Antik dünyanın parlaq şəxsiyyətləri
(Əvvəli
ötən şənbə sayımızda)
Sezar cəsarətli hərəkət
etdi, ordusunu iki yerə bölüb iki legionu düşmənin
arxasına göndərdi, onlar germanların ərzaq təchizatı
yolunu kəsdilər. Sezarın əsas
qüvvələri gəlib çıxanda isə germanlar
darmadağın edildilər. Arovistin
qoşunlarının çoxu qaçdıqları və
çaydan keçdikləri vaxt həlak oldu.
Qall rəhbərləri arasında ölkəni birləşdirmək
və müstəqil Qall dövlətini qurmaq istəyən
adamlar var idi.
Gelvetin məğlub edildiyi və germanların
Reyndən o tərəfə keçirildiyi bir vaxtda Roma
ölkənin müstəqilliyinin başlıca təhlükəsinə
çevrildi. Sezar şimal xalqı olan
belqlərin hücumunu gözləmədən, Sena
çayını keçib, öz legionlarını
şimala apardı.
Belqlərin iri ordusu hücum edəndə Sezar qüvvələrini
düşərgədə möhkəmləndirmişdi. O, hələlik
döyüşdən qaçırdı. Tezliklə
aclıq düşmən tayfalarının
dağılmasına gətirib çıxardı. Belqlər ərzaq problemini həll edə bilmirdilər.
Demək olar ki, qan axıtmadan Sezar Qalliyanın ən
döyüşkən xalqını hissələrə
bölməyə qadir oldu və bu vaxt onların tabe edilməsi
yalnız zamanın məsələsi idi.
Əvvəlcə Sezar öz uğuruna inanmırdı və
hərbi hiyləgərlikdən şübhələnərək,
geri çəkilənləri təqib etməkdən qorxurdu. Legionlar
şimala doğru hərəkət edəndə isə belqlərin
bir hissəsi romalıların tərəfinə keçdi.
Yalnız Şərq tayfaları müqavimət
göstərirdi. Lakin onların taleyi
artıq həll edilmişdi, çünki bu vaxt
romalıların təkcə hərbi deyil, həm də
canlı qüvvə sahəsində üstünlüyü
var idi. Sezar onların şəhərlərini
mühasirəyə alıb, onları silahlardan imtina etməyə
məcbur etdi. Lakin Qalliyanın şimalında müharibə
hələ bir il də davam etdi. Bir döyüşdə iki Roma legionu ağır vəziyyətdə
olanda, Sezar şəxsi igidlik nümayiş etdirdi.
Konsulluqdan
sonrakı ikinci ilini də (b.e.ə. 57-55-ci illər) Sezar
birinci il kimi, Ön Alp Qalliyasında
keçirdi. Lakin Romadan həyəcanlı xəbərlər
gəlirdi. Sezarın Romada
olmadığı müddətdə Krassla Pompeyin münasibəti
yenidən pisləşmişdi. Romalıları
razı salmaq üçün triumvirlər qalibiyyətli
nailiyyətlərə imza atmalı idilər. Roma quldarları Asiya əyalətlərindən gələn
böyük var-dövlətə aludə olmuşdular.
Sezarın ilk qələbələri İtaliyadan ərazi
cəhətcə ikiqat böyük arealı əhatə etsə
də, hələ heç də Qalliyanın bütün əhalisini
tabe etmək demək deyildi. Lakin Sezar
romalıların əhval-ruhiyyəsini qaldırmaq
üçün ölkəni işğal etdiyini tezliklə
elan etmək istədi. Axı bunu o, uzun
müddət və səbirsizliklə gözləmişdi.
Nəhayət, Sezar rəqiblərini
qabaqlayıb, triumviratda birinci yerə çıxa bildi.
Anı əldən vermək olmazdı və Sezar hətta
ondan utanmadı ki, Roma əsgərinin ayağı hələ
Qərbi Qalliyaya dəyməmişdir, ölkənin cənubu
da azad olaraq qalırdı. Hətta
romalıları müttəfiq hesab edən tayfalar da heç
də Romanı özlərinə ağa hesab etmirdilər.
Sezara isə əyalətlə yanaşı, Romanın
özündə birinci adam olmaq lazım
idi.
