Əlvida, Çilov adası!..
Son bir ildə - 64 yaşımın tamamında aydın
başa düşdüm ki, mən də işdən
ayrılacaq, adanı tərk edəcək, ən
başlıcası, aylıq ciddi maaşdan əlim
üzüləcək və əmək pensiyasının
ümidinə qalacağam.
İşdən təqaüdə gedənlərin
bütün buraxılış vərəqələrinə
viza qoyurdum, indi özüm öz xoşumla vida imzasını
təsdiq etməliyəm. Bu sətirləri
yazarkən 2022-nin yanvar ayının 10-u axşamıdır,
ömür vəfa edərsə, ilin sonunda həm işimlə,
həm də ada ilə vidalaşacağam.
Çilov adamı - qara adamÇilov adamı çox
hadisələrin şahidi olub, xüsusən neft sahəsində
baş verən hadisələrin birinci
iştirakçısıdır və Adam adanın ən
yaxşı tərəfindən neft gəlirlərinin
artdığı zamana qədər çox fədakarlıq
edib, saatlarla gəmidə üzüb, dəqiqələrlə
helikopterdə süzüb. Oğurluq-doğurluq dəniz məhsullarının
- balığının, xərçənginin tamını dadıb,
qaşqaldağına, çöl ördəyinə... dəymiş
güllələrin qırmasının, barıtının
qoxusunu da hər kəsdən yaxşı bilir. Qarlı,
çovğunlu havalarda ov etməyi, küləksiz havalarda tor
səpməyi bacarır. Meduzaların balığı
necə məhv etdiyinin şahidi olur, suitindən yağ çıxarmağın
yollarını mənimsəyib, tüfəngini saz
saxlayıb, toru yosunlardan təmizləməyin yollarını
asanlaşdırıb.
Təbii ki, dəniz sahilində - adada yaşamın fərqli
tərəflərindən biri bu idi. Tarlası yox, zəmisi
yox, it hürüşməsi, xoruz banı yox. Nəzarət
Heyvanların sahibi 9-10 kvadratkliometrlik ərazidə
şellənən mallardan tam arxayın idi.
"Ornos" adlanan sarı, xınalı
qayalıqlardakı ərazidə birillik efemer bitkilər
tükənən kimi məişət
tullantılarının qalıqları ilə qidalanan
iribuynuzlu heyvanlar zibil qablarını gözlərinə təpirdilər.
Adam burada
helikopter qəzası da görüb, estkadadan
sürüşüb dənizdə boğulan brakonyerin cənazəsini
də, 20 il əvvəl batan adamın
meyitinin tapılmadığının da fərqindədir, hələ
dənizdə yanaraq boğulanların telefon
çığırışlarını - fəryadını
da eşidib. Xeyli qəzaların xatirəsini yaşayan
şahidlər az da olsa qalıb. Helikopterdəki 20 nəfərdən sağ qalan bir nəfərin,
yanan özüldə dalğanın xilas etdiyi yeganə
neftçinin sözlərini indi də xatırlayır. Allah saxlayanda saxlayır deyir, adanın adamı.
Adam adada ölümün gözünə dik
baxa bilir, əgər burada doğulubsa, dalğalarla
qucaq-qucağa çox çarpışıb, külək
sifətini bozardıb, günəş üzünü
qarsıb. Beləcə, yerli adamın hər üzü "qara"dır.
Üzü də, sözü də, ayı da,
günü də qaradır, dartınıb-dartınıb bu əsrin
sürətinə çata bilməyib, çatanlar da
günün nəbzini tuta bilməyib. "Ölüm-itim,
bir gün bitim" deməyib, nəqliyyat xərci deməyib,
kommunal ödəniş dərdi çəkməyib. Təkcə
kef çəkib, istədiyini edib - yeyib-içib, rəqs eləyib,
sonra da gedib yatıb.
Tor - həmin adamın baş verənlərə təsəllisi
və ya istehzası, ya da ən xoş arzusu olub.
Qadınlar
Burda
evliliyin evə dəyişir
Tənha
qadınlar...
...Tənhalıq
nigah evi,
...İsti
oda - yengəsi,
...Cehizi -
nişastalı, soyuq yataq dəstləri...
