Qurama  

 

 

VAXT HAQQINDA "FƏLSƏFİ BALLADA"

Nədənsə bizə elə gəlir ki, bütün ömrümüz boyu bir zaman ölçüsündə, düzənində yaşayırıq.

Əslində isə belə deyil.

Əvvəla, bir sutkası 24 saat, bir saatı 60 dəqiqə olan Yer kürəsi tamam başqa parametrlərə malik kosmik zamanın içində mövcuddur və mümkündür ki, Yerin, tutaq ki, 100 ili kosmik zamanın bir göz qırpımına bərabər olsun. Deməli, biz də Yerin sakinləri kimi, Yerlə birlikdə həmin zamanın içindəyik. Lakin bu zaman okeanında 1-in yüz trilyonda birə nisbətində o qədər kiçikik ki, onun varlığını və təsirini hiss etmirik.

İkinci zaman qatı bizim içində olduğumuz (yaxud bizdən çöldəki) zamandır.

Lakin bizə dəxli və gizli təsiri olan 3-cü bir zaman, vaxt axarı da var - bizim içimizdə olan zaman! O, hər kəs üçün fərdi xarakter daşıyır. İnsanın ömrünün uzunluğu, orqanizminin qocalma sürəti də məhz bu son 2 zaman ölçüsü arasındakı dialoqdan, dartışmadan asılıdır.

İçimizdəki zamanla çölümüzdəki (içində olduğumuz) zaman üst-üstə düşəndə, yəni eyni sürətlə axanda insan adi ömür yaşayır, öz yaşına uyğun qocalır.

Çölümüzdəki zaman içimizdəki zamandan sürətlə axanda (məsələn, 2:1 nisbətində) insan zahirən öz yaşından qoca görünür, amma ruhən göründüyündən cavan olur.

Və nəhayət, içindəki zaman çölündəki zamanı qabaqlayanda, arxada qoyanda, insan zahirən yaşından cavan görünsə də, ruhən tez qocalır.

Uşaq vaxtı zamanın ləng, yaşlaşanda isə sürətlə axmasını da məhz bu əlaqələr, ilişkilər müstəvisində şərh etmək olar. Uşaq olanda bizim ruhumuz, istək və arzularımız gələcəyə, tezliklə ona qovuşmağa can atır,  bu səbəbdən də içimizdəki zaman çölümüzdəki zamanı qabaqlayır və bizə elə gəlir ki, vaxt ləng gedir. Lakin orta yaş həddini keçəndən sonra vəziyyət dəyişir - hər ötən saatın, hər günün bizi qüruba, sona apardığını dərk etdiyimizə görə ruhumuz geriyə boylanır - gənclik və uşaqlıq illərinin xiffəti ilə yaşayır və deməli, içimizdəki zaman da ləngiyir. Ona görə də çöldəki vaxt elə sürətlə axır ki, bir ay bizə bir gün təsiri bağışlayır.

Sonda, yəni dünya ilə vidalaşmaq ərəfəsində nəinki bir il, hətta yaşadığımız ömür də son nəfəs - bir göz qırpımı ölçüsünə qədər qısalır.

Son sözlər isə bu olur: "Ömür bir göz qırpımı imiş ki!.."

YADDAŞDAN QAÇMAQ OLMUR

Son vaxtlar bəzi dostlar, tanışlar mədəniyyətimizə, incəsənətimizə daha çox retrospektiv tərzdə yanaşmağımı yumşaq şəkildə də olsa mənə irad tutub deyirlər ki, keçmişə, klassik ənənələrə belə vurğunluq, aludəlik yaxşı hal deyil, hətta ziyanlıdır (?). Çünki keçmiş artıq arxada qalan, mövcud olmayan ilğım kimi bir şeydir, keçilmiş yoldur. Ona görə də keçmişi bir tərəfə qoyub indidən yazmaq lazımdır.

Yalnız keçmişə qapanıb yaşamağın, nostalji hisslərin ağuşunda mürgüləyə-mürgüləyə "Ah, necə kef çəkməli əyyam idi" xülyası ilə reallıq duyğusunu itirməyin ziyanlı olduğunu mən də bilirəm. Amma bu gün sosial şəbəkələrdə Qərb psixoloqlarının, sosioloqlarının geniş təbliğ olunan "Stressiz, vicdan əzabı çəkmədən yaşamaq istəyirsənsə, artıq mövcud olmayan keçmişi bilmərrə unut, heç gələcəyi də fikirləşmə, yalnız bugününlə yaşa!" tipli tövsiyələrini də qeyd-şərtsiz qəbul etmirəm və düşünürəm ki, insanların şəxsi həyatda emosional durumunu psixi zədələrdən sığortalamaq üçün deyilmiş və o qədər də uğurlu olmayan bu fikirləri həyatın bütün sahələrinə şamil etmək tamamilə yanlışdır.

