Xoş və nikbin auralı müsahibə  

 

Prezident İlham Əliyevin yerli televiziya kanallarına növbəti müsahibəsi 2023-cü ilin başlanğıcında hamımızı həm nikbin və ümidli, həm də işgüzar ovqata kökləmək baxımından əlamətdar oldu. Ölkə başçısının bu müsahibəsi eyni zamanda dövlətimiz və xalqımız üçün yaxın gələcəyə yönəlik çox vacib olan yol xəritəsi cızdı.

Müsahibə Azərbaycan rəhbərinin media ilə münasibətlərə və davamlı əməkdaşlığa, o cümlədən, ölkə jurnalistlərinin fəaliyyətinə verdiyi yüksək önəm və dəyərin növbəti təzahürüdür.

Prezidentin özünün də qeyd etdiyi kimi, o, vaxtaşırı ölkə ictimaiyyətinə müraciətlərində ayrı-ayrı mövzularla bağlı fikirlərini və mövqeyini açıqlayır. Lakin müsahibə zamanı media nümayəndələrinin ünvanladıqları sualları cavablandırarkən dövlətimizin başçısının müxtəlif məsələlər barədə daha ətraflı və detallı danışmasına, ölkə və dünya gündəmini, mövcud geopolitik mənzərəni daha əhatəli dəyərləndirməsinə şərait yaranır. Bu dəfə də belə oldu və təsadüfi deyil ki, Prezident müsahibənin sonunda jurnalistlərə təşəkkürünü bildirərkən dedi: “Sağ olun, sizə təşəkkür edirəm. Suallarınız mənə imkan verdi ki, biz bu vacib mövzularla bağlı danışaq. Düzdür, mən tez-tez Azərbaycan ictimaiyyətinə müraciət edirəm. Hesab oluna bilər ki, bütün vacib mövzularla bağlı fikrimi bildirirəm, həmişə belə olub. Amma müsahibənin də öz formatı, öz xüsusiyyəti var. Bir çıxışda, yaxud da ki, bir neçə çıxışda bəlkə də bütün bu məsələləri əhatə etmək mümkün deyil. Çünki çıxışlar adətən bir qayda olaraq hansısa tədbirdə bir mövzuya aid olur”.

Ölkə rəhbərinin bu müsahibəsi öz əhatəsi və dolğun məzmunu ilə yanaşı, son dərəcə səmimi ortamda keçməsi, xoş aura, nikbin ovqat yaratması ilə də diqqət çəkdi. Prezident İlham Əliyev xalqımızı düşündürən və qayğılandıran proseslər, eləcə də xoş məzmunu ilə hər birimizi ürəkdən sevindirən, gələcəyə daha da ümidləndirən hadisələr haqqında olduqca maraqlı, təsirli açıqlamalar verdi.

İlham Əliyevin mövcud duruma ümidlə yanaşması və bunu elə müsahibənin əvvəlindəcə dilə gətirməsi bütövlükdə Azərbaycan cəmiyyətində yüksək əhval-ruhiyyə yaratdı: “Yenə də ümidliyəm və ümidimin səbəbləri var. Çünki Azərbaycanın postmüharibə dövründə göstərdiyi mövqe və beynəlxalq miqyasda əldə etdiyi uğurlar bunu deməyə əsas verir.

İkinci Qarabağ müharibəsindən sonra bizim əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Biz dərhal işə başladıq... Və hesab edirəm ki, bu gün - artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib”.

Sualları cavablandırarkən müvafiq dairələrə olduqca mühüm mesajlar ünvanlayan Prezident “müharibə bitsə də, mübarizə hələ davam edir” deməklə bərabər, müxtəlif təhdidlərə baxmayaraq, bütün bu mübarizənin sonunda yenə də bizim qalib gələcəyimizi özünəməxsus əminliklə vurğuladı.

Prezidentin ötən ilin avqustunda Laçının düşməndən təmizlənməsi, azad edilmiş ərazilərimizdəki bərpa-quruculuq işləri, insanlarımızın həmin yerlərə qayıdışı barədə dedikləri də xeyli təsirli və ümidlərimizi daha da artıran fikirlər kimi yadda qaldı: “Avqustun 26-da biz Laçına girdik və o unudulmaz anları, unudulmaz hissləri bir daha yaşadım. Bu, doğrudan da həm çox emosional bir gün idi, həm də qürurverici bir gün idi...

Amma onu da bildirməliyəm ki, laçınlılar, xüsusilə Laçın şəhərində yaşayan insanlar, yəqin, bir qədər ümidsiz idilər. Çünki danışıqlar zamanı, ümumiyyətlə, Ermənistan tərəfi Laçını Azərbaycana qaytarmaq haqqında heç danışmaq da istəmirdi. Əfsuslar olsun, keçmiş Minsk qrupunun həmsədrləri də hesab edirdilər ki, Laçın rayonu Ermənistana verilməlidir. Ona görə laçınlılar daha ümidsiz idilər... Amma məncə, ən tez öz doğma ocaqlarına qayıdan laçınlılar olacaq”.

Müasir dünyadakı qlobal problemlər və kəskin münaqişələr barədə fikirlərini bölüşən İlham Əliyev bütün bunların aradan qaldırılması üçün BMT və digər beynəlxalq təşkilatların hazırkı reallıqlar nəzərə alınmaqla yenidən formalaşdırılmasının vacibliyinə də olduqca ustalıqla toxundu. Sözsüz ki, Prezidentin bu barədə dedikləri İslam Əməkdaşlıq Təşkilatında və Qoşulmama Hərəkatında xüsusi nüfuz sahibi olan Azərbaycanın da mövqeyinin diqqətdən kənarda qalmamasına ciddi işarə idi.