Ən çox qadınlar işləyən təsərrüfat
bizim sahəydi. Təəssüf ki, həm də insan əxlaqına
şübhə ilə yanaşılan sahə. Sıravi işçidən rəisə kimi hər
kəsin ləkələnməyi bir yalan sözə bənd
idi. "Mənim əxlaqıma
şübhə edən kəs ən əxlaqsız
adamdır" deyimi ilə özümü qoruyurdum. Deyim ki, böyük əksəriyyət bizə
hörmətlə yanaşır, bizə inanırdı.
Qadınların
sayı da az deyil. Adanın
qadın sakinlərinin Bakı şəhərinin
rayonlarında evi və qeydiyyatı var. İşləyənlərin
çoxu dul və ya subay qadınlardır - evi evlilikdən
üstün sayanlardır. Xanımlara rəhbərlik
yanında xüsusi rəğbət göstərilir. Bayram günlərində günün yarısı
işdən buraxılır, ya da bir neçə saat işdən
getməyə icazə verilir. Bu mental dəyər
kənardan - quru sahələrdən gəlmə nümunədir.
İşçi kişilərin onlara qarşı diqqqətinə
önəm verən xeyli qadınlar da var. Həm yataqxanada, həm
də xidməti mənzillərdə yaşayan xanımlar
otaqlarında yerli-yersiz tez-tez dizaynı dəyişməyə
meyillidirlər. Amma çox iddialı olanlar da var - məişətlərinə
dəyişikliklər etmək kimi bəhanələr və
s. Hamının onlara borclu olduğu düşüncəsinin
əsirinə çevrilmiş qadınlar da az
deyildi. Bir az səliqəsiz iş
otaqları, bir az da yersiz deyingənlikləri vardı. Hər
şeydə bir məna axtaranlar da az deyil.
Qruplaşmalar təşkil etmək işdə nə qədər
qəbahət sayılsa da, əsl vərdişlərinə
çevrilib: ya onların adamı, onların söz deyəni
olmalısan, ya da, ifşaedici təzyiqlər altında
qalıb əzablara boyun əyməlisən. İndi belə təhdidlərə
dözə bilməyən az adam
tapılar.
Çilov
adasında "pişik" Tamara
Ümidinə
od vurur hər gün,
Hər gün arzusuna əl qatır.
Zibil
arxa
qutusuna çevirib,
Pırtlaşıq
saçları həsrət tumara -
Çilov
adasında "pişik" Tamara
Çilovun yaşlı qadınlarından biri idi,
ömrünün son illərinin yaşadığını
bilirdi və bütün həyatını pişiklərlə
keçirirdi.
Onun bir qədər əyilmiş qaməti və
hər zaman xaç çevirən kirli əlləri
pişiklərlə nəfəs alırdı.
İkimərtəbəli xidməti evlərin birində
üçotaqlı mənzildə yaşayırdı və hələ
bostan yeri də vardı. Saçları daim pırtlaşıq,
tumara həsrət idi. İşığa,
qaza və suya haqq alınmırdı, nəqliyyat da pulsuz idi,
amma əslində, Tamaranın gedəcəyi yeri də yox idi.
Ətəyində
köhnə-külüş nə istəsən tapardın,
torbasında süd, qatıq, kolbasa, sosiska pişiklərə
yedirdib sonra gedər və arxasınca "Allah səni
öldürsün" deyən adamlara gözünün ucuyla
da baxmazdı, çox uzun, çirkli, nimdaş
paltarını çəkib aparardı. Allahın
verən günü turş şərab və quru balıq
yavanlığı gözünə təpərdi. Adadakı xeyli etnik qadınlar kimi, bu dul qadın da hələ
də azərbaycanlı ərinin soyadını
daşıyırdı. Tamara Vladimirovna Hüseynova. Və
öldü:
Öldü
Tamara,
saxlanma
müddəti bitdi sevincin.
Boş
qaldı eşikdə çini boşqablar,
boşaldı mənzilin al şərabları,
quru
balıqların qəlsəmələri
elə ət
üstündə atıldı çölə.
Öldü
Tamara,
pişik
tumarını apardı özü.
Ada qəribsədi
pişik səsinə,
sevgisi
gözündən gəldi suların,
qumlu
sahilində ayaq izləri,
zibil
qutusunda torba - girovda,
pişiklər sahibsiz qaldı Çilovda...
"Qara"
isti rəngdir
("Təqaüdçülər"
silsiləsindən I yazı)
İş
icraçısı İsmayıl Həsənovun xatirəsinə
Yaşadığı "28 may" küçəsi
kimi hər kəsə xoş əhval gətirirdi. Nəhayət,
vaxt gəldi, təqaüdə getdi. Xidməti
mənzilinin 2-ci qatında vida məclisi işçilərin
ürəyincə oldu.