Sezar senata məlumat göndərdi ki, Qalliyanın
işğalı başa çatmışdır. Bu,
İtaliyada xüsusi sevinc doğurdu. Senat
qələbə münasibətilə 15 günlük bayram
keçirməyi qərara aldı. Sezar
bilirdi ki, hətta bu vaxt da təklikdə köhnə əyanların
qüdrətini məhv edə bilməyəcək, Romanı hələ
ələ keçirə bilməyəcəkdir. Hakimiyyətə yol yenə triumvirat vasitəsindən
keçirdi. Onun xahişi ilə Pompey və
Krass Qalliyanın sərhədinə gəldilər. Oraya həm də 200 senator gəlmişdi. Qərara alındı ki, gələn ilin
konsulluğuna Pompey və Krass seçilsin. Konsulluqdan sonra isə Pompey idarə etmək üçün
İspaniyanı, Krass isə Suriyanı almalı idi. Spartakın qalibi olan Krass Şərqdə
Makedoniyalı Aleksandrın şöhrətinə yiyələnmək
istəyirdi. Burada o, parfiyalılarla
müharibəyə başlayacaq və onlardan varlı
Mesopotamiyanı alacaqdı. Gələcək konsullar bir il keçdikdən sonra (b.e.ə.54-cü ildə)
Qalliyadakı Sezar üçün prokonsulluğu daha 5 il
uzadacaqdı. Həm də onun ordusunu 2 legion da
artırmaq üçün ona vəsait də
ayrılacaqdı. Son şərt bir qədər
şübhəli görünürdü, lakin Sezar
üçün bu, başlıca cəhət idi. Sezarla razılığa gəldikdən sonra Krass və
Pompey Romaya qayıtdılar.
Qalliyanın
cənubu olan Akvitaniyanı tabe etmək üçün
onlarla aparılan mübarizə bir il də
davam etdi. Dəniz döyüşündə
romalıların yeni icadı köməyə gəldi. Uzun ağaclara orağı bərkidib, romalılar
düşmən gəmilərinin yelkənlərini saxlayan kəndirləri
kəsirdilər. Həmin gəmilər hərəkət
etmələrini itirdiklərindən, romalılar onlara
yaxın məsafədən hücum edə bilirdilər.
Dalğa olmaması da, düşmənin bədbəxtliyini
artırırdı və döyüşdə bütün
düşmən donanması məhv oldu. Sezar
tayfaların ağsaqqallarını edam etməyi
əmr etdi. Sakinləri isə qul kimi satdı.
Müharibənin üçüncü ilinin yayında
artıq bütün Qalliya Sezara tabe olmuşdu. Heç bir təhlükə
hiss etmədiyindən o, qışı İtaliyanın
şimalında keçirdi. Bu vaxt Reyndən o tərəfdə
olan germanlar çayı keçib, Reyndən qərbdəki
torpaqları tutdular. Qallar da germanlarla birləşə
bilərdilər. Sezar qəflətən
germanlara hücum etdi, çoxlu itki verəndən sonra onlar
Reyn çayının arxasına qaçdılar. Sezar german torpaqlarını qarət etdi. O, ilk
romalı idi ki, Atlantik okeanını keçib, Britaniya
adalarına ayaq basdı. O, ilk dəfə, b.e.ə. 55 və
54-cü illərdə Qalliya sahilindən Britaniyaya keçdi,
lakin burada elə bir var-dövlət tapmadı. Qallarla qohum
olan Britaniya tayfaları kasıb idilər və onun əhalisi
də az idi. Lakin onlar Sezara
ciddi müqavimət göstərdilər. Qall tayfa
başçılarının köməyi ilə onlarla
sülh bağlamağa nail ola bildi. Brittlər ona xərac verəcəklərini vəd
etsələr də, heç nə vermədilər.
Qalliyaya qayıdanda Sezar özünün gənc
qızı, Pompeyin arvadı Yuliyanın ölüm xəbərini
eşitdi. Bu, onun üçün ağır zərbə idi.
Lakin qallarla mübarizə üçün pul
lazım idi. Pompeyin köməyi olmasa,
Qalliyadakı işğallar asanlıqla itirilə bilərdi.
Qalliya müharibəsinin başlıca qışı
başladı, bu, b.e.ə. 54-53-cü illərinin
qışı idi. Qallar gözlənilmədən hücum
edib, 5 min romalını qırdı. Sezarın
düşərgəsinə hücum edəndə isə onlar
məğlubiyyətə düçar oldular. Bu qələbə şimal qallarını da bir
müddətə sakitləşdirdi.
Çoxları elə güman edirdi ki, çətinliyə
öyrənməmiş Sezar hərbi xidmətə
yaramayacaqdır. Həm də onun tez-tez başı
ağrıyırdı, ürək getməsi var idi. Lakin o, öz zəifliklərinə qalib gələ
bildi, məhrumiyyətlərə isə asanlıqla
dözürdü. Döyüşçüləri
tərbiyə etməyin başlıca şərti, Sezara
görə, sərkərdənin şəxsi nümunəsidir.