Keçmiş artıq "canını tapşırmış" "indilərin" üst-üstə yığılmasından yaranan yaddaşdır. Nə qədər ki, o yaddaş var, yaşayır, insan onu gətirib indisinə çatdıran ənənələrə bağlı olur, hansı yollardan keçib gəldiyini, hansı ömrü yaşadığını, hansı günahları etdiyini bilir. Bu mənada keçmişi unutmaq yaddaşı unutmaq, səni "sən" eləyən dəyərlərə arxa çevirməkdir. Bunun sonuncu isə heç də yaxşı olmur - əgər səni "sən" eləyənlərə arxa çevirirsənsə, deməli, sənliyini də itirirsən, dönüb heç kim, yəni nakəs olursan.

Müqayisə edək: qaranlıq otağı işıqlandırıb axtardığımızı tapmaq üçün düyməni burub dövrəni qapayırıq ki, cərəyan naqillərə keçib onları cana gətirsin və son ünvana - lampaya çatsın. Nə qədər ki, naqillərdə cərəyan var, onlarla ehtiyata davranırıq, çünki canlıdırlar. Dövrəni açan kimi isə naqillər "ölür", onlara nəinki toxunmaq, hətta əyib istənilən formaya salmaq, kəsmək, doğramaq da olur.

Bizim keçmişimiz, yaddaşımız da həmin o naqillərdən keçən cərəyan kimidir - yolunu bağlasaq, ruhumuz cərəyan mənbəyindən ayrı düşmüş lampa kimi sönəcək. Doğma ruhu ölmüş vücuda yeni ruh yükləyib onu istənilən tərzdə idarə etmək isə çox asandır.

Çingiz Aytmatov məhz bu təhlükəni insanların yadına salmaq (və qulaqlarında sırğa eləmək) üçün "Manqurt əfsanəsi"ni yaratmışdı və qloballaşma, liberallaşma şüarı altında xalqların yaddaşına görünməmiş bir təcavüzün şahidi olduğumuz bir dönəmdə ustad yazıçının xəbərdarlığı daha aktual səslənir.

O ki qaldı mənəvi dünyamızın, ədəbiyyatımızın, incəsənətimizin bugünkü problemlərinə, onlar keçmişə, yaddaşa ya sayğısızlığın, ya da keçmişdən dərs almamağın nətisəsi deyilmi?

Bu gün əvvəlkilərdən qat-qat çox, qat-qat gözəl güllər yetişdirilir, amma hamısının bir yerdə 40 il əvvəl həyətimizdə bitmiş bir qızılgülün ətrinin yarısı qədər ətri yoxdur. İndi deyin - o qızılgülü, o ətri unutmaq olarmı?

40-50 il bundan əvvəl mən yazın oğlan çağlarında hər gün küçəmizdəki akasiya ağaclarının çiçəklərinin bihuşedici ətrindən məst olub yuxuya gedər, sübh tezdən o ətir burnumu qıcıqlandıranda yuxudan ayılardım. Hələ gilas, xiyar, pomidor... ətirli günləri demirəm. O günləri, o ətirləri unutmaq üçün mən nə etməliyəm və ən başlıcası, nə üçün, nəyin xətrinə unutmalıyam o günləri?

Ötən vaxt ərzində Məmməd Arazın neçə onilliklər bundan əvvəl yazdığı "Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim" misraları sanbalında, boyunda heç olmasa bir şeir yaranmayıbsa, mən o misraları unutmağımla necə, hansı haqla öyünə bilərəm?

Avtobusda hamilə gəlinləri görməmək üçün gözlərini smartfonların ekranlarına dikən   buğa kimi saqqallı oğlanlar yaddaşa - milli davranış normalarına sayğısızlığın hibrid məhsulları deyilmi?

...Suallar çoxdur.

Bəs cavablar?..

P.S. Elə fikirləşməyin ki, mən keçmişi ideallaşdırmağın tərəfdarıyam. Xeyr, qətiyyən belə deyil. İnşallah, lap yaxın vaxtlarda bu mövzuda da yazacam.

EYNŞTEYNİN MƏĞLUBİYYƏTİ

Çox vaxt fitri istedad, hansısa bir sahədə qazanılan uğurlar, heç kimin ağlına gəlməyən kəşflər ağlın göstəricisi kimi başa düşülür, başqa sözlə, dahilik yüksək ağıl anlayışına bərabər tutulur. Aşağıda dünya elmində inqilab eləmiş yüksək zəka sahibi Albert Eynşteynin həyatından bir fraqment təqdim edir, bu əhvalatdan nəticə çıxarıb hansısa qərar qəbul etməyi sizin öhdənizə buraxıram.