Sonra bir
neçə il yaşadı və əbədiyyətə
qovuşdu.
Ayaması "Qara" idi İsmayılın. Hər kəslə isti
münasibəti vardı, bu istilik onun nurlu simasını bir az da nurlandırmışdı. İş
icraçısı idi. Son illər
ayaqlarını yerdən götürməyə taqəti yox
idi, çox zəifləmişdi, ayaqlarını güclə
sürüyürdü. Hərdən
zarafatla "Abi, toz eləmə" deyirdim.
Ayaması "Qara" idi. Xəzrinin,
gilavarın təsirindən qarsımış, gündən
qaralmış sifəti brendə çevrilmişdi, sifətinə
çökmüş "Qara" təbii rəngində
idi. O, küləkdə də, qarda-yağışda da
gəminin göyərtəsində martı
quşlarının səsini dinləyir, açıq havada
olmaqdan zövq alırdı.
"Qara" səmimiyyəti, düzlüyü və təmənnasız
xidməti ilə hər kəsin sevimlisiydi. O da
Çilovu çox sevirdi, elə bil, gözünü burada
açmışdı. Əslində,
Qazaxda doğulmuşdu, amma danışığı,
davranışı ilə əsl Pirallahı sakini idi. Bütün ömrünü bu qəsəbəyə
bağlamışdı, elə orada da torpağa
tapşırıldı.
İşçilərə qarşı sakit rəftarı
ilə seçilirdi, nadir hallarda əsəbiləşir, bəzi
rus sözləri ilə söylənirdi. Ən aqressiv,
tələbkar MKT rəhbərləri də onun
dürüstlüyü qarşısında təslim olurdu.
Bir xatirə:
MKT-nın həyətində kiçik bir hovuza su
zambağı əkmişdik, sonra bu bitkini çirkli alaq hesab
edib, köküstündə çıxarıb kənara
atmışdılar, həmin su zambağını yenidən
hovuza gətirib suyun dibinə bərkitdik, ertəsi gün yenə
sudan çıxarıb kənarlaşdırmışdılar,
yenidən əkdik və bitkinin kim tərəfindən
çıxarıldığını öyrəndik:
İsmayıl idi. Etiraf etdi ki, bunun su
zambağı olduğunu bilmirmiş, suyun təmiz
olmasını istəyirmiş.
İsmayıl
doğrudan da təmiz adam idi. Və nə yaxşı ki, Çilov adasında təmiz
oğlanlar çoxdur.
Qara - isti rəng sayılır, İsmayıl bu isti rəngdə
("QARA") özünü çox yaxşı hiss edirdi. O, bu adı qazandı və
getdi. "Qara"nın xatirəsi həmişə
dostlarının qəlbini isindirəcək.
"Məktəbli
qız"
("Təqaüdçülər"
silsiləsindən II yazı)
Çilov adasının pasportçusu idi, kabinetinin
qarşısında "YYY" yazılmışdı. Əslində, yaxşı
tənqidçi ola bilərdi, amma işlədiyi
sahə buna çox da şans vermirdi. Ətrafında olan
insanları üzbəüz tənqid edir, hərdən təhqirə
də bəliyirdi, rəhbərliyin adına
söylədiyi tənqid bəzən təhqir kimi
ünvanına çatdırılırdı. Bu
səbəbdən də bəzən üstünə gəlir,
bəzən zərərsizləşdirmək
üçün cəhdlər də edilirdi.
Təbii ki, "məktəbli qız"ın
dürüstlüyü onu qeybət və dedi-qodudan qoruyurdu. İmanlı
olması da onun üstünlüyü idi. Sosial şəbəkələrdən məlumatlar
alırdı, siyasi mövzular sarıdan da piyada deyildi.
Kənd qızının qüruru bütün
vücudundan bəlliydi - geyimindən tutmuş nitqinə kimi hər
şey qəbuledilən idi. Yerlilərini - rayon
adamlarını həmişə müdafiə edirdi,
onları çox istəyirdi.
Ədəbiyyatdan - sovet ədəbiyyatından kifayət
qədər kitablar oxuduğu bir çoxlarına bəlli idi.