Sərt həyat tərzi onun xəstəliklərdən
müalicəsinin dərmanı rolunu oynadı. Ardı kəsilməyən yürüşlər,
yalnız qədərindəki qidalanma, daim təmiz havada olmaq
onun güclü və dözümlü olmasına kömək
etdi. Onun sevimli əyləncəsi at
çapmaq idi. At belində olanda, o, iki katibinə məktubları
diktə edir, onlar çətinliklə bunu yaza bilirdilər. Belə bir rəvayət gəzirdi ki, Sezar eyni vaxtda
iki, ya üç işi görə bilir.
Döyüşçüləri onun sadəliyindən
ağız dolusu danışırdılar. Sezarın
Qalliyada olduğunun altıncı ilində (b.e.ə. 53-52-ci
illərdə) Parfiyanı işğal etmək istəyən
Roma ordusunun məğlubiyyəti və Sezarın
silahdaşı Mark Krassın həlak olduğu xəbəri gəldi.
Romalılar ikinci dəfə Reyni keçib, germanları
qorxutmaq istədilər. Nə olursa olsun, qalların müqavimətini
qırmaq lazım idi. Keçən ilki qiyamda iştirak
edənlərin hamısını Sezar edam
etdirdi, onların əmlakını öz silahdaşlarına
payladı. Tacirlər də yaxşı
qazandılar, döyüşçülərdən əsir
düşənləri bir bardaq şəraba alırdılar.
Təkcə bir şəhərin işğalı vaxtı 53
min adam qul kimi satılmışdı.
Sezar yenə də qışı keçirmək
üçün İtaliyaya getdi. Qarətdən və edamlardan cana doyan qallar üsyan qaldırdılar. Tayfa başçılarından biri olan Vertsinqetoriq
hakimiyyətə gəldi, romalılar bundan xeyli əvvəl
onu ölkədən qovmuşdular. Vəziyyəti
yalnız sürət və qətiyyətlilik xilas edə bilərdi.
Sezarın sürətli hücumu qalları
qorxutdu. Vertsinqetoriq ordusu ilə
üsyançılara köməyə gəldi. Sezarın isə qoşunu 10 legiondan ibarət idi.
Qış
vaxtı yad ölkədə vuruşmaq asan iş deyildi. Lakin Sezar əlverişli havanı gözləmədi.
O, cənubdakı qall şəhərlərini viran qoymağa
başladı. Lakin Sezar ordusu ilk dəfə məğlubiyyətə
uğradı və geri çəkilməli oldu. Vertsinqetoriqin qələbəsi onu xalq qəhrəmanına
çevirdi. Üsyan alovu Pireneydən Reynə
qədər bütün ölkəni bürüdü. Sezar ordusunu şimala, belqlərə tərəf
apardı. Öz adamlarını köməksiz
qoysaydı, o, etimaddan məhrum olardı, bu vaxt onun ali hakimiyyətə yiyələnmək niyyəti
də puç olardı. O, öz imkanlarından imtina etməkdənsə,
həlak olmaq şansını da seçmək istədi.
Hər tərəfdən düşmənlə əhatə olunmuş, ərzaqsız, ölümcül yorulmuş Sezarın legionları inadkarlıqla şimala doğru irəliləyirdi. Onların bəxtindən şimal tayfaları məğlub edildi və onlardan çoxlu xərac alındı. Sezarın ac qoşunları, nəhayət, qida və istirahət şansını qazandılar.
Qallar həlledici döyüşə hazırlaşırdılar. Bütün üsyan qaldırmış tayfalar öz nümayəndələrini göndərmişdilər. Vertsinqetoriq bütün qall könüllülərinin komandanı seçildi. Döyüşçülər tələb edirdilər ki, Sezarın yolunu kəsmək və onun legionlarını məhv etmək lazımdır.
Qall başçısı Aleziya şəhəri yaxınlığında düşərgə tikməyi əmr etdi. Bura çoxlu ərzaq toplandı. Qoşun 15 min atlıdan və piyadaların yaxşı hissəsindən ibarət idi. Roma qoşunları Qalliyadan geri çəkiləndə onlara düşmən süvariləri hücum etdi. Bu, romalıları çaş-baş saldı. Düşməni geri oturdub, onlar 3 min döyüşçünü öldürdülər. Sezar qarşısında açılmış əlverişli şəraitdən ustalıqla istifadə etdi. Roma qoşunları Aleziyaya yaxınlaşdı.
