Xatirə köçü
Esse
...Hər
dəfə yol haqqında düşünəndə
özümdən asılı olmayaraq qəlbimi qəribə
bir əsrar bürüyür. Uzaq-yaxın, rahat-nahamar,
geniş-ensiz, fərq etməz, üzərində insan
ayağının izi, həyat nişanəsi olan istənilən
yol, mənim üçün dünyanın ən əsrarəngiz
mənzərəsidir.
Uca bir dağ yamacına şərid kimi dolanıb gedən
yollara baxdıqca baxaram, meşənin lal sükutunun
içindən keçən yollarda saatlarla dolaşsam,
usanmaram. Bunun
əksinə, ot basmış bir
cığır, aylardır kimsənin ayağının dəymədiyi
hiss edilən hansısa bir yol mənim üçün
dünyanın qopduğu yerdir...
Bir vaxtlar qonaq olub ömrümdən xoş günlər
yaşadığım, düşmən işğalından
azad edilən yurdlarımızı da, qəribədir ki, o yerlərin
yaddaşımdakı bütün xatirələrindən əvvəl,
məhz yollarla yada salıram. İllərdir ayrı
düşdüyümüz və yenicə qovuşduğumuz
o yolları, cığırları indi
dağılıb-tökülmüş, kol-kos basmış,
qüssəli bir sükuta dalmış halda görmək
çox ağrılıdır...
Yol ən azı mədəniyyət faktı kimi, olsun
ki, başqa xalqların da fikir dünyasında əhəmiyyətli
yer tutur. Amma bizim üçün yol mədəniyyətin də
ötəsindədir. At belində
yaşanıb, dərələrdən sel kimi, təpələrdən
yel kimi ötən keçmişimiz yolu bizim üçün
ən müqəddəs dəyərlərlə eyni sırada
qərarlaşdırıb.
Yol bizlər
üçün taledir, iqbaldır... Başa varan bütün
arzularla birgə, yarıda qırılan niyyətlərlə
bahəm, bütün yaşananlarla, itki və ümidlərlə
baş-başa elə həyatın özüdür... Daha yaxşı həyat, daha firavan gələcək
soraqlı arzularımızla bir gün yola düzəlirik.
Uzaq-uzaq ellərin qəribliyində olan
doğmalarımızın yolunu gözləyirik.
Yol yuxularımızın çin olduğu yerlərə
aparır. Yol xəyallarımızın gerçəkliyə
çevrildiyi məqamlara gətirib çıxarır. Xoş niyyətlə qapımıza gələn
qonağın yolda pişvazına
çıxmışıq. Bəd niyyətlə
üstümüzə yeriyən yağının
hücumlarını yolda dəf etməyə can
atmışıq. Ən xoş
alqışımızı "Yolun açıq olsun!"
diləyi ilə dilə gətirmişik. Ən
kəskin nifrətimizi düşmənə "Yolun
bağlansın!" kəlməsi ilə çatdırmaq istəmişik.
Yolda bərkimişik, yolda bərkə-boşa
düşmüşük, dostumuzu da, düşmənimizi də
yolda tanımışıq...
Həyatın
bütün sınaqlarına rəğmən, ömrün ən
çətin dolanbaclarında bir hovur nəfəsimizi dərib
yenidən yolumuza davam etmişik və yolun davam etməsi bizim
üçün həyatın da davam etməsi anlamına gəlib...
Bu sətirləri
yaza-yaza məşhur türk ozanı Aşıq Veysəlin məşhur
sənətçilərin ifalarında bu gün də dillər
əzbəri olan şah beytini xatırlayıram: "Uzun, incə
bir yoldayım. Gidiyorum gündüz-gecə..."
Bəli, həyat dediyimiz uzun, incə bir yoldur. Hər
açılan səhərimiz, hər batan günümüz
bu yolun davamına doğru daha bir addımımızdır.
Yol bizi ömrün əvvəlindən sonuna, qədim
dastanlarımızda ərz edildiyi sayaq, kandan məkana
doğru aparır.
Xəstə Qasımın "Gələn bəzirgandır,
gedən xocadır" hikmətində ifadə olunduğu
kimi, hər insan yolun başlanğıcında həyatdan
öyrəndikcə öyrənməyə, onun dərslərindən
görüb götürüb irfan yükünü tutmağa
möhtac bəzirgandır. Yolun sonuna doğru kamillik
yükündən qəddi əyilmiş bir müdrik xoca sifətində
addımlamaq isə çox az adama nəsib
olar...
Sabaha ünvanlanmış arzu və ümidlərimdə
yolu həmişə xatırlamışam, yəqin ki, bundan
sonra da xatırlayacağam. Çünki sabaha doğru aparan yol
dünəndən başlanıb bu gündən keçir... Görünür, yola bu qədər vurğunluq onun
mənəvi aləmimizdəki önəmindən irəli gəlir.