Sözünün sahibi idi. Yanlışlığa
yol verənləri, əqidəsini dəyişənləri həmişə
qınayırdı. Doğmalarını
ciddi-cəhdlə qorusa da, bəzən onları da
sıxışdırırdı. Prinsipiallığından,
dürüstlüyündən, insanlara yardımından əl
çəkmirdi.
Nəhayət,
zamanı gəldi və təqaüdə getdi, amma hərdən
iş yerinə gəlməyi də unutmadı, çünki
orada onun hörmətlə baş çəkməyə
dostları da vardı.
Sənə sağlamlıq və uğurlar
arzulayırıq, "məktəbli qız".
"İdiot"
("Təqaüdçülər"
silsiləsindən III yazı)
Ayaması belə idi. Çoxları tez-tez
belə müraciət etsə də, onu bu adla Kamal Burcəliyevdən
şirin çağıran yox idi. Öz
işindən əlavə, həm də Çilovdakı
mağazalardan birinin sahibi idi. Kiminsə
xeyrinə-şərinə yarımağı yox idi, barama
qurdu kimi öz hücrəsinin içərisində
bulanırdı. Vaxtı ötmüş,
saxlanma müddəti bitmiş ərzaqların
satılmasında çox maraqlıydı. Brokenyerdən balıq alıb satır, mobil telefon
konturlarının üstündə yuvarlaq haqq alırdı.
Dünya od tutub yansa, onun bir bələm otuna da bir
şey olmazdı yəqin. Küt və soyuq
baxışı yarlıq kimi üstündə idi.
Nəhayət, vaxtı çatdı və ada ilə
vidalaşmaq zamanı gəmi limanında,
"qızışdı", amma adamların istehzası ilə
qarşılaşıb tez də "söndü".
O getdi, təqaüdə
getdi. Ağzıgünə qalan isə onun
heç də xoş olmayan əməlləri oldu.
"Üç
nöqtə"
("Təqaüdçülər"
silsiləsindən IV yazı)
Ayaması da vardı, amma etika xatirinə yazmıram. Qoy ayaması
olsun "Üç nöqtə".
Özünü
şifahi ifadə edə bilməyən kimi test qiymətləndirməsində
taktiki rəhbər olaraq ona "sıfır" yazdım. Bu, dəqiq qiymət idi, elə sürətlə
danışırdı ki, sanki "dalınca atlı gəlirdi",
nə danışdığını anlamaq olmurdu.
Sadəlövh olduğundan... bəzən lazımsız
halda pul xərcləyir və tez-tez danlanırdı, həm də
aldanırdı. Amma çox danlansa da, "Üç nöqtə"nin öz həlimliyini və
yumşaqlığını, bəlkə də, səmimiyyətini
sona qədər saxlamağa gücü çatdı.
Və təqaüdə getdi.
Rus
qızı İnna
("Təqaüdçülər"
silsiləsindən V yazı)
Onunla xeyli sonralar bir təsərrüfatda işlədik. Həmin
müddətdə bir neçə qaragüruhçunun
adını çıxmaqla digər işçilərin rəğbətini
qazandı. Uzaq şərqdən Azərbaycana, çox güman
ki, azərbaycanlıya - sevərək ərə gəlmişdi.
Çox nikbin qadın idi, bütün çətinliklərə
dözümlülük göstərirdi.
Bu rus qızı Azərbaycan sevdalısıydı, 44
günlük Vətən müharibəsində səmimi qəlbdən
narahatlıq keçirən vətəndaşa
çevrilmişdi. Şuşanın işğaldan azad
olunmasına ən çox sevinən də o idi. Buna görə də sevilirdi. Hər
bir azərbaycanlı qədər Azərbaycan vətəndaşı
idi.
Taktiki rəhbər
olaraq ona belə arayış verə bilərdim: "Anbardar
işləyirdi, anbarda heç vaxt çatışmazlıq
olmadı. İşində dəqiq və səliqəli
idi".
Heç vaxt açıq-saçıq hərəkətlərə
yol vermədi, etik qaydalara əməl edirdi. Bizim mental dəyərləri
qəbul edir və bu dəyərlərə hörmətlə
yanaşırdı.
Dostlarının, iş yoldaşlarının xeyir-duası ilə təqaüdə
getdi.
İki qızı, iki nəvəsi var. Allah saxlasın
deyirik, İnna "Rasxod", "xərclərini azalt",
sənə uğurlar.