Eynşteyin kefinin kök vaxtında qatarda yol gedirmiş. Yanında sadə bir hindli əyləşibmiş. Alim onunla zarafat etmək, məzələnmək qərarına gəlir və hindliyə deyir:

- Gəl bizlərdən kimin ağıllı olduğunu müəyyən etmək üçün sual-cavab yarışması keçirək, növbə ilə bir-birimizə sual verək. Əgər sən mənim sualıma cavab verməsən, 1 funt ödəyəcəksən. Mən sənin sualına cavab tapmasam, 1000 funt qazanacaqsan (Görünür, alim qələbə qazanacağına 100 faiz əmin imiş).

Hindli razılaşır. Eynşteyn sualını verir:

- De görüm, Nyutonun 3-cü qanununun mahiyyəti nədir?

Hindli cavab verir ki, bilmirəm və cibindən 1 funt çıxarıb alimə verir, ardınca da sualını səsləndirir:

- Deyin görüm, İngiltərənin səmasında bu anlarda neçə quş uçur?

Eynşteyn gözlərini döyə-döyə deyir ki, bilmirəm, 1000 funtu çıxarıb hindliyə uzadır və ardınca da növbəti sualını verir:

- Siz özünüz bilirsinizmi indi İngiltərə səmasında neçə quş uçur?

Hindli sakitcə deyir:

- Xeyr, bilmirəm, - və 1000 funtun üstündən 1 funt götürüb Eynşteynə qaytarır.

ÇAPARAQ AXŞAM DÜŞÜNCƏLƏRİNDƏN İKİ FRAQMENT

1

Dünyada biri o birindən yuxarıda dayanan milyonlarla vəzifə mərtəbələri, bu mərtəbələr arasında sayca bir-birindən fərqli milyonlarla pillələr var.

Biri o pillələri kiminsə quyruğunda sürünə-sürünə, digəri təngnəfəs halda qaça-qaça, bir başqası namusunu, qeyrətini, ləyaqətini sata-sata, başqalarının halal haqqını oğurlaya-oğuraya qət edir...

Belələri o qədər çoxdur ki, həmin pillələri öz zəhməti, bacarığı, istedadı ilə qalxmağa hamıdan çox haqqı çatanlara aman vermir, rəhmətlik Atif Məlikov demişkən, nəinki bir, hətta hər iki ayağından yapışıb çəkirlər ki, yıxılıb o dünyalıq olsunlar.

Amma onlar bir şeyi unudurlar. Unudurlar ki, bu dünyada əbədi qazanılan ən uca, ən mötəbər yalnız bir vəzifə var - Tanrının təsis etdiyi İNSANLIQ vəzifəsi! Və o vəzifə mərtəbəsinə aparan yolda cəmi 3 pilləni qət etməlisən - ŞƏRƏF, LƏYAQƏT VƏ VİCDAN pillələrini!

Tanrının ən çox sevdiyi bəndələr də məhz bu pillələri qət edib insanlıq məqamına yetişənlərdir!

2

TV və radio verilişlərində tanınmış şəxslərə onların şəxsi həyatı barədə suallar veriləndə sual verənlərin nadanlığına və sırtıqlığına həmişə əsəbiləşir, bu suala qeyri-səmimi, yalan cavab verənlərin riyakarlığına isə acıyıram.

Axı bir həyat ki "ŞƏXSİ" qrifi ilə şifrələnib, bir şey ki insanın ailə həyatına, ailə münasibətlərinə aiddir, onu milyonların müzakirə obyektinə çevirmək hansı məntiqə və əxlaqa sığır?

Şəxsi həyat ümumxalq müzakirəsinə çıxarılan tamaşa deyil ki, pərdələri açıb  cikinə-bikinəcən hamıya göstərəsən!

Şəxsi həyat bəndənin yalnız özünə məxsus olan həyatdır və bu həyat çox nadir hallarda başqalarına nümunə, meyar ola bilər, çünki şəxsi həyat insanın gücündən çox güzsüzlüyünün, sevincli, fərəhli günlərdən çox qəmli günlərinin, başqalarının diqqətindən gizlətdiklərinin, hamının malı olan çol dünyasının yox, iç dünyasının məcmusudur. O, sosial yox şəxsi, intim səciyyə daşıyır və məncə, bu mövzuda verilən ən pafoslu sualın ən kəsə və dəqiq cavabı belə olmalıdır: "Belə axmaq sual hardan ağlınıza gəldi?"

 

Əlisəfdər HÜSEYNOV

525-ci qəzet.- 2023- 13 yanvar.- S.11.