Və bu təkcə məndə belə deyil... Yolun həyatımda bu qədər böyük yer
tutmasının, həyatımın bir parçasına
çevrilməsinin hikmətini bu yaxınlarda özüm
üçün ayırd edə bilmişəm. Yol məfhumu mənim üçün həm də
ona görə önəmlidir ki, həyat haqqında ilk xatirələrimin
başlanğıc nöqtəsi də yoldur, məhz YOL.
Ömrün ilk xatirələrinin izinə düşüb illərin
üstündən adlaya-adlaya hara qədər gedə bilirsənsə,
yaddaşın zamanın hansı dərinliklərinə qədər
nüfuz edə bilirsə, ömür yolun da oradan
başlanır...
...Bir
anlıq gözlərimi yumuram və yetmiş dörd il əvvəlin çiskinli bir mart günü
dolanbac dağ yolları ilə yönü Lənkərana
sarı irəliləyən yük dolu at arabasının
ardınca yüyürən körpə oğlan
uşağını xatırlayıram. Həmin kədər
dolu köçə qədər o körpə oğlanın
bütün dünyası Lerik rayonunun Nuravud kəndindəki
sadə evlərin birində asılmış nənni
başında anasının laylasından ibarət idi...
Bütün dünyanın o ana laylasının ətrafında
dövr etdiyi, ömrün ən bəxtəvər, ən
qayğısız, ana qoxulu günləri...
O xatirələrin
ən işıqlı yerində yayda anasının o totuq
körpəni həyətdəki böyük palıd
ağacın kölgəsində teştə basıb deyə-gülə
çimizdirməsi də qərar tutmuşdu. Sabunlu su
gözünə düşəndə ağlayan
uşağın üzünə dəmir parçdan su
töküb onu sevgiylə sakitləşdirən o ananın xəyalı
həmin xatirələrin ən şirin yerində həm əl
uzadacaq qədər yaxında, həm də əbədiyyət
qədər uzaqda idi... Anasının mehr-məhəbbətindən
kefi kökəlib teştdəki suyu sevinclə ətrafdakı
qardaş-bacısına, yaxınlıqda otlayan kəhər
ata, teştin yanında gəzişən toyuqlara
sıçradan o körpə üçün dünyanın
mərkəzi məhz o palıd ağacının altı
idi...
Sonra bu xatirəyə bir Yol əlavə olundu. Ömrünün sonrakı
illərində heç vaxt yaddaşından silinməyəcək,
gedəcəyi bütün yolların başlandığı
o həsrət, əlçatmazlıq hissi verən Yol...
Bu xatirəyə
at arabasına yüklənmiş məfrəşin
üstündə əyləşib tez-tez geriyə, geridə
buraxdıqları kəndə, o kənddə
yaşanmış keçmişə, o keçmişin
acılı-şirinli anlarına tərəf boylanan və
yaylığının ucu ilə tez-tez qızarmış
gözlərinin yaşını silən nisgilli bir ananın
rəsmi də həkk olundu...
Xatirələrin
mərkəzində həm də həmin an
uşaqlarının yanında kövrəldiyi hiss edilməsin
deyə dişlərini bir-birinə sıxıb mümkün
qədər tez uzaqlaşmağa çalışan bir
atanın üzündəki əzablar, qayğılar, sabahla
bağlı nigaranlıq da yer almışdı...
Bir də
burada ailə qurub, ev-eşik sahibi olduqlarına görə kənddəki
həyatlarına davam etməli olan, indi isə
doğmalarını yeni yurda doğru köçün
ardınca atdıqları bir parç su ilə uğurlayan iki
boynübükük bacının məhzun görkəmi...
Hələ
ki doqquz nəfərlik olan ailənin yeddi üzvü kənddən
köçürdü... Onda müharibə
yenicə başa çatmışdı. Ölkə
qələbə ovqatında olsa da, insanlar ciddi
sıxıntı çəkirdilər. Dolanışıq
o qədər asan deyildi. Qarın dolusu
çörək, nimdaş üst-baş o illərdə
Tanrının böyük bir lütfü
sayılırdı.
Belə bir vaxtda ata-baba yurdundan perik düşən, kənddə
qurulmuş pis-yaxşı düzənli həyatından
ayrılan bir çətən külfətin sabahı necə
olacaqdı?! Qarşıda onları hansı sınaqlar gözləyirdi?!
O anlarda
yük dolu at arabasının ardınca yüyürən
körpə oğlan uşağı isə bütün
bunları düşünəcək yaşda deyildi. Anasının göz yaşları da,
atasının çöhrəsindəki əzab,
qayğı, nigaranlıq ifadəsi də, onlardan ayrılan
iki böyük bacısının məzhun görkəmi də
hələ ona maraqlı bir əyləncə kimi gəlirdi.
Köç irəliyə doğru hərəkət
etdikcə onun təsəvvüründəki dünyanın sərhədləri
genişlənir, bu ana qədər bütöv bir dünya
bildiyi kənd isə getdikcə kiçilib, onun balaca
ovuclarına sığacaq oyuncağa çevrilirdi. Bir azdan tamam gözdən
itib əbədi olaraq onun körpəlik xatirələrinə
qarışacaq Nuravud...