Kütləvi
tədbirlər
Çilovda
çalışdığım son üç ili pandemiya dövrünə
düşdüyündən kütləvi tədbirlərə
icazə verilmirdi. Öz əlimlə başa gətirdiyim
parkın qırmızı darvazası bağlı qaldı,
girişi qadağan edilmiş digər obyektlər kimi park və
parkın içərisindəki süni şəlalə və
bulaq, dekorativ bitki kompozisiyaları, oduncaq və kötüklərdən
ibarət klassik üsulla düzəldilmiş, ağac
kötüyünə oxşadılmış stol və
stullar, kiçik hovüz və içərisindəki su
zambaqları baxımsız qaldı, fəvvarənin suları
bulandı. Şəhid parkındakı və ətrafındakı
ağaclıqlar sanki adamsız olduğundan darıxdı.
Ən ağırı isə o idi ki, gilas
bağı qurudu.
Son illər
dənizdə fırtınalı günlərin sayı xeyli
artmışdı, xərclərin azaldılması gündəmdə
olduğundan barjaların yükdaşıma sayı iki dəfədən
də az idi. Helikopterlərlə
özüllərə ərzaq daşınması da zəruri
hallarda baş tuturdu. Qazmaçılara və
neft-qaz istehsalında birbaşa iştirak edən
işçilərə qismən güzəştlər
edilirdi. Sosial sahələrə diqqət
zorən azaldılmışdı, təmir və tikinti
işləri təxirə salınmışdı, yeni lahiyələrin
təsdiqindən söz belə getmirdi. Bu
vəziyyətdə adaya qidalı torpaq və üzvi gübrə
gətirtmək üçün fədakarlıq etməyə
dəyməzdi. İnsanlar işə gəlib-getməkdə
bir neçə gün gec qalırdılar. Gəmilərin
salonlarına giriş sayı iki dəfə az
olduğundan nəqliyyat xərcləri də artırdı. Pirallahı və Çilov qəsəbəsində
vaksin vurdurmaq üçün özüllərdən gələn
işçilərin də helikopterdən istifadəsi nəzərə
alınarsa, ciddi maliyyə çətinliklərinin olduğu
aydın görünər. Dezinfeksiya
işlərinin tez-tez aparılması, işçilərin
antiseptik məhlullardan istifadə etməsi, maskalar,
işçi və rəhbərlik arasında canlı dialoq məhdudiyyəti,
bütünlüklə virtual münasibətlərin meydana
çıxması, internet üstündən yazışmalar
insanların sxolostik ünsiyyətinə gətirib
çıxarırdı. Ciddi təkliflərin,
yeni əmr və qərarların müzakirəsi yox dərəcəsində
idi.
44
günlük Çilov adası
Zəfər düşüncələri pandemiya günlərinin
ömrünü qısaldır, bizi oteldə darıxmağa
qoymurdu. Stolun üstünə üçrəngli bayraq qoymuşdum.
Qapalı şəraitdə bir həftə
içəridə qalmalıydıq, testlərdən sonra nəticədən
asılı olaraq işə buraxılacaqdıq. Notbukun oxu qeyri-iradi elə hey cəbhə xəbərlərinin
üstündə fırlanırdı. Keçmişimin
28 ildən əvvəlki fəlsəfəsi çox tutqundur,
elə bilirəm 35 yaşımda doğulmuş və elə
burdaca dağınıq həyatımı
yaşamışam. Gündəliyim də
də pandemiya mövzusu və Zəfərimiz haqqında qeydlər
edirdim.
Milli Ordunun rəşadəti hər kəsdə
torpaqlarımızın işğaldan azad olunacağına
böyük ümid yaradır. Vaqif də, Elçin
də (oğlanlarım) könüllü olaraq
döyüş bölgəsinə gedib gəlirlər. Cəbrayıl şəhəri və bir neçə
kənd işğaldan azad olunub.
Pandemiya hər yanda yüksək vüsət alıb,
1200 yoluxma var.
Hər kəs
bir-birilə cəbhə baş verənlərdən
danışır, Şuşa
sorağındadır hər kəs.
...20
oktyabr, saat 15 radələri. Kontorun
qarşısına çatıram. Rəisin
xidmət maşını yaxınlaşır, yol vermək
üçün dayanıram. Rəis
maşında tək deyil. Qapı
açılsa da, maşından düşməyə tələsmirlər.
Maşının radiosundan cəbhəyə aid
rəsmi məlumat başlayır. Yaxınlaşram.