Qərbi Azərbaycan məsələsinə davamlı diqqət ayıran İlham Əliyev bu müsahibəsində də həmin mövzuya dair mühüm fikirlər səsləndirdi. Dövlət başçısı əslində bu məsələ ilə bağlı fəaliyyətdə də uyğun məqamın yetişməsinin vacibliyini diqqətə çatdıraraq, artıq Qərbi Azərbaycanla əlaqədar da proqram xarakterli iş aparıldığını açıqladı: “...Prinsipcə mən hesab edirəm ki, yavaş-yavaş bu mövzu ilə bağlı biz gərək öz fikirlərimizi bölüşək... Bu gün sirr deyil ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl açılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq... Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək”.

Məmnunluq və əlavə məsuliyyət hissi doğuran bir məqam da bu oldu ki, dövlətimizin başçısı Qərbi Azərbaycan məsələsində medianın fəaliyyətinə də böyük ehtiyac duyulduğunu qeyd etdi: “Necə ki, vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik. Əlbəttə, burada media nümayəndələrinin fəaliyyətinə böyük ehtiyac var - həm ölkə daxilində, həm xaricdə”.

Laçın-Xankəndi yolundakı ekoaksiya barədə fikirlərini açıqlayan Prezidentin bu mövzuda söylədikləri həm siyasi-ictimai əhəmiyyəti, həm də səmimiliyi və göstərdiyi təsir baxımından çox mühümdür. Oradakı aktivist gənclərimizlə bağlı söylədikləri ilə dövlət başçısı həm onların fəaliyyətini yüksək qiymətləndirmiş, həm də daha artıq ruhlandırmış oldu: “İlk növbədə, o gənclərə “Eşq olsun!” demək istəyirəm, onlar bizim fəxrimizdir. Qeyd etdiyiniz kimi, gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər”.

Xalqın rifahı naminə atılan addımlar, görülən sosialyönümlü tədbirlər, gerçəkləşdirilən və ya planlaşdırılan irimiqyaslı iqtisadi layihələr, eyni zamanda, hərbi sahədəki davamlı islahatlar, ordunun ardıcıl gücləndirilməsi haqqında bu müsahibə zamanı dedikləri ilə dövlət başçısı yerli və beynəlxalq ictimaiyyətdə Azərbaycanın artan gücü və qərarlılığına dair bir qədər də aydın təsəvvür yaratdı.

Prezident İlham Əliyevin çıxış və müsahibələrinin digər bir yüksək cəhəti də ölkə rəhbərinin leksikonunun müstəsna dərəcədə zənginliyinin hər dəfə yeni nümunələrlə özünü göstərməsidir. Azərbaycan dilinin ən dərin qatlarına belə vaqif olmasından xəbər verən çeşidli kəlmələr, dilimizin alt laylarından gələn qanadlı ifadələr dövlətimizin başçısının nitqinə xüsusi, təkrarsız kolorit gətirir. Eyni zamanda, bu dəyərli elementlər onun çıxış və söhbətlərinin səmimiyyətini, təsir gücünü daha da artırır. İlham Əliyev bu kimi kəlmə və ifadələrdən qalibiyyət, sevinc və məmnunluq duyğularını xalqa çatdıranda da, dövlətimizin və millətimizin bədxahlarına qarşı qəzəb və istehzasını dilə gətirəndə də çox ustalıqla, tam yerli-yerində istifadə edir. Növbəti müsahibə də bu cəhətdən istisna olmadı. Azərbaycanın məkrli əleyhdarlarının çirkin davranışlarından, onlara hədlərinin bildirilməsindən söz açan Prezidentin bu məqamda “cılız qeybət”, “xəbərçilik”, “cükküldəşirdilər”, “sarsıdıcı şapalaq”, “bizimlə heç kim zarafat etməsin” kimi ifadələr işlətməsi olduqca uğurlu alındı.

Maraqlıdır ki, Prezident özü də leksikonunun xalqda rəğbət doğurmasından xəbərdar olduğunu gizlətmədi və suallardan birinə cavab verərkən bu barədə kifayət qədər səmimiyyətlə danışdı:  “Bəli, bilirəm ki, müharibə zamanı mənim məlumatlarım səbirsizliklə xalq tərəfindən gözlənilirdi, izlənilirdi və müharibə dövründə istifadə etdiyim leksikon da bəzilərinə çox yaxın və doğma idi. Amma necə deyərlər, hər dövrün öz hökmü var, öz funksiyası var, spesifikası var. Əgər mən iki il bundan əvvəl istifadə etdiyim sözlərdən istifadə etsəm, yəqin ki, düzgün olmaz. Halbuki o sözlərin bəziləri indi dillər əzbəri olub, nəinki Azərbaycanda, hətta qonşu Türkiyədə. Mən özüm də hərdənbir o sözləri təkrar etmək istəyirəm, amma özümü güclə saxlayıram. Çünki əfsuslar olsun ki, o sözləri deməyə hələ ki, ehtiyac var. Ünvanlar bəlkə dəyişə bilər, amma sözlərin mahiyyəti və transkripsiyası dəyişməz olaraq qalmaqdadır”.

Göründüyü kimi, Azərbaycan Prezidentinin media nümayəndələri və onlar vasitəsilə də xalqla, geniş ictimaiyyətlə hər təması çox sayda parlaq məqamlarla yaddaşlara həkk olunur. İnanıram ki, bu təmaslar, bu çıxış və müsahibələr müasir tariximizi yeni-yeni uğurlu səhifələrlə zənginləşdirəcək və Azərbaycanın növbəti qələbələrinin müjdəçisi olacaq.

 

Rəşad MƏCİD

Azərbaycan Mətbuat Şurasının sədri

525-ci qəzet.- 2022.- 12 yanvar.- S.5.