir tədbirin sifdəsində cuşə gəlirik,
barıt kimi alovlanırıq, göylərə
qalxırıq. Lakin çox keçməyir
ki, yenə sükutlaşırıq. Yenə
sönürük. Yenə diblərə
enirik. Xüsusi işlərimiz kimi
ümumi işlərimizi də "Allah kərim" quyusunun
lap derin yerinə tullayırıq. İştə
bu qəflətimizdən, bu bədbəxtliyimizdəndir ki, verilən
ərzi-hallardakı bəzi istəklərimizə
acı-acı cavablar alırıq da, xeyrimiz belə
olmayır".
Elə həmin məqalədə oxşar və
çox əhəmiyyətli daha iki məsələdən
danışır. Qəribədir ki, elə o zamanlarda da
Ömər Faiqin də dili ilə desək,
"ölüm-dirim məsələmiz olan maarif və məktəb
məsələmiz xüsusi şüarlarla
qurtarılırdı".
Bu sahədə də müsəlmanlar elə
hey cavab gözləyir. Müəllif hətta
"biz hələ ağzımızı açıb cavab,
ümid gözləyirik" - deyir.
Ömər Faiq maraqlı və çox aktual məsələni
mətbuata çıxarır. Məlum olur ki, Tiflisdə "ibtidai məktəblərdə
nə sayaq dərs verilməlidir?" məsələsi ilə
bağlı Zaqafqaz maarifinin müdiri şura yaradır. Ömər
Faiq yazır ki, bu əhəmiyyətli məclisdə bizdən
az olan qonşularımız gürcü və
ermənilərdən doqquz müəllim ola-ola, bizdən ancaq
iki yarım müəllim var idi. Biri Soltan Məcid Qənizadə,
digəri Muxtarov, yarısı da Hacı Kərim Sanıyev
idi.
Əlbəttə, oxucu ilk növbədə bu "iki
yarım müəllim" ifadəsinə təəccüblənir
və mətləbdən hali olmaq üçün məqalənin
sonrakı hissələrini oxumağa tələsir. İki müəllimdən
biri Soltan Məcid Qənizadə, digəri Muxtarov olduğu
halda, nədən Hacı Kərim Sanıyev "yarım
müəllim" hesab edilir? Ömər Faiqin ona qəzəbinin
səbəbi nə ola bilərdi? Özü də məqaləsinin sonuna qədər
məhz onu sorğulayır, onun timsalında millət, ziyalılar,
millət vəkilləri adından səlahiyyətli şəxs
kimi önə çıxarılan antimilli, antiislam, antimaarif
xislətli digərlərinin də ümumiləşmiş
obrazı kimi tənqid hədəfinə gətirir.
Şura iclasının məğzi hər şeyi
aydınladır. Şurada Qənizadə müsəlman dərslərinin (türk dili
və tarixi ilə bağlı dərslərin - İ.Musayeva)
bir az artıq olmasını xahiş etmiş, onun əksinə
olaraq isə Hacı Kərim Sanıyev: "Kak mojno - heç
mümkünmü" - deyərək etiraz etmişdir. Müəllif göstərir ki, bununla da o, Qori
darülmüəlliminin başmürəbbi və müəllimi
Smirnovun gözünə girdi, iltifatına nail oldu. Daha sonra dərs proqramı, İslam dini ilə
bağlı hansı dərslərin keçilməsi sualı
müzakirə ediləndə Qənizadə İslam dininin
yaranması və Məhəmməd peyğəmbərlə
bağlı fənlərin ikinci ildən tədrisini vacib
bildiyini deyir. Smirnov ilə Hacı Kərim
Sanıyev bu təklifə də etiraz edir.
Bu məqamda Ömər Faiqin həm də bir məktəb,
təhsil siyasətçisi kimi istedadı önə
çıxır. Müəllif din mövzusunda Smirnov və Sanıyevin
israrının əsl səbəbini açır. İslam
dini ilə bağlı materialları sonuncu ildə tədris
etməkdə əsas məqsəd nə ola
bilərdi? Bəlli olur ki, axırıncı ildə
şagirdlərin çoxu məktəbdə qalmır. Ən əsası isə bu məsələdə
pedaqoji bir sirr varmış. Şagirdlər
aşağı siniflərdə öyrəndikləri
mövzuları heç vaxt yaddan çıxarmır, o zaman
tanıdıqları tarixi şəxsiyyətlərə sevgi
hissi daha səmimi və əbədi olurmuş. Nəticədə rus çar siyasətinin təlqin
edəcəyi "əsas" ideyalara müsəlman beynində
çox da böyük yer qalmaya bilərdi. Ona görə yaş psixologiyası siyasi mahiyyət
daşıyır. Ömər Faiq isə
bu incəliyi də xalqa anlatmalı olur.