Nəhayət azad olunan bölgələrin
adı sadalandıqdan sonra "Və Zəngilan şəhəri
- Qarabağ Azərbaycandır" sözləri bitər-bitməz
telefonuma zəng gəlir. Onu bilirəm ki,
rəis də, müavin də, sürücü də
gözümdə daha da doğmalaşır. Telefonda 1-ci Qarabağ müharibəsinin
iştirakçısı, dülgərimiz Ağamoğlan
idi, bu mövzü görünür, ona çox doğma idi.
Artıq telefonda zənglər dayanmırdı,
birinə cavabım bitməmiş üstündən daha bir zəng
gəlirdi. Bir neçə saat ərzində
100-dən çox zəng gəlmişdi, hər kəs
gözaydınlığı verirdi.
Zəngilanın işğaldan azad olunduğu gün və
sonrakı üç gün xidməti mənzilimdə şənlik
davam edirdi.
Qarabağa
dəstək aksiyası
Üçtərəfli sazişin imzalanması barədə
rəsmi məlumatı dinləyib tez idarəyə gəldim. Gecə saat 2
olardı. Yolboyu növbədə olan avtobus fit verir,
adanın gecə həyatını vaxtsız oyadırdı. Adanın gecə səssizliyini pozan ilk ayaq səsi mənim
addımlarımın səsi idi. Bayraq
götürüb yüyürmək istədim, amma
anbarımız bağlı idi, anbardar da xeyli aralıda
yaşayırdı. Növbə
maşınlarından birindən sifariş etdim, 10-15 dəqiqə
sonra anbarın açarını gətirdilər. İki böyük bayrağımızın onlarla
adamın əlində dalğalanması çox sevincli idi.
Bu günü düz 30 il gözləmişdik
- otuz il gec qalmışdıq. İşçilər,
sonra bütün qəsəbə adamları cərgəmizə
qoşulmuşdu. Şüarlar deyir və
qışqırırdıq: "Qarabağ Azərbaycandır".
Artıq hər yan işıqlanmışdı. Hər halda
bizim təşkil etdiyimiz aksiya deyəsən, adada ilk kütləvi
tədbir idi.
İndi hər
səhər saat 7-də TV-lərdə səsləndirilən
himnimizin sözləri bir daha mənim içimdən
keçir və Əhməd Cavadın bu sətirləri uzun
müddət beynimdə dövr edir:
"Səndən
ötrü can verməyə cümlə hazırız,
Səndən ötrü qan tökməyə cümlə
qadiriz".
Mənim
təəssüflərim
İşlədiyim təsərrüfatda adamların
çoxu ikiqat hesablanan gün fürsətində idilər. Onlar iş vaxtının
uçotu qrafikində qeyri-iş günlərində - şənbə-bazar
və bayram günləri işdə olmağa
üstünlük verirdilər. Bu da təbii idi
- heç kəs həmin günlərdə ikiqat hesablanan əmək
haqqına yox deməzdi. Amma çox zaman
bu "qırmızı tutmaq" hərisliyi ciddi mübahisələrlə
nəticələnirdi. Biri öz
qadını ilə eyni gündə işə gəlib-getmək
üçün bəhanə gətirir, o biri öz xəstə
uşağını həkimə göstərmək
üçün qrafikinin dəyişməsini tələb
edir, bir başqası toy, xatirə günü bəhanəsilə
növbənin başına min oyun açırdı. İmanlı hesab edilən məşədisi də,
kərbəlası da, dinsizi, imansızı da bu oyunun
içində idi. Bir sözlə, "qırmızı gün"
tutmaq uğrunda əsl mübarizə gedirdi. Hətta bir il əvvəldən neçə bazar, bayram
günü tuta biləcəyini arsız-arsız söyləyənlər
də vardı. Bu mübarizənin önündə
mühəndis və texniki işçilərin olması isə
daha çox təəssüf doğururdu.
Amma istehsalat zərurəti ilə əlaqədar dəyişikliyə
ehtiyac olanda, buna heç kəs könüllü
razılıq vermirdi. Bir saat belə güzəşt etmək
istəyən yox idi. Və təsərrüfatın
rəisi kimi hər zaman buna təəssüf etməkdən
başqa çarəm qalmırdı.