Qall düşərgəsi yüksək təpənin üstündə yerləşirdi, ətrafda isə iki çay axırdı, bu, alınmaz qala təsiri bağışlayırdı. O, qalları mühasirəyə aldı. Düşmən ordusunun sayı və tərkibi qallardan bir neçə dəfə çox idi. Sezar iki cəbhəyə qarşı vuruşmağı qərara aldı. O, müdafiə xəttini tikməyə başladı, istehkamın həm xarici, həm də daxili xətlərində müdafiəni qurmaq lazım idi. Romalılarda döyüşçü azlığını texnikanın üstünlüyü kompensasiya edirdi. Üç geniş xəndək qazıldı, onlar bir-birindən 100 metr məsafədə yerləşirdi. Xəndəklərin dalında tökmə təpə ucalırdı. Təpənin üstündə hər 25 metrdən çoxmərtəbəli qüllələr tikilmişdi. müdafiə xəttinin tikilməsi altı həftəlik gərgin əmək tələb etdi. Qallar hücum edəndə romalılar asanlıqla hücumu dəf etdilər. Süvari dəstəsi qalların arxasına keçdi və gözləmədikləri halda onlara hücum etdi. Qızğın döyüşdən sonra qallar geri çəkildilər. Atlı dəstə onları təqib edir və qaçanları qılıncdan keçirirdi. Bu uğursuzluqdan sonra onlar qələbəyə olan bütün ümidlərini itirdilər. Qall könüllüləri evlərinə qayıtdılar, tezliklə Vertsinqetoriq də əsir düşdü. O, altı il həbsdə qaldı ki, onu triumf vaxtı meydandan keçirsinlər. Bu vaxt Roma kütləsi onu ələ salacaqdı, sonra isə qall sərkərdəsini edam etdilər.
Aleziya məğlubiyyətindən sonra Qalliyada mübarizə daha bir il davam etdi. Sezar ölkəni tabe etdirə bildi. 8 il ərzində o, hücumla 800 şəhəri götürmüş, 300 tayfanı özünə tabe etdirmişdi. Romalılara qarşı 3 milyon adam mübarizə aparırdı, Sezarın dediyinə görə, onlardan bir milyonu məhv edilmiş, daha bir milyon isə əsir götürülmüşdü. Aleziya vuruşundan sonra hər döyüşçüyə bir nəfər qul verildi. Qallar Roma xəzinəsinə külli miqdarda pul verməli idi. Qalliya Roma dövlətinin iqtisadi həyatına cəlb edildi. Qalların mədəniyyəti və dilləri də tezliklə dəyişildi, onlar güclü Roma təsirinə məruz qaldılar.
Qalliya müharibəsində həm də Sezar qoşunda bir neçə istedadlı gənc komandirlər yetişdirdi. Onların arasında Mark Antoni xüsusilə seçilirdi. Sezar olmayanda, onlar orduya komandanlıq edirdilər. Antoni həm də Romaya varlı adam kimi qayıtdı. O, xalq tribunu seçildi və Sezarın mənafelərini axıra qədər müdafiə etdi.
Sezarın Qalliyadakı qələbəsi Pompeydə narahatlıq yaratdı. Əvvəllər o, Sezara məhəl qoymurdu, onun yüksəlməsinin, əsasən, özünün himayəsinə rəğmən baş verdiyinə də tam əmin idi. Lakin Qalliyanın işğalından sonra Sezar şöhrətdə Pompeylə bərabərləşdi, qarətdən əldə etdiyi var-dövlətə görə isə onu ötüb keçmişdi. Bu isə Romada həlledici üstünlük hesab olunurdu. Çoxları respublikanı monarxiyaya çevirməyi təklif edirdi. Həm də daha uyğun gələn hökmdar kimi Pompeyi nəzərdə tuturdular. O, həmişə kübarların tərəfində olmuşdu, Sezar kimi yoxsullardan istifadə etmək istəməmişdi.
Aristokrat Katonun təklifi ilə senat Pompeyə iki konsulun hakimiyyətini verdi və onun prokonsulluğunu da Afrikada və İspaniyada keçirməsi şərti ilə artırdı. O, Romada ola-ola iki ölkəni idarə edirdi. Sezar da tələb etdi ki, onun da Qalliyadakı prokonsulluğunu artırsınlar. Senat Pompeyin tərəfini saxlayıb, Sezar üçün bunu etmədi. Bunu eşidən Qalliya ordusunun komandirlərindən biri qılıncın dəstəyinə zərbə vurub demişdi: "Bax bu, Sezarın prokonsulluğunu artıracaqdır". Bundan sonra senat öz tərkibindən Sezarın tərəfdarları olan Atonini və Kurionu qovmağı qərara aldı. Onlar öz həyatları üçün qorxub, qul paltarında Romadan qaçdılar.
(Ardı var)
Telman
ORUCOV
525-ci
qəzet.- 2023.- 14 yanvar.- S.22.