Şurada
hətta "təzə proqram" adına
köhnə - 1880-ci ildə hazırlanan proqram qəbul edilir
("Bu təzə "proqram" 1880-ci ildə
keçmiş sərdar Voronsovun vaxtında tərtib edilən
köhnə proqramın bir az
öyrülüb-çöyrülməsindən başqa bir
şey deyildi").
Müəllifin Sanıyev kimilərə müraciəti isə daha kəskin intonasiyalı və daha dərin mənalıdır. Ona görə də kolaritli bir dillə və satirik müraciət etiketləri ilə üzünü birbaşa ona tutub deyir: "A cənab, bildinizmi ki, nə cür böyük və ağır bir iş görməyə çağırıldınız? Bildinizmi ki, neçə milyon müsəlmanın diriliyi və ya ölümü zati-fərasət mabeyinizin yadı-ixtiyarına verildi? Bildinizmi ki, bu zəmanəyə, millətin bu halinə görə ehtiyacımız, dərdimiz nədir? Əgər bilib, ona görə müsəlman dərslərinin az olmasını istədinizsə, qeyrət və qanacağınıza söz yox... bilməyib, özgənin ağzına baxıb danışıbsınızsa, qeyrət və fərasətinizin nəhayəti yox... Millətin vəkili yerində olduğunuz üçün sizə bir neçə söz soruşmağa məcbur oldum. A təcrübəli müəllim, Gəncə və qeyri yerlərdəki müəllimliyinizdə nə qayırırdınız? Gəncə müsəlmanlarının sizə olan hörmətləri müqabilində nə iş gördünüz? Heç bir kərə təcrübə etmək istədinizmi ki, vəkili, əqillisi, böyüyü siz cənabınız olan bu məzlum millət uşaqlarının tərəqqisi nə yol ilə əmələ gəlir? Heç bilmək istədinizmi ki, ana dili ilə olan təlim sayəsində millət balaları nə cür tərəqqi edirlər?"
Bir çox məqalələrində olduğu kimi, bu məqalədə də mahiyyəti dərk etdirmək üçün Ömər Faiq erməni və gürcü xalqları ilə müqayisələr aparır. Göstərir ki, hətta gürcü müəllimləri türk-müsəlmanlar yaşayan kəndlərdə onların öz dilində təhsil almalarını vacib sayır və bu barədə rəislərinə rəsmən məktub yazırlar. Amma bizim öz millətimizdən olanlar ana dillərinə hörmətsizlik edirlər. Deməli, ana dillərini bilnməyənlər heç analarını da tanımayacaqlar ("...siz heç öz ana dilinizi, ananızı tanımaq istəmirsiniz?").
Bəli, Ömər Faiqin və onun müasirləri olan onlarla vətənpərvər, millətsevər ziyalının yanğılı harayı əsassız deyildir. 50-100 il sonra belə problem kimi qalan milli məsələ bu gün də ağrı verir. Nayman-Ananı ürəyindən oxlayan manqurt oğullar nəsli yetişir...
Məqalənin adından da göründüyü kimi, ağacı qurd həmişə içəridən yeyib bitirir. Necə ki milləti milli ruhu və qeyrəti olmayanlar sonlandırır daima. Amma müəllif bu naqisliklərdə xalqı, xüsusən seçiciləri də günahlandırır.
"Ay mənim sevgili məzlum millətim, vaxtdır oyanaq. Vaxtdır iş görək. Bu sentyabr ayının on beşinə qədər hər uyezdə, hər quberniyada millət vəkilləri seçilib camaatın rahatlığını, məmləkətin abadlığını müzakirə edəcəkdir. Aman, aman, olmaya ki, şeytanlara, suya verənlərə, bir neçə istəkan çayın xatirinə aldanıb quzu şəkildəki qurdları vəkil seçəsiniz. İş əhəmiyyətlidir. Zaman nazikdir. Olmaya ki, özünüzü içinizdən qurd yeyə, olmaya ki, öz əlinizlə öz qəbrinizi qazasınız. Sonradan of-tuf yol etməz. Bilmirsək, qonşularımızdan dərs və ibrət götürək".
(Ardı var)
İradə
MUSAYEVA
525-ci qəzet.- 2022.- 12 yanvar.- S.10-11.