1948-ci
ilin Novruz bayramı günü dolanbac dağ yolları ilə
ağır-ağır Lənkərana sarı irəliləyən
köçün ardınca yüyürən körpə
oğlan uşağı isə Hüseynbala idi... Geridə
ömrünün ən sevincli bayramlarından birini - Novruz
bayramını buraxıb gedən üçyaşlı
oğlan uşağı... Nuravudda həyətlərdə
qalanan böyük tonqallardan qopan qığılcımlar səmaya
bülənd olur, çıtırtı ilə yanan yaş
odunların xoş rayihəsi ətrafa yayılırdı.
Qıtlıq illəri olsa da, ailələr Novruz
bayramında balaca bir qazan da olsa bayram plovu bişirməyi
özünə mənəvi borc sayardı. Bayram
axşamında zəfəranlı plovun qoxusu kəndə
yayılardı.
Kəndin hər tərəfində qapı-qapı gəzib
papaq atan uşaqların sevinc dolu
çığırtıları eşidilirdi. Qəlbi bayram
sevinci ilə aşıb-daşan uşaqlar imkanı olan
qonşuların onların papaqlarına qoyduğu
qoz-fındığı, şəkərbura, paxlava, badambura və
konfetləri öz aralarında bölüşür,
qozu-fındığı elə yolun ortasındaca
sındırıb ləzzətlə yeyirdilər. Novruzun papaqatdısında ən unudulmaz əyləncələrdən
biri də rəngbərəng boyanmış bayram
yumurtalarını döyüşdürmək idi. Uşaqlar əvvəlcə bir-birilərinin əlindəki
yumurtaları yoxlayır, sonra da gülə-gülə
"tut, vurum" deyərək qalib gəlmək
üçün bir-birilərinə müxtəlif cür kələk
gəlməyə çalışardılar. Oyunun
sonunda qırılmayan yumurtanın sahibi
sındırdığı yumurtaları qənimət kimi
götürərdi özünə...
Üçyaşlı kiçik oğlan
uşağı ürəyini o şən əyləncələrin
yanında qoyub gedirdi. Nə ocaqlarında plov bişdi həmin gün, nə
yumurta boyandı, nə də Novruz xonçası bəzəndi...
O cür bayram sevincini doğulduğu doğma kəndində
bir daha yaşaya bilməyəcəyini sanki uşaq qəlbi ilə
dərk edir, balaca qəlbi qəribə bir həsrət hissi
ilə çırpınırdı. O da yumurta
döyüşdürən o uşaqlarla bərabər oynamaq
istəsə də, məcburi şəkildə bilinməz
istiqamətə yol alan ailəsinin
köçünü xırdaca addımları ilə təqib
etməli idi. Əslində həmin vaxt
özü də bilmədən bütün o xatirələri
yaddaşına, hafizəsinə yığıb özü ilə
aparırdı. Bu, təkcə bir ailənin yerdəyişməsi
deyildi, bu, həm də
sonrakı HƏYAT YOLUnda bir ömür bu unudulmaz
xatirələri daşımaq idi.
Aradan çox uzun illər keçəndən sonra o körpə oğlan anlayacaqdı ki, ömür əslində ordan-oraya, bir ünvandan başqa bir ünvana yönələn XATİRƏ KÖÇÜdür. Ömür uzandıqca bu köç genişlənir, həmin köçə yeni-yeni insanlar qoşulur, bəziləri isə o köçdən qopub uzaq düşürdü...
O xatirə köçündə gedənlərin ən doğmaları zamanla fiziki olaraq o köçü tərk etsələr də, mənəvi olaraq ruhları ilə o köçdə qalmaqda davam edir, artıq saç ağartmış bir adamın içində daim yaşatdığı o üçyaşlı kiçicik körpəni tək qoymurdular... O köçün yaşca ən kiçiyi, ən körpəsi mən idim... Kövrələ-kövrələ xatırladığım, qələmə almaq üçün fürsət gözlədiyim o xatirələrin köçünü indiki mənzilə kitablar yazaraq gətirib çatdırmaq, yazı kimi, mətn kimi gələcəyə təhvil vermək həm övlad, həm də yazıçı kimi mənim mənəvi borcumdur. Çünki ataların da dediyi kimi, "Söz uçar, yazı qalar..."
...Xoşbəxtlik həm də
odur ki, insan təkcə bir ömür boyu özü ilə
daşıdığı xatirə köçündə
kimlərisə, nələrisə xatırlamasın, həm də
özü uzun zaman başqalarının xatirə
köçündə işıqlı, doğma, munis və əvəzolunmaz
bir yerdə qərar tutaraq xatırlansın...
Hüseynbala
MİRƏLƏMOV
yazıçı-publisist
525-ci qəzet.- 2023- 13 yanvar.- S.10.