Sadəliyin
gülməli anları
Helikopterə minirik - birinci növbədə titullu
mühəndis və texniki işçilər qalxır. Həmin an məlum
olur ki, bir nəfər şəxs helikopterdən düşməlidir,
dispetçer məni soyadımla çağırıb
düşməyimi elan edir. Təbii, salonu
tərk edirəm. Əslində təəccüblü
odur ki, mənim tabeliyimdə olan üç nəfər
işçi helikopterdə uçur mən - onların rəisi
isə növbəti reysi gözləməliyəm.
Dispetçer məni nə üçün
düşürdü? Tabeliyimdə olan işçilərdən
biri rəisin qardaşı, biri rəis müavininin
qardaşı oğlu, digəri isə başda əyləşən
şəxsin uşaqlarına dərs deyən müəllimin
oğludur. Beləcə, tarazlıq sadə
bir misalla izah edilir.
Daha bir misal. Bölgü zamanı mühəndis
kostyumu xidmət rəisi kimi mənə yox, tabeliyimdə olan
işçilərə verilir, mən isə sadə fəhlə
kombizonunda fəaliyyət göstərirəm. Bu da belə.
Təqaüddən əvvəlki son bir neçə ildə
mənə mühəndis kostyumu verilmədi.
Mən də
təqaüdçü oldum
Bir neçə dəfə müxtəlif vəzifələrdən
ayrılarkən heç kimlə problemim olmayıb. Yox,
ayrılanda kimsə məni bağrına da basmayıb,
uzaqdan-uzağa təəssüflənən bir neçə
yaşlı insan aramızdakı haqq-sayı itirməyib, vəssalam.
Kimsə təəssüflənməyib. Təəssüflənən
dedim, ona görə ki, mütəxəssis hər zaman
yetişmir, mütəxəssisin yetişməsi
üçün çox uzun illər və qazanılan təcrübə
lazımdır.
Hərdən telefon açanlar olub, amma nə
xeyirxahlığımı, nə də digər
yaxşılıqlarımı hiss etdirən görmüşəm.
Nə olub, olub, "Keçmiş olsun" deyib sizlərə
də sağlıqla təqaüdə çıxmağı
arzulayıram.
Bakıya Arazboyu gəlmişdim. Sonra "Qurd qapısı"na, sonra Çilov adasına. Baş
elmi işçi (Bəsitçay dövlət qoruğu),
sektor rəhbəri (Mərkəzi Nəbatət bağı),
baş mütəxəssis (ETSN) və adada sahə rəisi
kimi ("28 may" NQÇİ) fəaliyyətə
başladım.
...nazirliyin qeyri-ciddi qərarını qəbul edə
bilməzdim, öz ərizəmlə işdən azad olundum. Bundan sonra mənim
Çilov həyatım başlandı. 2010-cu ilin may
ayı idi.
İctimai sifarişlə MKT təsərrüfat rəisinin
müavini, daha sonra təsərrüfat rəisi. Çalışdım,
gecə-gündüz adanın sosial obyektlərində həmin
sahənin kuratorları ilə şərikli fədakarlıqla
çalışdım. İtkisiz və
dürüstlüklə. Təbii ki,
işimizə inadkarlıqla mane olan təsadüfi şəxslər
də vardı. Ən çox qaragüruh
işçilər bizimlə, qeyri-istehsal sahələrində
işləyirdilər.
Kommunal, məişət
təminatı, yaşayış və qeyri-yaşayış
sektorunda xidmət, bioloji təmizləyici, suşirinləşdirmə,
utilizasiya və yaşıllaşdırma sahələrində,
ümumən Çilov adasının bütün ərazilərində,
habelə dəniz özüllərində və quru sahələrdə
(Hövsan, Zığ, Qaradağ, Dübəndi, Pirallahı)
kifayət qədər işlərimiz olurdu. Adadakı iş fəaliyyəti
quruda çalışmaqdan ikiqat və daha çətin idi.
İstənilən materialı tapmaq, almaq və gətirmək bəzən
günlərlə vaxt tələb edirdi. Çöl
iqlim şəraiti olan Çilov adasında günlərlə
sürən küləkli hava dəniz yolunu
bağlayırdı.
Mən sizi sevirəm, dostlar!..
O gün
hər şey gözəl idi. Hesab edirdim ki, mənim
hər zaman dürüst və səmimi olmağıma
fürsət verən Yaradanın nəzəri üstümdədir.
65 yaşım olacaqdı. Təqaüd
yaşım. Şənbə və bazar
günü işdən sonra əvvəl öz işçi
mühəndis texniki işçilərimizlə, ertəsi
günü isə bir neçə sex və sahə rəisi
ilə bir süfrədə əyləşməyə qərar
verdim. Dəvət etdiyim hər kəs gəldi, dedi,
güldü və getdi. Təbii ki, həmin
gündən xatirə şəkilləri də çəkdirdik.
Mən də, dəvətlilər də bu tədbiri
haqq etmişdik. Cinsindən asılı
olmayaraq hər birini sevgi və sayğı ilə
qarşıladığım kimi, elə də yola saldım.
Doğum günümə hələ
üç gün qalırdı.
Tort sifarişi etdiyim xanım əfəndiyə bir təşəkkür
borcum da vardı. Deyim ki, belə dadlı tort hər zaman olmur.
30 noyabrda doğulmuşam. İndi təqaüd
yaşına çatmağı hər kəsə arzu edirəm.
Yazmaq istədiyim tamam başqa bir şey vardı.
Mən yazıçıyam,
yaradıcılığımı qəbul edən çox
insanlar var ki, Azərbaycan Yazarlar Birliyinin üzvləri və
ciddi oxuculardır. Bir kimsəylə ortaq bir ilişkim, kiməsə
borcum yox. Kimliyimi də bilənlər var,
halal bir kişinin oğluyam. Bəlkə də,
ilk dəfədir, təvözakarlıq etmirəm. Bir kimsədən, hər hansı bir qurumdan
umacağım da yoxdur. Ədəbiyyat mənim
mənəvi dünyamdır, yaşama təsəllimdir, bəlkə
də. Mən özümü yazdım,
özümü üzdüm. Yazdıqlarımla
öz üzüm fərqlənmədi, yəni sözümlə
özüm səmimi "yoldaş" oldular.
Dediyim odur ki, sözümün sahibiyəm, dediyim
sözün üstündəyəm, verdiyim vədin
arxasındayam.
... Yazmaq istədiklərimə ən sonda bir nikbinlik
qatmaq istəyirəm.
Sonuncu onlayn iclasda - axşamın duyğulu vaxtında -
saat 19-da axırda icazə alıb vidalaşmaq istəyirdim. Amma
müşavirə başlayan kimi qəfil adımın çəkilməsinə
diksindim. Baş mühəndis mənə
uğurlar, xoş istirahətlər arzulayırdı. Sonra 26 nəfər iclas iştirakçısının
xoş sözləri, xüsusən sosial məsələlər
üzrə rəis müavininin - kuratorumuzun bir neçə dəqiqəlik
çıxışı təsirli idi. Son
onillik fəaliyyətimin boş yerə getmədiyinə bir
daha əmin oldum. Çıxışlarda
bir peşəkar mütəxəssis, yazar olduğum təqdir
edilirdi. Təşəkkür etməkdən
və hər kəsə sağlam canla təqaüd
yaşına çatmağı arzulamaqdan başqa söz tapa
bilmədim.
Hörmətli Rövşən müəllim, Zaur müəllim, Laçın müəllim, Ələddin müəllim, Emil müəllim, Şəfayət müəllim, Natiq müəllim, Faiq müəllim, şöbə və sahə rəisləri, indi hər birinizə təşəkkür borcumu ifadə edərək deyirəm ki, mənə qarşı dözümlük göstərərək özümü qismən də olsa, ifadə etməyimə fürsət verdiyiniz hər zaman mənə, fəaliyyətimə hörmətlə yanaşdığınız üçün, yaşıllıqların salınmasında bizimlə birlikdə yaxından iştirakınıza, qeyri-istehsal sahəsində çalışmağımıza baxmayaraq, daim bizə qayğı göstərdiyinizə, vaxtaşırı Çilov adasının sosial-mədəni həyatında bizimlə bir arada olduğunuza, çıxışlarıma, yazdıqlarıma sayğı ilə yanaşdığınıza, sizlərə "sağ olun" demək üçün verdiyiniz şansa görə təşəkkürümü bildirir, Tanrıya şükürlər edirəm. Sizlərin fədakar neftçi əməyiniz təqdirəlayiqdir.
Mən sizi sevirəm, dostlar!
Tanrı köməyiniz olsun!..
Yanvar - dekabr 2022-ci il.
Xosrov
NATİL
525-ci qəzet.- 2023- 13 yanvar.- S.12-13.